Güzgülər - Qan Turalı

Hekayə

Qan TURALI

Aparıcı: - Məşhur aktyor Samir Səhər yoxa çıxıb. Bu barədə onun hazırda çəkildiyi "Aynalar" serialının rejissoru xəbər verib. Onun sözlərinə görə dünən səhərdən aktyoru tapmaq mümkün olmayıb. Hadisə ilə bağlı polisə də məlumat verilib. Lakin DİN-in mətbuat xidməti aktyorun ölkədən çıxmadığını deməklə kifayətlənir. Axtarışlar davam edir. Ailəsi, yaxın dostları onun başına bir şey gəlməyindən şübhələnirlər. Aktyor bu gün efirə getməli olan verilişində də iştirak etməyib. Telekanal rəhbərliyi də aktyorlarla bağlı heç bir məlumat olmadığını bildirib. Bu müəmma dolu itkin xəbəri ölkənin bir nömrəli gündəminə çevrilib. İndicə son dəqiqə xəbəri daxil oldu: Bəli, Bakı şəhər Baş Prokurorluğu Samir Səhərin itkin düşməsi ilə bağlı cinayət işi açdığı barədə informasiya yayıb. İstintaq davam edir. Hələlik bütün xəbərlər bundan ibarətdir.

Qaynar ütü
İki il sevgili olduq. Mən onun yanında yenidən doğuldum. O məni özü ilə bambaşqa dünyalara apardı. Orda nə qızların məişət söhbətləri, makiyaj, cehiz, uşaq nağılları yoxuydu. O yer bambaşqaydı. Bu onun dünyası idi. Sonradan düşünürdüm ki, mən illərlə bu dünyanı arzulamışam.  O zamana qədər hər şeyi ilə adi olan bir qız idim. Onun yanında sərbəst idim. Rahat idim.  "Balam" deyirdim ona. Doğrudan da balam idi. Bu gün səhnədə Əmir Teymuru oynayan o nəhəng adam mənim qucağımda elə uşaq olurdu ki. Saçlarını qarışdırırdım, başını küçük kimi qoynuma soxurdu. Sanki orda rahatlıq tapmışdı. Orda rahat idi ona. Səhnədə dağ boyda olan kişi mənim yanımda lap körpə idi. Anasını uşaq vaxtı itirmişdi. Həmişə düşünmüşdüm ki, anasının da qoxusunu məndən alır. Allah günah yazmasın. Amma o cür görürdüm. O vaxt o kim idi ki. Adi bir aktyor. Onun kimi yüzü vardı. Biz evlənəndə təzəcə işə düzəlmişdi. Çox çalışırdı öz üstündə. Çox arzusu vardı. Baş rollar oynamaq istəyirdi. Bütün günü ya filmə baxırdı, ya da kitab oxuyurdu. Hə, bir də, dəfələrlə məşq edirdi. Üç dəqiqəlik rolu olsa belə, onu ən yaxşı şəkildə oynamaq istəyərdi. Günlərlə məşq edərdi. Axırda deyirdim ki, əzizim, özünə niyə bu qədər əziyyət verirsən, sən o rolu məşqsiz də oynayarsan. Deyirdi ki, yox, rol kiçik deyil, aktyorlar kiçikdir. Bacarırdı da. Qalib gəlirdi həmişə. O uğur üçün yaranmışdı. Hamı deyirdi ki, bəxti gətirir. Mən bilirdim elə deyil, düzdür, bəxti də gətirirdi. Amma o səhnəni elə sevir və bunun üçün o qədər çalışırdı ki. Bilirdim ki, o adam bütün bu uğurların hamısını zəhmətlə qazanıb. O, buna zəhmət deməzdi. Deyərdi ki, zəhmət tikintidə daş daşıyanlarda olur. Saatlarla məşqdən yorulmurdu. Deyirdi ki, insanın sevdiyi işlə məşğul olmasından gözəl şey yoxdur. Özünə çox inanırdı. Amma şöhrət azarı yox idi. Heç zaman da olmadı. Onun istədiyi sadəcə ürəyincə olan rollar idi. Evdə çox pinti idi. Corabları hara gəldi atırdı. Hamamı belə yadına mən salırdım. Yemək verməsəydim günlərlə ac qalardı. Həmişə bunun üstündə davamız düşərdi. Deyirdim ki, evin vəziyyəti ilə maraqlanmırsan. İşıq puluna elə baxırdı ki. Elə bil Mars planetindəki filankəsin işıq puludur. Ona heç bir dəxli yoxdur. Yadına düşməzdi onu ödəmək. Vecinə də deyildi. Adi şeylərin üstündə savaşırdıq. Anam məni mətbəxə qoymayıb. Mən nə bilirdim yemək bişirməyi. Günlərlə yemək bişirmədiyim olardı. O bişirərdi amma. İstəyəndə bişirərdi amma. Onu da sevgiylə edərdi. İnternetə girərdi. Reseptlər axtarardı. Yüz cür ədviyyat alıb gətirərdi. Bu adamın sevgisiz görə biləcəyi heç bir iş yox idi.

Mən onu eqoist bir insan kimi tanımamışdım. Bəzən cibindəki son manatı çıxarıb dostuna verərdi. Və bunu elə ordaca unudardı. Neçə dəfə sınamışdım, təmənnasızlıq məsələsi deyildi bu. Sadəcə unudurdu, vəssalam. Bircə qəhvəsi əskik olmasın, bir də siqareti. Onu maddi həyata bağlayan yeganə şey qəhvə və siqaret idi. Qalan hər şey, amma hər şey onun vecinə deyildi. Mən də daxil olmaqla. Başa düşürsüz. Mən belə. Mən onun üçün ev əşyası kimi bir şey idim. Filmlərin, tamaşaların, kitabların arasında o elə rahat idi ki. Mənim yoxluğum belə yadına düşməzdi. Amma hər gün mütləq qucaqlayardı məni. Elə bil telefon adaptoruyam. Telefon dolduqdan sonra bir kənara atılan adaptor. Özümü onun həyatı üçün ikinci dərəcəli bir şey kimi görməyə başlayırdım.

O isə dalbadal uğurlar qazanırdı. Böyük səhnələr, filmlər. Pulu bol, zəhməti çox seriallar. Getdikcə məşhurlaşırdı, maddi vəziyyətimiz də düzəlirdi, amma sanki aramızda da uçurumlar yaranırdı. O bu uçurumların fərqində olmadıqca bu uçurumlar da böyüyürdü. Bu uçurumlarda bir nədir, yüz adam boğulardı, əzilərdi, ölərdi. O boşluqlara bir ordunu dəfn etmək olardı. Savaşırdıq, o daim üzr istəyirdi, deyirdi ki, mənə qarşı daha diqqətli olacaq. Bir-iki gün elə də edirdi, sonra yenə öz havasına qayıdırdı, yenə əvvəlki kimi olurdu. Onun yanında olanda sanki mən qadınlığımı da itirirdim. Dönüb baxmırdı ki, mənə. Oğlan kimi geyinirdim az qala, daim cins şalvar, qısa saç. O başqa qadınlarla çox maraqlanırdı, aradabir yazışmalarını tuturdum, o qadınlarla necə sevgiylə danışırdı Allah. Hətta bir dəfə üstlərinə çıxdım. Mən onun bu şeylərini bağışlayırdım, sanki oğlum idi, qonşunun şüşəsin qırmışdı, o cür baxırdım, bir az qışqırıb sonra sakitləşirdim, sanki belə də olmalı idi.O da hər dəfə mən onu bağışladıqdan sonra mənə elə sarılıb yatırdı ki... Bu ürəkdən gələn ən səmimi bir peşmançılıq idi lakin onun sonrakı xəyanətinə maneə ola bilməyən bir peşmançılıq.

Bir dəfə mənim haqqımda bir qeydini tapmışdım, bloknotundan. Adımı yazmamışdı, amma oxuyan kimi bildim ki, məni deyir. Yazmışdı ki, pişiyə yanaşdığın qədər sevgiylə, nəvazişlə baxmırsan mənə. Eləcə bircə cümlə idi. Mən o cümlədəki soyuqluğu gördüm. Üşüdüm o cümlədən. Amma o bir az sonra gəlib məni elə mehribanlıqla qucaqladı ki, utandım o cümləni ona xatırlatmağa. O, böyük səhvlər edən balaca bir uşaq idi. Mən uşaq bağçasında müəllimə deyildim. Atom fizikası oxumuş qız idim mən. Mən dünyanı partladardım. O da dünyanın altında qalardı. Mən uşaq bağçasında işləmirdim ki. Mən qadın idim sadəcə. Əsəbiləşəndə öz-özümə deyirdim ki, ay ana, bunu böyüdüb ölərdin də. Sevgidən yetim qalıb bu. Çatmır buna heç nə. Bütün sevgisini sənətə verir. Mənə çatmır. Amma elə alır məndən. Üstəlik başqalarından da. O mənim nəyim idi ki? Bilmirdim. Uşağım, sevgilim, ərim, dostum, yoldaşım. Mənim ilk məhəbbətim. Yox, biz hər şeyin ən pikini yaşayırdıq. Sevginin də, ehtirasın da, zorakılığın da. Bir dəfə üstünə qaynar ütünü atmışdım. O da güldan atmışdı mənə. Güldan sınmadı, amma mənim qolumu elə pis ağrıtdı ki. Tez üstümə atılıb qucaqladı məni. Ağladı. Mən də bir gördüm ki, onu qucaqlayıram. Ağlayıram. Belə bir sevgiydi bu. Və belə bir zülm. Heç cür ayrıla bilmirdik bir-birimizdən. Bəzən o əsəbiləşib gedirdi. Gecənin bir aləmi qayıdırdı. Üzündəki əzabı görməli idiniz. İçəri girib qapıdan mənə baxırdı, "çayın yoxdur ki?" - deyirdi. Sonra özü keçib qəhvə dəmləyirdi. Mən də stolun üstünü yığışdırıb ona diqqətlə baxırdım. İlk dəfə görürmüş kimi. Qəribə və gözəl bir heyvana baxırmış kimi. Hər şeyimiz beləydi. Bircə dəfə. Cəmi bircə dəfə küsəndən sonra barışmadıq. Onun bir kitabı vardı, Şekspirin lap köhnə bir nəşri. Tələbə olanda almışdı, Şekspirin evdə çoxlu kitabı olsa da, ona ən əziz kitab bu idi. Daim stolunun üstündə olardı, kitab oxunmaqdan və köhnəlikdən didik-didik olmuşdu. Bir gün o yenə evə gəlib çay belə içmədən bu kitabı oxumağa başladı. Mən də dedim ki, telefonumuz kəsilib sabah ödəyərsən, o da mənə dilucu nəsə dedi. Mən əsəbiləşdim, qışqırdım, o da çox sakitcə "oldu" - deyib yenidən kitabı oxumağa başladı. Mən daha dözmədim, stolu möhkəmcə ona tərəf itələdim. O qəfildən ayağa qalxdı, əlindəki kitab yerə düşdü. Hələ də sakit idi və onun bu sakitliyi məni hər şeydən çox əsəbiləşdirirdi. Kitabı götürüb ortadan cırdım, bu an sanki o çilik-çilik oldu. Yenə heç nə demədi, susdu. Divana çökdü, əli ilə üzünü tutub susurdu. Onun bu susqunluğu mənə ölümcül təsir edirdi, amma ona yaxınlaşmağa da cürətim çatmırdı. Beləcə, nə qədərsə zaman keçdi. Beş dəqiqə, bir saat, yoxsa iki gün. Mən ona tərəf getməyə qorxurdum, qorxurdum ki, məni öldürər. O qədər qorxunc bir görkəmi vardı. Həyatda ən əziz insanını itirmiş adam kimiydi. O anda o hər şey etməyə qadir idi. Sakitcə yerimdən ayağa qalxıb kitabı götürdüm, yapışdırmaq üçün yapışqanı axtarmağa başladım, o məni görüb ildırım sürəti ilə kitabı məndən aldı və onu qucaqlayıb yerinə oturdu. Sifətində dəhşətli bir ifadə vardı, onu hətta heç bir rolda belə bu cür görməmişdim. O anda məni vurmağını, döyməyini, hətta öldürməyini belə istəyirdim. Açsın ağzını təki sabaha qədər döysün məni. O, heç nə eləmədi. Başqa vaxtlarda etdiyi kimi, evdən də çıxıb getmədi. Divanda o cürə də qaldı. Əllərini üzünə tutmuşdu, kitabı isə qolları ilə bədəninə sıxmışdı. Xalçanın üstündə oturub ona baxdım. Dinmirdi. Danışmırdı. Sadəcə, oturmuşdu. Özümü günahkar bilirdim. O kitabın onun üçün nə qədər əziz olduğunu da bilirdim. Düz etməmişdim. Amma məni bu həddə o gətirmişdi. O məni bu yırtıcıya çevirmişdi. Kiçik mənada günah məndəydi, amma dərindən baxanda bütün bu olanların günahı onun üstündə idi. Bir az ona baxıb yataq otağına keçdim. Yatağa uzandım, hönkürdüm. Ağlamağım özümdən asılı deyildi, amma həm də onun üçün ağlayırdım. Mənə rəhmi gəlsin deyə. Bu evin bütün qayğısı mənim üstümdə idi, evi yığışdırmaqdan tutmuş işıq pulunu verməyə qədər. O, hər şeyi unutmuşdu, ancaq özünü fikirləşirdi. Bu qədər şeyin içində o rahat idi. O mənim hönkürtülərimi eşitdimi, fikri bura gəlmişdimi, bilmirəm. Gəlmədi yanıma. Ağlayıb sakitləşdikdən sonra yuxu məni apardı. Səhər oyanan kimi gedib ona baxdım, divandaca yuxulamışdı. Üstünü örtmək istəyəndə ayıldı, xeyli sakitləşsə də, üzü hələ də qəzəbli idi. Bir azdan oyandı, qəhvəsini içdi, mənimlə adi söhbətlər elədi, mən axşamkı məsələdən söz salmaq istəyəndə əli ilə sərt bir hərəkət elədi. Ondan sonra heç zaman bu haqda danışmadı. Mən o gedəndən sonra kitabı yapışdırıb stolun üstünə qoysam da, o bu kitabı heç zaman əlinə götürmədi. Deyəsən, çox qırılmışdı. Tezliklə mən işimlə əlaqədar xarici səfərə getdim, bütün günü mənə sevgi mesajları yazırdı, darıxdığından öldüyünü yazırdı, bir sözlə, o günlərdə mənə olan sevgisi, məhəbbəti alovlanmışdı. Mən səfərdən qayıdandan sonra onu bambaşqa bir adam kimi gördüm. Sanki o körpə uşaq o deyildi, qoyub getdiyim o saqqallı uşaq böyümüşdü, mənə münasibəti də dəyişmişdi. Hər şeyi artıq ölçülü idi, biçili idi. Hərəkətləri daha vulkan kimi deyildi, mənə də zaman ayırırdı, işlərinə də. Düzdür, əvvəlki kimi qaynar deyildi, soyuqqanlı idi. Ona nəsə olmuşdu. Düşünürdüm ki, mən olmadığım günlərdə o çox düşünüb-daşınıb, böyüməyə qərar verib sanki. Bunun bu qədər sadə olmadığını bilirdim. Di gəl ki, dəyişmişdi.

Buz dövrü

O mənim ömrümə elə bir anda gəldi ki, mən ona "hə", ya da "yox" belə deyə bilmədim. Onu çoxdan tanıyırdım, bir filminə baxmışdım. "Mavi mələklər" adlı o bayağı filmdə onun təbəssümü yadımda qalmışdı. Mən o təbəssümə vurulmamışdım. Qırx yaşım vardı, mənim təbəssümə vurulan vaxtım deyildi axı. Amma o, bir təbəssümlə mənim yaddaşıma yazılmışdı. Film bitdikdən sonra titrlərdə onun adını axtarıb tapdım. İnstagramda onu izləməyə başladım, şəkillərini bəyənirdim sadəcə. Həyat yoldaşı ilə olan şəkillərində necə bir doğmalıq, necə bir yaxınlıq hiss edirdim. Düzdür, az qala hər insana həyat yoldaşı doğmadır. Bu isə başqa bir şey idi. Mən o zamanlarda xaricdə yaşayırdım. Müqaviləm başa çatdıqdan sonra Bakıya qayıtdım. Tanışlarımın çoxu Bakıda deyildi. Olanların da başı ailə-uşağa qarışmışdı. Ona görə də adətən tək gəzib-dolaşırdım. İşdən çıxıb evə getməyə həvəsim olmurdu. Sevdyim bir kafe vardı, adətən orda axşamlar əvvəlcə qəhvə kefimə düşəndə isə bir qədəh rom içib kafedə qoyulan gözəl mahnılara qulaq asır, ya jurnallara baxırdım. Bu saatlar mənim günümün özümə ayırdığım ən xoş saatları idi. Onunla tanış olduğum günü isə çox yaxşı xatırlayıram. O gün cümə günü idi, sabah işim yox idi deyə istədiyim saatda işə gedə bilərdim. Saat birə işləyirdi. Kafenin yeganə müştərisi də mən idim.

O qəfildən kafeyə girdi, elə bil kimsə dalınca düşüb onu bura qədər qovmuşdu. Birbaşa bara gedib tekila istədi. Tez başına çəkdi, sonra ikincisini içdi. Üçüncüsünü də içdikdən sonra sanki bir az sakitləşdi. Ətrafına baxdı, məni gördü. Mən ona gülümsədim. Bu "mən sizi tanıyıram" təbəssümüydü. O sanki bu təbəssümü heç görmədi. Ofisiantdan pivə istədi. Pivəni alıb cibindən siqaret qutusunu çıxartdı. Alışqan axtardı. İstədim durub siqaretini yandıram. Ürək eləmədim. Bəlkə hansısa filmdə bunu görsəydim edərdim. Amma filmlərdə bunun əksini görürük həmişə. Həm də mən "Bəyaz mələklər" filmindəki təbəssümü onun üzərində görmürdüm ki. Elə bil, qarını öldürmüş Raskolnikov idi. Ağır və dramatik bir təbəssüm vardı üzündə. Sanki indicə dünyanın ən əclaf işini görüb bura gəlmişdi. Sanki bütün arzularını, istəklərini dirigözlü basdırmışdı. Sanki... Nə deyim. O halını görməli idiniz. Sözlərlə təsəvvür edə bilmirəm. Amma anladım əslində. Evli bir kişi tələsik bara gəlib tünd içkini belə tələsik içirsə demək ki, evdə problem var. Bəlkə də faciə. Uşaq deyildim ki... Yəqin mənim indi Allah bilir hansı cəhənnəmdə olan ərim də belə edirmiş. Düzdür, o adətən evə sərxoş gəlirdi, davadan sonra gedib yenə içirdi.

Ona yaxınlaşmaq istədim, amma elə əsəbi görünürdü ki. Bir az sakitləşməsini gözlədim. Filmlərdə necəydi?! Yadıma saldım. Stolumdan durub bara tərəf getdim. Düz yanında kətildə oturmadım, arada adətən birini boş qoyurlar. Guya çox məsafə var, söhbət təsadüfən alınır. Əlimdəki rom stəkanını başıma çəkib barmenin qarşısına qoydum, "doldur" - dedim. Stəkanı stola necə çırpdımsa o diksindi. Bu düzü ssenarimdə yoxuydu. Həyəcanımdan elədim. O məni ifadəsiz üzü ilə süzüb yenidən öz dünyasına qayıtdı. Normal idi bu. Söhbətə girişmək üçün gərək hər tərəf heç olmasa bir qədəh içsin. Mən içinə buz və Coca-Cola atılmış romumu sakit qurtumlarla içərək söhbətə keçmək üçün bəhanə axtardım. Hətta bir ara istədim ki, köynəyimin bir düyməsini də açım. Sonra bunun çox ucuz bir nömrə olduğunu başa düşdüm. Sükut içində düşünməyə başladım. İçki ona indi-indi təsir etməyə başlayırdı. Yanaqları qızarırdı. Belə lap balaca uşağa oxşayırdı. Sifətindəki qəzəbli ifadə də get-gedə sınırdı. Onun yanaqlarından tutub sıxmaq istəyirdim. Bir uşaq kimi. Pivəsinin son qurtumlarını içib stəkanı yerə qoymaq istəyəndə bir anlıq düşündüm. Birdən indi durub gedərsə... Sürətli planlar cızmağa başladım. Amma ağlıma heç nə gəlmirdi. Öz halıma gülməyə başlamışdım. Qırx yaşlı qadın I kurs tələbəsi kimi bir oğlanın diqqətini çəkmək üçün nə oyunlardan çıxar, İlahi. Amma bu uşaq hərəkətlərim belə məni ondan vazkeçdirə bilməzdi. İçkinin təsirini də nəzərə alın lütfən. Hə, bir də sonsuz tənhalığımın. Üstəgəl, ona olan simpatiyam. Vallah az şey deyil hamısı bir yerdə. Amam yenə də köynəyimin bir düyməsini açacaq qədər ola bilməzdi. Mən fikrimdə bu haqq-hesabı edə-edə qəfil bir söz eşitdim. Bu sözün hardan gəldiyini əvvəlcə anışdıra bilmədim. Ona baxdım, dodağı tərpənirdi və mənə baxırdı o məni özünə heyran qoyacaq təbəssümü ilə. Nə dediyini belə eşitməmişdim, soruşdum özündən. Nəzakətlə təkrarladı. "Siz də Kaspar Hauzer kimi tənhasınız?". Kaspar Hauzerin kim olduğunu bilmirdim, amma görünür o da mənim kimi aləmin kef elədiyi bir saatda tək canına bir barda oturub içən bir insan imiş. Gülümsədim. Onun kimi gözəl gülümsəyə bilməzdim əlbəttə ki. "Səbinə kimi tənhayam" dedim. Yenə də üzündə o əclaf təbəssüm. Adını deyib əlini uzatdı. "Mən sizi tanıyıram" - dedim. Gözləyirdim bu sözə sevinəcək, aktyorlar şöhrətpərəst olurlar axı. O isə sanki köks ötürüb dedi: "Məni tanımayacaq bir insana ehtiyacım vardı əslində". Araya pərt sükut düşdü. Bir qurtum içib dedim: "Mən əslində sizin yalnız adınızı bilirəm". Ordan söhbət başlandı. Sabaha qədər söhbət etdik. Yox, sizin gözlədiyiniz kimi olmadı. Filmlərdəki kimi olmadı. O məni ötürmədi. Mən onu qəhvə içmək üçün evə çağırmadım. Amma bir-birimizin olduq. Şəfəq söküləndə biz ayrıldıq və tənha bir insan kimi başladığım günü çox mutlu bir insan olaraq tamamladım. Sonra daimi görüşməyə başladıq. Hə, o sizin düşündüyünüz şeyləri də elədik. Hamısını. Birbəbir. Koridorda da, maşında da, hətta mənim iş yerimdə də. Oteldə də. Hər şeyi bir yerdə yaşadıq. Doya-doya. O hər zaman çox nəzakətli idi. Fikir verirdim, hətta ofisiantlarla belə son dərəcə nəzakətlə danışırdı. Bütün parametrləri ilə özünü anlamış bir insan. Hə, xanımından heç danışmazdı. Heç... Elə bil o adda adam dünyada yox idi. Aradabir zarafatca nəsə soruşanda cavab verərdi.  O cavab da nəzakət üçün idi. İşindən çox danışardı, rollarından, sənətdən. Çoxlu maraqlı əhvalatlar bilirdi. Məni heç kim onun qədər güldürməmişdi. Və o məni heç zaman ağlatmamışdı. Amma yanımda ağlamışdı.

Bir dəfə...

O gecə işdən çıxıb evə gəldim. Çox yorğun idim. Yoldan aldığım hazır yeməyi yeyib divana uzandım. Yarıyuxulu bir vəziyyətdə idim, mürgüləyirdim. Bu anda telefonum zəng çaldı. "Sizə gələ bilərəm" - deyə soruşdu. "Əlbəttə", gəl, dedim. On dəqiqə keçmədi gəlməyi. Çiynində iri çanta. Yəqin paltarlarını da gətirmişdi. Mənimlə qalmağa gəlmişdi? Bunu bir an beynimdən keçirsəm də, dilimə gətirmək nədi, heç beynimdə də saxlaya bilmədim. Əlində şərab vardı, bir də gül. Mənə heç vaxt gül almamışdı. Şərabı mən açdım. Bir dəfə guya şərab açacaqdı, butulkanı sındırıb əlini kəsmişdi. Pis görünmürdü, amma hiss olunurdu ki, özünə gəlmək üçün çox əziyyət çəkib. Ondan heç nə soruşmadım. Ümumiyyətlə, ondan heç zaman heç nə soruşmurdum. O mənim üçün o qədər fərqli bir insan idi ki...

İnanırsınızmı, onu dostlarıma təqdim edəndə bilmirdim necə təqdim edim. Hə, məşhur aktyor idi, onu az qala hamı tanıyırdı. Dostlarımı isə istər-istəməz bir sual maraqlandırırdı. "Axı o sənin nəyindi?". Dostum, deyirdim, əslində ona, çoxları bəlkə də inanmırdı. Bəzən öz-özümə soruşurdum, o mənim nəyimdir. Cavab tapa bilmirdim, sonra düşünürdüm ki, nə fərqi var ki? İllah ki, bir söz tapmalıyamsa deyərdim ki, doğmamdır. Vəssalam. Bu qədər sadə! Hə, o gecə televizora baxa-baxa şərab içdik. Heç danışmadıq. Bir azdan başını dizimə qoydu. Gözlərimin içinə baxırdı. Yanaqları yenə qızarmışdı şərabdan. Saçlarını qarışdırdım. Xoşu gəlirdi bundan. Hə, bir də qıdığı. Sonra dedi yataq. Yataqda elə möhkəm sarılmışdı ki, mənə. Elə bil uçurumdan düşəcəkdim, tutub saxlayırdı məni. Bəlkə də bu həqiqətən də olmuşdu. O məni uçurumdan saxlamışdı. İndi növbə mənim idi. Gecə vaxtı gəlib mənimlə çox nadir hallarda qalardı. Bu qəfil gəlişin bir səbəbi olmalı idi. Yəqin yenə arvadı ilə savaşıb. Bu haqda danışmağını istəyərdim. Özü danışmaq istəsəydi. Danışmağına heç ehtiyac da yoxuydu. Çünki çox məsud görünürdü. Körpə kimi yatırdı. Və məni möhkəm-möhkəm qucaqlayan qollar sabaha qədər heç məndən qopmadı. Səhər o oyanan kimi mən də oyandım. Üzündən öpüb otaqdan çıxdım. Onun üçün kükü bişirdim. Qəhvə dəmlədim. Bir yerdə yedik. Sözlü adama oxşayırdı. Di gəl ki, lazım olan sözü tapıb deyə bilmirdi sanki.  Divanın küncündə oturmuşdu, gəlib yerdən oturdum. Onun əllərini tutdum, məhəbbətlə üzünə baxırdım. Kövrəlmişdi, "mən evə qayıdıram" - dedi. Qucaqladım onu möhkəm möhkəm. Göz yaşları çiyninə damcılayırdı. "Əlbəttə, canım, əlbəttə" deyirdim, sakitləşdirirdim onu. Ayağa qalxdı, koridora qoyduğu çantasını götürüb evdən çıxdı. Pəncərədən ona baxırdım, həyətdən mənə əl elədi, mən ağlamaqdan özümü güclə saxlayırdım. Romanlarda deyirlər e, bu bizim son görüşümüz oldu. Yox, əslində son görüş olmadı, amma o gündən sonra biz bir də o cür istəklə qucaqlaşa, o cür sevgiylə sarıla bilmədik. Görüşdük ondan sonra da, danışdıq da. Sanki o gün, o gecə bizim aramızda olan hansısa görünməz bir rabitəni kəsib tullamışdı. Ona olan hisslərim əvvəlki qədər güclü və ehtiraslı idi. O da mənə qarşı biganə deyildi, amma heç nə əvvəlki kimi olmayacaqdı. Olmadı da. Bir neçə aylıq münasibətimiz başladığı qədər sakit, hay-küysüz başa çatdı. Ondan zindandan çıxan qırmızı alovlu bir dəmir parçasının qum üstündə soyuduğu qədər asta-asta soyudum. İçimdəki o alov isə heç sönmədi. Görüşlərimiz çox azaldı, bəzən onun işi oldu, bəzən mənim. Biz artıq bir-birimizin işi deyildik, rahatca "bu gün işim var, sonra zəngləşərik" deməyi rəva gördük bir-birimizə. Bunu elə rahat deyirdik ki... Elə bil gecə dəvətsiz mənim blokuma qədər gələn o deyildi. Elə bil, "mən kafemizə gedirəm" mesajını alıb "yarım saata ordayam" deyən mən deyildim. Biz o biz deyildik daha. Biz ümumiyyətlə biz deyildik. Mən idim, sən idin, onlar idik, amma biz deyildik... Bir neçə ay sonra xaricdən gələn iş təklifini qəbul edəndən bir neçə saat sonra yadıma düşdü o. Mənim möhtəşəm təbəssümlü aktyorum!.. Elə o anda münasibətlərimizin buzlağa döndüyünü anladım. Mamontların nəsli kəsilmişdi...

Ölkəyə dünən qayıtmışam, cənab müstəntiq. Təyyarə təkərini yerə qoyan kimi sizdən zəng gəldi. Mənim bildiklərim bu qədərdir. Onunla ancaq 1 həftə əvvəl yazışmışam. Onda qeyri-adi heç nə hiss etmədim. Yazışmamı cinayət işinə əlavə edə bilərsiniz.

Dostoyevski anası

Yox, yox, axı siz məni bura niyə çağırmısız? Mənim heç bir günahım yoxdur. Mən onun heç adını belə bilmirəm. Allah haqqı, bilmirəm. Telefonumu haradansa tapmışdı. Zəng vurdu mənə. Dedi görüşək. Heç adını da demədi. Televizordan? Yox, nə televizor? O məgər televizora çıxır ki? Şəhərdə görüşdük, getdik. Hara getdik? O apardı, bilmirəm öz evi idi, ya başqasının. Axı mən necə sakit olum? Nə? Ən axırıncı mənə zəng vurub? Allah haqqı, mən ona heç nə eləməmişəm. İnanırsınız mənə? Hə, çox sağ olun. Sizə kömək edərsə, danışaram əlbəttə. Amma inanmıram necə kömək edəcək. Danışın deyirsinizsə danışım da. Məni tutmayacaqsız da... Neyləmişəm axı mən yazıq. Durduğu yerdə işə düşmək də budur e. Hə, danışıram, danışıram. Deməli, gəldik evə. İşimizi gördük elə. Onu da danışım? Hə, çox sağ olun. Dedi, bəlkə qəhvə içək? Vaxtım vardı, dedim içək. Ordan-burdan danışdım elə? Nə danışdım?! Nə bilim vallah, bahalıqdan danışdım. Hər şey elə bahalanıb ki? Keçən ay 10 manata aldığım yağ indi olub 15 manat. Adam heç bilmir neyləsin? Necə dolansın. Meyvələri demirsən hələ. Nəyə əl uzadırsan əlin yanır. Hə, mətləbə də gəlirəm. Sonra nədən danışdıq? Hə, dedim uşağı da məktəbə qoymalıyam. Necə edim bilmirəm heç. Sonra, hə, dedim ki, oğlum epilepsiyadır. O da otaqdan çıxdı, dedi alışqan götürəcəm. Alışqan stolun üstündə imiş, o çıxandan sonra tapdım, çağırdım onu. Məni eşitmədi, 5-10 dəqiqə sonra gəldi. Halı pisləşmişdi, üzü qızarmışdı. Elə bil  ağlamışdı e. Dedim nə olub sənə, dedi təzyiqim qalxıb narahat olma. Limon tapdım mətbəxdən, suya sıxıb gətirdim. Alıb içdi. Ordan-burdan danışdı. Axırda da dedi ki, bəs narahat olma sən, Dostoyevski də epilepsiya olub. Sonra başqa adlar da yadımda qalıb. Dostoyevskini hardan tanıyıram? Necə yəni, yazıçıdı da. Atam həmişə onu oxuyurdu. Bizə də oxutdurmuşdu. Bir əsəri var e, "Alçaldılmış və təhqirolunmuşlar", o əsəri yadımdadı. İstəyirsiz danışım? Lazım deyil, hə, yaxşı. Hə, onu deyirəm axı, dedi Dostoyevski də epilepsiya idi, amma dünyanın ən böyük yazıçısıdır. Belə çox yaxşı adam idi e, necə deyim sizə. Dedim, mənim oğlum da elə böyük adam olacaq, dedi əlbəttə. Kövrəldim e. İndi də kövrəlirəm, görürsüz. Axı mən heç vaxt belə gözəl söz eşitməmişəm. Ərim? Onun başı batsın. Ər olan bəndə gəlib bir gün oğlu ilə maraqlanmazmı? Elə bilirsiniz kefimdən bu işlə məşğulam? Hə, bir az sonra getdim mən. Çıxanda pulumu üçqat verdi. Dedim, çoxdu, dedi sənə vermirəm, Dostoyevskiyə verirəm. Hə, elə dedi, vallah. Dedim çox sağ ol. Məni qapıdan yola saldı. Ondan sonra mənə heç zəng də eləmədi. Vallah bilmirəm. Saat? Olardı hardasa 3-4. Telefonumu bayaq aldılar e, ona baxıb deyərəm. Hə, mənə 13.36-da zəng vurub. Deyim də. Bir saat görüşdük. Hardasa 2 saata yaxın da bir yerdə olduq. Sonra mən getdim. Beşə qalmış? Hə, elə olar elə. Nə olub ona? Niyə demirsiz?  Deyirsiz, öldürüblər? Axı televizorda elə demədilər? Heç görməmişdim onu televizorda e. Xəbəri görəndə bildim elə, Allah haqqı. Özüm də narahat oldum. Sizə niyə zəng eləmədim? Zəng vurub nə deyəydim? Yox, vallah, nəsə bilsəydim deyərdim. Mənim bir günahım yoxdu axı. Hə, oğlum gələn ay gedəcək məktəbə. Yazıb-oxuya da bilir e. Hə... Saya da bilir, milyona kimi. Elə ağıllı uşaqdı ki. Onun sözü olmasın, elə bil Dostoyevskidir. Hə, vallah!  Yadımda başqa şey qalmayıb vallah. Lap xırda bir şey? Dayanın bir az fikirləşim. Bir dəqiqə. Hə, lap əvvəl mən çantamdan yaş salfetka çıxartdım. Hansından? O yekələri yoxdur? Üstündə də balaca uşaq şəkli vardı. Hə, onu çıxardıb yanıma qoydum. O da götürüb arxası üstə çevirdi. Dedim belə niyə edirsən. Dedi belə yaxşıdı. Bir bu yadıma düşür. Hə, bir də... Bir də, işimizi qurtardıqdan sonra boynumdan öpdü. Hə... Niyə yadımda qalıb. Axı yaddaqalan şeydi. Başqa vaxt görməmişəm belə şey. Gündə neçə kişi ilə görüşürəm? Nə bilim, vallah. Çox olmur e. Camaatda pul var? Heç gündə iki adam da olmur çox vaxt. Elə həftə olur ki, bir, uzağı iki adam olur. Hə, belə.. Başqa yadıma nə düşür? Başqa, vallah, heç nə. Hə, yaxşı, nömrənizi verin, nəsə yadıma düşsə, deyərəm vallah. İndi gedə bilərəm? Hə, çox sağ olun. Çox sağ olun. Allah balalarınızı saxlasın. Çox sağ olun. Sağ olun.

Aparıcının səsi

Baş Prokurorluğun mətbuat xidməti aktyor Samir Səhərin itkin düşməsi ilə bağlı cinayət işi haqqında məlumat yayıb. Məlumatda məsələ ilə bağlı 40-dan artıq şahid dindirildiyini və zəruri əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi qeyd olunub. Aktyorun taleyi hələ də qaranlıq qalıb.