"Mırt" - Hekayə - Xeyrəddin QOCA

 

Keçəl Kosaya zəng edir:

- Kosa, Kosa, gəlsənə, bir "mırt" vuraq...

Kosa:

- "Mırt" nədi, ə?

Keçəl:

- Təzə sözdür, son zamanlar "söhbət" əvəzinə, küçə adamları düşüncəsində olanlar "mırt" deyirlər! Hoqqa çıxardırlar özlərindən!

- İşin-gücün yoxdur sənin?

- İndi iş-güc var? Pandemiya gözümüzü açmağa imkan verir ki?

- Bəzi yerlər işləyir, axı...

- Onun bizim kimi kasıb-kusublara dəxli yoxdur! Yaxşı, necə "mırt" vuraq?

- İllər boyu vurduğumuz "mırt"dan vuraq də... Məsələn, sənə bir sualım var: "Kosa" kimi əndirəbadi adı sənə kim qoyub?

- Neçə illərdir bir yerdəyik, indi yadına düşüb kosalığım? Ata-babalarımızdan yadigardır! Bəs, sənə kim qoyub "Keçəl" adını?

- Görmürsən, başım par-par parıldayır. Nümunə üçün bir dənə tüküm də yoxdur! Qaldı sənin kosalığına irad tutmağıma, səbəbi var. Səbəbi də odur ki, ancaq qarnını güdürsən, "harada aş, orada baş"san! Heç fikirləşirsən ki, Novruzda həmişəki kimi küçələrə çıxıb şit-şit hərəkətlərimizlə, tullanıb-düşməklə daha camaatın başını qata bilməyəcəyik?

- Niyə?

- Dedim axı, pandemiyadır. Karantindir! Heç, əvvəllər bu sözləri eşitmişdin? Haradan eşidəsən, ay bədbəxt?! Camaatı əyləndirməkdən başqa bir şey bilirsən ki?

- Yaxşı, bəs, biz necə dolanacağıq? Pul yox, para yox! Teatrlar bağlı, kinoteatrlar qapalı, klubların da qapısından bir kiloqramlıq qıfıllar asılıb! Yadımdadır, yumurta döyüşdürərdik, qapılara papaq atardıq, bacalardan şal sallayardıq, atdanıb-düşərdik... Pullu adamlar cibimizə pul basardılar. Getdi o günlər!

- Getdi! Getdi... Əlimizdən başqa bir iş də gəlmir. Özümüz də yavaş-yavaş yaşlaşırıq. Bu gün-sabah əksimizi kuklalar kimi eksponat eləyib, muzeylərdə şüşənin altına qoyacaqlar... Əzik-üzük paltarlarımızı da tonqalda yandıracaqlar!..

- Neçə illərdir tullanıb-düşüb camaatı əyləndirmişik, ölkədə bizi tanımayan yoxdur. Gəl, orda-burda meyxanadan-zaddan deyib, dövlətdən orden-medal istəyək. Deyərik ki, ömrümüz boyu alın təri tökmüşük, hamıya verdiklərinizdən bizə də verin. Necə ki, televiziyalarda şou əhli utanmadan deyir...

- A kişi, pulu birtəhər qazanmaq olar ey, orden-medal deyirsən, onu hər adama vermirlər, axı! Onlardan əlini üz!

- Bir qocaman meyxanaçı vardı ey, ona niyə verdilər?

- Əşi, o da bir işdir, oldu, keçdi...

- Bəlkə hərəmiz bir vəzifəyə gedək?

- Gərək səni kimsə vəzifəyə göndərsin ki, gedəsən də... Bir də fikirləş gör, bu savadla, bu başla bizi kim vəzifəyə götürər?

- Onu düz deyirsən. "Keçəl, Keçəl, gəlsənə, gəlib salam versənə" misralarını təkrarlamaqla adama vəzifə verərlər? Bir də vəzifənin də axırı yoxdur, axı! Görmürsən, işdən çıxan kimi biri mollalıq etmək üçün dini kitablar oxuyur, biri ferma saxlayır, qoyuna, mala baxır, deyir "dolanmaq lazımdır"... Bir başqasını tutub, damlayırlar, yığdıqları pulları da alırlar əllərindən! Başqa biri xalq içərisində biabır-rüsvay olur! Xaricə işləyən kim, dövlət içində dövlət yaradan kim... Hələ kolonlara bölünməklərini demirəm... Bir də biz oliqarxlar kimi o qədər pul görsək, ürəyimiz partlayar. Pulumuz çox olsa, mütləq orda-burda padşah sarayları kimi villalar tikdirmək fikrinə düşəcəyik, bizi salacaqlar dilə-dişə! Oturmuşuq da öz kasıb xarabamızda! Üçdə alacağımız, beşdə verəcəyimiz yox! Elə bilirsən, vəzifədə işləmək asandır? "Az aşım, ağrımaz başım", otur evində, səsini çıxarma! Dedim axı, bu gün-sabah "Bir qalanın sirri" filmindəki "padşah" var ha, bizə də elə - "eksponat" kimi baxacaqlar...

- Bəlkə, hərəmizə bir partiya yaradaq?

- Hə, bu, başqa məsələ!.. Görsək ki, özümüz bacarmırıq, bizi sayan yoxdur, qoşularıq güclü bir partiyaya, deyərik "biz sidq-ürəkdən sizin sıralarınızda addımlamaq istəyirik".

- Birdən güclü partiya bizi qəbul etmədi?

- O mümkün deyil! Hər partiya istəyir ki, üzvlərinin sayı çox olsun, daha da güclənsin. Heç olmasa, deputatdan-zaddan eləyərlər bizi...

- Qardaş, mən bilirdim axırımız belə olacaq! Quru yurdda qalacağıq! "Keçəl", "Kosa" nə məna verir, axı? Əsrlərdir bizi salıblar ortalığa. Adını da qoyublar "adət-ənənə". Bir pandemiya ki, bu "adət-ənənə"yə son qoyacaqdı, daha bunun nəyi "adət-ənənə" oldu?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!