Gürcü altmışıncılarından poetik nümunələr - Tərcümə

 

Cansuğ ÇARKVİANİ

(1930-2017)

 

Xalq şairi Cansuğ Çarkviani müasir gürcü poeziyasında lirik poema janrının banisi kimi iz qoyub. (Gürcüstanda Xalq şairi fəxri adı uzun müddət ərzində ləğv edilmiş olsa da, Cansuğ Çarkvianinin əzəmətinə görə onu XXI əsrin əvvəllərində bərpa etməli oldular) Cansuğ Çarkvianinin sözlərinə çoxlu mahnılar yazılıb, gürcülər həmin mahnıları bu gün də sevə-sevə oxuyurlar. Cansuğ Çarkviani çağdaş gürcü ədəbiyyatında altmışıncılar ədəbi nəslinin nümayəndəsi hesab olunsa da, XX əsrlə XXI əsrin keşməkeşli yolayrıcında da bir ədəbi sima kimi seçilib sayılanlardan olmuşdur.

 

 

Şəfəq

 

Biyabanda atdım yüngül nisgili,

Yapıncı sayağı tullayıb gəldim.

Səni mağarada tapdım, sevgilim,

Tapıb işıq kimi üstümə sərdim.

 

Yemişan yeyirdim qayğısız, rahat,

Yemişanla birgə şəfəq yemişəm.

Səni o tapdırdı, o şəfəq daha

Məhəbbət verəcək bizə həmişə.

 

 

Qar

 

Qar yağıbdır,

Qar yağıbdır,

Sinən kimi ağdı bu qar.

Kəsib mənim yollarımı,

Sanki uca dağdı bu qar.

 

Həmin dağın zirvələri,

Elə qalxıb, göyə dəyir.

Bu sükutda sənin səsin

Qarın üstdə rəqs eləyir.

 

Salamat qal, şirin yuxum,

Əzəlimə çatdı sonum.

Ömrüm boyu istəmişəm,

Pəncərənə güntək qonum.

 

Qar yağıbdır,

Qar yağıbdır

Sinən kimi ağdı bu qar.

Kəsib mənim yollarımı,

Sanki uca dağdı bu qar.

 

 

Moris POSXİŞVİLİ

(1930-1997)

 

Moris Posxişvili ədəbiyyatda altmışıncılar kimi tanınan ədəbi nəslin nümayəndəsidir. Tbilisidə doğulan və çox da uzun sürməyən ömrünü elə burada başa vuran şair yaddaşlarda romantik şəhər lirikasının mahir ustası kimi qalıb. Cansuğ Çarkviani kimi Morisin də sözlərinə çoxlu nəğmələr yazılıb. Məşhur gürcü müğənnisi Vaxtanq Kikabidzenin ifa etdiyi mahnıların böyük əksəriyyəti məhz M.Posxişviliyə məxsusdur.

 

 

Mənim məhəbbətim

 

Mənim məhəbbətim irmaq ha deyil,

Üzüb keçəsən, gülüm.

Mənim məhəbbətim nağıl da deyil,

Sonluq seçəsən, gülüm.

 

Mənim məhəbbətim yuxu ha deyil,

Min cür yozasan, gülüm.

Mənim məhəbbətim qanun da deyil,

əmrlə yazasan, gülüm.

 

Gah sönür, gah yanır, gah nəğmə deyir,

Olmaz bu nurun sonu...

Mənim məhəbbətim gümüş pul deyil,

Xırdalayasan onu.

 

O nə cinayətdir, nə şər, nə xeyir,

Ancaq dünyaya yetər...

Mənim məhəbbətim orkestr də deyil,

Not onu tabe edə...

 

Yadların əlində soyuqdu, keydi

Sevgimin odu, külü,

Çünki onlar üçün gərəksiz şeydi,

O tək sənindir, gülüm...

 

 

Görüş

 

Körpü də dar, yol da dardı,

Eni - (bir yox), yarım addım...

Mən tanıdım o gözəli,

Gözəl məni tanımadı.

 

Xatırladım, xatırlatdım,

Südüm kəsdi, şora döndü,

Məni yada salammadı,

Xatirələr tora döndü...

 

Körpü də dar, yol da dardı,

Bu darlıqdan necə çıxım?..

Mən tanıdım onu... fəqət

O deyilmiş tanıdığım...

 

 

Besik XARANAULİ

(11.11.1939)

 

Besik Xaranauli gürcü ədəbiyyatında verlibrin banisi kimi tanınıb. Əlbəttə, bu onu demək deyil ki, Besikə qədər bu poeziyada sərbəst şeir nümunələri olmayıb. Hələ XIX əsrin birinci yarısında Nikoloz Barataşvilinin yaradıcılığında heca vəznindən və sərt qafiyə çərçivələrindən kənara çıxan şeirlər vardı. Amma gürcü poeziyasında uzun müddət sürən verlibr sınaqları Besik Xaranauli yaradıcılığında təkmilləşmiş, milli köklərdən üzülmədən dünya standartlarına uyğunlaşaraq öz kulminasiya nöqtəsinə çatmışdır. Bu şairi təqdim edərkən mütləq onu da qeyd etməliyik ki, B.Xaranauli 2010-cu ilin oktyabr ayında ədəbiyyat sahəsində Nobel mükafatına təqdim edilmişdir.

 

 

De, ay ana

 

De, ay ana,

Çöllərə de, dağlara de,

De kəndlərə, şəhərlərə,

Oğlanlara, qızlara de

Qaytarsınlar məni sənə.

 

Yığ, yığ məni hissə-hissə,

Misqal-misqal

Yığ oğlunu bu yollardan,

Yenidən tök ətəyinə.

Çəkil-çəkil uzaqlara,

Saf arzunun saf sapına

Muncuq kimi yenidən düz

Öz balanı.

 

 

Dostuma

 

Sənin yanıma baş çəkdiyini

Yuxuda gördüm, yoxsa bilmirəm,

Gəzdiyim şəhərin

Tünlüyündəki boşluqlarını

Anlayandan sonra istədim səni.

 

Hardasan indi?

İyul günəşi səni harada

Alıb nişana?

Qaldığın yerdə

Kölgəsinə sığınacağın

Bir ağac varmı?

 

 

Omar TURMANAULİ

(25.05.1959-23.03.2019)

 

Omar Turmanauli söz meydanına səksəninci illərdə gələn ədəbi nəslin ən parlaq nümayəndəsidir. O, eyni zamanda gürcü dilindən fransız dilinə etdiyi poetik tərcümələri ilə də tanınır. Ömrünün son illərini Gürcüstandan kənarda, Fransada yaşadı. Şair öz nakam ömrünü elə qürbətdə - Strasburqda başa vurdu.

 

 

Köhnə gündəlikdən

 

I

Qapını bağlayıb gedibdir hamı,

Evdə - mən, kədərim, ocağın külü...

Fikirlə doludu bu evin damı,

Bu şübhə xəlvətdə doğulan bictək

Utanmaz-utanmaz üzümə gülür...

Varmı bu dünyada haqlı, ya haqsız? -

Yer üzü cavabsız, göylər mürgülü.

 

II

Niyə rişxənd ilə yanır o ulduz,

Niyə bizdən üstün bilir özünü?

Görəsən, o bizi görürmü göydən?

Görmürsə, niyə bəs çəkmir gözünü?!

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

III

Bu dünya kimindir, bu aləm kimin?

Onu tanımamış özünü tanı...

Sinəmdə vurnuxan dustaq qəlbimin

Əvvəli burdadır, axırı hanı?

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

IV

Günah günah deyil, ilahi, bəlkə,

Savab bildiyimiz savab deyil heç.

Ay Allah, ağzımız dirənib bərkə,

Savab günahdırsa bu günahdan keç.

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

V

Hayana gedirik, yolumuz ulu,

Bu yolu götürüb yaramı sarı...

Bəlkə bu yol deyil Allahın yolu

Bəlkə bu yol gedir iblisə sarı?

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

VI

Mələk baxışları çiynimə düşüb,

Bu eşqi boyuma biçə bilmirəm.

Sizinlə yaşamaq boynuma düşüb,

Dünyadan heç yana qaça bilmirəm.

 

Görünmür, tabutluq yoxdur ağacım,

Arxada nişan yox doğma beşikdən.

Eşikdə yaşamaq hər şeydən acı,

Beşiksiz, tabutsuz qaldım eşikdə.

 

 

Tərcümə: İmir MƏMMƏDLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!