Biz Şuşaya gedirik! - Mənzər NİYARLI

 

Şuşaya? Doğrudan? Nə vaxt? Aprelin 12-də, Həftənin ikinci günü. Sevincdən gözlərim yaşardı. Demək, otuz ilin həsrətinə son qoyacağıq. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup alimlərinə verilən bu xəbərə görə hamının üzündə bir sevinc hissi yaşanır. Mənim kimi. Ürəyimdə direktorumuz İsa Həbibbəyliyə, institutun rəhbərliyinə təşəkkür hissi keçirə-keçirə yola hazırlaşıram.

Şuşa? Adını eşidəndə qəlbimizi titrədən Şuşamız! Azərbaycanın incisi Şuşamız!

Həmin gün Şuşada nəğməkar şairəmiz Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə kiçik bir sessiya da keçiriləcəkdi.

Tez-tez eşidirdik ki, Şuşada abadlıq işləri gedir. Televiziyada dağılmış abidələrlə, baxımsız evlərlə yanaşı, Natəvanın, Bülbülün, Vaqifin, Üzeyir Hacıbəyovun büstlərinin, Gövhər Ağa məscidinin bərpa edildiyini, Natəvanın evinin tikintisinə başladıqlarını görürdük.

Nə gözəl gündür. Bahar fəsli. Biz Şuşaya gedirik. Həsrətində olduğumuz "Biz Şuşaya gedirik" cümləsini yaxınlarımın yanında təkrar edirəm. Onların üzündəki qibtə, heyrət hissini görmək üçün.

Rəfiqələrimdən biri heyranlıqla deyir: - Mənim üçün Şuşanın Xarıbülbülündən gətirərsən. Yaxşımı?

Hələ tezdir Xarıbülbülün çıxmağına. Ancaq özümü sındırmıram: - Dərib gətirərəm, - deyirəm.

Çox qəribədir, heç kəs "Şuşadan torpaq gətir" - demir. Təbrizin torpağından istəyirlər, ancaq Şuşanınkını yox. Məlum məsələdir. Axı Şuşamızın torpağı vətən torpağına qarışıb. Gətirməyə nə ehtiyac.

Səhər saat 5-də Elmlər Akademiyasının qabağında bizə ayrılan avtobusa minib yola düşürük.

Hamımız Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları olduğu üçün bir-birimizlə söhbətə, ünsiyyətə tez qoşulduq.

İlk söhbətimiz keçmişlə - 90-cı illərdə baş verən hadisələrlə bağlı olur. Acı xatirələri unutmaqmı olar? 30 il bundan qabaqkı faciələr, ürəyimizin başını ağrıdan Qarabağın işğalı, erməni vəhşilikləri, soyqırımlar, viran qoyulmuş şəhər və kəndlərimiz yadımıza düşdükcə sarsılırıq.

Dan yeri yavaş-yavaş sökülür. Hava açılır. Biz artıq Salyan şəhərinə yaxınlaşırıq. Salyandan sonra Biləsuvarın kəndlərini keçib

Biləsuvar şəhərinə daxil oluruq. Sovet dövründə Biləsuvarda ruslar tərəfindən sərhəd məntəqəsi qurulardı. İcazəsiz rayona buraxmırdılar. Gərək icazə kağızımız olaydı. İnsanlar sərhəd rayonlarına getmək üçün saatlarla yolda qalardılar.

Çox keçmir ki, Horadizə çatırıq. Füzulinin işğal olunmayan qəsəbəsinə. Horadizdə həyat qaynayır. Səliqəli, bir, iki mərtəbəli evlər, təmiz, güllü-çiçəkli küçələr. Qoyun-quzu, toyuq-cücə ot tayalarının yanında görünürlər. Əhali iş-güclərində idi. Yer şumlayırdılar, təsərrüfat işləri ilə məşğul idilər. Horadizi də keçirik. Birdən qarşımızda iri hərflərlə yazılmış lövhə görünür. "İşğal olunmuş və azad edilmiş torpaqlar". Elə bil bu torpaqlarda heç bir yaşayış yeri olmayıb, insan yaşamayıb. Yolun hər iki tərəfində qapısı, pəncərəsi, üst tavanı, döşəməsi soyulmuş daş yığnaqları idi. Ev, daşlarını, görünür, qopara bilmədikləri üçün sınıq-salxaq vəziyyətdə dururdu. Füzulidən köçkün düşən, evlərindən bircə əşya da apara bilməyən laborant qadınlarımızdan biri bizə tapşırmışdı ki, mənim viran qalan yurdumu - kəndimi də telefonla çəkərsiniz. Bəlkə evimizə toxunmayıblar. Görən kimi, vallah, tanıyaram. - O qaniçən düşmənlərin əlindən evmi qalar?

Uzaqdan Füzulidə tikilmiş nəhəng aeroportu görürük. Beynəlxalq hava limanı öz müasirliyi, əzəməti ilə qarşımıza çıxır.

Yoldan xeyli uzaqda, təpənin üstündə daş karxanası, sonra yol boyu viran qalmış kəndlərin indi-indi dirçələn meşələrində çiçəklənən alça, gilas, gilənar ağacları üzümüzə gülür. Bir azdan hamısı bar gətirəcək.

Xarabalıqlara çevrilmiş kəndin adda-budda görünən evlərinin topa-topa daş yığınağı ilə təbiətin qoruyub saxladığı, indi yaz fəslində yaşıllaşan, çiçək açan ağacların arasında bir təzadlıq var. Bu iki mənzərəyə baxdıqca gah qəlbimiz qan ağlayır, gah da təbiətin bu möcüzəsindən riqqətə gəlirdik.

Avtobus dolanbac, aşırım yollarla dağın başına - yuxarıya, həsrətində  olduğumuz Şuşaya doğru irəliləyir. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə Şuşamıza qalxdıqca gözümüz lap şəhərin uca zirvəsində görünən üçrəngli bayrağımıza dikilir.

Dövrələmə vaxtilə hündür sal daşdan səd çəkilən Şuşaya yaxınlaşırıq. Hava günəşlidir. Fərziyyəyə görə, Şuşanın havası büllur kimi saf, səfalı olduğu üçün onu Şuşa - yəni şüşə adlandırmışlar. Bəzi mənbələrə görə, Şuşa - şiş qaya mənasını verir.

Həyat möcüzələrlə doludur. 2725 metr yüksəklikdə Kirs dağı qarşımızda dayanıb. Qırxpilləkən yolu isə Daşaltı çayına doğru səmtlənib.

Hamımız Şuşamızla görüşün intizarındayıq. Əməkdaşlarımızdan biri sevinə-sevinə Şuşadakı evinin açarını da götürüb ki, bəlkə gedib evini görə, əgər uçurmayıblarsa... Bizi sevindirən, bizə bu rahatlığı, əmin-amanlığı bəxş edən, qələbəmizi bizim taleyimizə yazan, özlərini vətən uğrunda fəda edən, şəhidlik zirvəsinə ucalan mərd oğullarımızın hünəri, igidliyi deyildimi?

Avtobus sürətini azaldıb axır ki, qəlbimizdə gəzdirdiyimiz Şuşamıza daxil olur. Gözəl Şuşamıza. Avtobusdan düşüb heyran-heyran, acgözlüklə hər tərəfi süzürük. Alim qızlarımızdan biri sevincindən qollarını yana açıb Şuşanı qucaqlamaq istəyir. Şuşamız nələrə layiq görülməyib və gözəl fəxri adlarla dəyərləndirilib. Qafqazın sənəd məbədi, Azərbaycanın musiqi beşiyi, Zaqafqaziyanın konservatoriyası.

Alimlərimizdən biri Şuşanı şeirlə salamlayır:

 

Torpağından, daşından,

Alovundan, közündən,

İşğal bitdi sözündən,

Ulu Cıdır düzündən,

Şuşa, ətrin duyulurmu?

 

Şuşanın torpağının da, daşının da ətri duyulurdu. Neçə gün idi ki, havalar soyuq keçsə də, bu gün istiydi. Nə soyuqluq vardı, nə də külək. Günəşli bir gün idi.

Düşmən qədim, tarixi abidələri, məscidlərimizi uçursa da, Prezidentimiz demişkən, Şuşanı, bütün işğal olunmuş ərazilərimizi əvvəlki gözəlliyinə qaytaracağıq.

Rahatlanıb başmaq seyrinə çıxırıq. Burada, əziz Şuşamızda qızğın iş gedir. Şuşanın abadlıq işlərinə baxdıqca Anar müəllimin "Ağ qoç, qara qoç" əsəri yadıma düşdü. 2004-cü ildə oxumuşdum bu əsəri. Anar müəllimin uzaqgörənliyinə bugünkü Şuşada heyrətlənməmək mümkün deyil. Əsərdə "Məlikməmməd" nağılından epiqraf verilib. "O vaxt döyüşə-döyüşə iki qoç gələcək. Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən qaranlıq dünyaya düşəcəksən". Əgər Məlikməmməd ağ qoçla işıqlı dünyaya çıxmışsa, bizim igid əsgərlərimiz Şuşaya - o alınmaz qalaya dırnaqlarını daşlara keçirə-keçirə, dırmaşa-dırmaşa daxil olmuş, düşməni bir nəfər kimi məhv etmişdilər. Anar müəllimin əsərində Şuşa azadlığa çıxandan sonra ölkəmizin peşəkar telejurnalisti kimi tanınan Məlik Məmmədlinin mühəndis oğlu Beyrəyin Şuşamızdakı abadlıq işlərinə, Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərliyindən bəhs edilir. Beyrək Şuşadan atasına gördüyü işlərdən telefonla məlumat verir. Cıdır düzündən, Ərimgəldidən, Topxana meşəsindən, İsa bulağından, Səkili bulağın yanında ucaldılmış beşulduzlu otellərdən, hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivallarından, Cıdır düzündə Qarabağ atlarının yarışından danışardı. Anar müəllim bu sətirləri yazarkən Şuşa işğal altındaydı və mən heç cürə inana bilmirdim ki, arzularımız çin olacaq. Əsəri ürək ağrısı ilə oxuyurdum və özümə gələ bilmirdim. Sən demə, Şuşamızı yad əllərdən separatçı, mənfur düşməndən qurtara bilərmişik. Prezidentimizin siyasəti, igid əsgərlərimizin qəhrəmanlıqları sayəsində indi biz azad olunmuş Şuşadayıq, Şuşanın müqəddəs yerlərini ziyarət edirik. Təzə tikilib təhvil verilmiş Bülbülün ev-muzeyi, onun, Natəvanın, Üzeyirin büstləri, Gövhər ağa məscidinin öz əvvəlki görkəminə qayıtdıqlarını, Natəvanın evinin bərpasına başlandığını görürük. Ürəyimiz fərəh hissi ilə çırpınır. Vaxtımız az olduğu üçün incə ruhlu şairə Natəvanın 190 illik yubileyi münasibətilə elə onun büstünün qabağında sessiyaya başlayırıq. İnstitutun icraçı direktoru, gənc alim Mehman Həsənli konfransı açıq elan edir. Elmi katibimiz Aygün Bağırlı, professorlardan Mahirə Quliyeva, İslam Qəribli, Qurban Bayramov, Bədirxan Əhmədli, Cavanşir Yusifli, İbrahim Yusifoğlunun çıxışları dinlənilir. Bir daha incə ruhlu xan qızı Natəvanla vidalaşıb Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini, Gövhər ağa məscidini, Şuşa qalasını, Gəncə qapısını gördükdən sonra Cıdır düzünə gedirik. Burda öz xidməti borcunu yerinə yetirən polislərimizlə rastlaşırıq. Qızlarımız sevinə-sevinə Şuşanın hər yerində olduğu kimi Cıdır düzünün şəkilini çəkirlər.

Lap qayalığın qırağındakı daşlarının birinin üstündə otururam. Öz əzəmətiylə seçilən Kirs dağına baxıram. Cıdır düzü biz qonaqları öz ağuşuna alıb. Aman Allah, bu yaşıl düzə kimlər gəlib, kimlər gedib.

Əsgərlərimizin hamısının çöhrəsinə, qəlbinə təbəssüm qonub. Vüqarlı görkəmlərilə seçilirlər. Əsgərlərdən biri mənə yaxınlaşır, əlində nəsə var. Üz-gözündən təbəssüm yağa-yağa ovcundakıları mənə verir.

- Şuşanın kəkotusudur. Görün necə ətri var. Doğrudan da, kəkotunun ətri adamı valeh edir.

- Çox sağ ol, oğlum. Şuşanın hər qarış torpağı bizə əzizdir. Şəhidlərimizin qanı tökülüb bu torpaqlara. - Onların düşmənlə əlbəyaxa döyüşünü xatırlayıram. Gözlərim yaşarır. Əsgərin də üzündən təbəssüm çəkilir.

- Onların ruhları həmişə buralarda - Şuşanın dumanlı dağlarında, Cıdır düzündə, Topxana meşəsində, İsa bulağında, azad etdikləri torpaqların hər yerində bizimlə dolaşır - deyirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!