XXI əsrin qəhrəmanları - Sərdar Amin

XVIII-XIX yüzillikdə bir qılınc zərbəsilə 3 atlı düşməni yıxmaq nə idisə, XXI əsrdə kitab oxumaq da odur.

Sərdar AMİN

Bir neçə il öncə rayon kitabxanalarının birində rəflərin arası ilə var-gəl edirdim. Bu kitabxanaya ilk dəfə gəldiyimdən və içəridə istiqamətverici lövhələrin olmadığından mənə lazım olan kitabları tapmaqda çətinlik çəkdim. Bu zaman orta yaşlı qadın yaxınlaşdı. Ona astadan axtardığım kitabların adını sadaladım. Qadının dediyi cümləni hələ də xatırlayıram: "Əyləncə ədəbiyyatı sağ tərəfdədir". Bəli, xanım bədii ədəbiyyata "əyləncə ədəbiyyatı" deyirdi. Nəzərə alın ki, bu xanım uzun illər kitabların arasında çalışmış ali təhsilli kitabxanaçı idi. İndi düşünün, əsas işi axşam saatlarında işdən qayıdan yoldaşını yeməklə təmin etmək olan, günün ikinci yarısını qonşu həmkarları ilə yaşadıqları binanın kölgə saldığı yerlərdə keçirən, jaketlərinin cibinə "simiçka" doldurub qeybətləşən,  kibritə "ibişkə", siçovula "mışovul" deyən milyonlarla qadının kitaba, ələlxüsus da bədii ədəbiyyata yanaşması necədir?
Bədii ədəbiyyata əyləncə ədəbiyyatı demək bizə qismən sovetdənqalma ənənədir. Amma bu problemi tamamilə sovetin üstünə yıxmaq da düzgün deyil. Bu, həm də detektiv və karyera ədəbiyyatı yazarlarının oxucularına hesabladığı sabun köpüyü fikirlərin insanlarda doğurduğu təəssüratdır. Sözügedən detektiv və digər bu tipli kitabların "əyləncə ədəbiyyatı" adlandırılmasında heç kəsi qınamaq olmaz. Belə kitablara oxucular asudə vaxtlarını səmərəli keçirmək üçün əl atırlar. Oxuduqca da əylənirlər.
Kitaba əyləncə kimi yanaşan oxucular Azərbaycanda milyonlarla olub. Yəni sovet dönəminin əksər oxucuları ədəbiyyata, kitaba gündəlik həyatlarının əyləncə əlavəsi kimi baxıblar. Sovet ədəbiyyatında istisna əsərləri nəzərə almasaq, əksər mətnlər bədii təfəkkürün inkişafına, insanları ciddi mətləblərə səsləməyə, mənəvi hissləri həssaslaşdırmağa deyil, mövcud sosial-ictimai prosesə, ümumi situasiyaya normal münasibət sərgiləməyə, kobud dildə desək, insanları zombiləşməyə səsləyirdi.
Azərbaycanda uzun illər ədəbiyyat saqqal darağı funksiyasını yerinə yetirib. Sovetin bizə "miras" qoyduğu əksər problemlərdən biri də kitaba, kinoya münasibətdir. Avropada incəsənət, mədəniyyət məhsulları əlahiddə diqqətə, sevgiyə, dəyərə layiq olduğu bir vaxtda, biz hələ də kitaba krossvord kimi baxırıq: "Bir saat boş vaxtım var, darıxmayım, kitab oxuyum". Ciddi mətləblərə səsləyən kitabları isə tiryək kimi görürük: "Çox oxuma, axırda başın xarab olacaq".
Televiziya və radionun çox da inkişaf etmədiyi, elektrik enerjisinin fasilələrlə verildiyi, əksər yaşayış məntəqələrində şam işığının hökm sürdüyü illərdə  oxucu sayının çox olması normal idi. Kitaba əyləncə kimi baxan insanlar... Əyləncə vasitələri məhdud... Kitab isə əlçatan.... Bu dönəmlərdə oxucu sayının çox olmasını, qəzet, jurnal, kitab satışının yüksək olmasını rejimin maarifçi siyasətinin aktivinə yazmaq düzgün deyil. Həmin şəraitdə oxucu kitab oxumayıb nə edəcək? Şam işığında ya yazmalısan, ya da oxumalı.
Bacarırsan, ətrafının əyləncə obyektlərilə aşıb-daşdığı, ağıllı telefonların ağlımızı başımızdan aldığı, internetin yaratdığı illüziyanın günü-gündən reallığa çevrildiyi, nanotexnologiyaların əlvan işıqlarının sayrışdığı, gecə klublarının gurultusunun dan yerini sökdüyü bir vaxtda əlinə ağ-qara hərflərlə dolu, heç bir vizual cəzbi olmayan donuq bir əşyanı - kitabı al.
XXI əsrdə kitab oxumaq həm də qəhrəmanlıqdır. Heç kəsə rahat görünməsin. İndi kitab oxumaq hər kəsin bacaracağı bir iş deyil. İnanmayan yoxlaya bilər. XVIII-XIX yüzillikdə bir qılınc zərbəsilə 3 atlı düşməni yıxmaq nə idisə, XXI əsrdə kitab oxumaq da odur. Gülümsəmə...
Təsəvvür et, həmyaşıdlarının hər yarımsaatdanbir səni alışıb-yanan hansısa məclisə dəvət edir, sənsə təkliflərdən imtina edib kitab oxuyursan.
Sosial şəbəkələrdə yüzlərlə alqış alacaq fikirlərini bölüşə bilərsən, amma sən kitab oxuyursan.
Sən kitab oxuyursan, geniş ekranlarda az qala hər kəsin izlədiyi qaynar futbol qarşılaşmaları gedir. Sənlə əylənmək üçün sosial şəbəkədə dəridən-qabıqdan çıxan o insan özünə başqasını tapmaqdadır, amma sən kitab oxuyursan. Telefonun kitab boyda ekranına bir-birindən maraqlı təkliflər gəlir, sənsə burnunu incitdiyinə görə eynəyinin yerini təzələyirsən və kitab oxuyursan. Kitab oxuyursan, onlar həyatda heç vaxt olmayacaq qədər gözəl xanımların, yaraşıqlı bəylərin baş rol aldığı seriallara ağlayır.
Bu an dünyanın bir çox cəlbedici yerlərində ola bilərdin, amma sən bütün bəzəklərdən imtina edə biləcək qədər böyük adamsan, çünki kitab oxuyursan. Sən Tolstoyun, Dostoyevskinin, Hüqonun, Pamukun olduğu yerdəsən. Sən yenə də azman kişilərin seçdiyini seçmisən, əlində kitab var.
Sən daha çox pul qazanmaq üçün kapitalizmin amansız fürsətlərindən yararlanıb haradasa acından titrəyən bir uşağın boğazından kəsən insanlardan biri ola bilərdin,  amma qoltuq cibini deyil, onun altını doldurursan.
Artıq yəqin ki, çoxu yatıb. Ehtiraslı filmlərə baxanlar da, tüstülü salonlarda mərcə girənlər də, spirt qoxulu barlarda başqalarını təqlid edə-edə oynayanlar da. Amma sən hələ də kitab oxuyursan. Qaratoyuq həyəcanlı səslə dan yerinin söküləcəyindən xəbər verir. Sən oxuyursan. Artıq yat, qurban olduğum. Yat, gözəl insan. Az sonra səsli saatın səni yorğun gözlərlə işə yola salacağından da üzülmə. O yorğun gözlərdə mürgüləyən inqilabi sevgi dəyişməyəcəkmi dünyanı?