Mir Cəfər Bağırov kim idi? - Şəxsiyyəti, əməli və taleyi - ELÇİN

ELÇİN

(Əvvəli burada)

 

3

 

İosif Stalinin 60 illiyini bütün Azərbaycan təntənə ilə bayram edirdi, qəzetlər sevimli rəhbərin şəkilləri və birdən-birə ilhama gəlmiş şairlərin ona həsr etdikləri şeirlərlə çap olunurdu və Mir Cəfər Bağırov Bakı Opera Teatrında keçirilən qızğın və hərarətli yubiley gecəsində Stalini, əgər səhv etmirəmsə, Sovet İttifaqında ilk dəfə "canlı Lenin" adlandırdı.

Müharibədən sonra? ta Sovet İttifaqı dağılana qədər "KQB"-də işləmiş, bu gün də Rusiya mətbuatında və sovetşünaslığında  "əfsanəvi "KQB"-çi hesab edilən ordu generalı Filipp Bobkov yazır ki, "Stalindən tutmuş, Qorbaçova qədər bütün partiya liderləri Leninin bayrağına bürünür və onun ideyalarına and içərək, get-gedə artan bir sürətlə Lenin yolundan uzaqlaşırdılar." (Filipp Bobkov. KQB i vlastğ, Moskva, "GKSMO", 2003, str. 208.)

Ancaq "Lenin yolu" - yəni konkret olaraq, nə?

1920-ci illərin əvvəllərindəki inqilabi coşğunluq, "oxuma tar, oxuma tar,/ ictəmir proletar/ səndə bulunsun "Qatar" romantikasının və yeni həyat uğrunda mübarizə əzminin dalğaları yalnız arxada qalmamışdı, yerini qorxuya, daha artıq dərəcədə yalançı ritorikaya, təmənnalı demoqogiyaya vermişdi.

"Lenin yolu" - tamamilə ideallaşdırılmış, daha dəqiq desəm, fetişləşdirilmiş və tamamilə də ünvansız bir məfhuma çevrilmişdi.

Sovet İttifaqı dağılandan sonra Lenin haqqında gizlinlər üzə çıxdıqca, əyani şəkildə bir daha məlum oldu ki, sovet pionerlərinin sevimli "Lenin baba"sı savadlı və əqidəli bir adam olmaqla bərabər, həm də "Min bir gecə"dəki qırx quldur başçısı kimi əliqanlı bir zalım imiş.

Mir Cəfər Bağırov da "Yolumuz Lenin yoludur!" - deyirdi, ancaq məsələ burasında idi ki, bu deyimin Leninə heç vəchlə dəxliyyatı yox idi. Bağırov üçün (və yalnız onun üçün yox!) "Lenin yolu" - yəni Stalinin tapşırıq və tələbləri, siyasi-ideoloji-inzibati təkid və təqibləri.

1930-cu illərin gənc yazıçısı Mirzə İbrahimov həyat yoldaşı Sara xanıma yazdığı səmimi məktublarda Mir Cəfər Bağırovun atalıq qayğısından danışır və bunu mən ona görə yada salıram  ki, Mirzə müəllim iş tapmaq, bir tikə çörəkpulu qazanmaq üçün Cənubi Azərbaycandan Bakıya gəlmiş, neft quyularında fəhləlik etmiş, çox kasıb bir kişinin oğlu idi. Bir müddətdən sonra atası rəhmətə gedir və Mirzə İbrahimov uşaq yaşlarından fəhləlik edir, öz fərasəti, eləcə də yeni sovet quruluşunun yaratdığı imkanlar nəticəsində təhsil alır, yazı-pozu ilə məşğul olmağa başlayır, bir sözlə, ağıllı, dediyim kimi, fərasətli və kimsəsiz bir gənc olur. Repressiyalardan söz düşəndə, bir çox məqamlarda Mir Cəfər Bağırovun qəddarlığı üzə çıxır, ancaq kimsəsiz belə bir gəncə "atalıq qayğısı" göstərmək, əlbəttə, adamın yalnız qəddarlığından yox, eyni zamanda bu qəddardakı həssaslıqdan, diqqətcillikdən, qayğıdan xəbər verir.

Bu mənada, Mir Cəfər Bağırovun qayğıkeşliyi yəqin ki, az olmayıb və burası da var ki, bu qayğıkeşliyin arxasında sinfi-məfkurəvi bir əzm də dayanırdı: yeni  insan - gənc kommunistlər nəsli yetişdirmək, yəni bu qayğıkeşliyin özü də, çox güman ki, yalnız sırf insani qayğıkeşlik yox, eyni zamanda ideoloji qayğıkeşlik idi.

Bu yerdə rəhmətlik Mirzə müəllimin  dediyi o qayğıkeşliklə bağlı, başqa bir fakt yadıma düşür: Mir Cəfər Bağırov Heydər Hüseynova çox qayğı göstərmişdi, bu cavan alimin şöhrət qazanması, məşhurlaşması üçün çox əlverişli şərait yaratmışdı, onu elə həmin Mirzə müəllimlə bərabər Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, Ensiklopediya və Lüğətlər İnstitutunun, daha sonralar, sovet vaxtı çox prestijli Partiya Tarixi İnstitutunun direktoru təyin etmişdi, ona dördcildlik "Azərbaycanca-Rusca Lüğət"in Baş redaktoru kimi, Stalin mükafatı verdirmişdi. Heydər Hüseynov ideoloji cəbhənin stalinsayağı kommunizm quruculuğunda fəal iştirak edirdi, ancaq Mirzə müəllimdən fərqli olaraq, onun sonrası necə oldu? - Sonra Mir Cəfər Bağırov onu gözlənilmədən məhv etdi.

1950-cı ildə akademik Heydər Hüseynovun "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" monoqrafiyasına qarşı bilavasitə Mir Cəfər Bağırovun tapşırığı ilə böyük tənqid (əslində isə siyasi-inzibati hücum) kompaniyası başlamışdı və bu hücumun əsl səbəbi o idi ki, monoqrafiya Bağırovun başının üstündən Moskvada Stalin mükafatına təqdim olunmuş və bu mükafatı almışdı. Hərçənd Həsən Həsənov xatirələrində yazır ki, tələsik şəraitdə də olsa, təqdimat barədə Bağırova məlumat verilmişdi, ancaq guya onun yadından çıxmışdı və doğrusu, bu "yaddan çıxmaq" məsələsi mənə şübhəli görünür, çünki bütün məxəzlər, xatirələr onu göstərir ki, Mir Cəfər Bağırov olduqca iti yaddaşa, güclü hafizəyə malik olub.

Belə bir söhbət gəzirdi ki, "Pravda" qəzetində Stalin mükafatı almış əsərlərin siyahısı çıxır və Mir Cəfər Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu çağırtdırır və Stalin mükafatı almış kitabı kabinetində zərblə onun başına çırpır. 

Mən bir müddət rəhmətlik şair və tərcüməçi İmran Seyidovla qonşu olmuşam, bir blokda yaşamışıq və o, Elmlər Akademiyasında Heydər Hüseynovun köməkçisi işləmişdi. Bir gün ondan bu söhbətin həqiqət olub-olmadığını soruşanda, İmran müəllim həmin dövrü yenidən yaşayırmış kimi, acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir: "- Kitab da qalın və ağır idi..."

1950-ci il iyulun 14-də Mir Cəfər Bağırovun iştirakı ilə (deyilənə görə, 2 mindən çox iştirakçı olub) böyük müşavirə keçirilib və müşavirədə Bağırov "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" geniş məruzə edib. Məruzə də, ən seçmə alimlərin, yazıçı və şairlərin çıxışları da əslində Heydər Hüseynovun monoqrafiyasının tənqidinə ("ifşası"na) həsr edilib və Bağırovun məruzəsi "marksizm-leninizm elmi xəzinəsinə qiymətli bir hədiyyə", "dedikcə şərəfli" bir əsər kimi qiymətləndirilib. ("İnqilab və mədəniyyət" jurnalı, 1950, № 8, səh. 118-19.)

Mir Cəfər Bağırov ədəbi tənqidi, ictimai fikri ittiham edirdi ki, Heydər Hüseynovun monoqrafiyasının Şeyx Şamilin timsalında Qafqazda müridizmi təbliğ edən antiideoloji mahiyyəti nə üçün kəskin tənqidə məruz qalmayıb, əksinə, bir sıra hallarda, hətta təriflənib və elmi-ədəbi ictimaiyyət nümayəndələri də bu ittiham istiqamətini rəhbərliyə götürərək (Qorxu!), məruzəçinin "ittihamlarından Cəfər Cəfərov, Məmməd Cəfər, Mikayıl Rəfili yaxalarını kənara çəkə bilməyəcəklər" yazır, misal üçün, Feyzulla Qasımzadəni "realist olmayan" Bakıxanov və "burjua alimi, monarxist" Kazım bəy haqqında yazdığına görə "marksist nəzəriyyatçılığı ilə heç bir əlaqəsi olmayan təzkirəçi", "sovet yazıçısı platformasında durmayan bir tənqidçi" adlandırırdı (Yenə orada, səh. 121.).

Mən Bağırovşünaslıqda məşhur olan, nəhayətdə, Heydər Hüseynovu intihara gətirib çıxaran bu məsələ barədə təzədən ətraflı danışmaq istəmirəm, yalnız səciyyəvi bir məqamı qeyd edirəm: Müşavirədə akademik Məmməd Arif Dadaşzadə də çıxış edir, ancaq onun, görünür, bir az liberal əhval-ruhiyyəli çıxışı Mir Cəfər Bağırovu əsəbiləşdirir və o Arif müəllimin çıxışını yarımçıq kəsərək, qışqırır: " - Sən Türkiyə casususan!" ("Tı tureükiy şpion!").

Arif müəllimin oğlu və mənim əziz dostum, rəhmətlik Araz Dadaşzadə - filologiya elmləri doktoru, professor - danışırdı ki, atam da, anam da uzun müddət hürkü-qorxu içində idi ki, gəlib onu aparacaqlar, gecə küçədən maşın səsi gələndə, o saat oyanırdıq, nəfəsimizi qısıb, qulaq asırdıq, görək, bizim mənzilin piləkanlarını qalxan var, ya yox.

Böyük və dəhşətli repressiyaların müqabilində, bəlkə də kiçik epizoddur, ancaq 1937-38-ci illərdən sonrakı dövrün ab-havası və Mir Cəfər Bağırov kin-küdurətinin, bəzi məqamlarda isə tamam amansızlığının yaratdığı şərait barədə müəyyən təsəvvür yaradır.

Musiqişünas, publisist Firudin Şuşinski müharibədən sonra indiki BDU-nun tarix fakültəsinə daxil olur və Nəriman Nərimanova bəslənən qərəzli siyasi münasibətin yanlış olması barədə MK-ya məktub yazır. Mən hələ aspirant vaxtlarımda o dövrün mətbuatını araşdırarkən, belə bir gözlənilməz hadisəyə rast gəldim ki, Mir Cəfər Bağırov çıxışında qəzəblə "hansısa bir tələbə Həsənov" (rusca: "nekiy student Qasanov") Nəriman Nərimanov haqqında ziyanlı məsələ qaldırıldığını deyir (Firudin Şuşinskinin familiyası Həsənov idi) və çox koloritli bir adam olan rəhmətlik Firudin mənimlə söhbətində qəlyanını tüstülədə-tüstülədə deyirdi ki, başıma nə oyun açdılar, bu, öz yerində, amma universitetdə bizə dərs deyən müəllimlər mənim oturduğum auditoriyaya girməyə belə cürət etmirdilər, elə bil cüzamlıydım, məndən kənar qaçırdılar.

Ancaq bu yerdə mən Mir Cəfər Bağırovla bağlı tamam fərqli və Bağırovşünaslıqdakı başqa bir məşhur və mühüm, hətta taleyüklü hadisə haqqında bir neçə kəlmə demək istəyirəm: müharibədən sonra Ermənistanın partiya rəhbəri Qriqor Arutinov (bu gün erməni sovetoloqlar Martiros Saryanı və Avetik İsaakyanı güllələnmədən məhz Arutinovun xilas etdiyini yazırlar) məktubla Siyasi Büroya müraciət edir və Dağlıq Qarabağ vilayətinin bu respublikaya verilməsi barədə məsələ qaldırır. Müharibədən sonrakı dövrdə Stalinin yaxın, o zaman bəlkə də ən yaxın (İosif Stalindən bəhs edərkən, sırf insani mənada "yaxın", hətta "ən yaxın" ifadələri nisbi məfhumlara çevrilir) silahdaşı, səlahiyyətinə və partiya nüfuzuna görə, faktiki olaraq, Stalindən sonra ikinci şəxs, Stalinin vəfatından sonra isə qısa müddət ərzində birinci şəxs olan Georgi Malenkov o məktubu, şübhəsiz ki, Stalinin göstərişi ilə, fikir bildirmək üçün Mir Cəfər Bağırova göndərir.

Təklif belə bir partiya yüksəkliyindən göndərilirsə, deməli, müqəddərat həll olunur və Siyasi Büro (Stalin) səviyyəsində bu barədə düşünürlər, çünki əksinə olsaydı, məktub Mir Cəfər Bağırova yox, arxivə göndərilərdi; ikinci bir tərəfdən də, ağlım kəsmir ki, Qriqor Arutinov belə bir ciddi məktubu əvvəlcədən Siyasi Büro üzvlərindən kimlərləsə (ola bilər ki, elə Malenkovun özü ilə) danışıq aparmadan yazmağa cürət etsin.

Bəs, Mir Cəfər Bağırov nə edir?

Bağırov da həmin məktubun ətraflı cavabını Malenkova (əslində isə Stalinə!) göndərir və çox ciddi və qəti şəkildə bildirir ki, bu təklifə ancaq belə bir şərtlə razıdır ki, Şuşa Azərbaycanda qalır, eyni zamanda Ermənistan ərazisində azərbaycanlıların yaşadığı rayonlar (Vedi, Əzizbəyov, Qarabağlar rayonları), Gürcüstanda Borçalı mahalı və Rusiya Federasiyasındakı (!!) Dərbənd və Qasımkəndi rayonları bütövlükdə Azərbaycana verilsin (oxucular hər iki sənədi orijinalda oxuya bilərlər: Adıgözəl Məmmədov. M.C.Bağırov. Tam məxfi, Bakı, "Elgün", 2012, səh. 172-177.). 

Güman edirəm ki, bu "razılıq"dakı cəsarəti uzun-uzadı izah etməyə ehtiyac yoxdur və rəhmətlik akademik Tofiq Köçərli yazır ki, Stalin Siyasi Büronun Bağırovun da iştirak etdiyi iclasında bu məktubla tanış olduqdan sonra, belə dərkənar qoyur: "Dəli-zad olmamısız ki! Arxivə."

Qriqor Arutinovla bağlı kiçik bir haşiyə çıxmaq istəyirəm: yuxarıda dedım ki, erməni müəlliflər 1937-ci ilin əvvəllərindən, İosif Stalinin vəfatınacan Ermənistana rəhbərlik etmiş bu partiya xadiminin bir sıra məşhur sənətkarları repressiyalardan xilas etdiyini yazırlar, hətta Anastas Mikoyanın gəlini (general-leytenant Aleksey Mikoyanın həyat yoldaşı) və Arutinovun qızlığı Nami Mikoyanın yazdığına görə, Stalindən sonra Nikita Xruşşov Qriqor Arutinovun fəaliyyətini yoxlamaq üçün komissiya göndərir və məlum olur ki, on yeddi ildə Arutinov bir güllələnmə sənədinə belə, qol çəkməyib. 

Doğrusu, bu şübhəli bir iddiadır, çünki Vikipediya göstərir ki, 1937-ci ildə SSRİ "NKVD"-sinin qərarı ilə Ermənistanda fövqəladə "Üçlük" yaradılıb və Qriqor Arutinov da bu "üçlüy"ün tərkibində olub. Yeqişe Çarens, Aksel Bakunts kimi onlarla yazıçı və şairlər, başqa sənət xadimləri, hətta katalikos I Xoren Muradbeqyan həbs olunub, güllələnib, öldürülüb, ancaq Ermənistanın partiya rəhbərinin bunlardan xəbəri olmayıb?

Biz mövzumuza qayıdaq.

Azərbaycan xalqının taleyi ilə bağlı başqa bir epoxal (və faciəvi) hadisə - 21 Azərlə bağlı Mir Cəfər Bağırovun mövqeyi və fəaliyyəti necə olmuşdur? Görünür, "mövqe" sözü burada, yəqin yerinə düşmür, çünki mövqe sahibi Moskva idi - oranın mövqeyi necə idisə, Mir Cəfər Bağırovun da mövqeyi elə idi, söhbət qlobal məsələlərdən gedirdisə, Bağırovun mövqeyinin heç bir əhəmiyyəti yox idi. Onun mövqeyi o zaman güclü və həlledici idi ki, söhbət yalnız Azərbaycandaxili məsələlərdən, hətta Hamletin sözləri ilə desəm, bilavasitə Azərbaycandakı olum-ölümdən gedir.

Ancaq fəaliyyətin, əməlin, əlbəttə, müxtəlif nüansları, cizgiləri var ki, sırf milli mənlikdən doğur və etnik mənsubiyyətin genetik-insani xüsusiyyətlərindən xəbər verir.

Mir Cəfər Bağırov və 21 Azər, ümumiyyətlə, İkinci Dünya müharibəsi zamanı və müharibədən sonrakı 1946-cı ildə BMT Təhlükəsizlik Şurasınacan gedib-çıxmış Cənubi Azərbaycan hadisələri mövzusu XX əsr tariximizin çox ciddi və hələ də geniş, dövrün beynəlxalq geosiyasi konteksti daxilində elmi tədqiqata ehtiyacı olan bir mövzudur. Bu hadisələr o zaman ABŞ başda olmaqla, dünyamiqyaslı, mürəkkəb geosiyasi mahiyyət daşıyırdı və hədəf böyük dövlətlərin bir-biri ilə toqquşan siyasi maraqları idi. Azərbaycan tarixçilərinin bu mövzu ilə bağlı ciddi tədqiqat işləri var, ancaq mövzunun miqyası o qədər genişdir ki, dediyim kimi, bir daha araşdırılmalı, açılan arxivlərin vasitəsilə daha dərindən tədqiq edilməlidir və yəqin ki, Azərbaycan tarixçilərinin də tədqiqatları davam edəcək. Mən təfərrüata varmadan yalnız onu deyə bilərəm ki, Mir Cəfər Bağırov bu hadisələrin ilk çağlarından etibarən, Cənubi Azərbaycanla bağlı Stalin siyasətinin yaratdığı münbit zəmindən istifadə edərək, sona qədər ciddi milli fədakarlıqla çalışmış, var gücü ilə əlindən gələni etmişdır. Doğrusunu deyim ki, arxiv sənədlərilə, Mir Cəfər Bağırovun Stalinə göndərdiyi məktublarla, telefon danışıqlarından tutmuş, cürbəcür iclasların stenoqramları ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, Cənubi Azərbaycan hadisələrinin faciəli sonluğu, Mir Cəfər Bağırovun özünün də şəxsi faciəsinə çevrilmişdi.

İngilis tarixçisi Djeffri Roberts yazır ki, Mir Cəfər Bağırov 1945-ci ilin aprelində Stalinə göndərdiyi məktubda Cənubi Azərbaycanın Sovet Azərbaycanına birləşdirilməsi, yaxud müstəqil Cənubi Azərbaycan Xalq Respublikası, yaxud da burjua-demokratik quruluşlu Respublika, bunlar mümkün olmazsa, İran dövləti daxilində mədəni muxtariyyət yaradılmasını təklif edir. Məsələ Siyasi Büroda müzakirə olunur və Siyasi Büro iyun ayında bu məsələnin təşkilati həllini hazırlamağı Bağırova, Molotova və Sergey Kavtaradzeyə (SSRİ Xarici İşlər nazirinin - Molotovun müavini - E.) tapşırır. (Djeffri Robert. Vəçeslav Molotov - stalinskiy rıüarğ "xolodnoy voyünı", Moskva, AST, 2014, str. 146.).

Görünən budur ki, Mir Cəfər Bağırov İranın şahlığı zamanı Sovet İttifaqında Cənub məsələsini qaldıran ilk dövlət xadimlərindən biri (bəlkə birincisi?) olub  və ətrafındakıların (Həsən Seyidov, Həsən Həsənov) yazdığına və dediyinə görə, o, 21 Azərin süqutunu daxili və güclü bir sarsıntı ilə qarşılayıb.

Gecə saat 2-də Stalinin telefon açaraq, sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılacağını deyəndə, Mir Cəfər Bağırov az qala yalvarmağa başlayıb: " - Bunu etməyin!..", ancaq dediyim kimi, beynəlxalq vəziyyət elə idi ki, Üçüncü Dünya müharibəsi baş verə bilərdi, Stalin isə buna hazır deyildi və bunu istəmirdi. Stalin həmin telefon söhbətini yarımçıq kəsib, dəstəyi asandan sonra Mir Cəfər Bağırov bir müddət heç nə demədən, özünə qapanıb, nəhayət: " - Stalinin göstərişidir! Partiyanın göstərişidir!" - deyə özündən asılı olanları həmişəki cidd-cəhdlə yerinə yetirməyə başlayıb.

1947-ci ildə Seyid Cəfər Pişəvərinin öldürülməsində isə Mir Cəfər Bağırov heç vəchlə təşəbbüskar yox, dolayısı yolla yalnız icraçı (tapşırığı yerinə yetirən) ola bilərdi, çünki qəsdən törədilmiş bu avtomobil qəzasını, şübhəsiz ki, bilavasitə Stalinin tapşırığı ilə o zamankı Dövlət Təhlükəsizliyi Nazirliyi həyata keçirmişdi və təsdiq edilmiş faktdır ki, sürücü Karnik Melixyan DTN-nin agenti, Pişəvərini (onunla birlikdə general Qulam Yəhyanı da) müşayiət edən isə bilavasitə DTK katibliyinin rəisi idi (hadisədən sonra nazir müavini olub). Bağırov özü də məhkəmədə Pişəvərinin ölümü barədə suala: " - Bunu Moskvadan soruşun" -  demişdi, Moskva isə nə idi (daha doğrusu, kim idi?) - Stalin. 

Mən ona görə əminliklə "şübhəsiz" deyirəm ki, hədəfə alınmış şəxslərin yalançı (əvvəldən hazırlanmış) avtomobil qəzaları vasitəsilə aradan götürülməsi Sistemin tətbiq etdiyi qətl formalarından biri idi və belə bir faktı yada salmaq istəyirəm: 1947-ci ildə məşhur teatr rejissoru, Yəhudi Antifaşist Komitəsinin ilk sədri Solomon Mixoels, guya Minskdə avtomobil qəzasında həlak olmuş və Moskvada təntənə (!) ilə dəfn edilmişdi. Ancaq 1954-cü ildə SSRİ-nin keçmiş Təhlükəsizlik naziri Viktor Abakumov (o da, özündən əvvəlki nazirlər kimi, güllələndi) ifadəsində bildirdi ki, Mixoels şəxsən Stalinin göstərişi ilə qətlə yetirilmişdi.

Mir Cəfər Bağırov rus dilini təmiz bilirdi, bütün rəsmi yazışmaları, iclasları rus dilində aparırdı və məruzələri, çıxışları da, əsas etibarilə rus dilində olurdu, ancaq Azərbaycan dilində az danışsa da, bu, onun əsas (doğma) dili idi. Onu yaxından tanıyanların dediyinə görə, ləzgi dilini də təmiz bilirdi və 12-13 yaşlarına qədər ibtidai təhsilini mollaxanada, fars dilinin tədris olunduğu Azərbaycandilli məktəbdə aldığını da nəzərə alsaq, yəqin yaxşı-pis, bu dili də bilirdi. O, bir fərd kimi nə qədər istedadlı, ağıllı, fərasətli olsa da, belə görünür ki, onun intellektual hazırlığı fitri istedadı və bacarığı səviyyəsində deyildi və bu cəhət Bağırovun müasirləri və ondan sonrakı sovet rəhbərləri - Xruşşov, Brejnev, Çernenko, Qorbaçov və başqaları, eləcə də Stalinətrafı: Molotov, Kaqanoviç, Kalinin, Voroşilov, Orconikidze, Mikoyan, Şvernik, Andreyev və başqaları üçün də səciyyəvi idi.

Onunla birlikdə işləyənlər, onunla təmasda olanlar deyir və yazırlar ki, Mir Cəfər Bağırovun rus dilini bilən azərbaycanlılardan xoşu gəlirdi və o dövrü öyrəndikcə hiss edirsən ki, bunun səbəbi, görünür, ruspərəstlikdən də daha artıq o idi ki, Azərbaycanda yaşayan ruslarla birlikdə, ermənilər, ukraynalılalar, başqa xalqların nümayəndələri təhsillərini rus dilində aldıqları üçün, partiya və sovet orqanlarında öz karyeralarını nisbətən asan qura bilirdilər. O dövrlə bağlı elmi ədəbiyyatla, xatirələrlə, o dövrün mətbuatı ilə tanış olduqca, yeni yaradılan  zavod və fabrik direktorlarından, müəssisə rəhbərlərindən tutmuş, respublikamiqyaslı rəhbər işçilərəcən azərbaycanlı kadrları irəli çəkmək tendensiyası aydın görünməkdədir və bu mənada, rus dili ciddi əhəmiyyət daşıyırdı. Yeri düşmüşkən, deyim ki, SSRİ-nin sonuna kimi müttəfiq Respublika partiya komitələrinin ikinci katibi vəzifəsinə Moskvadan milliyyətcə rus olan partiya funksionerləri təyin edilirdi, yalnız Ermənistanda ikinci katiblər də yerli kadr, yəni erməni olurdu və rus milliyyətli ikinci katib, ancaq 1988-ci ildə, Sovet İttifaqı dağılmağa başlayanda gedib Ermənistana çıxdı. Nüfuzuna, Stalinin tam etibarını və inamını qazandığı üçün, müharibədən sonrakı dövrdə Mir Cəfər Bağırov da bu vəzifəyə azərbaycanlı kadrların təyin edilməsinə nail olurdu (Ələşrəf Əlizadə, Mir Teymur Yaqubov, Vitali Səmədov).

Ancaq o da hiss olunur ki, Mir Cəfər Bağırov bu məsələyə çox ehtiyatla yanaşırdı, milli kadların irəli çəkilməsini kommunizm ideologiyası və Sistemin maraqları ilə əsaslandırmağı bacarırdı (bəlkə də bu, yalnız siyasi manevr deyildi, onun özü də elə bu cür düşünürdü) və bəzən də bu ehtiyat hissi əndazədən çıxırdı. Əndazə hissinin bu cür itirilməsinin nəticəsiydi ki, Mir Cəfər Bağırov, misal üçün, Bakının ən uca nöqtəsində - o yerdə ki, burda ucaldılacaq heykəl Bakının hər tərəfindən görünsün - Sergey Kirovun heykəlini ucaltdı.

Sergey Mironoviç Kirov 1920-ci ildə Azərbaycanı işğal edərək, Azərbaycan Demokratik Respublikasını dağıdan XI bolşevik ordusu ilə Bakıya gələn və həmin illərin əvvəllərində Azərbaycanda partiyaya rəhbərlik edən, sonra Leninqrada göndərilən, Siyasi Büroya üzv seçilən və 1934-cü ildə Leninqradda da qətlə yetirilən bolşevik idi. Stalin bu qətldən istifadə edərək, Sovet İttifaqında gələcək Böyük Terrorun - 1937-38-ci illər repressiyasının ilkin mərhələsinə başladı və Mir Cəfər Bağırov Sistemə (Stalinə) sədaqətini nümayiş etdirərək, qədim Gəncənin adını dəyişib, Kirovabad etdi, Respublikanın əsas universitetinə, onlarla, bəlkə də yüzlərlə kolxoza, cürbəcür müəssisələrə, küçə və prospektlərə onun adını verdi, Bakıda Kirovun ev-muzeyini yaratdı.

Bakının, dediyim kimi, ən uca nöqtəsində hündür qırmızı qranit pyedestal üzərində ucaldılmış bu nəhəng heykəl təmtəraqlı və təntənəli sosialist realizminin parlaq nümunəsi idi və bütün Bakı da Sergey Kirovun nəhəng çuqun ayaqlarının altında idi. Bu sosrealizm nümunəsini məşhur heykəltəraş Pinxos Sabsay yaratmışdı və rəsmi ideologiya bu heykəli Bakının emblemasına çevirmişdi. Sergey Mironoviç Kirov Bakının başı üzərindən əlini qalib kommunizmin işıqlı gələcəyinə sarı uzatmışdı və o zaman kimin ağlına gələrdi ki, düz, 51 ildən sonra ekskavator, elə bil, hərəkətə gələn nəhəng dar ağacı kimi, trosu o heykəlin boğazına salıb, onu aşırıb, dağıdacaq?

Yazıçı dostlar hərdən zəngləşib, Dənizkənarı bulvarda gəzişməyə (söhbətləşməyə) çıxırdılar və İlyas Əfəndiyev deyirdi ki, bulvarda üzüaşağı gedəndə başımı yuxarı qaldırmıram ki, Kirovun heykəlini görməyim.  Azərbaycan ziyalılarının o heykələ nifrəti göstərən bu sözləri yazarkən, xatırlayıram ki, rəhmətlik professor Firudin Hüseynov danışırdı ki, aspirant olduğum vaxtlar - 1950-ci illərin sonlarında (hələ "KQB"-nin qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda!) bir axşam elmi rəhbərim Mir Cəlal müəllimlə Dənizkənarı bulvarda gəzirdik. Projektorların gur  işığı yenə Kirovn heykəlinə tuşlanmışdı. Birdən, heç bilmirəm necə oldu ki: "- Mir Cəlal müəllim, - dedim, - o heykəlin yerinə kimin heykəlini qoymaq olardı?" Mir Cəlal müəllim də ayaq saxladı və başını qaldırıb, o heykələ baxdı: "- Qardaş, kim o heykəli ordan sala bilsə, - dedi, - onun da heykəlini orda qoymaq olar!"

O heykəli bir nəfər yox, ayağa qalxmış Azərbaycan xalqı pyedestalı ilə bərabər yerə saldı və 1991-ci ildə Bakı sakinləri şəhərin müxtəlif tərəflərindən mənəvi rahatlıq və çox pozitiv bir maraq içində o heykəlin edamına tamaşa edirdi - bu, xalqın hiss-həyəcanını ifadə edən kütləvi mənəvi-siyasi bir edam idi. Azərbaycan xalqı o heykələ o qədər nifrət bəsləyirdi ki, aradan 30 ildən artıq bir vaxt keçib, ancaq o heykəl hələ də yaddan çıxmayıb və mən bu günlərdə saytlardan birində Leninin (söhbət, Bakının mərkəzi meydanında ucaldılmış nəhəng Lenin heykəlindən gedir) və Kirovun həmin heykəllərinin əridildiyi İstehsalat Kombinatdan yazılmış (və manşetə çıxarılmış!) reportaja rast gəldim.

Mir Cəfər Bağırov bir tərəfdən, Marietta Şaqinyanın Ermənistanda nəşr olunmuş və azərbaycanlılar barədə təhqiramiz mülahizələr söylədiyi kitabı, eləcə də Nizami Gəncəvi haqqında yazdığı antiazərbaycan ruhlu əsəri, yaxud Georgi Xolopovun (məşhur Şamaxı erməniləri Lalayevlərdən idi, familiyasını dəyişmişdi) Moskvada çap edilmiş və azərbaycanlılara qarşı qərəzli münasibət ifadə edən romanı haqqında bilavasitə Kremlə çox ciddi və cəsarətli etiraz məktubu yazaraq, həmin kitabları yığıştdırmağa nail olurdu. Yaxud o zaman partiya müqəddəsinə çevrilmiş Stepan Şaumyanın oğlu Lev Şaumyanın "Pravda" qəzetində dərc etdirdiyi məqalədə "26-lar"dan bəhs edib, azərbaycanlı komissar Məşədi Əzizbəyovun adını çəkmədiyi üçün, onun da, qardaşının da antiazərbaycan mövqeyini partiya qurultayının tribunasından kəskin tənqid edir və bununla kifayətlənməyib, bu barədə birbaşa Stalinə məktub yazırdı. Yaxud da Azərbaycanda Konservatoriyanın müəllim və tələbələri arasında azərbaycanlıların sayının az olmasını aradan qaldırmaq məqsədi ilə xüsusi (və rəsmi!) Komissiya yaradırdı və bütün bunlar, əlbəttə, şəxsi cəsarət tələb edirdi.

"YouTube"də Böyük Sovet Ensiklopediyası Baş redaktorunun müavini Lev Şaumyanın qızı, Stepan Şaumyanın nəvəsi, şərqşünas Tatyana Şaumyanın müsahibəsi var və o, deyir ki, Mir Cəfər Bağırov Stepan Şaumyana və onun ailəsinə "amansız nifrət bəsləyirdi", "ifşaedici materiallarla dolu qovluqla" Moskvaya gəlirdi. Əgər, həqiqətən, beləydisə, güman edirəm ki, bunun səbəbi Mir Cəfər Bağırovun şəxsi-qərəzliyi yox, siyasi və milli təəssübkeşliyi olub.

Qısa bir haşiyə çıxmaq istəyirəm: 1981-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Füzulinin 840 illyini keçirməklə bağlı qərar qəbul edildi və bu, ədəbiyyatımızın təbliği, ədəbiyyat tariximizin öyrənilməsi baxımından tarixi  bir hadisə, nadir bir qərar idi, çünki ənənə belə idi ki, yubileylər üçün yalnız yuvarlaq rəqəmlər əsas götürülməlidir. Yazıçılar İttifaqında işlədiyim vaxtlar idi və bir gün MK-nın yeni ideoioji katibi, cavan və enerjili Həsən Əziz oğlu Həsənov telefonla zəng etdi ki, Leninqrad da (Sankt-Peterburq) Nizaminin yubileyini keçirmək istəyir. Qısası, Qabil, Nəriman Nəsənzadə, Araz Dadaşzadə, Səyavuş Məmmədzadə, jurnalist Mailə Muradxanlı və məndən ibarət bir heyətlə Leninqrada getdık və vaxtilə Mir Cəfər Bağırovun kəskin tələbi ilə kitabı qadağan edilmiş həmin Georgi Xolopov o zaman Leninqrad Yazıçılar İttifaqının rəhbərlərindən biri, ədəbiyyat jurnalı - "Zvezda"nın Baş redaktoru idi (nə az, nə çox, düz 34 il "Zvezda"nın Baş redaktoru oldu!). 

Doğrusu budur ki, Xolopov bizimlə olduqca mehriban görüşdü, bizim şərəfimizə evində ziyafət verdi və həmin ziyafətə SSRİ-nin ən görkəmli balerinalarından olan Olqa Lepeşinskayanı, bir sıra başqa məşhur Leninqrad ziyalılarını da dəvət etmişdi. Səmimi bir məclis idi, mən Xolopovla yanaşı oturmuşdum, xudmani söhbətləşirdik və fürsətdən istifadə edib, ondan soruşdum: " - Siz Bağırovla görüşmüşdüz?" Xolopov, elə bil, sualımı eşitmədi, tələsik ayağa qalxıb, Azərbaycan xalqı haqqında yaxşı bir sağlıq dedi, sonra da axıra qədər Mir Cəfər Bağırov barədə bir söz demədi, mən də gördüm ki, bu söhbətdən qaçır, daha heç nə soruşmadım.

Bir halda ki, bu haşiyədə Olqa Lepeşinskayanın adını çəkdim, onu da deyim ki, Stalinşünaslıqda ara-sıra belə bir məlumatla da rastlaşırıq: guya Olqa Lepeşinskaya Stalinin sevgilisi olub və onlar hərarətli bir eşq yaşayıblar. Lepeşinskaya 1940-cı illərdə dörd dəfə, dalbadal Stalin mükafatı alıb və çox güman ki, bu da həmin məlumatın yaranmasına və yayılmasına səbəb olub.

Ancaq əsas söhbətimizə qayıdaq.

Mir Cəfər Bağırov o biri tərəfdən də, elə həmin 1951-ci ildə "Kitabi-Dədə Qorqud"un "mahiyyətinə burjua-millətçilik zəhəri hopmuş", "irticaçı xarakter daşıyan" bir abidə olduğunu elan edirdi və bundan sonra anti-"Dədə Qorqud" kompaniyası başlayırdı. Dünənəcən bu abidənin həqiqi qiymətini vermiş ən istedadlı Azərbaycan ədəbiyyatşünasları Mir Cəfər Bağırovun bu iddiasını təsdiq etmək məcburiyyətində qalır və əvvəllər bu abidəyə yüksək qiymət verdikləri üçün üzr istəyirdilər (bunu da deməyi borc bilirəm ki, yalnız rəhmətlik akademik Həmid Araslı üzr istəmir). Azərbaycan Yazıçılar İttifaqı xüsusi iclas keçirir və görkəmli (eləcə də görkəmsiz) yazıçı və şairlər Mir Cəfər Bağırovun (o günlərdə Mir Qəzəbin) "Dədə Qorqud" qərəzçiliyini qızğın müdaifə edirdi.

Bir tərəfdən məşum 37-ci ildə bilavasitə Mir Cəfər Bağırovun təşəbbüsü ilə Moskvada, SSRİ Yazıçılar İttifaqı İdarə heyəti qarşısında rus dilində Azərbaycan poeziyası antologiyasını hazırlayıb, nəşr etmək məsələsi qaldırılır və Vladimir Luqovskoy, Pavel Antokolski, Pavel Pançenko və Marqarita Aliger kimi məşhur rus sovet şairləri klassik və müasir Azərbaycan poeziya nümunələrini tərcümə etmək üçün Bakıya dəvət olunur. Mir Cəfər Bağırov onları şəxsən qəbul edir və həqiqət budur ki, iki saatdan çox çəkən bu qəbul onun məsələyə nə dərəcədə əhəmiyyət verdiyini göstərir.

Qəbul zamanı Luqovskoy Vaqifin və Vidadinin, Pançenko Seyid Əzimin və Sabirin şeirlərini, Antokolski Füzulinin "Leyli və Məcnun"undan parçaları öz tərcümələrində Mir Cəfər Bağırova oxuyurlar və mən istəyirəm, o qəbulun koloriti haqqında müəyyən təəssürat yaratmaq üçün rəsmi məlumatdan sitat gətirim: "Tərcümələr Bağırov yoldaşa təsir bağışlamışdır. Bağırov yoldaş bir saata qədər davam edən nitqində antologiyanın mühüm əhəmiyyətini və xüsusilə, xalqımızın yaradıcılıq simasını göstərməkdə onun oynadığı böyük rolu qeyd etmişdir".

Nizami Gəncəvinin məhz Azərbaycan şairi kimi təbliğ və təşviq edilməsində, onun əsərlərinin Azərbaycan, eləcə də rus və başqa sovet xalqlarının dilinə tərcümə edilməsində, yalnız Bakıda yox, Moskvada və Sovet İttifaqının başqa respublikalarında nəşr olunmasında, yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, rus və sovet ədəbiyyatşünaslığında akademik Bertelsin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" monoqrafiyasınacan Nizami yaradıcılığının tədqiq edilməsində, bu yaradıcılığın bütün respublikalarda dərsliklərə salınmasında, 800 illik yubileyinin ittifaq miqyasında keçirilməsində, 1947-ci ildə Gəncədəki (Kirovabaddakı) Nizami Gəncəvi heykəlinə görə heykəltəraş Fuad Əbdürəhmanova Stalin mükafatı verilməsində, 1949-cu ildə Bakıda Nizaminin nəhəng heykəlinin (müəllifi Fuad Əbdürəhmanov, memarlar - Mikayıl Hüseynov və Sadıq Dadaşov) ucaldılmasında və s. Mir Cəfər Bağırovun müstəsna rolu olmuşdur. Həmin dövrdə bizim ədəbiyyatşünaslıqda ayrıca bir Nizamişünaslıq istiqaməti yarandı və bu istiqamətin geniş elmi-nəzəri əhatəsi kontekstində, ümumiyyətlə ilkin orta əsrlər Azərbaycan ədəbiyyatşünaslığının effektli tədqiqatları nəticəsində Nizaminin azərbaycanlı müasirləri də öyrənildi, təbliğ edildi, özümüzə qaytarıldı (Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani Şirvani, Fələki Şirvani və b.)

ABŞ kinorejissoru Ruben Mamulyan (əslən Tiflis ermənilərindən idi) Hollivudda Üzeyir Hacıbəyovun "Arşın mal alan"ını erməni operettası kimi ekranlaşdırır və bu film İran şəhərlərində göstərilməyə başlayır.  Xəbər Üzeyir bəyə çatanda o, bu barədə Mir Cəfəp Bağırova müraciət edir və Bağırov Üzeyir bəyin birbaşa Stalinə məktub yazmasının təşəbbüskarı olur. Beləliklə də, 1945-ci ildə Bakıda "Arşın mal alan" filmi çəkilir, böyük uğur qazanır və "Vikipediya"nın yazdığına görə dünyanın 86 dilinə tərcümə edilərək, 136 ölkədə (!) göstərilir, 1946-cı ildə bilavasitə Mir Cəfər Bağırovun təşəbbüsü ilə filmin yaradıcı kollektivi Stalin mükafatı alır (Rza Təhmasib, Nikolay Leşenko, Rəşid Behbudov, Leyla Cavanşirova (Bədirbəyli), Münəvvər Kələntərli, Ələkbər Hüseynzadə, Lütfəli Abdullayev).

İndi fikir verin, bu təşəbbüslər və fikirlər hara, "Dədə Qorqud"u "xalq düşməni" (!) elan etmək hara - bu ziddiyyət və paradoks həm şəxsiyyətin xarakterindəki və fəaliyyətindəki ziddiyyətlərdən, qarmaqarışıqlardan xəbər verir, həm də dövrün ziddiyyət və paradokslarını ifadə edir.

Söhbət həmin dövrdən gedir ki, Bakının mərkəzində, açıq havada "Doğma Stalini  göz bəbəyimiz kimi qoruyalım!", "Xalq düşmənlərinə ölüm!", "Alçaq ikiüzlü xalq düşmənlərini mühakimə etməli!" şüarları ilə mitinq keçirilir və Mir Cəfər Bağırov o mitinqi açaraq, "Neft Bakısının əməkçiləri buraya insanlıq simasını itirmiş xalq düşmənlərinə cəmiyyətin, alçaq tör-töküntülərinə qarşı öz dərin nifrətlərini izhar etmək üçün toplaşmışdır", - deyir, "quldur dəstəsindən olan banditlər"dən, "faşist sürüsünün qanlı cəlladları"ndan danışır, sonra "xalq düşmənlərinə ölüm!" tələb edən müxtəlif peşə sahiblərinin, o cümlədən də yazıçıların nümayəndəsi çıxış edir. Bu həmin günlərdir ki, ədəbi orqanlar Maksim Qorkinin məşhur (və deyildiyi zamanın kontekstində qorxunc!) "Əgər düşmən təslim olmazsa, onu məhv edərlər!" şüarı altında tribuna açır və bir çox yazıçılar həmin tribunadan "İllərlə Ruhulla Axundov, Hənəfi Zeynallı kibi kontrrevolsion xəyanətkarların kultura və ədəbiyyat cəbhəsində çalışmaları biz yazıçılardan daha artıq sayıqlıq tələb edir", "Əllərində hələ bizim sevimli Sergey Mironoviç Kirovun, şanlı qızıl əsgərlərimizin, mühəndislərimizin, staxanovçularımızın qanı qurumamış, xalqların müəllimi, atası, dostu, böyük  Stalini öldürməyə çalışırlardı", "Xalq düşmənləri əziz atamız Stalini əlimizdən almaq istəyirdilər" və s., deyə vətəndaşları, ilk növbədə isə, öz həmkarlarını xalq düşmənlərini aşkar və ifşa etməyə çağırırdı (Bu və bu tipli çağırışların müəllifləri ilə maraqlananlar "Ədəbiyyat qəzeti"nin 1937-ci il nömrələrinə baxa bilər).

Bu həmin dövrdür ki, əslində donoslar, xəfiyyə məlumatları məqalə adı ilə mətbuatda dərc edilirdi: "İfşa edilmiş xalq düşməni Hacıbaba Nəzərli Yazıçılar İttifaqının üzvlüyündən kənar edilmişdir. Lakin bu alçağın həmfikirlərinin, məsələn, Hüseyn Mehdinin hələ də sovet yazıçıları sıralarında qalması təəccüblü deyilmidir?.." "Alçaq və əclaf Mustafa Quliyev, Hacıbaba Nəzərli, Ə.Trinic, Əli Nazim, Xəlil İbrahim və başqa nacinslər, həmçinin qəddar averbaxçı Hüseyn Mehdi..." və s. ("Kommunist" qəzetinin 1937-ci il nömrələri).

Doğrusu, bu nümunələri oxuculara təqdim edəndə adam xəcalət çəkir, ancaq nə etməli, xəcalət çəksək də, çəkməsək də, bu bizim tariximizdir və özümüzü görməməzliyə vurmaq tariximizi saxtalaşdırmaq deməkdir. Mən bu çağırış, donos müəlliflərinin adlarını çəkmirəm (onsuz da, mətbuatda, arxiv sənədlərində hər şey var - yazıya isə pozu yoxdur!), çünki əsas müəllif - nəhəng müəllif! - Qorxudur, özünüqorumaq, yaşamaq instiktini çırpınladıb-titrədən, səfərbər edən Qorxu. Mən bu müəlliflərə (o cümlədən, yazıçılara!) bəraət qazandırmaq fikrindən uzağam, ancaq səbəb (və həqiqət!) budur - əvvəldə də yazdığım həmin Qorxu.

Uzun onilliklər repressiyanın məşəqqətlərini çəkmiş və bu məşəqqətləri yüksək bədiiliklə təsvir etmiş böyük rus yazıçısı Varlam Şalamov indiyəcən saxladığım bir müsahibəsində o dövrdən bəhs edərkən, deyir: "İnsan özünü dərhal itirmir. İnsan əvvəlcə gücünü itirir, sonra da onunla birlikdə əxlaqını (mənəviyyatını ) itirir". ("Soverşenno sekretno", 2007, № 6.)

Siz Qorxunun gücünə baxın ki, Vadim Kojinovun yazdığı kimi, "Stalinin özündən çox stalinçi olan", ancaq buna baxmayaraq, güllələnən Nikolay Buxarin (Vadim Kojinov. Pravda Ctalinskix repressii, ili komu nujnı bolğşie jertvı, Moskva, Alqoritm, 2010, str. 89.) "KQB" zirzəmisindən Stalinə məktublar yazaraq, sözün əsl mənasında, yalvarır ki, onu güllələməsinlər, heç olmasa, zəhərləsinlər, ancaq bu yalvarışlar Stalinə təsir etmir və Buxarin güllələnməyə aparılanda da qışqırır: "Stalin bəşəriyyətin ümididir!" (Aleksandr Orlov. Taynaə istoriə Stalinskoqo vremeni, Moskva, Alqoritm, 2014.)

Güllələnməyə məhkum olunmuş bütün keçmiş siyasi rəhbərlər, marşallar, inzibati orqan rəisləri istisnasız olaraq ən son məqamlarına qədər bütün iftiralara, böhtanlara qol çəkir, özləri haqqında bütün saxta ittihamları təsdiqləyir və durmadan Stalini vəsf edirdilər və bütün bu absurd - hökm sürən həmin böyük Qorxunun şüurlu, ya da təhtəlşüur ifadəsi idi.

Mən sovet paradoksları barədə artıq yazmışam və Sistemin yaratdığı Böyük Terrorun özündə də izahata gəlməyən, heç bir məntiqə sığmayan qəribə paradokslar var idi. Mikayıl Rəfili 1937-ci ildə düşmən kimi "ifşa" olunur, Yazıçılar İttifaqından xaric edilir - bu, artıq ən azı Sibirdir, amma ona toxunmurlar, sağ qalır, yaxud da Mehdi Hüseyn "qatı averbaxçı" kimi "ifşa" olunur, Yazıçılar İttifaqının üzvlüyündən namizədliyə keçirilir, ancaq sağ qalır. 1920-ci ildən əvvəl yazmağa başlamış qələm sahiblərinin hamısı - Hüseyn Caviddən, Əhməd Cavaddan, Seyid Hüseyndən (Kazımoğludan), Yusif Vəzir Çəmənzəminlidən, Sultan Məcid Qənizadədən, Qafur Qantəmirdən tutmuş, Salman Mümtaz, Xəlil İbrahim və Əli Səbriyəcən - "ifşa" olunur, güllələnən güllələnir, Sibirə göndərilən göndərilir, yalnız Abdulla Şaiq və Məmməd Səid Ordubadi sağ qalır, yaxud nə "ifşa" məqalələrində, nə "ifşa" toplantılarındakı məruzə və çıxışlarda, nə də cürbəcür qərarlarda, rəsmi sənədlərdə Əliağa Vahidin adına rast gəlirik, elə bil, bu adda şair yoxdur, Süleyman Sani Axundov isə 1939-cu ilin əvvəlində öz əcəli ilə vəfat edir (bəlkə də bu "ifşa"lar dəhşəti içində ürəyi partlayır). Mikayıl Rzaquluzadə "pantürkist", "millətçi" kimi zamanın kontekstində ən ağır (ölümcül!) ittihamlarla "ifşa" olunur, ancaq sağ qalır, heç həbs də olunmur. Mən rəhmətlik Mikayıl Rzaquluzadəni yaxşı tanıyırdım, hələ gənc yaşlarımdaykən, Yazıçılar İttifaqında işləyəndə onunla çox təmasda olmuşdum və o, hər hansı bir satqınlıq edib, sağ qalan, sonra da başı dik gəzə-gəzə qətlə yetirilənləri tərifləyən adam deyildi.

Deyirlər ki, Mir Cəfər Bağırov Ordubadi ilə dost idi, hətta Bağırovun oğlu Cahangirin yas məclisini də Məmməd Səid aparıb  - olsun; Rəfili Bağırova məktub yazıb, Rəfilini o, onu müdafiə edib - ola bilər; Şaiq çox təmiz və heç bir intriqalara qarışmayan, kənarda dayanmış adam idi - düzdür, belə idi; Vahidi xalq sevirdi, həyat tərzi ilə xalqın az qala, mifoloji və sevimli qəhrəmanına çevrilmişdi - bəli, doğrudur və bütün bu "ifşa"ların, qətllərin, sürgünlərin, izaholunmaz bu paradoksların müəllifi də Sistem idi - bu da tamam doğru bir fikirdir. Ancaq məsələ burasındadır ki, Mir Cəfər Bağırovun, nəinki 1937-38-ci illərdə, ümumiyyətlə 1933-53-cü illərarası fəaliyyəti onun adını Azərbaycanda Sistemin sinoniminə çevirmişdi və güllələnənlər arasında onun özünün keçmiş dostları yox idi? Hüseyn Cavidi bəyəm, xalq az sevirdi və mənən də, əməllərində də təmiz insanlar, kənarda dayanıb siyasətə qarışmayanlar az güllələnmişdi? Mikayıl Müşfiq ilk şeirlərinin çapından sonra tanınan, get-gedə sürətlə məşhurlaşan, oxucuların sevimlisinə çevrilən bir gənc deyildi?

Sistem üçün dost, rəhm, sevilib-sevilməmək məfhumları yox idi - Stalinin qətlə yetirdiyi insanların arasında onun Avel Yenukidze, yaxud Nikolay Buxarin kimi çox yaxın dostları var idi (hələ onun yaxın qohum-əqrəbasını demirəm!), eynən də Mir Cəfər Bağırovun təmasda olduğu, birgə işlədiyi, oturub-durduğu insanların məhv edilməsi.

Şaiqin, Vahidin, Ordubadinin Böyük Terrorun yaratdığı hərc-mərclik içində salamat qalması yalnız barmaqla sayılacaq təsadüflər idi və bu təsadüflər həmin məntiqə sığmayan paradokslara borclu idi.

Bu yazını işləyərkən, hərdən içimdən qapqara bir şükranlıq hissiyyatı keçirdi - 1937-38-ci illər terroru ümumiyyətlə bütün Azərbaycan mədəniyyətini kökündən yox edə bilərdi, yəni bu illərin Azərbaycan mədəniyyətinə vurduğu yalnız zərbə ağır, faciəli, dəhşətli yox, həlledici ola bilərdi, bu mədəniyyət ibtidai bir vəziyyətə düşə bilərdi. Baxın, Sistem Abbas Mirzə Şərifzadə, yaxud Ülvi Rəcəb kimi böyük aktyorları güllələdi, ancaq "Kommunist" qəzetində - qorxulu "ifşa"edici partiya orqanında dərc edilmiş bir məqalədəki "ifşa"ları oxucuların diqqətinə çatdırmaq istəyirəm: "Budur, Mirzəağa Əliyev! Çar kazakının oğlu olan bu adam musavat zabiti olmuşdur. Həmişə belində tapança olaraq qoçuluq edərmiş. Xalqın ifşa edilmiş əclaf düşmənləri Dadaş Bünyadzadə, Həmid Sultanov, Ruhulla Axundov, Əhməd Bədi Trinic və başqaları ilə sıx əlaqə saxlamış, onların keyf məclislərində təlxəklik etmiş, kontrrevolyusion anekdotlar söyləmiş, xaricdə yaşayan keçmiş arvadı ilə əlaqə saxlamışdır..." və s., və i.a. Sonra: "Budur, Möhsün Sənani!" və Sənaninin "ifşa"sı, "Budur, Fatma Qədri!" və Qədrinin "ifşa"sı ("Kommunist" qəzeti, 30 sentyabr 1937) və beləcə də, başqa aktyorlarımızın ifşası. İndi, bir anlıq təsəvvür edək ki, Abbas Mirzə ilə, Ülvi Rəcəblə bərabər, Mirzəağa Əliyev də, Möhsün Sənani də, Fatma Qədri də, Azərbaycan teatr sənətinin başqa bu kimi aktyorları da güllələnir, o boşluqdan, vakuumdan sonra bu gün biz hansı səviyyədəki teatr sənətimizdən danışa bilərdik?

Bu cür vəziyyət Azərbaycan ədəbiyyatında da yarana bilərdi və yada salaq ki, az qala, iyirmi il Azərbaycan oxucuları - məktəb şagirdlərindən tutmuş, universitet tələbələrinəcən kimsə Cavidi, Müşfiqi, Çəmənzəminlini, Cavadı, başqalarını oxuya bilmədi, milli ədəbiyyatın böyük bir hissəsinin milli şüurun və mənəviyyatın inkişafında hansı rolu oynaya bilərdisə, bundan məhrum oldu. Azərbaycan ədəbiyyatşünaslığı bu mirasdan bəhrələnə bilmədi və tədqiqatlar natamam istiqamətdə aparıldı, buna görə də tam elmi-nəzəri mənzərəni yarada bilmədi. İndi, siz təsəvvür edin, bu 37-38 qırğınından salamat çıxmış qələm sahibləri - yazıçılar, şairlər, ədəbiyyatşünaslar, folklorşünaslar da Sistemin ətçəkən makinasına düşsəydi, onların da kitabları yandırılsaydı, o zaman yalnız bizim ədəbiyyatımız, ədəbiyyatşünaslığımız, ictimai fikrimiz yox, bizim mənəvi dünyamız nə günə düşəcəkdi?

Bu gün mətbuatda, saytlarda ara-sıra rast gəldiyimiz Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Mir Cəlal, Mehdi Hüseyn, Əbülhəsən, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Rahim, başqaları, eləcə də həmin nəsildən olan ədəbiyyatşünaslar - Həmid Araslı, Mirzə Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Mirzəağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Mikayıl Rəfili, Əli Sultanlı, Əkrəm Cəfər, Cəfər Cəfərov, Abbas Zamanov, Əkbər Ağayev, Cəfər Xəndan, başqaları, "siz nə üçün sağ qalmısız?" - kimi qərəzli sosial-psixoloji münasibət, yanaşma ədəbiyyatımızın tarixi və taleyi ilə bağlı yalnız aysberqin görünən hissəsini görməklə kifayətlənməyin, yəni alt qata enə bilməməyin, bu iqtidarda olmamağın, ya da enmək istəməməyin nəticəsidir.

Ona görə də bu gün dövrün ədəbiyyatı da, ədəbi prosesi də, mühiti də mətbuatdan, arxiv materiallarından öyrənilməlidir - buna söz yox, onsuz da, təkrar edirəm, yazıya pozu yoxdur, ancaq olanlarla, köhnə təbirlə desəm, vaqeələrlə bağlı ədəbiyyata, sənətə, elmə: " - Sən nə üçün sağ qalmısan?" ovqatı ilə hücum etmək heç vəchlə doğru deyil.

Bəli, o dövrlə bağlı bəzən ağrılı (və prinsipial!) suallar meydana çıxır və şübhəsiz ki, bu suallara təmkinlə, hissə qapılmadan, yüz ölçüb-bir biçməklə cavab vermək elmi və mənəvi borcdur. Baxın, bu gün Azərbaycan ədəbiyyatşünaslığı bu tipli məsələləri qaldırır və cavab tələb edir: "Məsələn, 1939-cu ildə Əli Nəzmi və Əmin Abid Mirzə Fətəli Axundzadənin fəlsəfi əsərlərini toplayıb, çap ediblər. Araşdırın, baxın, görün, o əsərlər kimin adından çap olunub? Çobanzadənin Füzuli haqqında əsəri kimin adı ilə işıq üzü görüb?" (Professor Nizaməddin Şəmsizadə. "Mənə Puşkini verin, mən də Belinski olum", "Xalq qəzeti", 20 dekabr 2023.) Təkrar edirəm, cavab impulsiv, kinli-küdurətli, təşəxxüslü yox, ədəbi, obyektiv və Cabbarlının qəhrəmanının dediyi kimi, "subutalnı-dokumentalnı" olmalıdır.

Hələ cavan yaşlarımda, aspirant ikən kitabxanada 1937-38-ci illərin mətbuatını vərəqlədikcə, məndə elə bir təəssürat yaranırdı ki, elə bil, söhbət Azərbaycandan yox, sürrealist bir dünyadan gedir və elə o cavanlıq çağlarımda "Kommunist" qəzetindən - rəhbər partiya orqanından! - dəftərçəmə köçürtdüyüm bu folklor nümunələrinə baxın:

 

Əziz Şmidti göndərdin uzaq ellərə,

Təyyarə ilə uçdu, bələd oldu yollara,

Sancdılar al bayrağı buzlu dağlara,

Xaricilər düşdü haldan-hala, Stalin.

 

(Aşıq Avak)

                      

Stalin marşurutu, səni min yaşa,

İgidlər planını çatdırdı başa,

Lenin ordenini taxdılar döşə,

Hər biri korpusa komandir oldu.

 

(Aşıq Mirzə)

 

Oxudum qəzetdə, mən oldum hali,

Terrorçu salmış qeyli-qali,

Casus, ziyançı o kəs xəyali

Məhv etdin, dağıtdın, yaşa, Stalin!

 

(Aşıq Əsəd)

 

Əgər siyasi-inzibati nadanlıq və vəhşilik, hətta xalqın folklorunu cəmi bir-iki ildə bu cür bərbad hala salmışdısa, bunun axırı nə ola bilərdi? Həm də bu ədəbi biabırçılıq, yalnız Azərbaycan deyil, bütün başqa respublikaların da ədəbiyyatı və folklorunda yayılan, inkişaf edən xərçəng hüceyrələri idi.

Və elə bil, bu absurd misralar qrafoman makulaturası yox, elə həmin sürrealist dünyanın nəğmələridir və bu sürrealist dünyanın region rəhbəri - Mixail Bulqakovun Pontiy Pilatı kimi prokurator-hakimi isə Mir Cəfər Bağırov idi (bəlkə də başqa cür deyək: bu, Mir Cəfər Bağırovun bəxtinə yazılmışdı?!).

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!