"Doqquz Bitik" - doqquz işıq - Cəlal Bəydili Firidun Ağasıoğlunun kitabı haqqında yazır

Kitablar var, mayası dərin milli duyğu və düşüncədən yoğrulduğu üçün müqəddəs Vətən məfkurəsinin yol işarələrinə çevrilirlər. "Azər eli"nin işıqlı oğlu, görkəmli türkşünas alim, professor Firidun bəy Ağasıoğlunun çağdaş humanitar fikir həyatımızın nailiyyəti sayılacaq "İslamöncəsi Türk tarixi. Doqquz Bitik" çoxcildliyi həmin kitablardandır.

Adını qədim türk abidələrindəki "kitab" və "yazı" anlamlı inciyə bənzər "bitik" sözündən alan bu çoxcildliyin içi qədim türk ruhunun tarixiylə doludur; gerçəklərə sevgiylə yazılıb; türklüyün min illər öncəki tarixinin ən dərin qatlarını aydınladır. Kitab həqiqi millətçiliyin də parlaq örnəyidir. Oxuyur və şükr edirsən ki, bu tarixə Tanrı hökm etmişdir.

Antik yunanlı "tarix atası"nın 9 kitablıq dedikləri "Tarix"i təxminən 600 səhifəydi. İstanbulda 2022-ci ildə nəfis tərtibatla işıq üzü görmüş "Doqquz Bitik"in isə ilk altı cildi 2500 səhifəyə yaxındır. İnternet səltənətinin ancaq tarix duyumunun itirilməsini sürətləndirməyə yaradığı indiki səsli-küylü çağda, bu gurultulu dünyada sayğı doğuracaq qədər bir belə ağır elmi siqlətli kitabın hasilə gətirilməsi yalnız alqışa layiqdir.

Türklərin böyük keçmişinin ən ciddi araşdırıcılarından L.Qumilyov bir söhbətində təxminən, belə demişdi ki, əgər yeddi yaşımdan yetmişiməcən bir yol tutub getməsəydim, heç nəyə nail ola bilməzdim. Firidun bəyin də Ön Asiyada möhtəşəm tarix yaradıb, onu günümüzəcən yaşadan türklərin şan-şərəf dolu keçmişini bugünkü nəslə çatdırmaq arzusuyla bağladığı bu kitabının təməlində alimin hələ ötən əsrin 70-ci illərindən üzü bəri tarix yuvası olan hər sözü min bir qaynaqda axtara-axtara, sanki "iynəylə gor qaza-qaza" apardığı araşdırmalar, "damla-damla topladığı tarixi bəlgələr" dayanır.

N.Hikmət deyirdi, "mən türk dilinin şairiyəm. Həyatımı buna qurban elədim". Firidun bəyin öz həyatının 50 ilini qurban elədiyi "Doqquz Bitik"də türklərin tarixinin ən qədim dövrlərdən başlayaraq, islamlaşma çağlarında ilk ərəb istilaları dövrü də əhatə olunur. Çoxcildliyin elmi təməlində alimin irəli sürdüyü yeni Urmu nəzəriyyəsi, nəzəriyyədə təqdim edilən hər müddəanın arxasında isə günümüzün sıravi oxucusu bir yana, uzun illərin tədqiqatçını belə heyrətləndirəcək sayda mötəbər qaynaqlar, külli miqdarda istinad mənbələri, üstəlik, müxtəlif elmlərin verdiyi informasiyalar dayanır.

"Doqquz Bitik", gerçəkdən, bizə tariximizlə öyünmək haqqı verən, bənzərsiz əsərdir. Birinci cildə "Ön söz"ündə müəllif etiraf edir ki, kitabın hər səhifəsini başa vurduqca rahatlıq tapıb, zövq alıbdır. Demək ki, bu doqquz kitab onun sevdasıymış. İnsan qəlbən bağlandığı, sevərək gördüyü işdən bunca zövq alıb rahatlıq tapar. Ana ətirli türkcəyə Firidun bəyin qəlbindəki bu sevgi "söz qatları şumerdən adlayan ölümsüz dilimiz"in indiki səs quruluşunun öz simmetrik sistemi ilə onu ilk valeh elədiyi vaxtlardan doğmuşdu. Onunçün deyirdi ki, "sanki bir akademiya qüvvəsi riyazi ölçülərin tətbiqi ilə bu sistemi qurmuşdur". Firidun bəy həmin simmetriyada azı 4-5 min il yaşı olan uzun tarixi keçmişimizi elə o zamanlar görmüşdü.

Maraqlıdır, hələ "Azərbaycan dili morfonologiyasından oçerklər"ində (1985) Firidun bəy "1001 sözün 9 açarı" adlı kitab üzərində işlədiyini yazırdı. "Doqquz Bitik"də, hər halda, həmin doqquz açar olmalıdır - ulu türkün sözlərdə yaşayan tarixinin doqquz açarı... Keçmişi əfsanəyə bənzər türkün, həqiqətən, qədimdən qədim dünyasına aparan qapılar o açarlarla (antropologiya, arxeologiya, tarixi coğrafiya və onomastika, dövlət qurumları, etnoqrafiya, dil, folklor, mifologiya, etnogenez bəlgələri...) açılır...

"Doqquz Bitik" - oxunduqca hər cildi: "Dünyada ən böyük iftixarım Türk yaradılmağımdır. Bir belə tarix oxudum, Türk qədər qəhrəman, mərd, safürəkli, ağıllı və sağlam düşüncə sahibi insan, Türk qədər böyük və şanlı tarixə malik bir millət görmədim..." [R.Nur] sözlərini yenidən-yenidən gözlərimiz önündə canlandıran olduqca şərafətli bir kitabdır. Bu kitab "öndərlərin açdığı cığırı yola çeviribdir".

 

***

Firidun bəy Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasındaydı... Bu gün də Azərbaycan elmi ictimaiyyətinin millətsevər türkşünas kimi tanıdığı, istiqlal aşiqi Firidun bəyin həyatına bir iman qədər hakim milliyyətçilik duyğusu öz gücünü alimin mənsub olduğu köklü Azər-Türk boylarından - Şadılı boyundan alır. Bütöv şəxsiyyət olaraq Firidun bəydə millətçiliyin istisnasız bütün şərtləri var. Bu, candan əziz bildiyi sevgili millətə bağlanaraq onu daim yüksəltməyə çalışan məfkurəli bir insanın millətçiliyidir. Bu millətçilik "yüksək əxlaqın ta zirvəsində yer alan bir ruh halıdır". Azər türklərinin tarixi, dili, soykökü, əski inancları istiqamətində, zehnə mənəvi qidalarla zəngin çoxsaylı araşdırmaları Firidun bəyin millətçiliyini başdan-başa elmi həqiqətin nuruna boyayıbdır.

Kökündə tarixi sənədlərin 3000 il yaş biçdiyi, xəzər və kaspi boylarıyla eyni mənşədən gəlmə Azər etnonimi dayanan bu gözəl yurdun adının - "Azərbaycan"ın ən inandırıcı yozumu Firidun bəyə aiddir. Fikir dolambaclarından uzaq olub, aydınlıq sevən Azər türklərinin təfəkkür tərzinə bu yozuma görə, "Azərbaycan" sözü azər boyadına topluluq bildirən -pi//-bi sonluğu və məkan bildirən -qan şəkilçisinin qoşulmağından yaranıbdır. Fikrimizcə, belə bir yozum son söz sayıla bilər. Elmdə bəzən mühüm olan da ilk sözdən çox, son sözün deyilməyi deyilmi?

 

***

Başdan-sonacan bir "türk idealsevərliyi", bir "türk millətpərvərliyi" ruhunda yazılmış "Doqquz Bitik"də nələr yoxdur ki?!. İndilik yalnız birinci cildin, onun da yalnız "Giriş" qisminə ("Məsələnin qoyuluşu" hissəsinə) əsasən, kitabın özündən alıntılarla münasibət bildirmək istərdik.

Tanrıya sığınaraq "Bir Tanrı qut versin!" diləyi ilə: "Dünyada ilk insan əcdadlarının yarandığı azsaylı antropogenez bölgələrindən biri olan, yerləşdiyi geosiyasi ərazinin təbii şəraitinə görə ən qədim çağlardan davamlı yaşayış məskənləri ilə də ətraf bölgələrdən seçilən Azərbaycan İslam öncəsi dövrlərəcən batıdan-doğuya, doğudan-batıya, güneydən-quzeyə və əksinə hərəkət edən ayrı-ayrı köç axınlarının dörd yol ayrıcına çevrilsə də, burada gəlmə xalqların tutumlu etnik dəyişmələrə səbəb ola biləcək kütləvi yerləşməsi olmamışdır", - deyə sözə başlamaqla müəllif türkologiya üçün yeni konsepsiyasının başlıca müddəalarından birini, əslində irəlicədən bəyan etmiş olur; yəni Türk etnosu Ön Asiyada doğulub, buradan ətraf bölgələrə dağılmış, min illər boyu sabitliyini qoruyan, "son 25 əsrdə bəlli tərkib və konstruksiyaları dəyişməyən" Türk dili buradan bütöv Avrasiyaya yayılmışdır.

Fəqət, Avropa alimlərinin türkoloqlara təlqin elədikləri "Altay nəzəriyyəsi" türklərin Ata yurdunu uzun illərdir ki, Ön Asiyada deyil, Mərkəzi Asiyada axtarmağa məcbur edir, lakin hansı konkret arxeoloji mədəniyyətə söykəndiyi bilinməyən həmin ocağın yeri orada hələ bugünəcən tapılmayıbdır. Türk-monqol-tunqus dillərinin arqumentlərə söykənməyən qohumluğu üzərində qurulmuş bu nəzəriyyə Altay dillərinin öz daxilindəki dil əlaqələrini genetik qohumluq kimi təqdim etməklə, prototürklərin miladdan öncəki tarixinin dərin qatlarına enməyə də qoymur və ortalığa çıxan bir çox suala cavab verməkdə acizdir. Türk və monqol xalqlarının genetik baxımdan qohum olmadığı isə, məhz bazis sözlərin etimologiyası və statistik təhlili ilə sübuta yetirilmişdir.

Türk etnosunun formalaşdığı regionun tarixi bura gəlmə xalqların tarixinə əsasən yazıldığı üçün protoazər və azər tarixi üzərinə də qara pərdə çəkildiyini, bu regionun ortasında olan Azərbaycanın etnik tarixinin də öyrənilmədiyini xüsusi vurğulayan alim haqlı olaraq sual edir ki, "nə üçün türk bəlgələri m.ö. IV-I minillərdə Ön Asiyada, m.s. I minillikdə isə Orta Asiyadan doğuda ortaya çıxır? Nə üçün avropoid türk boylarında monqoloid cizgilər batıdan doğuya getdikcə çoxalır?

Bu qəbildən daha neçə-neçə suala cavab tapmayan Altay nəzəriyyəsi etnogenez məsələsində elmdən uzaq daha bir yanaşma metoduna yol açmış olur: bu metoddan istifadə edənlər təkcə azərləri deyil, əksər türk xalqlarını "türkləşmiş xalq" kimi qələmə verirlər. Bu gün yer üzündə elə türk xalqı yoxdur ki, ona "türkləşmiş xalq" damğası vurulmasın" (s.6-7).

Bir millətə keçmişini unutdurmaq onu yox etməyin ilk şərtidir [N.Adsız]. Türk etnosunu yerli xalq saymayan "gəlmə türklər", "türkləşmə" konsepsiyası da bu məqsədlə uydurulmuşdu. Konsepsiya Azərbaycan tarixçiliyində dərin kök salmış, uzun illər rəsmi Azərbaycan tarixşünaslığında belə bir rəy təsdiqlənmişdi ki, guya azərbaycanlıların əcdadları Xəzərdən Şərqdəki ərazilərdən köçüb gəlib, Azərbaycan etnosunun formalaşmasında İran-Qafqaz tayfa və xalqlarının aparıcı rolu olub; yəni Arazdan yuxarı qafqazdilli xalqların, Arazdan aşağı isə irandilli xalqların torpağıdır və biz son min ildə bura gəlmiş türk tayfalarının dilində danışan qafqazdilli-irandilli tayfalarıq... Bu, heç şübhəsiz, milli varlığımızı, milli qürurumuzu yaralamaq üçün idi ki, millət gerçək tarixi oxuyub da, atalarının şanlı işlər gördüyünü biləmməsin, kiçiklik kompleksiylə yaşasın, başqa millətlər qarşısında gözükölgəli olsun, nəhayətdə, onların yeminə çevrilsin.

Odur ki, dünya tarixində 100-dən artıq bənzəri olmayan dövlət və imperiya qurmuş türk toplumunun özəyində doğulmuş azərlərin "türkləşmiş xalq" adlandırılmağı, müəllifə görə, Azərbaycan tarix elminə başucalığı yox, utanclı ayıb gətirir (s.8-9).

Azər xalqının dünya millətləri sırasında özəl yeri var. Bu xalqın tarixinin tutumu bir adamın qafasına sığmayacaq qədər böyükdür. Azərbaycan arxeoloji mədəniyyəti çiçəklənəndə Avropa hələ buzlaşma dövrünü yaşayırdı. Bu xalqın mədəniyyətinin üstünlüyü, həmçinin ondan məlum edir ki, Azərbaycanda və qonşu ölkələrdə yaşayan başqa dilli xalqların çoxunun adı da türkcədir, onlar bugünəcən azərlərin onlara verdiyi adla tanınır (s.12, 18, 19).

Arxeoloji və dialektoloji bəlgələr aydın göstərir ki, burada daş və tunc dövrünü arxada qoyan əhali dəmir dövrünə keçid çağında artıq Azər xalqı kimi formalaşa bilmiş, protoazər boylarının dörd dialekti əsasında bugünkü azər dilinin qədim forması yaranmışdır (s.13). Qədim türkcədəki kök sözlər son min ildə ən çox azər dilində qorunub saxlanıbdır. Bu ərazidə ən qədim zamanlardan başlayaraq həyat fasiləsiz davam etmişdir... Bu xalqın fiziki antropoloji tipi də məhz Azərbaycanda yaranıb formalaşıbdır.

Firidun bəy hələ layiqli qiymətini, çox təəssüf, indiyəcən də almayan "Azərbaycan dilinin morfonologiyası" (1988) kitabında yazırdı ki, eramızın əvvəllərində formalaşan azərbaycanlıların dilində müxtəlif dialekt layları üzübəri gəldikcə nə qədər ərisə də, bu günə kimi xeyli izi qalmışdır. Hətta Azərbaycan arealı, elə bil, ümumtürk dialektlərinin mikroproyeksiyasını əks etdirir (s.111). Bu, əlbəttə, son dərəcə vacib məqamdır. Məşhur amerikan linqvisti Sepir, təxminən, bir əsr əvvəl tarixi dilçilikdə belə bir prinsipi qeyd etmişdi: müəyyən dil ailəsinin ilkin ərazisi sonrakı dövrlərdə çox böyük dialekt parçalanmaları ilə xarakterizə olunur.

O deməkdir ki, Azərbaycan qədim türklərin ilk Ata yurduna düşür. Azərbaycan deyiləndə, əlbət ki, daha geniş ərazilərdə azər boylarının yaşadığı etnik-coğrafi bölgə nəzərdə tutulmuşdur. Yəni o taylı-bu taylı Azərbaycan, Bütöv Azərbaycan... Çünki həqiqət özü bir bütövdür və yalnız bütöv olanların həqiqəti olur. "Doqquz Bitik" yazarı bu üzdən tariximizin həqiqətlərini Bütöv Azərbaycan işığında aydınladır... Məsələn, deyir ki, Bütöv Azərbaycanda insan tarixinin paleolit çağını əks etdirən abidələrin coğrafiyası əksər bölgələri əhatə edir (s.55) və b...

Qədim dünyada ilk insan məskənləri o qədər çox deyildi. Azərbaycan belə məskənlərdəndir. Dünyada ilk davamlı yaşayış məskəni və ilk ocaq burada aşkar olunub. Azərbaycan da daxil olmaqla, Ön Asiya ilk insan tipinin və ilk avropoid irqinin formalaşdığı bölgəyə düşür. Quruçay mədəniyyəti Ön Asiya tarixində əvəzsiz bir mərhələdir... (s.41, 57). Türk etnosunun antropoloji tipi bu arealla bağlıdır. Eyni soylu Güney və Quzey Azərbaycan türklərini iki ayrı antropoloji tipə ayırmaq məqsədilə quzeydə "gəlmə monqoloid tipli türklər" axtarmış, lakin tapa bilməmişlər (s.44).

Güney Azərbaycanda (m.ö. III-II min il) Mada əhalisi ilə müasir Azərbaycan və Xorasan əhalisinin eyni antropoloji tipə aid olunması, yaxud eyni antropoloji tipdən olan qutların müasir Qarabağ (Şuşa) azərlərinə bənzədilməsi fikirləri də türklərin ilkin Ata yurdunu Ön Asiyada müəyyənləşdirən Urmu nəzəriyyəsinin doğruluğunu bir daha təsdiq edən amillərdəndir (s.46).

Bütün antropoloji, arxeoloji, mifoloji bəlgələr dil faktları ilə daha dolğun təsdiqini taparaq, Şumer, Elam, Hett, Asur, Urartu qaynaqlarında, tarixi sənədlərdə keçən qədim türk onomastikasının təşkil etdiyi sistemlə dəstəklənir.

Qədim Ön Asiya dillərində rast gəlinən "türk modeli" isə tələb edir ki, türklərin ilkin Ata yurdu uzaq Altay və Monqolustandan Ön Asiyaya köçürülsün. Lakin bu, Altay nəzəriyyəsinin areal konsepsiyasına uyğun deyil. Halbuki həmin qədim paralellərin izahını, ya türk etnoslarının Ata yurdunu Ön Asiyada yerləşdirməklə, ya da onların qədimdən həmin arealda da var olduğunu qəbul etməklə vermək mümkündür. Beləcə, qədim dil əlaqələrini əks etdirən faktlar özlüyündən türklərin ilkin Ata yurdunu Ön Asiyaya bağlayır. İlkin Ata yurdu isə Azərbaycan ərazisinə də düşür ki, bu, təbii olaraq "Azərbaycan dilçiləri və tarixçiləri qarşısında ciddi vəzifələr qoyur".

...Firidun bəy o zaman da deyirdi ki, Türk-Altay paralellərindən danışarkən, genetik qohumluq yox, uzunmüddətli dil əlaqələri nəzərdə tutulmalıdır. Türk dillərinin şərq qolu Altay dilləri ilə kontakta girdiyi kimi, qərb qolu da Qafqaz və Ön Asiya dilləri ilə təmasda olmuşdur. Həmin kontaktların, o cümlədən, mədəni əlaqələrin nəticəsi olan sumer-türk paralellərinin "genetik qohumluq" kimi yozulması həm yanlış, həm ziyanlıdır.

Bu gün yenə deyir ki, bir tərəfdən, monqolları, digər tərəfdən, sumerləri türklərlə qohum saymaq ziddiyyətli və məntiqsizdir, protodilin bir-birindən uzaq regionlarda yarandığı iddiası ciddi elmdən uzaqdır, tipoloji yaxınlığı genetik bağla qarışıq salmaq qlottogenez elmini inkar etməkdir. Hələ də qədim asurca mətnləri, qədim farsca yazılmış Avestanı azər-türk dilində "oxuyanlar" tapılır. Sumer, asur, monqol dillərində türk, Avestada azər sözlərinin olması təbiidir, çünki bu dillərin hamısından daha qədim və daha zəngin olan türk dilindən alınma sözlər bütöv Avrasiya xalqlarının dilində var. Lakin bu, əsas vermir ki, dilçilik elminin ən adi qanunlarını tapdayıb türk dil ailəsinə daxil olmayan dilləri türk dili sayaq (s.18).

Dünya mədəniyyəti tarixinə əvəzsiz töhfələr vermiş sumerlərdən türk və protoazər tarixi üçün gərəkli qaynaqlar qaldığını söyləyən "Doqquz Bitik" yazarı Sumer dilində 100-dən artıq türkcə söz olduğunu müəyyənləşdirmiş prof. O.N.Tunanın: "Bu gün yaşayan dünya dilləri arasında ən əski yazılı bəlgələrə sahib dil Türk dilidir. Bunlar mixi yazılı sumercə tabletlərdəki alınma sözlərdir" (s.175) qənaətini tarixi gerçəklik hesab edir. Ona görə ki, ikisi də "eyni kitaba baş əymiş insanlardır".

 

***

Bir daha vurğulayaq ki, Urmu nəzəriyyəsinə görə, Ön Asiya prototürk etnosunun Ata yurdudur. Bu yurdun hüdudları Güney-Doğu Anadolu ilə başlayıb, Bağdad-Həmədan xətti ilə Türkmənistanın güney bölgələrini, Xəzər boyu ilə Dağıstan, Borçalı bölgələrini əhatə edir və Doğu Anadolu ilə qapanır. Bu Ata yurdun ortasında yerləşən Azərbaycanın yerli sakinləri - azər xalqı ən qədim çağlardan bəri davamlı olaraq burada yaşamışlar. Ön Asiyadan m.ö. IV-II minillərdə iki böyük dalğa ilə Doğuya miqrasiya edən prototürk boyları isə oradakı monqoloid irqlə qarışmış və onlarda monqoloid cizgilər yaranmışdır. Sonralar zaman-zaman həmin monqoloid cizgili türklərin bir qismi Azərbaycana qayıtmışlar (s.50), yəni Azərbaycan türkləri arasında monqoloid elementlərin qatışığı, ya yoxdur, ya da çox cüzidir...

 

***

Keçmişinin parlaq dövrlərindəki mühüm hadisələrin unudulmağını istəməyən bir millət bu keçmişi tam "idealsevər və millətpərvər tarixçilər"in (Mirzə Bala) yazdıqlarından öyrənə bilər. Milli ideala doğru yalnız bu cür kitabların işığında gedilir. "Doqquz Bitik" işığında innən belə, hələ uzun illər yol gedə biləcəyik.

Türk mədəniyyəti və tarixi milli şüur məsələsidir. Firidun bəyin tariximizin ən dərin qatlarına enmək imkanı verən "Doqquz Bitik" öncülüyündəki elmi yaradıcılığı Azərbaycan türkşünaslığı üçün qürur mənbəyinin yeni dəyişməz ünvanıdır.

"Doqquz Bitik" vərəq-vərəq çevrildikcə, Muğannanın "Məhşər"ində Tanrının Azərbaycana göndərdiyi işıqlarla bağlı Fəzlin dilindən deyilən: "Cavidan öldü, həqiqət Babək Xürrəmidə zühur etdi. Babək öldü, həqiqət Hüseyn Həllacda zühur etdi. Hüseyn öldü, həqiqət Əxi Fərruxda zühur etdi. Fərrux öldü, həqiqət Şeyx Nizamidə zühur etdi. Nizami öldü, həqiqət Şeyx Mahmudda zühur etdi. Silsiləmiz mənimlə başlanmayıb, mənimlə də qurtarmır. Mən təsbehin bir danəsiyəm. Ali ruh bu gün məndədir, sabah digərində zühur etməlidir..." - sözləri yada düşür...

Qədim türk tarixinin də ali ruhu həqiqət nurutək "...Tanrı dövlət günəşini türklərin bürclərindən doğurdu..." deyən M.Kaşqarlının.., "Dünya durduqca yer üzündə necə meyvə və çiçək var olacaqsa, bir mücövhər saflığını və dəyərini qoruyan Türk milliyyətçiliyi də var olmaqda davam edəcəkdir" söyləyən İ.Qəfəsoğlunun.., Azərbaycanı mənalı naxışların ilk vətəni bilən X.Məmmədovun... varlığında bir vaxt qərar tutmuşdu. Qurtarmaq bilməyən "təsbehin o danəsi" bu gün Firidun bəyin varlığını işıqlandırır.

"Əziz bir keçmiş"ə sədaqətlə yazılmış "Doqquz Bitik" - elmiliklə Türklük sevgisinin iç-içə yoğrulduğu kitabdır; bu üzdən də, Böyük Millət məfkurəsiylə tutuşub yanan gerçək tarix aclarınındır...

İşıq dolu "Doqquz Bitik"lə əlaqəli ilk qeydləri tamamlarkən, Kaşqarlının ölməz "Divan..."ını elm aləminə tanıtmış Əli Əmiri Əfəndinin türkcənin o şah əsəri haqda söylədikləri anidən gözümüz önündə canlandı: "Bu - kitab deyil, Türküstan ölkəsidir"...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!