And içən millətə, Nəriman, and iç! - Ustad şair Nəriman Həsənzadənin 90 yaşına - Vaqif BƏHMƏNLİ

 

İllər pillələrmiş bizdən ötəri;

Yollara gah bürkü, gah şaxta düşür.

Şöhrətin sevinci, yaşın kədəri

Tərs kimi ikisi bir vaxta düşür.

 

Gedirəm, illərə sorağım düşür,

İnsan öz-özündən ayrılır demək.

Yuxarı baxıram, papağım düşür,

Aşağı baxıram, gözümdən eynək.

Nəriman Həsənzadə

 

1

 

Azərbaycan poeziyası qüdrətli poeziyadır...

Yalnız ona görə yox ki, o, zamanında və sonrakı yüzilliklər boyunca magik bədii-estetik təsir gücünə malik olmuşdur. Yalnız ona görə yox ki, şeirimizin əsrlərlə ölçülən ömürnaməsində bayatı, nağıl, "Kitabi-Dədə Qorqud", "Koroğlu" misalında xalq və millət hünərinin bəhrəsi olan bədii təfəkkür abidələri var və yalnız ona görə yox ki, Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir... ismiylə şöhrət tapıb sevilən ustadlar, zühur etdikləri zamandan klassikaya (əbədiyyətə) çevrilən dahiyanə sənət yüksəklikləri, dünya poeziyasını zənginləşdirən şairlər zəncirbəndi bizim ixtiyarımızdadır... Deyilənlər artıq görünə bilər, çünki ədəbiyyat barədə az-çox dərəcədə bilgisi olanlara poetik irsimizin heyrətamiz dəyəri gün kimi aydındır...

Mənə görə sözügedən irsin qüdrəti həm də onunla bağlıdır ki, o, təkrarən təravətlənir, törəyir, artıb-çoxalır. Əsrlər boyu bir-birini əvəzləyən, zamanın konyunkturasına (dövrün tələbinə) uyğun şəkildə yeniləşən ədəbi nəsillərin sarsılmaz sırası Azərbaycan varlığının tarixi-ədəbi düşüncə xronologiyası, tək bircə qrafası belə boş qalmayan ədəbiyyat təqvimidir!

Ədəbiyyat saatının əqrəbləri bəlli müddətlər boyunca dayanmadan irəliləməkdədir. İndiki nəslə ən yaxın olan XX yüzillikdəki misli görünməmiş "siyasi, sosial, mədəni iqlim dəyişkənliyinə" baxmayaraq, mədəniyyət və ədəbiyyatımıza ənənədən qaynaqlanan və müqəddəs irsi artıran yeni şairlərin adlarını zamanın qulağına söyləmək qismət olmuşdur. Başqa sözlə, yeniləşmə, artıb-çoxalma, törəniş, əslində, xalqın bədii yaddaşının təkrarən genetik oyanışı, fitri davamiyyətidir.

Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavidlə bərabər, mənsub olduqları dövrün faciəsini bu və ya başqa şəkildə yaşayan Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm... kimi şairlər şeirimizin tarixi mənasını və doğma nəfəsini Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Qabil, Söhrab Tahir, Fikrət Qoca, Tofiq Bayram, Xəlil Rza, Məmməd Araz, Əli Kərim, Musa Yaqub, Cabir Novruz, Məstan Günər... və Nəriman Həsənzadəyə ötürə bilmişlər.

 

2

 

Adıçəkilən sonuncu şair - ömrünün 90-cı zirvəsinə qədəm qoyan Nəriman Həsənzadə ilə bağlı, heç olmasa ən qısa fikirlərimi bölüşməkdə israrlı olduğuma görə elə buradaca milli poeziya tarixinə dair tezislərə vergül qoymağa məcburam.

Nə üçün nöqtə yox, vergül? Çünki ustad Nəriman Həsənzadənin yaratdıqları qüdrətli Azərbaycan ədəbiyyatına nəzərən türk eposlarından, "Kitabi-Dədə Qorqud"dan, Nizami Gəncəvidən boy verib artan və sözün qədrini artıran tamamilə yeni bir səhifədir. Akademik Nizami Cəfərov haqlı olaraq yazır: "...Öz böyük sələfləri kimi, Nəriman Həsənzadənin də yaradıcılıq stixiya-istedadı poema-dastan miqyasındadır. Hər şeydən əvvəl ona görə ki, şairin demək olar, hər bir şeirində - ümumən lirikasında bir epos genişliyi, yaxud kontekst hiss edilir. İkincisi, onun elə şeir silsiləsi var ki, Qurbani, Aşıq Abbas, Aşıq Ələsgər yaradıcılığında olduğu kimi, hərəsi bir süjet-dastan təşkil edəcək qədər ardıcıldır. Və üçüncüsü, tale (tarix) nəyi diktə edibsə, şair onu yazıb".

Bəzən həqiqətləri ifadə etməkdən ehtiyatlanırıq. Amma, məncə, haqlı hökmləri səsləndirməkdən çəkinmək gərək deyil. Bir anlıq mülahizə edək, hansı dövrdə, hansı mühitdə yaşayıb-yaratmasından asılı olmayaraq, əgər bir şairin fəaliyyəti ilə ədəbi irsimiz artmayıb, təzələnməyibsə, bu yalnız haqqında söhbət gedən şairin yox, ön sırada şəxsən Nizami Gəncəvi, Nəsimi, Füzuli, Vaqif olmaqla ümumən poeziyamızın məğlubiyyəti sayıla bilərdi.

Biz isə təskinik... Çünki meydanda, hansı ki, biz onun 90 yaşı üzərinə səmimi etiraflar etmək istəyirik, bax o, əsl şair - Nəriman Həsənzadə var və o, kökdən rişələnən, qədim irsə yeni məna qatan möhtəşəm bir şairdir!

Bugünlər xalqımız onun 90 yaşının nuruna bürünüb. Şəxsən bir yaradıcı şəxs, onun yetirmələrindən biri, qələm yoldaşı olaraq bu işıqdan mənə də pay düşdüyünə görə xoşbəxtəm!

 

3

 

Nəriman Həsənzadə 90 il öncə, 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu obasında (indi Ağstafaya aid), dəmiryolçu Əliməmməd atanın ocağında dünyaya göz açıb. Taleyin bu kor qismətinin xatırlanması da qaçılmazdır; gələcəyin böyük şairi 1 yaşında(!!!) atasını, 23 yaşı olanda anasını itirib. Onun sonrakı həyatını, keçib gəldiyi yaradıcılıq mərhələlərini, yüksəldiyi mərtəbələrin səbəbini göz önünə gətirəndə belə çıxır ki, Nəriman müəllimin valideynləri bir başqası deyil, məhz Azərbaycan xalqı və Azərbaycan ədəbiyyatıdır. Etirafın yeridi: xalq və ədəbiyyat hər yerindən qalxanı övladlığa götürüb onu qanuni varislərdən biri elan eləmir!

Əks təqdirdə, yəni bax həmən iki mənəvi valideyn olmadan, o, Azərbaycan ədəbi dilinə əsaslanaraq xalqın varlığını və ruhunu belə yüksək dərəcədə tərənnüm edə bilməzdi.

Müasir təhsil pillələri ilə müqayisədə müəllimimin öyrəncilik illəri xeyli uzun çəkib. On il orta məktəb, dörd il institut, iki il Moskvada ali ədəbiyyat kursu, dörd il Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, üç il ADU-da aspirant... (üst-üstə 23 il fasiləsiz təhsil). Düşünməyə əsas var ki, şərti də olsa, məqsədə çatmaq üçün hansısa bir gəncin təhsil xronologiyasını sərf-nəzər etmək onun öz sahəsi üzrə uğurlarının səbəblərindən ən azı birini anlamağa yardımçı ola bilər.

Nəriman Həsənzadə ədəbiyyatımıza savadsızlığın kütləvi ləğvindən, İkinci Dünya müharibəsi cəbhəsindən deyil, məhz möhtəşəm 60-cı illərdə (XX əsr) mükəmməl filoloji-ədəbi təhsildən və 18-25 yas arasında bir yeniyetmə üçün kifayət qədər sərt taledən gələn və həm də anadan istedadlı, duyğulu doğulmuş bir şairdir. Mənimsədiyi biliyi, keçdiyi təhsil mərhələlərini heç zaman qabartmayan, savadın ədəbi yaradıcılığı irəlilətmək üçün, sadəcə, zəruri olduğunu qəbul edən ustadın qazancı sərasər 75-80 il qələm çalmaq olmuşdur. Bunu da deyim: şair Nəriman Həsənzadənin həyatı o biri yandan peşəkar mətbuat xadiminin əmək salnaməsidir. 1962-ci ildən başlayaraq, şair Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində (baş redaktor), Mətbuat və İnformasiya Nazirliyində (nazirin birinci müavini, nazir əvəzi), Azərbaycan Ədəbiyyat Fondunda (direktor) kimi məsul vəzifələrdə çalışmış, tutduğu postların mərtəbələrinə baxmayaraq ədəbiyyat taxtını bir an belə tərk etməmiş, qəlbindən püskürən poeziya dalğalarına sinə gərərək çağlayan, inadkar dalğaları məcraya yönəltmişdir. Nəriman müəllim əvvəl sadalanan səbəblərə görə qiymətli vətəndaş, sonuncu səbəbə görə əbədi şairdir!

Sözü davam etdirmək üçün təbii ki, oxuculara bəlli olan daha bir neçə faktı yada salmaq yerinə düşür. Yaradıcılıq bioqrafiyasına görə Nəriman müəllim 1953-cü ildən mətbuatda çıxış edir. (Onda mən hələ bu dünyada yox idim). O, 1954-cü ildən AYB-nin üzvüdür (hələ də yoxam...). Şair indi AYB Ağsaqqallar Şurasının sədridir. Nəriman Həsənzadə filologiya elmləri namizədidir (Ukrayna - Azərbaycan ədəbi əlaqələri mövzusunda elmi iş müdafiə edib). 1991-95-ci illərdə Azərbaycanın xalq deputatı olub. Dəyərli ədəbi-ictimai fəaliyyətinə görə şairimiz Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına, "Şərəf nişanı", "Şöhrət", "Heydər Əliyev", "İstiqlal" ordenlərinə, Prezidentin Fəxri təqaüdünə, Türk dünyasının bir çox ödüllərinə layiq görülüb. Və nəhayət, hər biri 700-800 səhifədən yeddicildliyi də daxil olmaqla sayı yüzə çatan kitabı Azərbaycan, türk dünyası və dünya oxucularına təqdim edilib. Mülahizəmə görə, bu kitabların böyük əksəriyyətinin tərtibçisi də, redaktoru da, hətta dizayneri də müəllifin özüdür. Fərdi olaraq və işimlə əlaqədar müxtəlif yayın evlərinə gələrkən Nəriman Həsənzadənin hansısa bir nəşriyyatın kompüter otağında operatorla yanaşı əyləşərək kitablarının tərtibatıyla məşğul olmasının şahidiyəm.

O, Nəriman Həsənzadə mətbuat işinin fəhləliyindən rəhbərliyinə qədər yüksələn redaktor, naşirdir. Bura qədər yazılanlar, əslində, oxucuya da mənim qədər bəlli olan məlumatların çatdırılması bir publisist borcuydu ki, imkan daxilində ifadə olundu.

Milyonlarla türkdilli oxucu kimi, mənə də məxsus olan, təpədən-dırnağa şair Nəriman Həsənzadə var. Bəri başdan deyirəm; ona bəslədiyim ehtiram hüdudsuzdur. Həm də bu hüdudsuzluq bir harmoniya içərisindədir, bütövdür. Çünki ötən əsrin 70-ci illərindən üzübəri mənsub olduğum ədəbi nəslin böyük əksəriyyəti Nəriman Həsənzadə poeziyasının ecazı altında olmuş və ya bunu hiss etmiş, onun ustad dərslərindən bəhrələnmişlər...

Bu yazını qələmə almaq qərarına gələndə ötəri olaraq "Vikipediya"da 1931-ci ildə doğulanlar səhifəsinə nəzər saldım. Orada çoxlu adlar vardı, bəlkə digərləri də görkəmli şəxsiyyətlər, yaradıcı insanlar idilər. Yadımda qalan, yəni həmin ildə doğulan dörd ad oldu; Əli Kərim, Nəriman Həsənzadə, Mixail Qorbaçov, Boris Yeltsin. Sonuncu iki şəxs böyük imperiyanın axır-macal rəhbərləri idilər. Onlardan hələ də təlatümlərlə çalxalanan Rusiya qalıb. İlk iki ad: Nəriman Həsənzadə və Əli Kərimin poeziyası isə təlatümlü olsa da (təlatümsüz ədəbiyyat yoxdur), 70 ildən də çox müddət ərzində türk insanını yaxşı gələcəyə və ümidlərə sarı dalğalandırır.

 

4

 

Giriş başa çatır; Nəriman müəllimin mübarək 90 yaşına həsr edilən bu yazı üç xətt üzrə davam edəcək; şəxsən tanıyıb müşahidə etdiyim ustad-insan barədə təəssürat, Nəriman Həsənzadənin şeir, nəsr, ədəbi qeydlər və dramaturgiyasına eksklüziv nəzər və bu iki nəzər nöqtəsini birləşdirən yekun.

Şairin adıyla ilk tanışlığım 1970-ci ildə, yəni 51 il öncə Füzuli-Horadiz marşrutuyla hərəkət edən avtobusda başlayıb və Horadizdə marşrut dəyişib Bəhmənliyə yönələn avtobus mənzil başına çatan müddətcə sürüb. O gözəl Füzuli şəhərindən bizim qədim-qayım kəndə qədər irəliləyən bu avtobuslara minəndə daha iki kitab almışdım - Xəlil Rza (səhv etmirəmsə, "Qollarını geniş aç" kitabı), Məmməd İbrahim "İllərdən biri". Nəriman Həsənzadənin kitabının adı və içimə çökən ruhu unudulmazdır: "Niyə demədiniz"... Məmməd İbrahimin sonralar oxunmaqdan un kimi ovulan o kitabının miniatür ölçüsü, sirli məzmunu yəqin ki, son nəfəsimə qədər yadımdan çıxmayacaq və həmişə də məni yazı masasına çağıracaq.

Eyni təəssürat "Niyə demədiniz" kitabına da aiddir. O zaman 15 yaşındaydım...

Daha iki il ötdü. ADU-nun Şərqşünaslıq fakültəsindən "konkursa" düşdüm, tanışlıqla Şin zavodunda fəhlə işinə düzəldim, fürsət düşən ilk həftələrdə soraqlaşıb Bakının mərkəzində, Lenin kitabxanası deyilən ünvandakı ədəbiyyat dərnəyinə yetişdim. Dərnəyin iki seksiyası var idi; biri bazar, saat 3 tamamda nəsr və satira yazanlar yığışırdı - rəhbəri rəhmətlik Seyfəddin Dağlı, o biri bazar günü şeir yazanlar - rəhbəri Nəriman Həsənzadə. Mən ardıcıl qaydada, yəni heç bir məşğələni buraxmadan hər iki toplantıya qatılırdım. Biz, ədəbiyyat aşiqləri düz iki il Nəriman Həsənzadənin dizinin dibini kəsdirdik. Orada xatırlanırdı ki, bizdən əvvəl bu toplantılarda daha irəliki ədəbi nəslin nümayəndələri - Seyran Səxavət, Nüsrət Kəsəmənli, Əşrəf Veysəlli, Ramiz Rövşən, Camal Yusifoğlu, Zəlimxan Yaqub, Oqtay Şamil, Tahir Qurbanov, Səyyad Aran, Çingiz Əlioğlu, Səyavuş Sərxanlı və digərləri olublar. O zaman bunlar tanınmış gənc şairlər idilər. Bəzilərinin yarpaq boyda ilk kitabları işıq üzü görmüşdü. Bu halın özü bizə, yeni gələnlərə ruh verir, gələcəyimizin parlaq olacağına ümid oyadırdı.

Nəriman müəllim dərnəyə gələn hər uşağa səmimi qəlbdən meydan verirdi. Təki oxumağa şeirin olsun, təki çıxış üçün xırda bir təşəbbüs göstər...

Şeirlərimi balaca kitab boyda göy cildli dəftərçədən oxumaq üçün Nəriman müəllimin icazəsi ilə ayağa qalxdığımı xatırlayıram. Dəftərçənin arasını açanda Nəriman müəllim deyir:

- Ayə, Vaqif, təbrik eləyirəm, oğul, təbrik eləyirəm, deyən, təzə kitabın çıxıb?!

Az qala 60 gəncin toplaşdığı dərnək auditoriyası heyrətdən donur! Kitab hardadı, hələ heç bir misramız hansısa bir mərkəzi qəzetdə işıq üzü görməyib...

İndi ağlım kəsir ki, Nəriman müəllim mənim həyəcanla arasını açdığım dəftərçənin kitab olmadığını bilir və belə deməklə yeniyetmə şairə dədəboyu verir, kitabı çıxmağın elə də böyük əhəmiyyət daşımadığını, belə bir hadisənin nə zamansa baş verə biləcəyini anladırmış.

O dərnəkdə Nəriman Həsənzadə üstünə çoxlu kəpənəklər qonan gül ağacı kimi idi. Birimizi incitmədi, birimizin xətrinə dəymədi. Gül - üstünə qonan kəpənəkləri heç zaman qovmaz! O bizi həmin vaxtların ən tanınmış yeni nəsil ədibləri ilə görüşdürürdü, yadımda qalanlar - Məmməd Araz, Elçin, Əkrəm, Anar... biz kiminlə görüşmək istədiyimizi dərnək rəhbərinə bir-iki məşğələ əvvəlcədən bildirirdik. Nəriman Həsənzadənin yetirmələri kimlər idi? Əgər siyahı tutmaq istəsəm tam olmaz. Bircə cümlə ilə deyirəm ki, 60-cı illərin sonu, 70-ci illərin ilk üç ilində ədəbiyyata gələn, indi məşhur olan, sevilən şair və yazıçıların demək olar, hamısı onun dərnəyindən çıxanlardır.

Nəriman Həsənzadə yeni ədəbi nəslə təəssübkeşliyini "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olarkən tam ortaya qoydu. Şəxsən mənim kabinetinə girib şeir təqdim etməyə cəsarət göstərdiyim ilk baş redaktor Nəriman Həsənzadə olub. Ümumiyyətlə, bizim nəsil həmin vaxtlarda baş redaktorların kabinetlərinə nadir hallarda ayaq basıb. İşdi-şayət elə bir hal olubsa, adətən, biz kreslosuna mıxlanmış, gözünün qarası çevrilib ağında itən donuq məmurlarla qarşılaşmışıq. Paradoksa baxın ki, bir az aşağı vəzifədəkilər - ədəbiyyat, poeziya şöbələrinə rəhbərlik edənlər, nəşriyyat redaktorları isə daha insafsız idilər və sanki onların vəzifəsi gənc ədiblərin ilk qələm təcrübəsi üstündə at oynatmaq, fitrətdən, bədahətən gələn körpə sətirləri şil-küt etməkdən ibarət idi.

Yazdıqlarından da bəllidir ki, onun - 1 yaşda atasını, 23 yaşı olanda anasını itirən, amma Azərbaycan şeirinin, ümumən ədəbiyyatımızın bağrının başında bir Gəncə çinarı kimi ucalan, bir Poylu dəmir yolunun polad relsləri kimi möhkəmlənən şairin üzərinə basqılar da olmuşdu. Qısqanclıq, gözügötürməzlik təəssüf ki, bizim mühitimizdə hələ də aktual olaraq qalır. Qaragüruh əndişələnir: axı necə ola bilər ki, cılxa bir yetim ədəbiyyata gəlir, "Niyə demədiniz", "Kimin sualı var" harayı ilə o zamana qədər diqqətdən kənarda qalan bədii söz süxurlarını üzə çıxara bilir? Axı o kimdir ki, bu qədər dayanıqlı, bu qədər istedadlı, bu qədər səmimi, xeyirxah, bu qədər tarixi və bu qədər də gələcəyə aiddir?

Mən özümdən xeyli yaşlı, hardasa, kimlərinsə "məsləhəti" ilə "istedadlı" sandığım, indi isə adı heç bir dəftərdə, özləri isə həyatda olmayan bəzilərinin o zamanlar bir ara şairin naxoşladığına sevindiyini hiss etmişdim. İndi budur, Nəriman müəllim 90-ı dizinin altına qoyub 100-ə doğru gedir. Bu hələ azdır, onun poeziya çırağı nə qədər türk dilinin Azərbaycan qanadı var, bir o qədər nur saçacaq. Gərək dövlət, gərək qələm yoldaşları, gərək tənqidçilər heç bir sənətkarı heç vaxt qısqanmasınlar. Əksinə, həqiqəti etiraf edib ona ehtiram bəsləsinlər.

90 yaşa yetişən qüdrətli qələm sahibi, mətbuat xadimi, dövlət adamı, dərnək rəhbəri barəsində söz açarkən xatirələrdən yan keçmək olmur...

 

5

 

O, bütün həyatı və yaradıcılığı ilə səmimiyyəti təmsil edir. Səmimiyyət onun həyat tərzi, yaşamaq üslubudur. İnamla deyirəm, bu üslub bir şairin fərdi dünyabaxışı çərçivəsində elə bir zənginlik dərəcəsinə çatmışdır ki, yeni bir üslub kimi təzahür edir. Nəriman Həsənzadənin poeziyası qədim Azərbaycan şeirinin yeni, unudulmaz şəklidir.

Onun yaradıcılığından söz açan alimlər, ədəbiyyatşünaslar, şair, yazıçı həmkarların hər birinin istisnasız olaraq qeyd etdiyi kimi, forma - şəkil etibarilə bədii ədəbiyyatın əksər, həm də əsas janrlarında ustalıqla qələm çalan ədib - Nəriman Həsənzadə ədəbi düşüncənin hər bir halında şairdir! Onun yaradıcılığının tərkibini, mahiyyətini formalaşdıran, təmin edən anadilli şeirimizin hər üç vəznində (heca, sərbəst və çağdaş biçimli əruz) dəyərli bir irs yaratmışdır.

Milli poeziyamızın nümayəndələri - Fikrət Qoca, Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Məstan Günər, Cabir Novruzla... birlikdə Nəriman Həsənzadə də sosializm-realizmi "ədəbi cərəyanının" pafos və sxematizmindən əhəmiyyətli miqyasda uzaqlaşma dövrünün şairlərindən hesab olunur. Əlbəttə, bir qədər irəliki illərdə yaşayıb-yaradan, bu ədəbi nəslə çətinliklə də olsa yol açan adlar da olmuşdur və onlar bu gün də var. Bu baxımdan, gerçək bədii sözün "poetik hakimiyyətinin" ələ alınmasında Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Qabil, Söhrab Tahir və Nəbi Xəzrinin xidmətləri unudulmazdır. Yeri gəlmişkən, mövzu aktuallığı öz yerində, poeziyanın dəyərini müəyyənləşdirən başlıca meyar nədən danışmaq deyil, necə danışmaqdır. Bu, ilk növbədə, istedad və sənətkarlığın vəhdəti məsələsidir. Başqa sözlə, aktual, yaxud qeyri-aktual mövzu o zaman bədii olur ki, qələm istedadlı insanın əlindədir. Daşıyıcısı estetikadır, ortada ədəbi düşüncənin harmonik təqdimatı var! Əslində, belə yanaşma və yaradıcılıq tərzi bütün bəşəriyyətin poetik düşüncəsi ilə bahəm, Azərbaycan poeziyası üçün də ənənəvi olmuş, Azərbaycan ədəbi-bədii estafeti yüzillər boyu sonrakı ədəbi nəsillərin sərvətinə çevrilənə qədər ustad sənətkarların ürək döyüntüləri ilə gələcəyə daşınmışdır. Biz irəlidə ötəri də olsa bu məqama işarə etmişik. Həqiqi ədəbiyyat naşı yanaşma və bəsit düşüncə ilə düşməndir. Milli ədəbiyyatımızın dövrləşmələrinə həssas baxış bunu aşkar sübut edir. Sovet zamanında minlərlə insan öz imkanı daxilində ədəbiyyatla məşğul olmuşdur. Bu gün də əliqələmlilərin sayı yetərincədir. Ədəbiyyatın qanunu isə dəyişmir: obrazlı düşüncə tərzinin qalibiyyəti! O əsərlər qalıcı olub oxucuların ömürlük sərvətinə çevrilir ki, söz üçün doğulmuş düşüncəli, həssas, kamil şəxsiyyətlərin yaratdıqları bu örnəklərdə minillik ədəbi təcrübə qorunmuş və daha irəli aparılmış, dərindəki bədii düşüncə qatları, obrazlı təfəkkür layları nəinki kəşf edilmiş, hətta faydalılıq baxımından üzə çıxarılmışdır. Ədəbi təcrübə, poetik ənənələr Nəriman Həsənzadənin yaradıcılığını seçir və bəyənir, çünki o, sənətkar ömrünün ən azı 70 ilini ədəbi təfəkkür qanunlarına əsaslanan şüurlu, dərk olunmuş çalışmalara, daim artan, üfüqləri genişlənən, həm də dərinləşən, ecazkar təsir imkanlarını gücləndirən bir yaradıcılığa həsr etmişdir.

 

6

 

O, belə yazırdı:

 

Ürəkdir bu eşqlə qaynayıb-daşan,

Sinəmdə çırpınır alışmaq üçün.

Bir insan ömrünü girov qoymuşam

Bir şair ömrünü yaşatmaq üçün.

 

O, həm də belə yazırdı:

 

Şeir yazdığım gün məğrur oluram,

İlham ki, xəfifcə sinəmə dolur -

Bir şeh damcısıtək büllur oluram,

Dünya dünyada yox, məndə əks olur.

 

İndi çətin bir suala cavab vermək lazım gələcək; bəs yaxşı, Nəriman Həsənzadəni bir şair və şəxsiyyət olaraq seçilmişlərdən edən səbəb (səbəblər) nələrdir, hansılardır? Nəinki onun misilsiz ədəbi yaradıcılığı və bənzərsiz şair xarakteri haqqında təhlil aparan ədəbiyyatşünaslar, hətta onun nəsilbənəsil dəyişib təzələnən oxucularının da hər zaman bu barədə düşündükləri gün kimi aydındır və heç bir şəkk-şübhə doğurmur. Niyə? Ona görə ki, hər hansı bir şairin, yazıçının yaradıcılığını dəyərləndirmək üçün elə bir düşərli kod, cavabı gizlin, o gizlini açmaq üçün zəhmət tələb edən, bütün hallarda mövcud bir sual var ki, o sualın cavabı mənanın özü deməkdir. Yəni biz imkanımız çatan dərəcədə bu suala cavab verə bilsək, o zaman Nəriman Həsənzadənin bir şəxsiyyət və şair olaraq varlığı nədən ibarətdir sorumunu cavablandırmış oluruq.

Bəri başdan onu deyim ki (borcluyam deyim ki), bütün əsərlərində tədqiqatçılıq, elmi-təfəkkür faktoru Nəriman Həsənzadəni Ə.Firdovsi, N.Gəncəvi, H.Cavid kimi korifeylərlə, obrazlı düşünmə, poetik kəşflər Ə.Xaqani, M.Füzuli kimi ustadlarla, poetik dilin, bədii cümlənin sadəliyi və səmimiyyəti Qurbani, Aşıq Abbas, M.P.Vaqif, S.Vurğunla, etiraz və etiraf M.Ə.Sabir və R.Rza ilə və təbii ki, müasirləri olan ən istedadlı qələmdaşları ilə qovuşdurur. Bu baxımdan Nəriman Həsənzadə qədim ənənənin yeni təzahürü, klassik şeirimizin ən layiqli varislərindən biridir. Hər nə qədər olsa da ümumilik məxsusilərdən ibarətdir. Nədir bu məxsusilər? Məncə, başlıca amil odur ki, ustad şairin taleyi ilə yaradıcılığı vəhdət təşkil edir. Yəni bu iki şərtdən biri olmazsa, Nəriman Həsənzadə fenomeni qətiyyən yarana bilməzdi; bu qədər poetik, bu qədər siqlətli və tutumlu...

Nəriman Həsənzadənin əsərlərində onun taleyi, keçilən, həm də çətin keçilən həyat yolunun panoramları bəzən tutqun, bəzən parlaq şəkildə, bütün hallarda bir işıq topası kimi təcəlla edir.

 

Poylu vağzalını xatırlayıram,

Qaraydı onda da bir az qanımız.

Döşəyin yununu tökmüşdü anam,

O il dolmamışdı yun planımız!

 

Bəlkə də bu bənddəki bədii mətləbi dərk etmək üçün indiki oxucu nəsli bir qədər hazırlıqlı olmalıdır. Lakin sovet illərində yaşayan adamlar "qardaş" respublikaların birliyi fonunda nəinki fərdi qaydada insanların, bütöv millətlərin və xalqların əməyinin, alın tərinin, sərvətinin necə istismar olunduğunu müfəssəl və tarixi kədərlə xatırlayırlar. Bu misralarda isə "tarixi kədərlə" taleyin ironiyası içiçədir. Tale notları Nəriman Həsənzadə yaradıcılığının ruhudur. Elə bu səbəbdən cəmi əsərlərində şairin həyatı sirli bir meh kimi dolaşmaqdadır. Məncə, bu, ədəbiyyatşünaslıq baxımından ayrıca bir incələmənin mövzusudur. Yüzlərlə tale sirlərindəki yaşantı fraqmentləri ilə yanaşı (mövzu təsnifatına uyğun biz bunların bir qismi barədə danışacağıq), şairin irihəcmli əsərlərində - "Nabat xalanın çörəyi", "İllər, pillələr, talelər" povestlərində, "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" dramlarında, əksər poemalarında - xüsusən, "Kimin sualı var", "Zümrüd quşu", "Poylu - beşiyim mənim", "Nizami" poemalarında zaman, mövzu, qəhrəmanlar müxtəlif olsalar da hadisələrin baş verdiyi məkan Nəriman Həsənzadənin ürəyidir. Belə bir hal o şairlərdə baş verir ki, sənətkar tarixi, indini və gələcəyi ürəyinin içindən keçirmək qüdrətinə malik olur - Nəriman Həsənzadə kimi...

Və Nəriman Həsənzadənin içindən keçən dünya həm böyük dünyadır, bəlkə də daha artıq, kainatdır, amma bununla belə o nəhayətsizlik vətən şəklində, yurd miqyasındadır. Nəriman Həsənzadənin təsvir və tərənnüm etdiyi vətən həm çağdaş, həm də tarixi məzmun daşıyır. İlkin başlanğıcın dərkinə canatma kamilliyə işarədir. O insanlar öz köklərinin haradan qaynaqlandığını öyrənməyə dartınır ki, onlar əcdad ruhuna şüurlu yanaşmanı missiya sayır, bunu gələcək nəsillər qarşısında borc bilirlər. Nəriman Həsənzadənin vətəni həm doğal, həm də ruhi olaraq mücərrəd deyil, dəlil-sübutu olan təbiilik, doğallıqdır. Şair şəxsən və fikrən vətəni dolaşır, ana yurd, ana beşiklə bağlı elə həssas məqamlara toxunur ki, onun canlandırdığı lövhələr, həzin səslər, yüksəlişlər, axınlar, tərpənişlər, işıqlar və təbii ki, bu vətənə məxsus olanların üzləri, insan mənzərələrinin təəssüratı milyonlarla ürəyi etizaza gətirir. Bu vətənnamələr yalançı pafosdan, ritorikadan, sxematizmdən uzaqdır, onlar nəfəslidir, istidir, hərəkətlidir. Nəriman müəllimin "Seçilmiş əsərlər"inin (7 cild) birinci cildini 1960-lardan 2010-cu ilə qədər yazdığı şeirlərin əsas qismi tutur. Orada üç böyük fəslin tematikası bilavasitə Azərbaycan tarixi, vətənin dünəni, bugünü, şəxsiyyətləri, yurd deyilən varlığın gələcəyinə dair şairanə arzulardır. Burada tarixi şəhidliyimiz də var, Araz miskinliyimiz də, burada xalqın qüruru da var, məğlubiyyəti də, kədəri də var, bəxtiyarlığı da, mərd də var, namərd də, sədaqət də var, xəyanət də... poetik coğrafiya isə Azərbaycanı qarış-qarış dövrələyir və həm də bu Azərbaycan dünyanın mədəni-siyasi atlasında tənha bir ada deyil, bütün türk dünyası ilə çulğaşmış, qaynayıb-qovuşmuş qardaş, dindaş, dildaş, könüldaş və tarixi Azərbaycandır, can Azərbaycandır!

Dedilən üç bölmədən birində, "Ayrılmayan ayrılara salam var" (Cənub həsrəti) fəslində şair özü ilə bərabər, hətta çevrəni də oda-alova yaxan təsirli bir qələmlə yazır.

 

Gözə batır tikanlar

Gəl, ey Babək, hardasan!

Can, məftilli vətənim,

Tikanlı vətənim, can.

 

Çox uzaq illərdə mən ağlı təzə-təzə kəsməyə başlayandan, daha doğrusu, balaca bir uşaq olanda Araz qırağında, həmən o tikanlı məftillərin həndəvərində əlimi şüşə qırığı doğramışdı, barmaqlarımdan qan axa-axa həyətimizə, anamın üstünə qaçanda yazıq qadın məhz o yuxarıdakı misralarda olduğu kimi vaysınmışdı: "Can bala, can, yarana anan qurban! Dünyada nə çətin iş var elə mənim balalarımın başına gəlir".

Məni kəsən balaca bir şüşə qırığı idi, mənim dərdim olsa-olsa nadan bir uşağa məxsus idi. O kəsiyin yeri lap çoxdan sağalıb. Böyük şair isə dərdin fərdi, insani, ifallı intonasiyası içində bütöv bir millətin ağrısını lənətləyir. Bu yara isə sağalmaq bilmir, elə hey qanı axır. Elə ona görə deyirəm ki, Nəriman Həsənzadənin yaradıcılığında xalq ruhunun ahəngindən kənara çıxan bir sətir belə yoxdur. O, xalqca, insanca danışmağı bacaran şairdi, o, təsir edir, kövrəldir, düşündürür.

Bu da onun misralarıdı:

 

Keçdim Culfadakı dəmir körpüdən,

Orda fars dayanıb, burda rus durur.

Qarşıda - ikiyə bölünmüş Vətən,

Ortada - bir Araz, bir namus durur.

("Keçdim Arazı", 1991)

 

Bu bənddəki misralarda şairin özü demiş, "sözün də insan kimi qanı var".

Şairin bütün külliyatı boyu çəkilən misallara bərabər, bəlkə onlardan qüvvətli minlərlə ədəbi yekunlar var ki, onlar da birləşərək həm tarixi, həm də müasir vətənimizin obrazını bütövləşdirir. Şair hər şeydən öncə vətənin ağrılarına nəinki dözmür, qəhrəman bir ruhla onu aləmə car çəkir. Bu, varlığın dərdini rentgen şüaları altında, bir təbib gözü ilə izləməklə müqayisə oluna bilər, axı müqəddəs ağrıların mənbəyi adi gözlə görümnür, adi sözlə izhara gəlmir. Bunun üçün təbii ki, şair qüdrəti, sənətkar təcrübəsi gərək olur. Həm tarixdə, deyək ki, "Kitabi-Dədə Qorqud"dan, türk eposlarından üzübəri, Orta əsrlərdə, yeni dövrdə, başqa sözlə, XIX-XX yüzillik boyu Azərbaycan xalqının başına gələn müsibətlərin mükəmməl draması N.Həsənzadənin yaradıcılığında poetik yekunlar olaraq sərgilənməkdədir. Bu müstəvidə şair üçün vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizə, bu amal uğrunda tökülən qanlar, çalınan zəfər himnləri və təəssüf ki, böyük itkilər fövqəladə bir uğurla tarixi, milli və bədii-estetik şəhadətlər səlahiyyətini təmin etmişdir. Elə buna görə də Nəriman Həsənzadənin:

 

Vətən oddan keçib, alovdan keçib,

Dönmə Vətən oğlu, bu yoldan, and iç!

İstiqlal eşqiylə millət and içib,

And içən millətə, Nəriman, and iç!

 

Mən deyərdim ki, bu şeirin alovlu sətirləri şairin özü ilə bərabər bütün xalqın manifesti kimi səslənir. Elə buna görə də bəndin son misralarındakı "Nəriman" ismini yer üzündə yaşayan 60 milyonluq soydaşımızdan hər hansı birinin adıyla əvəzləsək, ola bilsin ki, qafiyə üst-üstə düşməsin, amma məzmun, müqəddəs andın mənası əsla dəyişməyəcək!

Nəriman müəllimin yaradıcılığında müşahidə olunan çox ciddi məqamlardan biri kürəsəl panoram səciyyəsi ilə bağlıdır. O mənada ki, şairin dünyası sabitqədəm olaraq on illər boyu Şərq və Qərb varlığını heç bir zorluq çəkmədən, tam bir səmimiyyətlə, hay-küysüz alimi-biəməllik etmədən qovuşdurur. Burada hansı eralar, hansı sivilizasiyalar yoxdur? Şairin az qala 60 il bundan irəli qələmə aldığı "Şahid ol, Günəş" poemasının qəhrəmanı Qədir:

 

Dolaşır çölləri dinməz-söyləməz

O öz külüngüylə, öz fırçasıyla

Bəzən bir adamla danışmayan kəs

Danışır tapdığı daş parçasıyla.

 

Məhz, o dünya şöhrətli arxeoloq Qədir Sultanov:

 

İşləyir axşamdan əlində qələm,

Bu bəlkə yüzüncü tədqiqatıdı

Cihaz dilə gəlib danışır bu dəm

Deyir ki, torpağın "Arxey" qatıdı.

 

Qranit büllurdan seçilməyir heç,

Bir an yayınmasın gərək diqqəti.

Burdamı dolaşdı Qara qoç, Ağ qoç,

Hanı ayaq izi Məlikməmmədin?..

Bax belə, zehni və mənəvi kamilləşmə sayəsində poeziyanın arxeoloquna çevrilən Nəriman Həsənzadə qurduğu söz qalasının düz divarlarını möhkəm, etibarlı eləmək üçün gərəkli olan daşın, söz incisinin ardınca lap Çinə, lap Macinə də olsa gedir. Bu, inadkar şairlik missiyasının dərki deməkdir. Elə buna görə də, dediyim kimi, tarix tam şəkildə ədəbi material olaraq şairin əlinin altındadır: Daş dövrü, dəmir dövrü, mis dövrü, mifoloji düşüncə qırıntıları, qədim Yunan-Roma əsatirlərinin içində dolaşan titanlar, Allahlar, Prometey, Zevs, Herakl, Kentavrlar, şəxsən Zevsin özünün doğduğu ilahə Afina-Pallada, Adionis, Sizif, Homer və onun bədii-tarixi düşüncələrinin nəhəng daşlarından sayılan "İliada" və "Odisseya" dilogiyası, Səlcuqlar, Atabəylər, Qafqaz deyilən tarixi, coğrafi və mənəvi əzəmət, Atropatena, Albaniya, Təbriz, Şəki, Şirvan, Qarabağ, qədim və Orta əsr şairləri və onlara məxsus mədəniyyət sərvətləri, Azərbaycan tarixinin ən müxtəlif mərhələləri və şəxsiyyətləri, digər xalqlara məxsus tanınan və tanınmayan nümayəndələrinin obrazları Nəriman Həsənzadənin söz dünyasının məhz hüdudsuzluğu içərisində sərbəst, ibrətamiz şəkildə hərəkətdədirlər. Şair müvafiq qaydada rus və Avropa tarixinə və ədəbi təcrübələrə bələdliyini büruzə verməkdədir. Gəlin, ədalət naminə etiraf edək ki, belə yekunlara nail olmaq, miqyaslı nəticələr yaratmaq dar təfəkkürlərin işi deyil, bu, Nəriman Həsənzadənin timsalında böyük idrakın cəmi, hasili, fövqəladə enerjinin partlayışıdır. Bu, əsl şair hünəridir, bu, Q.Q.Lorka demiş "duenda"dır, yəni zəlzələ, yəni idrakın və ilhamın xeyirxah titrəyişi... Elə bir xeyirxah tərpəniş ki, onun dalğalarında nazil olan nemət, şairin özündən çox, bizə gərəkdir! Doğal çevrə ilə Nəriman Həsənzadənin şair təmasları bir rəssamın geniş, zəngin, fərdi sərgisində tamamilə başqa bir tablonun, bax, dolaşaraq getdiyin o salonda yeni, cazibədar, fərqli bir ekspozisiyanın tamaşasına bənzər; mən müqayisəni belə aparardım. Bu da dəlil:

 

Buludlu, çiskinli açılır səhər,

Günəş şüasını yeridə bilmir.

Sular buz bağlayır,

                        salxım söyüdlər

Yuyub saçlarını quruda bilmir.

 

Sözün düzü, əksər oxuculardan biri olaraq şairin özünü çox, özü haqqında yazıları nisbətən az oxumuşam. Bəlkə də onun yaradıcılığına əsaslanaraq səsləndirdiyim tezislər gerçək tənqidçilər tərəfindən incələnib, çünki şairin uğurları elə qabarıqdır ki, onları görməmək, onları dəyərləndirməmək mümkünsüzdür. Bunu nəzərə alıb daha bir fundamental məqam üzərinə də bir neçə kəlmə yazmaq istəyirəm!

İnsan psixologiyası və həyatı baxımından ən ülvi hisslərin cəmi olan məhəbbət fərdidir, yəni hər insanın sevgisi yalnız onun özünə məxsusdur. Bir çox hallarda təməl qaydaların cızığından çıxan ədəbiyyatda isə məhəbbət bir hiss olaraq fərdi (axı şair də insandır), bir fəlsəfi anlayış olaraq ümumidir. Şair öz məhəbbəti ilə digər məhəbbətləri də estetik faktor olaraq dəyərləndirir. Şair, hətta öz eşqini tərənnüm edəndə də ona məxsus çırpıntılar elə bir şəkildə ifadə olunur ki, bu hisslər başqalarına da nələrisə xatırladır, kimlərisə, hansısa ürək ünvanına səsləyir.

 

7

 

Ötən əsrin 50-80-ci illərinin ortalarına qədər Nəriman Həsənzadə sevən gənclərin ən sevilən şairlərindən olmuşdu. Onun həmin dövrdə yaratdığı sevgi nəğmələri indi də qəlbləri etiraza gətirir.

 

Pəncərəm önündə sular çağlayır,

Xal düşür gecənin aydınlığına.

Qollarım üstündə bir qız ağlayır

İnana bilməyir qadınlığına.

 

...Azalır o bəzən, artır o bəzən,

Sınanır varlığı, yoxluğu üçün.

Bəlkə mən dünyanı sevirəm qəlbən

Qadın təbiətli olduğu üçün!

 

Fəqət, sevgi illər boyu sürsə də, tam xoşbəxtlik deyil, xoşbəxtlik anlarıdır. İş burasındadır ki, bəzən xoşbəxtlik anları dərdlə qoşa addımlayır. Nəriman Həsənzadə bizim ədəbiyyatımızda bəlkə də yeganə şairdir ki, onun vətəni kimi, sevgisi də o taylı-bu taylıdı. Bir tərəfdə bitib-tükənməz gənclik eşqi, məhəbbətin şahlıq dövrü, o biri tərəfdə isə taleyin tərs şapalağı, təbiət tərəfindən pozulmuş nikah, Sara xanımın itkisi, faciəsi... Bu da ana, yar itirən atanın boylu-buxunlu, yetkin balalarına çaldığı layla:

 

Daddım acısını şirin həyatın,

Hələ bu acıdan doyan olmayıb.

Qızım, qardaşınla sən olmasaydın

Deyərdim dünyada anam olmayıb.

 

Sara xanım dərdə düçar olandan məzara gömülənə qədər şairin ondan betər çəkdiyi acıları ifadə edən poetik silsilə, ağılar, elegiyalar silsiləsi əslində, dərd haqqında deyil, dözüm haqqındadır. Nəriman Həsənzadə ülvi məhəbbətin qəsdinə duran ölüm haqqında ölümsüz nəğmələr yazaraq sevgisinin qanını yerdə qalmağa qoymayan, ölümdən intiqam, qisas alan şairdir!

 

Ailəmiz, uşaqlar,

Sadəcə çay süfrəmiz...

Xoşbəxtlik axtarmışıq

Xoşbəxt ola-ola biz.

 

Nəriman Həsənzadənin "Sara nəğmələri" mərsiyə deyil, ağı deyil, təmiz sulu çeşmə içindən boylanan su çiçəkləri, dərya zanbaqlarıdır.

 

Gözləyirəm, gələn yoxdu,

Gözüm yollarda qalıbdı.

Bilə-bilə soruşaram,

Gör, anan harda qalıbdı.

 

...Qulağıma gəlmir səsi -

Sönüb ürəyin həvəsi...

Evdən köçüb ev yiyəsi,

Şəkli divarda qalıbdı.

 

Hələ siz baxın, dərinlikdən ucalıq, zülmətdən işıq necə törəyir:

 

Yer üzü vətəndi, qəbr də vətən,

Bu gözün ağıdı, o qarasıdı.

Lakin bu dünyada olmayıb deyən

Bunun vətən hansı, qürbət hansıdı!

 

Dünya ilə təkbətək döyüşdə qalan şairə elə gəlir ki, bu vəziyyətdə yerin üstündən daha çox, yerin altı vətəndi.

 

De, necə yatırsan məzar içində,

Sən ki qısqanırdın bir ara məni.

Bu qədər qadınlar, qızlar içində

Necə qoyub getdin, ay Sara, məni?

 

Bu, göz yaşı içində, dərd əlindən havalanıb gülməkdi:

 

Mən səni sevdim ki, sevin, qaç, oyna,

Yenə seçilməsin ətrin bahardan.

Demədim təzədən gizlənpaç oyna,

Axşam yuxuma gir, səhər qaç, ordan...

Şairin, mən deyərdim ki, bu müqəddəs mövzuda yazdığı şeirlərin əksəriyyətinin təəssüratı itirilmiş sevgi şəklindədir. Dünyada nə varsa, nə gözə görünürsə, hamısı onu xatırladır - Sara xınımı!

Nəriman müəllimin yaradıcılığının tədqiqatçılarından biri - professor Buludxan Xəlilov hesab edir ki, Azərbaycan mühitində meydana gələn bir çox dastanlar məhz böyük sarsıntının bəhrəsidir. Onun gümanına görə, zaman keçəcək Sara və Nəriman dastanı da mövcud olacaq.

Mən isə hüzünlü düşüncədən bir az uzaqlaşmaq üçün deyirəm ki, artıq iki bəlli müəllifi olan bu dastan var. Onu onlar yaradıblar, yüksək insani keyfiyyətlərin daşıyıcısı Sara xanımın ruhu və şair Nəriman Həsənzadənin dözümlü qələmi!

Bəlkə Nəriman müəllim də, Buludxan Xəlilov da belə bir fikrə görə mübahisə edərlər: məncə, bizim dastanlarımızda fabula, süjet xətti xeyli dərəcədə sadəlövhdür. Onları zənginləşdirmək ona görə mümkün olmur ki, bu fərdi məsələ deyil, bu missiya zamanın və el yaddaşının üzərindədir. Amma "Sara-Nəriman" dastanı var, qüdrətli bir şairin taleyi və qələmi ilə hasilə gələn bu dastanın şeirləri arasına şairin və onun böyük sevgisinin həyat hekayətləri, nəsr mətnləri düzülsə, kifayətdir!

 

8

 

Nəriman Həsənzadənin sənətkarlığı kifayət qədər haqqında yazılıb, qısaca olaraq bildirmək yerinə düşür ki, onun mövzuları nə qədər rəngarəng və genişdirsə, bədii düşüncənin ifadə formaları da bir o qədər şaxəli və fərqlidir; şair, nasir, publisist, dramaturq Nəriman Həsənzadə qoşmanın, bayatının, 11-lik şeirin, gəraylının, müxəmməsin, ustadnamənin, divaninin əvəzsiz nümunələrini yaratmış, pyeslər, nəsr əsərləri, ədəbi qeydlər qələmə almış, ürəyi istəyəndə atını sərbəstdə, hətta əruz ladları üstündə səyirtmişdir. Onun yaradıcılığı Azərbaycan xalqına məxsus zəngin sərvətdir.

Deyəsən, yazının əvvəlində səsləndirdiyimiz sualımıza cavab aydınlaşır?

Nədir Nəriman Həsənzadənin şair uğurlarının təminatçısı? Bunlar çox sadə həqiqətlərdir. Bir şərtlə ki, bu sadə həqiqəti kamil bir sənətkar, müdrik bir şəxsiyyət ifadə edir.

O insan ki, yeganə və etibarlı söykənəcəyi istedaddır.

O insan ki, Allah-taala ona şair taleyi yazıb.

O insan ki, zəhmətə qatlaşaraq elmini və mənəviyyatını kamillik səviyyəsinə yüksəltməyi bacarıb.

O insan ki, sözün tam mənasında Azərbaycanın tarixini, indisini sevən, gələcəyinə daha ümidlə baxan vətəndaşdır.

Və Nəriman müəllim 90 yaşında da həyata, insanlığa, dünyaya sevgiylə doludur.

Yəqin ki, hər oxucu Nəriman Həsənzadənin sənətkar və şəxsiyyət fenomenini yaradan yuxarıdakı şərtləri öz bilgisinə görə başqa sayaq sıralaya bilər. Qoy olsun. Onsuz da toplananların yerini dəyişəndə cəm dəyişməyəcək, eyni nəticə alınacaq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!