Qərib dağların quzeyi - Romandan parça - Yaşar BÜNYAD

 

...Ayaqları elə bil özününkü deyldi, sözünə qulaq asmırdı. Rayon mərkəzindən buracan heç beş yüz metr olmazdı, amma Zərnisəyə elə gəldi ki, bir ömürlük yol gəlib, nə vaxt bitəcəyini Allah bilir. Qanrılıb bir də geriyə baxdı. Şəhər əvvəlki yerində, qəbiristanlığa da əl uzatsan çatar, bəs niyə yordu bu yol onu?

Qabaqlar tez-tez gələrdi, azından həftədə iki dəfə, heç yorulub əldən düşdüyü yadına gəlmirdi. İllər ötdü, yaşa doldu, qayğıları çoxaldıqca qəbiristanlığın yolu da yaddan çıxdı. Torpağın üzü soyuqdu, soyuq... Bəs indi niyə qəfil yadına düşdü? Adətən insanlar ölümünə yaxın əvvəl-axır gedəcəkləri son mənzilə - qəbiristanlığa sarı üz tutmağa, nədənsə, meyilli olmur. Zərnisəni də bura çəkən nə ayaqları, nə də neçə illərdi xəstəliyə tutulmuş ürəyi deyildi, ona rahatlıq verməyən vicdanı idi. Bir zamanlar daş kimi yatmış vicdanı. Gec də olsa, bunun fərqindəydi. Yaşa dolduqca canını sıxan bütün ağrı-acılarına rəğmən yeri bilinməyən, gözə görünməyən vicdanının onu necə narahat etdiyini, əzib haldan-hala saldığını duysa da, bu narahatlıqdan keçirdiyi sarsıntıların əlindən yaxa qurtarması asan deyildi. Doğrusuyla yalanı iç-içə, xeyirlə şəri göz-gözə ömür sürmək bu nahaq dünyanın reallığıydı. Haqq dünyasının isə mizan-tərəzisi, sorğu-sualı vardı və Zərnisə, dindar olmasa da, o sorğudan, o tərəzidən elə qorxurdu ki?!

Qəbiristanlığa çathaçatda yenə arxaya döndü, niyə bura gəldiyini anlamayan Oqtay bir dəstə qızılgüllə onun arxasınca addımlayırdı. Özü az qala ayaqlarını dalınca güclə sürüdüyü halda, oğluna:

- Bir az yeyin ol, - dedi.

Üstündə kimə məxsus olduğu bilinməyən qəribə məzara çatdılar. İlk dəfə görürmüş kimi əlini ağzına dayayıb: "Aaaa, buna bax e, sən Allah, indiyəcən heç fikir verməmişəm, üstündə bir nişanəsi də yoxmuş ki, bəxtsizin", - deyib duruxdu, bu biganəliyə, bəlkə də məsuliyyətsizliyə görə günahlandırmalı, özündən başqa qarasına danışıb sakitləşməli kimisə ağlına gəlmədi, gücü deyinməyinə çatdı: "Allah kəssün yiyəsizliyi, kəssün Allah..! Məndə də az yoxdu,vallah, bəlkə də Əjdərə desəydim, əl boyda bir yazıdan-zaddan... Amma yox... Necə deyəydim...".

Səssiz-səmirsiz dayanıb fikir-xəyalının cəngində vurnuxan Zərnisə gətirdiyi çiçəkləri həmişə qayıdana yaxın, bəzən də ziyarətə başlamamış mərhumun çatlamış sinədaşına döşəyərdi. Qızılgülləri oğlundan aldı, baxımsızlıqdan cır göyəm, böyürtkən kolları görünməz edən paslı dəmir çərçivəyə yaxınlaşıb durdu. Hələ də heç nə başa düşməyən Oqtay maraqla gah haldan-hala düşən anasına, gah kol-kos içində əyilmiş xaça baxdı. Zərnisə şiş ucları paltarına ilişib cırmasın deyə, metal çərçivəni ehtiyatla aşıb içəri adladı; gülləri onun ayağı tərəfə səpdi. İyirmi üç il əvvəl ona boy verən taxta xaç indi quzey yamaclarında üşüyən bənövşə kimi mamır basmış sinədaşına sarı qısılmışdı. Oqtay eşitməsin deyə, əvvəlcə özünü o ki var qınadı, hətta ürəyində söydü də. Qəbrin acınacaqlı vəziyyəti üzülüb sallanan ürəyini bir az da üzdü. Sinəsindəki göynəşmədən ikiqat olub çömbəldi. Fikirləşdi ki, görəsən, indiyəcən necə daşımışam bu yükü? Niyə belim qırılmayıb, ürəyim nədən partlamayıb?

Halsız idi, amma çətinliklə olsa da ayağa qalxıb xaçı tarazlamaq istədi; arxaya keçib çarpaz mıxlanmış taxtadan ikiəlli yapışdı, onu özünə tərəf çəkmək istəyirdi ki, illərdi yağışı-qarı, günəşin yandırıcı odunu canına hopdurub çürümüş taxta parçası, - sanki bu zəif toxunuşa bənd imiş, - qopdu, ovuldu, ovulub da yerə töküldü. Heyrətdən özünü itirdi. Əvvəlcə heç nə başa düşmədi, günahkar kimi ora-bura, sonra da ovucunda qalan xıncım-xıncım olmuş taxta qırıqlarına baxdı, anidən "Vaxsey... gör mən neynədim? Gərək əl vurmazdım..." deyib onsuz da bayaqdan dolub durmuş Zərnisə, maraqla onu izləyən, hələ də içəri keçməyə ürək eləməyən oğluna sarı çevrilib hıçqırtıyla hönkürdü. Əvvəllər kimsəsiz bir küncə çəkilib sakitcə, hıçqırığını içində boğa-boğa sıtqadığını, görənlər duyarmış kimi qorxa-qorxa, gizlincə ağlayardı. Ürəyini qubar edən sinəsi altında gəzdirdiyi sirri gözləri ələ verər deyə, ta ölənəcən ömür-gün yoldaşı Əjdərin də gözünün içinə düz-əməlli baxa bilmədi. Beləcə, tikan üstə oturubmuş kimi günü-günə, ili-ilə calamışdı, kimsəylə bölüşmədən. Bölüşmədikcə dərdi sinəsində qubar bağlamışdı.

Oqtay xəstə anasının özündən gedəcəyindən ehtiyat edib alçaq dəmir çərçivəni cəld aşıb içəri girdi. Cəld anasına yaxınlaşdı. Taxta ovuntusu barmaqlarının arasından qum kimi süzülüb axan Zərnisənin qoluna girib onu ovundurmağa çalışdı.

Nə qədər çətin olsa da, neçə vaxt idi götür-qoy edən, gələrkən cəsarətini toplayıb, "bu gün, ya heç vaxt" - deyə fikirləşən Zərnisə, qərarında qəti idi və əvvəl-axır hər şeyi yerbəyer edəcəyinə söz vermişdi. İllərdi sinəsini qurd kimi gəmirən sirrini özü ilə o dünyaya aparmayacağına, apara bilməyəcəyinə əmin idi. Daha bacarmazdı. Əjdərin dülgər Stepana düzəltdirdiyi xaçın ovulub tökülməsi də bir yandan ürəyinə xal saldı. Çimçindi. Bir anlığa yerə səpələnmiş xaçın qırıntılarından nəzərini çəkdi, göynəyə-göynəyə yanıb-yaxıldığını görən yəqin ki, "məni bura niyə gətirdin?" soracaq oğluna sarı baxmağa cürət etmədi, başını göyə qaldırıb "günahımı bağışla" deyib, son ümidi olan Allaha üz tutdu. Gəl ki, əli hər yerdən üzüləndə milyon kərə belə etsə də, həmişə məyusluğu, qəzəb doğuracaq uğursuzluğu gözlərində olan-qalan işığı da söndürmüşdü deyə, artıq yuxarıdan halını xoş edəcək bir işarə, bir səda gəlməyəcəyini duyub üzünü göydən çəkdi,  günahından xəcalət çəkib kədərini boğa-boğa, sakitcə "elə mən də bağışlamazdım", - deyə bildi. Və düşünəndə ki (əgər özündə təpər tapıb deyə bilsə), bir azdan həqiqətlərdən hali olacaq Oqtay da Allahı kimi ondan üz döndərər,  onu atar, - bir andaca vücudu titrəməyə başladı. Buna dözə bilməzdi. Anladı ki, illərdi pozulmuş hüzurunu darmadağın etdiyi həyatının son günlərində, nəhayət, nizama salmaq istərkən öz əliylə özünə gor qazır. "Birdən məni başa düşməsə, əfv etməzsə necə? Bəlkə hər şey elə olduğu kimi qalsa yaxşıdır?".

Çaşıb qalmışdı. Tərəddüd içində fikirlərinin haçalanması yekdil qərar verməyə mane olurdu. Qorxurdu. Əslində, çoxdan çıxarmış olduğu qərarına xitam verməyə cəsarəti çatmırdı. Onu son əməliyyata hazırlayan həkimin Oqtaya dediklərini qulaqlarıyla eşitdiyindən, həkim deməsəydi də öləcəyinə şübhəsi yox idi. Çünki iki ay qabaq, oğlundan gizlincə, başqa bir klinikanın tanınmış professoruna bütün müayinələrin, əvvəlki əməliyyatın nəticələrini göstərib, bacımdı, xahiş edirəm düz deyəsiniz, onun üçüncü əməliyyatdan sonra yaşamaq şansı varmı? - soruşanda, "bu xəstəlik üçün altı ay da az müddət deyil", - demişdi professor və kəsə verilən cavab əl-qolunu yanına salmış, oğluna yalvar-yaxar eləmişdi ki, bəs, boş yerə xərc çəkib pulunu havaya sovurmasın, əməliyyat olunmaq istəmir.   Həkimlərin nə vecinə, bazar alverçisi kimi xəstəyə müştəri gözüylə baxır, əlinə düşənin astarını üzə çevirməyincə əl çəkən deyillər... Kimə deyirsən, arvad inad etsə də, Oqtay anasının nəinki altı ay, bircə saat belə artıq yaşaması üçün puluna heyifsilənərdimi? Əlbəttə, yox!

Əməliyyatdan beş ay on üç gün keçir. "Bəlkə elə günü sabah öləcəm" deyərək Oqtayı dilə tutub rus qəbiristanlığına gətirməyində məqsədi çiynindəki ağır yükdən azad olmaq deyildimi? Bəs niyə birdən-birə fikri haçalandı? Sağ ikən, gözü-gözünə, üzü-üzünə baxa-baxa bu xəbəri verə bilməyəcəyinə tam əmin oldu Zərnisə. "Sən canını vaxtında qurtardın, Əjdər... Bir yastığa baş qoyduğun, nazını çəkdiyin arvadının əməlindən bixəbər köçüb gedən bəxtəvər... Nələr çəkdiyimi bilmədin. Bildirmədim. İçimdə odlanıb-yandım, sənə əzab vermədən. İndi də oğluma qıymaram. Onu itirə bilmərəm! Dözəcəm. Bu vaxtacan dözdüyüm kimi...".

Oqtayın sual dolu gözlərindən yayınmaq üçün başını onun sinəsinə dayayıb susdu. Oqtay, yad qəbiristanlıqda tanımadığı birinin məzarı başında haldan-hala düşən anasının gümüşü tellərini sığalladı, göz yaşını silib sakitcə soruşdu:

- Kimdi bu?

Zərnisə boğulub durmuşdu, dolmuş gözlərində gilələnmiş yaşı güclə saxlayırdı. Xeyli fikirləşəndən sonra özünü ələ alıb düşdüyü vəziyyətdən çıxmağa çalışdı:

- Rə... rəfiqəm-di, - dedi, - daha doğrusu, ba-cım... hə, hə, süd bacım. Son vaxtlar yuxumdan çıxmır, fağır. Söz vermişdim, oğlumla gələcəm üstünə. - Deyəsən, yalanına özü inandı. Oqtayın inanıb-inanmadığına məhəl qoymadan, nə deyəcəyini gözləmədən sinəsinə bir az da qısıldı; ürəyi şiddətlə döyünürdü oğlunun.

Geriyə yol yox idi. Yalan artıq ağzından çıxmışdı, indi qalırdı, bir dəfə də olsa evdə adı çəkilməyən, xatırlanmayan "süd bacısı" haqqında nağıl uydurmaq.

Bəlkə də, Zərnisənin nağılı çoxdan hazır idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!