"Tanrı yoxuşu"ndan görünən vətən - Vasif SÜLEYMAN

 

...Bir cümlə ilə görkəmli araşdırmaçı-jurnalist Elxan Salahovun "Tanrı yoxuşu" kitabının Birinci Qarabağ müharibəsi illərində erməni quldurlarının Kəlbəcərdə törətdikləri dəhşətlərin, illərlə xəbərsiz olduğumuz faciələrin üstünün açılmasında ən gərəkli mənbə olduğunu deməklə, fikrimizi tamamlamaq da olar. Amma...

...Amma araşdırmaçının bir neçə il əvvəl çap olunan "Qanlı kaha" kitabında 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndindən olan, elini-obasını tərk etməyən 76 dinc sakininin 4 ay ərzində kahalara sığınaraq necə dirəniş göstərdiklərinin ürəksökən bir dillə təsvir olunduğunu yada salsaq, "Tanrı yoxuşu"nun da belə təsvirlərdən xali olmayacağını istər-istəməz düşünürsən. Kitabı oxuyandan sonra zənnində yanılmadığını görürsən.

İstər-istəməz bir də onu düşünürsən ki, biz erməni vandalizminin Kəlbəcər rayonunda yaratdığı dəhşətdən əməlli-başlı xəbərsiz olmuşuq.

"Kəlbəcərdə son döyüş: Meydançay əməliyyatı", "Fərraşdakı əsgərlər işğaldan xəbərsizmiş", "Piçənisdə düşmənlə üz-üzə", "Bir gecə Çormanda", "Gizli yollarla Çovdara doğru", "Sirli Başlıbel", "Sıldırımlı yollarla", "Tək damda qorxulu gecə", "Tanrı yoxuşunda donmuş arzular", "24 gün düşmən əsirliyində", "Zar sakinlərinin son ümidi", "Üç kimsəsiz, üç tale", "Dörd dəfə girov götürülən Məhəmməd kişinin hekayəti", "İtkin düşən doğmalarla bir gecəlik görüş" və digər başlıqlar altında verilən qandonduran hekayətləri gəl, həyəcansız oxu... Bacarırsansa...

Hər birimizin yadında olar ki, o zaman ermənilərin tunellərin birindən keçmək istəyən kəlbəcərlilərə qarşı az qala soyqırım törətdikləri ağızdam-ağıza dolaşırdı. İnanan da olurdu, inanmayan da. Elxan Salahovun uzun araşdırmalardan sonra yazdığı kitabı oxuyanda bir daha əmin olursan ki, hətta o zaman eşitdiklərimiz baş verənlərin az bir hissəsi imiş.

Kitabdakı "Tuneldə qətliam, Nadirxanlıda pusqu" başlıqlı hekayətdən: "Ermənistan silahlı qüvvələrinin Kəlbəcər-Başlıbel yolu üzərindəki tuneldə mülki əhaliyə qarşı törətdiyi amansız qətliamdan hələ çoxlarının xəbəri yox idi. Azərbaycan ordusu Murovun ətəklərinə doğru sıxışdırıldıqca işğalçıların mühasirəsində qalan dinc əhalinin başına gətirilən müsibətlərin səs-sorağı daha çox yayılırdı. Ermənilər uzunluğu 200 metr olan tunelin Ağdərəyə tərəf çıxışının 150 metrliyində pusqu quraraq buradan keçən avtomobilləri atəşə tutur, kütləvi qətliam törədirdi".

Hekayətlərdən birinin başlığı istər-istəməz bir dəhşətin təsvir olunacağına işarədir sanki: Canavarın qovduğu qoyunu əsgərlər tutdu... İlk baxışdan adama hər hansı bir nağıl epizodu kimi gəlir. Amma elə deyil... Bu, borana, şaxtaya, aclığa və hər an onları yaxalaya biləcək bədbəxtliyə qarşı ölüm-qalım mübarizəsi aparanların həmin andakı yaşam tərzi idi. Keçmiş hərbçi, bir çox döyüşlərin iştirakçısı olan Azər Qasımov həmin anları xatırlayır: "Şahkərəm kəndi ermənilərlə dolu idi. Biz yarğanda oturub axşamın düşməsini gözləyərkən bir neçə canavar çöllərə səpələnmiş qoyun-quzuya hücum edib sürünü qovurdu. Sürü pərən-pərən düşmüşdü. Canavarlardan qaçan 10-12 qoyun bizim oturduğumuz yarğana doluşdu. Yoldaşlar cəld tərpənərək qoyunlardan birini tutdu. Elə bil Allahın bizə rəhmi gəlmişdi, oturduğumuz yerdə ruzini özü yetirdi. Rafiq qoyunu kəsdi, dərisini soyub qolunu, budunu hissələrə ayırdı. Gizləndiyimiz yerdən kənd görünməsə də, burada ocaq qalamaq olmazdı, ermənilər tüstünü görüb yerimizi müəyyənləşdirə bilərdilər. Gecə isə əsasən, yol getdiyimiz üçün ocaq qalamaq imkanımız olmurdu, həm də alov kənardan görünə bilərdi. Axşama xeyli vardı. Uşaqlar bərk acmışdı, yeməyə bir şey yox idi. Ona görə də əti bişirmək istədik. Əsgərlərdən biri əynindəki jaketi, o birisi cibindəki kağızı, digəri daşın-qayanın dibindəki quru yarpaqları toplayıb yandırdı, gördük heç nə alınmayacaq, hərə bir parça əti götürüb çiy-çiy dişinə çəkdi". Bu əfsanəyəbənzər olay, əslində mühasirədən qurtulmaq istəyən kəlbəcərlilərin göstərdiyi dirənişiydi. 

Kitabdakı hekayətlərin hamısında 1993-cü ildə Azərbaycanın cənnət guşələrindən biri olan Kəlbəcər rayonunun, kəlbəcərlilərin yaşamağa məhkum olunduğu real həyatdan bəhs olunur. 

"Lev kəndində tənha qalan qocanın hekayəti" qandonduran məqamlarla doludur. Məhəmməd Məmmədov İkinci Dünya müharibəsinin iştirakçısı olub. Ermənilər Kəlbəcərə hücum edəndə kəndin sakinləri Daşkəsənə doğru gediblər. 600-700 nəfərlik köçün içində Məhəmməd kişinin övladları da vardı. Gedənlər mənzil başına çatandan sonra oğlu Fətalı gəlib atasını da aparacaqdı. Amma... "Tanrı yoxuşu" aşırımında qopan tufan Fətalını da mindiyi atla birlikdə yarğana atmış, donvurmadan ölmüşdür...

...Tanrı yoxuşu, müəllifin qeyd etdiyi kimi, Murovdağ silsiləsinin Daşkəsən istiqamətindəki aşırımlarından birinin adıdır. Kəlbəcər işğal olunanda mühasirədə qalanların xilas yolu buradan keçirmiş.

Bura, təkcə kəlbəcərlilərin şaxtada, çovğunda sınağa çəkildiyi yer deyildi... "Tanrı yoxuşu" kitabını oxuyandan sonra bir daha əmin olursan ki, həmin dəhşətin əhatəsində Tanrı yoxuşu aşırımında, əslində insanlıq sınağa çəkilirdi...

"Tanrı yoxuşu" kitabının müxtəlif yerlərdə təqdimat mərasimlərinin keçirilməsi də, kitaba göstərilkən gerçək marağın bir ifadəsidir. Çünki Tanrı yoxuşundan baxanda təkcə düşmənin soyuq baxışları altında əzab çəkən Vətən yox, eyni zamanda 44 günlük Zəfər Savaşından qalib çıxan Vətən də görünür.

Müzəffər Azərbaycan əsgərinin Ali Baş Komandanın rəhbərliyi altında yazdığı 44 günlük Zəfər Savaşında kəlbəcərli oğullar da səfərbər olunmuşdu. O şanlı Zəfəri qazananlar arasında 33 kəlbəcərli şəhidin də adı var.

Kitabın öyrətdiyi birinci gerçəklik ondan ibarətdir ki, Kəlbəcər ağrısı 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələrinin Kəlbəcəri işğal etməsi ilə bitmədi, səngimədi. Əksinə, ən dəhşətli məqamlar insanların mühasirədə qalan zaman yaşadıqları, mühasirədə üzləşdikləridir. Elxan Salahovun təbirincə desək, Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsidir.

Yazı tərzi, təhkiyəsi ilə sanki bədii əsər oxuyursan. Çünki hadisələr də bir-birini tamamlayır, bütün məlumatlar bir tamlığın əhatəsindədir. Kitabdakıların hamısı realdır. İnsanlar da, hadisələr də, gözəl Kəlbəcər də... Gerçək həyat gerçək bir dillə təqdim olunur. Hekayətlərdə danışan, haqqında danışılan və hətta ötəri olaraq adı çəkilənlərin bir çoxu indi də həyatdadırlar. Yalnız biz Kəlbəcər rayonu sakinlərinin başına gələnlərin bu dərəcədə dəhşətli olduğunu bəlkə də tam təsəvvür etmirdik. Elxan Salahov Birinci Qarabağ savaşının iştirakçısı, şəhid qardaşı, 30 ilin sayılıb-seçilən publisisti olaraq, hadisələri zərgər dəqiqliyi ilə araşdırmış, ortaya mükəmməl bir iş qoymuşdur. Nə vaxt Kəlbəcər işğalı ilə hansısa bir dəqiqlik axtarılanda, şübhəsiz ki, "Tanrı yoxuşu"na istinad ediləcək. Çünki artıq ortada etibarlı mənbə var.

...Kitabdakılar jurnalist Elxan Salahovun, Kəlbəcərin, Azərbaycan tarixinin gerçək məqamlarıdır... "Vətənoğlu" Nəşriyyat və Poliqrafiya MMC-nin mətbəəsində ofset üsulu ilə işıq üzü görən, redaktoru Süleyman Qaradağlı, korrektoru Günel Kazımova olan Tanrı yoxuşundan görünənlərin hamısını bir yazıda ifadə etmək sadəcə mümkün deyil. Bu, həm də oxucunun kitabı oxumaq haqqına qarışmaq kimi olardı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!