Allen Ginzberqin şeirləri - Tərcümə

 

Allen Ginzberq (1926-1997) - Amerika Beat ədəbi hərəkatının tanınmış nümayəndəsi, şair, esseist.

A.Ginzberq olduqca fırtınalı, dəyişkən bir həyat yaşayıb. Kolumbiya Universitetində təhsilini tamamlamaq üçün vağzallarda, limanlarda hamballıq etmək məcburiyyətində qalıb. 1945-1956-cı illər arasında müxtəlif qəzetlərdə müxbir kimi çalışıb. 1954-cü ildə San-Fransiskoya daşınıb. Vyetnam müharibəsinə etiraz etdiyi üçün bir neçə dəfə həbs edilir. 1971-ci ildə Banqladeşin müstəqillik mücadiləsinə dəstək verir. Bəziləri onu 90-cı illərdə yayğınlaşan rep musiqisinin atası hesab edirlər. Onu çox zaman Bodrum klublarının şeir oxuma seanslarında görmək olurdu. Giznberq sadə bir həyat yaşayıb. Həyatı boyu geyimlərini ikinci əl geyim mağazalarından alırmış. Binaların zirzəmi qatında yaşayırmış. Beat (andeqraund) ədəbi nəslinin ən məşhur şairlərindəndir.

1997-ci ildə şəkər və qaraciyər xərçəngi səbəbindən dünyasını dəyişib.

 

 

Ölmüş atanın hüznlü cazı

 

Hey, ölmüş ata, mən evə uçuram,

Hey zavallı adam, yapyalnızsan,

Hey, yaşlı atacığım, bilirəm hara getdiyimi.

 

Ölmüş ata, artıq ağlama,

Ana da orada, torpağın altında,

Ölmüş qardaşım, dükan sənə əmanət.

Ölmüş qoca bibim, saxlama sümüklərini,

Ölmüş qoca əmim, eşidirəm iniltilərini,

Ah, nə qədər dadlıdır bacımın iç çəkişləri

Ah, o məsum, ölmüş uşaqlar nəfəs alır sizin nəfəsinizdən,

Asanlaşdıracaq köksünüzdəki hıçqırıqlar ölümünüzü,

Ağrılar bizi tərk edər, göz yaşlarıdır geriyə qalan.

 

Ölmüsünüz artıq, sizin işiniz tamamlandı,

Sevgili ölülər, vücudlarınız ayrıldı,

Ölmüş ata, evə qayıdıram.

 

Ölü mürşid, sənin sözlərin doğrudur,

Ölü müəllim, sənə təşəkkür düşmür,

Bu hüznlü caz musiqisini söylərkən

Mənə verdiyin ilham üçün.

Ölü Budda, mən səninlə oyanıram,

Ölü Dharma, zehniniz təzə,

Ölü sangha, çalışacağıq dincəlmədən

Acı çəkmək deməkdir doğuluş deyilən şey,

kimsəsiz buraxdığından məni cəhalət,

həqarət edə bilmirəm gözü yaşlı gerçəklərə

Nəfəsim ata, bir daha əlvida,

Xəstəlikdən başqa bir şey deyildi verdiyiniz ölüm,

Zamanı gələndə anladacaq, indisə ürəyim dayanır, ürəyim...

 

Bu ikisi

 

O ağac dedi ki,

Xoşum gəlmir bu altımdakı ağ maşınlardan,

Benzin qoxuyur onlar.

Yanında duran ağac dedi ki,

Ah! Sən hər dəfə şikayət edən

Bir nevrozsan,

Onları ancaq aşağı baxanda görə bilirsən.

 

Səhərin 5-i

 

Oksigen qaldırdı məni buludların üstünə,

Kosmosa, zamansızlığa, əbədiyyətə

Çevrildi nəfəsim sözlərə,

Sonra yenidən sözlər çevrildi nəfəsə.

İki yüz il içində

Safonun hardasa ölümsüz nəfəsi,

Saatlar, imperatorluqlar, arabalar zamanın ötəsində,

Atlı savaş arabaları, raket gəmiləri, göydələnlər,

Qala divarları, cilalı mərmər, zehnin İnka sənət əsəri,

Amma hardan gəlir bunlar?

İlham pərisinin nəfəsi? Allah?

Yox, inanmıram, cənnət və cəhənnəmin qarışığında

Günahdan doğulan güc, bütün gecə sürətlə döyünər qəlbiniz,

Boşluqdan axan zehin seli,

            alovlanır gələcəyin şəhərləri, meqapolis şəhərlər

Və ya Zevsin doğulduğu mağara,

Lassiti ovaları, Otsego bölgəsi,

Fermalar, Kanzasın eyvanları?

Budda adi adamlara vəd etməz nirvananı,

Qəhvə, alkoqol, kokain, göbələk, əsrar?

Yox, mavi göy üçün bu beyin liftləri çox ağır olar,

Bir may gününün şəfəqlərində quşlar nəğmələrinə başladığında

Şərq 12 küçəsində,

Hardan gəlir bu ilahi vəhylər,

Sonsuzluğa qədər hara gedirlər?..

 

Kimsəsizlik

 

Bərraqdır indi ağlın,

Buludsuz göy üzü kimi

İndi tam zamanıdır

Səhranın ortasında bir ev tikməyin.

 

Mən neylədim ki?

Gözlərimlə dolaşdımmı ağaclarda?

Yəni ailəmi yenidən quracağam,

Axtaracağam qonşuları.

 

Ya da mən həlak olacağam

Yalnızlıqdan,

Yeməyə bir şey axtarmaqdan.

İldırımlardan və ayılardan da qorunmaq gərək.

Hələ maralı ev heyvanına çevirmək,

Pal-paltar ehtiyacı da var.

 

Bəlkə də bir rəsm çəkmək lazım olacaq,

Anlatsın köçkünlüyümü.

Kiçik bir rəsm,

Yol kənarında bir türbə kimi,

Nişan versin yolçulara

Didərginliyimi.

Vəhşi sayıqlıq içində

Bu evi yurd bildiyimi.

 

Tərcümə: Kənan HACI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!