Türk dünyasına səslənən "Qardaş qələmlər"in Nizami Gəncəvi sayı - Təhminə BƏDƏLOVA

 

Ötən ilin payızında Azərbaycan xalqının işğala son qoyan qalibiyyətli Vətən müharibəsindən sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin təkcə ölkə miqyasında deyil, dünyanın azərbaycanlılar yaşayan hər bir məmləkətində böyük şövqlə qeyd edilməsi ilk növbədə Respublika Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsinin canlı təzahürüdür. Keçirilən tədbirlər, görülən işlər hər bir Azərbaycan sevdalısının, Nizami poeziyasevərinin bu İlə öz imkanları çərçivəsində töhfə vermək arzusunu göstərir. Təbii ki, respublikamızda ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsindəki elmi tədqiqat işləri və araşdırmaların əsas ocağı olan, dahi şairin adını daşıyan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu işlərdə də əsas istiqamətverici missiyasını şərəf və məsuliyyətlə yerinə yetirməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2014-cü ildə Nizamişünaslıq şöbəsinin fəaliyyətinin yenidən bərpa edilməsi, şöbənin kadr potensialının gücləndirilməsi istiqamətində atılan əməli addımlar da bütövlükdə bu qədim ənənələrə malik elm ocağını və tədqiqat istiqaməti bilavasitə Nizami Gəncəvinin həyat və yaradıcılığının müstəqil, suveren dövlət təfəkkürü ilə, azərbaycançılıq ideyaları mövqeyindən, yeni əldə edilən əlyazmalar əsasında öyrənilməsi olan Nizamişünaslıq şöbəsini "Nizami Gəncəvi ili"ndə, haqlı olaraq elmi nizamişünaslığın əsas koordinasiya mərkəzinə çevirmişdir.

Qeyd etmək lazımdır ki, institutun direktoru, akademik İsa Həbibbəylinin təklifi və elmi redaktorluğu, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının rəhbərliyi ilə şöbədə "Sənətkarın elmi pasportu" seriyasından "Nizami Gəncəvinin həyat və yaradıcılığı" monoqrafiyası nəşrə hazırlanmış, sovet dövründə cəmi bir neçə sayı işıq üzü görmüş "Nizami Gəncəvi almanaxı"nın mütəmadi və davamlı nəşrinə başlanılmışdır. Bundan başqa, dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə əlaqədar beynəlxalq layihələrdə Nizamişünaslıq şöbəsinin iştirakı təmin olunmuşdur. Belə ki, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutu ilə birlikdə "Nizami və Şota Rustaveli" monoqrafiyasının hazırlanması, ingilis və gürcü dillərində Tbilisidə nəşr olunması Nizamişünaslıq şöbəsinin mühüm nailiyyəti hesab oluna bilər. Hazırda isə "Nizami Gəncəvi ensiklopediyası"nın hazırlanması üzərində işə başlanılmışdır ki, indi həmin istiqamətdə sistemli tədqiqatlar davam etdirilir. Ədəbiyyat İnstitutunun bilavasitə təşəbbüsü və iştirakı ilə dünyanın bir çox nüfuzlu elmi jurnallarında dahi Azərbaycan şairinin yaradıcılığına həsr edilmiş elmi məqalələr dərc olunur.

Ayrı-ayrı milli-mənəvi dəyərlərin bir araya gəldiyi dünya ədəbiyyatının tərkib hissələri (milli ədəbiyyatlar) arasında əlaqələr qarşılıqlı mədəni mübadilə və zənginləşmə üçün nə qədər faydalı olsa da, eyni kökdən qaynaqlanan söz-düşüncə sənətinin budaqlarının bağlılıq münasibətlərinin araşdırılması, hər şeydən əvvəl, soy kökü unutmamaq, genetik yaddaşı oyatmaq və gələcək nəsillərə ötürmək baxımından olduqca əhəmiyyətli nüanslardandır. Türk dünyasında həmin missiyanı ardıcıl olaraq böyük sevgi hissi ilə yerinə yetirən və bu şərəfli işi öz çiyinlərinə götürən nəşr örnəklərindən biri də Türkiyədə görkəmli yazıçı və publisist Yakup Öməroğlunun rəhbərliyi ilə uğurla fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin "Qardaş qələmlər" aylıq ədəbiyyat dərgisidir. Bütün Türk dünyasına səslənən və demək olar ki, planetimizdəki türklərə ünvanlanan dərgi özünü daha əvvəl nəşr olunmuş "Qardaş Ədəbiyyatlar"ın mənəvi xələfi hesab edir. Dərginin ilk sayında Ali Akbaş oxuculara müraciətlə yazırdı: "İnsan, dünyayı tanımaya önce kendisinden başlar. Bu boşluğu daha önce kıymetli ilim adamımız Prof. Dr. Yavuz Akpınar'la genç yaşta kaybettiğimiz yiğit insan avukat İbrahim Bozyel'in çıkardığı Kardaş Edebiyatlar dolduruyordu. Fakat Yavuz Bey'in akademik çalışmalarının yoğunluğu dolayısıyla bu dergi bir süredir yayınına ara vermiştir. Onların hizmetini saygıyla anıyor ve bu bayrak yarışına onların kaldığı yerden devam etmek üzere yola çıkıyoruz".

Baş redaktorun və bütün redaksiya heyətinin qeyrəti və səyləri nəticəsində "Qardaş qələmlər" bu gün Türk dünyasının ən önəmli ədəbiyyat dərgilərindən birinə və dünyanın dörd bir yanındakı türk qələm əhlinin bir araya gəldiyi, özünü ifadə etdiyi nüfuzlu mətbu orqanına çevrilmişdir.

"Qardaş qələmlər" yaranarkən qarşısına çox müqəddəs bir məqsəd qoymuşdur: Türkiyədə yayınlanan digər dərgilərdən fərqli olaraq bütün Türk dünyasına, türklərin yaşadıqları çox geniş əraziyə səslənərək eyni kökdən, eyni soydan olan, lakin taleyin ayrı saldığı türk ulusları arasında əlaqələri canlandırmaq və daha da yaxınlaşdırmaq: 

Avrasiya Yazarlar Birliyinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə də sıx əlaqələri vardır. Birliyin sədri, "Qardaş qələmlər"in redaktoru Dr. Yakup Öməroğlunun Ədəbiyyat İnstitutunun Fəxri Dostu elan edilməsi və bu münasibətlə diplomun məhz institutun direktoru akademik İsa Həbibbəyli tərəfindən Ankarada Avrasiya Yazarlar Birliyini ziyarət zamanı təqdim edilməsi də bunun əyani təcəssümü oldu. Bundan başqa, Kastamonu Universitetinin professoru, dr. Orhan Söyləməz və Uludağ Universitetinin professoru dr. Cengiz Alyılmazın institut tərəfindən layiq görüldükləri "İlin elm adamı" diplomları da Türkiyəyə həmin ziyarət zamanı təqdim edilmişdir.

Avrasiya Yazarlar Birliyinin 40-dan çox ölkədə yayılan "Qardaş qələmlər" dərgisinin Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə əməkdaşlığının ən əhəmiyyətli və təqdirəlayiq nəticəsi isə dərginin ayrıca bir sayının (Haziran-İyun 2021, sayı 174) dünya ədəbiyyatının böyük dühalarından olan, türk təfəkkürü və düşüncəsi, habelə özünəməxsus fərqli ifadə vasitəsilə fars şeirinə yeni tərz gətirən XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilməsi oldu.

"Qardaş qələmlər" jurnalının naşiri və redaktoru Yakup Öməroğlunun da qeyd etdiyi kimi, "Qardaş qələmlər"in özəl sayının Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunması təşəbbüsünü AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli irəli sürmüş və təklif dərginin redaksiya heyəti tərəfindən məmnunluqla qarşılanmışdır. Nəticədə hər iki tərəfin - həm Azərbaycan, həm Türkiyə alimlərinin, redaktor, tərcüməçi, dizayner və digərlərinin əməyinin bəhrəsi olaraq yüksək elmi səviyyədə hazırlanmış məqalələrin yer aldığı, gözəl tərtibatda dizayn edilmiş jurnalın nümunəvi bir sayı ərsəyə gəlmişdir.

Akademik İsa Həbibbəylinin dərgidə yer alan "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" məqaləsi "birincilik-bələdçilik missiyasını" yerinə yetirərək dahi söz sənətkarının bütün yaradıcılığı haqqında ətraflı məlumat verir, maraqlı faktlara toxunur.

Yazı üslubu, problemə yanaşma metodu, milli ədəbi hadisələri dünya ədəbi prosesi ilə əlaqələndirmə bacarığı və bir sıra özəllikləri ilə yazılarında hər zaman fərqlənən akademik Teymur Kərimlinin dərgidə yer alan "Nizami və Şekspir" məqaləsi "Nizaminin vətəni dünya, milliyyəti insanlıqdır" prinsipinin ən inandırıcı elmi izahını ortaya qoyur. Akademik Teymur Kərimli Nizami və Şekspirin həyatı və dövrü arasında bəzi paralellər qurur və insanın hər yerdə - şərqdə, qərbdə, cənubda və şimalda da - insan olduğu fəlsəfəsindən doğan qənaətini ifadə edir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə xanım Araslının "Orta çağ Türk şeirində Nizamidən iqtibaslar" adlı məqaləsi nəzəri yanaşmaları və yeni faktik materialları ilə nizamişünaslıq elmini daha da zənginləşdirməyə xidmət edir.

Dosent Zəhra Allahverdiyevanın "Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında bir araşdırma" məqaləsində tarixi və ədəbi qaynaqlara, şairin öz əsərlərinə, müasirlərinin və xələflərinin yazılarındakı istinadlara əsaslanaraq Nizami Gəncəvinin milli kimliyi, adı, ünvanı, təxəllüsü, babası, atası, anası, dayısı, qardaşı, uşaqları haqqındakı səhih məlumatlar araşdırılıb incələnmişdir.

Digər Azərbaycan alimləri də vətən oxucuları arasında kifayət qədər tanınmış elm adamları olduqları və əsərləri geniş yayıldığı üçün hər bir məqalədən ayrıca geniş bəhs etməyib Türkiyə alimlərinin fikir və mülahizələri, Nizami Gəncəvi yaradıcılığını araşdırarkən tutduqları mövqe və s. üzərində qısaca dayanmaq, zənnimizcə, əhəmiyyətli olardı.

"Türk Dünyasının Aksakalı" şərəfli ünvanı ilə təqdim olunan Mustafa İsenin xalqımıza və ümumilikdə Türk millətinə sevgi dolu, lakin ən önəmlisi tərəfsiz, elmi faktlara əsaslanan fikirlərindəki fərqli məqamlar maraq doğurur. Dərginin müsahibi qeyd edir ki, şairin məsnəvilərini həsr etdiyi məmduhları - Səlcuqlu hökmdarı II Toğrul, Ərzincan hakimi Fəxrəddin ibn Davud, Azərbaycan atabəylərindən Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Marağa hakimi Əlaəddin Körpə Arslan və başqaları kimi türk hökmdarları Nizaminin qələmi sayəsində bu gün tarixdə daha çox anılırlar. Bu məqamda Nizaminin "Sirlər xəzinəsi"ni dəyərləndirən Fəxrəddin Bəhram şahın sözləri yada düşür: "Şah mükafat olaraq şairə beş min dinar qızıl, yüklənmiş beş at, beş qatır və zinətlə tikilmiş fəxri geyimlər göndərir. O bu kitabı çox tərifləyərək deyir: "Mümkün olsaydı, şeirlə mirvari kimi düzülmüş bu kitaba mükafat və bəxşiş olaraq böyük xəzinə göndərərdim. Çünki həmin kitabın sayəsində mənim adım dünyada daimi yaşayacaqdır" (Bünyadov Ziya. Azərbaycan Atabəyləri dövləti (1136-1225). Bakı, "Elm",  1988, səh. 255-256). Müsahibədə Şərq ədəbiyyatına, xüsusilə orta əsrlər türk ədəbiyyatına Nizami poeziyasının təsiri, Şərq ədəbiyyatında Nizami yaradıcılığının rolu və nəhayət, dövrün poetik zövqü və tələblərinin şairin irsində əksini tapan məqamlar barədə professor Mustafa İsenin qiymətli fikirləri ilə tanış olmaq imkanı qazanırıq. Bu, Nizami Gəncəvinin şəxsiyyətinə və sənətinə Türkiyədən baxışı aydın şəkildə əks etdirən əhəmiyyətli bir təqdimatdır.

"Qardaş qələmlər"in Nizami Gəncəviyə həsr olunmuş özəl sayında dərc edilmiş məqalələr içərisində professor Ahmet Kartalın "Gəncəli Nizaminin Məsnəvilərində "Türk" Kavramı" məqaləsi də diqqəti cəlb edir. Zəngin materiallar əsasında yazılan və dünya nizamişünalığında ən çox müzakirə olunan bu məsələ ətrafındakı bir çox mətləbləri ehtiva edən məqalədə Nizami şeirində "türk" lekseminin daşıdığı məna çalarları: xalq adı, gözəllik, qəhrəmanlıq, ədalət və igidliyin "sinonimi" kimi işlənməsi, Türk toponimlərinin, türk dili faktının elementlərinin - şəkilçi, isim və feillərin işlədilməsi, türk milli mədəniyyətinə, adət-ənənələrinə aid söz və ifadələrin, xüsusilə, folklor örnəklərinin işlənmə xüsusiyyətlərinə dair şairin əsərlərindən gətirilən əyani nümunələrə əsaslanan dəyərli fikirlərin bir arada təhlil olunması xüsusi əhəmiyyətə malikdir. Müəllif məqaləsinə Müizzi Səmərqəndi, Zəməxşəri, Mahmud Kaşğarlı kimi Şərq mütəfəkkirlərinin Türklər, onların digər soyköklü xalqlardan fərqli və özünəməxsus cəhətləri, türk dövlət quruculuğu ənənələri və s. haqqındakı fikirləri sanki Nizami şeirində təbii olaraq ifadəsini tapmış türklüyün proloqu kimi incələmişdir.

Məlumdur ki, bu coğrafiyada fars dilinin yayılıb intişar tapmasında geniş əraziləri öz hakimiyyətlərinə tabe etmiş qüdrətli Türk sultanlarının böyük rolu olmuşdur. Sultan Mahmud Qəznəvinin fars şairi Firdovsiyə İran şahlarının tarixindən əsər yazmağı tapşırması, sonuncu böyük səlcuq sultanı Səncər, Xarəzmşah Atsız kimi adları tarixə əbədi yazılmış hökmdarların özlərinin də fars dilində şeirlər yazmaları təbii olaraq saraylara toplaşan şairləri də bu dildə yazıb-yaratmağa daha çox üstünlük vermək məcburiyyətində qoymuşdur. Professor Ahmet Kartalın da sözügedən mövzuya məhz bu nöqteyi-nəzərdən yanaşması obyektiv reallığın elmi cəhətdən qiymətləndirilməsi deməkdir.

Daha sonra Şərq ədəbiyyatında ilk dəfə olaraq Nizami Gəncəvi poeziyasında özünü göstərən və hətta Nizamidən bir neçə əsr sonra da rast gəlinməyən qadına yüksək münasibət, onu təkcə ailədə deyil, dövlət məsələlərində də sözü keçən, hörmət və ehtiram göstərilən, hökmdara məsləhətlər verən, sevgisinin ardınca heç nədən qorxub çəkinmədən ölkələr aşan qəhrəman, igid xarakter kimi təsvir etmək və s. kimi məqamların kökünün məhz qədim türk dastanlarından gələn motivlərlə əlaqələndirilməsi çağdaş nizamişünaslığın yekdil qəbul etdiyi mülahizələrdəndir: "Dede Korkut Hikayeleri`ndeki Türk kadınlarıyla Nizami`nin mesnevilerindeki türk kadınları hüviyet olarak birbirlerine benzemektedirler" ("Qardaş qələmlər", sayı 174, səh. 31).

Ahmet Kartalın məqaləsi ilə bağlı bir məsləyə də toxunmadan keçilməz. Təfəkkür və dilin əlaqəsi (yazılı və şifahi dil eyni dərəcədə) hər kəsə məlum fizioloji-psixoloji proses olduğundan bu barədə geniş bəhs etmədən yalnız onu qeyd edək ki, insan hansı dildə danışmasından asılı olmayaraq doğma (və dil açdığı, ailədə daima ünsiyyətdə olduğu) dildə düşünür. Başqa dildən istifadə edərkən qeyri-ixtiyari olaraq "daşlaşmış" ifadə və deyimlər ana dilində olduğu kimi tərcümə olunur. Nizami şeirində də bunun ən gözəl nümunələri türk atalar sözlərinin fars dilində "kalka" yolu ilə tərcümə edilərək işlədilməsidir. Təqdirəlayiqdir ki, bu məqam da professorun diqqətindən kənarda qalmamışdır və o, bu əhəmiyyətli tezisi şairin əsərlərindən seçilmiş çoxsaylı bədii nümunələrlə bir daha təsdiq etmişdir.

"Qardaş qələmlər" jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı qardaş Türkiyə Cümhuriyyətinin, türk millətinin Azərbaycan xalqına və onun böyük oğlu, dünya şöhrətli sənətkar Nizami Gəncəvinin şəxsiyyətinə və sənətinə yüksək ehtiramının əməli ifadəsidir.

İnanırıq ki, "Qardaş qələmlər" jurnalının Nizami Gəncəvi xüsusi buraxılışı dahi sənətkarın dünyada Azərbaycan şairi kimi tanıdılmasında mühüm rol oynayacaqdır.

"Qardaş qələmlər" jurnalının Nizami Gəncəvi sayı müstəqillik dövrü Azərbaycan-Türkiyə ədəbi-mədəni və elmi əlaqələrinin əhəmiyyətli və parlaq bir səhifəsidir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi sənətkar Nizami Gəncəvinin tədqiq edilərək öyrənilməsinə, dünya miqyasında təbliğ olunmasına görə "Qardaş qələmlər" jurnalının baş redaktoru, tanınmış türk ziyalısı Yakup Öməroğluna və jurnalın redaksiya heyətinə, əməkdaşlarına göstərdikləri böyük xidmətə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bütün kollektivinin dərin minnətdarlığını bildirməyi də özümə şərəfli borc hesab edirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!