Pasternak və Lara - Azər Qismət - Azər QİSMƏT

Çox da yaraşıqlı olmayan dünya şöhrətli şairin həyat yoldaşları sarıdan bəxti gətirib.

Azər QİSMƏT

Boris Pasternak iki dəfə evli olub. Birinci dəfə gənclik çağında, ikinci dəfə yaşlı vaxtında. Bundan başqa, onun muzası da varmış. Bütün qadınları ona sonsuz sevgi bəxş ediblər. Çox da yaraşıqlı olmayan dünya şöhrətli şairin həyat yoldaşları sarıdan bəxti gətirib. Həm ona ömür-gün yoldaşları, həm muzaları olublar. Onun əsəbiliyi, gözəllik və diqqət axtarışı yalnız bir qadına etibarlı olmasına imkan verməyib.
Birinci həyat yoldaşı Yevgeniya Lurye rəssam kimi marağını cəlb edib. 1921-ci ildəki tanışlıq evliliyə aparıb çıxarıb. Həmin vaxt o "Lyuversin uşaqlığı" povesti üzərində çalışırmış. Rəssam qızın incə danışığı, nəzakətli jestləri Pasternakın qəlbini bütünlüklə ələ alıb. Bununla da povest üzərində işlər sürətlənib, tezliklə başa çatdırıb. Nikahın ilk illərindəki sevgi ölkənin həyatındakı aclıq illərinin ucbatından çox da uzağa getməyib. Şair ailəni dolandırmaqda çətinlik çəkib, bu da həyat yoldaşını hirsləndirib. Üstəlik, ərinin Marina Svetayeva ilə məktublaşması da əsəbinə əzablı qısqanclıq qatıb. Nəticədə ailə dağılıb.
Pasternak ikinci dəfə Zinaida Neyhauzla tanış olub. Qadının 32, onun 40 yaşı varmış. 3-cü qadınla görüşdüyü vaxtlarda şair Zinaida Neyhauzla 10 il ailə həyatı sürürmüş. Zinaida onun dostu, musiqiçi Henrix Neyqauzun arvadı imiş. Qadın onunla getməyə razılaşıb və şairin arvadı olub. 10 illik ailə həyatı sakitliklə keçdiyi zamanda Zinaida ərinin yeni sevgilisi ilə bağlı xəbər tutub. Pasternak ailə həyatının dağılmaması üçün 1947-ci ilin aprelində qərara alıb ki, Olqa İvinskayadan ayrılsın. Bunu qadına izah edib, Olqa ağlayıb. Ancaq ertəsi gün yenə də onun yanına gedib. Beləliklə, qeyri-rəsmi də olsa Pasternakın 3-cü ailəsi ortaya çıxdı.
Bəs, Olqa İvinskaya kim idi? Pasternak qadınlarından heç birinə ən ülvi hisslərini ifadə edən şeir həsr etməyib. Ancaq bir qadını həmişə sevib. Qalmaqallı "Doktor Jivaqo" əsərinin prototipi olan Laradan savayı kimsəyə dərindən bağlanmayıb. Boris Pasternakla olan münasibətlərinə görə cəhənnəm həyatı yaşayan Olqa İvinskaya.


Onlar ilk dəfə görüşəndə Pasternak məşhur şair kimi ölkə hüdudlarından kənarda da ad çıxarmışdı. Olqa isə "Yeni dünya" jurnalında kiçik redaktor vəzifəsində çalışırmış. Pasternakın 56, Olqanın 34 yaşı varmış. Həmin görüş 1946-cı ildə baş tutub. Şair jurnalın redaksiyasına gəlib, bir xeyli söhbət ediblər. Pasternak ona öz kitabını hədiyyə edəcəyinə söz verib. Ertəsi gün 5 cildlik əsərlərini Olqaya göndərib. O görüşdən sonra tez-tez görüşməyə başlayıblar. Çıxdıqları birinci görüşdə yalnız Moskvanın küçə və meydanlarında gəziblər.
Olqa çox cazibədar qadın olub. İri gözləri, bəstə boyu ilə seçilib, musiqili danışığı ilə şairin ürəyinə yol tapıb. Birinci nikahdan onun İrina adlı qızı, ikinci nikahdan Dmitriy adlı oğlu varmış. Pasternakla tanışlıq zamanı dul imiş. Moskvanın küçələri ilə gəzərkən qadın onun şeirlərinə vurğunluğunu gizlətməyib. Hətta bəzi şeirləri əzbər söyləməsi şairi təəccübləndirib. Anlayıb ki, əgər oxucu şairin şeirlərini əzbərləyirsə, deməli "mən sizin yaradıcılığa heyranam" sözlərində qeyri-səmimilik yoxdur. Hələ məktəbli ikən şairin iştirakı ilə keçirilən yaradıcılıq gecələrinə qatılarmış. Olqa onunla ilk görüşləri zamanı anlamayıb ki, niyə Pasternakla görüşməyə can atır. Az sonra hər şeyi anlayıb. Şair onu bir kişi kimi cəlb edirmiş. Bir dəfə Puşkinin abidəsi ətafındakı parkda görüşərkən Pasternak ona deyib:
-İstəyirəm ki, siz mənə "sən" deyə müraciət edəsiz.
Elə həmin gecə Pasternak ona zəng vuraraq pıçıldayıb: "Mən səni sevirəm".
1949-cu ildə Olqa İvinskaya həbs edilib. İttiham belə olub ki, "siz ingilislərin agenti Boris Pasternakla münasibətdəsiz". Çox maraqlıdır ki, şairin özünə toxunmayıblar. Görünür, qadını həbs etməklə Pasternakı əldə saxlayıblar.
Sorğu-sual zamanı o, Pasternakın antisovet fəaliyyəti ilə bağlı heç nə deməyib. Bircə onu bildirib ki, "mən onu sevirəm". Bu sözləri deyərkən artıq Pasternakdan hamilə qalmışdı. Onu incidiblər, guya səhvən meyitxanaya aparıblar. Bundan sonra bətnindəki körpə düşüb. Nəhayət, məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Olqa İvinskaya agent olmaqda ittiham edilən adamların salındığı ümumi düşərgədə məhkumluq həyatı yaşamağa məcbur olunub. 3 ildən sonra onu düşərgə rəisinin kabinetinə çağırıblar. Rəis deyib ki, Pasternak ona 12 səhifəlik məktub və şeirlər külliyyatını göndərib. Ancaq bunları özü ilə aparmağa icazə verməyib. Olqa bütün gecəni məktub və küllliyyatı oxuyub qurtarıb.
1953-cü ildə Olqa İvinskaya düşərgədən azad edilib. Onların münasibətləri yenidən yaranıb. 1958-ci ildə Boris Pasternak "Doktor Jivaqo" əsərinə görə "Nobel" mükafatına layiq görülüb. Roman "antisovet" əsəri elan edildi. Pasternaka qarşı hücumlar başlandı. Əvvəlcə Yazıçılar İttifaqından azad edilib. Zəhmətkeşlərin iclaslarında isə şairin ölkədən qovulması ilə bağlı məsələ qaldırılıb.
Həmin ağır günlərin birində Pasternak yuxu dərmanı ilə Olqanın mənzilinin qapısını döyüb.
-Salam Olqa.
-Salam Borya. Əlindəki nədir?
-Yuxu həbidir. Gəl ondan ataq və gözümüzü əbədilik yumaq.
Düşərgəyə göndərilməzdən əvvəl aldığı fiziki zərbələr, eləcə də mənəvi hücumlar Olqanı üzsə də, o yaşamaq istəyirdi. Pasternak anlayırdı ki, özü ilə bərabər sevdiyi qadına da əzab verir. Son vaxtlar Olqanın sinir sistemi yerində deyildi. Amma şairi görən kimi nisbətən sakitləşir, hirsini üstünə tökmürdü. Lakin görürdü ki, Yazıçılar İttifaqında tez-tez keçirilən müzakirələr, eləcə də zavod və fabriklərdəki zəhmətkeş toplantılarının sayı artır. O illərdə metro stansiyalarının yaxınlığında gündəlik çıxan qəzetləri stendlərə yapışdırardılar ki, adamlar oxuyub ölkədə baş verənlərdən xəbər tutsunlar. Məhz o qəzetlərin sırasında yumoristik jurnalların nəşri də varmış. O nəşrlərdə Pasternakın karikaturaları əks edilərdi. Bütün bu mənəvi hücumlardan bezən, dünənki dostların laqeydliyi və soyuqluğu onu getdikcə üzürdü. Bəlkə də şair gənc olsaydı, bütün bunlara mənəvi dirəniş göstərərdi. Ancaq "Nobel" mükafatına layiq görülməsi ömrünün ahıl vaxtına düşdüyündən, bir yandan xəstəliklər onu daha da mənəvi düşgünlüyə salıb. Məhz buna görə də yuxu həbi içməklə intihar təklifi Olqanı təəccübləndirmədi. O, bilirdi ki, Borya uçuruma gedir. Olqa ona ürək-dirək verərək intihardan çəkindirdi. Onun adından Nikita Xruşşova bağışlanma məktubu yazdı. Məktubda yazılmışdı ki, Boris Leonidoviç "Nobel" mükafatından imtina edir və xahiş edir ki, SSRİ-də qalısn. Pasternak əvvəlcə məktubla bağlı Olqa ilə mübahisə edib. Olqa onu inandırmağı bacarıb. Boris Pasternak məktuba imza atıb.
Məktubun baş katibə çatmasından sonra Yazıçılar İttifaqında açılan müzakirələrə son qoyulub, daha karikaturalar çəkilməyib. Sanki heç belə hücumlar baş verməmişdi. Olqa İvinskaya həbsdən sonra da Pasternakla münasibətləri davam etdirdi. Şair onu özünə qeyri-rəsmi katibə vəzifəsinə götürdü. Şairin 1952-ci ildəki infarktından sonra muzası onun qayğısına daha çox qalırdı.
Rus, eləcə də dünya ədəbiyyatının incilərindən sayılan  Boris Pasternak 1960-cı ilin mayında Peredelkino bağ qəsəbəsində gözlərini əbədi yumdu. Ölümünə az qalmış o, Olqa ilə görüşmək istəmədi. Əmr etdi ki, onu yanına buraxmasınlar. Olqa əvvəlcə bunu anlamadı. Sonra ona Pasternakın niyə belə etməsini anladıblar. Şair istəməmişdi ki, Olqa ilə həyat yoldaşı Zinaida arasında mübahisə yaransın. Olqa İvinsk onunla görüşə bilmədi, yalnız dəfnetmə mərasiminə qatıldı, göz yaşları axıtdı.
Bəlkə də düşünmək olardı ki, Pasternakın ölümündən sonra Olqa İvinskayanın həyatı sakit məcraya yönəldi. Amma belə deyilmiş. 1960-cı ildə onu və qızı İrinanı həbs etdilər. İstintaq xeyli uzandı. Yenə də sağlığında Pasternakla münasibətləri soruşuldu,  ingilis kəşfiyyatı ilə əlaqəli olub-olmamasına dair fiziki işgəncəyə məruz qaldı. O, evinə yalnız 1964-cü ildə qayıtdı.
Bütün iztirablara baxmayaraq, Olqa həyat eşqini itirmədi. Uşaqlarını böyütdü, oxutdu. 1995-ci ildə 83 yaşında vəfat etdi. Onun vaxtilə Pasternakla əlaqələrini bilənlər xatirələrini bölüşmələrini gözləyirdilər. Onlara elə gəlirdi ki, Olqa İvinskaya ilə Boris Pasternak sevgisi qadının ölümü ilə itib gedəcək. Qadın ümidləri gerçəkləşdirdi. Məlum oldu ki, o, gecələr məşhur şairlə olan münasibətlərindən yazırmış. Ölümünə neçə il qalmış "Boris Pasternakla illərim" adlı xatirələr kitabı işıq üzü gördü. Oxucular aydın şəkildə bildilər ki, Olqa Pasternakın muzası, incisi, ilham pərisi imiş.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!