“Dünya ədəbiyyatı” dərgisinin “İsrail” sayı üçün - Esse - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

 

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin yeni sayı bütünlüklə İsrail ədəbiyyatına həsr edilib. Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirir ki, "Dünya ədəbiyyatı"nın "İsrail" sayında fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb. Baş redaktor deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlarla bağlı nəzəri materiala yer verilib. Belə ki, dərgidə Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Atalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi imzaların əsərləri toplanıb. 298 səhifəlik nəşrin üz qabığında və içərisində əslən Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dərgidə yer verilmiş essesində İsrail ədiblərinin əsərlərindən ibarət olan nəşrin işıq üzü görməsindən duyduğu məmnunluq hissini ifadə edərək yazır: "Bir xalqın həyatından alınmış lövhələr və personajlar başqa bir xalqa da doğma gəlir. Güman edirəm ki, biz İsrail yazıçılarının əsərlərini Azərbaycan oxucusuna təqdim etdiyimiz kimi, bizim yazıçıların əsərləri də İsrail oxucularına çatdırılacaq və onlar da oxuduqlarını özlərinə doğma və yaxın biləcəklər".

Nəşrin hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yaxından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dərgidəki giriş yazısında "Dünya ədəbiyyatı"nın bu sayını Azərbaycan-İsrail mədəni əlaqələrində önəmli addım kimi dəyərləndirir: "Dünya ədəbiyyatı" dərgisinin bu yeni sayının Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin inkişafına dəyərli bir töhfə olacağına inanıram. Eyni zamanda inanıram ki, bu nəşr həm Azərbaycan oxucularının yəhudi ədəbiyyatçıları, İsrail ədəbiyyatı ilə daha yaxından tanışlığına vəsilə olacaq, həm də İsraildə Azərbaycan ədəbiyyatına dair yeni layihələrə rəvac verəcək".

Dərgidəki nəsr əsərləri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Seyfəddin Hüseynli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunur. Ədəbiyyatşünas Aron Vergelisin "İsrail ədəbiyyatının qaynaqları" məqaləsini Seyfəddin Hüseynli, İsrail yazıçısı Moşe Şmilyanskinin hekayələrini ivrit dilindən şərqşünas Ayna Əlixanova tərcümə edib. Eyni zamanda A.Əlixanovanın "Azərbaycandakı dağ yəhudilərinin bədii yaradıcılığında Nizami Gəncəvi izləri" məqaləsi də nəşrdə yer alıb.

Poeziya nümunələri Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib.

Nəşrin son səhifələri dərgidə əsərləri verilən İsrail ədibləri haqqında yığcam bioqrafik məlumatları əks etdirir. Dərgi "Mütərcim" nəşriyyatında nəfis şəkildə Emil Camalovun dizaynında nəşr edilib.

Oxucularımız üçün maraqlı olacaq deyə, dərginin qurucusu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun "İsrail" sayı üçün yazdığı essesini təqdim edirik.

 

Səlim BABULLOĞLU

 

Əziz dostlar, dəyərli oxucular!

XX əsr dünya ədəbiyyatı tarixinin məlum səhifələrini yaddaşımızı xüsusi gücə salmadan, elə ötəri göz atıb vərəqləyəndə vacib suallar çıxır ortaya: Görəsən, niyə Svetayevanın dəfələrlə tərk elədiyi, Yesenin və Mayakovskinin bütün ömrü boyu rahatlıq tapmadığı və intihar etdiyi, Pasternak və Axmatovanın həmişə əziyyət çəkdiyi Rusiyaya pənah aparmışdı böyük türk şairi Nazim Hikmət? Və niyə Nazim Hikmətin pənah apardığı Rusiyada İosif Brodski əzilmiş, təklənmiş, bir gözü ilə Polşaya, Şərqi Avropaya baxmış, sonra da Amerikaya mühacirət eləmişdi? Ya da Zbiqnev Herbert çoxlarının "Qərbi Avropaya qapı" kimi baxdığı doğma vətəni Polşada niyə uzun müddət duruş gətirə bilməmiş, dəfələrlə gedib-qayıtmışdı? Bəs, Brodski kimi XX əsrin önəmli şairlərindən olan digər böyük polyak şairi Çeslav Miloş niyə Amerikanı seçmişdi? Azadlıq rəmzi adlanan o Amerikanı ki, Eliotun ustad dediyi Ezra Paundu orda həbs eləmişdilər. Eliot da Amerikadan İngiltərəyə köçəndən sonra geri qayıtmaq arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden, İngiltərə, Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. Avropaya Kortasar, Borxes, Oktavio Pas kimi gəlib-gedənlər də çox olmuşdu. Yaxud XX əsrdəki iki dünya müharibəsini böyük yazıçı və şair fəhmi ilə öncədən görən Herman Hesse vətəni Almaniyanı birdəfəlik tərk etmişdi. Görəsən, bütün bunlar niyə baş vermişdi? Bəlkə biz, doğrudan da, uşaqlıq adlı xoşbəxt məmləkətdən qovulmuşduq? Bəlkə ustad Hesse haqlıydı: "Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməzdi...".

Təbii, başqa cavablar da var. Svetayevanın, adını "Sonun poeması", "Aqibət poeması" kimi tərcümə edə biləcəyimiz "Poema kontsa" əsərinin bir hissəsini xatırlayıram:

 

"Qetto izbranniçestv! Val i rov -

Pohadı ne jdi!

Vsёm xristianneyşem iz mirov

Pogtı - jidı!"

 

Təxminən belə tərcümə etmək olar: "Seçilmişlik gettosu! Səddlər, səngərlər. // Əfv gözləmə! // Bu xaçpərəsət aləmdə // Cuhuddurlar şairlər!". Və düşünürəm ki, əgər xalq və sənət, peşə arasında bərabərlik işarəsi qoymaq mümkün olsaydı, bərabərlik işarəsinin soluna "yəhudi" kəlməsini, sağına isə "ədəbiyyat"ı, "poeziya" kəlməsini rahatlıqla yazmaq olardı. Çünki "qovulma, sürgün və qürbət tarixçələri olmaqla, bəşər günahlarının təsnifatı" kimi başlıca keyfiyyətləri ilə ədəbiyyat - həm də və daha çox yəhudi xalqının, İsrail övladlarının tarixinə oxşayır.

XX əsrin görkəmli ədibləri sırasında yer alan Milan Kundera Qüds Ədəbiyyat Mükafatının təqdimatındakı çıxışında deyirdi: "İsraildə verilən ən vacib mükafatın dünya ədəbiyyatıyla bağlı olması, məncə, təsadüfi deyil. Çoxillik ənənələrin nəticəsidir bu. Torpaqlarından ayrı düşmüş və millətçi istəklərdən uzaq ruhda tərbiyə almış yəhudilər millətlərüstü, coğrafi deyil, daha çox mədəni birlik kimi qəbul edilən Avropaya xüsusi hisslər bəsləyirdilər. Əgər yəhudilər Avropadan onlara miras qalmış həmin o faciəvi məyusluqdan sonra belə, bu Avropa kosmopolitizminə sədaqətlərini saxlayırlarsa, onda İsrail - yəhudilərin yenidən qovuşduqları vətəni Avropanın həqiqi ürəyi kimi görünür mənə, bədəndən ayrı yerləşən qəribə ürəyi kimi".

Bəlkə bu səbəbdəndir ki, dünyanın, xüsusən ABŞ, Rusiya və Avropanın bir çox ünlü ədibləri (onların arasında Nobel mükafatı kimi dünyanın ən nüfuzlu ədəbiyyat ödülü alanlar çoxdur) mənşəcə yəhudi idi. Hər hansı xalqa əlahiddə missiya yükləməkdən uzağam, amma görünür, dünyada ən çox peyğəmbər və kitab göndərilmiş xalqın "özgə xalqların" dərdini duyması, bu dərdləri daha dərindən izhar eləməsi, hətta bu izharı ədəbi-estetik meyara, üsluba çevirməsi də eyni dərəcədə təsadüfi deyil.

Rahel Bluvşteynin şeiri yadıma düşür: "Nə şirin misralar, // nə xoş kəlmələr // yazmadım adına // gözəl vətənim. //O çay kənarında // o palıd ki var, // mən əkdim, // o izlər mənimdir, mənim. // Bilirəm, ay anam, // yoxdur bir şübhə - // qızının sovqatı // yaman kəmdir, kəm. // Bir azca qəhqəhə - // günəş doğanda, // Bir azca göz yaşı - // bədbəxtliyindən". Rahel bu misraları qürbətdə yazırdı...

 

***

Ən yeni Azərbaycan tarixinin (təkcə ən yeni tarixin deyil) əlamətdar dövrünü yaşayırıq. Dünyanın Azərbaycan adlı və Azərbaycan boyda bir hissəsində böyük bir ədalətsizlik aradan qalxıb; biz - azərbaycanlılar 30 ildən sonra bütöv Vətənə qovuşmuşuq. Bəlkə belə yazmaq daha doğru olardı: bütöv Vətənə qovuşmaq yolunda böyük bir sıçrayış etmişik. Və bu yolda yoldaşlarımızdan biri, Musa peyğəmbərin (Allahın ona salamı olsun!) 40 il səhrada gəzdirdiyi yəhudi xalqı olub...

Budur, qarşınızda bir nəşr var - "Dünya ədəbiyyatı" dərgisinin İsrail xüsusi sayı: bu, bir tərəfdən, yuxarıda qeyd edilən kimi, dünyaya və ədəbiyyata böyük töhfələr vermiş xalqın ədəbiyyatına - dərginin nəşr siyasətinə müvafiq - növbəti xüsusi müraciətdirsə, digər tərəfdən, gözəl Vətənimizin haqq işinə yardımçı olmuş yəhudi xalqına hörmət və minnətdarlığın nişanəsidir.

İsrail xalqının çox dəyərli ədiblərinin - klassiklərin və yeni yazarların əsərləri toplanıb bu nəşrə.

Yeri gəlmişkən, Azərbaycan, digər xalqlarla yanaşı, yəhudilərin də heç vaxt təqib olunmadıqları, həmişə sevgi gördükləri bir yerdir, eyni zamanda dağ yəhudilərinin də vətənidir ki, dərginin bu sayında mənşəcə dağ yəhudisi olan ədiblərin mətnlərinə, eləcə də onlarla bağlı nəzəri materiallara da yer verilib.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, tanınmış tərcüməçi və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin formalaşdırdığı yaradıcı komanda növbəti və vacib bir nəşrin öhdəsindən uğurla gəlib, ədəbi mühitimiz üçün ciddi bir hadisəyə imza atıb, dəyərli bir toplunu ərsəyə gətirib, eyni zamanda yəhudi ədəbiyyatının tədqiqatçıları üçün yeni ciddi mənbə yaradıb.

Dərginin xüsusi sayının hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yaxından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya minnətdarlığımızı bildirir, inanırıq ki, əlinizdə tutduğunuz bu nəşr Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin yeni və çox qiymətli səhifəsi kimi yaddaşlarda qalacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!