Gülməli olan nədir? - Rəvan CAVİD

Rəvan CAVİD

 

İnsanın oddan sonra ən böyük kəşfi qorxu oldu. Bu hiss qədim insanlara sivilizasiyanın yaranması, dini inancların formalaşması və bəşəriyyətin ibtidai səviyyədən ictimai səviyyəyə irəliləməsi üçün əsas özül oldu. Qorxu özü ilə bərabər mədəni instinktləri formalaşdırdı. Qadağalar alqoritmini fövqəl vəziyyətə gətirdi və nəticədə müasir etik düşüncənin əsasları yarandı. Qorxunun nəticəsi bədbəxtlik, faciə və təkzib olunmaz tək həqiqət - ölüm idi. Milyon illərin təkamülü göstərdi ki, hətta insan orqanlarının bir çoxu məhz qorxu anlayışının təsiri ilə formalaşdı. Təkcə insanlarda yox, həm də heyvanlarda bu instinkt özünümüdafiə reflekslərini əmələ gətirdi. Faciə və qorxunun tarixi toyuq-yumurta məsələsi kimi uzun-uzadı cavablara gedib çıxır. Hansının daha əvvəl yarandığı haqqında xüsusi bir qeyd yoxdur. İnanc sisteminin gətirdiyi qismət, tale sözləri faciənin keçmişdəki arxaik mahiyyətini bir qədər yüngülləşdirsə də, onun özündən sonra xislətimizdə və psixologiyamızda buraxdığı izlər dərin və silinməz olduğu üçün ona qarşı da yeni bir situativ instinkt yaratmalı olduq.

Qədim miflərdən bu yana bütün situasiyaları periodik olan bəşəriyyət faciə üçün də alternativlər tapdı. Faciə və ağrılar gülüş və qəhqəhələrə çevrildi. Komediya anlayışı ilə faciə anlayışı bir müstəvidə və tarixin bütün dövrlərində kəsişən situasiyadadırlar. Bizim güldüyümüz hadisələr başqa kəslər üçün ya arzuolunmaz, ya da utancvericidir. Faciənin nəticəsi məlum mətnləri sonlandırır deyə, komediya vacib idi. Qədim Maya miflərində gülüş və göz yaşının hər gecə bir-birini əvəz etməsindən və Allahın oğlanlarının beşiyi başında durmaqlarından danışılır. Bu miflərdə Allahın oğulları insanların, gülüş komediyanın, yumorun, göz yaşları isə faciənin prototipidir. İnsanın həyatı və bəşəriyyətin, mədəniyyətin davamlılığı Xeyirlə Şərin müharibəsindən asılı olduğu kimi, yumorla faciənin də münaqişəsindən və ya yerdəyişməsindən asılıdır. Əgər dünyada sadəcə bir qütb qalsa, onda heç nə inkişafa meyilli olmayacaq. Bunu mayalılar yüz min illər bundan qabaq düşünüblər.

Yumor faciənin alternativi olmaqla bərabər, həm də onun dekonstruksiyasıdır. Hadisələrin bir necə rakursdan görüntülənməsidir. Dövrümüzdə məhz buna görə absurd filmlərin və absurd mətnlərin dəyəri hər gün artmaqdadır. Çünki absurdizmin özü alternativ fikirlərin karnavalıdır. Absurd yumorun bir adı da elə qara yumordur. Buradakı qara ifadəsi faciəni şəkilləndirməklə bərabər, hadisənin yeni perioda başlamasına da nişan verir.

Elə absurd dramaturgiyanın banilərindən biri Bekket "Oyunun sonu" tamaşasında Nell obrazının dilindən bunları deyir:

"Bədbəxtlikdən gülməli bu həyatda heç nə ola bilməz! Hə, hə... bu dünyada ən gülməli şey odur...".

Faciə insanlarda öz ilahi haqları olan xoşbəxtliyi anlamaq üçün bir vasitə olduğu üçün həmişə aktual olub. Biz faciələrimizə qarşı vecsiz də ola bilərdik. Ancaq bu bizi mazoxizm dərəcəsində bədbəxtliyə öyrədir və yaddan çıxmaqda olan ilahi ədaləti bərpa etmək üçün xoşbəxtliyimizi tələb etməkdə bizə bəhanə olur. Bədbəxtliyimizin bizə kömək edə bilmədiyi zamanlarda isə tragikomediya meydana çıxır. Bu artıq bir tərəddüdün məhsuludur. Xoşbəxtik, yoxsa bədbəxt? Ümumiyyətlə, bunların bir mənası varmı?

Və suallar çoxaldıqca tragikomediya da özlüyündə nihilizmin konturlarını bizə göstərir. Beləcə, zəncirvari şəkildə ovqatımız bizi həyatın monoton və rutin atmosferindən çıxarıb ibtidai təsəvvürlərimizə atır.

Komediya həmişə qəhqəhələrdən ibarət olmadığı kimi, faciə də həmişə göz yaşı və sentimental duyğu hörüklərdən ibarət olmaya bilər. Bəzən sevincdən ağladığımız kimi, minlərlə mənfi situasiyada gülə bilirik. Məsələn, kinayə ilə danışanda, kimisə alçaldanda, kiməsə pislik edəndə. Hətta dövrümüzdə sənət qəhqəhəni daha çox mənfi obraza yaraşdırır, nəinki Xeyirin tərəfində olana. Bu gün film və komiks sektorunda məşhur olan bir çox mənfi qəhrəmanın ən yaddaqalan atributu gülüşüdür. Bəlkə buna görə də klounlar daha qəddar və cinayətə meyilli təsvirlərlə təqdim olunur. Post-modern dövrün uşaqları klounlara baxanda şahı əyləndirən təlxəyi yox, şahı öldürmək üçün gələn bir maskalı cinayətkarı təsəvvür edirlər. Bu iki nəsnənin bir-birilə kompensasiya olunduğu ən yaxşı obraz isə yəqin ki, məşhur Joker obrazıdır.

İlk dəfə Antik Yunanıstanda meydana gələn faciə janrı həm də ölmüş hökmdarların yenidən ölkəsinə və xalqına hökm etmək iqtidarını verirdi. Yəni hökmdar ölsə də, o, yenidən dirilir və sonsuzadək iqtidarı üçün vuruşur. Bu nüans yuxarıda qeyd etdiyim periodun bitməməsi üçündür. İnsanlar xoşbəxt günlərin sonu üçün faciələr, faciəvi günlərin sonu üçün isə komediyalar fikirləşirlər. Başqa cür həyatın mahiyyətini özlərindən sonrakı nəsillərə izah edə bilməyəcəklər.

Yaxşı, izlədiyimiz komediyalarda gülməli olan nədir? Kiminsə faciəsi, yoxsa bizim ona olan alçaldıcı münasibətimiz? Biz gülərkən onun ağrılarını paylaşırıq, yoxsa onu məsxərəyə salırıq? Qəhqəhə çəkdiyimiz nüansların mahiyyətində nə dayanır?

Nitsşenin artıq şablona çevrilmiş fikri ("Ən çox ağrı çəkənlər ən gözəl gülənlərdir...") zaman etibarilə hələ də aktual qalmaqdadır. Filmdə deyildiyi kimi:

"Mən ən yaxşı qatilləri gülüşlərindən seçə bilirəm...".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!