Nizaminin müasiri olan Avropa şairləri: Azalais de Porkayraqas - Səlim Babullaoğlunun təqdimatında

 

Birinci trubadur sayılan Azalais de Porkayraqas barədə çox az şey məlumdur. XII əsrdə yaşayıb-yaratdığı məlum olsa da, ölüm və doğum tarixi dəqiq bəlli deyil. Bəzi orta əsr salnamələrindən, xüsusən trubadurların həyat və yaradıcılığından bəhs edən, nəsrlə yazılan və xüsusi ədəbi janra aid edilən vidalardan aydın olur ki, bu nəğməkar-trubadur qadın Monpelye yaxınlğındakı Portiran (yaxud Porkayra) məntəqəsindən, nəcabətli ailədəndir. O da məlumdur ki, Azalais cəngavər (döyüşçü, dalaşqan əsgər) Gi Qerreji sevib (1135-1178), VII Giyom de Monpelyenin qardaşını. Əksər nəğmələri də ona ünvanlanıb.

O da məlumdur ki, Joqlar ayamalı Rembo Oranski (yaxud Oranjlı) da bəzi poetik əsərlərində məhz Azalaisə müraciət edir.

Azalais de Porkayraqasın günümüzə yalnız 52 sətirlik bir əsəri gəlib çatıb: "Ar em al freg temps vengut" ("İndi bizdə qışdır"). Musiqisi unudulan bu şeirin, şərqinin də müxtəlif cür interpretasiya edilən bir neçə əlyazma versiyası mövcuddur. Əsərdə Rembo Oranskinin ölümü xatırlanır, son sətirdə isə turbadurların hamisi xanım Ermenqarda Narbonskayanın adı çəklilir.

 

Artıq qışdır

 

1

 

Qarlı, buzlu, palçıqlı

Qışdır indi.

Quşlar susqundur,

Oxumağa meyilli deyil heç biri.

Ağacdan çəpərlərdə belə budaqlar yalındır,

Bir çiçək, bir yarpaq belə yoxdur.

Mayda, adətən qəlbimi riqqətə gətirən

bülbül də ötmür orda.

 

2

 

Elə məyusluq var ki, qəlbimin dərinliyində

Hamıya etinasız olmuşam.

İtkilərinizin qazancdan daha çox olduğunu,

və daha tez əldə edildiyini bilirəm.

Hətta bu doğru sözlərlə belə düz danışmıramsa

demək ağrılarım artıb, bəlkə Oranja görədir.

Həyəcanlıyam,

sevincimi hissə-hissə itirirəm.

 

3

 

Özündən çox yüksəkdə olan mənsəb sahibi kişiylə

Sevgi münasibətlərində olarsa qadın, doğru etməz.

Orta mülkədardan yuxarıda duran bir kişiylə.

Amma bu baş veribsə, çox böyük axmaqlıq etmişdir, deməli.

Çünki belə deyirlər ki,

Sevgi mənsəb və var-dövlətlə uyuşmaz.

Və əgər qadın seçimini buna görə edirsə,

Mənə görə o, ləyaqətini itirmişdir.

4

 

Mükəmməl keyfiyyətlərə sahib olan bir dostum var,

Digərlərindən çox üstündür

Və mənə münasibətdə qəlbində riya yoxdur.

Bəyan edirəm ki, sevgim onadır, ona aiddir.

O, sevgisini büsbütün mənə verir.

Hər kim ki, bunun əksini iddia edir,

Qoy Allah bəxtini qaraltsın.

Mən artıq şəfa tapmışam.

 

5

 

Gözəl dostum,

Böyük həvəslə

Sizə həmişəlik bir söz verirəm,

Sizinlə həmişə zərif və gözəl davranacam.

Tezliklə bunu sınayacağıq,

Sizin mərhəmətinizə təslim olacam.

Siz mənə söz vermisiniz

Ki, məndən pis nəsə ummayacaqsınız.

 

6

 

Rəbbim, Boreqarı qoru,

Oranj şəhərini də,

Qlorieti və qəsri də,

Provans Lordunu da,

Orda mənə xoş gələn hər bir şeyi,

Üzərində savaş təsvirləri olan

Zəfər tağını da.

Mən həyatımın sahibini itirmişəm

Və buna görə həmişə üzüləcəyəm.

 

7

 

Coqlar, mənim nəğməmi özünüzlə götürün,

Qasırğa ilə aparın

Şadlandırdığınız Narbonskayaya -

Orda xoşbəxtlik və gənclik hökm sürür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!