Dance of fire... Piano üzərində "Atəş rəqsi"

Günel EYVAZLI

 

(“Azərbaycan qadını” silsiləsindən növbəti yazı)

 

Günel Eyvazlı kimdir? » Qadinkimi.com

 

O, Şərq qadınıdır… Uzun, siyah saçlı… Qonur, dərin gözləri var…

Atasının ölümündən sonra ən çox sarıldığı və dərdini dilləndirdiyi ağ-qara dilli pianosu idi. Deyilənə görə, atasının yoxluğu ilə barışa bilməyən on yaşlı Əzizə əsəb gərginliyi keçirmiş, bir müddət sonra özünə gələrək, saatlarla piano qarşısında əyləşib onu ifa etməklə özünü ovudarmış. Balaca Əzizəyə elə gələrdi ki, pianoda çalmaqla atasının ömrünü uzada, onu yenidən dünyaya qaytara bilər. Sehrli arzu idi…

 

Əzizə Mustafazadənin musiqilərini, bəstələrini dinləyərkən onu dərvişə bənzədirəm, nədənsə. Zatən bütün müsahibələrində günəşin işığından, rahat həyatdan, dinclikdən, dünyaya, bəşəriyyətə, insana sevgidən doya-doya danışan pianoçu xanım, elə həyatsevərliyi ilə yer adamına bənzəməyən bir ab-hava yaradır düşüncələrimdə. Üzünü tərk etməyən təbəssümü, bəm səsi, sevinc dolu gözləri içinin təmizliyindən, ruhunun azad və dincliyindən xəbər verir, əslində.

 “Atamın ölümündən sonra kədərdən başqa heç nə görməmişəm. Bəzən atama bənzəməyə çalışıram, amma bu məndə hər dəfə alınmır.  Bu gün həyatda qazandıqlarıma görə atama borcluyam. Onun ölümündən illər  keçməsinə baxmayaraq, həmişə elə bilirəm ki, onun ruhu mənim yanımdadır. Digər tərəfdən, onun fiziki yoxluğunu heç cür ağlıma sığışdıra bilmirəm. Mənə elə gəlir ki, atam mənə göylərdən kömək edir. 

Onun adına layiq olmaq üçün gecə-gündüz çalışıram. Hərdən qüvvəm tükənir, işləyə bilmirəm. Belə anlarda atamın anama söylədiyi sözlər yadıma düşür: "Elza, mən tezliklə bu dünyadan köçəcəyəm. Çox az vaxtım qalıb. Ancaq bizim Əzizəmiz var, bacarmadıqlarımı o həyata keçirəcək”…

 

“Dünyanı musiqi xilas edəcək” fikrini dilə gətirən bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi dahi Vaqif Mustafazadənin ikinci izdivacından dünyaya gələn Əzizə Mustafazadə hal-hazırda bütün dünyada “Cazın şahzadəsi” olaraq tanınır. Bu adı ona 1997-ci ildə İngiltərə Kraliçası II Elizabet vermişdi. İndi “Cazın şahzadəsi” - Əzizə bütün dünyanı bu adla dolaşır. İfa etdiyi əsərlər isə öz möhtəşəmliyi, Şərq cazibəsiylə Qərb estetik dünyagörüşünü özünə cəlb edir. Pianoda klassik əsərlərin, caz improvizələrin ifasına öyrənən Avropa auditoriyası Əzizənin Almaniyada zühuru ilə yeni, ecazkar sintezlə tanış olur. Əslində, bu sintez, bu kəşf Vaqif Mustafazadənin kəşfi idi. Pianoçunun yarımçıq bitən ömür davamı, yaradıcılıq davamı isə qızlarının barmaqlarının sədası ilə dünyaya səs salır. İlk izdivacının bəhrəsi olan Lalə Mustafazadə hələ azyaşlı olarkən fransız sənət adamlarının diqqətini necə çəkirdisə, elə ögey bacısı Əzizə Mustafazadə də eyni uğurlar ilə davam edirdi. Sadəcə, onların bir-birindən yeganə bir fərqi var idi. Lalə gənc ikən tərk etdiyi Azərbaycanına bir daha dönməmiş, atasından ona genetik cəhətdən ötürülmüş pianoçuluq istedadını mükəmməlcəsinə Avropa klassik musiqisini ifa etməklə auditoriya qazanmışdır. Əzizə Mustafazadə isə atasının adını yaşatmaqla, Qərb dünyasını Azərbaycan musiqisi ilə tanış etmişdi.

 

Bu yazını hazırlayarkən Vaqif Mustafazadənin ev-muzeyinin rəhbəri Afaq xanım Əliyevanın bir müsahibəsi diqqətimi çəkdi. Afaq xanım müsahibəsində Əzizənin anasının diktəsiylə Azərbaycandan çox, anasının yurdu Gürcüstana getməsindən söz açılırdı. Guya onun anası Elza bir dəfə müsahibəsində, hətta Vaqif Mustafazadənin gürcü olduğunu da dilə gətirmiş, üstəgəl, qızı Əzizəyə  Azərbaycandan çağırış olarsa, böyük məbləğdə qonorar istəməsini təlqin etmişdi. Müsahibə boyunca ailəyə məxsus sakral olaylar da dilə gətirilir. Gəlin-qayınana münasibəti, Afaq xanımın etdiyi bütün yaxşılıqlara rəğmən ən adi “çox sağ ol”un da ona deyilməməsi incikliyi və s. sadalanır. Mən isə düşünürəm ki, hər dəfə ailə konularında Əzizəyə verilən bütün sualların sükutla cavabı və bu məsələlərə toxunmamağı xahiş etməsi kimi, biz də bu istəyə hörmətlə yanaşmalıyıq və nəslin nümayəndələri hər şeyi açıb söyləməməlidir. Çünki dahilərin, böyük sənət adamlarının məişət məsələlərinin, ailə konularının gündəmə gəlməsi onları adiləşdirə bilir. Əslində, bizə maraqlı olan tərəf Vaqif Mustafazadənin sənət böyüklüyü olmalıdır. Şəxsi həyat isə tale məsələsidir. O, kimdəsə alına bilər, kimdə isə yox. Heç bir şəxsi məsələ böyüklük üzərinə qətiyyən kölgə salmaq qabiliyyətində deyil.

Əlbəttə, sənət adamlarının şəxsi həyatı həmişə cazibəlidir. Məsələn, Dostoyevskinin məktublarını oxuyarkən onun acizliyini, əsərlərini oxuyarkən dahiliyini görürük. Şəxsi keyfiyyətlər, məhrumiyyətlə dolu bir həyat, iztirab, borc, ailəni dolandıra bilmək qayğıları və s. yeni bir Dostoyevski obrazını gözümüzdə canlandırır. Amma bütün bunlara rəğmən onun əsərlərinə baş vurmaqla, dahiliyin qarşısında şəxsi həyatı haqqında bildiyimiz hər şey buz kimi əriyir.

Vaqif Mustafazadənin şəxsi faciəsi, üstəgəl, sənəti ətrafında olan qısqanclıq onun ömrünü yeməklə məşğul idi. Mühit və arzuların təzadı olanda əlbəttə, ürək tab gətirmir. İstəklər qarşısına sədd çəkiləndə ruh həbsə məhkum olur.  Bəzən bu tabuları, “olmaz”ları qırmaq istəyirsən, bəzən buna gücün çatmayanda ruh olub göyə də pərvazlanırsan. Vaqif Mustafazadəni də öldürən ona qarşı olan qısqanclıq, paxıllıq, tabular, “olmaz”lar, qadağalar, rejim məhbusluğu və daxili ağrıları idi.

Əlbəttə, atasının bu cür məhrumiyyətlərlə dünyadan köçmə gerçəkliyini bilən qızı haradasa Azərbaycandan küskün ola bilərdi, amma Əzizə bunu qətiyyətlə rədd edir və azərbaycanlı olduğuyla qürur duyduğunu bildirir. Düşünürəm ki, Əzizənin tez-tez görünməməsi elə onu xarakterizə etdiyim dərvişanə xarakterindən də irəli gəlir. Çünki Vaqif Mustafazadənin doğum günündə o, mütləq Azərbaycana gəlib atasının qəbrini ziyarət edir, sonra isə gözə görünmədən yenidən Almaniyaya qayıdır. Özü də müsahibəsində bunu etiraf edir və səs-küyü, görünməyi çox sevmədiyini dilə gətirir.

Qonorar istəməsi bəzilərinə nədən əcaib görünsün ki? Yüksək qonorar hesabına o qədər keyfiyyətsiz, yararsız əcnəbi müğənnilər səhnələrimizə yol açıb auditoriyamızı mənasız mahnılarıyla dingildədir ki. Nədən dünya şöhrətli musiqiçinin bu istəyi hamıda təəccüb yaratmalıdır? Əksinə, Azərbaycanın adını dünyada tanıdan bu xanıma verilən hər şey halaldır. Zatən Azərbaycan hökuməti də öz hörmət və dəyərini ona bildirib. Əzizə Azərbaycan üçün nə qədər əziz olduğunun fərqindədir. O səbəbdən də bu cür məsələləri işıqlandırıb cəmiyyət üzvləri arasında ikili düşüncə yaratmaq heç doğru deyil. Əzizə  Azərbaycanı necə istəyə bilməz, (Afaq xanımın sözlərinə görə) anası tərəfindən guya əks-təbliğatın olmasına bizi kimsə necə inandıra bilər ki, ən böyük konsert proqramlarını izləyən zaman biz Azərbaycan kəlməsinin Əzizənin dilindən düşmədiyini görürük. O səbəbdən də bir zamanlar verilmiş bu müsahibə müşahidələrimiz qarşısında absurd görünür. Əzizə azərbaycanlı olmasıyla qürur duyduğunu daima dilə gətirərək Şərq improvizələriylə, Azərbaycan ladlarıyla zəngin, mükəmməl musiqisi ilə sənət duyumlu insanların qəlbini fəth edir. Dünyaya xəritədə Azərbaycanı göstərir, vətəninin necə qədim mədəniyyətə malik olduğunu təbliğ edir.

Əzizənin dünyanın bir çox şəhərlərində konsertləri olub, diskləri yüksək tirajla satılır. Yutub kanalını izlədikdə konsertlərin yayımı zamanı şərh bölümünün əcnəbi soyadlılar tərəfindən alqışlandığı gerçəkliyini görürük. “Mən Şərq qadınıyam. Amma mən Qərbdə də özümü çox yaxşı hiss edirəm. Qərb Şərqsiz nə edərdi axı?! Şərq Günəş işığıdır. Qərb Şərqə uduzub”, - deyir Əzizə Mustafazadə.

 

Pianoçu xanımın musiqi albomlarından birinin adı “Yuxusuzluq”dur. Əslində, onu yuxusuz edən, ruhunu didən müharibələrdir. İncəsənət adamı olan Əzizənin həssas qəlbi ac-yalavac insan görüntüsünə, uşaq ölümlərinə dözə bilmir.

“Televiziyanı izləyə bilmirəm. Başa düşə bilmirəm ki, müharibələri niyə edirlər. Dünyada baş verənlər, ac qalan, susuz qalan insanlar. Bütün bu xəbərlər ruhumuzu, könlümüzü öldürür. Yer üzündə hər şey var, necə olur, insanlar belə ac qalır. Dünyadan soruşmaq istəyirəm ki, minlərlə adam həlak olur, bəs, dünya niyə düzəlmir?  XXI əsrdə niyə müharibə edirsiniz? Probleminiz nədir? Dünya sizə yaşamaq üçün bəs eləmir? Məncə, bu, şeytan işidir. İstəyirəm bir gün yuxudan ayılım və bütün müharibələrin sona çatdığını görüm. Heç vaxt özümə heç nə istəməmişəm, ancaq dünyaya sülh istəmşəm…”, – söyləyir Əzizə Mustafazadə.

 

Bir dünya ömür az

Bu dərdi çəksin tək

Yer göyə olubdursa düşmən

De, niyə bir körpə

Göz yaşı töksün tək

Kim günahkardır?

Öz Allahına düşmən!

Yaradan görür, bax

Günahı kimin var

Öz qəzasına, öz cəfasına çatar o

Dağılar yoxsa bu kainat insanların naləsindən…

 

Yazdığı bu şeirdə musiqiçinin qəlb hayqırtısını eşidirik. Əzizə Mustafazadənin “Öz Allahına düşmən” musiqi kompozisiyası və burada yer alan bu sözləri  Xocalı faciəsinə həsr edib. “Düşmənin dəyirmanına su tökənlərə ar olsun. Allah bizə yar olsun” söyləyir şeirin ardından. Qeyd edim ki, dəyərli kompozisiya müəllifin 1993-cü ildə buraxdığı “Always” albomunda yer alıb.

 

        “Caz kompozisiyasını ifa edərkən öz-özümə düşünürəm ki, doğrudan da, musiqi ilə insanları sakitləşdirmək mümkündür”, – deyir Əzizə Mustafazadə. Bəli, mümkündür, əgər bəşəriyyət sakitləşmək istəyirsə…

 

Mən də “Atəş rəqsi”ni dinləyərkən dünyada ən gözəl məşğuliyyətin sənət olduğunu düşünürəm. Fərqi yoxdur, heykəltəraşsan, rəssam, ifaçısan, yazıçısan – heç fərq etməz – ruhun ən yüksək halını keçirirsən bu sənətin ağuşunda. O qədər xoşbəxt olursan ki, dünyada xoşbəxtlik kimi calaq edilən hər şey sənə gülməli və lazımsız görünür. Əlavə olaraq, “Mənim bir oğlum var. Adı Ramizxandır. Onu çox sevirəm. Bu gün ilk dəfə olaraq Ramizxan üçün bəstələdiyim musiqini ifa edəcəyəm” (Əzizə M.) sözlərini dilindən çıxarıb analıq xoşbəxtliyini də yaşayırsansa, nə xoş sənə… Nə xoş Vaqifin qızı olan Əzizə Mustafazadəyə…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!