Mövcud zamanın görünmədiyi ədəbiyyat...Povest -2019 - Aynur XƏLİLOVA

 

    Hər bir ilin ədəbi mənzərəsi, onun haqqında ədəbi-tənqidi və ictimai fikir həmin il oxucuya təqdim edilən faktik bədii materiallar əsasında formalaşır. Bəs 2019-cu ildə povest janrında çap edilmiş hansı əsərlər günümüzün maraq və gerçəkliklərinə köklənə bildi, ədəbi cameədə nə ilə yadda qaldı və ümumiyyətlə, yadda qala bildimi?

   2019-cu ildə nəşr olunmuş İlqar Fəhminin "çaparaq roman" kimi təqdim etdiyi "Gürgan şərabı" povesti Umberto Ekonun "Fukonun yayı" əsərindən müəyyən bəhrələnmə, Əbdürrəhim bəy Haqverdiyevin "Pir" hekayəsindən isə dekonstruktiv üsuldan istifadə yolu ilə qələmə alınmışdır. Hər iki əsərdə ("Pir" və "Gürgan şərabı") avara həyat tərzi sürən oğul başqaları kimi var-dövlətli olmamaqlarının səbəbini atasında görür. Bu məqamda aparılan müqayisə sözügedən dövr və cəmiyyətin ümumi mənzərəsilə bağlı təsəvvür yaratmaq baxımından maraq doğurur: "Pir" hekayəsində Əhməd atasını nə üçün öz yaşıdları Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev kimi, "Gürgan şərabı"nda isə xalq artistləri kimi varlı və şöhrətli olmadığına görə günahlandırır. Oxşar cəhətlərlə yanaşı, Əhməd obrazındakı dəyişilmələr, mistik məzmunun qabardılması, keçmişə münasibət, şifahi epik ənənədən yararlanma və s. "Gürgan şərabı"nı "Pir"dən fərqləndirən amillər kimi izah olunur. Hər iki əsərdə Əhməd pul qazanmaq üçün fırıldağa əl atır, torpağın altından lağım ataraq əncir ağacının altında gizlincə şam yandırıb "Şeyx Cavad Piri" adı ilə pul qazanan Əhməddən fərqli olaraq, "Gürgan şərabı"nda gördüyü yuxu və dostu İsabalanın qohumundan qalma qədim kitab haqqında söylədiklərinin təsirindən Əhməd çoxillik yaşı olan tənəklərin üzümündən çəkdiyi şərabdan heç nə əldə edə bilmir. İnsanları qazanc məqsədilə bu üzüm bağı və ondan çəkilən şərabın qeyri-adiliyinə inandırmaq üçün İsabala ilə cəlbedici miflər, mistik əfsanələr, şoular düzüb-qoşan Əhməd getdikcə özü də bu mistikanın içində itib-batır. Keçmişilə bu şəkildə alver edib pul qazanmaq istəyən Əhməd keçmişin yadigarı olan üzüm meynələrini döğrayıb yandırmaqla daha böyük səhv edir. Son bir neçə ayda hər gün Xəzərin sularının altında yerləşən "Günəş məbədi"ni görmək ümidilə saatlarla dənizi seyr edən Əhməd bu hadisədən sonra müəmmalı şəkildə, çox güman ki, elə dənizin sularında da qeyb olur.

  Murad Köhnəqalanın "Zamanın üst küçəsi" povesti 5 yaşlı Zeynəbin atası, anası, kiçik qardaşı və özündən ibarət ailələri ilə sanki oxucunu tanış etmək əhvalında yazılmışdır. Simvolika və nağıl elementlərinin müşahidə olunduğu mətndə rənglər, xüsusilə bayrağımızı simvolizə edən rənglər vasitəsilə bəzi məqamların mətnaltı vurğulanması qabarıq şəkildə diqqəti çəkir. Zeynəbin bulud pinəçisi olan atası da ən çox bu üç rəngdə olan saplardan istifadə edir. Povestin əsas məğzi ailənin şəhərin Keçmiş, Gələcək və İndiki küçələrinə gəzintisini təsvir edən hissəsində əksini tapmışdır. İşini layiqincə yerinə yetirdiyinə görə qiymətli medal və diplom alan, insanlara xeyir verdiyini düşünən, uşaq kimi özünü nağıllar aləmində hiss edən bulud pinəçisi İndiki kücədə gəzinti zamanı sanki nərdivanla qalxdığı göylərdən yerə enərək içərisində mövcud olduğu əsl həyatla, gerçəkliklə indicə üzləşibmiş kimi gördüyü mənzərədən mənəvi-psixoloji sarsıntı keçirir, yaxasında bərq vuran medalı dilənçi ananın qucağındakı körpəyə verir, evə döndükdən sonra isə diplomu parça-parça edib tabdalayır. "Mən anamdan soruşdum ki, atam niyə bu qədər əsəbləşib? Anam mənə belə dedi:

- Mən nə vaxtsa, gəncliyimdə "Bulud pinəçisi adlı bir əsər oxumuşdum. Son cümləsi belə idi: "Bil ki, romantika real həyatla toqquşanda sınaraq çilik-çilik olur..."

Qan Turalının "Fəza səyahəti dərsləri" povestində daha çox müəllifin din, təkkə-təriqət, aşıq ədəbiyyatı və klassik irslə bağlı yozum və mülahizələri verilməklə yazıçının Allah, mövcudiyyət və yaşamın idrakı kontekstində həqiqət axtarışları əks olunur. Əsərdə şifahi epik ənənədən, dini mənbələrdən... bəhrələnmələr mövzunun açımı və məqsəd-məramın çatdırılmasına xidmət edir. "Ömrü boyu həqiqəti axtaran bir adam axırda həqiqəti dağlar qoynunda olan bir mağarada tapır. Bu həqiqət qoca, üst-başından kir tökülən cındır içində bir adam imiş. Adam qocadan soruşur ki, gedim insanlara nə deyim? Qoca da cavab verir ki, get onlara yalan danış... mən də Abbasa deyirdim ki, burada qalaq, mən Şeyx olum, o da mücərrəd, oturaq bütün günü öz işimizlə məşğul olaq, yerimiz də rahatdı. Abbas mənim bu çarəmə riyakarlıq kimi baxırdı..."

  Əslində, insanın Yaradana bütün varlığı ilə ibadət edib ruhən daha yaxın olması və Ona doğru can atması üçün ayrı-ayrı təkkə, təriqətlərə bölünməyə nə ehtiyac var? "Peyğəmbərin zamanında niyə təkkə yoxuydu? Niyə Peyğəmbər özü təkkədə qalmırdı? Niyə əshabələri təkkədə olmurdu?" İnsan gizlində təkkədə də zina, günah işlədə bilər, başqa yerdə də. Digər tərəfdən, Allah insanın bu aləmdən özünütəcrid halında yaşamasını buyurmamışdır. Allahı sevmək, haramdan uzaq olub Onun buyurduğu kimi yaşamaq, nəfsinə qul olub şeytani varlığa çevrilməmək isə insanın mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlı məsələdir.

Qan Turalının "Fəza səyahəti dərsləri"ni müəyyən oxuculara hesablanmış intellektual əsər adlandırmaq olar. Povest müzakirələrə yol açmaqla və oxucunu bu kontekstdə konkret mənbələrə yönəltməklə maarifləndirici xarakter daşıyır.

  Yaşar Bünyadın "Azan gəmilər limanı" povestində ötən əsrin 90-cı illərinin əvvəllərində cəbhədəki döyüşlərdən, xüsusilə də "oblava"dan yayınıb Rusiyaya qaçan gənclərin oradakı arzuolunmaz həyat tərzi təsvir olunur. Atasının istəyilə Rusiyaya gedən Qismət orada bir çox çətinliklərlə üzləşir, bir neçə ildən sonra vətənə dönmək istəyəndə isə yaxın bildiyi kəslər pulunu oğurlayıb özünü də qışın şaxtasında qalın qarla örtülmüş meşəyə atırlar.

Povestdə gənclərin belə vəziyyətə düşmələrinin səbəbkarı kimi həmin fərarilərlə yanaşı, bəlkə də daha çox, onların ataları günahlandırılır. "Nə bilmək olardı, bəlkə mənim alın yazım hünər göstərmək, şəhid olmaq idi?! Kim qəhrəman doğulur ki? "Mənim əsgər balam, kişi balam!" deyərdin uşaqlıqda, noldu?! Qoymadın kişi kimi yaşayıb kişi kimi ölməyə...

...Məgər analar oğulları "düşmən çəpəri" deyə doğmurlarmı? Vətən yoxdursa, oğul, düşmən yoxdursa,  çəpər nəyə, kimə gərəkdi?!

   Əsərdə Qismətin daxili-psixoloji yaşantıları, keçmişlə bağlı xatirələri bədii və canlı təsir bağışlayan təsvir effektivliyilə diqqəti çəkir.

"Əzabdan qurtulan hər kəsə" epiqrafı ilə başlayan povestdə kiçik yaşında kolxoz bostanından üç-dörd pomidor-xiyar götürdüyü və qarovulçunun onu tutub kolxoz idarəsinə apardığı üçün "Hər zatıqırığın qənşərində məni üzüqara etməyin qalmışdı! Mənim oğlum harama əl uzatmamalıdı, eşitdin?! - deyib atası tərəfindən "it küçüyü kimi zingildəyənə qədər" döyüldükdən sonra onsuz da "xroniki qorxu sindromu"na düçar olan Qismət yad ölkədəki çətinliklərdən qurtulub təsadüf nəticəsində ölümdən dönsə də, burada başına gələnlər fiziki və mənəvi-psixoloji ağrı-əzab kimi onu hər zaman müşayiət edəcəkdi.

Qismətin daxilindəki doğma yurd-ocaq həsrəti donmuş canına həyat işartıları gəldiyində onun şüuraltı yaşantılarında təsirli və obrazlı-bədii şəkildə təsvir edilmişdir: ""Boyuna qurban, həyətə ayaqyalın niyə çıxmısan? Qışdı, donar ayaqların keç içəri... sobanın yanına... Eşitmirsən?"

Bir az yorğun, bir az soyuq olsa da, bu səsi milyon səsin içindən seçərdi! Anasıydı. Elə yalvarırdı ki, keç içəri!.. Necə keçəydi, ayaqları sözünə baxırdı ki?..

"Demişdim sənə, qayıt... Söz verdin axı? Hələ burdasan? Bura bataqlıqdı, qayıt... Hələ gec deyil, oğul, gec deyil..."" Bu isə yad ölkədə hər şəraiti, var-dövləti olan, lakin xoşbəxt olmayan, xoşbəxtliyin yalnız doğma yurdla bağlılığını çox-çox sonralar dərk edən Xıdır kişinin səsi idi.

"...Qar dizəcən, bu kişi niyə yer belləyir, özü də tuman-köynəkdə?..

...Eheyy!.. Hay versənə, eheyyy!.. Ba-ba! Bu nə haldı? Nağılların bitdimi, baba? Eheyy!.. Biri vardı, ancaq biri... Mənim nağılım indi başlayır, baba..."

Qismətin yorğun və ölgün gözlərini açıb güclə eşidiləcək bir səslə dediyi ilk sözlər də - "Anamı istəyirəm", "Evə... e...evimizə istəyirəm..." sözləri olur.

Məmməd Orucun bioqrafik məzmunlu "Malakan kəndinin payızı" povesti əsas obrazının ömrünün səksəninci onilliyində yazmağa başladığı gündəliyinə əsasən həyatının yaddaqalan məqamlarını əks etdirir.

"Xəzan" jurnalında çap olunan Samid Ağayevin "Ləvəngi" povestinin əsas obrazı kiçik yaşlarından ata qayğısından məhrum böyüyən, indi isə artıq 57 yaşında olan,  Rusiyada yaşayan azərbaycanlıdır. Onları atdığına görə atasını heç vaxt bağışlaya bilməsə də ürəyinin dərinliyində atasını görmək, onun necə biri olduğunu bilmək kimi hər kəsdən gizli saxladığı hisslər onu hətta 57 yaşında da tərk etmir.

Povestdə torpaqlarımızda, xüsusilə, fars və rus imperiyalarının maraqlarının kəsişdiyini göstərən bəzi tarixi məqamlar diqqətə çatdırılsa da, bu məqamlar ümumi süjetlə lazımi bağlılıq yaradıb o qədər də qaynayıb-qarışmır.

Arif Ağaların ailə-məişət mövzusunda olub bir qadının taleyindən bəhs edən "Talenin sınağı" povesti üslub problemi, daxili-psixoloji hala varmaması ilə obrazın yaşantılarına oxucunu o qədər də inandıra bilmir. Nizami Kolanlının Qarabağ mövzusunu da içəriləyən "Sevgimizə vəfasız oldun"u nəzərdə tutulan məzmun baxımından onu povest janrına aid etməyə imkan versə də, həcm, bədiilikdən və təhkiyədə olması gərəkən təsvirlərdən uzaq, qaçaraq nəqletmə janr etibarilə qeyri-müəyyənliyinə gətirib çıxarır.

Xaliq Azadinin "Məhəbbətin gözü kor deyil" povestində müəllif bir ailənin timsalında məlum Çernobıl qəzasında radiaktiv şüalanmanın təsirindən dünyasını dəyişmiş, əlil olmuş insanları, ölü, yaxud şikəst doğulmuş körpələri, yarım qalmış arzuları və bütün bunların insan psixologiyasına təsirini təsvir edir. Müəllifin ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı nankor və bədniyyət əməllərinə nəzər yetirən "Bəydəmir ocağı" isə mövzu, süjetin quruluşu baxımından diqqəti çəksə də, inversiyadan qeyri-professional istifadənin və bəsit cümlələrlə nəqletmənin rast gəlindiyi bir sıra məqamlarda sanki uğursuz tərcümə təsiri bağışlayır.

Bədii yaradıcılıqda xüsusilə bu günkü dönəmdə əsas amil müəllifin oxucuya çatdırmaq istədiyi mesaj və onun içərisində yaşadığımız zaman üçün nə dərəcədə gərəkliliyi məsələsidir. Elə bu əsas məqam da əsərin ideyasını müəyyənləşdirir ki, müəlliflər bəzən bu amilin vacibliyini unudurlar. Belə deyilə bilər ki, yazıçı hər hansı bir əsəri yazarkən qarşısına heç də həmişə hansısa ideya-məqsəd qoymur. Təbii ki, bu fikirlə razılaşırıq. Lakin əsl yazıçının ortaya qoyduğu bədii mətn istər-istəməz özü-özlüyündə oxucuya bir mesaj ötürür. Yazıçının əvvəlcədən, yaxud yazı prosesində müəyyənləşdirdiyi və ya özündən asılı olmadan daxili "mən"inin səsi kimi təzahür edən mesajı sonda onun mövzuya münasibətini və əsərin ideyasını ortaya qoymuş olur. 2019-cu ildə çap edilmiş povestlərdə, bəzi istisnaları çıxmaqla, bu vacib amil o qədər də müşahidə olunmur. Janrın ümumi mənzərəsi isə göründüyü kimi, bəzi istisnalarla, sönük olub, mövzuların o qədər də aktual olmaması, sənətkarlıq problemləri və nəticə etibarilə də ədəbi tənqid və oxucu marağını cəlb etməməsi ilə xarakterizə olunur. Təxminən, son 3 ildə ortaya qoyulan bir sıra povestlər təkcə mətnin özü ilə bağlı deyil, hətta bir qədər də geniş aspektdə - sözügedən janrla bağlı müqayisəli və tipoloji şəkildə təhlillər aparmağa, onları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının məhsulu kimi xarakterizə etməyə imkan verirdisə, 2019-cu ildə isə tam tərsinə, müəlliflər tərəfindən XXI əsr insanının təfəkkürü, intellekti, maraqlarının nəzərə alınması, zamanın və gerçəkliklərin inikası istiqamətində uğurlu çaba göstərilməyib, hətta elə nümunələr var ki, ümumiyyətlə, təhlilə belə gəlmir. Həqiqi bədii nümunələrlə yanaşı bəsit mətnlərin də ədəbiyyat adına təqdim edilməsi isə çağdaş ədəbiyyatın gələcəkdə əsl ədəbiyyat tarixinə çevrilməsində ciddi maneələr yarada bilər.

Aynur XƏLİLOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!