Zəmanə adamı - "Vəziyyət ruscadır" - II yazı - PƏRVİN

PƏRVİN

 

Puşkin öldü...

Fransız Jorj Dantes öldürdü...

Dueldə!

Rus poeziyasının Günəşini söndürən adam kimi tarixə düşdü.

Puşkinin rəsmi nekroloqunda məhz belə yazılmışdı;

Rus poeziyasının günəşi.

Amma bu "günəş"in günahı vardı, Çarın qadağan etdiyi işi tutmuşdu... Bəli, duel yasaq idi, ona görə Aleksandr Sergeyeviç aldığı güllə yarasından sonra can verə-verə I Nikolayın sözünü gözləyirdi... Nə qəribədi, ölmək üçün Birincinin əmrini gözləmək lazım imiş... Günəş olmursan, kim olursan ol. Yaşadığın zamanın və zəmanənin əsirisən, vəssalam!

Belə baxanda, Çar şairə xəbər göndərmişdi, Jukovski vasitəsilə çatdırmışdı ki, həyat yoldaşından və uşaqlarından nigaran qalmasın, onların bütün xərclərini öz üzərinə götürmüşdü, hətta Puşkinin borclarını ödəyib ata mülkünü də qaytarmışdı. Amma günəşin sönməsi zülməti qaçılmaz edirsə, burda qaranlığı lənətləməyə səbəb də var axı... Və bunu ilk edən o zaman hələ 22 yaşında olan, özü də xəstəlikdən yatağa düşmüş Mixail Lermontov idi. Müxtəlif şayiələri, gerçəyə yaxın, ya da uzaq xəbərləri alan gənc şair elə isti başla bir neçə misra qaralamışdı da... Əlyazması müxtəlif dairələrdə yayıldıqca özü də yetişmişdi, şeiri də. Şeirə əlavələr edir, bir az da qəlizləşdirmişdi vəziyyəti...

 

"Siz ey rəzilliyə əyilənlərin

Dikbaş xələfləri, məğrur əyanlar,

Tale qırmancıyla döyülənləri

Kölə dabanıyla tapdalayanlar!

O ac gözləriniz niyə doymadı

Ey taxt ətrafına daraşan yığın

Sizsiniz qatili, əzəl cəlladı,

Dühanın, Şöhrətin və Azadlığın!

    (Tərcümə: Eyvaz Borçalı)

 

Çar deyir, yalnız psixi xəstə belə şeir yaza, taxt ətrafında yığışanları "qatil", "cəllad" adlandıra bilər... Təklif edir ki, şairin başını.... yox, vurmasınlar, sadəcə  yoxlasınlar, lakin dostu Rayevski ilə birgə çəkildiyi məhşər ayağında gənc və təcrübəsiz Mişel (curları onu belə adlandırırdılar) nə qədər yumşaq danışmağa çalışsa da, xeyri olmur. Sürgün edilir, özü də "isti Sibirə" - Qafqaza... Niyə Qafqaza? Ona görə ki, Şeyx Şamilin mübarizəsi, müharibəsi bitib-tükənmək bilmirdi və bura sürülənlərin hansısa başqa səbəbdən ölüb getmə "şansı" daha çox idi. Məsələn, elə Bestujev-Marlinski kimi... Dekabristlərlə danışığa girdiyi üçün sürgün edilən və Qafqaz mövzusunda əsərlər yazan Aleksandr Bestujev haqda xeyli danışmaq olar. Amma bu yerdə onun Mirzə Fətəlini tərcümə etməsi faktı daha çox yerinə düşür. Çünki istedadı aşıb-daşan Mixail Yuryeviç "Şairin ölümü"nü qələmə alanda bizim bu səviyyədə düşünən Mirzə Fətəlimiz vardı və heç də onun şeirindən geri qalmayan "Şairin ölümünə Şərq poeması" yazmışdı. Mən bir anlıq Mişeldən yayınıb mütəfəkkirlərin, istedad sahiblərinin, zamanın çarxını yönləndirən dahilərin varlığının verdiyi gücdən söz açmaq istəyirəm. Bəli, XIX əsrdi və indi təkcə rus yox, dünya ədəbiyyatına təsir göstərmiş bu isimləri,  mövzuları sadalayanda doğma bir ad, qoy lap elə sadəcə öz xalqının taleyinə, düşüncəsinə təsir etmiş, intellektual səviyyəsinə, fəhminə, istedadına görə heç də daha inkişaf etmiş millətlərin ziyalılarından geri qalmayan Mirzə Fətəli necə böyük güc verir hə?

 

...Rus torpağı, yas tutub, fəqan qızlar ki:

- Ey qatillər əlilə ölən namidar!

Qurtulmadın zamanın qanlı şərindən,

Tilsimin də olmadı sənə havadar.

Sən ki, çıxdın dostların əlindən, burax

Üstünə haqq rəhməti olsun sayədar.

Torpağına saçmağa iki gül ətri

Qopar Baxçasaraydan bir incə rüzgar.

Tutulub bu xəbərdən ağ saçlı Qafqaz

Səbuhinin şeirilə yasını saxlar. 

         (Tərcümə: M.Müşfiq)

 

Qəribə bir lənətlənmiş dairə yaranır... Puşkin öldü, Lermontov susa bilmədi... Əslində, axı Aşıq Qəribin "Desəm öldürərlər, deməsəm ölləm" ifadəsi birbaşa Mixail Yuryeviçin həyat devizi idi və elə bu dastana maraq göstərib, bu mövzuda yazması da təsadüfi deyildi... Ölüm varsa, qoy deyim - öldürsünlər, ürəyimdə qalıb içəridən didməsin, dağıtmasın, ciyəri parçalamasın üfunət qoxulu köhnə əzablar... Və çox çəkməyəcək, dili dinc durmayacaq, əlini saxlamayacaq və o da dueldə öləcək...

Hə, Puşkin öldü, Mirzə Fətəli poema yazdı, Bestujev-Marlinski çevirdi və dağlı gülləsindən məhv oldu, cəsədi ələ də gəlmədi, tapılmadı... Bir əsr keçdi, Mikayıl Müşfiq farsca yazılmış "Şərq poeması"nı bizim dilə tərcümə etdi və o da gənc yaşında repressiya olundu, adada güllələndi və "son mənzili Xəzər oldu"... Mənim Dərviş Məstəli şaha müraciət edib burda hər hansı mistik səbəb axtarmaq fikrim yoxdu... Amma məsələ burasındadı ki, elə bil yüz-yüz illərdi zaman adlı gəmi batmaqdadı və bu adamları artıq yük kimi atır özündən... Dantesin, Martınovun, repressiya maşınının vasitəsilə atır. Niyə? Çünki onlar həqiqəti deyirlər. Ən azı gəminin içinə dolan suya işarə edirlər... Zamana isə bu sərf etmir, görməzdən gəlib çalıb-oynamaq daha rahatdı! Bu mənada "Qurtulmadın zamanın qanlı şərindən" - deyən Mirzə Fətəli də,  "Sizsiniz qatili, əzəl cəlladı - Dühanın, Şöhrətin və Azadlığın" yazan Lermontov da haqlı idilər. Amma zamanın qanlı şəri içində azaqlıq qatilləriylə mübarizədən çəkinmək, "Maskarad" iştirakçılarına meydan vermək demək idi... Mixail Yuryeviçin isə belə bir fikri yoxdu. Həm də Puşkinin başladığı yolu davam etdirmək, sənətdə yeni istiqaməti möhkəmləndirmək mühüm idi!

Məhz "Zəmanəmizin qəhrəmanı" əsəri böyük və çoxtərəfli mübarizənin simvolu hesab edilə bilər... Çoxtərəfli deyirəm, ona görə ki, müəllif elə yazdığı ön sözdə niyyətini gizlətmir, oxucunu yeni bir "level"ə, mərhələyə, keyfiyyətə keçirmək arzusunu açıq ifadə edir:

"Camaatımız o qədər gənc və sadədir ki, bir əsərin sonunda əxlaqi nəticə görmədikdə onun mənasını anlamır. Millət zarafatı sezmir, kinayəni duymur, bir sözlə, o, yaxşı tərbiyə edilməmişdir.

...Bəziləri Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir adamın onlar üçün örnək şəklində göstərilməsindən daha çox incidilər, bəziləri isə çox incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və tanışlarının portretini çəkib... Nə qədər köhnə və miskin bir zarafat! Nə edəsən, görünür, Rusiya elə yaradılmışdır ki, belə mənasız şeylərdən başqa, orda hər şey yenilənir...".

"Vətəni qəribə bir sevgi ilə sevirəm" - deyən yazıçının yanaşması (öz millətinə ayıq və tənqidi baxması) çox dəqiqdir. Millətin yaxşı tərbiyə olunmadığını  vurğulayır, amma əsərin sonunda əxlaqi nəticəni də qəbul etmir. Məhz bu ideya ilə sənətin didaktik material yox, düşüncəyə, ruha təsir edə biləcək vasitə olduğunu qəbul etdirmək son dərəcə vacib idi. Amma bununla belə, oxucunun elə bu gün də Zəmanə qəhrəmanının - Peçorinin xarakterində, davranışında Mişelin özünü axtarması boşdan yaranmayıb.

Puşkin öləndən sonra bir gecədə məşhurlaşan Lermontov haqda - ona Puşkinin ruhu köçüb - deyirdilər... Amma indi elə təkcə şeirlərini müqayisə etdikdə Puşkinin necə işıqlı, pozitiv, şux olduğunu, Lermontovun isə əksinə, bədbin, ümidsiz, tənha bir ovqatda əsərlər yazdığını görürük. Ədəbiyyatşünaslar  bu gənclik pessimizminin səbəbini şəxsi həyatla bağlayırlar. Məncə də şair rahat və dəbdəbəli həyatı "seçdiyi" üçün ömrü boyu kompleks keçirirdi... Ana nənəsi Yelizaveta Arsenyeva onu öz varisi elan etməklə tüfeyli həyat yaşayan atasından ayrı salmışdı. Qızının bu avara ilə izdivacının elə əvvəldən əleyhinə olan əsilzadə  nənə ona vəfat etmiş balasının əmanəti kimi qalmış Mixaili taleyin ümidinə buraxa bilməzdi. Yeniyetmə yaşında Mişel üsyan edib atasının yanına getmək istəsə də, təcrübəli və müdrik qadın tezliklə hər şeyi başa salır ona... Amma burda da bədbinliyin başqa səbəbi gizlənir. Uşaq vaxtından Dekabristlərin çoxunu nənəsinin və onun qardaşı Stolıpinin evində görən Lermontov beş nəfərin asılmağından sonra özünə qapanır. Üstəgəl, gənclik eyforiyası, böyük istedadının kiçik nəticələr və reaksiyalar almasından doğan təklik... "Heç kimə lazım deyil" - düşüncəsi... Axı sadəcə Bayronu orijinaldan oxumaq eşqi ilə ingilis dili öyrənən gənc daha böyük ümidlər, arzularla yaşayır. Məşhur "Dilənçi" şeirində dediyi kimi... Ovcunu açıb çörək gözləyən zavallının əlinə daş qoyurlarsa, necə yaşasın.

Hələ üstəlik, sevgi sarıdan da qırıqlıq... Varvara Lapuxina adlı xanıma aşiq olan Mişel ömrünün sonuna kimi qovuşmamaq, istəyinə çatmamaq kompleksi ilə yaşayırdı. Gözəl rəssamlıq istedadı vardı və çəkdiyi rəsmlərin içərisində Varvaranın portretləri ayrıca yer tuturdu. Beləliklə, bütün bu kəmliklərdən doğan komplekslərinin, hətta mənfi cəhətlərinin Peçorinin xarakterində görünməsi müasirlərini də, bu günün oxucusunu da düşündürməyə bilməz... 

Ümumiyyətlə, rus ədəbiyyatında ilk dəfə Jukovski şəxsi həyatla yaradıcılığın sərhədini dağıda bilmişdi, yaşananla yazılanı eyniləşdirməyi bacarmışdı. Bunu Belinski də təsdiq edirdi... Amma məhz Lermontov yaradıcılığında bu üsul bir qədər də "leqallaşdı"... Peçorin elə Mişelsayağı əsəbi, cığal, cırtqoz, biganə, xudpəsənd bir adamdı. O, həmişə narazıdı, hər şeydə səhv axtarır. Povestə daxil olan ilk "Bela" hekayəsində Maksim Maksimıçla söhbəti onun xarakterini anlamağa yardımçıdır:

"Məni dinləyin, Maksim Maksimıç! Mənim uğursuz xasiyyətim var.  Tərbiyəmmi məni  belə yaratmış, Allahmı məni belə yaratmış...  Gəncliyimin ilk günlərindən mən pulla əldə edilə biləcək bütün zövqlərdən qudurmuşcasına istifadə etməyə başladım. Mən o zövqlərdən iyrəndim. Sonra yuxarı cəmiyyət içərisinə atıldım. Bu cəmiyyətdən də nifrət etməyə başladım. Gözəllərə aşiq olurdum.  Onlar da məni sevirdilər. Lakin onların sevgisi ancaq mənim xəyallarımı və izzəti-nəfsimi qıdıqlayırdı, qəlbim də boş qalırdı. Mən mütaliəyə, bilik, təhsil almağa başladım. Elmdən də zəhləm getdi. Şöhrət və bəxtiyarlığın ondan asılı olmadığını gördüm. Çünki ən bəxtiyar insanlar cahil və nadandır. Şöhrət isə təsadüfidir. Bunu əldə etmək üçün bir qədər çevik olmaq lazımdır. Belanı öz evimdə gördüyüm ilk dəfə onu dizlərimin üstünə oturdub tellərini öpdüyüm zaman mən axmaq elə zənn etdim ki, bu, mərhəmətli tale tərəfindən mənə göndərilmiş bir mələkdir. Mən yenə səhv etdim. Vəhşi   qızın məhəbbəti adlı-sanlı bir xanımın məhəbbətindən o qədər də yaxşı deyil. Ötəkinin naz-qəmzəsi insanı təngə gətirdiyi kimi, bunun da nadanlığı və sadəliyi adamı bezikdirir.

Mənim ruhumu yuxarı cəmiyyət xarab etmiş, düşüncələrim dinclik bilmir. Hər şey mənə az gəlir. Həyatımda boşluq gündən-günə artmaqdadır...".

Ekzistensializm fəlsəfəsinin yaranmasına bir əsr vardı hələ, məhz iki dünya müharibəsindən sonra bu istiqamət meydana gələcəkdi. Əslində, müharibədən sonra insanın dünyayla yadlaşması, özünə qapanması və həyatın faniliyinə əminliyi, heç nədən zövq almaması o qədər təbii idi ki... Elə isə Lermontovun da özündən nələrsə qatıb Peçorini yaratması və bununla ekzistensial nəzəriyyəni yüz il qabaqlaması təsadüf idimi? Qətiyyən! Axı Peçorinsayağı daha sərt desək "qudurğan adam" artıq vardı rus ədəbiyyatında, Puşkinin Onegini Peçorinin başlanğıcı, təməli deyildimi... İntəhası Onegin yalnız Tatyananın sevgisini dəyərləndirmir, ona biganəlik göstərir. Peçorin isə ətrafında hər kəsə bədbəxtlik gətirir... Bela, knyajna Meri, Qruşnitski, Maksim Maksimıç bu insanların hər biri Peçorinin əndərbadi xasiyyətinin şablon desək, qurbanlarıdır.

Vladimir Nabokov Lermontovun əsərində qurama məqamlara etiraz edirdi, onun qadın xarakterlərinin rəngsiz olduğunu deyirdi... Amma bununla belə, müəllifin yaşını və təcrübəsizliyini nəzərə alsaq "Zəmanəmizin qəhrəmanı" elə qaydaları alt-üst etməsilə, roman içində roman, çarpaz zamanlar təhkiyəsi ilə mükəmməldir, heyrətamizdir. Hətta Çexov Lermontov nəsrində bircə sözün belə artıq işlənmədiyini və ondan öyrəndiyini gizlətmirdi. Tolstoy gündəliklərində psixoloji nəsrin incəliklərini Lermontovdan əxz etdiyini yazırdı...

Elə Peçorinin gündəliyinə ön sözdə qeyd olunmuş əsas ideya - İnsan ruhunun, hətta ən xırda insanın belə ruhunun tarixi bütöv bir xalqın tarixindən daha maraqlıdır - fikri günü bu gün də hər kəsi düşünməyə vadar edir...

Çünki Lermontov zəmanə adamı ruhunun tarixini heç də yaxşı görmürdü. Xüsusən zadəgan cəmiyyətində müşahidə etdiyi riyakarlıqlar onu "Maskarad", "Demon" kimi mövzularda yazdırmışdı... Amma məhz Peçorinin simasında bu problemləri ümumiləşdirə bilmişdi. Hətta Çar I Nikolay da əsərə etiraz etmişdi, axı niyə qüsurlu bir adam - Peçorin qəhrəman olmalıdı, ondansa daha dürüst biri - Maksim Maksimıç daha uyğun deyilmi Zəmanə qəhrəmanı adına?! Xeyr, uyğun deyil, çünki bu, Lermontov idi, həqiqəti yazmalıydı, deməsəydi də, desəydi də öləcəkdi. Üstəgəl, çəkdiyi karikaturalar da bu mübarizəsinin tərkibi idi. Bütün bunlar yaxşı yerə aparmırdı; dəfələrlə karikaturalarında rişğənd etdiyi, məclislərdə atmaca atdığı Martınov da demişdi bunu.  

Lermontov qəribə bir fəhmlə öz ölümünü yazıb sanki povestdə... Amma həyata, zamana və zəmanəyə biganə Peçorin üçün də, Lermontov üçün də ölümün bir qəpiklik mənası yoxdu! Hələ üstəlik, elə hər ikisinin varlığı da, yoxluğu da yeni həyatın, yeni sənətin davamı idisə...

Bəli, bu, XIX əsrdi... Rus nəsri hər gün yenilənir, dəyişir, inkişaf edir... Bir janr, istiqamət möhkəmlənməmiş yenisi meydana gəlir... Realizm hələ tam yerini almamış sürrealist əsərlər yazılır. Bu haqda isə gələn dəfə...

Qoqoldan danışacam!

Şinelindən yox!

Burnundan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!