HEKAYƏLƏR - Aygün BÜNYADZADƏ

 

Necə oldu ki, fəsillər

meydana gəldi

Belə deyirlər ki, çox-çox qədimlərdə, yer üzündə bir qadın yaşayırmış: bu qadının dörd övladı varmış. Əlbəttə, deyəcəksiniz ki, burda qəribə nə var ki? Hə, bax, təəccüblüsü o idi ki, bir ananın övladı olan bu uşaqlar bir-birinə qəti oxşamırdılar. Belə ki, birinci övlad hamıya və hər şeyə qarşı həddən artıq biganə və soyuq idi. Hətta, o qədər soyuq ki, hara gedirdisə, kimə yaxınlaşırdısa, istər-istəməz onu dondururdu. İkinci övlad tam əksinə - o qədər mehriban və canıyanan idi ki, rast gəldiyi hər kəsə yeni həyat verirdi. Üçüncüsü həddən artıq istiqanlı bir uşaq idi - o qədər istiqanlı idi ki, hara gedirdisə, hərarətinə heç kim dözə bilmirdi. O ki qaldı dördüncü övlada, bütün yuxarıda deyilən xüsusiyyətlərin heç biri onda yox idi. Amma o da çox ağlağan idi. Söz deməmiş gözünün yaşını sel kimi axıdar, ağladıqca doymazdı, bir də onda ayılardı ki, sel-su aləmi yuyub aparıb. Vay o gündən ki, kimsə bu ailəni qonaq çağırar və ya bütün ailə birgə harasa gedərdi. Əsl həngamə bundan sonra başlayırdı - həmin yerdə gah bərk isti olur, gah oranı sel-su yuyub aparır, gah ətrafdakı hər şey donub buz parçasına dönür, ən sonda isə hər şey yenidən dirçəlirdi.

Bir gün belə, beş gün, axır ki, camaat təngə gəlib, anaya müraciət etdi:

- Anacan, bəlkə, sən öz övladlarını da götürüb, tamam başqa bir yerə - o yerlərə ki, insan ayağı dəymir, oralara köçəsən? Yoxsa, belə getsə, sənin övladların bütün insanlığın sonuna çıxacaqlar.

Nə etməli? Ana və onun dörd başabəla övladı çox məsləhətləşdikdən sonra göylərə çəkilməyi qərara aldılar. Burada onlar heç kimə mane olmadan rahat yaşaya bilərdilər. Lakin çox keçmədi ki, övladlar doğma Yer üçün darıxmağa başladılar. Ana yenə də işə qarışmalı oldu:

- Mənim əzizlərim! - O, övladlarına müraciət etdi. - İndi ki, yer üzünü gəzməyi arzulayırsınız, nə deyirəm ki, gedin! Ancaq bir şeyi yadda saxlayın - əgər insanların sizi sevməyini istəyirsinizsə, hamınız birlikdə deyil, gedəcəyiniz yerləri növbə ilə gəzin.

Övladlar razılaşdılar. Yola düşərkən birinci övlad ananın qarşısında hörmətlə baş əyib xahiş etdi:

- Anacan, biz sən deyən kimi edəcəyik. Lakin xahiş edirik, izn ver, yer üzündə qalıb yaşayaq.

- Axı, bu mümkün deyil! - Ana həyəcanla cavab verdi.

- Biz hər şeyi götür-qoy etmişik! - İkinci övlad öz fikrini bildirdi. - Hər yeri növbə ilə gəzəcəyik.

- Hərəmiz ayrı-ayrılıqda, bir-birimizdən çox uzaqda yaşayacağıq ki, qarışıqlıq yaradıb, insanlara mane olmayaq. - Üçüncü övlad əlavə etdi.

- Yalnız hərdən, lap bərk darıxanda, bir-birimizə qonaq gedərik. Doğrudur, uşaqlar? - Dördüncü övlad həyəcandan gözlərinin yaşını güclə saxlayaraq xəbər aldı.

Ananın razılaşmaqdan savayı əlacı qalmadı. Ancaq bütün təkidlərə baxmayaraq, uşaqlarına yuxarıdan nəzarət etmək üçün özü əbədi olaraq göylərdə məskən saldı.

Uşaqlar isə yola düzəldilər. Birinci övlad Antarktida, Arktika və Uzaq Sibiri, ikinci övlad Afrikanı, üçüncü övlad Baham adalarını, dördüncü isə tropik meşələri özünə əbədi məskən seçərək növbə ilə dünya səyahətinə başladılar. Doğrudur, onlar elə indi də darıxanda biri digərinin yanına çox qısa müddətə qonaq gedir və elə bu zaman Afrikada yağışlar yağır, Uzaq Sibirdə günəşli günlər başlayır, Baham adalarında qeyri-adi soyuq günlər olur, tropik meşələrdə isə bütün təbiət yenidən canlanır.

Əziz dost! Yəqin ki, söhbətin kimlərdən getdiyini, ananın və onun dörd övladının adlarını artıq özün də deyə bilərsən. Bunlar Təbiət ana və onun dörd övladı - Qış, Bahar, Yay və Payız idilər.

 

Süpürgə, torpaq və...

 

Bizim bu balaca şəhərdə o qədər süpürgəçi var ki... Hər səhər tezdən onlara az qala doğmalaşmış süpürgələrini sağa-sola yelləyərək şəhərin küçə və meydanlarını süpürür, bacardıqları kimi səliqə-sahman yaratmağa çalışırlar. Əlbəttə ki, süpürgəçi dedikdə göz önünə ilk növbədə süpürgə gəlir. Nəql edəcəyim əhvalat da bu süpürgələrdən birinin başına gəlmişdi.

Bu Süpürgəyə əmək veteranı da demək olardı. Hər səhər tezdən sahibəsi ilə yol kənarını süpürür, süpürür və eyni zamanda...

Yox, hər şeyi əvvəldən danışası olacağam. Məsələ burasındadır ki, bizim Süpürgə artıq bir ilə yaxın olardı ki, eyni ərazini - yol qırağındakı torpağın üzərini süpürürdü. İşə başladığı ilk gün isə onun yaddaşına əbədi həkk olunmuşdu. Həmin vaxt indi tərtəmiz olan Torpağın üstü ən müxtəlif zibillə dopdolu idi. Elə təzəcə işə qızışmışdı ki...

- Çox sağ ol, indiyə qədər heç kim mənə belə qayğı göstərməmişdi!

Bu, Torpağın səsi idi. Səs o qədər incə idi ki, hətta süpürgənin bağının düyünü dözməyib öz-özünə açıldı.

- Bu nədir, torpaq o qədər çirkdir ki, süpürgənin bağı da dözmədi. - Deyinən   süpürgəçi bağa düyün vurub bağladı. - Eybi yox, bir neçə günə bu torpağı tərtəmiz edərik.

Və... başlandı. Bir neçə gündən sonra Torpaq tərtəmiz oldu. İndi o, elə gözəl, elə zərif idi ki! Elə Süpürgə də gördüyü işlə fəxr edirdi.

- Sən elə gözəlsən ki! - Bu cümlə hər səhər Süpürgə üçün "sabahın xeyir!"i əvəz edirdi.

- Bilsən hər gün səhərin açılmasını necə səbirsizliklə gözləyirəm! - Torpaq həyəcanla cavab verərdi. - Fikirləşəndə ki, mənim sevimli Süpürgəm indilərdə gəlib yenə də başıma sığal çəkəcək, məni tumarlayacaq...

- Eh, bu, hələ harasıdır? Sənin üzərini əsl çəmənliyə çevirəcəyəm! - bu sözlərdən ruhlanan Süpürgə işini daha böyük həvəslə davam etdirirdi.

Günlərin bir günü isə... Qoca süpürgəçi yolu keçərkən qəfildən sürətlə gələn bir avtomobili son anda görüb özünü kənara atdı, əlindəki Süpürgə isə yerə düşüb avtomobilin təkərləri altında qaldı. Onsuz da köhnə olan Süpürgə bu ağırlığa davam gətirməyib bir neçə yerdən sındı və... məhv oldu. Ən başlıcası isə o idi ki, bütün bunlar Torpağın gözü qarşısında baş verdi.

Həmin yay çox isti keçdi. Ətrafdakı hər kəs susuzluqdan yansa da, bizim bu balaca Torpaq sahəsinin nəmi heç cür qurumaq bilmirdi. Payızın əvvəllərində isə onun üzərində bir neçə cücərti görünməyə başladı - bunlar balaca süpürgə kolları idi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!