Qısa hekayələr - Təvəkgül BOYSUNAR

 

Gecə

 

Maşın yanımdan keçəndə sürətini azaltdı, amma mən heç nədən şübhələnmədim. Sonra o, tamam dayandı və qabaqda oturan şəxs maşının şüşəsini aşağı endirib mənə baxdı. Mən hava almaq üçün həyətə düşmüşdüm, gecə saatları idi, ona görə də bu şübhəli mənzərədən bir az qorxdum. Amma çox düşünməyə vaxtım olmadı. Həm sürücü, həm də qabaqda oturan başqa bir oğlan maşından çıxıb mənə doğru qaçdılar. Yerimdən tərpənməyə macal tapmadım. İkisinin də əlində bıçaq olduğunu artıq düz üzbəüzümdə dayandıqları və həmin bıçaqları qarnıma soxduqları vaxt hiss elədim. Ağrıdan və qorxudan qeyri-ixtiyari qışqırdım. Onlar bir neçə zərbə də endirib maşınlarına tərəf qaçdılar. Yerə yıxıldım.

Yəqin ki, məni kimləsə səhv salmışdılar. Çünki mən Bakıya ömrümdə ilk dəfə dünən gəlmişdim. Rayonda müəllim işləyirdim, heç kəslə düşmənçiliyimiz yox idi və həyatımda heç vaxt bu cür məsələlərlə də işim olmamışdı.

Ölmək istəmirdim. Telefonu cibimdən çıxarıb kiməsə zəng etmək asfaltın üstündə bir az uzanandan sonra ağlıma gəldi. Axırıncı eşitdiyim şey xəttin o biri üzündəki adamın qışqırıq və ağlamaq səsi oldu. Sonra başımı asfaltın üstünə qoyub uzandım və uzaqdan işıqları gələn maşınlara baxa-baxa gözlərimi yumdum.

 

 

Zəlzələ

 

Ayaq üstə bir az öpüşəndən sonra yataq otağına getdik. Onu arxası üstə çarpayıya uzatdım və boğazından aşağı doğru öpməyə başladım. Amma bu vaxt otaq qəfildən silkələnməyə başladı. Diksinib başımı qaldırdım. Tavandan asılan lüstra baxdım. Lüstr asta-asta yellənirdi. Zəlzələyə bənzətdik, amma yerimizdən tərpənib işimizi dayandırmağa tələsmədik. Sonra paltar şkafı elə silkələnməyə başladı ki, qapıları bir-birinə dəyib şaqqıldadı. Bu vaxt daha gözləyə bilmədik. Qorxmuş halda, tələsik ayağa qalxdıq. Yarıçılpaq bədənlərimizi paltarlarımızla tezbazar qapadıq, amma həm də ümid etdik ki, bu titrəyişlər dayanacaq və biz evi tərk etməli olmayacağıq. Sonra hardansa şüşə sınmasının səsini də eşitdik və daha heç nəyi gözləmədən qaça-qaça mənzildən çıxıb, pilləkənlərə sarı getdik.

 

 

Bəxşiş

 

Heç bir işçiyə pul verməməli olduğumu bilirdim. Bura elə yer idi ki, belə bir şey nə işçilərin, nə də xidmətdən yararlananların ağlına gələn deyildi. Ona görə də işim bitəndən sonra sənədlərimi stolun üstündən götürəndə özümü xəbərsiz kimi göstərərək və nə baş verəcəyinin marağı ilə qarşımdakı ağ köynəkli oğlandan soruşdum:

- Qardaş, borcum nə qədərdi sizə?

- Borcunuz yoxdur, müəllim, bunun üçün ödəniş edilmir.

Üzümə geniş bir təbəssüm qonduraraq:

- Nə danışırsız, elə şey olar? Siz bu qədər işimi gördünüz mənim, - dedim və onun növbəti etirazlarını dinləmədən pulqabımdan beş manat çıxarıb stolun üstünə qoydum.

Oğlan həyəcanlı halda ayağa qalxıb, beşliyi masanın üstündən götürdü və təzədən mənə uzatdı.

Həyatda nə üçün yaşadığımı bilmirdim, içim qəm-qüssə və mənasızlıqlarla elə dolu idi ki, əcaib hərəkətlər etmək, insanların təəccüblü reaksiyalarını görmək, hər kəs tərəfindən alçaldılmaq istəyirdim. Ona görə də oğlan beş manatı mənə uzadanda qəfildən ağlıma başqa bir fikir də gəldi və mən çox tərəddüd eləmədən; taksiyə minərkən xırdaladığım iyirmiliyin manatlarını pulqabımdan çıxartdım, bayaqdan bəri ağ köynəkli işçi ilə apardığımız söhbətlərə kənardan göz qoyan adamların qabağındaca, həmin manatlıqları, hər birinin arxasında bir işçi oturan masaların üstünə düzə-düzə zalın yarısına qədər getdim. Kənardan hamının gözü mənim üzərimdə idi, onlar nə etməli olduqlarını bilmədən bir-birinin üzünə baxır, bəziləri ayağa qalxıb mənə sarı gəlir, məni dayandırmağa çalışır, kimisi isə daha yüksək bir vəzifəlini vəziyyətdən xəbərdar etmək üçün təlaşlı halda harasa qaçırdı. Manatlıqları düz iyirmi masanın üstünə düzərək zalın axırına qədər getdim.

İçimdəki qəm-qüssə və sıxıntı dumanı sanki parçalanaraq pərən-pərən oldu, masa arxasındakı işçilərin mənə yönələn təəccüblü baxışları, ayaq üstdəki bütün müştərilərin və nəzarətçilərin əlləri qoynunda sakitcə dayanıb məni izləməkləri, xidmət göstərilən adamların hər dəfə mən manat qoyduqca başlarını qaldırıb üzümə baxmaları əhvalımı necə yaxşılaşdırdısa, heç kimin buna müdaxilə etməməsi üçün tezbazar çıxışa tərəf addımladım. Çünki artıq bəzi işçilərin, masa üzərindəki manatlıqları yığmağa başladığını görürdüm və mənə elə gəlirdi ki, əgər onlar həmin pulları mənə qaytara bilsələr, onda içimdəki sıxıntılar təzədən məni narahat etməyə başlayacaq. Ona görə də, addımlarımı elə sürətlə atırdım ki, elə bil, ayaqqabılarımın üstündəcə uçurdum. Qapıdan çıxmağa az qalmış, əlində qeyd kağızı tutan bir qız xidmətdən razı qalıb qalmadığımı soruşdu. Ona dedim ki, hər şey çox yaxşı oldu və diqqətlə üzünə baxanda gözlərinin, burnunun, dodaqlarının necə gözəl olduğunu gördüm. Boyunun balacalığına fikir verəndə, onu öpmək istəsəm, nə qədər aşağı əyilməli olacağımı xəyal etdim. Manatlarımı gətirən oğlanların arxamca qaçaraq çatmaqda olduqlarını görəndə isə qızın yanından uzaqlaşmaq məcburiyyətində qaldım və binanı tərk edib açıq havaya çıxdım. Yaxındakı dayanacağa qədər dayanmadan qaçdım. Ağ köynəkli oğlanlar da əllərindəki manatlarla dalımca düşdülər. Amma mən dayanacağa çatar-çatmaz avtobusa mindim və oğlanlar avtobusun şüşəsi arxasından onlara baxan mənə təəssüf hissi ilə uzaqdan tamaşa etməklə kifayətlənməli oldular. Sonra əllərindəki manatlıqlar ovuclarından çıxaraq havada uçuşmağa başladı; uça-uça avtobusdan çöldə qalan dünyanın göylərinə qalxıb, quşlara qoşuldular.

                                               

 

Kənd

 

Nənəm düz səkkiz il əvvəl rəhmətə getmişdi, amma mən əşyalarımı da götürüb istirahət etmək üçün kəndə - xalamgilə getdiyim gün süfrə üstündə ordan-burdan hal-əhval tutub söhbət edərkən söz təsadüfən iki həftə əvvəlki Qurban bayramından düşdü və xalam üzümə baxıb:

- Mamamın qəbrinə getdiz? - deyə soruşandan sonra heç cavabımı gözləmədən:

- Yazıq mamam, yazıq, - deyib qəfildəncə kövrəlməyə başladı.

Mən onun analarla bağlı tez-tez müxtəlif videolar, mahnılar və şeirlər paylaşdığını şəhərdə ikən çox görmüşdüm, amma təsəvvürümə gətirməzdim ki, anasını qəfildən yada salıb bu cür kövrələndən sonra hələ üstəlik də, uşaqlığından qalan hansısa xatirəsini danışıb gözündən əməlli-başlı yaş axıdacaq.

- Biz uşaq idik e onda, Qəzənfər dayımgilin toyuydu. Mamam yazıq, gün görməmişdi ki, gözəl də görsənə, amma həmin gün toya hazırlaşanda əyninə nə paltar geyinmişdisə, qəşəng görsənirdi. İndi də gözümün qabağındadı. Allah sənə rəhmət eləsin, mama.

Mən süfrədəki hər kəs kimi pərt olmuş şəkildə yeməyimə davam elədim. Yeməkdən sonra həyətə çıxdıq. Çantalarımı yuxarıdakı otağa apardım və külək ucbatından əsərkən budaqları bir-birinə toqquşan ağaclara, söyüd kölgəsindəki stol-stula, həyətdəki köhnə ayaqyolunun qapısına baxdıqca hələ bir neçə gün burda qalacağımı xatırlayıb içimdə sevinc və xoşbəxtlik duydum.

 

 

Maşın

 

Maşın aldığım gün evdə ən çox sevinən, deyəsən, ancaq özüm olmuşdum. Çünki anam elə əvvəldən buna razı deyildi, atam isə həmin günlər iş yerində özünü yeddinci mərtəbədən atıb öldürən bir qadının intiharının təsirindən düz-əməlli ayılmamışdı deyə, mən darvazanı açıb maşını həyətə salanda ağacın dibinə yığdığı sarı yarpaqlardan əlini çəkmədən başını qaldırıb qardaşımla mənə baxdı, sonra isə heç nə demədən təzədən başını aşağı salıb işinə davam elədi.

İlk dəfə öz maşınımla işə getdiyim sabahkı gün hər şey əvvəl-əvvəl çox yaxşı oldu. Dümdüz asfalt üstündə maşınımın quş kimi süzməsindən zövq ala-ala musiqinin səsini verdiyim və hələ pəncərəni də açıb günəşli payız havasını içəri buraxdığım həmin səhər, özümü həm də başqa şeylərə görə çox xoşbəxt hiss edirdim.

Amma axşam işdən sonra başıma qəribə bir hadisə gəldi və buna görə əhvalım bir xeyli pozuldu.

Maşına minib təzədən səhərki xoş əhvalla və zövqlə mühərriki işə saldım. Bir az sonra - piyada keçidində qara plaşlı və qara çətirli bir xanıma, xoşbəxtliyimdən məmnunluq duyaraq xeyirxahlıqla yol verdikdən sonra təzədən yola davam etmək istəyəndə pəncərəmin düz yaxınında və sanki düz qulağımın dibində bir itin hürməyindən diksindim. Yekə bir it pəncələrini maşının şüşəsinə söykəyib ucadan hürürdü. Ayağımı pedala basdım, amma maşın yerindən tərpənmədi. Bu vaxt sağ pəncərə tərəfdən başqa bir it də maşına tərəf cumdu. Onların onsuz da pəncərələri qıra bilməyəcəyini bildiyim üçün əslində qorxmağıma gərək yox idi, amma ikinci itin öz dişlərini necə qıcadığını görəndə içimdə kiçik də olsa bir qorxu duydum. Bu an gözlərim yoldan keçən maşınlara sataşdı. Demək olar ki, bütün maşınlar keçərkən sürətlərini azaldıb içindəki adamlarla bir yerdə mənə tərəf baxırdılar. Bəzi adamlar isə mindikləri maşın yanımdan keçdikdən sonra da pəncərələrdən başlarını çıxarıb arxaya boylanır və itlərin hürüşməsini maraqla izləyirdilər.

İtlərin niyə maşınıma hücum etdiklərini anlaya bilmirdim. Bundan da dəhşətlisi o idi ki, ayağımı pedala basdıqca mənə elə gəlirdi ki, pedal qırılıb və əslində mən boş bir şeyin üstünə basıram. Birdən ağlıma gəldi ki, maşının siqnalı ilə itləri qorxudum. Ovcumu var gücümlə siqnala sıxdım, amma hiss etdim ki, heç bir səs çıxmır. İki-üç dəfə təkrar-təkrar siqnalı sıxsam da, heç bir nəticə olmadı. Bu an arxa tərəfdən də bir səs eşitdim və başımı çevirmək istəyəndə bayaq sol pəncərəyə hücum edən itin pəncələri diqqətimi çəkdi. Və mən qəfil bir vahimə ilə hiss etdim ki, həmin itin dırnaqları uzadılmış və boya qoyulmuş qız dırnaqlarıdır. Tünd-bənövşəyi rəngdəki bu dırnaqları gördükdən sonra əlimi siqnaldan çəkdim, arxaya söykəndim və heç nə eləmədən anlaşılmaz bir qorxu içində sakit-sakit dayanıb qabağa baxdım.

Pəncərədən o tərəfdə kimsə öz maşınından çıxıb telefonla bizi çəkirdi. Əks istiqamətli yoldan işıqları oynaşan polis maşını keçir, içəridəki polis isə səsucaldıcı vasitəsilə nəsə deyirdi.               

 

 

Yuxu

 

İndiyəcən haqqında heç vaxt heç nə eşitmədiyi uzaq qohumunun iki gün əvvəlki toyda onu bəyəndiyini bibisindən eşidəndə bunu elə də ciddiyə almamışdı, amma axşama yaxın bibisi ona həmin oğlanın şəklini atandan və ehtiyatlı bir üslubla onun nömrəsini oğlana vermək üçün icazə istəyəndən sonra qız hər gecə yuxuda həmin oğlanla sevişdiyini görməyə başladı. Yuxularının birində isə artıq evləndiklərini, toy gecəsi birlikdə evə gəldiklərini, içəri keçəndən sonra maşının yerini dəyişmək üçün oğlanın təzədən binanın həyətinə endiyini, çöldə dəhşətli yağış yağdığını və əynindəki ağ gəlinlik paltarı ilə pəncərəyə söykənib oğlanın dalınca binanın həyətinə baxdığını, onu uzun-uzun gözlədiyini, bu müddət ərzində pəncərələrin öz-özünə açıldığını, yağışın içəri yağmağa başladığını görürdü.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!