Dramaturgiyamızın Axtarışları

Vaqif YUSİFLİ

Müasir Azərbaycan dramaturgiyasının banisi - əlli il ərzində Azərbaycan teatrının repertuarını xeyli dərəcədə zənginləşdirən İlyas Əfəndiyevin vəfatından sonra dramaturgiyamızda böyük bir boşluq, ya çat yaranıb, biz heç də o fikirdə deyilik ki, Azərbaycan teatrı öz ənənələrindən uzaqlaşıb və biz heç də o fikirdə deyilik ki, dramaturgiyamız müasir həyat məsələlərinə biganədir... Hər bir ədəbi janrın zamanla, ictimai-siyasi proseslərlə, daha geniş mənada - quruluşun, formasiyanın dəyişilməsiylə bağlı özünün də yeni bir inkişaf mərhələsinə daxil olmağı şübhəsizdir.

Müstəqillik dövrü dramaturgiyaya da öz mövzularını gətirdi. Həyat, ictimai münasibətlər dəyişmişdi. Həm sosializmdən keçən neqativlər, həm də kapitalizmin özü ilə gətirdiyi və insanların hələ alışa bilmədiyi bir çox "yeniliklərini", müəyyən xaosun, hərcmərcliyin, mənəvi erroziyanın yaranmasını, bir sözlə, təzadlı dünyanın Azərbaycana məxsus mənzərəsini Elçin "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Dəlixanadan dəli qaçıb", "Mən sənin dayınam" komediyalarında əks etdirdi. İkimininci illərdə isə Elçin "Qatil", "Şekspir", "Cəhənnəm sakinləri", "Teleskop", "Arılar arasında" pyeslərində tragik və komik situasiyalar, gərgin və dramatik hadisələr bir-birini əvəz edir. Elçinlə yanaşı, Əli Əmirlinin, Firuz Mustafanın, Afaq Məsudun, Elçin Hüseynbəylinin, ikimininci illərdə isə İlqar Fəhminin, Aydın Talıbzadənin dramaturgiyaya gəlişi maraqlı dram əsərləri ilə diqqəti cəlb etdi.

İlk növbədə, biz də belə bir suala cavab verək ki, bizim dramaturgiyada müasir həyat və müasir insan necə əks olunur. Dram əsərlərinə (dəxli yoxdur, onlar teatrların repertuarında yer tutub, yoxsa yox) müraciət edək.

Təkcə görkəmli nasir kimi deyil, həm də görkəmli bir dramaturq kimi tanıdığımız Anar "Şəhərin qış gecələri" pyesini ("Azərbaycan", 2019, №10) 20 Yanvarın 30 illiyinə həsr edib. Yəqin ki, xatırladınız: yetmişinci illərdə Anar "Şəhərin yay günləri" pyesini yazmışdı və o pyes gəmidə oturub gəmiçi ilə dava eləmək gücündə idi. Anar o dövrün sosial mənzərəsini, mənəvi-əxlaqi problemlərini bu pyesdə əks etdirirdi və ali məktəb müəllimi Qiyas Zeynallının obrazında öz əqidəsindən dönməyən, əgər təbii caizsə deyək ki, ideal bir insan obrazı yaratmışdı. Anar o qəhrəmanı "Şəhərin qış gecələri"nə gətirir, yenə həmin adam, dəyişilən zəmanədir, Qiyas Zeynallı isə dəyişməyib, indi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparır. Əlbəttə, bizə - tamaşaçılara məhz belə ədəbi qəhrəmanlar hava və su kimi lazımdır. Görəsən, yeni nəsil dramnəvisləri öz əsərlərində müasir həyatda, cəmiyyətdə, yaşadığımız mühitdə baş verən hadisələri, müasirlərimizin duyğu və düşüncələrini necə canlandırırlar?

Əli Əmirlinin pyeslərindən başlayaq. Əli Əmirli artıq bir dramaturq kimi öz yaradıcılığının zirvəsindədir, əsərləri teatrların repertuarından düşmür. Onun pyesləri, əgər belə demək mümkünsə, major tipli, yəni yüksək əhval-ruhiyyə ilə qələmə alınan pyeslərdir. Əli Əmirlinin "Meydan", "Ağqoyunlular və Qaraqoyunlular", "İyirmi ildən sonra", "Premyera", "Köhnə ev", "Kişi və qadın", "Varlı qadın", "Bəla-bəla sözündəndir?", "Onun iki qabırğası", "Yeddi məhbusə", "Sevgilim Sumqayıt" pyeslərinin mövzusu müasir həyatdan alınmışdır. Doğrudan da, tənqidçi-teatrşünas Aydın Talıbzadənin qeyd etdiyi kimi, Əli Əmirlinin pyeslərində müstəqillik dövrü azərbaycanlılarının sərgüzəştləri süjetin məzmununu təşkil edir. Özü də bu əsərlərin janrı Əli Əmirlinin təyini üzrə müəyyənləşdirilir: "Bala-bəla sözündəndir?", "Varlı qadın", "Kişi və qadın", "Onun iki qabırğası", "Yeddi məhbusə", "Köhnə ev", "Premyera" komediya, "Ağqoyunlular və Qaraqoyunlular" məhəbbət dramı, "Gözəllik imperiyası" nikbin dram, "Sevgilim Sumqayıt" şəhər dramı adı ilə təqdim olunur. Hansı janra üstünlük verdiyini Əli Əmirli özü yaxşı bilir, göründüyü kimi, o, komediyaya daha çox meyil edir və doğrudan da, onun komediyalarında gülüş boldur, məzhəkə üstünlük təşkil edir. Onun gülüş hədəfləri isə çoxşaxəlidir: ailələrdə, iş yerində, ümumiyyətlə, kiçik bir məkanda baş verən və doğrudan da, gülünc hadisələrlə, anlaşılmazlıqlarla şərtlənən olaylar və bütün bunların iştirakçıları olan insanların hər birinin öz komediyası diqqəti cəlb edir. Əli Əmirli yeni dövrün qayda-qanunlarına, əsasən pul, var-dövlət üstündə bərqərar olan maddi üstünlüyünə dözməyib əzab çəkən insanların ağlamalı vəziyyətlərindən faciə yox, komediya düzəldir. Çünki faciədə tragik qəhrəman, tragik konflikt və tragik ölüm əsas rol oynayırsa, komediyada komik obraz, komik situasiyalar olması mütləqdir. Əli Əmirli komediya və dramlarına yaşadığımız dövrün panoramasını gətirməyə çalışır və əlbəttə, buna müəyyən dərəcədə nail ola bilir...

Keçək Firuz Mustafanın dramaturji yaradıcılığına. Əli Əmirli kimi o da dramaturgiyaya nəsrdən gəlib və hər iki janrda ədəbi fəaliyyətini davam etdirir.

Firuz Mustafa çox məhsuldar işləyir, yazdığı dram əsərlərinin sayına görə birincidir, Azərbaycanın Lope de Veqası olmağa can atır. 35 il ərzində bircə Akademik Dram Teatrından başqa, Azərbaycanın bütün teatrlarının qapısı onun üzünə açıq olub. Hətta son illərdə Türkiyədə, Rusiyada və Ukraynada da pyesləri tamaşaya qoyulub. Bu yazıda onun bütün dram əsərlərindən söhbət açmaq mümkün deyil, yalnız bəzi pyeslərinə müraciət edəcəyik ki, onlar bizim zənnimizcə, F.Mustafanı müasir bir dramaturq kimi səciyyələndirir.

Firuz Mustafanın pyeslərini iki bölgüyə ayırmaq olar. Birinci bölgüyə müasir dram mədəniyyətini əks etdirən, həyatı, gerçək aləmi, müasirlərimizi dram vasitəsilə mənən saflaşdıran, təkcə ədəbiyyatın deyil, həm də teatrın yaddaşında yaşaya biləcək əsərlər daxildir. İkinci bölgüyə isə məzmunca əksikliyi olmayan, yəni müəyyən bir fikir aşılayan, lakin dramaturji nöqteyi-nəzərindən nisbətən zəif təsir bağışlayan pyeslər daxildir. Təbii ki, bir belə "məhsuldarlığın" - əllidən artıq pyeslərin içində hər şey gözəl ola bilməz, hər şey istəyincə alınmaz. İkimininci illərin əvvəllərində yazdığı "Qəfəs", "Tabut", "Ağıllı adam", "Dəhliz", "İlğım, "Müqəvva", "Qara qutu" pyesləri, zənnimizcə, Firuz Mustafanı bir dramaturq kimi tanıdan, onun həyat hadisələrini həm simvolik, həm də real şəkildə canlandıran əsərlərdir. Bu əsərlər bir sıra maraqlı hekayələri ilə diqqəti cəlb edən Firuz Mustafanı dramaturq kimi də tanıtdı və onun pyesləri çox tezliklə teatra yol açdı.

Firuz Mustafa da komediya janrına müraciət edir və hələ 2004-cü ildə "Komediyalar" adlı kitab da nəşr edib. Onun "Qarışqa tələsi", "Safari", "Kişiləri qoruyun" komediyalarında müəyyən əxlaqi məsələlər qoyulur və deyək ki, Firuz Mustafa bu komediyalarda janrın tələblərinə müəyyən dərəcədə əməl edir, çalışır ki, təqdim etdiyi obrazların (hansı ki, ailədə, yaşadıqları mühitdə, cəmiyyətdə, əxlaqi məsələlərdə hədd bilmirlər) mənəviyyatsızlığını nəzərə çarpdırsın. Və buna az-çox nail ola bilir. Amma bizim fikrimizcə, Firuz Mustafa bir dramaturq kimi komediyalarında yox, ciddi planda yazılan və müasir həyatın problemlərindən söz açan dramlarında daha çox uğur qazana bilir. Məsələn, son illərdə qələmə aldığı "Fotoqraf" və "Marian çökəkliyi" pyesləri, gülüşü bol, amma məzmunu kasıb komediyalarından (deyək ki, "Vida marşı"ndan) bizə daha xoş təsir bağışladı. Onun 2019-cu ildə "Azərbaycan" jurnalında çap olunmuş "Payız meşəsində vals" pyesi göstərdi ki, Firuz Mustafa bu gün dramaturgiyada nadir hallarda müraciət olunan hərbi vətənpərvərlik mövzusunda sanballı əsər yazır.

Əli Əmirlidən və Firuz Mustafadan sonra dramaturgiyada bir imza da diqqəti cəlb edir və biz onun simasında təkcə əruza, klassik ədəbiyyata, qəzələ meyilli olan, povest və romanları ilə də müasir nəsrimizdə də özünün fərdi üslubuyla, əsərlərinə gətirdiyi obrazların real və inandırıcılığı ilə, maraqlı süjet qurmaq kombinasiyası ilə seçilən, publisistikasında isə həm müasir dövrü (Bakı və bakılılar), həm də orta əsrləri, (məsələn, Səfəvilər sülaləsini, qədim şəhərlər) əks etdirən bir yazıçı obrazı ilə qarşılaşırıq. Həmçinin o, bir sıra kino-serialların da ssenari müəllifi kimi tanınır. Onun istedadı dramaturgiyada da öz bəhrəsini verməyə başlayır. İlqar Fəhminin dram əsərlərində bir cəhəti xüsusi vurğulamaq istəyirəm. O da bundan ibarətdir ki, İlqarın dram əsərlərində obrazların düzgün tənzimlənmiş hərəkət ritmi ilə yanaşı, onların hər birinin özünəməxsus həyat tərzi və düşüncə meyarı var. Bu baxımdan İlqar Fəhminin bir pyesində bir obraz digərinə bənzəmir.

Burada biz Afaq Məsudun da "Qatarın altına atılan qadın" tragik dramına müraciət etmək istəyirik. Afaq Məsudun hələ on beş il əvvəl "Azərbaycan" jurnalında çap etdirdiyi "Can üstə" pyesi təkcə keçmişdə və indiki zamanda baş verən hadisələrin, personajların bir-birilə zidd münasibətləri üzərində qurulmayıb, həm də bu münasibətlərin kökünün, mahiyyətinin açıqlanması da süjetdə özünə yer tapır. Can üstə bir qoca - vaxtilə kommunist liderlərindən biri idi, o, hələ dünyasını tərk etmək fikrində deyil, sübut etmək istəyir ki, onun dövranı hələ keçməyib, insanlara elədiyi zülmlərə, haqsızlıqlara həmişə haqq qazandırır, deyir ki, bunu eləməliydim. Qoca onu yoluxmağa gələn yazıçı qadına da "tutarlı" iradlar söyləyir, ən qorxulusu odur ki, qoca tək deyil, keçmişi və qocanı yaşadan mühit bu günün içində də yaşayır. Afaq Məsudun "Qatarın altına atılan qadın" pyesi də keçmişlə bu günün arasındakı ziddiyyətləri əks etdirir.

Son illərin dramaturgiyası haqqında bu icmal yazımızı nikbin notlarla bitirmək istəyirik: Azərbaycan dramaturgiyası yeni bir inkişaf mərhələsindədir. Dramaturgiyada yeni imzalar, yeni adlar görünür, teatrda isə klassik ənənələr də yaşayır, yeni, novator meyillər də... Oxucuları dram əsərləri ilə tanış olmağa, tamaşaçıları isə teatra dəvət edirik...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!