Amerikalı şair Robert Frostun şeirləri - Tərcümə

 

Robert Frost (Robert Lee Frost) 1974-cü ildə ABŞ-da, San Fransiskoda anadan olub. ABŞ ədəbiyyat tarixinin ən görkəmli isimlərindən biridir. ABŞ prestijli Pulitser mükafatına 4 dəfə (1924, 1931, 1937, 1943) layiq görülmüş yeganə şairdir. Uzun müddət şeirlərini çap etdirmək üçün naşir tapa bilməyib. 1912-ci ildə Londona gedən Robert Frost 1913-cü ildə, 40 yaşın astanasında Ezra Paundun köməyi ilə "Gəncliyə vida" adlı ilk şeir kitabını çap etdirə bilir ki, bu kitaba toplanmış şeirlərdə Vordsvort və Pobert Brauninqin açıq təsirləri hiss olunur.

Ömrünün böyük hissəsini bir kənara çəkilmiş halda, torpağa bağlı şəkildə, fermer kimi, ya da dərs dediyi müxtəlif universitet kampuslarında keçirərək şəxsi həyati uğursuzluqlarına və itkilərinə sakitcə sinə gərərək yaşayan şair 1963-cü ildə vəfat edir. Yaradıcılığı V.Nabokov, X.L.Borxes, U.H.Oden, İ.Brodski tərəfindən yüksək qiymətləndirilib. "Nyu Hempşir", "Baxılmaz uzaqlıq", "Şahid ağac", "Topulqa", "Tala" və b. şeir kitablarının müəllifidir.

 

 

Öz içinə yolçuluq

İstərdim ki, kölgəsi yarpaqların

Mənim üçün yalnız zülmət olmasın,

Əvəzində görkəmi bu meşənin

Öz sirrini sonsuzadək faş etsin.

 

İşdir, bir gün gedər olsam bu yerdən,

Gözdən uzaq cığırla yürüyərəm,

Enli yollar başqaların işidir,

Millərini qumsal tutur, əridir.

 

Amma bir gün arxamca boylananlar,

Əzizlərim, doğmalarım olanlar

Axtarsalar yolum nəymiş, izim nə -

Görərlər ki, dəyişməyib bir nəsnə.

 

Yalnız artıb, daşlaşıbdı inamım

O şeyi ki, əvvəldən doğru sandım.

 

Atılmış məzarlıq

Təpədəki məzarların yazısı

Diriləri çəkər gəlib oxusun,

Çəmən yolla gələr, gələr çoxusu,

Ölülərin bir ayrıdır yazısı.

 

Daş üstündə dillənər ağ yazılar:

"Bu yerlərdən bir yolmu var geriyə?!

Oxu, düşün, unutma, dön evinə,

Bil ki, bir gün daşda adın yazılar...".

 

Doğrudursa daş üstə qafiyələr,

Kişi, qadın - bu fani qafilələr

Bilsinlər ki, indi qorxmağa dəyməz

Gedən gedib bir də geriyə gəlməz.

 

Amma kaş ki, yazılaydı bax belə:

"Ölüm dəhşət saçırsa da hər yerə,

Burda ona son qoyulur, biləsiz!"

Bəlkə belə yalan söyləyəydiniz?!

 

Ay

Mən Ayı yoxlaram göyün əynində

Gümüşü meşədən, damdan yuxarı.

Sanki sən öz uzun qara telində

Yoxlayırsan almaz qaşlı sancağı.

Mən yoxlaram Ayı - doğub yenicə,

Gah təkcənə, gah da ulduzla birgə.

 

Nə gözəldi göydə Ayı yoxlamaq,

Gəzmək, baxmaq və beləcə əylənmək.

Gah qoparmaq meşə üstdən, gah taxmaq,

Gah gecələr bulaq üstə gətirmək.

Gah tullamaq gölə, üzsün, yellənsin,

Yer üzündə möcüzə səngiməsin.

 

 

Dam

Bir axşamı gəzişirdim çiskində

Boylanaraq öz evimə hirs ilə.

İşığı yanırdı üst pəncərənin,

Baxdıqca hey süstləşirdi əllərim.

İşıq söyləyirdi: - Gözləyənin var,

Nə qədər ordasan sönməz lampalar.

Lampa yanacaqsa, dönmərəm mən də,

Noolar, güc gələcək görək kim kimə.

Görək qarşımıza kim çıxar bu gün.

Aləm qaranlığa bürünüb bütün.

Torpağın özütək ağırdı külək,

Yağış da yağırdı dənəvər butək.

Amma qəribəydi: damın qırağı -

O yer ki, adətən quşlar oylağı,

Yayda təcrübəydi - məktəb və oba -

Hələ də bir neçə quş vardı orda.

Qəfildən toxunub təkərə yerdə

Hürkütdüm onları heç istəmədən.

Quşlar uçub getdi o anda bir-bir,

Qərq olub zülmətdə hamısı itdi.

Pərt oldum, amma ki, quşların dərdi

Mənim pərtliyimdən daha betərdi.

Axı, göz görməz ki, gecə buranı,

İndi kim göstərər isti yuvanı?

Ya ağac koğuşu, ya da bir oyuq,

Olmasa kəsəcək onları soyuq.

Bəlkə də yazığım gəldiyindəndi,

İçimdə inciklik əridi, itdi.

Yadıma düşdü ki, evin damını

Külək əzişdirib, yağış dağıdıb.

Təmri lazım idi tezliklə, mütləq.

Ya da it kökündə belə çökəcək.

Yəqin, divarında gəzir damcılar.

Noolsun, pəncərədə gur işıq ki, var...

 

 

Yük

Bəzən adi şeylər düşür əlindən

Götürməkçün sən onu əyiləndə

Başqaları sürüşür e, dalbadal -

Fərq eləməz, boş şüşə, ya bir qoğal.

Heysiz düşür əlindən bütün yükün -

Belə şeyə necə sərf etdin ömrü -

Düşünərək çömbəlirsən yol üstə,

Toplayırsan qabağında hər şeyi,

Toplayırsan yenidən gücünü də

Qalxmaq üçün ayaq üstə yenidən.

 

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!