Böyük zəfərin tərənnümü - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Azərbaycan poeziyası özünün müxtəlif nəsillərdən olan nümayəndələrinin yaradıcılığı timsalında istər müstəqil Azərbaycan ərazisinin beşdən birinin keçən əsrin doxsanıncı illərinin əvvəllərində namərdcəsinə qəsb olunub əhalisinin qurbanlar verərək qaçqın-köçkün düşməsini, istər uzun illər ərzində xalqın keçirdiyi ağır iqtisadi, mənəvi-psixoloji sarsıntılarla yanaşı, göstərdiyi ardıcıl siyasi-ideoloji mübarizə əzmini, istərsə də dövlət başçımız İlham Əliyevin Ali Baş Komandanlığı ilə yenidən qurulan ordumuzun kifayət qədər qısa bir müddətdə ölkəmizin ərazi bütövlüyünü uğurla təmin etməsini nəinki ilbəil, bəlkə də, günbəgün, saatbasaat bütün təfsilatı (əgər belə demək mümkünsə, dastan təfərrüatı!) ilə əks etdirmişdir. Bu möhtəşəm dastanın (Zəfər Eposunun!) ərsəyə gəlməsində görkəmli hərbçi-şairimiz Ramiz Duyğunun xidmətləri ona görə müstəsnadır ki, o nə qədər istedadlı qələm sahibi olsa da, ilk növbədə, Azərbaycan əsgərinin əhval-ruhiyyəsini ifadə etməyə çalışmış, ən böhranlı anlarda da qələbəyə inamını itirməmiş, sözünü şair olduğu qədər də hərbçi-əsgər kimi demişdir. Və odur ki, Ramiz Duyğunun bu günlərdə çapdan çıxmış "Qalibiyyət dastanı" kitabı XX əsrin sonu, XXI əsrin əvvəllərində istəmədən cəlb edildiyimiz qanlı münaqişə- müharibələrdə yaşamağa məhkum olunduğumuz çoxspektrli (və heç zaman unudulmayıb tariximizin yaddaşında əbədi qalacaq!) həyəcanlarımızın ən obyektiv, ən səmimi izharlarından biridir.

Mən "Qalibiyyət dastanı"ndakı şeirlərin, poemaların məzmun-mündərəcəsinə varmazdan əvvəl onlardan bir neçəsinin sadəcə adlarını sadalamaq istəyirəm: Şuşa çağırır... Ürəyimdə Şuşa ağlar... Sənə and içirik, Şuşa qalası... Yaramı tez sarı... Oxuma "Qarabağ şikəstəsi"ni... Vətənin uğrunda ölməyə nə var... Qılıncımı qoymamışam qına mən... Biz o günü görəcəyik... Özünə arxalan, özünə güvən... Başını dik saxla... Qana qan... Bu torpaqda "xaç" bitməz... Qarabağ Azərbaycandır... Qaldır şəhid tabutunu... Oxuyaq "Qarabağ şikəstəsi"ni... "Kitabın içindəkilər"dən aldığım bu adların özləri də bütöv bir şeirin misraları kimi səslənir... Hər şeydən əvvəl ona görə ki, "Qalibiyyət dastanı"na daxil edilmiş əsər- yaşantılar hər nə qədər ilhamlı, vətənpərvər olsa da, yalnız bir qələm əhlinin deyil, bütöv bir xalqın oyanmış ruhunun tərcümanıdır. Və burada gəlişigözəllik, pərakəndəlik, hərdəmxəyallıq ola bilməz.

Ramiz Duyğun ərazi bütövlüyü uğrunda apardığımız mübarizənin tarixini həm də təcrübəli siyasətçi-publisist kimi təqdim edir ki, kitabın dörd bölməsinin hər birində həmin peşəkarlıq özünü aydın göstərməkdədir.

Birinci bölmə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki "yuxulu" uğursuzluqlarımızdan, onların doğurduğu faciələrdən və nəhayət, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Qarabağ uğrunda mübarizənin yeni mərhələyə keçməsindən bəhs edir. Və ümumən poeziyamıza xas olan bir məqam, tamamilə təbiidir ki, "Qalibiyyət dastanı" üçün də səciyyəvidir: baş qəhrəman Şuşadır!..

Düşmən təcavüzünə məruz qalmış Şuşanın birinci şeirini Ramiz Duyğun 1992-ci ildə yazmışdır:

 

Bu torpaq üstə gəzən! Nədir sənin soyadın?

Şuşayla tən durmasın, yerə girsin qoy adın.

Babəkimi oyadın, Qazan xanı oyadın,

                            Koroğlunu oyadın -

Şuşa məni çağırır, Şuşa səni çağırır.

 

Kişi öz torpağında yağıya baş əyərmi?

Görmürsənmi, korsanmı?

                         Daşın, qayan da mərmi!

Hayqır, Azərbaycanım!

Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?

Şuşa məni çağırır, Şuşa səni çağırır.

 

Şuşa gedib... Dünyada qan, qırğın, tufan olub,

Ancaq ki, nə məhkəmə, nə də ki, divan olub.

Şuşa əli yaylıqlı... Xanım Natəvan olub...

Şuşa səni çağırır, Şuşa məni çağırır.

 

Bu da 2020-ci ilin noyabr ayının 8-də yazılmış "Şuşam mənim" şeirindən misralar... O misralar ki, həmin qələbə günündən sonra bu və ya digər şəkildə hər bir Azərbaycan vətəndaşının qəlbindəki duyğuları ifadə edir...

 

Başına, daşına biz dörd

Dolana-dolana gəldik.

Qanı axan ürəyimiz,

Əlimizdə xonça kimi,

Odlana-odlana gəldik.

Qaya-qayam, daş-daşım mənim,

Şuşam mənim, Şuşam mənim.

Uğurlu qəzan mübarək!

Yağıya cəzan mübarək!

Gövhər ağa məscidindən

Ucalan əzan mübarək!

Ay-ulduzlu paşam mənim!

Şuşam mənim,

Şuşam mənim!

Yetişdi vüsalın dəmi,

Soyun əynindəki qəmi.

Göy üzündə üzən gəmi,

Göylərlə baş-başam mənim!

Şuşam mənim, Şuşam mənim.

 

Qarabağ xanlığının (Azərbaycan İntibahının milli dövlətçilik obrazının!) paytaxtı olan Şuşanın bizim zəmanəmizdə belə bir status qazanması təsadüfi deyil. Heç ola bilməz ki, biz də ermənilər kimi Şuşaya istirahət, əyləncə yeri kimi baxaq. Və o da heç ola bilməzdi ki, ermənilər əlləri Bakıdan, Gəncədən üzüləndən sonra Şuşaya bu qədər yapışsınlar...

"Qalibiyyət dastanı"nın müəllifi erməni məkri, bu məkrin yüz illər boyu bizim xalqımıza yaşatdığı əzablarla bağlı nə qədər qəzəblə söhbət açsa da, bu qəzəb öz şəxsi mənafeyini güdən "daxili düşmənlər"ə münasibətdə daha amansızdır ki, belə bir münasibətin yaxın tariximizin hansı məsum gerçəkliklərindən qaynaqlandığını xatırlamaq çətin deyil:

 

Qolları qandallı gəldin,

Bu torpaq səni götürməz.

Dar alnı xaç nallı gəldin,

Bu torpaq səni götürməz.

 

Satdın dağımı, daşımı,

Göz üstündəki qaşımı -

Zirvələrdə xan Şuşamı...

Bu torpaq səni götürməz.

 

Qan nuş etdin... qəşş elədin,

Xalqı diri nəş... elədin.

Laçınlar yurdu Laçını

daşnaka peşkəş elədin -

Bu torpaq səni götürməz.

 

"Qalibiyyət dastanı"nın mövzusu nə qədər zəngindirsə, ona həsr olunmuş dastanın müəllifi də bu mövzunun dərki üçün o qədər zəngin material verməyə, vətənpərvər bir şair-hərbçi ürəyinə sığışacaq qədər zəngin hisslərini, duyğularını ifadə etməyə çalışmışdır.

Bilmirəm nə dərəcədə haqlıyam, ancaq mənə elə gəldi ki, "Qalibiyyət dastanı" Ramiz Duyğunun, Sabir Rüstəmxanlının sözü olmasın, ömür kitabıdır... Bu kitabda düşmən üzərində nəhayət ki, qalib gəlmiş bir hərbçi, bir publisist və bir şairin hissiyyatları elə bir rezonans yaradır ki, nəticədə o, tərəddüd etmədən özü-özünə (və mənsub olduğu xalqa) raport verir:

"Xoşbəxtəm ki, mən "Qalibiyyət dastanı" adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!