Qəzetlər və oxucu

Orxan ARAS

Elə ilk sözü yazmağa başladığımda içimdən bir günəşin doğulduğunu və o günəşin ürəyimi isitdiyini hiss edirəm. O anda yanaqlarımın qızardığını, gözlərimin parıldadığını, əllərimin eynilə bir dəli kimi yazacaqlarımın üzərinə atılmağa hazır gözlədiyini anlayıram. Bəzən yazacağım mövzunun təsiri altına elə düşürəm ki, daha kağıza tökmədən otaqdan otağa dolaşır, stəkanıma çay doldurur, mətbəxdə masanın üzərində gördüyüm meyvə və ya çərəzləri alıb bir ac qurd kimi yeməyə çalışıram. Əslində, dərdimin aclıq olmadığının fərqindəyəm. Kəlmələrin məni əsir alaraq o əsarətdən bir an öncə qurtulmaq istədiyimi bilər və yazmağa tələsərəm.

Tanıdığım bəzi yazıçı və şairlərin də eyni şəkildə yazarkən həyəcanlandıqlarını, mütəmadi siqaret çəkdiklərini, kofe içdiklərini bilirəm. Mərhum yazıçımız İsa Hüseynovun gecə evdə hər kəs yatdıqdan sonra özünə çay dəmlədiyini, masasının üstünə pendir-çörək qoyduğunu, yazı əsnasında tüstülətmək üçün müştüyünü təmizləyib hazır qoyduğunu mənə söyləmişdilər.

Sanıram oxucular da oxuyarkən fərqli duyğulara qapılmaqdadırlar. Müharibədən sonrakı Almaniyanın ən önəmli yazılarından Ziqfrid Lens özünü bir oxucunun yerinə qoyaraq duyğularını belə yazmışdı: "Oxumaq kəsinliklə risqli bir fəaliyyətdir. Oxuyarkən özümüzə aid nədənsə vaz keçər və yazıda özümüzü yenidən kəşf edərik".

Yazıçı Virginia Voolf isə yazıçının oxucunu cənnətə götürdüyünü deyərək, "cənnətin kəsintisiz, yorucu olmayan oxumalar olduğunu" iddia edir.

Yazıya və ya düşüncələrini başqalarına çatdırma çabasına  İnsan oğlunun həyata anlamlı gözlərlə baxdığı andan etibarən ehtiyac duyulmuşdur. Əsəd Bəy 1928-ci ildə Berlində "Ədəbiyyat dünyası" qəzetində çox kefli bir yazı qələmə almışdı. O, yazıda dünyada qəzetlərin necə çıxarıldığı və oxucuya çatdırıldığından bəhs edirdi:

"Kiçik bir ərəb ölkəsində xəbərlər bir müddət yumurta qabığına yazılır və redaktor (eyni zamanda yumurta satıcısı olan) tərəfindən abunəçinin evinə daşınırdı. Fransada kətan şəridlərə bir qəzet basıldı. Qəzetin adı "Necade" idi və sahil şəhərlərində satılırdı. Üzərindəki mürəkkəb asanlıqla yuyula bilir və qəzet daha sonra dəsmal niyyətinə də istifadə oluna bilərdi. Baltimordan bir şirniyyat ustasının qəzeti daha uğurlu idi. Şəkər piltələrin üzərinə şokolad ilə yazılmışdı; qəzeti alan qonaqların da onu yeməsinə izn verilirdi".

Əsəd Bəy maraqlı qəzetlərlə bağlı yazısını daha da şişirdərək hətta it dilində belə qəzet çıxarıldığını iddia etməkdə idi:

"Nyu-Yorkda yarı dəli bir adam it dilində bir qəzet çıxarırdı. Bu qəzet latın hərfləriylə basılmışdır, ancaq məqalələr redaktorun fikrinə görə sadəcə itlərin anlaya biləcəyi bir dildə yazılmışdır. Gözəl it sahibləri qəzeti hər gün sevdiklərinə oxuyar və yazıların böyük bir diqqətlə təqib ediləcəyinə inanardılar. Yeri gəlmişkən, nadir qəzet sevənlər Nyu-York qəzet kataloqunda çox maraqlı məlumatlar əldə edə bilərlər. "Ağcaqanad dostları jurnalı", "Bəşəriyyəti xoruldayan bir qəzet", "İnsan sevməyənlərin qəzeti", "Çətirlərdən nifrət edənlər üçün qəzet", ayaqqabı istehsalçılarının nəşr etdirdiyi "Topal jurnalı" belə vardı".

Əsəd bəyin adlarını çəkdiyi qəzetləri görmədim, amma Almaniyada ayaqyollarında tualet kağızına yazılmış xəbərləri və reklamları oxudum.

Mən ilk yazılarımı Almaniyadakı bəzi qəzet və jurnallarda yayınlasam da, Azərbaycanda ilk yazılarım 1994-cü ildən etibarən bəzi jurnal və qəzetlərdə yer almışdı. Amma mütəmadi olaraq yazılar yazmamın tarixi 2004-cü ildən başladı. Rəhmətlik jurnalist dostum Tofiq Abdin məni Rəşad Məcidlə tanış etmişdi. Onun da cəsarət verməsi üzərə hər gün "525-ci qəzet"ə məqalələr yazdım. "Ədəbiyyat qəzeti" ilə tanışlığım isə daha əski tarixə dayanır. İğdırda tələbəykən ilk dəfə "Ədəbiyyat qəzeti"ni ədəbiyyat müəllimi Zeynalabdin Makasın evində görmüşdüm. Sanıram 1986-cı il idi. Yeni öyrəndiyim kiril əlifbasındakı qəzetin içində yer alan şeir və hekayələrlə birlikdə uydurma sovet ideologiyasının təbliğatını belə oxumuşdum.

"525-ci qəzet"də yazarkən dünyanın hər yerindən məktublar alırdım. Qəzetin Kipr, Amerika, Rusiya, hətta Kanadada belə oxunduğunu görüb sevinirdim. Ərzurum Dövlət Xəstəxanasından bir həkim qəzeti hər gün oxuduğunu, bu yolla, sanki Azərbaycanı ziyarət etdiyini yazmışdı. Moskvadakı bir həmyerlim isə Azərbaycan qatarları ilə rus qatarlarını müqayisə edərək, məndən qatarların təmiz olması üçün kömək istəmişdi. Mənə yazılan yüzlərlə məktubu hələ də saxlayıb qoruyuram, vaxtım olduğunda yenidən göz atıram. O məktublarda eyni duyğulara sahib olduğum insanların yumor dolu dünyalarını, kədərlərini, hüzünlərini görür, dilimizə, mədəniyyətimizə bağlılıqlarına görə sevinirəm.

"Ədəbiyyat qəzeti" ilk gördüyüm gündən bu günə qədər uzun yol qət etdi. Azər Turan qəzetə həqiqətən rəng qatdı. Bu səbəbdən qəzet çox fərqli oxucular tərəfindən oxunan bir qəzet halına gəldi. "Ədəbiyyat qəzeti"ndə nəşr olunan yazılarımdan sonra aldığım məktublarda bu rəngarəngliyi və marağı yaxından görməkdəyəm. On doqquz yaşlı yevlaxlı oxucum "Ədəbiyyat qəzeti"ndə çıxan "Qarğa analar" adlı yazımdan sonra anasına daha fərqli və diqqətlə baxmağa başladığını yazmışdı. Yenə bir başqa oxucum "Tənha həyatlar" yazımı oxuduqdan sonra iki səhifə ruhsal yalnızlığından bəhs edən bir məktub göndərmişdi. Oxucu profili və yaşı dəyişdikcə yazılarıma olan güvənin daha da artmaqda və yazarkən daha çox həyəcan hiss etməkdəyəm. "Dil və yabançılaşma" başlıqlı yazıma reaksiya verən bir xanım oxucum, mərhum İsa Hüseynovun riyaziyyatçı bacısı Svetlana xanımın (82 yaşında) hər həftə yazılarımı oxuduğunu, qəzetləri yanıbaşında dağ kimi yığdığını, onlara heç kimin toxunmadığını bildirincə çox sevinmişdim. Belə vəfalı və yazıya önəm verən, bu yaşlı vaxtında oxumağı əsla buraxmayan belə gözəl ananın əli öpülməzmi?!

Yazmaq yazıçı üçün uzun bir xidmətdir. Oxucu üçün isə öz dünyasından ayrılıb başqa bir dünyaya ayaq basmaqdır.

 

İllüstrasiya: Francis Luis Mora "Subway riders in NYC"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!