Psixologiya elminin ləyaqətli nümayəndəsi, sevilən şəxsiyyət - Akif Abbasov

Professor Əbdül Əlizadə - 90

 

 

Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadəni ötən əsrin 60-cı illərindən tanıyırdım. Bu ilk tanışlıq qiyabi baş vermişdi. O zamanlar professorun şərikli yazdığı "Psixologiya" dərsliyindən ali və orta ixtisas məktəblərində istifadə olunurdu. Həmin dərslik bizim də bələdçimiz idi. Mən 1968-1973-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım. Digər fənlərlə yanaşı, pedaqogika və psixologiya fənlərini də keçirdik.

Tələbəlik illəri arxada qaldı. Təyinatımı Sabirabad rayonuna verdilər. Rayonun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dilini tədris edirdim. "Psixologiya" və Əbdül Əlizadənin qələmə aldığı bir sıra əsərləri, o cümlədən "Uşaqlarda diqqətin tərbiyəsi", "Uşaqlarda kollektivçilik hissinin tərbiyəsi", "Uşaqların ailədə cinsi tərbiyəsi", "Yaş və pedaqoji psixologiya məsələləri", Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi", "Şagirdlərin yaradıcı fəaliyyətinin psixologiyası" stolüstü kitablarım oldu.

XX yüzilliyin 70-ci illərinin ortaları idi. Mən artıq Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) çalışırdım. Əbdül müəllim ara-sıra bizim instituta gəlirdi, yaxud mənim yolum onun işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinə düşürdü. Biz artıq şəxsən tanış idik. Görüşür, bir-birimizdən hal-əhval tutur və ya müxtəlif elmi məclislərdə, tədbirlərdə rastlaşırdıq.

Bu bizim ikinci tanışlığımız idi. Münasibətlərimiz hələ ki həmkar, sırf rəsmi münasibətlərdən uzağa getmirdi. Əbdül müəllimin kitablarını, qəzet və jurnallardakı məqalələrini oxuyur, çıxışlarını dinləyirdim. O, bir alim və bir insan kimi məndə son dərəcə böyük və xoş təəssürat oyadırdı.

Bizim üçüncü tanışlığımız 1985-ci ildə oldu. Onda professor Zahid Qaralov Maarif nazirinin müavini vəzifəsində çalışırdı. Həmin vaxtlarda ümumtəhsil məktəblərinin tədris planlarına yeni fənn - "Ailə həyatının etika və psixologiyası" fənni daxil edilmişdi. IX siniflərdə tədrisi nəzərdə tutulurdu. İttifaqa daxil olduğumuz illərdə əksər fənn proqramları və dərslikləri Moskvada hazırlanır, onlar müttəfiq respublikalarda tərcümə edilərək təhsil müəssisələrinə çatdırılırdı.

"Ailə" ("Semya") dərsliyinin müəllifi T.M.Afanasyeva idi. Dərslik Moskvada "Prosveşşeniye" nəşriyyatında işıq üzü görmüşdü. O dövrün tələbinə görə, həmin dərslik də Azərbaycan dilinə tərcümə edilərək respublikamızın ümumtəhsil məktəblərinə göndərilməli idi. Deməli, belə çıxırdı ki, bizim şagirdlərimizə əslində rus ailəsi barədə məlumat veriləcəkdi.

Zahid Qaralov Əbdül müəllimlə məni yanına çağırıb bizə "Ailə həyatının etika və psixologiyası" kursu üzrə proqram hazırlamağı və ona uyğun dərslik yazmağı tapşırdı. Həm də əlavə etdi: "Proqram və dərslik orijinal olmalı, Azərbaycan ailəsi barədə doğru-düzgün təsəvvür yaratmalıdır. Bildiyiniz kimi, millətimiz üçün sağlam və möhkəm ailə və uşaqlar bütün sərvətlərdən qiymətlidir. Bizim ailələrin tarixən özünəməxsus xüsusiyyətləri, dəyərli ailə ənənələri olub. Azərbaycan ailəsinin ən yaxşı cəhətləri şagirdlərə çatdırılmalıdır".

Təbii ki, biz özümüz də bu fikirdə idik. Odur ki, Moskvada nəşr olunmuş dərslikdən fərqli olan "Ailə" dərsliyi üzərində işləməyə başladıq. İlk növbədə kursun məzmununu müəyyənləşdirdik, tədris proqramını hazırladıq.

O vaxtdan illər keçdi. Lakin dərslik üzərində necə inadla, eyni zamanda səbirlə çalışdığımızı indi də xatırlayıram. Kimin hansı hissəni yazacağını qabaqcadan ölçüb-biçmişdik. Materiallar hazır olduqca professor öz yazılarını mənə, mən də öz materiallarımı baxmaq üçün ona verirdim. O zamanlar mən hələ namizədlik dissertasiyası da müdafiə etməmişdim. Lakin yazı səriştəm vardı. Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan "İşıq" qəzeti redaksiyasında ədəbi işçi işləmişdim.

Bəzi alimlərdən fərqli olaraq Əbdül müəllim son dərəcə sadə və təvazökar bir şəxs idi. Həmin keyfiyyətlərini ömrünün sonuna kimi qoruyub saxladı.

Özündən bədgüman olmaq, özünü yüksək tutmaq, başqasını bəyənməmək, saymamaq, digərinin fikri ilə hesablaşmamaq və sair keyfiyyətlər bu böyük şəxsiyyətə yad idi.

Üçüncü tanışlıq bax belə bir yaradıcı əməkdaşlıq şəraitində baş verdi və inkişaf edib dostluğa, qardaşlığa çevrildi. Mən Əbdül müəllimdən çox şey öyrənmişəm, onu özümün müəllimi hesab etmişəm və edirəm.

Böyük psixoloqlar nəslinin yetişməsində professor Əbdül Əlizadənin misilsiz xidmətləri olub. O, Azərbaycan məktəbinə, psixologiya elminə "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri", "Yeniyetmələrin cinsi tərbiyəsi", "Şəxsiyyətin inkişafının etnopsixoloji məsələləri", "Təxəyyül", "Yeni psixoloji təfəkkür", "Xəmsə"də yaş və pedaqoji psixologiya məsələləri", "Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri", "Azərbaycan güzəran psixologiyası məsələləri", "İstedadlı uşaqlar", "Məhəbbət aləmi", "Qadın psixologiyasına giriş", "Ailə" (prof. A.N.Abbasovla), "Məhkəmə psixologiyası" (həmmüəlliflə), "Psixologiya" və "Sosial psixologiyanın aktual məsələləri" (prof. Ə.S.Bayramovla); "Pedaqoji psixologiya", "Əsrin meqameyilləri: psixopedaqoji problemlər" (3 cilddə), "Psixopedaqogika", "Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş" (H.Ə. Əlizadə və S.H.Əlizadə ilə) və s. kitablar töhfə vermişdir.

Professor Ə.Ə.Əlizadənin son kitabları "Psixopedaqogika" və "Qadın psixologiyası"dır. Hər ikisi vəfatından sonra işıq üzü görüb.

Mən unudulmaz professorun bir neçə dərslik və kitabının, o cümlədən 3 cildlik "Əsrin meqameyilləri: psixopedaqoji problemlər", "Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş" və s. - elmi redaktoru; "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" və s. kitablarının isə rəyçisi olmuşam.

Professor Ə.Ə.Əlizadə ilə birlikdə mən "Ailə həyatının etika və psixologiyası" fənninin proqramını və "Ailə" dərsliyindən savayı, kursun tədris kompleksinə daxil olan "Ailə həyatının etika və psixologiyası" (müəllim üçün dərs vəsaiti) və kurs üzrə müntəxəbat ("Ailə həyatının etika və psixologiyası" üzrə müntəxəbat) da hazırlamışıq. "Ailə" dərsliyi rus dilinə tərcümə olunub ümumtəhsil məktəblərinin təlim rus dilində olan siniflərinə təqdim olunub. Dərslik və dərs vəsaitlərinin ümumi tirajı o zamanlar yarım milyon tiraja çatırdı.

Professor Ə.Ə.Əlizadə ilə birlikdə biz 10-dan artıq kitabça, 40-a yaxın jurnal və qəzet məqaləsi çap etdirmişik. Bu yaxınlığın, elmi əməkdaşlığın nəticəsində nəinki özümüz, habelə ailəmiz, övladlarımız da doğmalaşıb.

Əbdül müəllimin böyük oğlu, hazırda pedaqogika elmləri doktoru, professor olan Hikmət Əlizadə ilə də tanışlığım vardı, dost münasibətində idik. Hikmət müəllim elmlər doktoru proqramı üzrə bizim institutun doktorantı olmuşdu. O, doktorluq dissertasiyasını müdafiə edərkən mən rəsmi opponent kimi çıxış etmişəm.

Bir dəfə Əbdül müəllim bizi bir-birimizə tapşırıb: "Görürəm dostluq edirsiniz. Bu azdır. Bir-birinizə qardaş olun!" - dedi.

Professorun dediklərini unutmadıq. O vaxtdan bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənib. Hazırda Hikmət müəllimlə həm də elmi əməkdaşlıq edirik. 2000-ci ildə Hikmət Əlizadə ilə ali məktəblər üçün yazdığımız "Pedaqogika" dərsliyi kütləvi tirajla nəşr edilmişdir. Hazırda da müəllimlər və tələbələr tərəfindən istifadə olunur. Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi",

Əbdül Əli oğlu Əlizadə 16 avqust 1932-ci ildə Şuşanın Malıbəyli kəndində anadan olmuş, 22 fevral 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdi. Əbdül müəllim adlı-sanlı, şanlı-şöhrətli Qarabağ bəyləri nəslindən idi. Babası Səlim bəy Şuşada və Malıbəyli kəndində böyük hörmət və nüfuza malik idi. O, Malıbəyli nahiyəsinin yüzbaşısı olmuşdu.

Hərdən öz-özümə fikirləşirəm: "Tale nə yaxşı ki, məni professor Əbdül Əlizadə kimi pərəstiş edilməyə, nümunə götürülməyə və göstərilməyə layiq bir insan və şəxsiyyətlə rastlaşdırıb". Onunla görüşəndə həmişə mənə elə gəlib ki, ən əziz adamımı görürəm.

Ataların belə bir misalı var: "Ərlə arvadın torpağı bir yerdən götürülüb". Demə, bu sözlərdə dərin həqiqət varmış. Əbdül müəllimin ömür-gün yoldaşı Əminə xanım da (Allah rəhmət eləsin!) Əbdül müəllim xasiyyətində idi. Cəfakeş, xeyirxah, mehriban, ailəcanlı, sadə, səmimi, sakit təbiətli bu qadın Əbdül müəllimin həyatını daha da rövnəqləndirir, ona ailə rahatlığı, qəlb dincliyi gətirir, elmin uca zirvəsini fəth etməkdə bu böyük şəxsə arxa, kömək dururdu. Bu insanları görəndə fikirləşirsən: "Nə yaxşı ki, dünyada belələri var!".

Hamının sevimlisi olmaq, hamının hörmət və nüfuzunu qazanmaq, kimsəni incik salmamaq heç də hər şəxsə nəsib olmur.

Dərin təfəkkürlü, güclü məntiqli, iti ağıl sahibi olmaq da bir kimsənin qismətinə düşməz.

Mübaliğəsiz olaraq deyirəm və onu tanıyanların hər biri təsdiq edə bilər ki, Əbdül Əlizadə əli və dili düz, təmənnasız insan olub (o zamanlar ali məktəbdə çalışanların hər biri haqqında bu sözləri demək olmur). SSRİ-yə daxil olduğumuz illərdə Sov.İKP MK-nın zəhmətsiz gəlirlərə qarşı mübarizə tədbirləri ilə bağlı bir qərarı vardı. Bu qərar sovet əmlakını dağıdanlarla, rüşvətxorluq halları ilə mübarizəni nəzərdə tuturdu. İdarə və təşkilatlarda, müəssisələrdə qərarın müzakirə edilməsi, zəruri tədbirlərin görülməsi tələb olunurdu. Əbdül müəllimin işlədiyi ali təhsil müəssisəsində də bir tədbirin keçirilməsi nəzərdə tutulmuşdu. Kim isə məruzə ilə çıxış etməli idi. Fəqət həmin şəxs gözü, könlü tox olmalı idi ki, işçilərə, əməkdaşlara söz deyə bilsin, onları düzlüyə, halallığa səsləyə bilsin, zəhmətsiz gəlirlərdən uzaq durmağı onlara məsləhət görsün. Hamı bir-birini yaxşı tanıyır, kimin kim olduğunu bilirdi.

Məruzəçi kim olsun? Baş sındırırdılar. Yaxşı yadımdadır. Əbdül Əlizadənin üzərində dayandılar. Məruzəni Əbdül müəllim elədi.

Bu, həqiqətin təntənəsi idi.

Kommunist partiyasının hakim olduğu, tüğyan etdiyi illər idi. Hər müəssisədə olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da partiya komitəsinin katibi fəaliyyət göstərirdi. Ali təhsil müəssisələri üzrə partiya komitəsinin katibi olmaq ən azı rektor səviyyəsinə malik bir vəzifə idi. Hamı partkomla hesablaşırdı. Bu şəxs hakim Kommunist partiyasının müəssisədəki nümayəndəsi sayılırdı. İnstitut partkomunun vəzifəsini böyütmüş, onu rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkmişdilər. İnstitut partkomu vəzifəsini tutmaq üçün çoxları özünə adam axtarır, dəridən-qabıqdan çıxırdılar. Fəqət bu vəzifə professor Əbdül Əlizadəyə tapşırıldı. Paklığına, təmənnasızlığına, prinsipiallığına, humanistliyinə, obyektivliyinə, gözütoxluğuna görə!

Amma yeni vəzifə Əbdül müəllimin ürəyincə deyildi. Həmin vəzifədə gözü olanlar maddi mənafe güdür, mənəmlik iddiasında olurdular. Əbdül müəllim alış-veriş adamı, mənafe güdən deyildi. Sonralar həmin vəzifədən çıxmaq üçün necə çalışdığı barədə mənə danışdı. Mənə dedikləri: "Mənə böyük etimad göstərmişdilər. Fəqət bu vəzifə mənlik deyildi. Partiya işi olduğundan etiraz edə də bilmirdim. Qohumlarımdan biri yüksək vəzifədə işləyirdi. Yanına gedib-gəlmirdim ki, elə bilər nə isə təmənnam var. Bir gün canımı dişimə tutub qohumla görüşdüm. Çox sevindi. "Mənə dair sözün, qulluğun?" - deyə soruşdu.

- Məni partkom seçiblər. Amma işləmək istəmirəm. Etiraz edə də bilmirəm ki, pis başa düşər, buna bir məna verərlər.

- Təklifiniz nədir?

- Bu vəzifədən çıxmaqda mənə kömək edin.

Qohum təəccüblə mənə baxdı:

- Partkomluqdan çıxmaq istəyirsən? Bilirsənmi ki, sizin institutda neçə adamın o vəzifədə gözü var.

- Bilirəm.

- Hökm partkomluqda, dolanışıq partkomluqda. Hər il qəbul imtahanları, buraxılış imtahanları keçirilir. Nə istəyirsən?

- Kafedra müdiri işləyirəm. Başımı aşağı salıb öz işimlə məşğul olum... Gəlişimin məqsədi budur.

Çox təkid etdikdən sonra yüksək vəzifəli qohumum o vəzifədən çıxmaqda mənə kömək etdi.

Bundadır professor Əbdül Əlizadənin böyüklüyü.

Bir çox adamlardan fərqli olaraq, kimdənsə sui-istifadə etmək, ondan öz xeyri üçün faydalanmaq, kimi isə ziyana salmaq Əbdül müəllimə yad idi. Bu da yadımdadır ki, ötən əsrin səksəninci illəri idi. "Maarif" nəşriyyatının direktoru Elxan Rəhimov bizi iş yerinə dəvət etmişdi. "Ailə" dərslik kimi işıq üzü görmüşdü. Elxan müəllim dərslik üzərində yenidən işləyib onu elmi-kütləvi şəklə salmağımızı istəyirdi.

"Ailə" dərsliyi nəinki şagirdlərin və müəllimlərin stolüstü kitabına çevrilmişdi, eyni zamanda valideynlər də, ictimaiyyət nümayəndələri də kitabla maraqlanırdılar. Elxan müəllim bu marağı nəzərə alaraq, onun elmi-kütləvi nəşrinə nail olmaq, nəşriyyata gəlir gətirmək, eyni zamanda bizə də qonorar yazmaq fikrində idi. 400 səhifəyə yaxın dərsliyin bir nüsxəsinin qiyməti 55 qəpik idi. Elmi-kütləvi nəşrin tirajı 35 min nüsxə, bir nüsxənin qiyməti 2 manat müəyyənləşdiriləcəkdi. Nəticədə nəşriyyatın gəliri 70 min manat olacaqdı.

Razılaşdıq.

O, heç zaman diqqət mərkəzində olmaq cəhdində deyildi, sadəliyi, təvazökarlığı sevirdi. Fəqət öz mənəviyyatı, əxlaqi saflığı, nümunəvi davranış və rəftarı, əsərlərinin mükəmməlliyi, önəmli çıxışları, müəllim-tələbə münasibətlərini səmərəli qurması ilə həmişə diqqəti cəlb edirdi.

Professor Əbdül Əlizadə psixologiyanın müxtəlif sahələri, istiqamətləri üzrə önəmli tədqiqatları aparmışdır. Psixologiya sahəsində yazılan hər hansı monoqrafiya, kitab və kitabçada, elmi məqalədə, müdafiə olunan dissertasiyalarda hökmən professorun fikirlərinə müraciət olunur, onun elmi qənaətləri yada salınır.

Professor Ə.Ə.Əlizadə nəinki respublikamızda, habelə keçmiş ittifaqda öz sözü, öz elmi ideyası və öz mövqeyi olan psixoloq kimi tanınırdı. E.S.Kuzmininin "Sosial psixologiya" (LDU, 1979) kitabında A.A.Bodalyov, İ.S.Kon, A.Q.Xripkova və b. bu kimi məşhur alimlər arasında professor Əbdül Əli oğlu Əlizadənin adı qeyd olunur, ona yüksək dəyər verilir.

Ötən əsrin 80-ci illərinin əvvəllərində cinsi fərqlərin psixologiyası cinsi tərbiyə problemlərindən biri kimi diqqət mərkəzinə gətirilmişdi. Bu problem üzrə səmərəli tədqiqatlar aparan Əbdül müəllim keçmiş ittifaqda cinsi fərqlər və cinsi tərbiyə sahəsində məşhurlaşdı.

Əbdül müəllim "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası; 1975-ci ildə isə "Cinsi deformizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi.

Professor Əbdül Əlizadənin elmi rəhbərliyi və rəsmi opponentliyi ilə onlarca elmlər doktoru və fəlsəfə doktoru yetişib. Ramiz Əliyev psixologiya elmləri doktoru, Lümunət Əmrahlı - fəlsəfə doktorlarıdır.

Ramiz Əliyev hazırda öz elmi rəhbərinin, müəlliminin uzun illər rəhbərlik etdiyi Ümumi psixologiya kafedrasının müdiridir.

Prof. Ə.Ə.Əlizadə ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan pedaqoji psixologiyasında ilk dəfə olaraq təlim məqsədlərini sistemli halda səciyyələndirməkdən ötrü "taksonomiya" anlayışından faydalanıb.

Əbdül müəllimə qədər təlim məqsədləri ənənəvi anlamda nəzərdən keçirilirdi. Təhsil, inkişafetdirici və tərbiyəedici təlim məqsədləri bir zamanlar sırf təhsil məqsədi olaraq qəbul edilirdi. Bir müddət sonra tərbiyələndirici və inkişafetdirici prinsiplərinə əsasən tərbiyəedici və inkişafetdirici təlim məqsədləri diqqət mərkəzinə gətirildi. Ə.Ə.Əlizadənin qənaətincə, "Təhsil, inkişafetdirici və tərbiyəedici təlim məqsədləri bir-birindən, necə deyərlər, ətlə dırnaq kimi ayrılmazdır. Müəllim onları ayrı-ayrı deyil, vəhdətdə həyata keçirir".

Yuxarıda dediklərimi əsas götürərək professor ilk dəfə müasir təhsil nəzəriyyəsinin prinsipləri əsasında üçtərkibli taksonomiyanı meydana gətirdi və belə bir elmi ideyanı irəli sürdü. "Müasir təhsil nəzəriyyəsinə görə, şəxsiyyətyönlü təlim prinsipi dərsdə üç yolla: 1) dərsin didaktik məqsədləri; 2) dərsin tərbiyə məqsədləri; 3) dərsin inkişafetdirici məqsədləri ilə həyata keçirilir".

Prof. Ə.Əlizadə "Üçtərkibli taksonomiyalar" sistemi "Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədinin elmi-psixoloji əsasında dayanır. Bu taksonomiya üç bölməni əhatə edir: əsas taksonomik kateqoriyalar birinci bölmədə təhsil; ikinci bölmədə inkişafetdirici; üçüncü bölmədə tərbiyəedici təlim məqsədləri əsas götürülməklə təsnif edilir. Birinci bölməni iki blok təşkil edir: 1) bilik (informasiya); 2) bacarıq və vərdişlər sistemi.

Professor Ə.Ə. Əlizadə öz əsərlərində yeni pedaqoji təfəkkürün formalaşması; baş boş olanda mühakimə yürütmür; təkrar biliyin ögey anası olsa da; ailə və məktəb ziddiyyətlərinin kökləri; dərketmə paradoksu: peşə fenomeni; pedaqoji ünsiyyətin bənzərsiz ölçülər; intellektin struktur modeli; əqli inkişafın təfəkkür zirvəsi; didaktikanın "qızıl qaydası": XXI əsrin paradiqması; yeni pedaqoji təfəkkürün ana xətti: təhsilin humanistləşdirilməsi problemi; müasir dərs konsepsiyasının əsas paradiqmaları; Azərbaycan məktəblərində təfəkkür dərsləri; təxəyyülün möcüzəsi; məktəbin Bermud üçbucağı: "Şirin konfet" effekti və məqsədgüdmə; Sokrat məktəbinin sirləri: suallar, suallar əməkdaşlıq pedaqogikası: demokratizm, bərabərlik və partnyorluq; təlim prosesində pedaqoji korreksiya işinin xüsusiyyətləri; şagird təlim (tərbiyə) prosesinin subyekti kimi; şagird təlimdə geridə qalırsa; pedaqoji qiymətin psixoloji problemləri; zəmanə uşaqları haqqında adi həqiqətlər; təlim məqsədlərinin taksonomiyası və s. bu kimi onlarca məsələlərə aydınlıq gətirib. Eyni zamanda "Əbu Əli ibn Sina Bəhmənyarı necə kəşf etdi?", "İstedadlı uşaqları harada itiririk?", "Psixologiyanın uğurlarından müəllimlər nə üçün səmərəli faydalana bilmirlər?", "Şagirdlər dərsdə nə üçün sual vermirlər" suallarına cavab axtarır.

Professorun bəzi son dərəcə faydalı fikirlərinə müraciət edək:

Müəllimlərin psixologiya elmindən faydalana bilməməsinin başlıca səbəbi elə ənənəvi pedaqoji sistemin məktəbdə yaratdığı antipsixoloji ab-hava ilə bağlı olub. Müəllimlər şagirdə obyekt kimi yanaşdıqlarına görə onun psixologiyasını öyrənmək, təlim-tərbiyə prosesində psixoloji qanunauyğunluqları sistemli nəzərə almaq üçün sadəcə olaraq zərurət hiss etmirdilər. Ənənəvi didaktik sistem üçün güc üsulları daha sərfəli idi. Şagirdləri uşaq təbiətinə yad olan üsullarla danlamaq, yerli-yersiz acılamaq, hədələmək, qorxutmaq, yolu ilə "aktivləşdirirdilər", dərsə qulaq asmağa məcbur edirdilər. Yeni pedaqoji təfəkkür axarında psixologiya artıq məktəb həyatında ikinci nəfəs kəsb etməyə başlamışdır. Şagirdin psixikasının öyrənilməsi və onun xüsusiyyətlərinin təlim-tərbiyə prosesində elmi əsaslarla nəzərə alınması bu şəraitdə müəllimin peşə normasına çevrilir.

Bu fikirlər 1998-ci ildə nəşr olunmuş "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" kitabından götürülmüşdür. Professor hələ 24 il bundan əvvəl təhsilalana pedaqoji prosesin bərabərhüquqlu üzvi kimi yanaşılmasını, onun yalnız obyekt kimi deyil, mütləq subyekt kimi nəzərdən keçirilməsini vacib hesab edirdi.

Müasir dərsin özünəməxsus fenomenoloji xüsusiyyətləri var. Ənənəvi didaktika yaddaşı mənimsəmə prosesinin az qala nüvəsi sayır, təlimin köklü problemlərini hafizənin sehrində həll edirdi. Ənənəvi məktəb üçün yaddaş möcüzəli Arximed lingi idi. Oxu (qulaq as)-yadında saxla-danış - onun əsaslandığı konseptual modelin sadə sxemi belə idi.

Professor Əbdül Əlizadənin nəşr olunmuş son əsəri "Qadın psixologiyası" adlanır.

Təvazökarlıq, sadəlik, təmənnasızlıq, başqasının halına, dərdinə ürəkdən şərik olmaq, düzlük və doğruçuluq, ictimai mənafeyi şəxsi mənafedən üstün tutmaq, başqasını başa düşmək, tolerant olmaq, öz-özünə kənardan baxmağı bacarmaq və s., və i.a. müasir günümüzdə ən çox işlənən, lakin çox zaman əməl olunmayan anlayışlardır. O insanların ki, sözü ilə əməli düz gəlir, onlar hələ sağlıqlarında özlərinə abidə ucaldırlar. Professor Əbdül Əli oğlu Əlizadə kimi!

Abidə tuncdan da, qranitdən də ola bilər. Lakin qəlbləri fəth etmək, ürəklərdə heykələ dönmək hər adama nəsib olmur. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə qəlbləri fəth edən, ürəklərdə abidəsi ucalan, yaddaşlarda daim yaşayacaq bir şəxsiyyət, böyük ürək sahibi, öz xalqının ləyaqətli nümayəndəsi, böyük alimi, məşhur psixoloqu idi. Vicdanlı, qəlbi büllur kimi saf idi. Həmişə də müəyyən qərara gəlməmişdən əvvəl qəlbinin səsinə qulaq asır, yalnız öz qəlbinin hökmünə əyilirdi. Heç kimin, heç nəyin qarşısında əyilmirdi. Bu, insanın xoşbəxtliyidir!!!

Allah bu böyük şəxsiyyətə rəhmət eləsin, məkanı cənnət olsun!!!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!