Elmilik, fəlsəfilik və bədiilik - II məqalə - Səlahəddin XƏLİLOV

Səlahəddin XƏLİLOV

 

 

Əvvəli burada

 

Elmilik

Elm - şübhə və təhlil, Fəlsəfə - təhlil və sevgi, Din - sevgi və inam üzərində qərar tutur.

Fəlsəfə elm, sənət və din arasında inteqrativ bir rol oynayır. Təsadüfi deyil ki, "fəlsəfə alimlər üçün ürək, şairlər üçün ağıldır", - deyirlər. O, dini hissi məntiqlə, rasional idrakı ruhla, düşüncəni sevgi ilə tamamlayır.

- Bəs ədəbiyyat, poeziya?

- Fikrin yüyəni sözün əlində olanda - şeir, sözün yüyəni fikrin əlində olanda - fəlsəfə yaranır.

Əslində söz özü də məna daşıyıcısı olduğundan, hər sözün bir fikir yükü də var. Bu halda yol açan sözdür, fikir isə onun yükü.

Eləcə də, hər bir fikir söz(lər)lə ifadə olunur. Bu halda yön verən fikir, söz(lər) isə vasitə olur.

- Hansı daha ilkindir?

- Bədahət təfəkkürdən, bədiilik məntiqdən daha qədimdir. Amma yaşadığımız dövr elm eyforiyasına qapıldığından, sezgi və bədiiyat məntiq və elmin qəsbkarlığına məruz qalır.

"Fəlsəfəni elmiləşdirmək" azmış kimi, dini də, dili də, ədəbiyyatı da elmiləşdirmək cəhdləri - əslində onların öz varlığını qəsb etməkdir.

Elə bir dövr gəlib ki, Dil dilçiliyin, Ədəbiyyat ədəbiyyatşünaslığın, Din dinşünaslığın/ilahiyyatın kölgəsində qalır. Ən azı, təhsilin məzmunu elm eyforiyasının təsirinə məruz qalmış, insanın bir insan kimi yetişməsinə xidmət edən sahələr isə təhsilin strukturundan çıxarılmışdır.

 

Elmin qəsbkarlığı

Nə olsun ki, Qərbdə elm var, bizdə də sevgi var: hətta elmə də.

Deyirlər, kimdə nə çatışmırsa, ona həsədlə baxır və bəzən hətta pərəstiş edir.

Bizim elmə heyranlığımız, elmsizlikdən çəkdiyimiz ziyandan daha böyük ziyan vurur.

Elmə əlimiz çatmadığına görə, biliyi, məlumatı elmin yerinə qoyub, ona sitayiş edəcək dərəcədə müti oluruq. Sanki hər şeyin çarəsi elmdə imiş. 

Elmdə önə çıxmaq çox çətindir. Elmi təcrübələr kiçik dövlətlər üçün əlçatmaz olacaq dərəcədə böyük xərc tələb edir. Ona görə də elmə ən çox ondan qazanc götürən dövlətlər maya qoyur. O birilər isə ya sadəcə görüntü yaradır, ya da nəticə etibarilə qlobal güclərin dəyirmanına su tökür, özləri də fərqində olmadan, onların alətinə çevrilirlər.

Və bu elm canfəşanlığı fəaliyyətləri, arzu və istəkləri, xəyalları yanlış istiqamətə yönəldir. Prioritetlər düzgün seçilmir, təhsil başdan-başa lazımlı-lazımsız biliklərin əzbərlənməsinə, elmlərin əsaslarının öyrənilməsinə yönəldilir. Əsl dəyərlər dəyərsizləşir; fəlsəfə, din və bədii ədəbiyyat təhsil dairəsindən kənarda qalır, onlara sosial tələbat azalır; nəticədə onların yönləndirilməsi nəzarətdən çıxır və milli ideologiya xaricində olan naməlum qüvvələr tərəfindən yönləndirilirlər. Elmin təhsilin məzmununda tutduğu hegemon mövqe ictimai şüurun bütün sahələrinə pis təsir edir, mənliyi, mənəviyyatı formalaşdıran əsas sahələr başlı-başına buraxılır. Fəlsəfə və ədəbiyyatın, hətta dinin "elmiləşdirilməsi" kimi yanlış bir meyil də ən çox bu səbəbdən baş qaldırır.

Elm ancaq obyektiv reallığı öyrənir. Elmin laboratoriyasında hətta insan da öz yaradıcı, subyektiv özəlliklərindən "təmizlənərək" obyektləşdirilir. Təkcə təbiət deyil, ictimai varlıq da, bütövlükdə sivilizasiya və mədəniyyət də, sənət və elmin özü də elmin əlinə düşəndə öncə nəfəsini və nəfsini təhvil verməli olur.

XIX-XX əsrlər elmin fetişləşdirilməsi dövrü...

Biz bəşəriyyətin aqibəti, qlobal problemlər haqqında düşünərkən, elmin acizliyi də getdikcə daha çox üzə çıxır. Bəşəriyyət özünü təkcə elmlə dərk etməyin yetərsizliyini anlayır. Özünə dönməyin yolu sadəcə özünü dərk etməkdən deyil, özünü duymaqdan, insani təməllərin bərpasından keçir.

Duyğu ilə rasionallığın yeni kəsişmə müstəvisində yeni fəlsəfə yaranmaqdadır. Kim bu prosesə vaxtında qoşula bilsə və gələcəyin təməli olan yeni ideya hədəflərinin işlənib-hazırlanmasında iştirak edə bilsə, gələcək onundur.

 

Elmin poeziyası

Elmin əsas instrumenti ağıl sayılır. Amma...

Bir var, elmi ideyaların elmi bilik halına salınması, sistemləşdirilməsi və elmi-akademik üslubda təqdimatı, - bütün elmi nəşrlər, elmi jurnallar üçün bu akademik tələblər zəruri şərtdir. Və bir də var, - kəşfin özü.

Elmi kəşflər sadəcə məntiqi təfəkkürlə mümkün olmur. Burda elmi və bədii təfəkkürün sintezi labüddür. Yəni elmin aşağı səviyyəsində hafizə, ağıl, məntiqi mühakimə yetərlidir, amma yüksək səviyyəsi - dahilərin yaradıcılıq bölgəsi təxəyyülsüz olmur. Burda qapını ilham açır, bələdçiliyi zövq və şövq edir. Ona görə də elmi kəşflərin sadəcə məntiqi deyil, həm də poetik mündəricəsi olur.

İkincisi, elmin də, poeziyanın da əsas ilham mənbəyi təbiətdir. Təbiətdə hər şey alimin tədqiqat obyektinə çevrilməzdən öncə, onu yaradanın sevgisi ilə yoğrulmuş, bəslənmişdir. Elm bu izlərə düşməsə, yaradılışı öyrənə bilməz. Və bu izlərlə gedib, nəhayət, böyük asfalt yola çıxanda məntiq/rasionallıq yetərli olur. Geriyə dönəndə, dərinə gedəndə isə yenə həmin ilk təəssüratlara, duyğulara dönürsən... Və bu məqamda elmin poetik qatı üzə çıxır.

Bu yerdə Eynşteynin məşhur deyimini də xatırlamaq pis olmazdı: "Mənim elmi axtarışlarıma yazıçı Dostoyevski riyaziyyatçı Qaussdan daha böyük təsir göstərmişdir". Bu, elmi yaradıcılıqda bədii izlərdir... Amma izlər elə-belə itib getmir. Onlar elmin strukturunda da özünə yer edir və iti nəzərlər, həssas təmaslar elmin nəinki poeziyasını, həzin nəğmələrini, həm də simfoniyasını dinləməyə imkan verir.

Optikadan məlum olan işığın interferensiyası hadisəsində iki işığın görüşündən alınan mənzərədən söhbət gedir. İşıq da dalğa olaraq yayılır və dalğalar bir-birini ya gücləndirir, ya da sıfırlayır: parlaq zolaqlar qaranlıq zolaqlarla əvəzlənir və bir mozaika yaranır. Eləcə də, iki səs dalğası - toplananda fərqli bir səs effekti ortaya çıxır. Müxtəlif musiqi alətləri eyni vaxtda səsləndiriləndə xaos da əmələ gələ bilər, musiqi də.

Yəni maddənin quruluşu da ahəng prinsiplərinə uyğun gəlir, səs və işıq effektləri də. Və bu məqamda ən böyük sözü Azərbaycan elminin nümayəndəsi demişdir: Xudu Məmmədov maddənin quruluşu ilə xalça naxışları arasında heyrətamiz bir oxşarlıq, hətta eyniyyət məqamları aşkar etmişdir. Və bizim milli xalçalardakı naxışların ahəngindən çıxış edərək, o vaxta qədər alimlərin ağıl gücünə aça bilmədikləri bir çox strukturları kəşf etmişdir. Burada axtarışın istiqaməti insanın bədii təxəyyülünün məhsulu olan naxışlardan maddənin quruluşuna doğrudur. Yəni bütün dünya eyni bir ahəngdə qərar tutur. Və burdan da vəhdəti-vücud təliminə, daha sonra hürufiliyə yollar açılır.

"Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır", - deyirdi Xudu Məmmədov. Eləcə də sənət, ədəbiyyat alimə qəlblə duyulan aləmin üfüqlərini açır. Duyduqlarımızmı daha önəmlidir, yoxsa anladıqlarımız, - bizcə, bu iki dünyanı qarşılaşdırmaq yox, onların bir-birini tamamlamasına nail olmaqdır əsl məqsəd.

Bəli, bir sıra elmi problemlərin açarı sənətdə "gizlənmişdir".

Poeziya - sadəcə sözün, dilin ahəngini deyil, - fikrin də ahəngini üzə çıxarır. Fikrin ahəngi isə həm də elmin yoluna işıq salır. Sonra, biz elmə məntiq və ya sevgi deyil, sezgi nəzərləri ilə baxanda onun bətnindəki bu poetik/bədii qaynaqları da görə bilirik.

 

"Ədəbiyyat elmi"

Elm və Ədəbiyyatın özlərinin və onların haqqındakı elmlərin sosial təşkilatlanma dərəcələri müqayisə edildikdə maraqlı bir disbalansla üzləşirik. Elmşünaslıq və ya "Elm haqqında elm" nəhəng elm institutu ilə müqayisədə çox cılız görünür. Elmşünaslığın sosial həcmi nəinki bütövlükdə elm, ayrıca fənlərlə müqayisədə də çox kiçikdir. Azərbaycanda bu sahə ayrıca bir vahid kimi təşkilatlanmamış, elmşünaslığa dair az saylı tədqiqatlar isə "Fəlsəfə çardağı"nın altında, AAK-nın təsnifatında isə "elm/bilik fəlsəfəsinin" içərisində yerləşdirilmişdir. Ədəbiyyat fəlsəfəsinə dair fərdi təşəbbüs qismində rast gəlinən tək-tük tədqiqat(çı)lar da Fəlsəfə İnstitutunda deyil, Ədəbiyyat İnstitutunda sığınacaq tapmışdır. Yəni fəlsəfəçilərimiz ədəbiyyatı sanki unudublar; yəqin, belə düşünülür ki, onun öz sahibi var, - Ədəbiyyat İnstitutu.

Ədəbiyyatda isə durum xeyli fərqlidir. Ədəbiyyat elmi, ədəbiyyatşünaslıq öz sosial miqyasına görə hətta ədəbiyyatın özünü də aşmış kimi görünür. Ədəbiyyatın özünün (bədii ədəbiyyatın) sosial təşkilatlanması isə acınacaqlı gündədir. Sovetdənqalma, "ənənəvi" təşkilatlanma forması, "ədəbiyyatın yiyəsi" AYB olduğundan, bunun dışında institutlaşma formaları "ağla gəlmir". Amma sovet dövründə ədəbi prosesin, bədii ədəbiyyatın sosial-iqtisadi və təşkilati aspektlərini, kitabların nəşri və satışını, təbliğat və reklam xidmətini Dövlət Nəşriyyat Komitəsi, "Azərkitab" İstehsalat Birliyi kimi nazirlik statusunda dövlət qurumları həyata keçirirdi. Bədii ədəbiyyatın, teatrın təqdimatı və təbliği Televiziya və Radio Komitəsinin də mühüm vəzifələrindən biri idi. Cəmi bir TV kanalının olmasına baxmayaraq, tanınmış ziyalılarımızın, şairlərimizin siması hamıya tanış idi, onların efirdə görünməsi, yeni əsərlərlə tanışlıq, şeirlərin ifası gözəl bir ənənə olmaqdan başqa, az qala rəsmiləşmişdi. Bazar iqtisadiyyatına keçid dövründə bazardan xəbərsiz bu saf, məsum ədəbiyyatı bazarın öhdəsinə buraxmaq olmazdı, təbii ki... Amma bu sahədə görülən tədbirlər real ehtiyaca adekvat olmadı. Əslində bu ehtiyacların öyrənilməsi də hələ təşkil olunmayıb. Əgər o keçmiş ənənələrdən miras qalmış AMEA-ya, "ədəbiyyat elmi" funksiyasını üzərinə götürmüş Ədəbiyyat institutlarına və universitetlərin filoloji fakültələrinə, onların Elmi şuralarına müraciət etsək, bəlli olar ki, onlar ədəbiyyatın təşkilati, sosial, iqtisadi problemləri ilə məşğul olmur... Onda bəlkə Fəlsəfə, İqtisadiyyat institutlarına, Dövlət strateji araşdırma mərkəzlərinə müraciət edək; onlar da ədəbiyyat bizlik deyil, - deyəcəklər. Bəs onda necə olsun? Mən bir elmşünas kimi, elmlərin təsnifatı və statusu ilə məşğul olan mütəxəssis kimi belə hesab edirəm ki, Dövlət qarşısında məsələ qaldırmaq, əsaslandırılmış layihələr hazırlamaq biz alimlərin, ziyalıların işidir; yoxsa dövlət bunları necə araşdıra bilər və ortaya çıxarılmamış, yetərincə əsaslandırılmamış ehtiyacları necə təmin edə bilər?

 

Bədii obraza qarşı virtual insan

Obrazı genomla və ya heç olmasa süni intellektlə müqayisə etsək...

Müasir mərhələdə süni intellekt böyük uğurlara imza atır. Mübahisəli məqam: o ancaq verilmiş proqram üzrəmi çalışır, yoxsa özü də yeni proqramlar hazırlamaq və özünü yenidən, başqa səpkidə kökləmək kimi qabiliyyətlərə də malik ola bilərmi? Bəzi təcrübələr, sınaqlar göstərir ki, bu robot/genomun özünü proqramlaşdırması perspektivi var. Və bu imkan böyük təhlükələrdən, narahat gələcəkdən xəbər verir.

Obrazın nisbi müstəqilliyini, artıq oluşmuş xarakter özəlliklərini nəzərə alsaq, belə bir sual ortaya çıxır ki, özünü proqramlaşdırmaq qabiliyyəti bədii obraz üçün də keçərlidirmi? Yəni obraz əsərdə yazılanlardan kənara çıxa bilərmi? Obrazın öz fəaliyyət meydanını genişləndirməsi, təbii ki, gəlişmiş təxəyyülə malik oxucunun əsərə ikinci nəfəs verməsi sayəsində mümkün olur. Sual isə bundan ibarətdir ki, yazıçı ona ayırdığı sərbəstlik dərəcəsini, başqa sözlə desək, oxucu təxəyyülü üçün saxladığı yaradıcılıq meydanını hansı optimal həddə qədər artıra bilər?

Bəli, əsər tamamlandıqdan sonra, obraz öz həyatını oxucu təxəyyülündə davam etdirir. Və burada fərqli situasiyalarla qarşılaşırıq: eyni dövrün və eyni ictimai məkanınmı oxucusu, yoxsa... Yəni tərcümələr sayəsində əsərin daxil olduğu hər yeni məkanın öz aurası var və bu yeni məkan-zaman kontiniumunun yetişdirməsi olan oxucu keçmişdən və uzaq/yad ellərdən gələn obrazı müasirliyin rənginə-ruhuna bürüməyəcəkmi və nəticədə obraz özü də sadəcə yeni qiyafət deyil, yeni mənəvi-estetik çalarlar əldə etməyəcəkmi? Fəlsəfi universumların, kateqoriyaların zaman-məkan dəyişikliklərinə qarşı peyvəndi, keçərli immuniteti var; bəs ədəbi-bədii obrazların?!

Bax, tam da bu zaman "klassika" anlayışı dövrəyə girir. Hansı əsərlər, hansı obrazlar cari həyat, lokal mühit üçündür, hansılar məkan-zaman kontiniumunun sərhədlərini keçərək özü olaraq qalmaq əzmindədir? Klassik əsərin və klassik obrazların özəlliyi məhz bu keçid qapısında üzə çıxır. Zamanın sınağından çıxmaq, zaman aşınmasına qarşı davamlılıq - klassika üçün zəruri şərtdir. Məkanın sərhədlərini aşmaq baxımından isə klassika özünü iki fərqli miqyasda təsdiqləyir: milli və ümumbəşəri klassika.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!