Leyliyə Məcnunun gözü ilə baxanda... - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

 

Yarandığı zamanla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatının maraq doğuran nümunələrindən biri - "Leyli və Məcnun" dastanının tərcümeyi-halında Nizami Gəncəvi yubileylərinin xüsusi yeri var. Dastan ilk dəfə Nizaminin 800 illik yubiley tədbirləri çərçivəsində, 1941-ci ildə "Nizami əsərlərinin el variantları" adlı kitabda nəşr olunub. O vaxt dastan yazıya alınarkən mətnə zaman da öz möhrünü vurub: dastanın yazılı mətnində hakim ideologiyadan gələn məhdudiyyətlərin milli yaddaşa sızmasının izlərini görməmək mümkün deyil. Bu məhdudiyyətlər bəzən özünü dastandakı şeir mətnləri ilə nəsr (yurd) parçaları arasında ziddiyyət şəklində göstərir. Şeirlərdən hiss olunur ki, dastanı yazıya alanlar xüsusilə mifologiya, təsəvvüf və dinlə səsləşən motivlərə daha ehtiyatla yanaşıblar...

Onu da qeyd edək ki, "Leyli və Məcnun" dastanı nəşr olunandan sonra kitab səhifələrində qalmayıb, aşıqlar onu məclislərdə, el yığıncaqlarında söyləyiblər...

Professor Məhərrəm Qasımlının qeyd etdiyinə görə, ustad sənətkar Aşıq Şəmşir dastanın 1941-ci ildə nəşr edilmiş mətnini işləyərək 1960-cı illərin sonlarında yenidən yazıya aldırıb... 

Dastanın əlimizə çatan ən maraqlı variantlarından biri böyük saz və söz ustadı Hüseyn Saraclıya aiddir. Onun öz şagirdləri ilə dastandan bir parçanı ifa etməsi və həmin ifanın səs yazısının qeydə alınması mühüm sənət yadigarı kimi qiymətləndirilə bilər. Hüseyn Saraclının ifasının ən qiymətli cəhəti budur ki, o, dastanın yurd (nəsr) hissəsini yazıya alınmış variantdan - kitabdakından xeyli fərqli söyləyir. Burada da özünün bənzərsiz dastansöyləmə tərzinə sadiq qalan Hüseyn Saraclının danışdığı əhvalatlar gerçək dünyadan fərqli olan epos dünyasının şərtiliklərini qoruyub saxlayır. Tamaşaçı (dinləyici) inanır ki, aşığın söylədikləri həyatda deyil, dastanda baş verib.

"Leyli və Məcnun"un aşıq Cahangir Quliyevin ifasında videoyazıya alınmış variantı da var. Aşıq Cahangir dastanı söyləyərkən əsərin ilk dəfə 1941-ci ildə nəşr olunmuş kitab variantına üstünlük verib.

Nizami Gəncəvinin 880 illik yubileyi də "Leyli və Məcnun" üçün düşərli oldu. Azərbaycan Aşıqlar Birliyinin və Heydər Əliyev Sarayının layihəsi əsasında dastanın səhnə variantı hazırlandı və sarayın səhnəsində uğurla nümayiş etdirildi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının və Aşıq Altay Məmmədlinin ssenarisi əsasında hazırlanmış dastan-tamaşa, əslində, opera da adlandırıla bilər. Bu tamaşa dahi Üzeyir bəyin yaratdığı əvəzsiz ənənənin layiqli davamı kimi maraq doğurur.

Bu tamaşanı Azərbaycan dastanlarının səhnə həyatı baxımından yeni bir başlanğıc hesab etmək olar. Düşünürəm ki, gələcəkdə milli folklorumuzun daha səmərəli təbliği məqsədilə "Leyli və Məcnun" dastan-tamaşasının təcrübəsindən istifadə etmək olar və bu, lazımdır.

Tamaşanın rejissoru, Əməkdar artist İnarə Babayeva aşıq sənətinin təbiəti ilə səhnə estetikasının tələblərini sintez etməklə XXI əsrin uğurlu səhnə tamaşasını yarada bilib. İnarə xanım əsəri səhnələşdirərkən meydan tamaşalarının estetik prinsiplərindən qaynaqlanan aşıq sənətinin, xüsusilə dastan ifaçılığının incəliklərini nəzərə alıb.

Tamaşada klassik ədəbiyyatdan, ciddi ənənələrə söykənən İslam mistisizmindən gələn motivlər xalq təfəkkürünün "realizmi" ilə bir araya gətirilib ki, bu yanaşmanın dərin tarixi kökləri var. XVI əsrdən başlayaraq Azərbaycanda təsəvvüf fəlsəfəsindən və klassik ədəbiyyatdan gələn ideyaların xalq təfəkkürünə köçürülməsi, xəlqiləşməsi prosesi dərinləşir. Klassik divan ədəbiyyatı saray zövqünə, oxumuş insanların bilik səviyyəsinə ünvanlandığı halda, aşıq yaradıcılığı divan ədəbiyyatının fəlsəfəsini xalqa, xalqın mənəvi intibahına yönəldirdi. Bu keyfiyyət özünü, əsasən, məhəbbət dastanlarında göstərir. Haqq aşığı olan dastan qəhrəmanları insanlarla ali həqiqət arasında körpü yaratmağa, eşqə ilahi məzmun verməyə çalışırdılar. Milli yaddaşımızda bunun ən parlaq şedevri "Əsli və Kərəm" dastanı sayıla bilər. Bu dastanda eşqin ilahi məzmunu ilə real tarixi şərtlərin konflikti faciə yaradır. Allahın və eşqin birləşdirdiyi sevənlərin arasına din və milli mənsubiyyət dərin və keçilməz uçurumlar salır. Sonradan realist maarifçi ədəbiyyat belə sevənləri bu uçurumdan keçirə bilmir, Nəriman Nərimanovun "Bahadır və Sona" əsərinin yeni tarixin yetirməsi olan qəhrəmanları da faciədən can qurtara bilmirlər...

Onu da deyək ki, Azərbaycan folkloruna ümumşərq mədəniyyətindən keçən "Leyli və Məcnun" dastanının süjet xətti, obrazlar sistemi yazılı ədəbiyyatdakından xeyli fərqlənir. Ona görə də bu dastanda Nizami və ya Füzuli yaradıclığının birbaşa izlərini axtarmaq yanlış olardı. Hətta belə bir fərziyyənin irəli sürülməsini də istisna etmirəm ki, əslən türk olan klassik şairlər - Nizami, Nəvai, Füzuli "Leyli və Məcnun"a müraciət edərkən ənənəvi Şərq mənbələri ilə yanaşı, etnik yaddaşın "Leyli və Məcnun"una da laqeyd qalmayıblar... 

"Leyli və Məcnun"da insanlar arasında uçurumu yaradan, ürəklərində eşq daşıyanları fiziki ölümə məhkum edən - insanların ali həqiqəti, eşqin ilahi məzmununu dərk etməmələridir. Anadan nəzir-niyazla doğulan (bu, Azərbaycan folklorunda geniş yayılmış motivdir), dünyaya ağlaya-ağlaya gələn və ilahi varlığın ünvanını Leylidə tapan Qeysi Məcnuna çevirən, "dəli" eləyən və sonra da özündən kənarlaşdıran elə cəmiyyətin özüdür. Tamaşanın yaradıcıları bu ideyanı diqqət mərkəzində saxladıqlarına görə cəmiyyətdəki idrak yoxsulluğu tək Leyli ilə Məcnunun deyil, ümumiyyətlə, insan oğlunun faciəsi kimi qavranılır.

Tamaşada bir sadə həqiqət vurğulanır ki, ən doğma insanlar belə Leyliyə Məcnunun gözü ilə baxa, Məcnunun gördüyü gözəlliyi görə bilmirlər. İdraksızlıq insanların əsl gözəlliyi görməli olan gözlərini qapayır...

"Leyli və Məcnun" tamaşasını araya-ərsəyə gətirənlər - tamaşanın ssenari müəllifləri, rejissoru və rolların ifaçıları bu fəlsəfəni açmağa cəhd ediblər və qarşıya qoyulan ideya ilə onun səhnədəki ifadəsi bir-birini tamamladığına görə tamaşa öz hədəfinə çatıb. 

Tamaşanın strukturu sadə görünsə də, dastanın məzmunu ehtiva etmək baxımından təsirlidir. Tamaşa Ustad Aşığın (Aşıq Qələndər Zeynalov) "Leyli və Məcnun" dastanını səhnədən ənənəvi qaydada təqdim etməsi ilə başlayır. Tamaşa boyunca Ustad Aşığın danışdığı ayrı-ayrı epizodlar, xüsusilə qəhrəmanların saz havaları üstündə səsləndirdikləri duetlər aşıqların ifasında "canlandırılır", bununla da Ustad Aşığın danışdıqları əyaniləşdirilir. Rejissorun "dastan dilini", epos yaradıcılığının poetik xüsusiyyətlərini nəzərə alması səhnədəki dramatizmi axıra qədər saxlamağa, tamaşaçının diqqətini səhnəyə və hadisələrə bağlamağa imkan verir. Tamaşaçı səhnədən sadəcə "aşıq konserti"ni, maraqlı ifaları izləmir, yaddaşla baş-başa qalır, epos yaddaşının canlı səhnələrlə təqdim olunan dramı ilə yaşayır. Dastanların mətn-tamaşaçı münasibətlərinin fərqli keyfiyyətlərindən biri də budur ki, tamaşaçı hadisələrin sonluğunu, əhvalatların nə ilə bitəcəyini bilə-bilə dastanı axıra qədər həyəcanla dinləyir. Bu xüsusiyyət "Leyli və Mənun" səhnələşdirilərkən nəzərə alınıb və mənə elə gəlir ki, tamaşanın uğurlu alınmasının əsasını da bu təşkil edir...

Təbii ki, tamaşadakı rolları ifa etmək üçün seçilmiş aşıqların səhnə səriştələri də diqqətdən kənarda qalmamalıdır. Tamaşaçıların yaxşı tanıdıqları Aşıq Samirə Əliyeva (Leyli), eləcə də Əli Zeynalabdinov (Qeys), Elməddin Məmmədli (Zeyd) aktyor oyunu ilə aşıq sənətinin tələblərini üzvi şəkildə sintez eləyə biliblər. Onlar həm öz vokal partiyalarını yüksək səviyyədə ifa edir, həm də obrazların xarakterlərini, iç dünyasının incəliklərini, dastanın fəlsəfəsini açırlar. Qeysin anası Reyhan xanım rolunda Aşıq Solmaz Kosayevanın ifası uğurlu alınıb. O, oğul dağı ilə tar-mar olan ananın daxili aləmini, nə çəkdiklərini ustalıqla canlandırır. Leyli ilə Məcnunu əhatə eləyən mühitin bütün insanları kimi, Qeysin anası da onun məhəbbətinin məzmununu dərk etmir, ancaq ana həssaslığı bütün maneələrə meydan oxuyur, mühitə üsyan edir:

 

Qoymaram Bağdadda daşı daş üstə,

Deginən, dərdinə çarə eylərəm...

 

Aşıqların ayrı-ayrı saz havaları üstündə ifa etdikləri vokal partiyalar həmin havaları tamaşanın məzmunu və əsərin dramatizmi ilə uyumlu hala gətirir. Həm saz havalarının yaddaşın dərinliklərindən gələn məzmunu, həm də aşıqların ifa mədəniyyəti "Leyli və Məcnun" əfsanəsinin altında olan və zamandan-zamana ötürülən incə mənaları dərk etməyə, Leyliyə Məcnunun gözü ilə baxmağa xidmət göstərir.

Dastan tamaşaya qoyularkən obrazların xarakterinə uyğun havaların seçimini də xüsusi qeyd etmək istərdim. Qeysin Leylinin həsrəti ilə oxuduğu vokal partiya üçün "Yanıq Kərəmi" havası əsərdəki faciə ruhunu tamaşaçıya hiss etdirmək baxımından çox uğurludur. Gənc aşıq Əli Zeynalabdinov "Yanıq Kərəmi"ni, sadəcə, saz havası kimi təqdim etmir, öz yanıqlı ifası ilə evindən-ocağından, elindən-yurdundan dərbədər olmuş Qeysin daxili dünyasına işıq salır. Bu, rəqs havasına çevrilən çılğın "Yanıq Kərəmi"dən fərqli, böyük sənətkar Xındı Məmmədin oxuduğu klassik "Yanıq Kərəmi" ilə səsləşən bir ifadır. Məncə, tamaşada bu hüznlü havanın yerinə düşməsi "Leyli və Məcnun"un "Əsli və Kərəm" dastanı ilə "qohumluğu", eyni dünyagörüşündən qaynaqlanması ilə bağlıdır.

Leyli ilə Qeysin duetinin "Qaytarma" havası üstündə səsləndirilməsi də tamaşanın uğurlu struktur elementlərindən sayılmalıdır. "Qaytarma" səhnə ilə tamaşaçı arasında ünsiyyəti əsərin məzmununa kökləmək, tamaşaçını əsərdəki faciəvi sonluğa hazırlamaq baxımından yerinə düşür...

Tamaşa hazırlanarkən Azərbaycan aşıq sənətinin üslub rəngarəngliyi, fərqli ifa məktəbləri ənənələrinin bir araya gətirilməsi əsərin musiqi tərtibatına zənginlik verir. Tamaşaya kulisdən dəstək verən saz ifaçılarının - Afil Bəxtiyarovun, Ayxan Məlikovun və Coşqun Əsgərovun səhnədəki aşıqları müşayiət etməsi də tamaşanın uğurlu alınmasına töhfə verir...

Dastan-tamaşa "Mədəniyyət" dövlət televiziya kanalı ilə nümayiş etdirilmiş və televiziyanın "qızıl fond"una daxil edilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!