Son nəvalı qurd yuvası - Vaqif NƏSİB

Ötən illərin dərd-bəlasından hekayə

 

Yuxarı Əskiparanın Vəzir çayının Qala düzü sahilində bir malikanə nə müddətdi özünün sükunətli ömrünü yaşayırdı.

Orda arvadı qəbirdə, qızı ərdə, oğlu şəhərdə bir dünya daşı, özü şəklində qara daşa dönə-dönə ömrünü sürürdü.

Bir zamanlar Mansır ağaya aid Şenliyin həmin ocağı bu kəndin ən bəxtəvər, şən ocağı olmuşdu. Sonra elə bil ki, bədnəzərə gəlib cümlə xoş günlərini qatara düzdürüb durnalar kimi köç etdirmişdi. Onu malikənənin arxasındakı bir cüt dağdağan ağacı da həmin bədnəzərdən qurtara bilməmişdi.

Evin sükunəti də onun xanımı Ayşənin murazlarının gözündə qalmağı ilə başlamışdı. İlkin övlad nübarı Atəş (anası onu Ataş çağıra-çağıra əzizləmişdi) murazın ən gün kimi parlağını söndürüb gözünü buludlandırmışdı.

Bu da oğlunun Peterburqda hüquq təhsilini başa vuran ilə tuş gəlmişdi. Halbuki ata-ananın (ən çox da axırıncının) dörd gözü həmin vaxta dikilmişdi. Həmin yay Ataşla Cavad ağanın su sonası qız balası Sonanın toyunu çaldırıb subaylıqlarına son qoyacaqdılar (bu dəfə də ən azı doqquz ay gözləri nəvə yoluna dikiləcəkdi).

Həmin bəd xəbərin bəyquşuna Qəza poçt rəisi, lopabığ İsa bəy oldu. Həmin xəbəri də Mansır ağa bəndə avazı kimi yox, bayquş ulaşması kimi dinləyəsi oldu.

- Ataş balanız atasına od vurub...

Bu yerdə sözünü qəsdən kəsib gözünü Mansır ağaya dikmiş, amma onun yanıb yanmadığını kəsdirə bilməmişdi.

- Sözünün mustafasını bərilə. 

- Gədən bir knyaz qızıyla evlənib, üstəlik də, o qıza görə boynundan da xaç asıb...

Həmin gündən, boynundan xaç asılmış oğluna görə Mansır ağanın boynundan əcəlinin görünməz kəndiri sallandı. Həmin xəbəri də canını dişinə tutub zövcəsi Ayşəndən gizlətməyə çalışmışdı.

Son günlərin günəşli günlərində ərinin sir-sifətinin gölgələndiyindən, huyu-hasiyyətinin dəyişdiyindən arvadının dalağı sancmışdı.

Odur ki, dəqiqədə bir qızılquş kimi ərinin başının üstünü alıb, sözləriylə dimdikləməyə başlayırdı...

- Sən Vəkiloğlu dişinin altında nəsə məndən gizləyirsən. Şahmar ilanlar zəhərini gizlədər, de, yoxsa özünün canına, qanına qarışar.

Arvadın sözlərinin ağırlığı hər gün artır (qızılquş dimdiyini bütövləyib itiləyirdi)...

- Bir həftə əvvəl Ataş ata ocağına dönməli idi. Payamıza daha sağsağan da qonub müjdəsini vermir...

- Səbrlə bir az da halva çal görək...

- Sənə ha öttüm, uşağı o kafirlərin içinə ötürmə, özüm də orda ağranomluq oxudum, sümüyünü it sümüyünə calamadım, dedin. Başıma sulu dəsmal bağladın.

- Bir az da səbr elə, gəlməsə tut yarpağından bəslənmiş atlas örpəyini başına salarsan. İkimiz də dabanımıza tüpürüb arxasınca gedərik. O mənim oğlumdusa...

- Oğul dayısına çəkər, deyiblər. Şəkildə də, xasiyyətdə də dayısını itələyib yerində durmuşdu...

Bu sözlərinin üstünə gözlərindən alaçarpa yay yağışı tökdürmüşdü.

Ayşənin qardaşı Hacağa yaylaqda erməni Bədəlin qızı Vartuşla oynaqlaşmış, boynundan bir uşaq asılmışdı. Qəza pristavının göz ağartması sonrası evlənib bəxtini qara eləmişdi. (Ayşənin qardaşı sonralar arvadını bir erməniylə oynaşarkən hər iki xəyanətkarı ölümünə bizliyib öldürmüşdü).

- Atasından olsa da, anasından Ataşın dişi altda saxlanc sözü olmaz.

- Özü mənə Arançıda erməni Ardaşın qızı Siranuşdan xoşlandığını söyləmişdi...

- Olmuya özünü laxvan qarının yanına verib sadı-pitiylə Ataşın atəşini söndürdün.

- Əvvəl-əvvəl dayısını yadına salıb onun yerini bilmədiyimiz qəbrinə and içdirdim ki, bir də Sərxan kəndi tərəfə, Siranuş səmtinə baxmayacaq. Bir az sonra da sandığımın cehizin içindəki "Quran"ı çıxarıb əl basdırdım.

Sonra, şübhələrini hələ də canından çırpa bilməmiş ana iki əlini başına vurmuşdu.

- Bu şenliyin bütün ocaqlarının külü başıma olsun, erməninkindən qurbarıb rus haxçıxlarının yanına yolu salanda da niyə əlini müqəddəs kitaba basdırmadım...

Ürəyindən də keçirmişdi: Allahım, ağlına gələn başıma gəlməsin. Bir rus qancığı oğlumun suyunu süzdürüb boynundan xaçdan qabaq bala asdırmış olmasın. Erməni Ardaşın qızı Siranuş da onların yuvabaşlarından yaxşı olardı. Gözləri, qaşları bizimki kimi qara aparıb Şah Abbasın məscidində müsəlman da eləmək olardı.

...Axır ki, Ayşə xanım ağaya oğlunun qələtindən xəbər verən tapılmışdı. Bu da pristavın dəftərxanasında eşik ağalığı eyləyən kəndliləri Urus Viloş olmuşdu. Düzdü, Ayşə xanım ağa özü onu şirnikdirib ömrünün ən acı xəbərini ortaya çıxartmışdı.

- Sənə bir damazlıq düyə verəcəyəm bildiyini kişi kimi ovcuma qoysan. Bu Mansır son zamanlar ödünü udub.

Düyə eşqinə oğlan da düyəvari böyürməli olmuşdu.

- Ataşınızdan sizlərə daha çətin oğul ola. Gedib bir rus knyazının qızını alıb, qoltuğunun altda girib...

Mansır ağanı bir düyəyə, arvadına keçi qiymətinə satdığına görə Viloşu qamçı altına salıb öküz kimi böyürdən tapılmışdı. Xətrini istəyən kənd adamının ondan xəbərsiz həmin hərəkəti də Mansır ağa üçün at qiymətinə başa gəlmişdi. Ondan şübhələndiklərinə görə bir neçə dəfə qəza mərkəzinə at çapıb bığ altdan keçməli olmuşdu.

Ayşə xanım ağa həmin gündən əriylə qanlıbıçaq olmuşdu. İllərlə can deyib, can eşitdikləri ocaqda Mansır ağa arvadının son kəlmələrini həmin şəkildə eşitmişdi.

- El gözünə səndən ayrılmıram. Bundan sonra nə mən sənə üz göstərəcəyəm, nə də üzünü görmək istəyəcəyəm...

Üzünü gizlətmək üçünsə qızı Hilalın otağına daşınmışdı.

Elə o gündən arvadının acığının soyumasını gözləyən Mansır Coğazı keçib gündüzlərini Novlu bulaq ətrafındakı çöllükdə keçirməyə başlamışdı (əlini köhnə peşəsinə qaytarıb cır meyvə ağaclarını salaq eləyib öz ürəyini də həmin şəkildə soyutmağa çalışmışdı.

Mansır ağanın qızı Hilal aşağı kənddən Mikayıl ağanın oğlu Camalla nişanlı idi. Oğlunun bekar hərəkətindən sonra Mikayıl ağa onunla iki kənd arasındakı Vələs bulağı üstə görüşüb əhvalına sərin bulaq suyu səpmək istəmişdi.

- Məndən üç bayram böyüksən? Yenə axır-uxur kəlmə özününkü olacaq.   Deyirəm, uşaqların düyününü tezləşdirək. Araya düşmüş qaramatı qara zurnaynan qaçıra bildik bəlkə.

Bu dəfə də Ayşə xanım ağa özünün birincisindən də ağrı-acılı ikinci zərbəsini almışdı.

Toyuna həftə qalmış bir düyə qiyməti atasını ayağa vermiş Viloşa qoşulub qaçmış, hərəkətiylə atasını öküz kimi böyürtmüş, anasını yaralı cüyür kimi mələtmişdi.

Əskisi tüstülü Mansır ağa da ondan xoşagəlməyən pristava görə içindən yana-yana qalmışdı. (Üstəlik, ona görə Viloşun kənddəki dədə-baba ocağına od vurmaq istəyənlərin hirsini də Coğazın neçə batman suyuyla soyutmalı olmuşdu).

Aydan arı, sudan duru hilalının da bir batmışa qoşulub qaçıb başlarını batırması da oğlundan sonra günəşi tutulmuş xanım-xatın arvadın bu dəfə ayını batırmışdı.

Axır ki, dünya adlı bir qəfəsdə xanım-xatın bir ana son nəfəsini Allaha tapşırdı. Oğul sarıdan günəşi, qız sarıdan Ayı tutulandan sonra dünyasına tutula bilmədi. Vəsiyyətini də üstünə gələn şenliyin türkəçarası Laxvan qarıyla ərinə çatdırdı.

- Eşidəm biləm ki, üstümə gəlibsən, goruma torpaq atıbsan, ömürlük o dünyamda alışıb yanacağam...

Ayşəni Mansırsız goruna tapşırdılar. Arvadının o dünyada yanmaması, bu dünyada özünün külaltı köz kimi tüstülənməsinə bərabər oldu.

Beləcə, Şura hökumətinin üstü ulduzlu qırmızı papaqlı atlılarının yolu Yuxarı Əskiparaya düşənə, orda atları kişnəyənə kimi onun bir ocağı sükunətinə qərq olmuşdu.

Orda arvadı qəbirdə, qızı ərdə, oğlu uzaq, qürbət şəhərdə olan bəxtiqara saçı dümağ, Mansır ağa yaşayırdı. (Əgər buna yaşamaq demək olardısa).

Ona güvənən kənd əhli sınmasın deyə, şenliyin xeyrində, şərində özünü ağayana aparıb sındırmırdı. Nəhəng məzarına dönmüş mülkünün içinə girən kimisə üzünü Allahına tuturdu: Mənə bir az möhlət ver, sonra canımı al.

Özünü saxlaya bilməyib bir-iki dəfə Ayşənin qəbrini ziyarət eləmək istəmişdi. Amma son ayaqda Laxvanı qarının dediklərini yadına salmışdı.

- Qarayığval Ayşən xanım ağa dedi Mansırı bağışlayıb-bağışlamamağım Molla Oruca əyan olacaq.

Hər dəfə də Molla Oruca üz tutanda üzünə gülüb içinə yağış yatdırırdı. (Həmən gülüşlər qulaqlarına ağlaşma səsi gətirirdi).

- Bir az da səbr elə...

Mansır ağanın özünə calaq elədiyi bir-iki murazı vardı:

Birinci murazı öz halvası çalınmamış arvadının qəbrinə ayaq açmaq istəməsi idi. Rəhmətliyin yeraltı qoru, onun yerüstü vəkili Molla Orucun quru gülüşü hələlik icazəsini vermişdi.

İkinci Murazı lap əlçatmaz idi. (Ora ancaq tanrının göndərdiyi köhləni çapmaq olardı).

Şura gələndə Viloş arvad-uşağıyla Türkiyəyə qaçmışdı. Qarsda yaşadığından xəbərdar idi.

Ərzurumun gəldiyini aşa bilib ordada Hilalını görüb dünyasına əl sallamaq istəyirdi.

Amma kəndin sağsağanına dönmüş Çaşı Musa bir gözü arana, o birisi dağa baxa-baxa Mansır ağaya söylədi.

- Bazarda (qəza mərkəzində) ağaların, qolçomaqların adını qara dəftərə salıblar. Baş keçiddə simvar adam var. İstəsən atlanıb gedərik. Qoçu Mustafa, Tomtaoğlu Əmiraslan da ordan Osmanlı tərəfə adladı. Bir papağını qabağına qoy onlar gəlməmiş...

Sözünün arxasını demədi: Papağın boş qalmamış qaç canını qurtar demək istəyirdi.

Demə, çaşı Musa bir gözü Molla Oruca, o birisi Yuxarı Əskipara qəbiristanlığında ola-ola həmin kəlmələrini də söyləyib ürəyini boşaltmışdı.

- Bu sözlərimə görə cinin tutmasın. Sən də elə bil bu şura bu həndəvərə allahsız bayrağını sancandan onların qaydasıyla işləyirsən.

- Nədi o gözüylə biri iki eləyən Musa, olmuya məni həm kənd mollası, həm də NKVD paqonlusu kimi görürsən.

- Bu fağır Mansır ağanın yolunu arvadının goruna doğru çəpərləmisən, bəs deyilmi. Onu da adını söylədiyin NKVD-nın qara dəftərinə salıblar. Bu gün, sabah o erməni dığası yazığı hara, hansı, cəhənnəmə, gora göndərəcəyi bəlli deyil.

- Ayə, bu boyda kənd bir ağız olub deməsə də bəs bütün Ceyrançol bilmirmi onun adı ağadı. O, kəndin ağsaqqalıdı. Bütün malını, varını camaat üçün alışma eləyib.

- Mənlik nə var ki...

- Yəqin, son günlər sir-sifətini görməmisən. Ayaq üstə quruyub gedib... Arvadının qəbrinə yolunu aç...

- Hardan görüm, mehrini meşəyə salıb, ağacları calayır... Deynən gəlsin, özümlə aparacağam...

Bax beləcə, Mansır ağa özünə qəbiristanlığa ən uyğun vəkil tutub, Molla Orucla Ayşəninin məzarını ziyarət eləyə bildi. İlk nüvarına çatdı. Həm də arvadının qəbri üstə çiçəkləyən cır nar kolunu görəndə yüngülləşən kimi oldu... Göz yaşlarını içinə axıdandan sonra özünü saxlaya bilməyib kəndin dini ağasından soruşdu.

- A Hacı, Mustafəlinin ağzı dualı balası bu da Allahın işidimi, qəbirlərin çoxunun üstə nar kolu bitib. 

Bu kəlmələr mollanın sifətində təbəssüm gülü açdı. Onlara qızartı qarışdığından nar çiçəklərinə bənzədi.

- Bu nar da iydə kimi cənnət ağaclarından sayılır...

Sözünü axıra çatdırmadı. O biri gorlara küfür etmək istəmədi. İstəməzdi ki, sözünün tərsindən belə bir məna çıxsın: o birilər cənnətlik olmayıb.

Mansır ağa sevincindən nar kimi çiçəklədi. Allahına şükür elədi ki, Ayşənini cənnətlik eləyib. Onun məzarı üstə nar çiçəklərindən misilsiz bəzək vurub. Onların çoxu xanımının saxlancı ləl-cəvahirata sırğalara, boyunbağılara bənzəyir.    Yüngülləşdi ki, Ayşəni gor evinə Tanrının aydan arı gəlini kimi köçüb. Sevincindən nə dediyini özü də bilmədi.

- Olarmı bu cır narları calayım?..

Həmin kəlmələr Molla Orucun sifətini təəccübə çəkdi, alnını qırışdırdı. Mollanı çətinə saldığını Mansır ağa başa düşdü.

- Bu cənnət ağaclarının meyvələri də deyirəm cənnətə layiq olsun. İl boyu qəbiristanlıq da əsl narlardan cənnət ehsanı paylasın.

Ağanın kəlmələri din ağasının ağlını kəsdirdi.

...Mansır ağanın arxasınca Şura "əzrayılının" atlısı gəldi. Erməni millətindən olan rəis ağanın kənd içrə hörmət-izzətindən hali olduğundan kəndə simsar adam göndərmişdi. Aşağı Əskiparadan Əhmədlərin Oruca idi ki Mansır ağa toyuna qoyun-quzu göndərmişdi. Ona rəis Mansur ağasız geri ayaq qoymamağı tapşırmışdı.

Kənd əhli çiynindəki poqonlara görə simsar adama da inanmayıb ağanı ələ vermək istəmədi. Naəlac poqonlu axır üzünü kənd mollasına tutdu.

- Oruc əmi, qorxulu bir şey yoxdu. Dilindən iltizam alıb buraxacaqlar. Səninki kimi (Molla Orucu da ora aparıb, mollalıq etməyəcəyi barədə dilindən kağız alıb buraxmışdılar).

Sözünə qüvvə kimi mollanın cübbəsinə birə də salmalı olmuşdu.

- Mansır tapılmasa Molla Oruca gəl...

Son kəlmələr yollarını qəbiristanlığa salmışdı. Nar kolları arasında gün altda işləyən Mansır ağa özü də həmin an nar ağacına bənzəyirdi. (Calağından hələlik əsl narı özündə (üzündə) bitirmişdi).

...Yol boyu xeyli dinib danışmadılar. Məzəmin yoxuşunu aşandan, yol ətrafı ağaclar seyrələndən sonra mənzillərinə sözdən körpü saldılar (elə bil ağaclarında Şura zamanı dəyişdiyindən xəbər üçün qulaqları olduğundan çəkinirdilər).

- Sən bilən, yolumu ordan o yana salacaqlarmı. Belə bir şey olsa hara gənitdiklərini Molla Oruca pıçıldayarsan.

- Rəhmətlik qağam deyirdi ki, yada arxalanma, inanma, aldanma...

- Bir az xırdalayarsanmı?

- Bu rəis Mikayıl ağanın oğlu Cumalı oxumaq adıyla çağırıb Sibirə göndərdi. Bütün Ceyrançölün gözünü qırıb, qulağını burub özünün, gözü, qulağı eyləyib. Yəqin, haqqında o ki var ovuclarına qoyublar böyür-başındakılar.

Rəisin otağına girəndə erməninin zəndlə ona baxıb gülümsədiyi Mansır ağanı yüngülləşdirmədi, yada inanma, arxalanma, aldanma kəlmələrini nar çiçəklərivari sırğa kimi qulaqlarından asdı. 

Rəis böyür-başındakılara komanda verdi.

- Bura sizlik olmadı, marş...

Sonra yerindən durub Mansır ağanın qənşərinə gəldi. Onunla ikiəlli görüşüb əyləşdirdi.

- Deyəsən, məni tanımadın, Uzuntalalı dostun Xorenin oğluyam, aclıq ili bizə tay-tay un verib qışdan yaza çıxartmısan. Üstümüzdə Qazançı dağından ağır minnətin var...

Uzuntala ermənisinin kirvələrinin oğlu çıxması, Ceyrançöl şivəsiylə danışması, onu gülərüzlə qarşılaması Mansır ağanın gözü önünə Yuxarı Əskipara qəbiristanlığındakı nar çiçəklərini gətirdi. Talenin axır ki, üzünə güldüyünü düşünüb sevincindən nar kimi çiçəkləməyə başladı.

Yegiş (Xoren kirvələrinin oğlu) qarşısındakı qovluqların içindən birini sivirib çıxardı. Açıb üstü gertli kağızların birini Mansır ağanın qabağına qoydu.

- Bu kağızla yuxarıdan Mansır Vəkiloğlunun da kəndiri kəsilib. Ataların dedikləri hamısı necə də öz yerini tapır, çörək kəsəni heç xəncər kəsmir...

Kağızı oxuyandan sonra ruhu avazımış (yəni üzünün nar çiçəkləri bozarmış) Mansır ağa ürəkləndi. Qarşısındakının üzünə-gözünə baxıb bu yad millətin vəzifəyə qonmuş övladına arxalana, inana biləcəyini, yanılmayacağını müəyyənləşdirməyə çalışdı. Qarşısındakının sir-sifəti öz təbiiliyi ilə çilvələnirdi. Üstəlik, bu dəfə onu Meçəl oğlu Avdıya da oxşatdı.

- Xoren atamın qardaşağasını görüm necə bu dəyirmanın gözündən diri atdırıb ölü çıxarmayacağam... Mütlək, lap poqonlarımın sökülməsi hesabı olsa da bnu etməliyəm.

Mansırın heç dilindən iltiram da almadılar. Onu kənddən gətirən adamla da şenliyə yola saldılar. Ayrılarkən rəis səsini yavaşıdıb söylədi.

- Kirvəliyimizdən bir adam xəbər tutmasın. Yuxarılarla danışıb bu qərarı ləğv etdirməyə çalışacağam.

- Qolunu çırmalayıb var gücünü işə sal. Muşduluğunu gözləyəcəyəm.

- Şad xəbər olan kimi özüm kəndinizə atlanacağam...

Gözündən diri çıxdığı bir dəyirmandan həmin gün Mansır ağanın qolu Sibirə yox, Yuxarı Əskipaya düşdü.

Halbuki kənddə ondan söz düşəndə, Çaşı Musanın bir gözü Bayıl türməsinə, o birisi də Sibirə baxmışdı.

Geriyə yolçuluqları zamanı Mansır ağayla simsarı arasında bir yolun əvvəlində, bir də axırında kəlmə kəsmələri oldu.

- Bu uzuntala zırıltısının sözü nə oldu, əmi?

- Bir az möhlət verdi... Bir-iki nar kolum qalmışdı, onlara da gülövşə calağı vuraram.

- Mikayıl ağanın oğlu Camala da həmin möhlətdən vermişdi. Hayıf ki, atını ya Ağbaba, ya Başkecid tərəfə yəhərləmədi...

Əslində eloğlusu həmin kəlmələrlə əvvəl dediklərini (arxalanma, aldanma, inanmanı) təkrarlayırdı. Mansır ağaya xəbərdarlığını eləyirdi ki, hələlik də çiyinlərindəki poqonlara görə əlindən bu gəlirdi.

...Rəis dediyi kimi yolunu Yuxarı Əskiparaya bir bazar axşamı saldı. Adamlarından ikisini keşikdə qoyub Vəkiloğlu ocağına girdi. Xeyli müddət kirvə oğluyla başbaşa söhbətləşdilər. Məlum oldu ki, güllələnmək hökmünü dəyişmək mümkün deyil. Amma...

- Bircə yolu var, sənə başqa adla sənəd düzəldəcəyik... Tiflisdən Peterburqa, oğlunun yanına yola salacağıq.

Başbaşa verdikləri zaman göz-gözə də gəlmişdilər. Mansır ağa da Xorenin oğluna şək-şübhə yeri qalmamışdı. İkinci murazından söz açmışdı. Rəisə də aydın olmuşdu ki, qarşısındakın artıq tifağı dağılıb. Bu biçarənin arvadı ondan küsülü yolunu kənd qəbiristanlığına salıb. Təsəllisi də üstə bitmiş nar ağacı olub. Onu da, o biri kolları da əlindən gələn peşəsiylə calaqlayıb kənd qəbiristanlığında nar ehsanı dəstgahı açıb.

Qızı əvvəl başqasına qoşulub qaçıb, sonra da başqa ölkəyə yır-yığış ediblər. Oğlu da həm nişanlısını, həm vətənini, həm dinini atıb bir knyaz qızı ilə evlənib. İndi də Petroqradda hökumətləri yıxılandan sonra başlarına nə gəldiyini bir özləri, bir də allahları bilər (bu ya güllə qəzası, ya ən yaxşı halda mühacirət cəfası ola bilərdi).

Axır ki, qarşısında, kəndin kəlləcarxındakı evin, arvadı qəbirdə, qızı ərdə, oğlu uzaq şəhərdə (və ya qürbətdə) olan bir biçarəsi boyun büküb dayanmışdı.

- Bunların kərvəsi nə olacaq, kirvə oğlu?

- Bir başıbağlı.

Mansır ağa bir küpə qızıldan söz getdiyini qızılquş kimi göydə aldı.

- Mən əlimdə, ayağımdakını toxumluq damazlıq üçün kənd əhlinə dağıtmışam. Əlimdə bircə Tiflis canişinin verdiyi möhürlü kağızda qalıb.

- Baxma, qurd yuvası sümüksüz olmaz. Həm də özünə qan bahası verirsən. O qızıllar kəsilən yerə, oğlunun yanına yola salınırsan. Onu da bil ki, o küpdən mənə heç qızıl diş saldırmaq üçün bir onluq da lazım deyil.

Bu dəfə gözü önünə nar çiçəkləri qızıl onluq kimi göründü. Mansır ağa qəbiristanlıqda nar "çiçəkləri" ilə bağışlanır, şenlikdə onluq çiçəkləri ilə can qurtara bilirdi.

Elə bil bu dəfə o dillənmədi. Qızıl onluqlar cingildədi.

- Yaxşı, görüm neynəyirəm...

- Hökmün icrasına əmr verilib. Bu işə rus əsgərləri baxır. Hər dəqiqə çapıb elə həyətində səni güllələyə bilərlər. Odur ki, mənim adamım səni aparıb, Sərxan kəndi səmti meşədə gizlədəcək. Kənddəkilərə də zurna çaldıracaqlar ki, Başkecid tərəfə atlanmısan.

 

- Küpəni düzəldib başdakı otağın pəncərəsi altına qoyacağam.

- Sənədlərini özüm gətirəcəyəm. Tiflisə də Qod tərəfdən özüm aparıb yola salacağam.

Mansır ağanın malikanəsini axır ki, qurd yuvası adlandıran tapıldı. O da öz murazı naminə ora (pəncərənin taxtası altda) onların istədiyi "sümüyü" qoydu.

Rəisin adamı Sərxan meşəsində onu qurd yuvasına bənzəyən bir mağaraya yerləşdirdi. İnsafən yemək, içməyini vaxtlı-vaxtında yetirdi. Hər gün qurd yuvasından aşağılara boylanıb xilaskarının yolunu gözlədi. Kəndlərinə bitişik olsa da həmin meşədə qəribsəyirdi. Bir zamanlar onların olmuş bu yerlərin ağacları da bu dığalar köç salanda elə bil dəyişilib, erməniləşmişdi.

Axır ki, "xilaskarı" gəlib çıxdı. Sənədlərini verib könlünü aldı. Yeğiş ona atasının adını soyadını vermiş, sənədə ağanın öz şəklini yapışdırmışdı. 

- Di düş qabağa, yolçu yolda gərək.

Mansır ağa heç iki addım atmamışdı ki, gülləyə gəldi. Dönüb arxasında əli naqanlı Xoren kirvələrinin oğlu Yegişi gördü. Yadlaşmış ağaclar arasında bir nar ağacı qurumağa, çiçəkləri solmağa başladı. Var gücünü toplayıb Yuxarı Əskiparaya (bütün dünyaya) eşitdirmək istədi: Kaş bu namərd, nakişi, cır adamları da calaq eləmək mümkün olaydı.

 

***

...Nə yaxşı həmin gülləyə qədər Ayşəsinin qəbri üstə nar çiçəkləriylə güllənə bilmişdi. O biri murazları gözündə qaldı. Peterburqa yetişib oğluna, nəvəsinə kənardan baxa bilmədi. Heç olmazsa xəbər tutmadı ki, oğlu bolşeviklərə qoşulub, üzərindən bütün ildırımları keçirib. Qız balasına anası Ayşənin adını qoyub. (Tiflisdə uşaq zamanda Ayşən xanım ağanın çəkdirdiyi şəkildən uzaq Peterburqda bir qız balası dünyaya göz açıb).

Hilal balası əriylə çırpına-çırpına Qara dənizi keçib yolunu ay-ulduzlu məmləkətə də sala bilmədi. Qız balasının oğluna onun adını qoyduğundan xəbərdar olmadı. Öz uşaqlığı ilə görüşə bilmək alnına yazılmayıbmış. Arvadı qəbrdə, qızı ərdə, oğlu uzaq şəhərdə olan bir zamanların ən bəxtəvəri, son günlərin ən biçarəsi Mansır Vəkiloğlunun...

Bu, qurd yuvasının son nəvası oldu. Həmin ibratamiz kəlmələr murazına çatmayan adamdan əvvəl-əvvəl Əskipara, sonra da paralanmış, aralanmış dünya camaatına çata bilmədi: Bekara adamlara da calaq vurulaydı kaş...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!