"Dostlar"ımın istedadı... - Hekayə - Xeyrəddin QOCA

 

Sosial mediada belə bir status paylaşdım:

"Skvj.hgjkfdhgfdhK Jdnafndslvljclcvjdvhjlsdhvl sdhvlkvcmvkjv dlkvjsdlkvlksdvnvnlkvkldkgtp ojvlknkjhdsa kfdkfıldsk gılsdgkfjgkfjglkjfdglk sdjglkd vlsdnvkj

ncıvdfhkdıg lhmsaıld kılkılskfmlkmvc mnvmcxnvnfgkljglsf ghlsdkhglkdgkldjlkgdjs

glksjdglksjfgk lfdjhgkljb klvcbmkkg tısdvnbüe ytüetrd hgfjkdfk nfvmnvmç nvjhlkdgjd lsjglskdjglk".

Dostlar başladılar rəylər yazmağa: 

"Müəllim, siz nə yazırsınızsa, düz yazırsınız".

"Maraqla oxudum, səlis və rəvandır".

"Lap əla! Hər şey aydındır!".

"Bəzən adamın fikirləri də beləcə qarışır...".

"Dünya məni başa düşmür..." silsiləsindən...

"Sözün bitdiyi yer! Möhtəşəm! İnsan oxuduqca zövq alır, bir sözlə, şedevr!".

"Çox gözəl! Vaxtında və yerində deyilən postdur".

"Müəllim, hazırda teleradionun durumu belədir".

"Hörmətli yazıçı, bu, fəlsəfədir".

"Belə dostların sayı artdıqca şübhələrin də sayı artır...".

"Bu, yazı növüdür, yoxsa qarğa dilidir?".

"Maraqlı hekayədir, maşallah".

"Yəni insanların beləcə boş söz yığınından ibarət ("statusda söz var?") statusları daha çox maraqla oxuduqlarını yoxlamaq üçün testdir".

"İndi deyirsiniz, yəni bu boş statusdur?".

"Bu, testdir. Gör nə qədər araşdırma və təhqiqatlar aparılır status üzərində...".

"Müəllim, bağışlayın, iki yerdə vergül işarəsini unutmusunuz...".

"Pandemiya dövründə məşğul olmaq üçün gözəl krossvorddur".

"Yəqin ki, bu yazılar TƏBİB-in həkimlərə onlayn keçdiyi dərslərdəndir".

Biri baş barmağını yuxarı qaldıran əl rəsmi göndərib. Yəni əladır!

"Bəli, çox doğrudur!".

"Ləzzət elədi, ancaq heç nə başa düşmədim".

Bir başqası böyük hərflərlə "BRAVO" göndərib.

"Operativ Qərargahın "əlinizi iyirmi saniyə sabunla yuyun" məsləhətinə bənzəyir...".

"Sokratın yaradıcılığına çox bənzəyir".

"Siz tamamilə haqlısınız!".

"Skvj - bu da əla sözdür!".

"Əsəbləşmisiniz, müəllim?".

"Karantin vaxtı yazdıqlarınıza əməl edərik!".

"Həyatın qısa və aydın anlamı budur!".

"Birnəfəsə oxudum. Beynim elə rahatlaşdı ki... Nələr yoxdur bu yazıda... Siyasətdən tutmuş, diplomatiyaya qədər, efirlərimizdəki biabırçılıqlar da qeyd olunmaqla böyük ustalıqla yazmısınız".

"Təmiz söhbət!".

"Razıyam sizinlə".

"Az yazmısınız, saz yazmısınız, əllərinizə sağlıq!".

"Bəzi siyasətçilərin fikirlərinə uyğun gəlir".

"Kitayski vaksin vurandan sonra yazmısınız?".

"Bax, bu, başqa məsələ! Yazaram, atasını da yandıraram!".

"Çox maraqlı və aktual mövzudur".

Hiss etdim ki, mənim "facebook"dakı dostlarımın hamısının böyük istedadı var!

Bu "şedevr"in ərsəyə gəlməsi isə belə baş verib: "Facebook"un status yazmaq üçün "Nə düşünürsünüz?" guşəsindən istifadə etmək olmurdu. Proqramçıya apardım ki, düzəltsin. O da dedi ki, "bir neçə sətir status yazın, paylaşın". Mən tez olsun deyə, piano çalan kimi barmaqlarımı klavişdəki hərflərin üstündə gəzdirib sətirlər "yaratdım" və paylaşdım. Pozmaq yadımdan çıxdı. Bir-iki saat şəhərdə gəzib, evə qayıdanda gördüm ki, camaat bir-birindən "gözəl" rəylər yazıb...

Təmirə getməyimin xeyri o oldu ki, bu hekayə meydana çıxdı. Bir xeyri də o oldu ki, sosial mediadakı vəziyyət bir daha xalqa nümayiş etdirildi. Ən nəhayət, yəqin, siz də bir az güldünüz və "düşündünüz"...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!