Bir kəndin manifesti - Hekayə. Nihat PİR

 

Vallah, bu əhvalat nə vaxt olub, heç özüm də bilmirəm. İndi oturub bunun zaman təfərrüatına varası olsaq, əhvalat uzandıqca uzanacaq. Odur ki, birbaşa mətləbə xitab eləməkdən yanayam.

Bu söhbət adını bilmədiyiniz və buna heç də gərək olmayan balaca bir kənddə baş verib.

Olur e, iraq olsun, ölüm ölümü əvəz eləyir; filankəsin meyiti soyumamış bəhmənkəsin xəbəri gəlir, filankəsin azanı verilib qurtarmamış, başqasının qara xəbəri yayılır. Hə, bax belə şeylərə biz tərəflərdə "Kəndə Əzrayıl gəlib" deyirdilər. Hətta o Əzrayılın kənddən biryolluq çıxıb getməsi üçün qurban deyənlər, fitrə çıxaranlar da olurdu.

Amma əhvalatımızın vaqe olduğu kənddə işlər tam tərsinə gedirdi. İndi deyəcəksiniz ki, təki ölüm olmasın, təki canımız salamat olsun, bunun qəribə tərəfi nədir?

Kənd mollası Xudayar da əvvəl-əvvəl belə düşünürdü - hamı kimi. Amma iş o yerə çatdı ki, Xudayar əmi düz doqquz ay, doqquz gün, doqquz saat idi ki, "Molla əmi, filankəs də Allahın dərgahına təşrif etdi" cümləsinə həsrət qalmışdı. Sözün düzü, kişi əvvəllər bunu dərd eləmirdi, daha doğrusu, dilinə gətirməyə utanırdı. Ki məgər kimə demək olar ki, sən Allah, bu kənddə niyə ölən yoxdur? Heç rəvadırmı ki, kiməsə deyəsən, ay mən deyən, niyə yıxılıb ölmürsən? Adama deyərlər, a kişi, yetmiş beş yaşın var, belə ölmək arzulayırsan, get gir qəbrə də. Day camaatın öldü-qaldısı ilə nə işin?

İş o həddə çatmışdı ki, Xudayar az qala mollalığı da yadırğamışdı. Çıxış yolu kimi hər gün bir qəbrin başında yasin oxumağa başlayan molla beləcə bu doqquz ayda qəbiristanlığı düz üç dəfə o baş-bu baş gedib-gəldi. Axırda çar-naçar keçən ayın ortalarında qonşu kəndin mollasına da ağız açdı ki, sən Allah, arabir məni də gör. Biz tərəflərdə əməlli-başlı "kasıbçılıq"dır. O kənddə də ki, rəqabət, maşallah olsun, güclü idi. Qonşu mollaya nə lüzum? Kəsəsi, molla Xudayarın sözü elə dediyi kimi də havada qalmışdı. Dönüb-dolanıb yenə də bərk yapışmışdı öz kəndindən.

Molla Xudayarın narahatlığı üzərinə yavaş-yavaş kənd içində də pıçapıçlar başladı ki, o da kənd ağsaqqallarını bir araya toplamağa fürsət tapdı:

- Camaat! Əvvəla, Allah-Taala özü cəmi müsəlmanları hifz eləsin, biz də onun içində, - deyə sözə başlayan molla bu çıxışı, yalan olmasın, bəlkə, beş aydır ki, məşq edirdi. - Amma məlumunuz üzərinə, kəndimiz elə bir bəlamı deyim, xeyirmi deyim, vallah, heç özüm də bilmirəm, bildiyim odur ki, bu işdə nəsə var. Ölüm bizdən üz döndəribdir. Allah öz dərgahının qapısını biryolluq bizim kənd üçün qapayıb.

- Şeytan işidir, molla əmi! - Kəndin gətir-götür işlərinin qabaqda gedəni Murtuz idi. - Vallah, çörəyimizin duzu da gedib. Mən həftəyə üç-dörd qəbir qazan adam idim, anamın canıyçün. İndi hardadır e o günlər?! Ayaqyolu qazmaqla, çəpər tutmaqla bir çatan külfət saxlamaq olar?

Murtuzun bu sözündən sonra yerbəyerdən "Lənətlənmişik!", "Qurban demək lazımdır!", "Mən üç dənə qoç qurban deyirəm!" kimi qəribə-qəribə fikirlər məclisi başına götürdü. Xudayar camaatı birtəhər sakitləşdirib düz beş aydır ki, üzərində işlədiyi çıxışına davam elədi.

- Hamınızı başa düşürəm, nigaranlığınızı da annıyıram. Amma mənim qammadığım bir şey var ki, məgər bu doqquz ayda heç birinizin orası-burası da ağrımayıb? - Mollanın bu sözündən sonra adamlar qəribə təhər-tövürlə bir-birlərinə baxır, ağrıyıb-ağrımadıqlarını soruşurdular.

- Bax elə götürək, Kazım kişini. - Xudayar irəli şığıdı, Kazımın qolundan yapışıb onu irəli çəkdi. - Ay Kazım, bir yerin ağrıyıb eləmir ki?

- Yox, ay kişi, vallah, tırp kimiyəm, - deyən Kazım qaqqanaq çəkib elə güldü ki, protez dişləri yerindən oynadı. Amma heç kəsin gülmədiyini görüncə özünü yığışdırıb keçdi adamların arasına.

- Şeytan əməlidir, vallah, Murtuz demiş, kişi bizdən üz döndərib, - kənd müəllimi Balayar portfelini sinəsinə sıxıb sözə başladı. - Nə günah eləmişik, nə qələt yemişik, bilmirəm, amma kəndimiz misilsiz bir bəlaya düçar olub. - Balayar müəllim bir az ara verib davam elədi:

- Təklif edirəm ki, molla əmi, kəndin dörd bir yanında o kişiyə qurbanlar kəsək, əfvinə sığınaq, bizi bağışlaması üçün dualar edək. Yalvaraq, yapışaq... Biz qulların əlindən başqa nə gəlir ki?..

- Halal olsun!..

- Sağ ol, məllim!

- Var ol!

Yerbəyerdən Balayar müəllimin təklifinə dəstək nidaları gəldi.

- Vallah, bir dənə öküzüm var, onu elə bəsləyirəm, elə bəsləyirəm, and içirəm ki, kim birinci başın yerə qoydu ha, bax onun ehsanına peşkəş edəcəm, öz canımçün. - Qəssab Camalın bu sözündən sonra yenə də yerbəyerdən təkliflər, iradlar bir-birinə qarışdı, molla Xudayar təzədən səs-küyü sakitləşdirib düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:

- Balayar məllimin təklifi yaxşı təklifdir, mən razı. Elə günü sabahdan hər dəngədə bir dənə qoç kəsək, Allah yolunda kasıb-kusuba paylayaq. Hər namazda hammız bir ağızdan Allah-Taalaya bizi bağışlaması üçün dualar edək.

- Eləyək!

- Bəli, bəli!

- Sağ ol, ay Xudayar!

- Allah səni üsdümüzdən əysiy eləməsin!

- Ay Allah, keş günahımızdan...

Yenə də yerbəyerdən dualar, təkliflər yüksəldi, Xudayar boğazını arıtlayıb növbəti dəfə adamları sakitləşdirdi və düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:

- Mənim də bir təklifim var, camaat. - Adamların səsi, tamamilə, kəsildi. Yetmiş beş yaşlı mollanın, sözsüz ki, bu çıxılmaz və misli görünməmiş vəziyyətdə təklifi hamıya maraqlı idi. - Təklif edirəm ki, Seyran kişinin evinin yuxarı başında, bələdiyyə binasına tərəf o açıqlıqda - əli ilə həmin tərəfi göstərərək davam etdi, - iri bir yas çadırı quraq. - Adamların sükutu hələ də davam etməkdə idi. - Məncə, bununla, Əzrayılın yadına sala bilərik ki, arabir, bizim kəndə də baş çəksin...

Molla Xudayar fikrini tamamlayıb bir az duruxdu, ardından: "Hə, Qasım kişi, nə deyirsən?" deyib kəndin digər ağsaqqallarının da ağzını aradı. Qasım kişi ora-bura baxıb boynunu elə bükdü ki, sanki bu sualı qaldırmağa gücü çatmadı. Eləcə əyilib qaldı bir kənarda.

Heç kəsin danışmağa cürət eləmədiyi bir məqamda adamların arasından titrək bir səs hamının beynini girinc edən həmin o sualı verib dərhal da susdu:

- Çadır, nəmənə, ay Xudayar?

Bu sualdan ürəklənən adamlar təzədən qaynaşmağa, fikir içindən fikir çıxarmağa başladı.

- Diri-diri basdıraqmı camaatı?

- Heç elə şey olar?..

- Xudavəndi aləm, özün bizi qurtar...

Xudayar təsəkəsini çıxarıb, o üz-bu üzünə baxdı, ardından onu təzədən başına keçirib boğazını arıtladı:

- Özüdür ki var, camaat! O çadırda dirilərimizə yas verəcəyik, üç, yeddi, qırx keçirəcəyik, ehsanı, canamazı da üstündə... - Molla sözünü bitirər-bitirməz yenə də yerbəyerdən etiraz səsləri yüksəldi.

- Xudayar kişi, indi deyirsən ki, məni diri-diri basdırıb halvamı yemək istəyirsən? - Kəndin feldşeri Cəbrayıl yarızarafat, yarıciddi soruşdu.

- Yox, ay kişi! Səni niyə basdırırıq? Səni oturdacam məclisin düz başında, öz halvanı da özün yeyəcəksən, day nə istəyirsən ki?

Feldşer Cəbrayıl bir o yana baxdı, bir bu yana, axırda çar-naçar "Nə deyim, vallah?" deyib geri çəkildi. Cəbrayılın cavabdan qane olmadığını görən molla səsini bir az da qaldırdı:

- Bapbalaca bir kəndik, hamının dolanışığına da bələdik. Hüzürümüzü diriykən vermək ən yaxşı çıxış yoludu. Beləcə Əzrayılın da yadına düşər ki, biz tərəflərə də səfər eləsin. Üstəlik, bu camaat dolanmalıdı, ya yox?

- Bəli, bəli!

- Kişi düz deyir!..

- Sağ ol, ay Xudayar!..

Adamların dəstək sədalarını eşidən molla daha da ürəkləndi.

- Bayaq özünüz Murtuzun dediklərini eşitdiz. Həftəyə üç-dörd qəbir qazıb çörəkpulu edən Murtuz indi bəs nəynən dolanmalıdı?

- Allah balanı saxlasın, Xudayar kişi! - Murtuz adamları yarıb irəli çıxdı. - Sənin başına dönərəm, de, qadası, de, ağrın alım, de!

- Yaxud bu Namiq yazıq. Kənddə ayda, ildə bir dəfə toy olar ki, onu da aparıb mərkəzdəki sarayda edirik. Bəs bu kişi çadırını kimin qapısında qursun?

Lap elə götürək mənim özümü. Bu doqquz ayda ölülərinizdən xəbəriniz olubmu heç? O qəbiristanlığı düz üç dəfə o baş-bu baş yasin oxuya-oxuya gedib-gəlmişəm. Biriniz üç manatınızdan keçibsizmi?

- Allah balanı saxlasın!

- Sağ ol səni, Xudayar!

- Var ol!

- Kişi düz deyir! Gələ bu beş manatı da qoy cibinə, - Camal irəli çıxıb mollanın əlini sıxdı, - axşam da arvad yuxuma girib, sən Allah, ona bir yasin oxuginən!

- Camaat, mən razı! Elə günü sabah çadırı quraq, hə, nə deyirsiz? - Balayar müəllimin də razılıq verməsi ilə işin böyük qismi həll olundu.

Bir neçə dəqiqə davam edən sükutdan sonra adamların arasında təzədən pıçapıçlar başladı və ardından bu təklifə görə molla Xudayara dualar yağış kimi yağmağa başladı...

 

***

Bir həftəyə yaxın idi ki, kəndin bələdiyyə binasının yaxınlığında iri və təmtəraqlı çadır qurulmuşdu. Kəndin xeyir-şər çadırlarına düz on il idi Namiq baxırdı. O yazıq da düz doqquz aydır ki, demək olar, itirilib-axtarılmırdı. Yazıq heç səsini də çıxara bilmirdi. Amma məlum söhbətdən sonra çadırı elə sevincək, elə xürrəm qurdu ki, gəl görəsən. "Allahımıza and olsun, elə bilirəm ki, öz toyumdur, təki bu bəla bizdən əskilsin" deyən Namiq, üstəlik, bu doqquz ay ərzində heç də bekar qalmayıbmış, sən demə. Çadırın pərdələrini dəyişmiş, içində yay üçün sərinlədici sistem, qış üçünsə qızdırıcı qurub-qoşmuş, qab-qacaq dəstini də ən yaxşı şəkildə yeniləmişdi. Amma kənd arvadları eşidəndə ki, ağsaqqalar "Əzrayılı kəndə dəvət edir", onlar da Əzrayılı hörmət-izzətlə qarşılamaq üçün evdəki ən bahalı qab-qacaqlarını gətirib düzmüşdülər masaya.

Camal da neçə gün idi ki, söz verdiyi öküzü gətirib çadırın yanına bağlamışdı. Camaat da bir ucdan yoncadan, yemdən daşıyırdı. Öküz indi rahat yüz iyirmi kilo olardı, amma nə fayda?! Nə Əzrayıl gəlirdi, nə də ölən tapılırdı...

 

***

Bugünkü yas mərasimi Kazım kişinin idi. Kazım məclisin baş tərəfində molla Xudayarın yanında oturub gəlib-gedənləri salamlayır, "Allah rəhmət eləsin" deyənləri şəxsən özü yola salır və bundan məmnun görünürdü.

- Allah sənə qəni-qəni rəhmət eləsin, ay Kazım!

- Sağ ol, ay Camal, səninçün olsun.

- Allah qoysa, Allah qoysa...

- Allah özü bizi bağışlasın.

- Amin!

Molla Xudayar o biri dünyadakı haqq-ədalət məclisindən, Allahın savab-günah tərəzisindən, cənnət-cəhənnəm məsələsindən dəm vururdu ki, bu vaxt çadırın çölündə bir hay qopdu ki, gəl görəsən. Adamlar hövlnak özlərini bayıra atdılar.

Budur, kəndin o biri başından balaca bir qaraltı və tozanaq görünür, qaraltı yavaş-yavaş yaxınlaşdıqca bunun bir at və üzərində bir nəfər uşaq olduğu sezilirdi. Uşaq "Əzrayıl əmi gəldi, Əzrayıl əmi gəldi" deyə-deyə çadıra tərəf çapırdı. O, çadırın yanına varana qədər dua-duanı əvəz elədi, şükürlərin sədası ərşə çıxdı.

- Noolub, a bala, nə həşir salmısan? Nə Əzrayılı?

Uşaq çatar-çatmaz atdan düşüb ağzını çadırın girişindəki su çəlləyinə dirədi. İçib yanğısını söndürəndən sonra dedi:

- Molla əmi, "Alaqapı"da ("Alaqapı" kəndin giriş qapısı idi) at arabası qəzaya uğrayıb. Kəndin baytarı Həsənağa kişi bir dənə iri camış vurub, özü də, arabası da yumbalanıb düşüb çaya. Seyid Rza kişi tez məni bura göndərdi ki, sizi muştuluqlayım. Eheyy! Əzrayıl əmi gəlir eeey, Əzrayıl!!! - Uşaq təzədən ata minib çığıra-çığıra kəndin içərilərinə doğru çapmağa başladı.

Bir anda çadırın ətrafında vurhavur başladı. Adamlar "Şükür, ay Allah" deyib mollanın əlini-ətəyini öpə-öpə Həsənağanın yas məclisinin hazırlığına başladılar. Molla Xudayarın göstərişi ilə çadırda Kazımın şəklini çıxarıb yerinə Həsənağanın şəklini yapışdırdılar. Qəssab Camal bir hərəkətlə yüz iyirmi kiloluq dananın boynunu burub yıxdı yerə, "Allah sənə rəhmət eləsin, ay Həsənağa, kişinin sözü bir olar" deyib dananın başını kəsdi. Qəbirqazan Murtuz Həsənağanın boynunu-buxununu öyrənib götürüldü qəbiristanlığa.

- Murtuz, rəhmətlik Salman kişinin yanında qazginən, əmisidir. - Xudayar təsəkəsini çıxarıb dərin bir ah çəkdi.

Doqquz aylıq ölüm xəbərinə həsrət qalan kənd camaatı bircə saatın içində yas məclisinə hazırlıqları tamamilə yekunlaşdırdı. Xudayarın göstərişi ilə hamı bir nəfər kimi çadıra yığılıb Seyid Rzadan gələcək xəbəri gözləməyə başladı. Bu vaxt çadırın nimdaş, yamaqlı xalçadan hazırlanmış qapısı açıldı, Kazım kişi əlində tüfəng içəri daxil oldu. Bayaqkı haray-həşir ölü sükutla əvəzləndi. Kazım tüfəngi sinəsinə basıb məclisin yuxarı başına doğru addımladı.

- Ədə, Xudayar, dirimə hörmət qoymamağın bəs deyil, üstəlik, mənim yas məclisimi də urvatdan salırsan?

Molla Xudayar əlləri əsə-əsə stəkanı yerə qoyub ayağa qalxdı.

- Yox, ay...

- Kəs ə! - Kazım tüfəngin nişangahını tarazlayıb düz Xudayarın sinəsinə tuşladı.

- Sənə sual verirəm: bu gün kimin yasıydı?

- Sənin, Kazım, sənin... - Xudayar arxa-arxaya gedərək çadırın dirəklərinə söykənib dayandı.

- Bəs başının üstündəki o yerdə Həsənağanın şəkli nə gəzir ə? - Kazım çənəsini az-maz yuxarı qaldırıb şəklə işarə elədi.

- Ay Kazım, özün bilirsən ki, bunu Əzrayılı oyuna gətirmək üçün...

- Kəs ə, dedim sənə! Bəyəm Həsənağa mənnən artıq kişidi?

Molla Xudayar nə cavab verəcəyini bilməyib əllərini yana açdı. Arabir titrəyə-titrəyə "Ay Kazım, ay Kazım" deməkdən başqa əlindən-dilindən bir şey gəlmirdi. Məclis iştirakçıları da sadəcə olanlara tamaşa eləməklə kifayətlənirdilər. Hamı hadisənin şokunu yaşayırdı.

- Bir halda ki, deyəcək sözün yoxdu, onda noolar, mənə də Kazım deyərlər! - Kazım tüfəngi bir dəfə də möhkəmcə sinəsinə sıxıb başını yellədi:

- Xudayar, mən belə hörmətsizliyin altınnan çıxammaram, dədəmin qəbri, - deyib tətiyi çəkirdi ki, Seyid Rza çadıra daxil oldu.

- Camaat, Həsənağa sağdı!

Bu sözü eşidən molla elə bil təzədən doğuldu. Tez masanın bu biri tərəfinə atlanıb Kazımı qolundan yaxaladı. Bunu görən məclis iştirakçıları da ayaqlanıb Kazımı sakitləşdirməyə başladılar, əlinə-ayağına düşdülər.

- A kişi, sən Allah, qanqaraçılıq salmayaq.

- Bu dana da sənin qismətinmiş, canımçün, halal xoşun! - Camal şirin dilini işə saldı.

- Yas davası eləmirsən, ay Kazım?! Di buyur, bu da yasın, ha-ha-ha!..

***

Cəmi yarım saat sonra hər şey qaldığı yerdən davam edirdi. Kazım kişi məclisin baş tərəfində oturub başının üstündəki şəklə baxa-baxa adamları salamlayır, "Allah rəhmət eləsin"ləri şəxsən özü qəbul edir və bundan misli görünməmiş məmnunluq duyurdu...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!