2019 - kitab ili

Elnarə AKİMOVA

Sentyabrın 26-da çap olunmuş ilin ədəbi yekunları materiallarını təqdim edirik:

 

   2019-u daha çox "Kitab ili" kimi səciyyələndirməyi geridə qalan çağın faktları, gedişatın özü labüd edir. Bu zaman kəsimi daha çox üç ədəbi-mədəni hərəkat dalğasında dövr etdi: Nəsimi ilə ilə əlaqədar olaraq böyük şairə həsr olunmuş kitab və məqalələrin ərsəyə gəlməsi, XX əsr aydınlarından bir çoxunun - Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadənin yubileyləri ilə əlaqədar olaraq həmin dövrə dair yazıların sistemliliyi, eləcə də şəxsi və müəyyən qurumların ayırdığı vəsait hesabına çap olunan bir sıra gərəkli kitabların çapı ilə.

   Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması haqqında 15 noyabr 2018-ci il və 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlarından sonra ölkəmizdə, onun hüdudlarından kənarda və AMEA-da İmadəddin Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirildi. Moskvada Nəsimiyə büst və heykəl ucaldılması, həmçinin Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat festivallarını xüsusi qeyd etmək lazımdır. Bu sərəncamlar və ondan irəli gələn tədbirlərin keçirilməsi böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir.    

  "Nəsimi ili" çərçivəsində böyük mütəfəkkirə həsr olunan 40-a yaxın kitab və çoxsaylı məqalə nəşr edildi. Onlarca monoqrafiya ölkəmizdə və xaricdə çapdan çıxıb, müxtəlif dillərə tərcümə olundu. AMEA-da Nəsiminin 650 illik yubileyinə həsr olunan "Ey Nəsimi, cahanı tutdu sözün…" və "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" mövzusunda II beynəlxalq elmi konfransın keçirilməsi və kollektiv monoqrafiyanın çapı, akademik İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" (azərbaycan, rus, ingilis dilində), Rafael Hüseynovun "Məkansız və zamansız Nəsimi", Səadət Şıxıyevanın "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər", Teymur Kərimlinin "Çağdaşımız Nəsimi", Firudin Qurbansoyun "İmadəddin Nəsimi. Həyatı və yaradıcılığı", Qəzənfər Paşayevin "Nəsimi: edamdan sonrakı həyat", "İmadəddin Nəsimi. İraq Divanı", Mahirə Quliyevanın "Nəsimi və söz", Fəridə Əzizovanın "İmadəddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda" monoqrafiyaları, Zemfira Səfərova, Möhsün Nağısoylu, Nəzakət Məmmədli, Yaqub Babayev, İslam Sadığ və digərlərinin məqalələrinin çapı böyük şairin yubileyinə layiqli töhfə kimi qiymətləndirilə bilər. Akademiya ilə TÜRKSOY təşkilatının birlikdə Nəsiminin əsərlərini 14 dilə çevirib nəşr etməsi, eləcə də 200-ə yaxın şeirinin aşkar edilərək yenidən çap olunması da ilin mühüm hadisələri sayılmalıdır.

   Daha bir kitab təntənəsini Bakı İdman Sarayında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabrda keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yaşadıq. Ötən illərə nisbətən son sərgi canlılığı, daha çox diqqət və maraq kəsb etməsi, təqdimatlar silsiləsinin çoxcəhətliliyi ilə fərqləndi. Üç gün ərzində 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgilədi, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olundu.

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV "LiFFt" Avrasiya Ədəbiyyat Festivalı keçirildi. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bu Beynəlxalq tədbirə 52 ölkədən 150-dək yazar qatılmışdı. Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III "LiFFt" festivalında 27 ölkədən müəlliflər arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olmuşdu və qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə ev sahibliyini Bakı etdi.

Ötən il noyabrın 18-də Cəlil Məmmədquluzadənin nəticələri Martin Cavanşiri və Pşemislav Cavanşirinin Azərbaycana gəlməsi ölkə mediasını çevrələyən hadisələrdən oldu. Qonaqlar üç gün ərzində müxtəlif tədbirlərdə, görüşlərdə oldular. Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və babalarının qəbrini ziyarət etdilər, Ədəbiyyat İnstitutunda, Azərbaycan Ədəbiyyatı Muzeyində oldular, Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra ilk dəfə açılışı onların iştirakı ilə reallaşdı. "Ədəbiyyat qəzeti"ndə görkəmli yazıçının nəticələri ilə müsahibə yayımlandı (30 noyabr, 2019). Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev muzeyinin açılış lentini onun varislərinin əli ilə kəsmək arzusunu yəqin ki, ancaq xəyal etmək olardı. Bu mənada, həm Cəlil Məmmədquluzadənin varisləri, həm də möhtəşəm görüşün reallaşmasında böyük xidməti olan cəlilşünas alim, akademik İsa Həbibbəyliyə bu işdə böyük təşəkkür düşür.

  Mükafatlar. 2019-cu ildə hansı mükafatlarla yadda qaldı? Əvvəlcə hər il dünyanın diqqətinin yönəldiyi Nobel mükafatından başlayaq. Ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibləri 2018-ci il üçün polşalı Olqa Tokarçuk, 2019-cu il üçün Avstriya yazıçısı Piter Handke oldu. Bukerə isə "The Testaments" romanına görə Marqaret Etvud və "Qız, qadın, başqaları" əsərinə görə Bernardin Evaristo (2019, 15 oktyabr) layiq görüldülər.

   Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində "Qızıl Kəlmə" ədəbi mükafatının 2018-2019-cu illər üzrə qalib əsərləri seçildi. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", Mübariz Örənin "Balıq gülüşü" əsərləri nəsr, Salam Sarvanın "Heykəl tənhalığı", Vaqif Bəhmənlinin "Qansız savaş" və İbrahim İlyaslının "Şair olmaq zülümdü" şeir kitabları poeziya, Yaqub Babayevin "Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)", Abid Tahirlinin "Mətbuat: millətin dili, gücü və güzgüsü" kitabları "ədəbi tənqid və publisistika", Vilayət Hacıyev Haynrix Böllün "Kişisiz ev" romanına, Seyfəddin Hüseynli Culian Barnsın "Aqibət duyğusu" romanına görə "orijinaldan bədii tərcümə" nominasiyası üzrə mükafatlandırıldılar. Reyhan Yusifqızının "Dostum Mimi", Solmaz Amanovanın "İlmənin macəraları", Rafiq Yusifoğlunun "Nağıl qapısı" kitabları "Uşaqlar üçün yazılmış bədii əsərlər" nominasiyasında mükafat aldı. Müsabiqənin "Şans" ödülü isə Şahanə Müşfiq ("Şahanənin nağılı") və Sadıq Qarayevə ("Sahibsiz kölgələr") təqdim olundu.

   Milli düşüncə hüdudlarında. Ötən il XX əsrin əvvəllərində yaşayıb yaradan aydınların yubiley illərinin qeyd olunması baxımından yaddaqalan oldu. Cəlil Məmmədquluzadənin 150, Əhməd bəy Ağaoğlunun 150, Əli bəy Hüseynzadənin 155, Əhməd Cəfəroğlunun 120, Məhəmməd Hadinin 140 illiyi bir ilin məfkurə dalğasına köklənməsi baxımından müstəsna məqamlar idi. Cəfəroğlu ilə bağlı professor Bədirxan Əhmədlinin "Əhməd Cəfəroğlunun Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası" ("Ədəbiyyat qəzeti", 2019, 28 dekabr), Orxan Arasın "Bir əfsanə adam - Əhməd Cəfəroğlu" ("Ədəbiyyat qəzeti", 2019, 15 oktyabr) yazıları, eləcə də dekabrın 20-də AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ona həsr edilmiş elmi sessiya böyük alimə verilən qədirşünaslıq nümunələri oldu.

Əhməd Ağaoğlu ilə bağlı il boyu silsilə məqalələr işıq üzü gördü. Müxtəlif məkanlarda konfranslar, elmi sessiyalar təşkil olundu. Vilayət Quliyev, Abid Tahirli, Firdovsiyyə Əhmədova, Şahbaz Şamıoğlu, Solmaz Tohidi, Nikpur Cabbarlının böyük mütəfəkkirə həsr olunmuş yazıları, "Əhməd Ağaoğlunun məktubları" kitabı və s. günün düşüncə müstəvisindən analiz edildi. Bura həmçinin "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda təşkil olunan "Milli ədəbi-mədəni düşüncə tariximizə baxış" mövzusunda polemikanı, eləcə də "Ədəbiyyat qəzeti"nin Məhəmməd Hadinin 140 illiyi ilə bağlı hazırladığı, şairin həyatı, yaradıcılığı və ölümü ilə bağlı yeni faktoloji materiallarla zəngin "Xüsusi buraxılış"ı, Anarın "Əhməd bəy Ağaoğlu: Mən kiməm?" (525-ci qəzet, 2019, 25 sentyabr) və Əli bəy Hüseynzadəyə həsr etdiyi "Ucundadır dilimin həqiqətin böyüyü" ("Ədəbiyyat qəzeti", 2019, 21 sentyabr) məqalələrini, bu sırada Azər Turanın bütünlükdə XX əsrin "oxunuşunu" verən konseptual yazılarını - "Zəki Vəlidi Toğan mifi", Məhəmməd Hadi haqqında yazdığı "Heykəl diləməm, heykəli-qəbrimdir o əflak", Səməd Mənsur haqqında "Poeziyamızın mifi - Hepsi rəngidir", Əli bəy Hüseynzadə haqqında "115 yaşlı "Hali vətən", Ömər Faiq Nemanzadə haqqında "Bəxtli bu dünyadan bəxtsiz getdi", "Təbrizin qarğınmış şairi - Biriya", "Ərtoğrol Cavid - ölümə tərk edilən", Mikayıl Rəfili haqqında "Şeirim sərbəst, fikrim fəzalar qədər dibsiz" və s. məqalələrini əlavə etsək həm XX əsrin əvvəllərinin ədəbiyyat tarixinin, həm də sovet dövrü irsi təhrif olunan bir çox şəxsiyyətlərin yaradıcılığının ədəbi proses zirvəsindən təhlil edildiyini görmək çətin olmaz.

  Görkəmli şairimiz Məmməd İsmayılın adı ötən il onun yalnız 80 illiyi münasibətilə keçirilən tədbir, haqqında yazılan məqalələrlə bağlı işləklik qazanmadı, belə ki, onun "Ədəbiyyat qəzeti"ndə çap olunan yeni şeirləri, dünya ədəbiyyatından etdiyi müxtəlif tərcümələr şairin bu yaşda belə ədəbiyyat duyumunun yeni olmasının göstəricisinə çevrildi.

İsa Həbibbəylinin 70, Nizami Cəfərovun 60 illiyi il boyu onlara ünvanlanan təbrik yazıları ilə davam etdi.

Ötən il şairə Nurəngiz Günün 80 illik yubiley tədbirlərinin keçirildiyi tarix kimi də əlamətdar oldu. Müxtəlif vaxtlarda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Yazıçılar Birliyində anım tədbirləri təşkil edildi, televiziyada xatirəsinə həsr olunmuş proqramlar hazırlandı. Miniatür Kitab Muzeyində Nurəngiz Günün yubileyinə həsr olunmuş "Səksən yaşın səksən anı" miniatür kitabının təqdimat mərasimi keçirildi. Şair Elçin İskəndərzadə şairənin 80 illiyinə "Günəşin elçisi" esse-monoqrafiyasını yazdı.  Nurəngiz Günün türk ruhuna bağlılığından, Nazim Hikmət, Xəlil Rza Ulutürk sevgisindən, Qarabağ ağrısı, Xocalı faciəsinə həssas münasibətindən, povest və şeirlərindən, ailə-şəcərə bağlarından bəhs edən kitabda bir-biri ilə kontrast təşkil edən "günəş" və "ağrı" situasiyaları burada əsas tərkib elementinə çevrilərək əsərin ovqat süjetini yaradırlar.

Ötən il Prezident İlham Əliyevin 25 may 2019-cu il Sərəncamına əsasən, bir sıra mədəniyyət xadimlərinə fəxri adlar verildi. Musa Yaqub, Ramiz Rövşən və Vahid Əziz Xalq şairi, Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud Xalq yazıçısı, Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli və Firuz Mustafa Əməkdar incəsənət xadimi və Asim Yadigar, Vaqif Əlixanlı Əməkdar mədəniyyət işçisi adına layiq görüldülər.

"Kitab ili"nin daha bir nümunəsi. Ötən il ölkə başçısının ədəbiyyata dəstək məqsədilə Yazıçılar Birliyinə ayırdığı müəyyən vəsait müxtəlif kitablar çap olundu. Əli Kərimin "Metronun yaylı qapıları" və İsi Məlikzadənin "Qatarda" kitabları iki dəyərli sənətkarın irsinin yeni nəslə tanıdılması baxımından uğurlu seçim sayılmalıdır. Cavanşir Yusiflinin "Söz, mətn, işarə", İlham Qəhrəmanın "Şairin vətəni sevgidir" və s. kitabları da bu sırada əhəmiyyətli yer tuturlar. Rəşad Məcidin günün içindən çıxan, daha çox cariliyə hesablanmış status-esselərinin "Qələmsiz yazılanlar" kitabında təqdimi geniş performans və şəbəkə imkanlarının meydan suladığı indiki zamanda fərdi məqamların belə ictimai statusda təcəssümünü verir.

"Ədəbiyyat qəzeti" yayınları seriyasından çap edilən və oktyabrın 14-də AYB-nin Natəvan klubunda ictimaiyyətə təqdim olunan beş kitabı - "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda" (Elnarə Akimovanın moderatorluğu ilə), "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası (Əyyub Qiyasın tərtib və tərcüməsində), "İşıq" (Günel Eyvazlı), "Dördüncü divar" (Samirə Əşrəf) və "Ekranlaşdırılmış ədəbi əsərlər" (Sevda Sultanova), eləcə də sonradan bura əlavə olunan "Ədəbi" kəpənək effekti" (Mətanət Vahid) və şair Faiq İsmayılov haqqında yazılan "Doğumun unuduluşu" (Ülvi Babasoy) kitablarını, həmçinin bir qism ədəbiyyat adamına verilən "Əli bəy Hüseynzadə" mükafatını xüsusi vurğulamağa gərək var. Onların hər biri qəzetdə sərgilənmiş məqalələrin, layihələrin nəticəsi olaraq hasilə gəlmiş kitablardır və demək ki, ilk növbədə, ədəbi-mədəni, elmi-kulturoloji istiqamətdə müxtəlif rakurslara, sağlam və rəngarəng ədəbi müstəvilərə yer ayırmaqla funksional olmağa çalışan qəzetin öz işinə verdiyi böyük dəyərdir. 

"Ulduz" jurnalının "Ulduzlu nəşrlər" seriyasından gerçəkləşdirdiyi bir qism kitabların çapını da gənc imzaların mətnlərinin sistemli şəkildə prosesə yeriməsi, rezonans verməsi baxımından təqdir etməliyik. Faiq Hüseynbəylinin "Sevgi heykəli", Səxavət Sahilin "Nar ağacının nəğmələri", Günay Səma Şirvanın "Çobanyastığı mövsümü", Furqanın "Şeircəsinə" adlı şeirlər, Taleh Mansurun "Cənnətlik günah", Orxan Həsəninin "Metro terminalının sevgisi" kimi hekayələr kitabları, eləcə də Məmməd Məmmədlinin tərcüməsində ispan yazıçılarının povest və hekayələrindən ibarət "Ay işığı", Samirə Məmmədlinin "Sözün yaddaş ağrısı" kimi məqalə və esselər kitabını qeyd etmək olar.

Ədəbiyyata elmi baxış. Ədəbiyyatın elm kimi öyrənilməsi, cəmiyyətə ötürülməsi, tanıdılması istiqamətində ötən il diqqət çəkən bir qism elmi kitabların çapı ilə xarakterik oldu. Onlardan biri akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" kitabıdır ki, milli ədəbiyyatşünaslığımızın, milli nəzəri fikrin tarixi nailiyyətlərinin sistemləşdiyi monoqrafiya kimi il boyu haqqında resenziyalar təqdim edildi.   

Vaqif Sultanlının "Azərbaycan ədəbi tənqidi" kitabından danışmaq olar. Bu monoqrafiyada Vaqif Sultanlı ədəbi tənqidin klassik janrları olan - şərh, ədəbi risalə, dibaçə, təzkirənin təqdimindən başlayaraq istiqlal dövrünün irəli çəkdiyi postmodern tənqidin nümunələrinə qədər bədii inkişafın tarixini mürəkkəb və təzadlı bir estetik vəhdət, vahid sistem kimi əhatə edir, həmçinin Azərbaycan ədəbi tənqidinin tarixi təşəkkülünün vahid bir konsepsiyasını yaratmaq üçün Azərbaycanın Güneyinin ədəbi tənqidi fikri və mühacirətdə yaşayan ziyalılarımızın elmi-nəzəri axtarışlarını da ədəbi bazaya çevirir. Belə bir vüsətli yanaşma, əhatəli kontekst bizə həm də ona görə lazımdır ki, fikir həyatımızda önəmli yeri olan bu insanlarının irsi bütün yönləri ilə nəzəri analizin predmetinə çevrilib dərkini və layiqli qiymətini ala bilsin. Bu bütövlük həmçinin vahid bədii inkişafın mənzərəsində tədqiqdən kənarda qalmış sahələrin mövqeyini dəqiq təyin etməyə, bu mövqelərin hərtərəfli nəzəri ifadəsi üçün elmi-filoloji vəzifələrin də proqramını müəyyənləşdirməyə xidmət edir.

  Cavanşir Yusiflinin "Söz, mətn, işarə" kitabında çağdaş ədəbi-nəzəri fikir sivilizasiyalarının dialoqu var. Müəllif klassik ədəbiyyatın yeni düşüncə kontekstindən metodoloji təshihlərini aparır. Ədəbiyyatşünaslıqda hazır qəliblərə çevrilmiş təhlil üsulları ilə, formalaşmış şüuraltı qənaətlər, yanlış təsəvvürlərlə bədii fikrin tarixi təcrübəsi arasındakı uyğunsuzluqları üzə çıxarır. Klassik mətn öz tarix təcrübəsi, nəzəri dərki ilə, mahiyyətindən irəli gələn meyarlarla, onu təyin edən ictimai, mənəvi, estetik daşıyıcıları ilə təkamüldə dövriyyəyə gətirilir. Buna ədəbiyyatın özünüdərki də demək olar. Mətnlə onu yaradan arasında birbaşa əlaqə qurulur, bütün nəzəri baza və təhlil ardıcıllığı dərinliyə işləyir və nəticədə mətnin indiyədək görünməyən komponentləri aşkarlanır, hər sözün insan təhtəlşüurunda hansısa məqamın daşıyıcı olaraq görüntülənməsi mətnin yeni keyfiyyətləri kimi oxunur.

  Kamal Abdulla ötən il çap olunan "Mənim Füzulim" kitabında şairin mətnlərini onun şəxsiyyəti, naturanın fərdi dərinlik və zirvə göstəriciləri ilə əlaqələndirərək təhlilə çəkir. Füzulinin daxili aləmini onun misralarının arasında axtarır. Bu misraların fəlsəfi-estetik enerjisinin gözə görünməyən bütün yönləri hərəkətə gətirilərək şairin kimliyini medana qoymaq üçün görüntüyə, təsvirə çevrilirlər. Bu kitab mənə Artur Konan Doylun "Din yeni vəyh işığında" essesindəki maraqlı bir fikrini xatırlatdı. Konan Doyl yazır ki, "Məsihin ölümü, "İncil"də hər nə qədər təsirli təqdim olunsa da, görünür, bəşər tarixində qeyri-adi dərəcədə əlamətdar bir hadisə - islahat uğrunda ölmək kimi əsaslı rola yiyələnməyib. Məsihin ölümünə ifrat dərəcədə çox, ömür yoluna isə bir o qədər az diqqət ayrılıb, halbuki həqiqi böyüklük və gerçək ibrət məhz, bu sonuncudadır. Bu, elə bir ömür yoludur ki, hətta bizə gəlib çatmış məhdud rəvayətlərə görə də, onda gözəllikdən uzaq bircə cizgi də tapılmaz: özgələrə münasibətdə fitri dözümlülük, hər kəsi əhatə edən insaf, mərhəmət duyğusu, düşüncənin şərti genişliyi, nəcibanə cəsarət hesabına zənginləşmiş bir ömür yolu"!

"Dörd əsrdən çoxdur ki, Füzulidən qorxuruq, biz şairi axtarırıq, insanı yox... Niyə gənc, cavan Füzulini heç kim axtarmır, heç kim buna cəhd etmir?! Niyə heç şeirini kimə oxuduğu heç kəsi maraqlandırmır?! Bəs ilk müəllimi kim olmuşdu - ona ilk olaraq qafiyə, vəzn öyrədən ilk müəllim?!", - yazan Kamal Abdulla da daha çox yaratdığı lirik obrazlarından danışılan Füzulini deyil, həmin mətni, həmin obrazı yaradan insanı kəşf və təqdim edir, böyük şairimizə məxsus iradə kamilliyi, kamal və mərifət elmini, cəsarət və təvazökarlığı, səmimiyyət və nifrəti ifadə etmək üçün dəqiq detallar, cizgilər seçir, sözün süzülüb gəldiyi dərinliklər, o dərinliklərdə təzahür edən ruhu tanımağa çalışır. Mətnlə insan arasında rabitə qurulur, misralar ovqatın yaddaşına hopmuş yaşantıların obrazı kimi görüm hədəfinə çevrilir. Adətən, ədəbiyyatşünaslıqda şair tərcümeyi-halının faktları onun mətnlərinin bədii estetik təhlilinin tamlığına kömək edən vasitə sayılır. Kamal Abdulla əksinə davranır, Füzuli misralarının, yaxud beytlərinin təhlili əsasında şairin ömür təfərrüatlarına vurğular edir: "Mən addım-addım, misra-misra, qafiyə-qafiyə bu insana, onun mahiyyətinə, dünyabaxışına (dünyagörüşünə deyil - bu, bir başqa müstəvinin göstəricisidir), məhz dünyabaxışına, gündəlik, yer üzündəki gündəlik həyatına yaxınlaşmaq istəyirəm". Poeziyamızın "qara dəliyi" olan Füzuli sözünün sehrli dünyasını müəyyənləşdirib üzə çıxardan "Mənim Füzulim" kitabı metafizik insan axtarışlarının üfüqlərini genişləndirir.

Bu ilin yanvarında Tehran Əlişanoğlunun 100+1 yazıdan ibarət olan "T.Mustafayinin "Ədəbiyyat söhbəti" ədəbi-tarixi esse kitabı 2020-ci ildə tənqidçinin 65 yaşının tamamında işıq özü görsə də bunu 2019-cu ilin sonluğunu şərtləndirən faktlar sırasında almalıyıq. Zaman etibarilə daha öncələrə, "Press-fakt" qəzetindəki "Ədəbiyyat söhbəti" başlıqlı silsilə mətnlərin çap olunduğu 1995-1997-ci illərə gedib çıxan bu yazıları tənqidçi o vaxt olduğu kimi, yazdığı T.Mustafayi imzası ilə təqdim edir. Nədən məhz T.Mustafayi? Tənqidçinin şərhində oxuyuruq: "T.Mustafayi bir obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd Füzuli - Məcnunu, Migel de Saavedra Servantes - Don Kixotu. Məqsəd nədir; guya T.Mustafayi dağılmış, dağınıq vəziyyətdə olan ədəbi prosesin strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa edəsiymiş. Yəni təkbaşınamı?"

Kitab "1990-cı illərdə böyük epoxal sınmalar içrə olan milli ədəbiyyatın iç durumunu təsvir və tərənnüm etmək cəhdi"dir. Əsər boyu bütün tarixi ədəbi-nəzəri təcrübəni mənimsəməklə yanaşı, sənət kriteriyaları, bədii zövq və dünyagörüşü, eləcə də dəyərləndirmə prinsipləri baxımından, istər yeni rakursdan araşdırdığı klassik mətnlərə, istərsə də müstəqilliyin ilk dönəmlərinin ədəbi proseslərində gedən yeni təmayül və axtarışlara kongenial olan müəllif - obraz danışır. Öz imkanlarını tükətməkdə olan milli ədəbi-nəzəri fikrin yeni metodoloji prinsiplərə, təhlil və qiymətləndirmə üsullarına ehtiyac duyduğu 90-cı illərdə ərsəyə gələn bu söhbətlər iki uğurlu cəhəti özündə ehtiva edir: yeni epoxanın bəxş etdiyi azad, müstəqil, ədəbiyyat haqqında ehkamsız, buxovsuz mühakimə səriştəsi və müasir dünyanın ədəbi-nəzəri fikri kontekstində düşünmək və milli dəyərlərə bu zəmində nəzər yetirmək meyli, məsələlərin dünya ədəbiyyatı kontekstində dərki, "çağdaş Dünyayla, Zamanla ayaqlaşmaq ideyasının təzə təzahürü" ki, kitabın bütün estetik platforması bu iki qayənin, xəttin üzərində qərarlaşır.

Yaradıcılıq metodları və üslublar, dövrləşdirmə problemləri, ədəbiyyat tarixçiliyi məsələsi, ədəbi tənqidin estetik səciyyəsi, nəsr janrlarının təkamülünü şərtləndirən milli ədəbi-estetik kontekst və dünya ədəbi prosesinə qovuşma məqamları, habelə realizm, romantizm, ənənə və novatorluq, irs və varislik kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş çağdaş prosesin inkişaf meyllərinin öyrənilməsinə, cari bədii təsərrüfatın təhlilinə qədər yeni kontekstdə yanaşma "T.Mustafayinin Ədəbiyyat söhbəti" kitabının düşüncə sınırlarını genişləndirən mövzulardır.

   Proses. Bu gün ədəbiyyatımızda baş verən proseslər haqqında real mənzərini ölkədə çap olunan qəzetlər: "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi" və "Ədalət" qəzetinin Ədəbiyyat əlavəsi, jurnallar: "Azərbaycan", "Ulduz", "Tənqid.net", "Litaraturnıy Azerbaydjan", Əli bəy Azərinin təsis etdiyi "Xəzan", Tərcümə Mərkəzinin təsis etdiyi "Xəzər" dünya ədəbiyyatı jurnalı kimi nümunələr, situasiyanın çevikliyinə və əyaniliyinə daha çox ayna tutmaq baxımından ədəbiyyat saytları: "kulis.az", "edebiyyatqazeti.az", "sim-sim.az", "artkaspi.az", "yarpaq.az" və b. internet portalları sərgiləyir. Ədəbi gedişatın izlənilməsində bu mətbu orqan və ədəbi saytların hər birinin yeri var və çağın ədəbi mənzərəsini ən müxtəlif rakurslardan gündəmə gətirir.

Zamanın obrazı ədəbiyyatın içindən necə görünür? Ötən il bu sualı cavablandırmaq missiyasını roman janrı boynuna götürdü. Şərif Ağayarın Aprel şəhidi, cəsur polkovnik-leytenant Raquf Orucova həsr etdiyi "Komandir" romanı, Kamal Abdullanın "Sirlərin sərgüzəşti", Əjdər Olun "Lo", Niyazi Mehdinin "Altay və Umay", "Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın", Pərviz Cəbrayılın "Məryəm surəsi", Aqşin Yeniseyin "Tarix və tale", Cəlil Cavanşirin "Azğın" romanları janrı diqqət predmetinə çevirməyə nail oldu, belə ki, əsərlərin prosesə yeriməsi, həzmi bugümüzdə də işləkdi, diqqət hədəfində qalmaqdadırlar.

Ötən il çap olunan Elçinin "Mənə niyə gülürlər", Ramiz Rövşənin "Göyərçinim, gəl görüm" və "Şəkilli Əlifba" kitabları ilə tanışlıq göstərir ki, əksər ölkələrdə olduğu kimi bizdə də peşəkar yazarlar uşaq ədəbiyyatına tərəf səmtlənməyə başlayıblar. Bütün hallarda yazdığı mətnlərin alt qatında insan metaforasına yer saxlayan Elçin yaradıcılığı üçün belə bir dönüşə imza atmaq gözlənilən məqamdır. Bunu ötən il noyabrın 22-də Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Elçinin yeni işıq üzü görən "Baş" romanı, "Qırx beş. Seçilmiş hekayələr", "Daha dərin qatlara. Seçilmiş məqalə və esselər" və "Mənə niyə gülürlər" kitablarının təqdimatında qeyd etmişdim: Elçinin əsərlərindəki ibrətamiz qat, pritçalara meyil, dünyanın sirlərinin mənasına, insan həqiqətlərinin gizlinlərinə varmaq ustalığı ona daim qələm işlətdiyi uşaq ədəbiyyatı sahəsinə keçidi asanlaşdırır. Nədən ki, uşaq psixologiyası və taleyi məsələsinin qoyuluşu ancaq həyatı müəyyən dərk məqamına yetmiş yazıçının təfəkkür məhsulu kimi meydana çıxa bilər.

  Daim metafizik qata, ruhsal aləmə həssaslığı ilə seçilən Ramiz Rövşənin yaşın bu çağında uşaqlar üçün mətnlər yazması getdikcə sozalan, işığı azalmaqda olan dünyadan narahatlığın izharından başqa bir şey deyil. Bunu 11 may 2019-cu ildə Bakı Kitab Mərkəzində Ramiz Rövşənlə keçirilən görüşdə şairin özü də etiraf etmişdir: "Mən niyə uşaq şeirləri yazmaq istədim? Düşündüm ki, bizim yaddaşımız işğal olunur. Artıq yeni dövr uşaqlarına ABŞ və digər ölkələrin cizgi filmləri göstərilir və onların öz yaddaşı yoxa çıxır. Yaddaşın işğalı başlayıb. Mən o yaddaşı bərpa etmək üçün yazmaq istədim".

  Daha bir kitabdan danışmaq istəyirəm. Fərid Hüseynin "Sevdiyim əsər" kitabı ilk növbədə, seçilmiş əsərlər haqqında fikir, təhlil toplusudur. Hər dövr ədəbiyyatına öz havasını, tələb və qayğılarını əlavə edir. Bu mənada, hər hansı dildə yazılan əsər ilk növbədə, mənsub olduğu xalqın poetik sistem özünəməxsusluğunun, ədəbi dünyagörüşünün formalaşma yollarını və inkişaf prespektivlərini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bugünün fərdi-psixoloji, fəlsəfi və ictimai-siyasi prosesləri içində həmin əsərin yeri, çəkisi nə qədərdir?! Yeniləşən fikrin dinamikasına, bəşəri məzmun çalarlarının genişlənmiş ölçülərinə nə dərəcədə davam gətirir? "Sevdiyim əsər" kitabında hər söhbətdə müraciət edilən əsərin nəzəri-estetik şərhində heç də həmişə fərqinə varmadığımız bir çox məqamların daha dərin qatlarına nüfuz edildiyini görürük. Hər söhbət fərqli interpretasiyalarla mətnin sehrini açmağa yönəlir, bu sehri ideyada, fikirdə, problemdə axtarır, tapır və oxucu üçün şərh etməyə çalışır. Bu şərhlərin özü, haqqında danışan şəxsin maraq dairəsini, bədii əsərlərə və ədəbi simalara yanaşma və təhlil prinsiplərini anlamaq baxımından maraq doğurursa, o biri müstəvinin heç vaxt dəyişməyən fiquru - Fərid Hüseynin ədəbi duyumu, mütaliə və kontekst genişliyi, əsərlə bağlı incə, həssas tərəflərə fokuslanmaq səriştəsinin qabarıqlığını meydana qoyur.

  Ötən il Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin bütövlükdə esselərə həsr olunmuş yeni sayının çapı modern ədəbiyyatın tanıdılması istiqamətində sistemli bir layihə təəssüratı yaradır. Dünyanın bir çox tanınmış sənətkarlarının ədəbi fikir həyatına təsir edən esselərinin - Cavanşir Yusifli, Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Qismət və digərləri tərəfindən tərcümə olunaraq toplu halında təqdim olunması mədəniyyətlərarası təmasa və dərkə yeni imkanlar qazandırır.

  Aydındır ki, heç bir il problemi sonadək tükətmir. Əvvəlki zamanın gedişatından zəmin aldığı kimi, hansısa elmi-nəzəri ümumiləşdirmələrin başlanğıcını qoyur, ədəbi-bədii uğurlara zəmin verir. İnanaq ki, bu sırada 2019-un bir çox önəmli proseslərin intişarına yol açağına, seçimli təzahürlər verəcəyinə şahid olacağıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!