Qeyb olan açar - Esse. Səma MUĞANNA

 

Yenə də saatın əqrəbləri, tarixlərdəki rənglər, göy üzündə gizlənən günəş yuxuya qərq olmuşdu. Gənc yazıçı dünyasından atlayıb Bakı şəhərinin ən dərin, ən tozlu küçələrində qaçırdı. Qaçdıqca nəfəsinin tükəndiyini hiss edirdi. Bu tükənən nəfəsdən hər dəfə bir can qopurdu. Deyəsən, yolunu itirmişdi. Yolunu itirsə də, axı niyə öz dünyasından qaçıb, Bakı şəhərinin tozlu küçələrinə gəlmişdi? Sizcə, o yazıçı kim idi? Nə üçün bu qədər yalnız idi? Bu sualların cavabı yazıçıda idimi, yoxsa yox?

Bu yazını qələmə alan yazıçıdır. Bəli, Səma. Oxucuların tanıdığı, AYB-nin ən gənc üzvü Səma Muğanna. Qələmə alsam da, sizinlə danışan ikinci Səma olacaq. O, sizə taleyini, nağıl dünyasını deyil, sizlərin cavablandıra bilmədiyi sualların cavabını danışacaq. Film izlədiyinizi düşünün. Bu filmdə dram, gərginlik, aqressiya dost olacaq. Gəlin, daha çox danışmadan sözü verim ruh dostuma...

Kim deyə bilər ki, aqressiya, gərginlik, dram, xoşbəxtlik birlikdə ola bilər? Onlar birlikdə necə bacara bilər? Bu barədə çox oxucularımda sual yaranmışdı, ancaq bu sualın cavabını bu məktubla danışacam:

İnsanların taleləri bir-birinə bənzəyir. Gündüz-gecə bərabərliyi olduğu kimi təqvimdəki tarixlər, quşların civiltisi ,xoşbəxt sevgililər və ölüm belə bir-birinizə bənzəyir. İnsan bədənin iki ruhu var. Ölü və canlı ruh. Bu iki ruhu bir anda necə daşıya bilər sualını cavablandırmaq bir az çətin və mürəkkəbdir. Ancaq mən tamamilə başqa bir prizmadan yanaşaraq danışacam.Ölü bədən ruhu insanın yalnız gecə dünyasına gəlir. Bu hal məndə çox yaşanıb. Düşünün ki, insan xarakterlərini yanaşı qoyduqda necə fərqli və bir-birlərinə ziddir? Siyah-bəyaz bir-birinə zidd olsa da, necə gözəl yaraşırlar? Baxın, ölü bədən və canlı ruh da bir-birinə zidd olduğu qədər də yaxındır. Bu o demək deyil ki, insanlar pessimist, xoşbəxt, kədər duyğularını yaşadıqda bu hal yaranır. Xeyr. Bir yazıçı olaraq fikrimi bildirirəm ki, ölü bədənin sizi tərk etməsi sizdən asılı deyil. İndi isə sizə o yaranan yeni tale oyununu danışıram. Bu məktubu oxudunuzsa və artıq yazının hissəyə gəldiyini görürsünüzsə, demək siz də yazıçının qaranlıq və işıqlı dünyasıyla tanış olmusunuz.

Qələmə aldığım hər bir yazıda qaranlığın və işıqlı dünyanın necə olduğunu təsvir edirəm. Yazılan və hətta dəfələrlə cırılan məktublar olub. Mən onlara baxdıqda bu yanğını, həsrəti, sevgini hiss etmişəm. Çoxları üçün yalnızca kağız parçası ola bilər, lakin mənim üçün bir dünyadır. O kağız parçasında yazılan hər bir söz mənim taleyimin rəngli, rəngsiz fikirlərini qeydə alır. O yazılan hər cümlə filmin yaranmasına kömək edir. Mənim hər günüm filmdir, əziz oxucularım! Başlıqda da qeyd etdim axı düşünün ki, film izləyirsiniz. Dram, gərginlik, aqressiyadan ibarət olan film. Bundan əlavə, içində tale oyunu oynayan insanlar və qarışıq fikirlərin gəmidə qalması. Qeyb olan açar və bağlı qapılar. Bu dediklərimin hər birinin fəlsəfi düşüncə tərzi var. Onlar canlı, cansız olması ilə seçilmir. Mən yazıçıyam və onları qələmə alıram. Bəzən obrazlı şəkildə, bəzən isə film kimi. Qarışıq fikirlər gəmidə qeyb olub. Axı necə? Başlıqda qeyd etmişdim ki, yazıçı öz dünyasından ayrılıb Bakı şəhərinin tozlu küçələrinə qaçır. Baxın, o zaman bu qarışıq fikirlər gəmidən qaçıb dənizin ən dərinliklərində yaşamaq üçün çabalayır, çünki tozlu küçələrdə bu fikirlər qeyb ola bilər. Bu fikirlər qeyb olduqda isə insanlar tale oyunlarına keçid alacaqlar. "Tale oyunu" yaşadıqlarımızın təkrarı kimidir. Təkrar-təkrar insanlar o duyğuları yaşayır və yaşadıqca ölü bədən onları izləyir. Baxın, yenə ölü bədənə və canlı ruha keçid aldım. Yollar yenə məni o dərinliyin içinə sürgün etdi.

Əslində, qələmə aldığım yazı insanların daxili dünyasını və beyinlərindəki düşüncəni ifadə edir. İnsanlar bir-birinə zidd və qarışıqdır. Yazıçının da bu cür qarışıq fikirlərə qapandığı, hətta yolunu belə itirdiyi zamanlar olur. Əsas bu üç dost bizə həmişə kömək olacaq. Unutmayın, "tale oyunu", "qeyb olan açar" və "fikirlər".

"Qeyb olan açar" sizin tale oyununuzun dostu da ola bilər, düşməni də. Bu sizdən asılıdır. Təqvimdəki tarixlər, saatın əqrəbləri davam edir. Əgər bir gün davam etməsə, demək siz Bakı şəhərinin tozlu küçələrindəki işıqlı dünyaya xəyanət etmisiniz.Deyəsən, Tanrım məni səsləyir. Getməliyəm. Hələlik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!