Oyanış - Hekayə - Bahəddin SALMAN

 

"Kimsə ümumi iradəyə tabe olmaqdan imtina etsə, buna bütün orqanizm tərəfindən məcbur ediləcəkdir,

bu isə o deməkdir ki, onu azad olmağa zorla məcbur edəcəklər...

                                                                                              J.J.Russo

 

Taxta kətilə əyləşib, yarısı torpağa basdırılmış zəncirləri təngnəfəs halda aşağı-yuxarı dartdı. Az qalırdı bağrı çatlaya. Üzünü yana çevirib, başını aşağı əydi. Beləcə zəncirlərdən çıxan səsi daha aydın eşitmək istədi, amma bu alınmırdı. Başını yuxarı qaldırdı. Güllələr qaranlıq göy üzündə ulduz kimi sağa-sola süzür, top səsləri az qalırdı qulaqlarını batırsın. Zəncirləri kənara tullayıb beli götürdü və tələsik torpağı qazmağa başladı. Hər dəfə beli yaş torpağa vurduqca "Tapbıyajaxlar! Tapbıyajaxlar e! Elə basdırajam ki, tapbıyajaxlar! Yəni buralara bir də gəlmərəm?!" deyirdi. Çala get-gedə dərinləşir, dərinləşdikcə də həyəti görə bilmirdi. Başını qeyri-ixtiyari yuxarı qaldıranda, rəngini aydın seçmədiyi bir at, ağzında tutduğu, şəkilsiz çərçivəni çalaya atdı və şaha qalxıb kişnədi.

Gördüyü yuxunun təsirindən həyəcanla gözlərini açan Sadiq - Allah sənə şükür! - deyib, yatağında dikəldi. Bu yuxunu artıq on birinci gecəydi ki, görürdü. Təngnəfəs halda otağın işığını yandırdı və cəld çarpayının ayaq tərəfindəki divar saatına yaxınlaşdı. Əllərini belinə söykəyib - Bilməy olmur bu evin kişisi mənəm, yoxsa hər gün mənim ajığıma səni işə salan arvad! - əqrəbləri hərəkət etmiyən ancaq "çıkkıltı" səsləri çıxaran saatın arxasındakı düyməni yuxarı dartıb hərəkətini dayandırdı.

- Yəqin, o ayılana qədər kişi özüm olajam! - deyə saatı təkrar yerindən asdı.

- Elə həmişə sənsən! - üzü pəncərəyə uzanmış arvadı yuxulu-yuxulu çarpayıdan mızıldandı.

- Qoymadın e, bir dəqiqə söz sahibi olmağa, qoymadın! - Sadiq gah yekə qarnını, gah da kürəyini qaşıya-qaşıya qayıdıb yerinə uzandı.

- Heç olmuya büyün işığı söndürə bilərsən? - deyə narahat olmuş qadın yerində sağa-sola çevrildi.

- Mən sənin işdəmiyən saatıın çıkkıltısından yata bilmirəmsə, sən də belə çürüməlisən. Qoy deşsin gözlərini! - kişi yorğanı onun üstündən dartıb, öz üstünə çəkdi və üzü tavana sarı gözlərini yumdu.

- Yenə həmən yuxu?

- Əşşi söhbət yuxudan getmir, axı, at getsin də bu saatı!

- Saat işdəyir e, əqrəblər bir-birinin üstündə ilişif deyən hərəkət eləməyə majal tafmıllar.

- Bu saatdan saat olmaz!

Ətrafa sakitlik çökdü. Qadın yerindən astaca qalxdı. O, hansı tərəfə ayaq bassa, taxta döşəmənin cırıldıyacağını yaxşı bilirdi. Bir qədər ayaq üstə götür-qoy etdikdən sonra ərinə tərəf çevrildi.

- Tualetə getmək istəyirəm, - dedi.

Sadiq cəld gözlərini açıb ona baxdı.

- Səsdən əsəbləşmiyəssən? - qadın soruşdu.

O, qadının üst çənəsindəki orta dişlərdən birinin boş qalan yerinə baxıb dərindən köks ötürdü və başını yelləyərək etiraz etmədiyini bildirdi.

Geri qayıdanda ərinin gözlərini tavana zilləyib, fikirli-fikirli düşündüyünü gördü, işığı söndürmədən yerinə uzandı. Bir-iki dəqiqə gözləri yumulu halda sakit uzandı. Axırda səbri çatmayıb, ərinə tərəf çevrildi:

- Bu dəfə nejə gördün?

Əslində, qadın yuxunun günlərdir ərinə verdiyi əsəbilikdən təngə gəlmişdi. Amma o, nə illah edirdisə, yuxuda nə baş verdiyini ərindən öyrənə bilmirdi. Məsələni özündən uydurduğu, amma ərinə deməyə ürək eləmədiyi hansısa bir xəyali qadın obrazının üstünə yıxmaq da istəmişdi. Lakin yanında uzanan keçəl, şişman qarınlı, boyun-boğazının, sinəsinin tükləri çallaşmış, əlləri cadar-cadar olmuş kişiyə diqqətlə baxanda, onun qısqanılacaq bir şeyinin qalmadığını görüb susmuşdu.

- Araba lap məni yorub. Qırağa az pul ata bilsəydim, bazardan balaja bir yer götürüf, malları orda satardım.

"Söhbəti yenə başqa yerə çəkdi", - deyə qadın düşünüb dilləndi:

- Arabanın harasısa xarab oluf?

- Təkərrəri yeyilif. Elə bil, əlimnən qatar dartıram.

- Bəlkə, sabah təkər alasan? - qadın dedi və ona hiss etdirmədən yorğanı azca özünə tərəf dartdı.

Eşitdiyi son söz Sadiqi, elə bil, min voltluq cərəyan kimi vurdu. Heyrətlə arvadının şirin hiyləgərlik süzülən üz-gözünə baxıb başını yellədi.

- Özünü xan qızı kimi aparmıyıf bir gəlini yola versəydin, mən də oğlunun ailəsi üçün tutduğum evin kirəpulunu dərdi-sərimizə xərjdihərdim. Aylıq üş yüz əlli manat. Üş yüz əlli manat e! - təkrarladıqca daha da alovlanırdı - Oğlun da elə sənin tayındır. Mən illərdir daxmada qalım, xan nəvəsi təzə təmirli bina evində...

- A kişi, sən qaldığın o daxmada mən də qalıram. Bir də ki biləsən, ev içində ev olmaz! - qadın gözlərin nazla süzdürüb, sol əlini gizlicə aşağı uzatdı və yorğanı bir qarış da özünə tərəf dartdı. - Həm də sən atasan, gərəh balana xərjdədiyin pullara görə yanmıyasan.

- Yəni deyirsən çəkdiyim əziyyətə görə hayfıslanmıyım?

- Əziyətini kim itirir ki? - qadın sağ əliylə ərinin qoluna tumar çəkib, sol əliylə yorğanı yenə ehmalca özünə tərəf dartırdı ki, kişi yorğanı onun üstünə atıb ayağa qalxdı.

- Ala sən canın! Mən nədən danışıram, gör bir bu nə bijdik eliyir!

Qadın tez yorğana bürünərək, üzünü yana çevirdi. Sadiq öskürə-öskürə otağın küncünə qoyulmuş stulun başındakı paltarlarını geyindi. Yeldən sızıldaşan ayaqlarının ağrısından ləngər vura-vura dəhlizə keçdi. Üstü çat-çat olmuş ayaqqabılarını geyinib evdən çıxdı. Çox keçmədi ki, geri qayıdıb, dəhlizin qapısını açdı və arvadına səsləndi:

- Yatdın?

- Yox nə idi ki? - qadın cəld yerində dikəldi.

- Əyər kəndə qayıda bilsəh, day heş nəyə hayfıslanmıyajam.

- Onu bildiy e, gözlə, yemək hazırrıyım.

- Zəhərin olsun! İstəmirəm! - kişi hirslə dedi və dəhlizin qapısını necə çırpdısa, evin divarları silkələndi. Qadın buna məhəl vermədi. İki dəqiqə sonra evi xorultu səsi bürümüşdü.

Sübhün işığı hələ parıldamamışdı. Bir azdan hamı, bütün şəhər, yer-göy oyanacaqdı. Mal almaq üçün bazara getməsinə gərək yox idi. Dünən alver yaxşı getməmişdi, yeşiklər ağzınacan cürbəcür meyvələrlə dolu idi. Acından ölsə də, bu meyvələrdən birinə dilini vurmazdı. Son vaxtlar özünə lap zülm eləyir, gündə bir dəfə yemək yeyirdi.

Hər gün alver elədiyi küçəyə doğru gedirdi. Hələ çox küçədən keçəcək, çox döngəni dönəcək, alver elədiyi küçənin başına çatıb, qəzet köşkünün yanında dayanacaqdı. Sonra daşın üstündə oturub, qabağına düzdüyü cürbəcür ədviyyatları satan ortayaşlı Məhluqə ilə ordan-burdan söhbət edəcək, arabasının dəmir qulaqlarından iki əllə yapışıb küçə-küçə gəzəcəkdi. Təkcə gəzməklə iş bitmirdi. Dayanmadan "alma, armud, mandalin, banan, kivi", - deyə qışqıracaqdı.

Xeyli getdikdən sonra arabanı dayandırıb qollarını ovuşdurdu. Biləkləri nəyi var şişmişdi, bütün bədəni qaşınırdı, sinəsi, boynu, qolları səpmişdi. Həkim bunun səbəbinin sinir pozğunluğu olduğunu deyirdi. Bədənini qaşıdıqca yorğunluğu çıxır, belindən süzülən tərə soyuq hava dəydikcə xumarlanırdı. Belə olanda səpgilər də anidən yoxa çıxırdı. Qəfildən hər gün gördüyü yuxusunu xatırladı. Başını iki dəfə silkələyib yerində duruxdu. Çox keçmədi ki, dişlərini sıxıb, sağ gicgahına dalbadal zərbələr endirdi, kəlləsinin ağrıdığını hiss edəndə əlini saxladı. Ağrının təsirindən yuxunu unutdu elə bil. Arabadan yapışıb bir az getmişdi ki, yuxunu təkrar xatırladı.

- Allah məni zəlil eləsin, əyər dayansam! Ə, bəsdi e, vallah, billah bəsdi. Bu yuxunun ujbatından on iki gündür başıma vura-vura dəli olmuşam! Da-yan-mı-ya-jam! - arabanın parça doladığı qulpunu qəzəblə sıxıb sürətini artırdı - Bax, bu yerdə qaynadılmış, isti yumurtanı qabıqlı-qabıqlı nə ovcumun içində sıxıb xəşil edərdim! -  deyə düşündü və ucadan: - Bir də ki, o yuxunu elə də ciddiyə almamalıyam! Ta bəsdir! - deyib sürəti daha da artırdı. Nə illah eləsə də, yuxu başından çıxmırdı. Keçmişdə pul qazanmaq, evi təmir etmək, uşağı oxutmaq... kimi çətinliklərlə dolu illəri xatırladı. Durmunun əslində, hələ də  dəyişmədiyinə isterika ilə güldü.

- Ha, ha, ha! Ah, bir bax e, bax, ay Sadiq! Gör, arxanda qalmış illər, çəkdiyin əziyyətlər necə ciy-ciy ciyildəyir! - deyib ikinci küçənin başından sağa döndü. Hələ bir küçə də keçməliydi. Qollarını arxaya uzatmış bu adam sürətlə addımladıqca sübhün aydınlığı göy üzünü işığa qərq edə-edə onun ardınca gəlirdi.

- Bu küçələrdə səhəri mən açıram, vəhşi arabamın cırıltısı açır! Əsl kişi, əsl araba bax, belə olmalıdı. Nə var, ə, o bahalı maşınlarda?! Nə yuxu, nə səpgi, nə yeyilmiş təkər?! Atam ölsün ki, biz dayanmıyajıyıx! Ə, atam ölsün ki, biz dayanmıyajıyığ e! Atam? - arabanı dayandırdı - Atam! Hələ onun... - sözünü yarımçıq kəsib aşağı əyildi, əllərini yeşiklərə dayadı - Yazığ atam, sən gör neçə ildi ki, ölmüsən?! Qəbrinin üstünə də gələ bilmirəm! Ə, kül olsun başımıza! Ə, kül e, kül olsun! - deyib yenə başını yumruqladı və dərindən köks ötürüb, arabanın qulpundan yapışdı, öz-özünə pıçıldaya-pıçıldaya sürətlə yeriməyə davam etdi - Qoy kəndə qayıdaq, simavar qalıyıf oturajam ayağının bir ujunda! Uşaq olmuşam əvvəl, qanmamışam! Çaydan içib danışajam! Dədə, səndən sonra başıma nə gəldisə, hamısını danışajam! Elə o yuxunu da danışajam! Hamısını! Hamısını! Hamısını! - özü də bilmədən yuxunu yenidən xatırladı, dişlərini qıcadı - Danışajam! Danışajam! Danışajam....

Beləcə, işə başlayacağı yerə gəlib çatdı. Arabanı qəzet köşkünün arxasında saxlamışdı. Qollarını ovxalayır, son sözü özündən xəbərsiz hələ də təkrarlayırdı. Yan binada kirayə qalan, daimi müştərisi olan tələbə qızla toqquşması belə pıçıltısına mane olmadı.

- Oy! Sabahınız xeyir! Gözünüz aydın, Sadiq dayı - deyib qız tələsik getdi.

- Hamısını danışajam! Hamısını danışajam! - siqnal səsi eşidildi, hansısa maşının qabağını kəsmişdi. Amma Məhluqə onun çiynindən tutub ehmalca kənara çəkənəcən buna məhəl qoymadı.

- Sadiq qardaş, nə danışassan bilmirəm, heç olmuya yolun ortasında yox da! Keç, dur kənarda, nə qədər istəyirsən danış, - deyə Məhluqə lağlağı elədi və tez mülayim səslə əlavə etdi. - Termusda kəklikotulu çayım var. Süzüm içək?

- Simavar çayıdı?

- Allah köməyi olmuş, kefdən dəm vurursan e!

Sadiq bu uzun, arıq, başı çalmalı, əllərini belinə dayayıb cır səslə danışan arvadı diqqətlə süzüb, paltarının qollarını aşağı dartdı:

- Heç olmuya səhər-səhər bu zəhrimarı yemə də!

- Nəyi?

- Eeee... sarımsağı deyirəm - deyə arvadın hər gün üstündə oturduğu daşın yanına getdi. Bağlamanın içindəki quru nanədən ovuclayıb ona doğru uzatdı:

- Sən canın, çeynə bunu!

- Heç bilirsən niyə yeyirəm bu sarımsağı?! Adamın...

- Ay Məhluqə, səhər tezdən yox, axı! - arvadın sözünü bitirməsinə imkan vermədi.

- Əşi, sarımsağı qoy e bir kənara! - arvad nanə qurusunu onun əlindən qapıb, təkrar bağlamanın içinə tökdü. Termosun qapağına dəmlənmiş kəklikotundan süzüb Sadiqə uzatdı:

- Gözün aydın olsun, əsas budur!

- Gözüm niyə aydın olsun?! - içinə çay süzülmüş qapağı ondan alıb, asta-asta daşın üstünə çökdü.

- Nətər yəni? Bilmirsən?

- Sən canın, qənd ver, ay Məhluqə, arvadım kimi sən də dolayı danışma! Qısa kəs!

- Doğrudan, xəbərin yoxdur?

- Allah, mənə səbir ver!

- Başıma xeyir! - Məhluqə təəccüb edərək əlini ağzına tutdu.

- Nə?!

- Sadiq, sən qanmazlıq xəstəliyinə tutulmamısan ki? Televizora baxmamısan?

Bu gün qazanacağı pulla televizorunu düzəltdirəcəyini xatırladı. İştahası küsdü. Çayı yerə töküb, ayağa qalxdı.

- Yəni heç sevinmədin? - deyə Məhluqə onu tərs-tərs süzdü.

- Axı, nəyə?!! - səbri tükənən Sadiq qışqırıb təkrar soruşdu.

- Canına azzara, dərdə!!! Rahatlaşdın?! Lap başın qaçıb e sənin. Hələ bunun qışqırmağına bax!

Kişi kobudluq elədiyini başa düşüb, peşman-peşman dilləndi:

- Əsəblərim yaman pozulub. Xətrinə dəydim, bilirəm! Sən Allah, bağışla!

- Əşi, çıx get! Səhər-səhər zəhər iyi gəlir səndən! - Məhluqə dedi və qanıqara halda daşın üstündə oturdu, özünə çay süzdü, sonra jiletinin cibindən çıxardığı konfeti ağzına atdı.

- Xahiş edirəm, üzrlü say, ay Məhluqə! Sən də sözü çox uzatdın, axı. Nə demək istədiyini soruşmuyajam, əsas odu ki, bağışla.

- Əşi, nəyi soruşmuyajaxsan?! Pensiyalar qalxıb onu deyirdim!

- Allah saxlamış, mən pensiya alıram ki, gözüm aydın da olsun?!

- Nə olsun?! Sən yenə də sevinməliydin! - onun üzünə baxmadan dedi və əlini jiletinin cibinə salıb, ikinci konfeti çıxardı.

- Yaxşı sevinərəm!

Həmin gün ikicə kilo almadan başqa heç nə sata bilmədi. Evə qayıdanda yolun yarısına çatmışdı ki, heyrətdən yerindəcə donub qaldı. Çoxu gənclərdən ibarət yüzlərlə, minlərlə adam küçələrə tökülmüşdü. Onlar "Qarabağ!", "Mübariz!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Azərbaycan!", "Allahu Əkbər" qışqırır, sel kimi axaraq harasa gedirdilər. O, arabanı dayandırıb, dərindən köks ötürdü və yanından keçən bu izdihamı təəccüblə süzüb, "Ayə, doğrudan da, hamı pensiyaların qalxmağına sevinirmiş!", - deyə düşünüb yoluna davam elədi. Bir az da irəliləmişdi ki, selləmə yağış yağmağa başladı...

Əlində dəsmal hazır dayanan arvadı zəng basılmamış qapını açdı. - Bir sabunun çatmır! - deyib qəhqəhə ilə güldü və cəld iki qatlanmış dəsmalı açıb, ərinin saçlarını qurulamağa girişdi.

- Sən canın, əlimdəkiləri tut da! - deyib, meyvə dolu bağlamanı əsəblə döşəməyə atdı. Bağlama cırılıb, meyvələr hərəsi dəhlizin bir tərəfinə yuvarlandı.

- Əşi, nəyin tutum, axı?! Araba çöldədir də, lazım olsa çıxıb hərəsindən bir az yığaram. - Arvad yerə dağılmış meyvələri dəsmalın arasına yığdı və dolu bədənini silkələyə-silkələyə mətbəxə keçib söhbətinə davam etdi. - Ürəyim toyuq istiyir, ay Sadiq. Belə ət istiyirəm e, ət. Valla, meyvə yeməkdən bədənimdəki vitaminlər bir-birinə dəyib.

- Deyirəm axı, ona görə dünya-aləm vejinə döyül! - əynini dəyişəndə divardakı saatın əqrəblərinin yenə səs saldığını görüb, əsəbdən dodaqlarını dişlədi. Əlləri ilə alnını qarışdırdı.

- Dünyadan nə xəbərim var ki, dünya vejimə də olsun?! Televizor nə vaxtdı ki xarafdı?! Söz verirəm dünyadan xəbər ala bilsəm, demirəm bütün dərdlərini, amma iki, ya da üç dərdini vejimə alajam, - deyə qadın qəhqəhə çəkdi. Suyun altına tökdüyü almalardan birini dişinə çəkib, üz-gözünü qırışdırdı. - Ətdən sonra yaxşı gedərdin!

- Bu saat yenə çıkkıldıyır?! - Sadiq mətbəxin qapısından boylanıb, onu sınayıcı baxışlarla süzdü.

- Deyirsən o da səs salmasın?! Lap ağ eləmisən e, ay Sadiq! Ət yemə, televizora baxma, saatı at getsin. Bütün günü qoyun kimi divara baxmaqdan az qala qarabasmaya tutulam, axı! Yenə saat əməlli işləməsə də çıkkıldayanda bilirsən ki, yaşayırsan.

- Yaxşı, yaxşı, uzatma, gətir görək, nə bişirmisən! - deyə kişi mətbəxdəki yemək masasının baş tərəfində əyləşdi.

- Allah səni güldürsün, kişi. Sən nə gətirmisənsə, mən də onu bişirmişəm! -arvad astadan qımışıb güldü. - Məsələn, bu gün bişirməmişəm, yumuşam! - yuduğu almalardan birini yemək masasının üstünə qoyub, işinin başına qayıtdı.

Sadiq mat-mutu qurumuş gah almaya, gah arvadına baxıb, əsəbini cilovlamağa çalışdı.

- İndi deyirsən evdə un yoxdur?!

- Var! - qadın yaxasını ələ verdiyini görüb, arxaya çevrilmədən asta səslə cavab verdi.

- Bəs, soğan?

- Var.

- Yəqin, kartof da var.

- O da var!

- Bağladığın badımjan ikralarından nejə? Qalıf?!

- Uuuuy, həə o qədərdi ki! Elə hər dəfə Rüfətə verirəm ki, uşaqlara aparsın. Anası qurban, ha aparır heş qutarmır!

- Yəni sənin tək arzun o ikraları bir yolnan yoxa çıxarmaxdı, hə?!

- Yoox...

- Bu saydıqlarımın hamısı zəhərin olsun, arvad!

- Ay Sadiq, sən əvvəl belə deyildin, indi sənə can deyəndə azzar eşidirsən e!

Gecə idi. İşığı yanan otağın bağlı pəncərəsindən get-gedə güclənməkdə olan yağışın, küləyin səsi gəlirdi. Gah başına şalvar-köynək keçirdilmiş stulun üstünə qoyulan, içərisi doğranmış alma ilə dolu boşqabı, gah da böyüründə xoruldayan arvadını süzüb, tez-tez köks ötürür, günlərdir onu narahat edən röyanı görməmək üçün çalışırdı ki, yatmasın. Acından birtəhər olsa da, höcətlik edib meyvəyə əl vurmaq istəmirdi. Bir az dözdükdən sonra bu qürurundan, mənəvi əzəmətindən vaz keçmək qərarına gəldi. Ayağa qalxıb, birbaşa mətbəxə yollandı. Gətirdiyi iki parça çörəklə bərabər almaları yedi. Sonra qarnını qaşıyaraq, üzü ona sarı yatan arvadının açıq qalan ağzına baxıb, pıçıltı ilə gileyləndi.

- Sən guya ərişdə kəsə bilməzdin, hə? Heç olmuya, kartof qaynadardın, bağladığın ikralardan verərdin! Pah, kişinin qızı can deyirmiş, mən azzar qaytarırmışam! Qınamıram, əşi! Səni özüm harınnatmışam. O qədər nazınnan oynamışam ki, məni ər yox, baxça yoldaşın bilirsən!

Qadın əsnədi. Qabaq dişlərindən birinin boş yeri elə bil kişiyə sus deyə göz vurdu. Çarpayıya uzandı. Qadının çəkilmiş dişinin yerindəki qaranlığa əcayib tərzdə diqqət kəsildi. Bu kiçik qaranlığın içinə yuvarlandığını, qadının arxa dişləri arasında çeynəndiyini, sümüklərinin xırçıltı ilə sındığını, içalatının pırtlayıb töküldüyünü, qanının köpüklənərək qadının xirtdəyindən mədəsinə necə süzüldüyünü xəyal edib diksindi və özünü qeyri-ixtiyari geri çəkdi. Sağ əlini məyus halda başının altına dayayıb, divardakı saatın fırlanan əqrəblərini izləyə-izləyə Bakıya köçkün gəldikləri ilk günləri, həmin ərəfələrdə arvadının göstərdiyi təmkini, min cür əziyyəti bir dəfə də olsun ağız əymədən necə ötüşdürdüyünü, digər köçkünlərlə bərabər məskunlaşdıqları texnikum binasını, həmin binadakı hamamı olmayan darısqal otağı, spiralları közərən kiçik elektrik plitəsini, onun üstünə çimmək üçün qoyduqları su dolu qulpsuz, boz rəngli dəmir vedrəni, içərisinə girib çimdikləri, bəzi yerləri deşilmiş və plastilinlə deşikləri yamanmış yarım metrlik sarı ləyəni, arvadının nəyə görə hələ də ondan savayı heç kimin yanında sərbəst, ürəkdən gülə bilmədiyini xatırlayıb, dərindən ah çəkdi. Gözləri doldu. Ürəyində baş qaldıran bu qəribə qovhaqova dözə bilməyib yerindən qalxdı. Dodaqlarını gəmirərək otaqda o baş-bu başa var-gəl edib, özünə toxtaxlıq vermək istəyirdi ki, gözləri arvadının açıqda qalmış ayağına sataşdı. Yaxınlaşıb qadının ayağının altına zərif bir öpüş qondurdu və yorğanla üstünü basdırıb dikəldi.

- Bunnarı üzüna demək çox çətin gəlir. Mən hər şeyi sənə borjluyam! - yanağına süzülən yaşları silərək, təkrar yerinə uzandı. Keçmişə aid bir neçə ağır yüklü xatirə içində özü də hiss etmədən yuxuya getdi. Çox keçmədi ki, qan-tər içində gözlərini açıb, özünü sakitləşdirməyə çalışırmış kimi pıçıltı ilə, - Yox, yox, yox, yatmamışam! - dedi və yadına düşdü ki, bir neçə gün qabaq evin hansısa küncündə siqaret gizlədib. İri addımlarla mətbəxə getdi. Dodağında siqaret tüstülənə-tüstülənə geri qayıdıb, saatla üzbəüz dayandı. Hərəkətsiz əqrəbin çıkkıltısı taxta qapının döyəclənməsinə bənzər səs çıxardı. Əllərini qulaqlarına sıxdı amma beynindəkilərə mane ola bilmədi. Otağın qapısı qəfil açıldı. Əlindəki beli yerə atanda torpaq dəhlizə səpələndi. Çəkmələrinin dabanını taxta döşəməyə çırparaq, təngnəfəs halda bir otaqdan o birinə keçən qaba səsli adam qışqırmağa başladı.

- Qoşalüləm, qoşalüləm hardadı?! Daha onun səsinə dözə bilmirəm! Elə büyün vurajam onu! Sus! Suuus! Mən də darıxıram! Mən də darıxıram, ay heyvan! Sən belə elədikcə, elə bilirəm qağam dirilib düz qabağımda dayanıf! Elə bilirəm deyir: "Ayə, ay Cəbrayıl, dur, manqala od sal!!!". Səni elə bu gün öldürəjəm.

- Ay əmi, qurban olum eləmə!!! - yatağından dik atılıb, saçı-başı dağınıq halda dəhlizə qaçan on beş yaşlı Mahizər əmisinin ayaqlarına sarıldı. - Dayan, əmi, qurban olum, dayan! Özün görmürsənmi atam üçün darıxır?! Atamın yadigarıdı! Gözlərinə qurban olum, vurma!

- Ay qız, çəkil! - Cəbrayıl sağ ayağını, sonra isə sol ayağını qızın qolları arasından çəkib çıxardı. - Bir nəfər qabağıma keçə haa, uf demərəm, onu da öldürərəm! Allah düşə, göydən mane ola haa, ona da bir güllə vurajam! - deyə yanaqlarına süzülən göz yaşlarını silərək, üzbəüz otağın qapısına ayağıyla güclü zərbə endirdi və içəri keçdi. Qoşalüləni sinəsinə sıxıb, həyəcanla otağın pəncərəsindən evin həyətinə boylanan on üç yaşlı Sadiq əmisini görən kimi dodaqlarını büzdü, gözləri doldu. Heç nə demədən başıyla nəyisə rədd edirmiş kimi silahdan daha bərk yapışdı. Amma əmisi Sadiqə məhəl qoymayıb, tüfəngi onun əlindən alıb otaqdan çıxdı.

- Əmi, ay əmi, dayan e, sən o həyətdəki torpağı niyə qazmısan? - deyə Sadiq qışqırıq içində özünü yerə çırpdı. Əmisi evdən çıxmışdı. Tez ayağa qalxıb, otağın qapısını qucaqlayıb ağlayan bacısının üstünə qaçdı. Yaxasından yapışıb, -bajı, qoyma ay bajı! Gülgünü gülləliyif qazdığı yerə atajax, ay bajı!

Qız çarəsiz halda onun boynunu qucaqlamaq istədi, amma qardaşı - eee heç bunun yeridi?! - deyə Mahizərin qollarını yana itələdi və çölə qaçdı. Həyətin ortasındakı çinar ağacına bağlanmış Gülgün şaha qalxıb-düşür, dayanmadan kişnəyir, heç cür sakitləşə bilmirdi. Sadiq qapının ağzında dayanıb, həyəcanla sağa-sola boylandı. Əmisinin həyətdə olmadığnı görüb, təkrar evə girdi. Atasının böyüdülüb çərçivəyə salınmış şəklini sinəsinə sıxıb, Gülgünün qabağına qaçdı. Çərçivəni əlləriylə başının üstünə qaldırıb, bərkdən dedi:

- Atama bax!

At ona məhəl qoymur, sağa-sola fınxırıb, boynundakı qalın kəndiri dartışdırırdı.

- Ay Gülgün, atama bax! - oğlan təkrar var gücüylə qışqıranda at dayandı. Fınxırıb bağlandığı ağacın başına iki dəfə fırlandı. Uzun, məğrur boynunu aşağı əyib, oğlanın yanaqlarını, sonra isə şəkli iylədi və ayaqlarını qatlayıb yerə çökdü. Sadiq əlində tutduğu şəkli ehtiyatla atın qabağına qoyub, yavaşca onun sağ böyrünə keçdi, boynundan öpdü, balaca başını tumarlayıb, bir ay on dörd gün sonra onu sakitləşdirməyin yolunu tapdığı üçün xəfifcə gülümsündü. Sevinc içində bacısı Mahizəri səsləmək istəyirdi ki, Cəbrayıl darvazadan həyətə girdi. Gülləylə dolu kiçik taxta qabı qazdığı çalanın kənarına qoydu. Oğlana baxa-baxa tüfəngi doldurmağa başladı.

- Əmi, mən onu sakitləşdirməyin yolunu tapdım! - əmisinin hərəkətlərini diqqətlə izləyən oğlan burnunun suyunu çəkərək asta və ürkək səslə dilləndi.

- Ə bala, sən bilmirsən, o zülüm çəkir! Nə sakitləşməy, ə?! Keç içəri, bala! - əmisi tüfəngi çiyninə keçirib, ata tərəf yaxınlaşdı. Onun kəndirini açıb, əlinə doladı. Şəkli yerdən götürmüdü ki, Gülgün şaha qalxdı və bu dəfə daha bərkdən kişnədi.

- Əmi, dayan! Əmi, söz verirəm sənə, ta belə eləmiyəjəh! Mən baxajam ona! Yanından ayrılmıyajam!

Səsə həyətə qaçan Mahizər əmisinin dizini qucaqlayan və heç cür aralanmaq istəməyən qardaşını sakitləşdirməyə çalışdı. - Ay qız, atanın şəklini tut. - Cəbrayıl qışqırıb, şəkli onun üstünə atdı. Elə bil, kişinin qollarına qüvvət gəldi. Atı dartıb əvvəlcədən qazdığı, üstü ot-ələflə örtülmüş çalanın yanına gətirdi. Atın başını irəli uzadıb yamyaşıl otları qırpmağa başlamasıyla çalaya yuvarlanması bir oldu. Çala onun boyundan dərin qazılmışdı. Cəbrayıl çiynindən asdığı tüfəngi çıxardı. Qoruyucunu da açmışdı ki, Gülgün dizlərini qatlayıb yerə oturdu. Bir neçə dəfə fınxırdıqdan sonra almaya bənzəyən iri, canlı gözlərini torpağa dikib, başını səssiz şəkildə aşağı salladı. Cəbrayıl geri çevrildi, bir-birinə sarılıb ağlayan qardaşı balalarına baxdı. Uşaqların sifətində sonsuz kədər vardı.

- Əmi!.. - deyə onlar ikisi də birdən zarıdılar.

- Qarabağ atıdır e, - dodaqları büzüldü - özü də Ceyran növündən. Bunun qeyrətinə, vəfasına qurban olum! - hönkürüb ağladı. - Ona ta biz lazım deyilih! O ta qağamı istiyir!

Uşaqlar ona, o da uşaqlara qoşulub, zülüm-zülüm ağlasalar da, Cəbrayıl tüfəngi əlindən buraxmadı. Bir addım geri çəkilib, alnının tərini sildi. Tüfəngin nişangahını gözünə yaxınlaşdırıb, lüləsini aşağı əydi. Bu vaxt Zəngilan dağlarının arasından yenicə çıxmış və çinar meşəliyinin yanından ötən qatarın fit səsləri eşidildi.

- Bajı, bajı, deyəsən, gələn babamgildir. Qatar çatdı hə?! - oğlan kədər qarışıq sevinclə dedi:

- Görəsən, özlərin yetirəjəhlər?! 

- Paaaart!

Uşaqlar üçün xəndəyə yaxınlaşmaq dözülməz idi. Hər ikisi fəryad içində dəmiryol vağzalına sarı qaçdılar.

Cəbrayıl Gülgünü sağ yanı üstə çevirdi. Ayaqlarına uzun zəncir vurub, zəncirlərin o biri ucunu çalanın yuxarısına uzatdı. Çinar yarpaqlarını atın açıq qalmış gözləri üstünə qoydu. Amma yarpaqlar yerində durmadılar. O, belindəki kəmərlə yarpaqları atın gözlərinə sıx bağlayıb, onun boz buludu xatırladan gövdəsinin üstünü torpaqla doldurdu.

"Zalım oğlu o gündən sonra nə vaxt bu evə gəlirdisə, özü üçün düzəltdiyi balaja kətilnən gəlirdi. Denən birimizi kətilin üstündə oturmağa qoyurdu?! Bu kətil ancaq Gülgünü basdırdığı xəndəyin qabağında, özünün oturması üçünüydü. Kətilin üstündə oturub zəncirləri əllərinə alır, sonra başlıyırdı aşağı-yuxarı yellə ki yelləyəsən. Zəncirləri arabir özünə tərəf də dartır, belə eliyəndə çevrilib mənə baxırdı. - Onun ayaqlarını hiss edirəm! - deyirdi. O gedən kimi tez başqa stul gətirif üstündə oturur, zəncirləri o ki var cingildədirdim. Amma bu haqq-hesablar onun kətilinin üstündə başqa cür alınırdı. Ölümünə yaxın tapşırdı ki, kətili o yerin qabağında basdırsınlar. Amma basdırmadılar. Qoyardımmı heç! Özüm oturajaxdım onun üstündə. Əmimin varisi mən olmalıydım. Oldum da! Düz səkkiz il. Ta ki, o erməni qanına bələnmişləri gözəl kəndimizi, gül həyatımızı, oğurladıxları dadsız günə kimi. Ə, o gejə nə gejəydi?! Həmin gejə zəncirlərin hərəsini kətilin bir ayağına bağlıyıf, hamısını dərinə, yox e lap dərinə, nə lap dərinə e, ondan da dərinə... Allah, mən onları nə qədər dərinə basdırmışdım?! Görəsən, tapmıyıflar ki?! Evimizdən çıxanda içəridə bir səs qalmışdı e - saat çıkkıltısı. Yadımdadı, saat altıya on beş dəqiqə qalmışdı. O səsi, görəsən, nə vaxt dayandırdılar? Ə, elə bil o mənə getmə deyirdi e - çık, çık, çık, çık, çık...".

- Sadiq. Sadiq! Ay Sadiq. Nə danışırsan, ay Sadiq? - deyə qadın əli ilə arxadan onun çiyinlərinə toxunub, nə baş verdiyini aydınlaşdırmağa çalışırdı. Amma o susmur, dolmuş gözlərini divardakı saata zilləmiş halda deyirdi:

- Çık, çık, çık, çık.

Qadın cəld yataqdan qalxıb, ərinin qarşısına keçdi, aşağı əyilib, əllərini onun dizlərinə söykədi. O, gözlərini saatdan ayırıb, əvvəlcə pəncərəyə tərəf çevrildi. Hava yavaş-yavaş işıqlanmaqda idi. Sonra üzünü arvadına tutdu:

- Mən bu gün işə getmək istəmirəm - pıçıltıyla dedi.

- Lap yaxşı eləyirsən. Axı, nə var hər gün işdə! - Sadiqin barmaqları arasındakı siqaretin kötüyünü götürdü - Ooo... sağ ol səni. Siqaret çəkməyə başlamısan? Lap yaxşı eləmisən. Deyirlər, aradabir xeyrlidir.

Ərinin rəngi ağappaq ağarmış, dodaqları qurumuşdu. Qadın tez mətbəxə gedib, bir stəkan su gətirdi. Sudan bir-iki qurtum ərinə içirib, qalanıyla əlini islatdı, kişinin alnına, saçlarına tumar çəkdi.

- Başa düşmürəm e bu saat işləmirsə, necə çıkkıldayır? - Sadiq soruşdu.

- Allah səni güldürsün - qadın qəhqəhə çəkdi. - Buna görə bayaqdan çıkkaçık salmısan? Nə vermisən, axı bu saatdan ala bilmirsən? Dünən demişdim axı, orta əqrəbi bir balaca əyilib deyə, üstdəki əqrəb ona ilişib, qabağa gedə bilmir.

- İşləmiyən saatın bu dırıltısı nəyimizə lazımdır, axı? Hələ bir onu çıxart ver mənə.

Qadın gülərək geri çevrildi. Saatı divardan çıxarıb ona verdi. Sadiq saatın şüşəsinə, arxasına əli ilə bir neçə dəfə möhkəmdən vurduqdan sonra əqrəblər hərəkət etməyə başladı. Saatı 6-ya 15 dəqiqə qalmışa qurdu.

- As yerindən, amma bundan bizə saat olmaz!

Qadın saatı divardan asıb, ərinin qoluna girərək uzanmasına yardım elədi.

- Ta rahahtlaş. Saatı da düzətdin.

Özü də yerinə uzandı.

- Nə yaxşı işığı söndürmədin? - deyə Sadiq gözləri tavana zillənmiş halda soruşdu.

- Sənə görə.

- Ehtiyac yoxdur.

Qadın işığı söndürdü.

- Gəl, sabah səni diş həkiminə aparım.

- Bu hardan çıxdı?

- Daha bəsdir! O dişin yerin doldurmalıyam.

- Əşi, dişdir də, qaşmır ki! Birdə ki, pulumuz var?

- Hələ həkimə gedək, gedən kimi pul ödəmillər a. Bizim bir yerli diş həkimi var - onun yanına gedərik.

Qadın sevincək üzünü ərinin sinəsinə dayadı.

- Elə bilirsən yadımdan çıxıb? Heç elə şey yaddan çıxar?! Sən qızıl dişini çəkdirif evimizə iki kilo ət almışdın. Düzdür - gülümsündü - indi ta qızıl diş modda döyül, amma sənə qəşəng, ağ diş qoydurajam. Neçə kilo desən, sabah ət də alajam. Televizoru da düzəltdirəjəm. Üstəgəl, sənə təzə divar saatı da alajam.

- Nəynən alajaxsan, ay Sadiq?

- Uşağın evinin kira pulunnan. Hələ evin aylığına 16 gün var.

- Nə deyirəm.

- Sən hələ də mehriban qızsan! - dedi və onun saçlarına tumar çəkdi.

- Qız a!

Hər ikisi gülüşdülər.

- Sənubər, heş kəndimiz üçün darıxırsan?

- Burnumun uju göynüyür.

- Kaş, kəndimizə qayıda biləydih.

- Qayıdarıx, səncə?

- Qarabağ heş vaxt erməninin olmuyuf, olmuyajax da!

 

***

...Səhər açılanda bütün küçəni səs-səda başına almışdı. Pəncərəni açıb hər ikisi həyətə boylandılar. Əllərində Azərbaycan bayrağı tutan azyaşlı uşaqlar bir ağzıdan qışqırırdılar:

- Qarabağ bizimdir, bizim olacaq! Qarabağ bizimdir, bizim olacaq!

- Ay qonşular, nə oluf belə? - deyə Sənubər pəncərə ilə üzbəüzdəki mağazadan çıxan üç nəfər qadına səsləndi.

- Gecədən Qarabağda müharibə başlayıb. Televizorda dedilər ki, ordumuz Füzulinin üç kəndini işğaldan azad edib. Prezident deyib ki, day bundan sonra dayandı yoxdu. Axşam saat 7-də özü bu barədə televizorda çıxış edəcək!

Nə?! - qadın təəccüblə ərinə tərəf çevrildi.

- Ay Sənubər, siz Qarabağın hansı kəndindənsiniz? - deyə qadınlardan digəri soruşdu.

- Zəngilan, Zəngilan ay bajı! - Sadiq həyəcanlı səslə dedi və geriyə çevrilib, sevincək otağın içində atılıb-düşməyə başladı - bilirdim, bilirdim elə. Neçə gündür elə bunun qızdırmasıymış düşüb canıma. Tez mən gedim televizoru düzəltdirim. Ya da yox, cəld sən də geyin. Televizoru əlimdə aparajam. Ordan həkimə gedərih, saat alarıx, ət alarıx! - sonra qəşş edib güldü. - Allah, bu nə gün idi belə?!

- A kişi, birdən başımız qarışar, Prezidentin çıxışını qaçırarıq ha! Tez get televizoru düzəltdir!

- Prezidentin çıxışına çatdıraram?

- Niyə çatdırmırsan? Hələ vaxta var.

Hər ikisi eyni vaxtda çevrilib divardakı saata baxdılar. Saat 4 idi. Onun aramsız, sakit çıkkıltıları vaxta hələ çox qaldığını göstərirdi:

- Çık... çık...çık...çık...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!