İraqda Bayat - Şakir Sabir Zabitin Bayat əşirəti haqqında tarixi araşdırması

Qəzənfər Paşayevin təqdimatında

Bayat əşirəti haqqında tarixi araşdırma

 

"Kitabi-Dədə Qorqud"un "Müqəddimə"si aşağıdakı cümlə ilə başlayır: "Rəsul Əleyhissəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər bir ər qopdı...".

Bu cümlə bir çox mətləblərə işıq tutur. Onlardan biri də Bayat boyu - Bayat əşirətilə bağlıdır.

Bayatlar İraqda qol-budaq atmış böyük bir əşirətdir. Onlar İraqın ictimai-siyasi həyatında fəal iştirak edir. Bayatların arasından nazirlər, sərkərdələr, yüksək ixtisaslı, adlı-sanlı həkimlər, mühəndislər, istedadlı şairlər, alimlər, müğənnilər, mədəniyyət xadimləri, Füzuli kimi dahi çıxmışdır.

Tariximiz və ədəbiyyatımız üçün böyük dəyər kəsb etdiyini nəzərə alaraq kərküklü tədqiqatçı Şakir Sabir Zabitin (o, 1968-ci ildə Bakıda Molla Pənah Vaqifin 250 illik yubileyində iştirak etmişdir - Q.P.). "Bayat əşirəti haqqında tarixi araşdırma" (Bağdad, 1965, 62 s.) kitabından "İraqda Bayat" bölümünü transliterasiya edərək oxucu və tədqiqatçılara təqdim edirəm. Onu da deyim ki, Şakir Sabir Zabit bir neçə kitabın müəllifidir: "İraq və Türkiyə arasında dostluğa dair (ərəbcə). Bağdad, 1955; "İraqda türkmanların tarixi vardır" (ərəbcə). Bağdad, 1961; "İraq türkmanları ağzında atalar sözü", Bağdad, 1961; "Kərkükdə ictimai həyat", Bağdad, 1964.

"Bayat" əşirəti haqqında tarixi araşdırma" Şakir Sabir Zabitin sonuncu kitabıdır. Əsər "Giriş", "Bayat sözü və anlamları", "Bayatlar kimdirlər", "Bayatların ana yurdu", "Bayatlar və Xarəzmşahlar" və "İraqda Bayat" bölümlərindən ibarətdir.

Dil birliyimizin bariz nümunəsi olan "Bayat əşirəti haqqında tarixi araşdırma" əsərinin "İraqda Bayat" bölümünü kiçik qısaltmalarla orijinalda olduğu kimi təqdim edirik.

 

Qəzənfər Paşayev

 

 

 

Şakir Sabir Zabit

 

İraqda Bayat

İraqda Bayat deyincə və ya kitablarda oxuyunca xatirə iki şey gəlir: Bayat qalası, Bayat Bəyliyi və Bayat əşirəti. Dolayısilə, əldə edilən bilgiləri ikiyə ayıraraq sonmaya ehtiyac duyulur. Qala olsun, əşirət olsun, Bayatlar İraqa necə və nə zaman girdilər?.. Xatirə gələn ilk soru budur. İndi Bayat qalası və Bayat Bəyliyi haqqında əldə edilən bilgiləri bildirək. Sonra o soruyu və Bayat əşirəti haqqında bilgiləri sonaq:

I. Bayat qalasının yerini bildirən əski yazarlar çoxdur. "Qamus tac ələrus şərhi"nin sahibi (yazarı) deyir: "Bayat Vosat yaxınlığında (müasir İraqın Orta əraziləri - Q.P.) bir bölgədir.

Cahan Kəşayi tarixində: "Bayat Bağdadın Güney doğusunda  İranın Luristan cınahında (sərhədində) bir qəsəbədir.

Qirüz Abadi lüğətində Bayat Bəyliyi haqqında belə deyilir: "Bayat Vosatın qərbində bir sancaq (rayon) adıdır".

Bayat Bəyliyi adı 629 hicri olayları arasında gəlməkdədir. Azərbaycan bölgəsində moğolların dağılmaları Şəhruzur və digər sınır (sərhəd) bölgələrinə ulaşmaları (yetişmələri) ehtimalı göz önünə alınaraq xəlifə mal dağıdıb ordu topladığı kimi, ölkələrinə əsgəri yardım etmələrinə əmr verdi.

Rəşidəddin Əl-Həmadani və Cuini moğol ordusunun irəliləməsini yazarkən Bayat Bəyliyi ilə təmasda olmalarından söz açır.

Osmanlıların idarəçilik dəftərxana qeydiyyatına baxılarsa görərik ki, Bağdad vilayəti: Hilla, Zəngi, Əbad, Cüarz, Rəmahiyə, Çəngilə, Qaradağ, Dərtinək Səmavat (Bayat), Dərnə, Dəbala, Kərənd, Temur qapı, Qəzaniyə, Kilan, Əlsaih, Əmadiyə sancaqlarından (rayon) ibarət idi.

Bayat sancağı Sultanlığın fərmanı ilə təyin edilən əmir tərəfindən idarə olunurdu. Əlimizdə olan bir vəsiqə ilə Bayat sancağı əhalisinin İraqın cənubunda əmin-amanlığı möhkəmləndirmək və qorumaqda böyük rol oynadığını anlayırıq.

Bu vəsiqənin tarixi 973 hicridir. Vəsiqədə yazılıb: "Bayat Bəyinin Bəsrənin mühafizi təyin edilməsinə dair: "Bayat bəyi Hüseyn əmrlə Bəsrənin mühafizi təyin edilsin ki, sancağın əsgəri bölməsi ilə gedib Bəsrənin mühafizəsini təmin etsin. Əmr etdim ki, təxirə salmadan sancağın cümlə əsgərləri hərbi yaraqla və silahla Bəsrənin mühafizə xidmətində olsun. 19 rəcəb 973".

Bu vəsiqə ilə Sultan, Bayat bəyi Mir Hüseynə aylıq 20.000 ağça məvacib təyin etmiş və yeni vəzifələr buyurmuşdur.

Qalanın mühafizəsi Bəsrə Bəylər bəyinin adamı Nasih Bədmundiyə verildi.  15 Ramazan 973.

II. Bayat əşirəti.

Bayatların İraqa gəlişləri haqqında bilgi çox az və çeşidlidir. Onların İraqa gəlişinin Səlcuqlar və ya Osmanlılar zamanında olduğu söylənilməkdədir.

Türk Ensiklopediyasında: Bağdadın güney doğusunda Luristan (İran) sınırında olan Bayat qalası səlcuqlar dövründə bayatlardan bir oymağın oraya gəlmələri ilə əlaqəlidir. Və bir də bayatların Kərkük məntəqəsində yurd tutmaları hər halda yenə səlcuqlar dövründə olmuşdur".

Bizə görə Bayatlar moğolların önündən çəkilərək İraqa girmişlər. Güney və Quzeydə yerləşmişlər. Güneydəkilər (İraqın cənubundakı bayatlar - Q.P.) zamanla dillərini unutmuşlar. Kərkük vilayətində isə dillərini qorumuşlar. İraqda bulunan türk əşirətlərindən Bayatlar Səlcuqilərlə İraqa gəlmiş və orada yerləşmişlər.

Avqat Abbas Əl-Əzəvi isə bayatların İraqa gəlişi tarixinə işarət etməyərək belə deyir: "Bayatlar İraqda əskidən bəri yerləşən türk əşirətlərindəndir. Zəyimlər hökuməti nəzdində yüksək yerləri vardı (Avqat Abbas Əl-Əzəvi. Tarix əl-İraq beyn ihtilalin. Bağdad, I c., s.541)".

Həyat Ensiklopediyasında yazılıb: "Bayat əşirəti Bağdad və Həmədan tərəflərdə bulunurdu. İran Azərbaycanı ilə Antaliyanın Nəmnəşə tərəflərində (Türk alimi İlbər Ortaylının "Türklərin qızıl dövrü" kitabında (Bakı, 2019, s.134) Məntəşə bəyliyi kimi verilmişdir - Q.P.) izləri pək yayılmış bir əşirət olduğu üçün türk camiəsində (toplumunda) ismi sıx-sıx anılır.

İbrahim Səbəullah Heydəri yazır: "Bayat əşirəti isə türkdürlər. IV Sultan Muradla gəldikləri söylənməkdədir. (Tamamilə yanlış fikirdir. Əksinə, Sultan Murad İraqdan 12 bayatlı musiqiçini özü ilə İstanbula aparmışdı - Q.P.). Bayatların İraqa girişlərinin mən (Şakir Sabir Zabit - Q.P.) İslam çağında İraqa girən türk dalğalarilə birlikdə ən doğru olduğunu görməkdəyəm.

Bu dalğalar buyihilər, səlcuqilər, moğollar və türkman dalğalarıdır.

Birinci dalğanın yayılma-yerləşmə bölgəsi İraqın güneyi, ikinci dalğa güney və quzeyi, üçüncü və dördüncü dalğalar isə daha çox İraqın quzeyində qərar tutmuşdular. İraqa girən birinci türk dalğası dörd əsr (54-447 hicri) bir müddət sürmüşdür. Ərəb komandanı Abdulla ibn Ziyadın Buxari türklərini Bəsrə bölgəsinə göndərməsi və yavaş-yavaş çoxalmaları və Əməvi dövləti ordusunda türklərdən istifadə etməsi və güney bölgəsində Həcaci bəginin qurduğu Vosat şəhərinə türkləri götürüb yerləşdirməsi bizə Əməvi əsrində İraqın güneyində türklərin yerləşməsinə doğru göstərişdir.

Əməvilər dövründə İraqın güneyində yerləşən türklərin çoxalmaları Abbasilərin ilk günlərindən başlamışdır. Zatən, Abbasi dövlətinin quruluşunda türklərin böyük rolları olmuşdur. Bu uğurda fədakarlıqla çalışan Xorasanlı Aba Müslümün ordusunun çoxunu türklər təşkil edirdi. Abbasi dövlətinin ordusunun və ya Abbasi övladlarının ümumtürk ulusuna özəl sayqı ilə baxmaları türklərin İraqa bol-bol girmələrinə böyük yardım etmişdi.

Buyihilərdən öncə və zamanında İraqın güneyində türklərin çoxalıb yerləşmələrinə dair tarixlərdə qalın çizgilər vardır - 323 hicri-935 miladidə İranda Mərdavicin öldürülməsilə ordusundakı türklər İraqa köç etmişdilər. Türk böyükləri Yaruq, Bağra oğlu, Məhəmməd Yınal etibar edərək türk komandanı Bəckəmin komandasında birdən İraqa gəlib Güneydə - Vosat  bölgəsində yerləşmişdilər. Vosat əmiri Raiq oğlu yeni köç türk dalğasına sayğı göstərib yerləşdiməklə kifayətlənməyib, Mərdavic ordusundan İranda dağınıq qalan türkləri də Bəckəmin yardımı ilə İraqın güneyinə gətirmişdi.

Bu dalğa ilə İraqa bir yeni dalğa da Burya oğlu Mərəddölə ordusu ilə hicri 334-935 miladidə gəlmişdi.  Burya ordusunda böyük türk kütlələri var idi. Burya oğulları onlara güvənir və sıxıntılarda onlara arxalanırdılar. Örnək olaraq hicri 345-956 miladi ilində baş verən bir olayı veririk.  Əhvaz bölgəsində Vəndad Xurşid oğlu Ruzbihan Mərəddöyləyə qarşı savaşa girdi və ayaqlandı. Mərəddölə ona qarşı savaşa türklərə arxalanaraq başlamışdı. Qalib gəlincə ərmağan olaraq Vosat və Bəsrə bölgələrində türklərə böyük yerlər verdi.

Bu olaylara dayanaraq yuxarıda adıkeçən Bayat qalasının İranın Luristan hüdudu yaxınlığında inşa olunmasını bu əsrlərə aid edirəm.

Bayat qalasının Əməvilər zamanında yapılmasını təxmin etsək, ona Buyihilər dövründə Bayat adı verildiyini doğru görürük. Bu, Bayatların orada çoxalıb yerləşmələri ilə əlaqəli olduğuna işarədir. Əvət, Bayat adının o əsr kitablarında gəlinməməsi ərəb yazarlarının Osman türkləri qəbilə adları ilə deyil, yalnız türk, ya Ğəz və ya Öz şəhərləri adları ilə bilirdilər. Sağdı, Xəzri, Buxari, Xorasani kimi Abbasilərin son əsrlərində yazılan kitablarda türk əşirətlərinin adı zikrə gəlməkdədir.

Bu çağda İraqın güneyinə yerləşən Bayatlar olsun, və ya digər türk əşirətlərindən olsun yerlilərlə qarışaraq zamanla öz dillərini qeyb edib izlərini yalnız adlarından anmaqdayıq.

Bu gün güneydə dal-budaq salmış (qol-budaq) bir Ğəz əşirəti varsa da, bir tək söz türkcə bilənləri yox. Bayatlar da eləcə. Bayat olduğunu bilir və soyad olaraq Bayatlar qullanır.  Amma Bayatın kim olduğunu bilməzlər.

İslam çağında İraqa girən bir digər türk dalğası səlcuqlulardır. Bu dalğanın böyüklüyünü olduğu kimi görmək üçün İmadəddin İsfahaninin bu sözlərini dinləyəlim, səlcuqların hökm etdikləri böyük ölkəyi düşünəlim və sonra bu ölkələrdəki türk topluluğunun səlcuqlar əmrində olduqlarını anlayıb İraqa girişlərində onlarla bərabər Bayatların da bulunduqlarının müəqqəq (doğru) olduğunu qəbul edərik.

İsfahanı Ceyhun nəhrindən Nisabura və Roya qədər bölgə Quhtan ilə Cucan, Herat, Buşnəh, Səcistan və uyğur diyarı səlcuq övladları arasında bölünərək idarə edildiyini göstərməkdədir. İsfahanı İraqa girən səlcuq ordusunu belə vəsf etməkdədir: "Toğrul bəy səfərə niyyət etdi və sel kimi atıldı. Ordusunun qaldırdığı toz gündüzə gecə rəngi verdi". Bu türk dalğasının hökmü İraqda iki əsr (447 hicri - 656 hicri) sürmüşdür. İstər səlcuq ordularilə, istərsə də sonralar İraqa gələn türklər Güney və Quzeydə yerləşmişdilər. Bayatların bir qisminin gəlib Kərkük bölgəsində yerləşdikləri mühəqqədir (gerçəkdir, doğrudur).

Bayatlar 3-cü və 4-cü dalğalarla daha çox olaraq İraqa gəlib öncələri yerləşən qardaşları bayatların məskunlaşdığı bölgələrdə yerləşmişlərdi. Üçüncü dalğaya özəl olaraq işarə etmək gərəkdir.

Keçən qonularda moğollar arasında yerləşən və onlarla köç və hərb edən, birgə yaşayan bayatlardan danışmışdıq. Və digər yandan Xarəzmşahlar arasında və ordularında bayatların böyük ölçüdə olduqlarını bilmişdik. İştə bu dalğa moğolların Xarəzm ölkəsini tar-mar edib, şəhərlərini yandırıb, yerlisini əsir alması və ya qılıncdan keçirməsi, onların şəhərləri boşaldıb qərbə doğru qaçmağa başlamasına səbəb olmuşdu.

Eyni səbəbdən son Xarəzm sultanı Cəlaləddin belə ordusu və tabesindəkilərlə onların dalınca qərbə qaçmış, bir müddət İraqda qərar tutmuşdu. İştə bu vaxtlarda bayatların böyük bir qismi də İraqa köçüb Kərkük bölgəsindəki qardaşları bayatlarla birgə yaşamağa başlamışdılar.

Xarəzm dövlətinin çökməsilə moğollar İraqa girmiş və beləcə, onlarla birgə bayatların da burada çox böyük ölçüdə yerləşdiklərini görürük.

Moğollar zamanında və arxasınca Cəlairiyə və sonralar Teymurləng və daha sonralar Qaraqoyunlu və Ağqoyunlu və daha sonra Səfəvilər və Osmanlılar zamanında da daha çox türklərin İraqda yerləşmələri olmuşdur. Bunların arasında Bayatların bir qisminin olduğunu da doğru qəbul edirik.

İndi İraqda yerləşən, dal-budaq (qol-budaq) atan Bayatlar haqqında yazılan bilgiyi bildirməyə başlayırıq.

Türk Ensiklopediyası belə deyir: İraqdakı bayatlar, ümumiyyətlə, Kərkük bölgəsində bulunurlardı. Bu bölgədəki türk xalqının çoxu onlara  (bayatlara - Q.P.) mənsubdur. İraq Bayatlarının mühüm bir qismi bugünə qədər əski yaşayışlarını davam etdirmişdir. Bunlar 13 (on üç) qəbiləyə və hər qəbilə də müxtəlif oymaqlara ayrılmışdır. Böyük türk şairi Füzuli də İraq Bayatlarındandır. Türk musiqisi muğamlarından birinin adı olan "Bayatı" muğamı Bayat türklərinə nisbət edilərək bu ad verilmişdir. Bu muğamın IV Muradın Bağdad səfərindən dönüşündə özü ilə bərabər gətirdiyi iraqlı Bayat türklərindən 12 (on iki) musiqiçi vasitəsilə İstanbula gətirilərək yayıldığı söylənilir.

İbrahim Əfəndi Subğəllah Heydəri isə 1286 hicridə yazdığı kitabında belə deməkdədir: Bayat əşirəti isə türkdürlər. Onlar çoxdurlar. Əbid əşirəti ilə qonşuluq dolayısilə yaşlıları ərəbcə bilirlər. Bir qismi sünnü, bir qismi şiə məzhəbindədir.

1820-ci miladi ilində Bayatların yaşadıqları bölgəyə gələn gəzici (səyyah) Ceyms Edmondz Bayat haqqında belə demişdir: "Bayat torpağı düzənlik olaraq Kifri təpələrindən başlayaraq Çəmənədək uzanır. Bura da türkman bayatların oturuş yerləridir".

Yanıma rəisləri Həsən bəy gəldi. Qaraquş adı ilə tanınırdı. Bizi yeməyə çağırdı. O, özünü təqdim etdikdən sonra dedi ki, bu bölgə torpağı Sultan tərəfindən bayatlara verilmişdir. Onlar dövlətə vergi vermirlər. Yalnız Bağdad vilayətinə əsgəri yardım edirlər. Bayat rəisi mənə bildirdi ki, Nadir şah bayatların çoxunu Xorasana döndərmişdi. Qalanları azdırlar. Ehtiyac olanda 1000 (min) atlı çıxara bilirlər. O, bayatların İraqa gəlişi vaxtlarını bilmirdi.

1237 hicridə gəzinti yapan (səyahət edən) Mənşi Əl-Bağdadi  deyir: "Kifri ilə Tuz Xurmatu arasındakı bölgədə Bayat əşirəti yaşamaqdadır. 1000 (min) evdir. Onlar türkcə danışırlar. Bəziləri şiə, bəziləri sünnidirlər. Qiymətli atları məşhurdur".

1917-ci miladi ilində ingilislər tərəfindən hazırlanan gizli məlumatda bayatlar haqqında belə yazılmışdır: "Bayatlar türkcə və ərəbcə qonuşurlar. Heyvan saxlayırlar. Sayları 10.000 (on min) evdir. Kifridən Qara təppə və Tuza (Tuz Xurmatu - Q.P.) qədər bölgədə yaşayırlar. Oymaqları: Əlbu Əli - 800 evdir; Əmirli - 800 evdir; Bostamlı - 100 evdir; Əl Bəkr Əhməd - 100 evdir. Əlbu Həsən, Həsən Zərliyə, Əlbu Hüseyn, Əl Dalalua, Əlvazat, Əlbu Vali, Yengicə və s.".

Bu gün İraqda yaşayan Bayatların bir qismi dağınıq halda İraqın bir çox şəhər və qəsəbələrində yaşamaqdadır. Bu dağınıq yaşamağa səbəb o qəsəbə və şəhərlərə dağınıq girişlərilə, dağınıq olaraq yerləşmələridir. Bir səbəb isə yaşadıqları çox köyləri susuz, əkinləri yağmura bağlıdır. Münbit torpaq, yağmurlu illərdə bayatlara bol-bol verim və səadət verir. Yağmuru olmayan və ya az olan illər onlara sıxıntı verir və onlar köç etməyə məcbur olurlar. Bu köçlər adətən öncələri yerləşən və öz əşirətləri - Bayatların bulunduqları qəsəbə və şəhərlərə edilir. Bir qismi 2-ci və ya 3-cü illər kəndi köylərinə dönər, bir qismi də yeni yaşayışını xoş görüncə orada qalıb yaşar. Bu çeşid dağınıq Bayatların çoxu öz dillərini unutmuşlar. Bayat olduqları soy adlarından bəlli olur.

Bunlar Bağdad, Hillə, Kut, Suveyrə və Güney bölgəsindəki digər şəhər və qəsəbələrdə, Xanaqın və Diala vilayətinin şəhər və qəsəbələrində, Ərbil, Hədisə, Rəmişə, Əlqaim, Samara, Quşçu, Tikrit, Nəbi Yunis, Həsam Əlil; Teləfərdə Əmirli Birovuclu və digər Mosul köy və qəsəbələrdə daha çox yaşamaqdadırlar. Bu çeşid dağınıq yaşayan bayatların sayları 7 (yeddi) mindən çoxdur.

Bayatlardan böyükləri yetişmiş və İraq hökumətində vəzirlər və daha digər yüksək vəzifəli məmurlar yetişdiyi kimi, əsgər olaraq bayatlardan genəl ordu rəis arkan kimi yüksək vəzifəyə də yüksələn olmuşdur. Fənni işlərdə yüksək qabiliyyətli həkim, mühəndis və mədəniyyət sahəsində böyüklər və digər qiymətli işçi və sənətçilər yetişmişdir.

İkinci qism Bayatlar toplu halında köylərdə yaşarlar: Kərkük, Huvicə, Daquq, Tuz Xurmatu, Kifri, Qərə təppə bölgələri ta Həmrin dağlarınadək bölgənin çox köyləri Bayat köyləridir. Köy həyatı yaşayan bayatlar əslən yaradılışda uyğar (mədəni) türk soyundan olmaqla XX əsrin çapuqca atladığı kültural uyğarlıqda (mədəniyyət) çevrələrindəki yer sıradan geri qalmayıb, daha başarılı və sərt addımlarla onun işığı ilə irəliləməkdədir. Türkcə qonuşurlar. Əzə və Əbid ərəb qəbilələrilə qonşu olan bayatlar ərəbcə də qonuşa bilir, onlara qız verib, qız alırlar. Çox zaman onların qoyun və heyvan sürüləri özəl anlaşma ilə bayat yaylalarında otlayırlar.

Toplu halda köylərdə yaşayan bayatların sayı 1957-ci ilin rəsmi qaynaqlarında 17.455 nəfər göstərilməkdədir. Beləliklə, dağınıq halda yaşayan 7 minlə birgə Bayatların İraqdakı sayı 25 (iyirmi beş) mini keçməkdədir.

Bayatlar İraqda dal-budaq atmış, böyük bir türk əşirətidir. Oymaqları və qolları köy adı ilə tanıdıldığı kimi, bəzən baba və ya dədə adı ilə də tanınır.

Bir çox köylər bayat qolları adı ilə də tanınır: Pir Əhmədli, Əzəddinli, Allı-ballı, Mahmudlu, Səyadlı, Əlbu Həsən, Qaranazlı, Xasadarlı, Əmirli, Qalaylı, Kərimli, Quşçu və s.

Toplu halda Bayatlar 64-dən artıq köydə: Qələ, Bostamlı, Səyad, Əmirli, Biravçılı, Xasadarlı, Yeşil təppə, Qaranar, Casim bəy, Başagələn, Çardaqlı, Yengicə, Üç təppə, Zeydan, Həmidat, Fəruq İsmayıl, Çərban, Salman bəy və s. yaşayırlar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!