Tanrının ay üzündən öp - Cahanxanım Seyidzadə

Hər insan Tanrıya açılan nəfəslikdir, yetər ki, kədərlənsin. Çox kədərlənsin. Mustafa Məstur

Cahanxanım SEYİDZADƏ

Hər nə qədər müasir fars ədəbiyyatının istedadlı və uğurlu yazıçılarından biri kimi təqdim olunsa da, mənə görə, Məstur dünyəvi yazıçıdır. Yəni, hər kəsin yazıçısıdır. Çünki o, elə mövzulara toxunur, elə hadisələrdən və insanlardan yazır ki, onlar təkcə İran mühiti və cəmiyyəti üçün xarakterik deyil. Təbii, kimsə mənə irad tuta bilər ki, bütün yazıçı və şairlər öz yaradıcılıqlarında bu cür məsələlərə və mövzulara toxunurlar. Qətiyyən! Bunu bütün yaradıcı insanlara şamil etmək olmaz.

Məstur həddindən artıq həssas insandır... O qədər həssasdır ki, oxucularla keçirdiyi görüşdə "anlamıram ki, insanlar niyə evlərinə gələn böcəkləri öldürürlər" - dedi. Təbii ki, salondakı çox adam təəccübləndi və hətta aralarında pıçhapıçla "nə edək bəs, böcəklərlə bir yerdə yaşayaq?" - deyib istehzayla gülüşənlər də oldu. Yəni,  Məsturu anlamadılar. Əminəm ki, Mövlud orada olsa, anlayardı...

İnsan eqosentrizm nəzəriyyəsinə əsasən sevdiyi ədəbiyyatda da, musiqidə də, baxdığı filmdə də mütləq özündən və ya yaşantılarından nəsə tapmaq istəyir.

Məsələn, mənə elə gəlir ki, Doktor Parsada Mövludu, Yunisdə özümü tapa bilməsəm, bu əsəri anlaya bilməzdim.

"Tanrının ay üzündən öp" əsərini iki dəfə oxumuşam. İlk olaraq keçən ilin oktyabrında. Çox bəyənmişdim. Onda Mövlud hələ...

İkinci dəfə isə bu ilin oktyabrında oxudum. Bu dəfə isə bəyənməkdən daha çox anladım. Və  bu dəfə Mövlud da artıq göyün on yeddinci qatına yüksəlmişdi. Bilmirəm niyə, amma əsərdəki Doktor Parsa obrazında Mövludu tapdım. Bəlkə də ona görə ki, onun da ölüm səbəbi tam olaraq bilinmədi..

Əsərin əsas mövzusu ictimai araşdırmalar mərkəzinin aspirantı Yunis adlı oğlanın dissertasiyasının mövzusuna görə  universitet müəllimi, məşhur alim, Kvant fizikasının bilicilərindən olan doktor Möhsün Parsanın intihar səbəbini axtarmasıdır. Doktor Parsa bilinməyən səbəbdən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq öldürmüşdür.

Bu əsərin süjet xəttinin bir parçası olan "keçici" axtarışdır. Lakin ikinci - böyük axtarış isə həyatın əsas "süjet xətti"ni təşkil edən əbədi axtarışdır: Tanrının axtarışı...

Yunis Tanrını axtarır, onun olub-olmadığını dəqiqləşdirmək istəyir... O, Tanrını axtaran ilk və son insan deyil. Hər kəs ömründə ən azı bir dəfə də olsa bu sualla qarşı-qarşıya gəlir. Hər kəsin sualları, şübhələri, "niyə"ləri, "bəlkə"ləri, "axı"ları eyni olduğu kimi, sondakı qənaətləri də eyni olur. Çünki Şekspirin təbiri ilə desək, biz Tanrı tərəfindən idarə olunan böyük bir tamaşanın dəyişən aktyor və aktrisalarıyıq. Rollar və tamaşanın mətni isə heç vaxt dəyişmir. Biz oynanılmış və dəfələrlə nümayiş olunmuş bir tamaşanı yenidən canlandırır və hər dəfəsində ona özümüzdən nələrsə qatmağa çalışırıq.  Şübhəsiz, Tanrı ən yaxşı ifaçılara tarixdən heykəl  ucaldır...

Yəni, Yunis az da olsa hər birimizin içində bir az var. Hər birimiz həyatımızın müəyyən mərhələsində və ya bütün ömrümüz boyu Tanrını axtarırıq.

Doğrudan da Tanrı varmı və o, haradadır?

Əslində, "Tanrının ay üzündən öp" əsərini  həyəcanlı və maraqlı edən Doktor Parsanın ölüm səbəbindən daha çox Tanrının axtarışıdır. Xüsusilə, gündəlik həyatında  Yunis kimi axtarışda olan oxucu üçün maraqlıdır ki, yazıçı sonda nə qənaətə gələcək.  Onun hər zaman içində narahatlıqla daşıdığı şübhəyə Yunis - Məstur  aydınlıq gətirəcək. Müəllif isə cavabı vermək üçün tələsmir, insanın keçirdiyi bütün daxili narahatlıqları, psixi halları, şübhələr cəhənnəmini təsvir etməyə, insanı bu "suala" gəlib çıxmağa vadar edən mənəvi və sosial məsələlərə diqqət çəkməyə çalışır.  İnsanı bu sualı verməyə məcbur edən yeganə səbəb var: Kədər!

İnsan yalnız kədərlənəndə və başqasının faciəsini görəndə onda sual yaranır: Tanrı haradadır və görəsən, bütün bunları görmür?

19 yaşım olanda bir şəkil görmüşdüm: üzləri qan içində, ağır işgəncələrə məruz qalmış balaca uşaqların şəkli idi. Dəhşətə gəldim. İlk dəfə həmin gün bir şübhə doldu içimə və o "məşhur" sualı verdim: "Tanrı hardadır və görəsən, bütün bu olanları görmürmü?"

Məstur şübhə məsələsinə həssaslıqla yanaşır, lakin konkret açıqlama da gətirir: "Şübhə duymaq yaxşı əlamətdir, amma dayanacaq kimi xoş mövqe deyil". Yəni, şübhə duyursansa, mütləq ona konkretlik gətirməli və davranışlarını ona görə müəyyənləşdirməlisən. Yoxsa o, bataqlıq kimi səni öz içinə çəkəcək və sonunu gətirəcək... Çünki "qarışıq bilgilərə sahib olmaq cəhalətdən də betərdir".

Şübhə və ya "anlaşılmaz ümidsizlik" insanı hər tərəfdən əhatələyən barama kimidir. Hər kim bu baramanın içində uzun müddət qaldıqdan sonra gerçəkləri ilə üzləşə və həqiqətini tapa bilsə, kəpənəyə çevrilib çox yüksəklərə uça bilir.  Lap elə Mövlud və Doktor Parsa kimi... Əks halda isə...

Demək ki, Tanrı kədəri insanlar onu duya bilsin, onun varlığını xatırlasın deyə yaradıb. Xoşbəxt insan heç zaman Tanrını bədbəxt və ya kədərli insan qədər yaxından duya və dərk edə bilməz.

Tanrı elə bir varlıqdır ki, insan onu yalnız kədər anında hiss edə və anlaya bilir. Tanrı kədərdən doğulur...

Yəni, "Tanrının ay üzündən öp" romanı bir axtarışın nəticəsidir. Məstur bu əsəri böyük depressiyada olduğu və Tanrının olub-olmamasını dəqiqləşdirməyə çalışdığı vaxtlarda yazdığını etiraf edir.  Və sonda bütün suallara Tanrının dilindən cavab verir:

"Məni tapmaq üçün çöllərə düşmək gərək deyil ki!Mən sizin açılan süfrənizdə, ananızın üzündəki cizgilərdəyəm, doğan bir qadının iniltisində, kasıbların işləməkdən cadar-cadar olmuş əllərinin qabarındayam. Mən onları səfalət girdabından xilas edəcək ağ atlı oğlanın yolunu gözləyən ərlik qızların arzularındayam. Xəstə körpəsini həkimdən-həkimə gəzdirən cibiboş, xəcalətli ataların eynəyinin qalın şüşəsindən baxan kədərli gözlərindəyəm. Evə əliboş qayıdan ərinin əllərini mazutlu gördükdə sevinən təmirçi qadının könül çırpıntılarındayam. Əlləri mazuta bulaşmadığı gün evə boynubükük qayıdıb, daxmanın bir küncündə acqarına yatmaq istəyən, amma arvadının uşaqlarına "Allah böyükdür! Allaha pənah! İndi yatın, sabah dadlı yeməklər bişirəcəm" - dediyini eşidib, yuxusu ərşə çəkilən ərin ürəyinin sızıltısındayam... Mənim varlığımın isbatına çalışan, lakin bacarmayan zavallı filosofun fikirlərindəyəm... Mən insanların tənhalığındayam, çarəsizliyindəyəm. Daim pozulan və təkrarlanan tövbələrdəyəm. Günahlarda duyulan peşmanlıqdayam, mən qayıdışdayam... Sənin istəyindəyəm..."

Və "Tanrı körpələrin simasındadır".

Və "Tanrı hər kəsdən ötrü onun

      Tanrıya inandığı qədər vardır".

Və...

"Hər insan

Tanrıya açılan nəfəslikdir,

yetər ki, kədərlənsin.

Çox kədərlənsin..."