Çağdaş Niderland poeziyası: "Getmək - qalmağın növüdür" - Rutger Kopland - (Tərcümələr Səlim Babullaoğlunundur)

          Rutger Kopland (1934-2012) - tanınmış Niderland ədibi, şair, həkim-psixiatrdır. "Sürüdə" (1966), "Bağçadakı adam" (2004), Yan Kampert (1969), "Diqqət! Xoşbəxtlik təhlükəlidir!" (1999)  və başqa kitabların müəllifidir. German Qorter (1979), Paul Snuk (1986) adına ədəbiyyat mükafatlarını alıb. VSB Mədəniyyətə Dəstək ödülünə (1998) və "Vətən şairi" tituluna layiq görülüb, sonuncu adı qəbul etməyib. Rutger Koplandı Niderlandda sevirdilər. O, ölümündən sonra, bu gün də ölkəsinin populyar şairidir. Qroningen Universitetinin müəllimi, onlarca elmi məqalənin müəllifi, psixi xəstəliklərlə bağlı yeni müalicə metodlarının müəllifi, elmi çevrələrdə məşhur olan həkim-psixiatr Rutger Hendrik van den Hofdakkerin - onun əsl adı belə idi, Koplandı şair kimi uğurlu edən nə idi? Məsələ bu idi ki, psixiatr Hofdakker şeiri yorulanda yazırdı, gündəlik işindən yorulanda. Müalicə işi tibbi hakimiyyətin müəyyənləşdirdiyi ciddi nizam-intizama tabedir ki, Hofdakker də onlarla düz gəlmirdi. Xüsusən, "Hərşeyşünasların qalası" pamfletindən sonra aradakı uçurum böyümüş, Hofdakker tibbi praktikadan uzaqlaşdırılmışdı. O, yalnız müəllim kimi fəaliyyət göstərə bilərdi. Beləcə, üsyankar yenilikçi alim məşhur şair Rutger Koplanda çevrildi. Dərin müşahidə, adi sözlərə münasibətdə sirayətedici diqqətcillik, şeirdə uzadılaraq sirri açılmasa da, həmişə heyranlıq doğuran Mebius vərəqinə çevrilə bilən ani təəssüratlılıq onun poeziyasının fərqli keyfiyyətləridir. İntonasiyanın səmimiliyi, obrazların hissi dərinliyi isə tənqidçilər və oxucular tərəfindən tez-tez qeyd edilən başqa keyfiyyətləridir Rutger Kopland poeziyasının.

 

Onun məktubları

Onun məktubları köhnəlmiş kağız qoxuyur,

mürəkkəbi bozarıb.

 

Hə, bu onun xəttidir,

onun məktubları beləydi.

 

Məktublar içəridə nəyin yaşadığını

 aydınlatmaq gücündədir

və o - yəni mənə baxsana! - bunu elədi.

 

Yazmaq - başqasının oxuyacağını bilməkdir,

bu dəfə başqası mən idim.

 

Onun əliylə yazılan bu hərflər

onun özünə o qədər bənzərdilər ki,

 

yenə də mənə sarı döndülər. Onun səsini eşidirəm,

üzünü görürəm, əlindəki stəkanı,

közərən siqareti görürəm

 

və eyni zamanda - bambaşqa bir şeyi də görürəm -

sürtülmüş kağızı, bozarmış mürəkkəbi...

 

 

Onun paltosu

Atam Y. yenicə vəfat etmişdi ki,

anam A. onun asılqandan

demək olar, yeni plaşını götürüb

mənə uzatdı və astadan söylədi ki, bir yoxla,

bu plaşla fəxr edərdi atan.

 

Əlimi qollarına sala-sala plaşın,

bağlaya-bağlaya düymələri

atamın nə qədər ölü olduğunu hiss elədim,

nə qədər uzaq olduğunu

hiss elədim yeniyetməliyimin.

Nə qədər qoca və gücsüz olacam

qırışanda və sallananda dərim

sümüklərimdən.

 

 

Getmək nə deməkdir

 

Getmək - evi tədricən və sakitcə

tərk etmək, öz varlığının arxasınca

qapını səssizcə bağlamaq və

və bir daha geri dönməmək deyil.

Sən gedirsənsə,

gözlənən adam olaraq qalırsan.

 

Getmək - qalmağın növüdür.

 

Səni heç kim gözləmir, çünki hələ burdasan.

Vidalaşmır heç kim,

getmirsən, çünki heç yerə.

 

 

Adadan məktub

 

German, sənə şəkilli açıqca göndərmək istəyirdim,

balaca bir şey, zarafatyana,

özün bilirsən də...

 

Amma öyrəndim ki, vəfat etmisən,

zarafatım baş tutmadı.

 

Mən isə hələ sağam, söhbətimiz bitməyib.

Bütün bu bir neçə günü masada başıaşağı

kağızlara baxıram - sildiyim və təkrar yazdığım

sözləri düşünürəm,

yarımçıq söhbətimizi bərpa edirəm.

 

Harda qalmışdıq?

"Hə, ölümü gözləyərkən şeir yazmırlar" -

bu məsələylə hər ikimiz razıydıq,

mütəəssircəsinə.

 

Poeziya ölüm dalımızca gələnədək

bir-birinə susamış sözləri

xoşbəxtcəsinə gəzməkdi, axtarmaqdı.

 

Poeziya qayğıkeşcəsinə gizlənmiş zarafatdı

ki, ölüm pozsun yazılmış sözləri, yenidən yazsın -

buymuş poeziya.

 

Səni heç vaxt görməyəcəm.

Son vaxtlar başıaşağıyam,

sənin gücsüzləşmiş bədənin,

 nitq dolu hüznlü başın - bir sözlə,

nə vaxtsa diri olan hər şeyin torpağa gömülənəcən

belə də olacaq.

 

Masada başıaşağı oturmuşam, açıqcaya baxıram.

Hə, özün bilirsən də, bu dəniz çox mavi,

bu səma çox aydındır.

Happy days in Greece...

Tərcümələr: Səlim Babullaoğlunundur