Dil və yabançılaşma - Orxan ARAS

Orxan ARAS

   

    "Dil - millət deməkdir"

     İohann Gottlieb Fiçte

 

Bir neçə il əvvəl, Mir Mövsüm Ağanın İçərişəhərdəki evinin qarşısındakı skamyada istirahət edirdim. Yan tərəfdə iki xanım əyləşib söhbət edirdilər. Bir anda evin qarşısında oynayan iki uşaq bir-birilə rus dilində mübahisəyə başladılar. Müzakirə alovlandıqda həmin xanımlar onlara müdaxilə etdilər. Bundan əvvəl aralarında Azərbaycan türkcəsində danışırdılar. Uşaqlarla rus dilində danışmağa başladılar. Onları diqqətlə izləyirdim. Uşaqlardan biri yanıma gəldi. Mən gülümsəyərək "salam" dedim, o da güldü və "salam" dedi. Bir az söhbət etdikdən sonra ana dilinin çox zəif olduğunu başa düşdüm. Ona verdiyim sualların çoxunu başa düşmədi. Nəhayət, anası "oğlan rus məktəbinə gedir və Azərbaycan dilini yaxşı bilmir", - dedi.

- Siz azərbaycanlısınız? - deyə soruşdum.

- Bəli, biz azərbaycanlıyıq, - dedi.

Baxışlarımdan və istehzalı təbəssümümdən oğlu ilə rusca danışmasından razı qalmadığımı anlayan qadın əsəbiləşdi. Mənə bir müəllim kimi mədəniyyət, ədəb-ərkan, rus dilinin əhəmiyyəti, Tolstoy, Dostoyevski, Moskva haqqında dərs deməyə başladı. Dediklərinə o qədər inanırdı ki, nə dəsəm, faydasız olacaqdı. O anda arxa divara qonmuş quşları göstərdim.

"İndi bu quşlar qəfildən pişiklər kimi miyovlamağa başlasalar, nə edərdiniz?".

Qadın təəccübləndi. "Niyə təəccübləndiniz?", - deyə soruşdum və davam etdim:

- "İstər Tanrı deyin, istərsə də təbiət yaradan hər varlığa fərqli bir danışıq, çağrı, işarə üslubu vermiş. Daha uşaqlıqdan insanların dili, damağı, burun dəlikləri və dişləri danışacaqları dilə görə şəkilləndirilir. Ancaq təsəvvür edin ki, itlər "bu pişiklər çox təmizdir, biz onlara oxşamalıyıq və miyoldayacağıq", quşlar, "insanları qorxutmaq üçün hürməliyik," desələr, necə olardı?

Ruslar, əlbəttə ki, Tolstoy, Dostoyevski ilə qürur duyacaqlar. Ancaq o dildə danışsanız da, Tolstoy heç vaxt sizin olmayacaq".

Bizim taleyimizdə, nədənsə, həmişə yabancılaşma və yadlara qarşı heyranlıq var. 1300 il əvvəl ucaldılmış Orxon abidələrində belə, türklərin necə qısa müddətdə yadlaşması barədə yazılar yazılmışdı. Bu əsrin əvvəllərində yaşayan və Azərbaycan ədəbiyyatında, sivilizasiyasında böyük izlər qoyan Zeynalabdin Tağıyev, Cəlil Məmmədquluzadə, Topçubaşov, Ceyhun Hacıbəyli kimi dəyərli şəxsiyyətlərin nəvələri, nəticələri tamamilə yadlaşdı, dilini, mədəniyyətini unudaraq yad adlar aldılar. Ümmülbanu Banin "Qafqaz günləri" kitabında o dövrdə yaşayanların öz dillərinə və dinlərinə necə nifrət etdiklərini çox açıq bir şəkildə izah edirdi. Ancaq Banin Parisdə yaşadığı zaman məşhur rus yazıçısı İvan Bunin Fransada yaşayan öz xalqının əlindən tutmağa çalışır, rus dili və mədəniyyəti uğrunda mübarizə aparırdı. Hətta Parisdə taksi sürən ruslar, rus dilində bir qəzet də buraxırdılar.

İspaniyada anadan olub orada böyümüş və indi 39 yaşında olan Romanovlar nəslindən Böyük Dyuk Georgi Romanov, doğma Rusiyada doğulmasa da, ana dili rus dilini unutmamışdı.

Ana dilinin insan şəxsiyyəti üzərindəki əhəmiyyətini araşdıran alman alimi Fiçte, Almaniyada bir toxucunun səkkiz övladından biri idi. Əvvəlcə ilahiyyatı öyrənməyə başladı. Bir müddət sonra Leypsiqə getdi. Leypsiq o dövrdə Almaniyanın ən önəmli mədəniyyət mərkəzlərindən biri idi. Orada filosof İmmanuel Kantla tanış oldu. Bu tanışlıq onun həyatında dönüş nöqtəsi oldu. Üzərində uzun müddət işlədiyi "mən" fenomenini Kantdan öyrənmişdi. O, fəlsəfə üzərində işləyərkən, "Dil"in insan beynini və dünyagörüşünü necə formalaşdırdığını gördü və "Alman Millətinə Müraciət" adlı əsərində "fəlsəfənin dili almanca və dolayısıyla fəlsəfənin vətəni Almaniya" olduğunu iddia etdi. Ona görə dil və dili əhatə edən bütün ifadələr bir millətin təsvirindən başqa bir şey deyildi.

Əlbəttə ki, almanlar Fiçtedən əvvəl dilin milləti formalaşdırdığını və müstəmləkəçiliyin dilin tənəzzülü və məhvi olmadan heç vaxt həyata keçməyəcəyini bilirdilər. Bu səbəbdən özünü Müqəddəs Roma İmperatoru kimi görən Habsburq kralı I Ferdinand 1620-ci ildə Belaqoradda çexləri məğlub etdikdə, ilk işi onların dilini qadağan etmək və bu dildəki bütün kitabları yandırmaq oldu. Çexlər kiçik bir xalqdı. Dobrovski, Kollar və Yunqmann kimi aydınları yazdıqları alman dilini tərk edərək müstəmləkəçiyə ən böyük silləni vurdular. Bütün kitablarını Çex dilində yazmağa başladılar və millətlərini diriltdilər.

Günümüzün ən varlı və firavan ölkələrindən biri olaraq göstərilən Finlandiya 1800-cü illərdə Rusiya ilə İsveç arasında daima əl dəyişirdi. Təhsil, dil və mədəniyyət demək olar ki, sıfırlandı. İnsanlar rus, İsveç dillərində danışırdılar və müstəmləkə ölkəsinin insanları kimi olmağa çalışırdılar. Fin milləti nəsli kəsilməklə üzləşmişdi. Ta Urallardan gətirdikləri və türkcəyə bənzəyən fin dili gün keçdikcə daha da zəifləyirdi. Almanlar adı su ölkəsi olan Suamiyi bataqlıq yeri olan "Finlandiya" olaraq adlandırdılar. Ancaq finlərin bəxti gətirdi. Yox olmaq ərəfəsində Snellman adlı bir qəhrəmanı çıxartdılar.

Snellman İsveçdə anadan olmuşdu. Stokholmda fəlsəfə öyrənmişdi. İsveç və Almaniya universitetlərində dərs demişdi.

O, ani bir qərarla 1855-ci ildə Helsinkiyə qayıtdı. Məhv olan fin dili və mədəniyyəti az qala onu köməyə dəvət etmişdi. Bir işçi kimi, insanları maarifləndirməyə və kilsədə, baraklarda və sahələrdə fin mədəniyyətini və dilini izah edərək Finlandiyanı canlandırmağa çalışdı. Bu təhsil səfərbərliyi ilə fin xalqını diriltdi.

Rus yazıçısı Qriqori Petrov, Finlandiyanı istismar edən Rusiyaya məxsus bir yazıçı olsa da, bu qəhrəmanı epos kimi tanıdan bir kitab yazdı. Kitab "Ağ Zanbaqlar Ölkəsində" adlanırdı. Kitab anında bütün dünyada tanındı və sevildi. Kitab, mədəniyyəti və dili təhlükə altında olan, bədbin bütün millətlərə günəş işığı kimi görünürdü. Kitabı oxuyanlar yenidən ayağa qalxmaq üçün cəsarət tapdılar və hər biri Snellman olmağa çalışdılar.

"Ağ Zanbaqlar Ölkəsi" kitabını bolqar əsilli pedaqoq Əli Heydər Taner 1928-ci ildə türk dilinə tərcümə etdi. Atatürkün əmri ilə kitab 1930-cu ildə latın əlifbası ilə yenidən çap olundu. Kitab o qədər diqqəti cəlb etdi ki, 1936-cı ildə Təhsil Nazirliyi kitabın nəşrini öz üzərinə götürdü və bütün məktəblərə pulsuz payladı. Hətta hərbi məktəblərdə də tədris olundu.

İohan Vilhelm Snellman bu kitabda fin gəncliyinə müraciət edərək deyirdi:

"Ey fin gənci! Sənin vəzifən topu yüksəkdən vurmaq deyil, Finlandiya millətinin ləyaqətini yüksəltməkdir".

Finlandiya gəncləri bu qəhrəman təlimçinin tövsiyələrini dinlədilər və fin dilini dünya dillərindən birinə çevirərək Finlandiyanın ləyaqətini yüksəltdilər. Fin dili Arto Tapio Paasilinna, Frans Emil Sillanpyaya (1939-cu ildə Ədəbiyyat üzrə Nobel Mükafatı almış), Mika Valtari kimi böyük yazıçılar yetişdirdi.

Azərbaycan 170 illik müstəmləkə dövrü ərzində kifayət qədər qurbanlar verdi. Ən önəmli ziyalılarını öldürdülər. Ana dilində danışanları təhqir etdilər və cahil kimi qələmə verdilər. Əslində, 1940-cı illərdən sonra tədricən ədəbi dillərini də dəyişdirdilər. Bütün bu ağrı və təzyiqlərə tab gətirən Azərbaycan Cavid və Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər yetişdirdi. Gün gələcək Azərbaycan finlərin Snellmanı kimi bir şəxsiyyət də yetişdirəcək və xalqının uşaqlarına ana dilində danışmağın şəxsiyyət, kimlik, qürur, millət olmaq olduğunu öyrədəcəkdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!