Ailə - Xorxe Luis Borxesin avtobioqrafik qeydlərindən bir parça

 

İlk xatirələrimin bulanıq, asta-asta axan Rio-de-la-Plata çayının qərb - dayım Fransisko Aedonun villasında uzun, qayğısız yay aylarını keçirdiyimiz Montevideoyla, yoxsa şərq sahiliylə - Buenos-Ayreslə bağlı olduğunu deyə bilmərəm. Mən 1899-cu ildə, bu şəhərin mərkəzində, Suipaça küçəsiylə Esmeralda küçəsinin arasında yerləşən Tukuman küçəsində, anamın valideynlərinə məxsus balaca, sadə evdə doğulmuşam. O vaxtın əksər evləri kimi bizim evmizin də yastı damı, "saquan" adlandırılan uzun, tağlı dəhlizi, hovuzu (suyu burdan işlədirdik) və iki patiosu vardı. Deyəsən, biz tezliklə Palermo qəsəbəsinə köçmüşdük, çünki mənim ilk xatirələrim məhz ora ilə bağlıdır - iki patiolu başqa bir ev, bağ, yel mühərrikiylə işləyən su nasosu və bağdan sonra düzənlik. Palermo qəsəbəsi görkəmsiz şimalda yerləşirdi - biz Palermoda Serrano küçəsiylə Qvatemala küçəsinin tinində yaşayırdıq - və oranın sakinləri Palermoda yaşadığını deməyə utanırdı, dumanlı şəkildə sadəcə bunu deyirdilər ki, biz Şimalda yaşayırıq. Biz küçəmizdəki azsaylı ikimərtəbəli evlərdən birində yaşayırdıq, ətrafımızda əsasən birmərtəbəli evlər və düzənlik vardı. Mən tez-tez bu qəsəbəni gecəqondular rayonu adlandırıram, amma bu sözü amerikanların işlətdiyi mənada işlətmirəm. Palermoda kasıb, amma tərbiyəli, belə deyək, hörmətli adamlar yaşayırdı. Həmçinin "kompadritos", "kumanki" adlandırılan, bıçaq oynatmaqda şöhrət qazanmış banditlərin Palermosu da vardı, amma bu Palermo çox sonralar xəyalımda özünə yer edə bildi, çünki o vaxtlar ailəmiz var gücüylə - və çox uğurla onlardan qaçırdı. Qonşumuz Evaristo Karryeqo isə münasibət saxladığımız adamlardan idi, o, Argentinanın birinci şairi idi və qarşısındakı adamın ədəbi imkanlarını başa düşürdü. Mənə qalanda isə, qapalı ev şəraitində yaşadığım üçün kompadritosun varlığından heç xəbərim də yox idi.

Atam Xorxe Qilyermo Borxes hüquqşünas idi. Etiqadına görə filosof-anarxist, Spenserin ardıcılıydı. Normal müasir dillər məktəbində psixologiya dərsi deyirdi, mühazirələrini Uilyam Ceymsin qısa psixologiya dərsliyindən istifadə edərək, ingilis dilində oxuyurdu. Anası Frensis Heyzlem Staffordşir qraflığında, Nortumberlend qraflığından gəlmə ailədə doğulduğu üçün atam ingilis dilini yaxşı bilirdi. Nənəmi Cənubi Amerikaya kifayət qədər qeyri-adi hadisələr zənciri gətirib çıxarmışdı. Fanni Heyzlemin böyük bacısı italyan-yəhudi əsilli mühəndis Xorxe Suaresə ərə getmişdi, Xorxe Suares Argentinaya ilk konkanı gətirən adam idi, o, arvadıyla burda məskunlaşandan sonra Fannini də yanlarına dəvət etmişdilər. Suareslə bağlı bir lətifə yadıma düşür. Entre-Rios əyalətində, general Urkisanın "saray"ına dəvət olunmuş Suares, ehtiyatsızlıq edərək generalı, bu əyalətin əliqanlı diktatorunu kart oyununda udmuşdu. Oyundan sonra Suaresin həyəcanlanmış dostları ona demişdilər ki, əgər bu əyalətdə atlı tramvay yolu çəkdirmək istəyirsə, onda hər axşam generala müəyyən miqdarda qızıl sikkə uduzmalıdır. Urkisa o qədər pis oyunçu idi ki, Suares təyin olunmuş məbləği uduzmaq üçün xeyli əziyyət çəkməli oldu.

Fanni Heyzlem polkovnik Fransisko Borxeslə Paranada, Entre-Rios əyalətinin baş şəhərində rastlaşmışdı. Bu, 1870-ci və ya 1871-ci ildə, "montoneros" dəstəsinin - Rikardo Lopes Xordanın başçılığı altında birləşmiş silahlı qauçoların şəhəri mühasirəyə aldığı vaxt baş vermişdi. Alayın qabağınca at belində gedən Borxes şəhəri müdafiə edən əsgərlərə başçılıq edirdi. Fanni Heyzlem onu evlərinin yastı damından görmüşdü, həmin axşam köməyə gələn hökumət qoşunu şərəfinə bal təşkil olunmuşdu. Fanniylə polkovnik o balda görüşdülər, rəqs etdilər, bir-birini sevdilər və tezliklə evləndilər.

Atam iki qardaşın kiçiyi idi. O, Entre-Riosda doğulmuşdu və tez-tez hörmətli ingilis xanımı olan nənəmə deyirdi ki, mən entrerialı deyiləm, çünki "pampada mayalanmışam". Nənəm isə əsl ingilis təmkini ilə cavab verirdi: "Düzü, sənin nədən danışdığını başa düşmürəm". Amma atam düz deyirdi, çünki babam keçən əsrin yetmişinci illərində Buenos-Ayres əyalətinin şimal və qərb sərhədlərində ordu komandanı idi. Uşaqlıqda Fanni Heyzlemdən həmin illərin sərhəd həyatına aid xeyli əhvalat eşitmişəm. Onlardan biri mənim "Döyüşçüylə əsir qızın əhvalatı" hekayəmdə əksini tapıb. Yadımdadır ki, nənəm Simon Kolikeo, Katriel, Pinsen və Namunkura kimi olduqca qəribə adları olan çoxlu hindu qəbilə başçıları ilə söhbət etmək imkanı qazanmışdı. Babam polkovnik Borxes 1874-cü ildə, vətəndaş müharibəsi dövründə həlak oldu. Onda onun qırx bir yaşı vardı. La-Verde ətrafında, olduqca çətin müharibə şəraitində onun qoşunları məğlub olmuşdu, babam əynində ağ ponço, sağ qalmış on-on iki əsgərinin müşayiəti ilə düşmən cəbhəyə doğru gedəndə reminqton markalı tüfəngdən açılan iki güllə ilə öldürülmüşdü.  O vaxt bu tüfənglər Argentinada təzə-təzə istifadə olunurdu və hər səhər üzümü qırxdığım ülgüclərlə babamı öldürən tüfəngin eyni marka adını daşıması fikri beynimi qıcıqlandırır.

Fanni Heyzlem mütaliə həvəskarı idi. Yaşı artıq səksəni haqlayanda ətrafındakı adamlar hərdən onun könlünü xoş etmək üçün deyirdilər ki, indi Dikkens və Tekkerey səviyyəsində yaza bilən yazıçılar yoxdur, onda nənəm cavab verirdi: "Mənsə daha çox Arnold Bennetti, Qolsuorsini və Uellsi bəyənirəm". Nənəm 1935-ci ildə, doxsan yaşında öldü və ölməmişdən bizi çağırıb zəif səslə, ingilis dilində dedi (o, ispan dilində səhv buraxa-buraxa, sərbəst danışırdı): "Mən sadəcə yavaş-yavaş ölən yaşlı qadınam. Bunda əlamətdar və maraqlı heç nə yoxdur". O, ev əhlinin nə üçün bu qədər həyəcanlandığını başa düşmürdü və gec öldüyü üçün özünə bəraət qazandırırdı.

Atam olduqca ağıllı adamdı və bütün ağıllı adamlar kimi mülayim idi. Bir dəfə mənə dedi ki, əsgərlərə, onların geyimlərinə, kazarmalarına, bayraqlarına, kilsələrə, rahiblərə və qəssab dükanlarına diqqətlə baxım, çünki tezliklə bunların hamısı yoxa çıxacaq, mənsə gələcəkdə uşaqlarıma bunların hamısını öz gözümlə gördüyümü deyə biləcəyəm. Təəssüf ki, onun peyğəmbərliyi düz çıxmadı. Atam o qədər sadə adam idi ki, çox güman, gözəgörünməz olmaq istəyərdi. İngilis əcdadlarıyla fəxr etsə də, guya bunu ələ salır, uydurma utancaqlıqla deyirdi: "Bu ingilislər kimdir axı? Olsa-olsa Almaniyadakı kəndli dəstəsidir".

O, Şelli, Kits və Suinbernə pərəstiş edirdi. Onun mütaliə maraqları ikiplanlı idi. Birincisi, o, fəlsəfə və psixologiya kitablarını oxuyurdu (Berkli, Yum, Roys və Uilyam Ceyms). Məhz o mənim üçün poeziyanın gücünü - sözlərin təkcə ünsiyyət vasitəsi olduğunu yox, həm də simvol və musiqi olduğunu açdı. Mən indi ingilis şeirlərini ucadan oxuyanda anam deyir ki, mən atam kimi oxuyuram. Həmçinin özüm də bilmədən mənə birinci fəlsəfə dərslərini də o vermişdi. Mən hələ lap gənc olanda atam şahmat taxtasının köməyilə mənə Zenon-Axilles paradoksunu, ox uçarkən hərəkət etməyən tısbağanı və hərəkətin mümkünsüzlüyünü başa salmışdı. Sonralar, Berklinin adını çəkməməyə çalışaraq mənə idealizmin rüşeymlərini də tədris etməyə çalışmışdı.

Anam Leonor Asevedo de Borxes qədim argentin-uruqvay nəslindən gəlirdi və doxsan dörd yaşı olmasına baxmayaraq, hələ də möhkəm, sağlam və əsil-nəcabətli idi. Mən uşaq olanda dindarlıq qadınlarla uşaqların öhdəsindəydi; Buenos-Ayresdə əksər kişilər azadfikirli idi, amma özlərindən soruşsaydın, yəqin ki, katolik olduqlarını deyərdilər. Zənnimcə, adamlar haqda yaxşı şeylər fikirləşmək və güclü dostluq hissləri mənə anamdan keçib. Bundan başqa, o, həmişə qonaqpərvərliyi ilə seçilib. Atamın sayəsində ingilis dilini öyrənəndən bu yana adətən bu dildə mütaliə edirdi. Anam atam öləndən sonra əsərləri diqqətlə oxuya bilmədiyini gördü, diqqətini cəmləşdirmək üçün Uilyam Saroyanın "İnsanlıq komediyası"nı tərcümə etməyə başladı. Tərcümə çap olundu və anam Buenos-Ayres ermənilər cəmiyyətinin mükafatına  layiq görüldü. Nəticədə anam Hotornun bir neçə hekayəsini, Herbert Ridin incəsənət haqda olan kitablarından birini, həmçinin Melvilldən, Virciniya Vulfdan və Folknerdən tərcümələrini çap etdirdi - adətən o tərcümələri mənim etdiyimi fikirləşirlər. Anam həmişə və hər şeydə mənim yoldaşım - xüsusən korlaşmağa başladığım axır illərdə - və məni başa düşən, şəfqətli dostum olub. Uzun illər ərzində, xüsusən korlaşandan sonra mənim katibəliyimi edirdi - məktublara cavab verirdi, ucadan mənim üçün oxuyurdu, diktə etdiyim mətnləri yazırdı, həm də ölkədaxili və ölkəxarici bir çox səfərlərimdə mənə yoldaşlıq edirdi. Məhz anam - o vaxtlar bu haqda fikirləşməsəm də - mənim ədəbi karyerama sakitcə və uğurla kömək etmişdi.

Onun babası İsidoro Suares 1824-cü ildə, iyirmi dörd yaşında Perunun Xunin şəhərində döyüşün gedişatını dəyişdirmiş Peru və Kolumbiya kavaleriyasına başçılıq edirdi. Bu, Cənubi Amerikadakı müstəqillik uğrunda gedən müharibənin axırıncı döyüşü oldu. Suares 1835-ci ildən 1852-ci ilə qədər Argentinanı idarə edən Manuelo Rosasunun ögey qardaşı olsa da, o, sürgün olunub Montevideoda yoxsul həyat yaşamağı üstün tutdu. Təbii ki, əmlakı müsadirə olundu və qardaşlarından biri edam edildi. Ana nəslimin başqa bir nümayəndəsi 1816-cı ildə, konqres rəhbəri olduğu Tukumanda Argentina Konfederasiyasının müstəqilliyini elan edən və 1829-cu ildə, vətəndaş müharibəsi dövründə öldürülən Fransisko de Laprida idi. Anamın atası İsidoro Asevedo mülki şəxs olsa da, XIX əsrin altmışıncı və səksəninci illərində baş tutan vətəndaş müharibələrində iştirak etmişdi. Yəni mənim hər iki tərəfdən əcdadlarım hərbçi idi; yəqin, tanrıların haqlı olaraq məndən əsirgədiyi qəhrəmanlığa və epik qəhrəmanlara meylim burdan qaynaqlanır.

Uşaqlığımın böyük hissəsini ev şəraitində keçirdiyimi artıq demişəm. Bacımla mənim dostumuz yox idi, buna görə özümüz üçün iki xəyali dost uydurmuşdum - Kilos və Vertyak (onları fikirləşmək bizi artıq təngə gətirəndə anamıza dedik ki, onlar öldü). Gözlərim həmişə zəif olub, eynək taxmışam və səhhətimin zəif olmağıyla seçilmişəm. Qohumlarımın əksəriyyəti hərbçi idi - hətta əmim dəniz zabiti idi - və heç vaxt hərbçi olmayacağımı bilirdim, buna görə də əməl adamı yox, kitab adamı olduğum üçün uşaqlıqdan utanmağa başlamışdım. Bütün uşaqlığım ərzində fikirləşmişəm ki, mənim sevilməyim ədalətsizlik olardı. Xüsusi diqqətə layiq olmadığımı düşünürdüm, yadımdadır ki, doğum günlərimdə utandığımdan bilmirdim nə edim, çünki məni hədiyyələrə qərq edirdilər, mənsə bunlara layiq olmaq üçün heç nə etməmişdim - özümü yalançı kimi hiss edirdim. Bu hissdən təxminən otuz yaşımda xilas ola bildim.

Evimizdə adətən ingilis və ispan dilində danışırdılar. Əgər həyatımın ən əlamətdar hadisəsinin nə olduğunu soruşsaydılar, atamın kitabxanasını qeyd edərdim. Əslinə qalsa, mən hələ də o kitabxananın hüdudlarından çıxmadığımı fikirləşirəm. Mən indi də oranı təsvir edə bilərəm. Kitabxana ayrıca otaqdaydı, bir neçə min nüsxəlik kitablar şüşəli şkaflara düzülmüşdü. Gözlərim zəif olduğuna görə o vaxtlar tanıdığım əksər insanların siması yadımda qalmayıb (yəqin ki, babam Asevedo haqda fikirləşəndə xəyalımda onun özünü yox, fotoşəklini canlandırıram), amma Çembers və Britaniya ensiklopediyalarındakı əksər qravüralar hələ də yadımdadır. Oxuduğum birinci əsər "Heklberri Fin" idi. Sonra "Bərkiyənlər"i və "Kaliforniyada möhtəşəm günlər"i oxumuşdum. Həmçinin kapitan Marrietin kitablarını, Uellsin "Aydakı ilk adamlar"ını, Edqar Ponu, Lonqfellonun bircildliyini, "Dəfinələr adası"nı, Dikkensi, "Don Kixotu", "Tom Braunun məktəb illəri"ni, Qrimm qardaşlarının nağıllarını, Lüis Kerrolu, "Cənab Versant Qrinin macəraları"nı (indi bu kitab unudulub), Bertonun "Min bir gecə"sini oxumuşdum. O vaxtlar Bertonun kitabları abırsız səhnələrlə dolu olduğu üçün qadağan olunmuşdu, buna görə onları gizlincə, damda oxumaq məcburiyyətində qalmışdım. O vaxtlar möcüzəyə elə aludə olmuşdum ki, həmin ədəbsiz yerlər heç gözümə görünmürdü, mən nağılları başqa hər hansı bir mənaya varmadan oxuyurdum. Adını çəkdiyim bütün kitabları ingiliscə oxumuşam. Buna görə də "Don Kixot"u orijinaldan oxuyanda məndə pis tərcümə təəssüratı buraxmışdı. Qarnye nəşriyyatının qırmızı üzlü, qızılı hərfli cildləri hələ də yadımdadır. Müəyyən bir dövrdə atamın kitabxanası dağıldı, bir müddət sonra "Don Kixot"u başqa nəşrdən oxuyanda məndə elə hiss yarandı ki, bu, əsl "Don Kixot" deyil. Sonralar bir dostum mənə Qarnye nəşriyyatının eyni qravüralarla, eyni şərhlərlə, eyni çap xətalarıyla dolu nəşrini bağışladı, bu elementlərin hamısı mənim üçün kitabın bir parçasıdır, mən əsl "Don Kixot"u məhz belə görürəm.

İspan dilində həm də Eduarde Qutyerresin Argetina quldurlarından bəhs edən çoxlu kitabını - ən yaxşısı "Xuan Moreyra"dır - və polkovnik Borxesin ölümünün parlaq təsvir olunduğu "Hərbi siluetlər" romanını oxumuşdum. Anam "Martin Fyerro" romanını oxumağımı qadağan eləmişdi, çünki o romanın ancaq dələduzlar və məktəblilər üçün olduğunu, həm də əsl qauçolardan bəhs etmədiyini fikirləşirdi. O kitabı da gizlincə oxudum. Ernandes Rosasın tərəfdarı idi, yəni əcdadlarımın düşmənlərindəndi, buna görə anam ona mənfi münasibət bəsləyirdi. Eyni zamanda Sarmentonun "Fakundo"sunu, yunan mifologiyası haqda, daha sonralar isə qədim Skandinaviya mifologiyasından bəhs edən xeyli kitab oxudum. Poeziya mənim üçün ingilis dilində mövcud idi - Şelli, Kit, Fiscerald və Suinbern atamın sevimli şairləriydi və tez-tez onların şeirlərindən böyük parçaları əzbərə oxuyurdu.

Ata tərəfdən bütün qohumlarım ədəbiyyata bağlı adam olub. Atamın babasının qardaşı Xuan Krisostomo Lafinur Argentinanın ilk şairlərindən biri idi, 1820-ci ildə Manuel Belqranonun ölümünə oda yazmışdı. Atamın əmisi uşaqlarından biri, mənim də uşaqlıqdan tanıdığım Alvaro Melyan Lafinur ikinci dərəcəli şair idi və sonralar Argentina Ədəbiyyat Akademiyasının üzvü seçildi. Atamın anasının atası Edvard Yunq Heyzlem Argentinadakı ilk ingilis qəzetlərindən birini - "Sazern Kross"u (Southern Cross - Cənub xaçı) çap etdirmişdi, Heydelberq Universitetinin fəlsəfə və ya ədəbiyyat - dəqiq yadımda deyil - doktoru diplomu var idi. Heyzlem Oksforda və ya Kembricə iddia edə bilməzdi, buna görə də Almaniyaya gedib latın dilində tədris edilən kursu oxudu və doktorluq dərəcəsi aldı. Deyəsən, o, Paranada vəfat etmişdi. Atam Entre-Rios əyalətinin tarixindən yazdığı romanı 1921-ci ildə Mayorka adasında çap etdirmişdi. Roman "Kaudilyo" adlanırdı. O, həmçinin (sonralar məhv etdiyi) oçerk kitabı yazmışdı və Fisceraldın "Ömər Xəyyam"ını tərcümə etmişdi. Bundan başqa, atam "Min bir gecə" ruhunda yazdığı Şərq hekayələrini və oğlundan ümidini üzmüş atadan bəhs edən "Heçliyin istiqamətində" dramını da məhv etmişdi. Atam Argentina şairi Enrike Bançs stilində yazdığı bir neçə zərif sonetini də çap etdirmişdi. Mən uşaq olanda atam kor oldu və elə o vaxtdan ailədə səssiz-səmirsiz bir fikir yarandı ki, atamın kor olduğu üçün ədəbiyyatda gerçəkləşdirə bilmədiyi arzularını mən yerinə yetirməliyəm. Bu, özü-özlüyündə təbii bir şey kimi qəbul olunurdu (bu cür inam isə dilə gətirilmiş arzudan daha güclüdür). Yazıçı olacağım gözlənilən idi.

Altı, ya da yeddi yaşında yazmağa başladım. Klassik ispan yazıçılarına, misal üçün, Migel de Servantesə oxşamağa çalışırdım. Bundan başqa, olduqca pis ingiliscədə yunan mifologiyasının, şübhəsiz ki, Lemprirdən köçürülmüş dərsliyini hazırlamışdım. Yəqin ki, bu, ilk qələm təcrübəm idi. Birinci hekayəm isə Servantes manerasında yazdığım olduqca sarsaq cəngavər romanı idi - "La visera fatal". Bu əsərləri olduqca səliqəli xətlə dəftərimə yazmışdım. Atam heç vaxt mənim yaradıcılığıma qarışmayıb. O istəyirdi ki, buraxdığım səhvləri özüm düzəldim və bir dəfə mənə demişdi: "Valideynlər uşaqlarını yox, uşaqlar valideynlərini öyrədir". Doqquz yaşında Oskar Uayldın "Xoşbəxt şahzadə"sini ispan dilinə tərcümə etdim və tərcüməm Buenos-Ayresdə çıxan gündəlik qəzetlərdən birində, "El Pays"da çap olundu. Tərcümə sadəcə "Xorxe Borxes" imzasıyla çap olunduğu üçün hamı, təbii ki, tərcüməni atamın etdiyini fikirləşdi.

Məktəbdəki ilk günlərimi xatırlamaq məndə qətiyyən xoş təəssürat yaratmır. Əvvəla bunu deyim ki, məni doqquz yaşım olanda məktəbə yazdırdılar. Səbəbi bu idi ki, atam dönməz anarxist olduğu üçün heç bir dövlət idarəsinə inanmırdı. Enli yaxalıqlı köynək geyinib üstündən qalstuk və eynək taxdığım üçün az qala hamısı dələduz olan sinif yoldaşlarım məni dolayır, qıcıqlandırırdı. Məktəbin adı yadımda deyil, bircə o yadımdadır ki, məktəb Temza küçəsində yerləşirdi. Atam deyirdi ki, Argentinada tarix katexizisin yerini tutub, doğrudan da tələb edirdilər ki, Argentinaya aid hər şeyə baş əyək. Misal üçün, ölkəmizi yaradan çoxlu ölkələr və uzun əsrlər qala-qala, bizə ilk növbədə müasir Argentinanın tarixini tədris edirdilər. Bundan başqa, ispan dilində qanadlı cümlələr yazmağı öyrədirdilər: "Aquellos que lucharon roq una patria libre, independiente, gloriosa" (Azad, sərbəst, şöhrətli həyat uğrunda vuruşanlar). Nəhayət, mənə Cenevrədə başa saldılar ki, bu cür yazmaq mənasızdır və mən həyata öz gözlərimlə baxmalıyam. 1901-ci ildə doğulmuş bacım Nora, təbii ki, qız məktəbinə gedirdi.

Həmin illərdə yayı, adətən Buenos-Ayresdən on-on beş mil cənubda yerləşən Adroqedə keçirirdik, burda bizim öz malikanəmiz vardı - böyük birmərtəbəli ev, bağ, iki yay evi, yel dəyirmanı və qonur tüklü ovçarka. Adroqe ucqar, sakit qəsəbə idi - dəmir barmaqlıqdan hasar çəkilmiş, qapılarında daş güldanlar olan yay evləri, parklar, çoxsaylı balaca meydançalardan ayrılan küçələr və daimi evkalipt qoxusu. Sonralar da onilliklər ərzində Adroqeyə getməyə davam etdik. Mənim pampa ilə ilk tanışlığım 1909-cu ildə, qohumlarımızın Buenos-Ayresdən şimal-qərbdə yerləşən San-Nikolasdakı malikanəsinə gedəndə baş tutdu. Yadımdadır ki, bizə ən yaxın ev üfüqdə balaca ləkə kimi görünürdü. Dedilər ki, bu hüdudsuz düzənlik "pampa" adlanır, fermalardakı işçilərin Eduardo Qutyerresin qəhrəmanları kimi əsl qauço olduğunu öyrənəndə isə, bu, onları gözümdə bir az da ucaltdı. Mən həmişə reallıqla tanışlığa kitablardan gəlmişəm. Bir səhər heyvanları çaya sürüb ordan da geri qaytaracaq qauçolar ilə getməyimə icazə verdilər. Bunlar balaca boylu oğlanlar idi, "bombaças" adlandırılan enli, sallaq şalvar geyinmişdilər. Onlardan üzə bilib-bilmədiklərini soruşanda dedilər: "Su heyvanlar üçün mövcuddur". Anam eşikağasının qızına gəlincik bağışladı, oyuncaq böyük karton qutuda idi. Növbəti il biz ora gedəndə anam qızın necə olduğunu soruşdu. "Gəlinciyi elə çox sevir ki", - deyib gəlinciyi bizə göstərdilər, onu elə qutusundaca divardan asmışdılar. Məlum məsələdir ki, qız gəlinciyə ancaq baxa bilirdi, oynamağa icazə vermirdilər, çünki gəlincik çirklənə, sına bilərdi. Gəlincik itaət olunmalı bir şey kimi divardan asılmışdı. Luqones yazırdı ki, Kordovada, hələ mağazalar olmayanda qauçolar oyun kartlarını şəkil yerinə divardan asırmışlar. Zənnimcə, o vaxtlar, yəni hələ Cenevrəyə getməmişdən qabaq, çox güman ki, şair Askasubinin təsiri ilə qauço haqda poema yazmağa başlamışdım. Yadımdadır ki, poemada qauçoların istifadə etdiyi sözlərdən mümkün qədər çox işlətməyə çalışırdım, amma texniki problemlər mənim imkanlarımdan daha böyük idi. Cəmisi bir neçə sətir yaza bilmişdim.

 

Tərcümə: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!