Arxa cəbhə - Hekayə. Bahar BƏRDƏLİ

 

Ana səhərdən bağ-bağçanı dörd dolanmışdı. Düşündükcə, olanları, olacaqları, sabahları fikirləşdikcə hövüllənir, dəli olmaq dərəcəsinə gəlirdi. Sonra da dərindən nəfəs alıb sakitləşirdi. Bütün bunlar onun və ailəsinin qədəri idi. Qədərdən qaçmaq, ona qarşı getmək mümkün deyildi ki... Çünki sən bu sonsuz kainatın, dünyanın, cəmiyyətin, yaşadığın mühitin bir parçasısan... Onların planlarını sən cızmırsan... O ümumi axınla yalnız üzə bilərsən. Hardasa bata da bilərsən, boğula da bilərsən... Təbiətdən də asılısan, cəmiyyətin yaratdığı qanunlardan da... Başqa yol özünümüdafiədi. Bəzən bu da işə yaramır...

Həyətdə, tut ağacının altındakı stolun arxasında əyləşdi. Bu stol-stulları oğlu hazırlamışdı. Onun əl işləri idi. Əlləri ilə oğlunu sığallayırmış kimi stolun üstünə sığal çəkdi. Gözlərindən yuvarlanan yaş damlaları sığal çəkdiyi yerdə əriyib itirdi... Sonra başını qaldırıb ulu göylərə baxdı. Günəş batmaq üzrə idi. Al-qırmızı üfüq bir böyük qan çanağına bənzəyirdi. Günəşi dövrələmişdi... Axşamın həzin, qərib küləyi onun ruhunu üşütsə də, daxilən o qədər gərgin idi ki, cismən heç nəyi hiss eləmirdi.

Oğul nəvələri darvazanın ağzını kəsdirmişdilər. Atalarının işdən gələn vaxtı idi. Hər axşam bu iki oğul balaya ataları mütləq nəsə alıb gətirirdi. 3-4 yaşlı uşaqlar hələ də ata yolu gözləyirdi. Halbuki şəhid atalarının qırxı da çıxmışdı. Ana yenə dərindən nəfəs alıb özünü sakitləşdirdi. Gəlin eyvanda göründü:

- Axşama nə bişirim, nənə?

Oğlu ona nənə dediyinə görə gəlin də nənə deyirdi. Ana gözlərinin yaşını silib gülümsədi:

- Uşaqları çağır evə, onlara şirniyyat bişir, başlarını qat... Sonra da lobya supu bişirərsən. Mən qonşu Səlim kişiyə söz deyib gəlirəm.

- Yaxşı, nənə.

Ana neçə gündür düşündüklərini kəndin ağsaqqalı Səlim kişiynən bölüşmək, onunla məsləhətləşmək istəyirdi. Başsız qalmış ailəsinin sabahını bir düzənə salmalı idi. Əri çoxdan dünyasını dəyişmişdi. Bir oğlunu tək böyütmüşdü... O da meylini hərbi işlərə saldı, yaxşı hərbçi oldu. Müharibə başlayanda ön cəbhədə idi. Çox döyüşdü, yaxşı döyüşdü... Amma müharibə yarış meydanı deyildi axı... Onun ölümü-itimi vardı... Şükür, iki oğlu yadigar qalıb... Atalarını əvəz eləmək üçün onlar böyüməlidirlər... Bunun üçün də evə aylıq maaş lazımdır. Həyətyanı sahələri vardı, əkib-becərə bilmirdilər. Çünki suvarma suyu yox idi. Heç çöldəki əkin yerlərini suvarmaq üçün də yayda su tapılmırdı. Su üstündə hər yay neçə-neçə adam bir-birini gizli, aşkar öldürürdü.

Örüş olmadığından mal-qara da saxlaya bilmirdilər. Bir sözlə, kəndin problemləri bitib-tükənən deyildi... Çünki onları həll edəcək kimsə yox idi. Baxmayaraq bu kəndin də bələdiyyəsi, icra nümayəndəsi vardı. Bu kəndin tabe olduğu rayon vardı, onun icra sturukturu vardı, icra başçısı, təsərrüfat üzrə müavini vardı. Hər şey vardı, amma əslində heç nə yox idi...

Ana Səlim kişi ilə söhbət edib, sabah onunla rayon icra başçısının qəbuluna getməyə razı saldı:

- Mən heç vaxt başçının qəbulunda olmamışam, o tərəflərə yolum düşməyib. İndi istəyirəm bizim gəlinin işləməsi üçün kömək etsin. Kitabxana işinin təhsilini alıb.

- Olar, anam, sən heç darıxma, hər şey yaxşı olacaq... - Səlim kişi ona xeyli ürək-dirək verdi.

...Onlar İcra Hakimiyyətinin qarşısına çatanda saat on idi. Həyətdə insanlar qaynaşırdı. Səs-küydən ağız deyəni qulaq eşitmirdi. Hamı dolanışıqdan, işsizlikdən, bahalıqdan şikayətlənirdi. Xeyli gözlədilər. Qəbuldan düşənlər üzünü binaya çevirib ya söyürdü, ya da qarğayırdı. Sanki hər şeyin günahkarı bu bina idi. Hələ ki ordan gələnlərdən kimsə razı görünmürdü. Amma ana yenə də ümidlə öz növbəsini gözləyirdi. Nəhayət, onu da çağırdılar. Otağa girəndə bir az çaşdı. Bura böyük zal idi. İşıqlı, hündür pəncərələr günəşi əks etdirirdi. Yuxarı başda bir dəstə cavan, orta yaşlı, qara kostuyumlu kişilər əyləşmişdi.

- Hə... Gəl, gəl, xala, burdan əyləş. De görək sən nə istəyirsən? - Kişilərdən kimsə yuxarıdan aşağıya saymazyana dilləndi. Ana bu kobud sorğudan alındı, özünü itirdi, qızarıb pörtdü. Elə bil küçədə idi... dilənirdi. Ovcuna on qəpik qoyanlar ona həqarətlə baxırdı. Güclə özünü ələ aldı:

- Oğlum, evimizin yeganə kişisini, yəni oğlumu şəhid verdik vətənə, torpağa. Yəqin, bu da onun qisməti imiş... İndi iki övladı qalıb. Onlar böyüməlidi. Anaları kitabxana işini oxuyub. Dedim, ona kitabxanaların birində... münasib iş verəsiniz...

- Xala, sənin dünyadan xəbərin yoxdu? Kitabxanaların, xüsusilə kənd kitabxanalarının əksəriyyəti ixtisara düşdü, ləğv olundu. Kəndinizdə kitabxana var?

- Var idi. Bağladılar. Binasını maqazin eləyiblər. Amma məktəbdə var.

- Oranın da öz işçisi var axı. Onu işdən çıxara bilmərik...

- Yaxşı... onda mənim üçün bir münasib iş olarmı? Hələlik mən işləyərəm... Sonra imkan olanda gəlinimə də bir iş verərsiz.

- Olar. Səni o məktəbə süpürgəçi göndərə bilərik. Düzdü, oranın da öz süpürgəçiləri var. Amma məktəbin həyətini təmizləmək üçün ştat açmaq olar, - başçı dedi.

Ananı qəhər boğdu. Boğazında düyünlənən bu acı qəhər ona danışmağa, nəsə etiraz etməyə imkan vermədi. Bir az da qalsaydı hönkürəcəkdi. Tez qalxıb zaldan çıxdı. Koridorda onu gözləyən Səlim kişi ananın vəziyyətindən işinin düzəlmədiyini anladı. Özü qapını döyüb işəri keçdi.

- Gəl, dədə. Yəqin, sən də iş istəyirsən? - Gülüşdülər.

- Yox, bu vəzifə istəyir! - Gülüş qəhqəhəyə çevrildi. Səlim kişi sakitcə gəlib qarşılarında olan boş stulda əyləşdi:

- Yox, bala, mənim işləyən vaxtım keçib ta. Arxayın olun. Cavanlar olan yerdə mənim kimisinin işləməsi günahdı. Altmış ildi işləyirəm... bəs deyilmi? Sizi də başa düşürəm. Hər qəbulda onlarca, yüzlərlə işsizə cavab vermək çətin məsələdi. - Səlim kişi qəbul üşün toplaşan heyətə nəzər saldı. Başçı, onun müavinləri, rayon polis rəisi, prokuror, məhkəmə sədri... polislər...

- Hə, dədə, gələn ancaq iş, vəzifə istəyir...

- Bəs nə istəməlidi, oğlum? Sizdən çörək, yemək istəmir ki? İş istəyir ki, işləsin, ailəsini dolandırsın.

- Biz hardan alaq o işi? Rayonda yüz əlli min əhali yaşayır! - Deyəsən, polis rəisi idi. Səlim kişi çönüb bu gövdəli, boynu dönməz kişiyə diqqətlə baxdı:

- Hə... İş olsa, hər kəs işləyib başını dolandırsa, rəis, sizə iş qalmaz. - Bu dəfə acı-acı gülümsədi. - Keçən ay bizim kənddən Novruz adlı birini mağazadan ərzaq oğurladığı üçün tutub həbsə göndərdiz... İndi özü orda bir parça çörəklə, o "sığınacaqda" - dəmir "raşotkada" yaşayır. Dövlət bir oğrunu çörək verib orda saxlayacaq. Bəs burda qalan üç uşağı, arvadı nə yeyib-içəcək? Heç düşündünüzmü? Dünən axşam onun oğlunun birini bizim hində tutmuşam. Toyuq oğurlamaq istəyirdi. Dedi ki, anam xəstədi, hər gün ağlayır, evdə yeməyə heç nəyimiz yoxdu... noolar, ya toyuğu ver aparım bişirim anam yesin, ya da məni də ver polisə, gedim atamın yanında çörək tapıb yeyim. - Rəis nəsə etiraz etmək istəyirdi, amma fısıldayıb susdu. Səlim kişi açıq-aşkar hücuma keçmişdi. - On ildən sonra bu cür uşaqların qarşısını almaq çətin olacaq. Böyük nəzarəti olmayan, məktəbə getməyən, cahil, savadsız, hər kəsə qarşı kin-nifrətlə böyüyən bu uşaqlar ya cibgir, oğru olacaq, ya da "qanun oğrusu" adı altında kriminalist, narkoman, kimlərinsə təsir dairəsində saxladığı muzdlu qatil. Ən ağırı odur ki, bu tip başsız, böyüksüz, kişisiz ailələr kəndlərimizdə çoxdur. Biz onlara başqa seçim yolu qoymamışıq.

- Yaxşı, nə təklif edirsən, ağsaqqal? İşi hardan alaq? - Başçı idi. Yenə də saymazyana, bir az da dilxorcasına danışırdı. Sanki demək istəyirdi ki, əşşi, çıx get, biz də gedib istirahətimizi edək. Günortadı. Yəni ən azından "İsti fətir, kabab gətir!".

- İşi almaq yox, yaratmaq lazımdır, oğulbala.

- Elə olsun. - Başçı halını pozmadı.

- On ildir bu rayonda başçısız. Komandanızla birlikdə. Düzdü, ilk vaxtlar bəzi işlər gördünüz. Rayon mərkəzinin qala divarlarını ağartdınız, küçələrində gül-çiçək əkdiniz. Əhali ilə görüşdünüz. Sonra da çəkildiniz bu hücrəyə. Yüz əlli min əhalisi olan bir rayonda iş qurmaq, yeni iş yerləri açmaq olmazdımı? Amma indi rayonda o qədər əhali qalmayıb. Cavanlar iş üçün başqa ölkələrə səpələnib, bilirsiz ki... Qısa danışım. Əhalinin doxsan faizi əkin-biçinlə məşğul olur. Əkin üçün nə lazımdı? - Qara torpaq, su, yaxşı toxum və onu becərən insan qüvvəsi. Torpağımız var, işçi qüvvəmiz var. Qalır su və yaxşı toxum. Heç düşündünüzmü su olmayan yerlərə su çəkməyi? Mənim yadımdadı, bizim deputat seçki qabağı caamata söz vermişdi ki, Tərtər, Kür çaylarından rayona mütləq kanal çəkiləcək. İstədiklərinizi əkin, biçin. Elə bil Qaf dağını külünglə yarıb Aran düzünə su çəkəcəkdiniz. O vaxtdan on beş il keçib. Üç dəfə deputat seçilib. Amma gözə görünmür. Eşitdiyimə görə rayon mərkəzində şadlıq sarayı, restoranlar, mağazalar açıb... Yaxşı... Kanal olmasın, başqa vasitələrlə də su çəkmək olardı. Məsələn, artezian quyuları. Vaxtilə rayonda onların sayı iyirmi-otuzdan çox idi. İndi beş-altısı qalıb. Motorlarla da çaylardan su çəkmək olardı. Təki istək olsun, işləmək olsun...

- Ağsaqqal, qısa elə! - Yəqin ki, onun sözləri başçının xoşuna gəlmədi.

- Yaxşı! Şəfəq kəndiynən Dəmirçilər kəndi arasında yüz hektar boş sahə var. Su olmadığından əkib-biçən yoxdu. Kol-kos basıb. Orda qaz-ördək-toyuq ferması açmaq olmazmı? Yanında da kəsim sexi? Bir artezian quyusu qazırıq və oranı su ilə təmin edirik. Və ya Dəmirçilərnən Hacılar kəndi arasında iki yüz hektar boş sahə var. Orda inək-camışlardan ibarət ferma açmaq, yanında da südçülük, yağ-pendir zavodu tikmək olmazmı?

- Söhbət uzanır... acından öldük... - Müavinlərdən idi. Səlim kişi söhbətinə ara verdi.

- Oğlum, mən bir də bura gəlməyəcəm, rahat olun, ürəyimi boşaldıb gedirəm. Məndən demək, sizə xatırlatmaq. Nə götürərsiz xeyrinizədi. Bu qədər dövlət qurumu olduğu halda kəndli çölün düzündə torpaqla üzbəüz tək qalır, nə əkib-becərəcəyini bilmir... Əkdiyi də sonda əlində qalıb çürüyür. Nəticədə torpaqdan əl çəkib şəhərlərə fəhləliyə gedir... Bakı əhalinin sıxlığından partlayır. Kənd adamı ailəsini, isti ev-eşiyini atıb Bakının küçələrində niyə iş axtarmalıdır? Bizim rayon mərkəzində tikiş fabriki vardı, xalça fabriki vardı, dəmir-beton zavodu vardı. Taxta-şalban sexləri vardı, daş-çınqıl karxanaları vardı?

- Bizdə fermer təsərrüfatları var ki...

- Amma bir rayon üçün onların sayı azdı, həm də saxladıqları mal-qara da azdı. Tələbatları ödəmir. Onlar ailə təsərrüfatıdı. Bütün ailələr də təsərrüfat qura bilməz axı.

- Kəndlinin əkdiyi taxıl da cücə yemindən başqa bir işə yaramır. - Müavin güldü.

- Düz deyirsən, oğlum. Günah kimdədi? Kəndlidəmi? Nə əkərsən, onu da biçərsən də. Daxili bazardan aldığı toxum qara buğdadırsa, nə gözləyirik? Kəndliyə toxumluq pul əvəzinə niyə dövlət səviyyəsində toxumluq sarı buğdanı xaricdən alıb verməyək? O sarı buğdanı yetişdirən torpağı Aydan, Marsdan gətirməyiblər ki... O torpaqdan bizdə də var axı...

- Ağsaqqal, çox danışdın. Düz danışdın. Amma bunlar bizlik deyil. Bu dediklərin üçün pul lazımdır... O da yoxdur. - Başçı yenə saymazyana, əhəmiyyətsiz bir işdən danışırlarmış kimi əlini yelləyib əsnədi. Gənc prokuror başçını gözaltı süzdü. Rayona təzə gəlmişdi. Lakin hər kəsi tanıyırdı. Başçı prokurora da, məhkəmə sədrinə də, polis rəisinə də öz əlaltısı kimi baxırdı. Çəkinəcəyi, qorxacağı bir kəs yox idi. Özünü hakimi-mütləq sayırdı rayonda. Kimsəni eşitmirdi, kimsə ilə məsləhətləşmirdi. Öz işini ətrafı ilə birgə qurmuşdu. Gəlir mənbəyini hər kəs bilirdi. Bütün mağaza, kafe-restoranların vergi, əlavə vergisi, iş adamlarından yığılan vergi və "könüllü" ianələr, büdcədən maliyyələşənlərin maaşının iyirmi-otuz faizi, büdcədən silinmələr, satılan torpaqlar, obyektlər... Niyə başını işlədib, ağrıdıb camaat üçün də nəsə eləməliydi ki...

Səlim kişi ayağa qalxdı. Sözün bitdiyi an idi. Danışmağın mənası yox idi. Sakitcə otaqdan çıxdı. Arxasınca polis rəisinin "cəngavər", "hünərli" səsini eşitdi:

- İndi yeməyə hansı restorana gedirik?

- Bəlkə deputatın restoranına gedək? Deyirlər, orda ceyran kababı verirlər!

- Əla! Onda getdik ey!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!