HEKAYƏLƏR - Xeyrəddin QOCA

 

Arayış

 

Əhvalatı dostum danışıb. Deyir, sovet dövründə kənd sovetinin sədri işləyirmiş. Bir nəfər səhər tezdən zəng edib ondan arayış istəyib. O da hələ yazılmamış, boş arayış blankını qoyub masanın üstünə, nə isə bir iş çıxıb, gedib həmin işin dalınca. Dostum günorta nahar fasiləsində evə gəlib, yemək yeyəndən sonra qayıdıb iş yerinə. Görüb ki, masanın üstünə qoyduğu arayış blankı yoxdur. Katibəsindən soruşub ki, blankı görməyib? Katibə deyib:

- O kişi gəlmişdi, verdim getdi, sizə "sağ olsun" da göndərdi...

Dostum cavab verib:

- "Sağ olsun" deyən də sağ olsun, sən də. Amma mən hələ arayışı yazmamışam, axı! Sən ona ağ kağız vermisən!

Dostum bir-iki gündən sonra həmin kişiyə rast gəlib soruşur:

- A kişi, yazılmamış arayışı hara aparmısan?

- Hara aparacağam, iş yerinə.

- Bəs bir söz demədilər?

- Heç nə demədilər. Götürüb tikdilər şəxsi işimin arasına, vəssalam!

- A kişi, nə "vəssalam", mən hələ arayışı yazmamışam ey, katibə sənə boş blank verib!

Kişi gülümsədi:

- Elə bilirsən, vecimədir? İşə tikdilər, qurtardı, getdi!..

- Bəs sizin kadrlar şöbəsi müdirinin savadı-zadı yoxdur?

- Savadı olsaydı, kadrlar şöbəsinin müdiri olmazdı ki!

 

 

Fil

 

Ömründə fil görməyən birinə fili göstəriblər ki, "bax gör, belə heyvan görmüsən?".

Kişi filin ətrafına bir neçə dəfə fırlanır. Soruşurlar ki, "a kişi, nə axtarırsan?". Kişi nə cavab versə, yaxşıdır?

- Mən belə heyvan görməmişəm. Görmədiyim üçün də qabağına, arxasına fırlanıram ki, görüm, başı harasıdır, quyruğu harasıdır. Niyə? Deyirlər, bu heyvanın baş tərəfində xortumu olur, arxa tərəfində quyruğu. İndi mən xortumla quyruğu bir-birindən ayırmaq istəyirəm...

Bəzi adamları böyük bir vəzifəyə qoyurlar. Ondan soruşurlar ki, "işi bilmirsən, gedib orada nə edəcəksən?". Vəzifəli şəxs də cavab verir ki, "gedim işlə tanış olum, sonra görüm nə edəcəyəm"...

Xortumla quyruq məsələsi də buna bənzəyir...

 

 

"Qayda-qanunu

sevmişəm"... 

 

Tanışımla maşında gedirdik. Mənə irad tutdu ki, bir neçə dəfə yol qaydalarını pozmuşam. Dedim "vallah, mümkün deyil, bu rolun ki arxasına keçdin ha, nə qədər diqqətli olsan, yenə "naruşeniya" edirsən"...

Tanışım heç nə demədi. Xeyli yol gedəndən sonra dilləndi:

- Mən 1973-cü ildən 1994-cü ilə kimi bir dəfə də yol qaydasını pozmamışam.

Təəccüblə soruşdum:

- Zarafat edirsən?

- Nə zarafat? And içə bilərəm ki, iyirmi bir il heç bir qaydanı pozmamışam!

Çox maraqlandım:

- Bu necə olub, axı?

Tanışım ciddi şəkildə dilləndi:

- 1973-cü ildə anadan olmuşam. Üç il bağçaya aparıblar məni. Yeddi yaşımda məktəbə getmişəm, on il oxumuşam. Sonra ali məktəbə qəbul olmuşam. Dörd il də orada təhsil almışam. Diplomumu alan gün atam mənə hədiyyə olaraq maşın alıb. Hesablasan, görərsən ki, iyirmi bir il mənim maşınım olmayıb! Odur ki, deyirəm, düz iyirmi bir il heç bir yol qaydasını pozmamışam!

- Məni ələ salmısan?

- Niyə?

- İyirmi bir il maşının olmayıb, yol qaydasını necə poza bilərdin, axı?

- Niyə? Başqasının maşının sürsəm, poza bilərdim... Mən o qədər qayda-qanuna əməl etmişəm ki, başqasının da maşınını sürməmişəm!..

 

 

Lenin diridir,

yoxsa ölü?

 

Kommunist Partiyasının dövrü idi. Ev-eşiyi olmayan qəzetçilərdən biri Moskvaya, Leninin Mavzoleyinə, şəxsən Leninin adına məktub yazır ki, "evim yoxdur, mənə ev ver".

Məktubu göndərirlər respublikanın Mərkəzi Komitəsinə. Aləm dəyir bir-birinə, qəzetçini çağırırlar ki, axı, Lenin çoxdan ölüb, sən ona niyə məktub yazmısan? Ölü də ev verə bilər? Qəzetçi deyir:

- Bura baxın, necə olur ki, sizə lazım olanda deyirsiniz "Vladimir İliç canlıların ən canlısıdır", "Lenin daim yaşayır", mənə lazım olanda ölür?

 

 

Alın yazısı

 

Bir gün nökər qorxu içərisində, tir-tir əsə-əsə, təngnəfəs sahibinin yanına gəlib deyir:

- Canım sənə qurban, ayağının altında ölüm, burax məni gedim başqa şəhərə.

Sahibi soruşur:

- Niyə, a bala?

- Çoluq-çocuğum sənə fəda olsun, bu gün bazarda gəzirdim, birdən Əzrayılla üzbəüz gəldim. Üzümə tərs-tərs baxıb getdi. Qorxuram canımı ala...

Sahibi bir az fikirləşəndən sonra dillənir:

- Onda tamam ölkədən çıx get. Məsələn, Bağdad şəhərinə.

Nökər ölkədən çıxıb gedir Bağdada. Bir neçə gündən sonra bazara çıxanda yenə Əzrayılla üzbəüz gəlir, özünü itirib deyir:

- Cənab Əzrayıl, səni gördüm, çaşdım.

Əzrayıl mənalı-mənalı gülümsəyir:

- Elə mən də keçən dəfə səni görəndə çaşmışdım. Çünki sən orada yox, burada mənə rast gəlməliydin...

 

 

"Guya mənim

işim var"

 

Cavan yaşlarımda bir idarədə işləyirdim, yalan olmasın, beş günün işini iki günə görürdüm, üç gün boş qalırdım. İş yerində oturmağa səbrim çatmırdı, çıxıb gedirdim gəzib-dolaşmağa. Bir gün belə, beş gün belə, axırı idarənin müdiri məni yanına çağırıb soruşdu:

- A bala, niyə işdə oturmursan?

Mən də dedim ki, boş-boşuna oturmağın nə mənası? İşimi ki görürəm...

Müdir oturduğu kreslo ilə birlikdə fırlanaraq dilləndi:

- Sən elə bilirsən mənim işim var? Amma görürsən, həmişə yerimdəyəm. Öyrən də bala, goruma aparmayacağam səni... Kənardan baxanlar var, axı!

 

 

Cəhənnəmi istəyən yoxdur...

 

Biri ölür gedir o dünyaya, onu göndərirlər cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qapqara tük basmış, ağzı qıpqırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək rəhmətliyə "qığğğ" eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:

- Belə eləyirsiniz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!..

 

 

Hamı yazır...

 

Gənc yazıçıların qurultayı olub. Qurultayda bildiriblər ki, onların yaşı əllini, altmışı keçib, amma hələ də "gənc yazıçı" adlanırlar. Bəs, bu nə olan şeydir, nə deməkdir?

Heç demə, "gənc yazıçı" deyəndə yaş nəzərdə tutulmurmuş. İstəyirsən lap yaşın yetmiş, səksən olsun, təzə-təzə yazmağa başlayırsansa, deməli, "gənc yazıçı"san, vəssalam! Bir də, bizim millətdə yaşından asılı olmayaraq hamı yazır. Bacardı, bacarmadı, dəxli yoxdur... Axı, yazmaqdan asan şey yoxdur. Bir qələmdi, bir kağız. Vay oxuyanların halına!

 

 

Oğru nə qanır?!

 

Rəssamla yazıçı şirin-şirin söhbət edirdilər, birdən xəbər gəldi ki, bəs, rəssamın emalatxanasına oğru girib. Yazıçı "yəqin, bütün şəkilləri aparıb" - deyə, narahat oldu. Rəssam heç halını da pozmayıb dilləndi:

- Sən narahat olma, oğru şəkillərə dəyməz...

Gedib baxanda gördülər ki, doğrudan da, oğru şəkillərin birinə də toxunmayıb. Emalatxanada bir köhnə gümüş çaynik varmış, onu aparıb. Rəssam gülümsədi:

- Gördün, qardaş? Oğru nə qanır şəkil-zad nədir...

 

 

Tərcümə

 

Kənddə hər gün kino göstərilirdi. Camaatın yeganə istirahət yeri kino göstərilən klub idi. Kənd əhli bəzən eyni filmə bir neçə dəfə baxmalı olurdu. Onlara elə gəlirdi ki, daha görmədikləri film qalmayıb. Filmlərə baxmaq üçün kluba gələnlərin də sayı azalmışdı. Odur ki, kinomexanikin "əli aşağı" idi. O, çox götür-qoydan sonra divarlara, elektrik dirəklərinə, yoğun ağacların gövdəsinə belə bir afişa yapışdırdı: "Yeni bədii film. "Əlimərdanın uşaqları".

Təzə afişanın xəbəri kəndin bu başından o başına yayıldı. Hamı səbirsizliklə qəribə adı olan bu filmə tamaşa etmək üçün axşamı gözləyirdi. Nəhayət, gözlənilən vaxt çatdı. Salon ağzına qədər adamla doldu. Əlavə stul qoyub əyləşənlər də vardı. İşıqlar söndü, kinomexanik aparatı işə saldı. Ekranda təzə filmin adı göründü: "Admiral Uşakov".

Tamaşaçılar yapışdılar kinomexanikin yaxasından ki, bəs, bu nə məsələdir, camaatı niyə aldatmısan? Kinomexanik əsəbiləşdi:

- Qəribə adamlarsınız ey... Filmin adı rusca idi, tərcümə eləmişəm də!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!