«Əli və Nino» gizlinləri - Sərvaz HÜSEYNOĞLU

"Əli və Nino" gizlinləri, yaxud danıldıqca anılan həqiqətlər

Sərvaz HÜSEYNOĞLU

 

Bitməmiş müzakirə...

 

Professor Bədirxan Əhmədlinin "Ədəbiyyat qəzeti"nin 28 noyabr 2020-ci il tarixli "Orxan Arasın Əsəd bəy - Qurban Səid gerçəklikləri" məqaləsini dərin təəccüb hissilə oxudum. O səbəbdən ki, hörmətli professor bəhs etdiyi tədqiqatda müəllifin "faktların köməyi, təhlili və təkzibedilməz arqumentlərlə" çıxış etməsindən bəhs edir, ancaq bu "təkzibedilməz faktların" nədənliyi üzərinə gələndə ümumi, uzun illərdən bəri ədəbi cameyə tanış olan fikirlər üzərində dayanır. Hörmətli professor araşdırmanın ən dəyərli tərəfi kimi onu göstərir ki, müəllif ilk dəfə olaraq M.Əsəd bəyin alman mətbuatında dərc edilən məqalələrini digər əsərləri ilə müqayisəli şəkildə araşdırmışdır. Ancaq görməzdən gəlir ki, görkəmli ədəbiyyatşünas, professor Pənah Xəlilov illər öncəsi məhz bu yolla getmiş, eyni zamanda böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin ayrı-ayrı illərdə yazıb çap etdirdiyi əsərlərindən yüzlərlə seçmələrin "Əli və Nino" romanında eynilə işlənilməsindən bəhs etmiş, müqayisələr aparmışdı. Eyni zamanda, hörmətli professor qeyd edir ki, Əsəd bəyin anasının yəhudi olması səbəbilə bir çox tədqiqatçılar onun milli mənsubiyyəti haqqında yanlış mülahizələr yürütmüşlər. Deyək ki, belədi... Ancaq professor özü də Məhəmməd Əsəd bəyin atasının kim olması məsələsinin üstündən dərin bir sükutla keçir.

Hörmətli professor heç nəzərə də almır ki, son onilliklərdə bir sıra araşdırmaçılar tərəfindən birdən-birə və fövqəladə şəkildə israrlı (bəzən də təhdidli) şəkildə gündəmə gətirilən "Qurban Səid, Məhəmməd Əsəd bəydir" qənaəti barədə daha çox tarixi arxiv materiallarına söykənən sənədlər tam başqa söz deyir. Məsələn, vaxtilə "Almaniyada Azərbaycan İstiqlal Komitəsi"nin rəisi kimi fəaliyyət göstərmiş Hilal Münşi bəyin məruzəsində deyilənlərə nəzər salaq: "Əslən Kiyevdən olaraq, özünə yalandan "Əsəd bəy ismini verən və guya Bakı zadəganlarından birinin oğlu olduğunu qeyd edən bir fırıldaqçı (24-25 yaşlarında) 1930-cu ildə Almaniyada bulanıq bir əsər nəşrinə müvəffəq olmuşdur... Bu zadəgan hərifin "Əsəd bəy" deyil, Leo Nissenbaum və "dədəbəyi" atasının da Abraham Nissinbaum olduqlarını həm Berlin polisi və həm də xariciyyə nəzarəti meydana çıxardılar..." ("Kurtuluş" 1935-ci il, N.7-8, səhifə 214).

Diqqət yetirməyi vacib bilirik ki, bu fikirlər Lev Nissenbaumun (yaxud Məhəmməd Əsəd bəy deyilən şəxsin) sağlığında, yəni vəfatından 7 il əvvəl səsləndirilib və sözügedən qəzetdə dərc edilib. Adına Məhəmməd Əsəd bəy deyilən şəxs isə bu yeddi il müddətində deyilənlərə qarşı heç bir fikir dilə gətirməyib. Eyni zamanda yuxarıda adıçəkilən Hilal Minşi bəy sıradan biri deyildi, o, "Almaniyada Azərbaycan İstiqlal Komitəsi"nin rəisi vəzifəsinə dahi bəstəkarımız Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin təqdimatı və tövsiyəsi ilə qəbul edilmişdi. Yəni yetərincə etibarlı, geniş məlumatı və əlaqələri olan şəxs idi... 

Üstəgəl, yenə də adına Məhəmməd Əsəd bəy deyilən şəxsin öz sağlığında Berlin Universitetinin professoru, doktor K.Yetke (bəzi mənbələrdə Yeşke) yazırdı ki, "Nissenbaum adlı bu adam mötəbər bir müəllif kimi qəbul edilə bilməz". Və qeyd-şərtsiz Hilal Münşi bəylə həmrəy olduğunu israrla qeyd edirdi: "Kiyev yəhudisi Leo Nissenbaumun taxma Əsəd bəy adı altında 1930-1931-ci illərdə çıxartdırdığı iki əsəri təəssüf doğurur (Azərbaycan Yurt Bilgisi, 2-ci Kanun, 1934-cü il, N-25).

Əlavə faktlar, yazılı mənbələr də var... Məsələn, o, 1926-1933-cü illər ərzində öz məqalələrini çap etdirdiyi "Die Literarische Velt" adlı alman ədəbi jurnalında çap etdirdiyi avtobioqrafik yazısında oxuculara inandırmağa çalışır ki, "Mən alman müəllifiyəm" ("Die Literarische Velt", 30 yanvar, 1931-ci il, hissə 7, N-3, səh.4).

Həyat yoldaşı (və hələ sağlığında ikən onu müalicə edən həkimə qoşulub qaçan) Erika isə boşanma zamanı qəzetlərdə yazırdı: "O mənə ərəb şahzadələrinin soyundan gəldiyini demişdi. Ailə qurandan sonra öyrəndim ki, o, sadəcə, Lev Nissenbaumdur". ("Nyu-York Deyli Nyus", 28 noyabr, 1937-ci il, səh.20). 

Əsəd bəyin milliyyətcə gürcü ("Nyu-York Tayms", 27 mart 1932-ci il, səh.10), rus ("Nyu-York Tayms", 21 avqust 1933-cü il, səh 11), fars ("Vəniti Feə" jurnalı, 1935-ci il, sentyabr, səh. 16) və s. olması haqqında yazılı mənbələr var və bir daha təkrar edirik, maraqlıdır ki, bu yazılanların hamısı adına Əsəd bəy deyilən bir yazarın sağlığında tirajlanıb. Necə ola bilib ki, öz milli mənsubiyyətinə dəyər vermədən o, bütün bu yazılıb, çap edilənlərə qarşı bircə kəlmə olsun belə etiraz etməyib? Eyni zamanda, öz əlləri, öz dəst-xətti ilə yazdığı tərcümeyi-halını belə başlayıb: "Rus dəmiryolçularının birinci etiraz tətili günü Avropa ilə Asiya arasında, rus çölünün ortasında anam qatarda gedərkən vaqonda anadan olmuşam".

Təsəvvür edin, haqqında gah Lev (Leu) Nissenbaum, gah Məhəmməd Əsəd Bəy deyə bəhs olunan bu şəxsin hal-hazırda Bakı Milli Arxiv İdarəsində saxlanılan orta məktəbin aşağı sinfində oxuduğu illərdə rüblük nəticəni bildirən qiymət cədvəlində aldığı qiymət "qeyri-kafi"dir. Yəni "2". Yalnız pedaqoji şuranın qərarı ilə ona verilən bir illik möhlətdən sonra bu qiymət "3"lə (kafi) əvəzlənmişdir. Yəni haqqında Əsəd bəy deyilib car çəkilən adam Azərbaycan dilini bu qədər bilirmiş.

Xalq yazıçısı Anar bu insandan "Məhəmməd Əsəd bəy, Qurban Səid imzalı Nissenbaum familiyalı, adı bəzən Lev kimi təqdim edilən, əslindəsə, Yakov Abramoviç olan" bir şəxs kimi bəhs edir. (Bax, "Ədəbiyyat qəzeti", 26 fevral 1996-cı il).

"Onun (Əsəd bəyin - S.H.) valideynlərinin nikah şəhadətnaməsində göstərilir ki, atası Abram Leybusoviç Nissenbaum (Tiflis vətəndaşı) və anası Belarusiyadan Basya Davidovna Slutzkidir... Lev Nissenbaumun valideynlərinin nikah şəhadətnamələri Bakıda yox, Tiflisdə qeydə alınıb. Bu nikah 1904-cü il oktyabrın 24-də Sinaqoqda Levin adlı bir rabbi-yəhudi din xadimi tərəfindən elan olunub. Həmin nikah şəhadətnaməsindən məlum olur ki, bu nikahdan bir ay öncə - sentyabr ayında daha 3 yəhudi cütlüyü Tiflisdə nikaha daxil olmuşlar".

Bu fikirlər araşdırmaçı Betti Bleyerə məxsusdur. Yeri gəlmişkən, vaxtilə B.Bleyerə qarşı hörmətli professor Bədirxan Əhmədovla eyni mövqedən çıxış edən N.Atəşi də tədqiqatlarına xüsusi dəyər verdiyi Cəmil Bəyə istinadən qeyd edirdi: "Əsəd bəyin anası Aişə Slutzki (əslində, Basya Davidovna Slutzki - S.H.) islam dinini qəbul etmiş rus-pravoslav idi... Slutzkilər ailəsinin üçüncü qızı isə Əsəd bəyin "Nessim dayı" çağırdığı A.Nissembaumla ailə qurub". Və guya, əslində, bu Nissembaum (yenə də guya, Əsəd bəyin xalasının yəhudi əri -  S.H.) səhvən Əsəd bəyin atası kimi göstərilən Abrahimdir. Belədə isə təbii sual ortaya çıxır: Bəs onda Əsəd bəyin atasının adı nədir? Əgər belə bir ad varsa, o zamanının evlər idarəsinin qeydiyyat kitabına həmin adam hansı gün, ay və il tarixi, hansı yaşayış ünvanı ilə düşüb? Düşübsə, bu ipucu yenə də yəhudi ünvanına aparıb çıxarmır ki? "Dayı"nın adını qəbul edirik, ananın və xalanın yəhudi olduğunu qəbul etdik. Özünün Kiyevdən gələn qatar vaqonunda dünyaya gəldiyini Məhəmməd Əsəd bəy deyilən şəxs özü yazır (anası Leninin və Stalinin gizli rəhbərliyi altında Bakıda nəşr edilən qəzetdə çalışırmış). Bəs onda gerçək dayıların, bibilərin adı nə idi... Hər halda, bu sıradan təkcə onun alman mənşəli tərbiyəçisinin adı məlumdur. Başqa heç nə...

Həqiqət olansa budur ki, bu sirli insanın imzasıyla dönə-dönə nəşr olunan dünyalarca məşhur "Əli və Nino" romanının əslində, görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin qələminin məhsulu olması haqqında da tutarlı dəlillər  mövcuddur. Əvvəla, Yusif Vəzir hələ Kiyevdə təhsil alarkən ermənilərin Azərbaycan nağıllarını öz adlarıyla çap etdirdiyini görmüş, böyük xeyriyyəçi H.Z.Tağıyevin yardımı ilə mətbəədə "Məlikməmməd nağılı"nı tərcümə edib, Əli Xan imzasıyla çap etdirmişdi. İkincisi, Yusif Vəzir 1907-ci ildə çap etdirdiyi xatirələrində qeyd ki, oxuduğu məktəblə üzbəüz evin pəncərəsindən "N" adlı qız ona baxıb gülümsünür və kartla fala baxırdı... Deməli, söhbət xristian bir qızdan gedir. "N" hərfinin açması "Nina"da ola bilər. Üçüncüsü, Yusif Vəzirin nəsli Seyid idi və "Səid" adının buradan gəlməsi daha ağlabatandı. Yusif Vəzir Şuşada doğulub böyümüşdü və Şuşa həyatını daha gözəl bilirdi. Səfir işləmişdi, dövrün-zamanın gedişini yaxşı bilirdi. Betti xanımın yazdığı kimi, "ermənilərlə konflikt də daxil olmaqla, Azərbaycanın problemlərilə bağlı səhifələrə nüfuz etmiş çox dərin duyğuları" 14 yaşında Bakını tərk etmiş bir uşağı - Əsəd bəyi (yaxud Lev Nissenbaumu) düşündürəcək məsələ deyildi. "Bu, xəyallarla yaşamış, mübarizə aparmış bir insana aid ola bilər. Bütün bunlar Yusif Vəzir Çəmənzəminliyə aiddir və bunların izinə onun romanlarında, hekayələrində, oçerklərində, xüsusilə də gündəliklərində rast gəlmək mümkündür" (B.Bleyer).

Bunu təkcə B.Bleyer demir, görkəmli türkiyəli alim-araşdırmaçılardan Mustafa Türkəqul, Yavuz Akpınar, professor Pənah Xəlilov, Xalq yazıçısı Qılman İlkin, şair-tərcüməçi Abbas Abdulla Hacaloğlu, professor Tofiq Hüseynov və başqaları da yazıb, Y.Vəzirin əsərlərindən üst-üstə düşən, çox vaxt eyni olan çoxsaylı müqayisələr əsasında etibarlı dəlillər gətiriblər. Bu müqayisə - nümunələrin sayı yüzdən yuxarıdı, böyük abzaslar təşkil edir.

Çox istərdim ki, hörmətli professor Bədirxan müəllim dünyalarca məşhur "Əli və Nino" romanının gerçək müəllifi barədə fikir yürüdərkən bu məqamlara da göz atmış olaydı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!