Çağdaş italyan şeiri Laura Qaravaqlia - Söhbətləşdi: Səlim Babullaoğlu Tərcümə: Cavanşir Yusifli

Laura Qaravaqlia 1956-cı ildə Milanda anadan olub. Komoda yaşayır. Şair, jurnalist, Komo Poeziya Evinin qurucusu və rəhbəri, "Şeirsəl Avropa" / "Europa in Versi" Beynəlxalq Poeziya Festivalının direktorudur. Uzun müddət "Il Giornale", "Il Corriere di Como", "L'Ordine" qəzetlərinin mədəniyyət əlavələri və şöbələri ilə əməkdaşlıq edib. "Həyat fraqmentləri", "Kəpənəklər və daşlar", "Qoz ləpəsinin simmetriyası", "Yuxarı axınlar" , "Əşyaların diriliyi", "Saylar və ulduzlar" adlı şeir kitablarının müəllifidir. Türk, yapon, rumın, alban, serb, macar, Ukrayna və b. dillərdə kitabları nəşr edilib. Bütövlükdə əsərləri onlarca dilə çevrilib, nüfuzlu jurnal və ədəbiyyat saytlarında yer alıb. Mario Luzi, Antonio Foqazzaro ədəbi ödüllərinə, habelə 2017-ci ildə üzvü olduğu Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının mükafatına layiq görülüb. İtaliya və İtaliya-İsveçrə PEN təşkilatlarının, Dünya Şeir Hərəkatının üzvüdür. Nurəngiz Gün Beynəlxalq Ədəbiyyat Ödülünə layiq görülüb (2020).

Laura Qaravaqlianın milliyyətindən asılı olmayaraq bütün insanlığa, onun problemlərinə qarşı həssas olan poeziyası, eyni zamanda vərdiş etdiyimiz gündəlik hadisələrə elmi yanaşma ilə fərqlidir, orijinaldır.

Laura Qaravaqlia ilə Səlim Babullaoğlunun məxsusi qəzetimiz üçün edilən söhbətini, həmçinin, şairənin şeirlərini diqqətinizə çatdırırıq.

Laura-Garavaglia - La Casa della Poesia di Monza

 

Asperger sindromu

 

Aşıb-daşan ağrıların izini,

dağınıq həyatın həyəcanlarını,

həyatın səs-küyünü

anlaya bilmirəm.

Əzəldən bu naməlum xaos

məsumluğa,

rəmzlərə və rəqəmlərə,

nizamlı ardıcıllığa

düşmən kəsilibdir.

 

Qocanın tələskənliyi

 

Geciksəm də

həyatı sahmana salmalıyam,

hər şeyi nizamlayıb

sıranı gözləməliyəm.

İndi vərdişlər həbsxanaya bənzəyir:

məchulluqdan,

havanın dəyişkənliyindən

qoruyur.

 

Yay

 

Bəlkə ötən yay, bəlkə də inişilkiydi.

Amma görüntü eyniydi: məhkumlar

bellərinə qədər suyun içində,

                        hind qozu satıcısı,

qəzetin üstündə yağ ləkəsi.

Bircə arxa plan dəyişir.

 

Koimbranın kitabxanası

 

İki yüz min kitab

qızılı madeyra rəflərində.

Gecəleyin bayquş böcəkləri yox edərək

milyonlarla sözü taxtaqurdlarından qoruyur.

Biliklərin qoxusu köhnəlib, sükutu isə

ölü şeylərə çöküb.

 

Zaman oxu pozulacaq, itəcək.

Əgər bir mənası varsa

sən də yoxluq olacaqsan.

Zaman özü belə bitəcək

açıqlanmamış düsturlar kimi.

Sabahın közərən ulduzu hələ ki

günlərindən macərasını oğurlayır.

 

Kvant mexanikası

 

Bəzi hadisələr, niyəsi bilinməsə də

eləcə baş verir.

Nüvə kimyası belə,

izah edə bilmir

bizi bir-birimizə bağlayan

ayrılığın altı dərəcəsini.

 

Fəzaların musiqisi

(Pifaqor)

 

Ahəngdar sıranın sirri

çəkicin çırpıldığı

su ilə dolu qabdadır.

Notlar və rəqəmlər arasında

işığa qərq olmuş yol vardır.

Düstur və səs, kəsrlərin ardıcıllığı:

gözəlliyin misliz ölçüsü.

 

Evrika (Arximed)

 

Bütün önyarğılara rəğmən

                        siz gerçəyi sevdiniz,

bədənin cazibədar qüsurlarını.

Hər bir əyri düz ola bilər,

kubun mükəmməlliyində

bütün kitablar vardır.

Əzəli qanunları bilirdiniz,

böyükdə və kiçikdə sonsuzu aradınız.

Cəhalətin qılıncıdır pislik,

qumlarda çəkilmiş dairələr üzərində

həyata son qoyur.

Fibonaççi ədədləri

(Fibonaççi adıyla anılan Leonardo Pisano)

 

Şərq və Qərb arasındakı körpü

ədədlər üzərində qurulub.

Ərəb tacirlərinin böyüklüyünü anlayırdınız.

Dühanız II Fridrixin sarayında

əyan-əşrəfi çaşdırırdı.

O işarələrin mücərrəd mükəmməlliyi,

gizlin füsunkar irsiliyi

həm üzdədir, həm də sizdən sonra

Paçolinin söylədiyi şahinin sirli uçuşundadır -

hər şey ilahi ölçü-biçidədir.

 

Rəqəmlər və göy cisimləri (Karl Fridrix Hauss)

 

Atanız sulara hökm edirdi,

fəvvarələr və borularlaydı işi.

Sizin üçün isə yazı taxtası səma idi,

parlaq göy cisimləriydi rəqəmlər.

Müəlliminiz Bütner

ağlınızda yalnız kainatın olduğunu

vaxtında anlamışdı.

 

Qrup nəzəriyyəsi

(Evaris Qalua)

 

Siz rəqəmlərin Rembosusunuz,

amma dahinin çılğınlığı

adamın axırına tez çıxır

və ağılsız qaydaları sevməz.

Ətraf həyatla bağlarınızı qopardınız,

Sent Pelaje qazamatında belə

ağlınız büllur bir nərdivan kimi

qrup nəzəriyyəsinə qədər yüksəldi.

İyirmi yaşı keçdiniz və

fərqli bir eşq,

poladın iştirakı ilə cinayət

sizi işıqdan ayırdı.

 

Mütləq sonsuzluq

(Georq Kantor)

 

Göyə yüksələn çarpaz bir nərdivan vardı,

ağıl addımlayırdı onunla.

Hər rəqəm bir addımdı

sonsuza doğru.

Amma vaxtın gücündən kənarda

Ruh mütləq olanı axtarırdı.

Mərkəzin xaricində, ortabablıqdan o yanda,

ağlın bəyaz həbsxanasında

tale işarələnibdi

bilməyənlər tərəfindən.

 

Alan Türinq

 

Böyük süni ağıl ideyasını irəli sürdünüz -

pis bir vərdiş kimi, çəkinərək.

Yaşadığın fərqlilik içində qapandınız -

rəqəmlərin və işarələrin səması altında.

Əxlaqı iyrənc təbəssümə döndərən

nağılların şəri ilə qarşılaşdınız.

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

 

 

 

Laura     Qaravaqlia: "İtaliyada çox insan şeir yazır,

ancaq şeir oxuyan,

nədənsə, azdı..."

 

- Laura xanım, necə oldu şeir yazmağa başladınız?

- Mən uşaq olanda nənəm seçmə italyan şairlərinin şeirlərini oxuyurdu, məsələn, Uqo Foskolo, Cakomo Leopardi, Cozue Karduççi, Covanni Paskoli, Cüzeppe Unqarettinin şeirlərini... Onların misralarının səsi həmişə hafizəmdə həkk olunur və mən özümü xoşbəxt hiss edirdim. Məktəbə gedəndə, yazmağı öyrənəndə yadda saxladığım misraları vərəqlərə köçürürdüm və bu mənim üçün çox təbii idi, çünki onların qafiyə və ritmləri belə beynimdəydi. Nəhayət, yeddi yaşımda sadə şeirlər yazmağa başladım.

- Şeir sizə görə ilk başlanğıcda nə idi? İndi nədir? Aradakı məsafədə dəyişiklik çoxdurmu?

Italian poet Laura Garavaglia: Vietnam is my dream - Nhan Dan Online

- Gənc çağlarımda poeziya mənim üçün qəlbimin içindəkilər və hissiyatımı ifadə etməyin ən yaxşı yoluydu, belə ki, bu yolla gedib kimliyimi anlamaq üçün içimin dərinliklərinə enə bilirdim, belədə başqa insanları da anlamaq asan olur. Utancaq, özünə az güvənən bir qız idim. Şeir yazanda özümü təhlükəsizlikdə hiss edirdim. Poeziya "qəlb müalicəsinin" bir növüydü. İllər ötdükcə mənim poeziya anlayışım da dəyişdi, çünki mən də hamı kimi dəyişdim. Bilirəm ki, poeziya həyatımızdakı hər şey - hissiyatımız, siyasət, ekologiya və iqtisadiyyatdakı istənilən nəsnədən danışa bilər. Hazırda poeziya mənim nəzərimdə biliyin bir formasıdır və belə olduğu üçün də təfəkkürdən ayrı deyildir.

Həssaslığı sayəsində şairin mayasında "böyüdücü şüşə" xassəsi var və bu isə ona şeylərin dərinliyini görməyə, nəsnələrin mahiyyətini açmağa imkan verir.

- Kitabdan kitaba poetik platformanız necə evolyusiya etdi?

- Şeirlərimi yalnız əlli üç yaşdan sonra çap etməyə başladım. Əvvəllər özümü çapa hazır hesab etmirdim. Heç zaman çap etmədiyim çox sayda şeir dəftərlərim var, bunları heç zaman çap etməyəcəm. Düşünürəm və inanıram ki, şeirləri çap etmək oxucu qarşısında böyük məsuliyyətdir. Poeziya (və ümumilikdə ədəbiyyat) bizim şüurumuza yavaş-yavaş təsir edə bilər, elə cəmiyyəti də çox uzun müddətə dəyişdirə bilər. Əvvəlki sualın cavabında söylədiyim kimi, poeziya mənim üçün biliyin bir formasıdır. Bu sahəni mən "Kəpənəklər və daşlar" adlı ikinci kitabımda bir az da dərinləşdirdim və beləliklə, bu cığırı tutaraq getməyə davam etdim. Şairin həssaslığı böyüdücü şüşədir, dedim artıq. Həssaslığı sayəsində şairdə "böyüdücü şüşə" xassəsi var ki, dedim artıq. Bu nəzər nöqtəsindən baxdıqda inanıram ki, elm adamı (fizik, riyaziyyatçı) və şair mədəniyyət, bilik sahəsində eyni işi görürlər və onları çox vacib tellər bağlayır.

- Riyaziyyata rəqəmlərin poeziyası deyirlər... Rəqəmlər və sözlərin əlaqəsi necədir?

- Şairlərin və alimlərin hansı ortaq cəhətlərə malik olduqlarını söyləməzdən qabaq icazə verin izah edim: hər şeydən öncə onlar insanlığın daim düşünüb baş sındırdığı bir sıra əsas suallara cavab tapmamağa çalışırlar: təbiətin, dünyanın dərk edilməsi, biz hardan gəlmişik və hara gedəcəyik kimi suallar. Yaradıcılıq alimlərin, riyaziyyatçı, fizik və şairlərin bölüşdükləri başqa bir ortaq məsələdir. Yaradıcılıq intuisiya və fantaziyadır: alimlər vaxtaşırı olaraq göstərmək istədiklərini intuisiya ilə bulurlar; şair də eyni yolla nəyi göstərmək istədiyini əvvəlcə intuisiya aləmində görür, çünki poeziya elm və fəlsəfədən fərqli olaraq nəyisə maddi olaraq göstərmək iqtidarına malik deyildir, o, yalnız aşkarlayır, kəşf edir.

Şeirlərdəki metrik və ritmik vurğular saylardır - şeirdəki sözlər də elə saylardakı intensivliyə malik olur; məsələn, bizim böyük şairimiz Unqarettinin "M'illumino d'immenso" ("Hüdudsuzluqdan gəlirəm") şeirinin bu misrası Albert Eynşteynin E = mc2 məşhur formulundakı eyni gözəlliyə, lakoniklik və məna dərinliyinə malikdir. Poeziya kimi riyaziyyat da uzun, qısa ehtimal və nəzəriyyələri ifadə etmək üçün bir çox mükəmməl metaforalardan istifadə edir. Kontinium hipotezası, dünya xətti - bunlar nə demək istədiyimlə bağlı iki nümunədir.

- İtaliya qədim poetik ənənələri olan bir ölkədir, biz bunu hamımız bilirik. Çağdaş italyanlar üçün şeir nə qədər vacib və funksionaldır?

- İtalyan poeziyası zəngin ənənələrə malikdir. Bunu bilmək üçün təkcə Dantenin adını xatırlamaq kifayətdir. Müasir dövrdə bizim çox yaxşı şairlərimiz var, ancaq təəssüf ki, bu gün İtaliyada poeziya populyar deyildir. Görünür, insanlar incəsənətin rəssamlıq, teatr, rəqs və musiqi kimi digər növlərinə üstünlük verirlər... Məsələ nədir? Poeziyanın daha çox sükuta və diqqətə ehtiyacı var, o, sözlərin mənasının lap dərinliyinə enmək istəyir, ancaq bizim cəmiyyətdə hər şey sürətlə axıb gedir.

Qəribədir: İtaliyada çox insan şeir yazır, ancaq şeir oxuyan, nədənsə, azdır...

- Yaradıcısı və rəhbəri olduğunuz Komo Poeziya Evinin, eləcə də keçirdiyiniz poeziya festivalından danışın, zəhmət olmasa... Bu mənada gələcəyə baxışınız necədir...

- Mən La Casa della Poesia di Como Assosiasiyasının əsasını 2010-cu ildə insanlara müasir italyan şairlərini tanıtmaq məqsədilə qoydum. Digər məqsədlər də güdürdüm. Keçən illər ərzində Assosiasiyanın mən də daxil olmaqla bütün üzvləri bir sıra tədbirlər, şeir qiraəti günləri, poeziya və musiqi, poeziya və təsviri incəsənətlə bağlı tədbirlər keçirmişik. 2011-ci ildə mən Avropa Beynəlxalq Poeziya Festivalının ilk tədbirini təşkil etmək qərarına gəldim. O vaxtdan etibarən Festival daxilən genişlənərək böyük bir mədəni hadisəyə çevrildi, belə ki, hər il bu tədbirə dünyanın hər yerindən bir çox şairlər qatılır. On ildə biz 150 şairi qəbul etmişik. Bizim layihəyə bir çox tələbələr də cəlb edilib: onlar şairlərin şeirlərini tərcümə edir, musiqi bəstələyir, şəkillər çəkir, videolar düzəldir, şeirlərdən ilhamlanıb rəqslər düşünürlər. Festivalın üç günü ərzində Universitetin Komo gölünün üstündəki gözəl yay evində, bir sıra məktəblərdə qiraətlər təşkil edirik. Biz Komo şəhərinə və gölün ətraf kəndlərinə gəzintilər təşkil edirik. 

2018-2019-cu illərdə biz xüsusən cavanların çox bəyəndiyi (və təkcə onların yox) insanlara poeziyanı hiss etdirmək məqsədilə qaliblərin qatıldığı iki Beynəlxalq Poeziya Festivalı təşkil etdik. Festival təşkil etmək çox ağır iş olsa da, bir çox insanın poeziyadan necə məmnun olduğunu görmək də böyük həzdir, çünki tədbirdə şairlər bir-birlərini görür, xüsusən gənclər beynəlxalq miqyasda tanınmış şairləri görməyi çox arzulayırlar.

2016-cı ildən üzü bəri mən I Quaderni del Bardo di Stefano Donno adlı nəşriyyatla çox səmərəli əməkdaşlıq əlaqələri saxlayıram. Hər il biz festivala qatılmış şairlərin mətnlərindən ibarət antologiya, eyni zamanda şairlərin kitablarını da nəşr edirik. Bu il pandemiya səbəbindən festival onlayn qaydasında keçirilir, ümid edirəm ki, tezliklə canlı tədbirlər keçirə biləcəyik.

- Azərbaycan ədəbiyyatı, xüsusən, şeiri ilə tanışlığınız varmı? Bu haqda danışardınız, zəhmət olmasa.

- Sizin ölkənizi qədim poeziya ənənələrinə malik olan, bir çox təsirlərin qovuşub zənginləşdirdiyi bir ölkə kimi tanıyıram. Mən 2019-cu ildə yubileyi təntənə ilə qeyd edilən böyük İmadəddin Nəsimini tanıyıram. Onun kosmik nəfəsli mükəmməl şeirləri var, bu şeirlər italyan dilinə tərcümə edilib və mən Xəyyam, Rumi kimi digər böyük farsdilli şairlərin əks-sədalarını da eşitmişəm. Bunu ümumşərq kontekstində deyirəm. Sizin sayənizdə mən bir çox azərbaycanlı qadın şairlərin, xüsusən də Nurəngiz Günün şeirlərini oxudum, onlardan bəzisini çevirdim. Bu, Nurəngiz Günün şeirlərindəki sevgi mətn boyu bütün məna çalarları ilə şaxələnir, o, enerji və sevinc bəxş edir, onun misralarına sirayət edib onları canlandırır: bu, başa düşmək və başa düşülmək istəyidir, bu öz ölkəsinə vurğunluqdur və öz mədəni irsini qorumaq instinktidir, bu, dünyada hər şeyin yaxşı olacağına ümiddir, müharibələrin, yoxsulluğun və ədalətsizliyin məğlub edildiyi məkanlardır. Əlbəttə, gələcəkdə mövzu və üslubi rəngarəngliyi ilə seçilən Azərbaycan ədəbiyyatı haqqında təsəvvürlərimi genişləndirməyə çalışacam.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!