Knyaz Sisianovun qətli süjet elementi kimi (M.Xəzani, A.Bakıxanov, A.Düma, S.Vurğun, Q.İlkin, Elçin) - Rüstəm KAMAL

Rüstəm KAMAL

Y.M.Lotmanın bir məqaləsi var - "Ölüm süjet problemi kimi" adlanır. Böyük alim həmin məqalədə ölüm probleminin bütün mədəniyyət tarixi üçün aktuallığını göstərir.

Azərbaycan tarixinin Xanlıqlar dövrü qanlı cinayətlərin və terrorun salnaməsidir: Pənah xan, İbrahimxəlil xan, Hüseyn xan Mustaq, Cavad xan, Molla Pənah Vaqif, Ağa Məhəmməd şah Qacar... Nəhayət, gürcü əsilli rus generalı knyaz Pavel Sisianovun öldürülməsi salnamə süjetlərinin "qətl-terror" kodunu təskil edir.

Amma knyaz Sisianov o tarixi şəxsiyyətlərdəndir ki, onun ölümü tarixi, ədəbi-bədii yaddaşımızda qalmaqdadır. Rus generalının qətli müxtəlif janrların (tarixnamə, poema, səyahətnamə, tarixi-etnoqrafik oçerk, poema, roman) mövzusu olur. "Qarabağnamə"lərə daxil edilən əksər salnamələrdə Bakı hakimi Hüseynqulu xan tərəfindən knyaz Sisianovun öldürülməsi süjet komponenti kimi keçir. Bu mətnlərdə knyazın qətlə yetirilməsi yalnız  tarixi - mədəni dəyərə malik deyil, həm də salnamələrin süjetsünaslar baxımından tədqiqi üçün maraqlı mənbələrdir.

Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağı"ndan başlayaq: "Təfsili-məqal bu ki, çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə gedib yetişiblər. Hüseynqulu xan hakimi-Badkubə bənayi-məkr və hiylə qoyub, əvvəla zahirdə itaət məqamına gəlib, vədə edibldər ki, bir gün sərdari-əzəm qəleyi-Badkubənin həvalisinə gələ, Hüseynqulu xan dəxi hüzura varid olub, əhd və itaətin güftugusunu təmam edələr. Heç vaxt sərdari-əzəmin xatirinə gəlməz idi ki, Hüseynqulu xandan və onun tabelərindən şöylə xəlaf və şəni əfal əmələ gələ. Qəzadan sərdari-əzəm iki nəfər bəyzadələri ilə ki, birisinin adı Ənbərbar knyaz imiş, Gürcüstan knyazlarından və birisi dəxi bəyzadə imiş və sərdarın hüzurunun müqərribləri ola. Mükalimə məqamına təşrif aparırlar. Bir İbrahim bəy adlı ki, Hüseynqulu xanın əqvamından idi, iki nəfər də  əlahiddə adamlar ilə məxfi pusquda imişlər, nagah namərdldik edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları ilə qətlə yetirib, ədavət nəğməsini və müxalifət təbilini büləndavaz elədilər. Dəzxi bu sanihəni Qızılbaşiyə dövlətinə xədamati-cəlilə və xülusi-cəmilədən hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı Qızılbaş dövlətinə irsal və izhar elədilər" (M.Xəzani. "Kitabi-tarixi-Qarabağ").

Həmin hadisəyə salnamə müəlliflərinin emosional, etik və bir az da siyasi münasibəti də gözdən yayınmır. Hüseynqulu xanı namərdlikdə suçlayanlarda tapılır. "Sərdar durub Hüseynqulu xanın çadırına gəldi. Çadırda onunla danışıq aparıb müşavirə etdilər. Hüseynqulu xan öz qalasının açarını gümüş məcməyidə sərdarın qabağına qoydu. Söhbət əsnasında Hüseynqulu xanın qohumlarından İbrahimbəy adlı birisi əvvəlcədən verilən göstərişə görə Hüseynqulu xanın işarəsilə namərdlik edib sərdarı tapança gülləsi ilə yaraladı. Bu yaradan sərdar oradaca vəfat etdi" (Mirzə Yusif Qarabaği. "Tarixi-safi").

A.A.Bakıxanov xan nəslinin nümayəndəsi kimi Bakının istilasına və süqutuna (faciəsinə) gətirmiş həmin hadisəyə biganə qalmamalıydı. Amma göründüyü kimi "tariximizin atası" general Sisianovun ölüm səhnəsini xəsisliklə quru informativ dillə təsvir etməklə işini bitmiş hesab edir: "Sərdar hicri 1220-ci (1806) ildə şübatın (fevralın) 2-də qalanın yanında Hüseynqulu xan ilə təslim olmaq haqqında danışıq aparırdı. Bu zaman sülh və müsalimət qanunu xilafinə olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırığı ilə onun birisi oğlu İbrahim bəy ibni-Məhəmmədhüseyn xan ibni İmamqulu xan Dərbəndinin əlində öldürüldü. Başı qatilin atası ilə şahın hüzuruna göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə getdilər" (A.Bakıxanov. "Gülüstani-İrəm").

Şuşa şəhərinin tarixinə dəxli olmasa da, Həsən İxfa Əlizadə Bakı qalasında baş vermiş hadisəyə - Sisianovun qətli ilə bağlı səhnəni də xatırlamalı olur. Bəlkə qətl paralelləri onda assosiativ uyğunluq yaratmışdı: Şuşa qalasında Ağa Məhəmməd şah Qacar, Bakı qalasında general Sisianov öldürülür.

Knyazın qanı Qoşa Qala qapısı ağzında tökülür. Həmin yerdə, ölümündən 40 il sonra ona abidə qoyulur. Özü də erməni Tomas Ayvazovun ianəsi hesabına!

Abidə yalnız "memorial" - qətl hadisəsinin nişan yeri deyil, həm də tarixin daş "mətni" idi. Məşhur fransız yazıçısı A.Düma Bakıya səyahətini Qala qapısı ağzında Sisianovun abidəsi ilə tanışlıqdan başlayır: "İsmət və bəkarət rəmzi olan Qız qalasına gəlməmişdən qabaq başqa bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüstanın canişini general Sisianovun abidəsi idi. O, Bakını mühasirəyə aldıqda Hüseynqulu xan şəhəri təslim etməzdən əvvəl, guya öz şərtlərini bildirməkdən ötrü generalla görüşmək arzusunda olduğunu bildirmişdir.

Ermənilər Sisianovu xəbərdar etmişdilər ki, görüş zamanı onu öldürəcəklər. Sisianov özünü Sezar kimi cəsur göstərmiş və "Buna cürətləri çatmaz" - demişdi. Xan görüşə gələn generalın başını qılıncla vurmuşdu.

Bakılılar bu işə tam qalmış, şəhərin və onların üstünü alan təhlükədən qorxub xanı ruslara təslim etmək  istəmişlər. Lakin xan İranda özünə sığınacaq tapmış, şəhər isə rusların əlinə keçmişdir" (A.Düma. "Qafqaz səfəri").

Sisianov obrazı S.Vurğunun "Aslan qayası" poemasında mifoloji prinsip məhəbbət dastanının - "Mahnigar və Aslan" əfsanəsinin kompozisiya strukturlarından birini müəyyənləşdirir.  Yeri gəlmişkən, A.Dümanın "Qafqaz" əsərinin tərcüməsində görkəmli alimimiz prof. Q.Paşayevin bir izahat qeydi diqqətimi çəkdi. "Əfsanəyə görə, Sisyanovu Hüseynqulu xanın qızı Mahnıgarın xahişi ilə sevgilisi Aslan adlı gənc öldürmüşdür. Demək lazımdır ki, S.Vurğunun "Aslan qayası" poeması da "Mahnigar və Aslan" əfsanəsinə əsaslanır".

Poemada tarixi fabula əsasında hadisə planı arxaik mif qanunları ilə nəql edilir. S.Vurğuna görə, Qala divarları yanında tarixi hadisə deyil, kosmoloji dram baş verir.

Böyük şairimiz simvolik kodla dastan təhkiyəsini ustalıqla birləşdirərək fərqli bədii gerçəklik yaradır. Sisianovun ölümünü xalq qəhrəmanına - Aslana "həvalə edir".

 

"Sadiq qullarına şöhrətli çarın

Knyaz Sisyanovdan salam aparın!" -

Deyərək, açara qürurla baxır...

Aslanın başından tüstülər qalxır,

Qan onun beyninə sıçrayır birdən.

Açarı knyaza təslim edirkən

Çalır xəncərini onun köksünə.

Alqış tarixdəki o şanlı günə!

Al! - deyir - payını, soruşma nədir -

Çara "qullarından" ilk hədiyyədir!..

 

Xalq yazıçısı Qılman İlkin bədii-publisistik üslubda yazdığı "Bakı və bakılılar" kitabında Bakı tarixinin bu maraqlı epizodunun intriqa macəra  ruhunda təqdim edir: "Bir azdan cavab əvəzinə xanın nümayəndəsi qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:

- Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.

Hüseynqulu xanın qaladan çıxması çox uzun çəkir. Sisanovun səbri tükənir və polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən şəhər darvazası açılır və Hüseynqulu xan öz yaxın adamları - İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi polkovnik Eristovla birlikdə qoşundan qabağa çıxır. Onları təkcxə bir kazak müşayiət edir. Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub öldürür. Xanın o biri adamları isə polkovnik Eristovu öldürürlər" (Q.İlkin. "Bakı və bakılılar").

Xalq yazıçısı Elçinin "Baş" romanında knyazın qətlini Mahmud bəylə knyaz Elizbar Eristov yerinə yetirirlər. Sonra isə Qəssab Balarzanın qəssab kötüyü üstündə onun başını bədəndən ayırırlar, torbaya qoyub İran şahına göndərirlər...

"Baş" romanında Sisianov özünün ölüm obrazı ilə öncə "bütün bədənini üşüdən" yuxusunda görüşür. Beləliklə, roman süjetində Sisianovun real və virtual ölümü eyniləşir: "Birdən-birə siyrilmiş xəncərin yuxudakı o qaranlıq içində işıldaması ilə o xəncərin knyazın qarnına soxulması bir oldu və qarnına yeridilmiş o xəncərin biz soyuqluğunu knyaz elə yuxuda ikən hiss etdi..." (Elçin. "Baş"). Məşhur fransız psixoanalitiki Jak Lakan bu tipli ekzistensial modusu "iki ölümarası" adlandırırdı. Elçinin Sisianovu da "iki ölüm arasında" vurnuxur.

Y.Lotman həmin məqaləsində yazır: "məqsəd anlayışı özündə mütləq hansısa bu hadisənin sonu haqqında təsəvvürü ehtiva edir". Elə knyaz Sisianovun tərcümeyi-halı kimi - əvvəli və sonu olan bir hadisədir.

Əcəl onsuz da Sisianovu çoxdan hərləyirdi. Cavad xanın ruhu və məktubunda son sözü onu qarabaqara izləyirdi. "Bədbəxtlik sizi Pereburqdan izləyə-izləyə buraya çəkib gətirib. Allahın yardımı ilə sizin bədbəxt olduğunuz məlum olacaqdır. Vəssalam".

Onsuz da 1803-cü ilin noyabrında Cavad xanın general Sisianova ünvanladığı həmin məktubda ilahi hökmün mütləq yerinə yetəcəyinə inanırdı...

Qan yerdə qalmır. Cavad xanın şəhid oğlu Hüseynqulu bəyin qisasını Bakı hakimi Hüseynqulu xan alır...

General Bulqakov knyazın meyitini o zaman Bakıda yeganə xristian kilsəsi olan erməni kilsəsində torpağa tapşırır. 1811-12-ci illərdə Gürcüstan canişini olmuş Markiz Pauliççi generalın nəşini Tiflisə gətirib, Sion kilsəsində, erməni general Lazarevin yanında  dəfn edib (Vikipediya).

...Sisianov küçəsinə 20-ci illərdə qətlə yetirilmiş Əli Bayramovun adı verilir. Bu gün həmin küçə Qarabağda şəhid olmuş Təbriz Xəlilbəylinin adını daşıyır.

Bu isə artıq Bakı tarixinin mistik süjetlərindən biridir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!