İrəvanın yolları - Səyyad Aran

 

Roman

 

Əvvəli 49,51,52-ci saylarımızda

 

***

Əşrəf ağlına, fikrinə gələni başından atmaq üçünmü, baş verə biləcək müsibətə inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi, baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin şəklini məktəblilərin əlində görəndə diksindi. "Nə münasibətlə?". Cəlal müəllimə döndü.

- Cəlal müəllim, sən böyütdürmüsən? Bilirəm, əziz şagirdin ölüb... Zəhmət çəkmisən, özüm...

Cəlal müəllim qollarını açıb həmkəndlisini qucaqladı.

- Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik zirvəsinə ucalıb. Başını uca tut. O, indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...

Cəlal müəllim qucağındakı adamın get-gedə sustaldığını gördü. Saxlamağa gücü çatmadı. Camaat tökülüşüb hərə bir tərəfdən Əşrəf kişiyə dayaq durdular. Şahin də atasının qoluna girdi. Sonra qucağına alıb bütün ağırlığı öz üzərinə götürdü. Dostları iftixarla ona baxırdılar. Əməlli-başlı kişiləşmişdi. Dik durmuşdu. Heç bir ağırlıq hiss etmirdi. Atasının tanış qoxusu Şahini az qala bayıldırdı. "Can, ata! Sənə mən, Şahin oğlun qurban!".

İlk təəssüratlar ötən kimi Əşrəf kiçik oğlu Ruhini xatırladı. Ağlar gözləri ilə böyük oğluna baxdı.

- Qardaşını niyə qoruya bilmədin? Onu sənə tapşırmışdım axı.

Burda artıq Şahinin də, camaatın da dözümü qırıldı. Yaşından asılı olmayaraq hamıdan elə hönkürtülər qopdu ki, evindən xeyli aralı olmasına baxmayaraq həyətdəkilər də işin nə yerdə olduğunu anlayıb nalə çəkdilər. Çadır şəhərciyinin ən ucqar səmtində yaşayanlar da bildilər ki, Əşrəf kişi döyüşlərin getdiyi Füzuli bölgəsindən qayıdıb gəlib.

Ruhinin meyitini təzədən maşına qoyub cəbrayıllıların Azərbaycanın daha bir rayonunda salınmış qəbiristanlığına apardılar. Arvadları qəbiristanlığa getməyə qoymadılar... Adət belədir.

Matəm mitinqini İcra Hakimiyyətinin başçısı açdı. O, Vətənin məhz Ruhin kimi şəhid oğulların çiynində ucaldığını vurğuladı. Azərbaycan Ordusunun polkovniki Abdulla Qurbani Ruhinin bütün gəncliyə nümunə olmasını xüsusi olaraq qeyd etdi. Oxuduğu məktəbin direktoru onu çalışqan, tərbiyəli, dərrakəli bir şagird kimi həmişə xatırlayacaqlarını söylədi. Qonşuları Habil kişi onu məhlədə ən sakit, ədəbli, böyük-kiçik yeri bilən cavan kimi qiymətləndirdi: - Elə olurdu bir gündə üç dəfə çadırın ayağındakı dükana göndərirdim. Bir dəfə də üzümə qayıtmazdı ki, əşi, alacaqlarını bir dəfəlik yaz bir kağıza daa...

Ənənəvi çıxışlar idi. Amma deyilənlərin hamısı düz idi. Ruhin həqiqətən bu keyfiyyətlərə malik insan kimi özünü belə tanıtmışdı.

 

***

Ruhinin vəfatının üçündən sonra evdəki ağır ab-hava bir az sinsimişdi. Başsağlığına gələn adamların sayı xeyli seyrəlmişdi. Anasının, bacılarının, qohum arvadlarının özlərini öldürməsi, götürüb göydən yerə vurmaları xeyli səngimişdi. Bir ağır məclis qalmışdı - rəhmətliyin yeddisi. Onu da yola verəndən sonra bir az toxtamaq olardı.

Amma arada gəlib-gedənlər yenə də olurdu: qonşu rayonlardan, Bakıdan, o biri çadır şəhərciklərindən...

Səhər yeməyi ağır və hüzünlü keçirdi. Heç kim danışmırdı. Hər şey him-cimlə anlaşılırdı.

Əşrəf axıracan içib qurtara bilmədiyi stəkanı kənara itələyib süfrəyə baxa-baxa dilləndi.

- Oğul, hesabla sənin əsgərliyinin vaxtı bitməlidi.

Şahin çiynindən neçə gündən bəri onu girinc edən yükü atmaq üçün əlinə fürsət düşdüyünü görüb dərindən nəfəs aldı. Dizləri üstə durub atasının dediklərini təsdiqlədi.

- Bəli, ata.

- Gəlib hansı işin qulpundan yapışmaq istəyirsən?

Hər bir ata-ana, ümumiyyətlə, ailə öz övladlarının yanında olmasını istəyirlər. Daha nə? Bu günün sabahı var, el-oba var, dost-düşmən var...

Bunları artıq Şahin də bilirdi, ən əsası, əməlli-başlı başa düşürdü. Amma artıq qərara gəlmişdi. Onun üçün nə qədər çətin olsa da - məhz başa düşdüyünə görə! - niyyətini gizlətmədi.

- Ata, orduda qalmaq istəyirəm. Qardaşımın, dostlarımın intiqamını axıracan almamışıq. Elə billəm, Ruhin də məni bağışlamaz. Qələbəmiz yarımçıq qaldı.

Qızlar diksindilər. "Bu nə danışır. Bə biz? Qardaşsız bacının adını kim çəkəcək?".

Kiçik bacısı lap məəttəl qaldı: "Bə Gülnarə?".

Anası sürüşüb çiyninə düşmüş yaylığını düzəldə-düzəldə elə bir söz dedi ki, göynərtisi gözləri yaşartdı.

- Tay denən sizi də Ruhinin böyrünə basdırıb gedirəm dəə... Yerli-dibli oğulsuz qalmalıyıq?

"Hə, anamız, lap düz deyir". Hər iki bacının ürəyindən eyni fikir keçdi.

Əşrəf geri itələdiyi stəkanı təzədən qabağına çəkib soyumuş çayı qurtumladı.

- Bə biz?

- Ata, mən özümü bu çadır şəhərciyində görmürəm. Hamımızın məqsədi torpaqlarımızı azad edib öz yurdlarımıza dönməkdir. Mən fikirdə olanlar çoxdur. Hamımız sözü bir yerə qoymuşuq ki, Vətənimiz azad olmayınca silahımızı yerə qoymayaq.

Susdu. Ailə üzvlərini bir-bir süzdü. Anası da, bacıları da baxışlarını qaçırtdılar. Onlar açıq-aşkar narazıydılar: Heç eşitmək belə istəmirdilər. Şahin son çarəyə əl atdı.

- Siz də bunu istəmirsizmi? Bağlı-bağatlı, soyuq kəhrizli, buz bulaqlı, sərin eyvanlı evimizi? - Ürəyində Şairə xeyli dua etdi. Onun tez-tez işlətdiyi ifadələrdəniydi.

Yox, bu Şahin əsgərliyə gedən o vaxtkı Şahin deyil. Bu uşaq iki il müddətində tamam dəyişib başqa adam olub. Əkə kişilər kimi danışır.

Şahinin dediklərində həqiqət çoxuydu. Öz yurdlarına qayıtmaq hamının ən böyük arzusuydu, amma...

Onların iki oğulları vardı. Birini Allah aldı, apardı. O biri də... özü gedir. Doğrudan da, bəs onlar neyləməlidirlər?..

Evə çox ağır və gərgin sükut çökdü. Şahin də tamamilə haqlı deyildi. Ailənin ona ehtiyacı çox idi. Söhbət onun nəsə qazanıb evə gətirməsindən getmir. Belə səhərlər evdən çıxıb eləcənə axşam geri qayıtsın - bəsdir! Dost-düşmən var. Nə istəyirlər ki... Qardaşsız bacıları kim sayacaq: Ataları da yaşlaşır, Ruhindən sonra beli bir az da əyildi. İlk dəfə olaraq kişini qocalmış gördülər. Bu müsibətdən sonra anaları necə yaşayacaq?

Arvadın ürəyi necə yerindən oynayıbsa, tez-tez bayılır. Allah eləməmiş, bir şey olsa... Kişi xeylağına hər zaman ehtiyac var. Bazar, dükan, xeyir, şər... Ataları bütün bunları necə çatdıracaq? Yooxx, Şahin düz eləmir.

Əşrəf boşalmış stəkana baxdı. Boğazı yaman qurumuşdu. Olsaydı, yenə içərdi. Kimə desin? Heç yeri deyildi. Hamı oğlunun gözlənilməz qərarından çaşmışdı. Bircə bunu gözləmirdilər.

"Qardaşımın qanını axıracan almayınca...".

Həə... Bu da vacib məsələdir. Ruhinin qanı yerdə qalmamalıdır. Yox e, nəsə... düz gəlmir. Ortada "əmma" var.

Çöl qapı cırıldadı. Sükutun dondurduğu ailə üzvləri hərəkətə gəldilər. Əşrəf üzünü qızlarına tutdu.

- Samovarları qaynadın. Xörək hazırlayın. Gələnlər olacaq.

 

***

Şahin ürəyini əzən iki yükdən birini qismən həll etdiyindən bir az toxtayıb ikinci məsələni də yoluna qoymaq üçün yataq otağına keçdi: - Yoldaşlarımdan gələn olsa, xəbər verin.

Qapını arxasınca bərk çəkib - "içəri girməyin haa!.." - qələmi götürüb kiçik bacısının dəftərini qabağına çəkdi.

"Gülnarə! Çox götür-qoydan sonra sənə bu məktubu yazmağı qərara aldım. Əvvəlcədən çox-çox üzr istəyirəm.

Ruhin ölüm ayağında sənin adını çəkdi. Səni sevdiyini dedi. Demə o, bizim bir-birimizi sevdiyimizi bilmirmiş. Onu da dedi ki, ürəyini sənə açanda onun dediklərinə etinasız olmusan, qaşlarını çatmısan. Əlbəttə, səni başa düşürəm. Bədbəxt qardaşım bizim əhd-peymanımızdan xəbərsiz olub.

Gülnarə, məni bağışla. Biz ta bundan sonra evlənə bilmərik. Mən hər dəfə səni qucaqlayanda, bağrıma basanda elə biləcəm Ruhin kənardan mənə baxıb söyəcək, məni namərdlikdə suçlayacaq. Məni qınama. Dözə bilmərəm. Yaşaya bilmərəm... Sənə də burda qalıb əzab verməmək üçün hərbidə xidmətimi davam edəcəm. Bir daha səndən üzr istəyirəm. Məni bağışla".

Evdən çıxıb təzə tikilmiş, bir gözdən ibarət olsa da səliqəli poçtamta getdi. Bir zərf alıb məktubu içinə qoydu, yapışqanla bərk-bərk yapışdırdı. Üstünə "Gülnarəyə" yazıb cibinə qoydu. Yerin-göyün dərdini daşıyırmış kimi ayaqlarını sürüyə-sürüyə evlərinə tərəf yol aldı. Həyətdə yeni gələnlər də vardı, qonum-qonşular da. Kiçik bacısını evin dalına çağırıb məktubu ona verdi, pıçıldadı: - Gülnarəyə verərsən...

Bacısı məktubu sevincək aldı. "Ay Allah! Qurban olum sənə, qardaşımın ürəyinə insaf sal. Qalsın evimizdə, getməsin".

Gülnarədən də çox şey asılı olduğunu bilib nigarançılıqla onu gözləməyə başladı. "Ağzı nədi? Deyərəm qardaşıma yaxşı-yaxşı sözlər yazsın. Onu getməyə qoymasın. Yoxsa, canını alaram!".

 

***

Ruhinin həlak olması xəbəri çıxandan Gülnarə onların evindən əskik olmadı. Çadır şəhərciyində, qonum-qonşular arasında qızlarla ən yaxın rəfiqə o idi. Evləri də uzaq deyildi. Ona görə də heç bir söz-söhbətə yer qalmadı. O da Şahinin tərxis olunacağını bilirdi. Amma Ruhinin ölümü yəqin ki, işləri xeyli uzadacaq.

Şahini görəndə gözlərinə inanmadı. Necə də kişiləşmişdi, gözəlləşmişdi, yaşından böyük görünürdü. Rəngi qaralsa da, yaraşıqlı olmuşdu. Tay-tuşlarından çox fərqlənirdi. Hiss edirdi ki, onun sevgilisinə baxan başqa qızlar da var, özü də az deyillər. "Aha!?.".

Ürəyini çəkən o idi ki, Şahin bir dəfə də olsun başını qaldırıb ona baxmamışdı. Hətta bir dəfə qəsdən üz-üzə gəldi. Salam vermək istədi. Amma Şahin elə bil onu görmədi. Ola bilməzdi axı. Nə isə, yəqin, qardaşının xiffətini çəkir. Çəkər də... Ruhin də kəndin gözədəyən oğlanlarından biriydi. Qardaş dağı ağır olur. Ürək istəyir dözsün. Neynək, qoy yeddi də qurtarsın, ondan sonra danışmaq olar. Şahin də bir az toxtayar.

Ruhinin yeddisi də izdihamlı keçdi. Yenə də rayonun bütün rəhbər işçiləri təşrif gətirmişdilər. Komandirləri lap erkən gəlmişdilər. Onları Şahin qarşıladı. Camaat bir ucdan daşdanırdı. Mağarda yer yox idi. Adamlar eşikdə gözləyib sonra növbə ilə çadıra girirdilər.

Elin dəstəyi çox gərək oldu. Ailə xeyli sakitləşdi. İndi onlar daha çox qürur hissi keçirirdilər. Ən yüksək səviyyədə onlara hörmət, izzət ifadə olunurdu. Ruhini hamı öz balası kimi ağlayırdı. Cəlal müəllimin sözü tez-tez təkrar olunurdu. "Başımızın tacı!".

Amma torpağın üzü doğrudan soyuq imiş. Hamını yavaş-yavaş soyutdu. Ən çox da tirin altındakılarını. Dünya yaranışdan belədir... Biri gəlir, biri gedir.

Nazənin girəvələyib Gülnarəni evin dalına çağırdı: - Şahinin sənə məktubu var, yaxşı cavab yazarsan! Yoxsa canını alaram.

Gülnarə gülümsəyib məktubu aldı, yan-yörəsinə göz gəzdirib qoynuna qoydu. Aralanıb hərəsi bir tərəfə getdi.

***

Səhərisi gün Şahin aralığa çıxdı. Tay-tuşları ilə daha sakit və ənənəvi qaydada görüşdü. Onların işi-gücü, məşğuliyyətləri ilə maraqlandı. Bir neçəsi yüngül ticarətlə, digərləri də İmişlidə son illər dəbə düşmüş çınqıl karxanasında, karyerdə işləyirdilər. Çox yüksək məvacib almasalar da: - Allah bərəkət versin, həm başımız qarışır, həm də azdan-çoxdan evə kömək edirik. Yaxşıdır! - deyə razılıq edirdilər.

Şahinçün ən əzablı an - niyə axıracan getmədiniz? - sualıydı. Cavabı heç kimi qane etmirdi. Belə fürsətin əldən qaçırılması hamını hiddətləndirirdi. Söyüşün biri bir qəpik. Hətta bəzən Şahinə elə gəlirdi ki, onu günahkar çıxarırlar. Bildiyi qədər əsaslandırırdısa da, ətrafına yığışanları, xüsusən gəncləri başa sala bilmirdi. Ürəyi sıxılırdı...

- Siz onların dediyinə baxmazdınız. Basıb keçərdiniz Stepanakertə, komandirləriniz nə deyəcəkdilər ki.

Bax, burda Şairin yeri görünürdü. O bu qızğın cavanları həm başa salardı, həm də məntiqlə ram edərdi. Şahin bu gənclərin qarşısında aciz idi. Onlara cavab verə bilmirdi. Gətirilən, izah edilən arqumentlərə baxmayaraq, tutdu-tutmadı elə Şahinə acıqlanırdılar.

Aranı uşaqlıq dostunun verdiyi sual sakitləşdirdi.

- Vaxtın qurtarmadı?

- Qurtarıb. Amma geri qayıdıb müddətdən artıq qulluqda qalmağımla bağlı ərizə yazacam. Qalacam orduda.

Sanki alovlanan ocağa su töküldü. Şahin yenidən dostlarının, hətta onu az tanıyanların da gözlərində böyüdü. Onu başa düşdülər, ürəklərində təqdir elədilər. Əlbəttə, qardaşının qanını artıqlaması ilə almaq istəyir. Allah arzusuna çatdırsın. Elə bizi də...

Evə gələndə Nazəninin sözlü olduğunu o saat bildi. Yataq otağına keçib dincəlmək istədi. Bacısı dabanqırma dalınca girdi.

- Gülnarədən məktub var.

Şahin təəccübləndi. O məktub gözləmirdi. O cür məktubun cavabı olmamalıydı.

Gülümsəyib üz-gözü alışıb yanan bacısını pərt etməmək ücün: - Sağ ol - deyib burnuna bir çırtma vurdu. Nazənin uğuldaya-uğuldaya, ancaq sevincək otaqdan çıxdı.

Məktubu əlində tutub fikrə getdi. Açsınmı, açmasınmı?.. Axı, elə şeylər yazmışdı ki, onun xoş bir cavabı olacağını düşünmürdü. Yəqin, Gülnarə onu vəfasızlıqda, dönüklükdə ittiham edəcəkdi. Haqlıydı, əlbəttə!.. Şahin haqlı deyildi!..

İndi bu məsələləri həll etməyə onun gücü qalmamışdı. Döyüşdə özü də yaralanmışdı. Bədənində bir neçə qəlpə qalmışdı. Tapşırmışdılar ki, qayıdan kimi qospitala gəlsin. Yalnız ona görə həkimlər buraxmışdılar ki, ağrı hiss etmirdi. - İsti-istidir, ona görə deyirsən. Mütləq əməliyyat olunmalısan. Başısoyuqluq eləmə. Tez qayıt.

"Gör necə düz deyiblər. Ağrılarım artıb. Yox, günü sabah çıxmalıyam. Əhmədbəylidə Bakıdan da savadlı həkimlər var".

Gülnarənin məktubunu açmadı. Onu aparıb dağlarda, gülün-çiçəyin arasında dəfn edəcəkdi. Qoy, onun özündən və Allahdan başqa bu məktubda nə yazıldığını heç kim bilməsin.

Yavaş-yavaş paltarlarını yığışdırmağa başladı. Məktubu lap altdan qoydu.

Amma biz oxucuların marağını nəzərə alıb məktubu göstərməyi lazım bildik.

"Göz açıb ilk gördüyüm sən oldun. Sevgi adlı ilahi hissi səninlə duydum. Viran qalmış köçkün həyatımızda sən mənə yeganə ümid və dayaq oldun. Heç bir məna ifadə olunmayan bu çadır şəhərciyində sənə görə dözüb dururdum. Məgər bu həyatdır? Bilirsən ki, yurdumuzla müqasiyədə burada yaşamaq cəhənnəm əzabıdır.

Yazdığın məktubla cəhənnəm əzabımı qəbir əzabına çevirdin.

Axı hamı bilir ki, biz bir-birimizi sevirik. Adım səninlə çıxıb. Bundan sonra hansı köpəkoğlu vicdanına sığışdırıb adımı tutacaq?

Mən sənin qardaşına ümidverici heç nə deməmişəm. Özün də bunu yaxşı bilirsən. Bə, bu nə oyundu çıxarırsan?

Sən xudbinlikdən, eqoistlikdən belə edirsən. Guya əsl kişilik, ərlik nümayiş elətdirirsən. Şəxsi hisslərini çox qabardırsan. Hamının əzizi də ölür, qohumu da, qardaşı da. Heç kim vədinə sənin kimi dönük çıxmır. Namərdlik elədin. Təsəvvür elə ki, bacılarından birinin başına belə iş gəlir. Onlardan birinin adı kiminləsə hallanır, amma oğlan dönük çıxır. Necə qəbul edərsən? Məgər bu kişilikdir? Hisslərinə qapılıb səhv etdin. Məni də əbədilik məhv etdin. Səni heç vaxt bağışlamıyacam".

Gülnarənin məktubunda ünvan yox idi. Kimə yazıldığı da məlum deyildi. Heç yazanın da kim olduğu bilinmirdi. Allah eləməmiş, kiminsə əlinə düşsəydi, heç kim unamayacaqdı ki, kimdən kimədir.

Gülnarə acığından belə yazmışdı. Şahinin adını çəkmək belə istəməmişdi. Görünürdü ki, qızın qəlbi çox qırılıb. Özü demişkən, onu həyata bağlayan tel üzülmüşdü.

Allahdan və Gülnarədən başqa orada nə yazıldığını heç kim bilmədi.

 

***

Müharibənin dördüncü günü günorta döyüş meydanına qəribə bir sakitlik çökdü. Topların, qradların gurultusu daha yeri-göyü titrətmirdi. Erməniləri Lələtəpədən bir kilometrə qədər qovub uzaqlaşdırmışdılar. Ordu Cəbrayılın o biri kəndlərini də azad etmək üçün irəli şığıyırdı.

Cəfərov arxadan gəlib əlini Raufun çiyninə qoydu.

- Yaxşı, bəsdir, sakitləş...

Rauf heç nə başa düşmədi. Üz-gözü əyildi.

- Sakitləş nədi, komandir! Görmürsən, toyuq kimi necə qaçırlar. Axır ki, bunlara yerini bildirdik. Bunlar Xocalıda bizim ana-bacılarımızın, silahsız ata-qardaşlarımızın üstündən tankla keçiblər, silahsız körpələrimizi qurşuna düzüblər... bu nə sözdü?

- ...Əmr gəlib ki, döyüşü dayandırın...

Pulemyotun lüləsi düz Cəfər müəllimə tuşlanmışdı, hər an hər hansı ehtiyatsızlıqdan, Şairin emosional vəziyyətindən güllələr siyasi rəhbərin bədəninə dolub onu aşsüzənə döndərə bilərdi. Cəfər müəllim bunu gözünün altına almışdı. Ölüm onu o qədər də maraqlandırmırdı. Generalın əmri yerinə yetirilməliydi. Xüsusi olaraq ratsiyada ona tapşırılmışdı. "Şairi ram et". Onu yola verə bilsən, başqalarını sakitləşdirmək asan olacaq.

Rauf bir neçə dəfə başını silkələdi. Sözlər ona çatmırdı. Ya da deyiləni dərk eləmirdi. "Necə yəni döyüşü dayandırın?". Yeriyib Cəfər müəllimin lap çənəsinin altında durdu.

- Bir də deyin, mən nəyisə ya yaxşı eşitmədim, ya da başa düşmədim.

- ...Deyirəm ki, döyüşün dayandırılması ilə bağlı lap yuxarıdan əmr gəlib...

- Ali Baş Komandandan?

- ...Yox.

- "Dayan" deməyə yalnız onun ixtiyarı çatar. Bilirəm ki, bu məsələdə Ali Baş Komandanın əlinin üstündə əl olmamalıdır. Əgər belə deyilsə, hansı donuz oğlunun işidir?

Cəfər müəllim mənalı şəkildə başını şimal tərəfə qovzatdı:

- ...Məsələ mürəkkəbdir.

- Onun-bunun dediyi ilə oturub duracağıqsa, "bəs mənim ölkəmin varlığı hanı?".

Şüuru kütləşmişdi. Heç nə başa düşmürdü. Cəfər müəllimə baxa-baxa qalmışdı. Onun üzündən nəsə bir şey oxumaq mümkün deyildi. İlk dəfə idi ki, müəlliminin sifəti heç bir məna ifadə etmirdi. Ona görə də küt nəzərlərlə Cəfər müəllimə baxa-baxa qalmışdı.

Cəfər müəllim qollarını yana açıb çiyinlərini qısdı.

Rauf indicə hiss etdi ki, döyüş səngiyib.

Əsgərlər geri dönürdülər. Komandirlər, sanki dalaşan uşaqları ayırırmış kimi əsgərləri bir ağsaqqal ədası ilə kürəklərinə vura-vura, oxşaya-oxşaya, nəsihət verirlərmiş kimi, hətta bəzilərinin qollarına girərək, çiyinlərini qucaqlayaraq elə bil yola gətirirdilər.

- Axı kim?

Cəfər müəllim başını aşağı salladı.

Rauf puleymotu təzədən qucağına alıb qaçan erməni əsgərlərinin dalınca cumdu.

 

Hoydu, dəlilərim hoydu,

Yeriyin meydan üstünə

Havadakı şahin kimi,

Tökülün al qan üstünə

Koroğlu çəkər başını,

Bəylər elər tamaşanı,

Mən özüm Aslan paşanı,

Hərəniz bir hayk üstünə.

 

Lap uzaqlarda bəzi erməni əsgərləri ağzıüstə torpağa yıxılırdılar. Sonra arxasıüstə çevrilib elə uzanılı şəkildə əllərini yuxarı qaldırırdılar. Qaçmağa taqətləri qalmamışdı. Ürəkləri ağızlarından çıxırdı. Əsir düşməyi daha üstün bilirdilər. Bəlkə ölmədilər, sağ qaldılar. Raufun bölüyündən sağ qalanlar da onun arxasınca düşdülər.

- Mən öz torpağım uğrunda vuruşuram. Mən işğal edilmiş Vətən torpaqları üçün döyüşürəm. Bunu mənə kim qadağan edə bilər? Qardaşlar irəli! Bu it uşağını çıxdıqları yerə qədər qovmayan kişi deyil!

Mayor Raufun ardınca götürüldü. Çata bilmirdi. Həm də Raufun bölüyünün əsgərləri araya girib qarşısını kəsdiyindən ləngiyirdi. Nəhayət, çatıb Raufun qolundan tutdu. Dolmuş gözləri elə onu xeyli süzüb dilləndi.

- Bir ətrafına bax! Axı hamı dayanıb.

- Cənab mayor! Bu təzə Xuraman xala hardan peyda oldu? Bu namərd əmridi. Bu, xalqımızın, dövlətimizin əleyhinədir. Yəni bunu yuxarılarda başa düşmürlər? Axı məsələni birdəfəlik həll edə bilərik. Xankəndi budu ey, burnumuzun ucunda. Gedək birdəfəlik bitirək də bu işi. Kim bizə deyə bilər bəsdir. Bəs Xocalıda niyə dayanın demədilər? 20 noyabrda təyyarəmizi vurub say-seçmə kişilərimizi qanına qəltan edəndə niyə dayanın demədilər. Niyə yenə də bizi öz qınımızda yandırırlar. Bilirsiz bunların altını necə çəkəcəyik. Nə qədər xətir üçün xəstə yatmaq olar?

Mayor ehtiyatla Raufa yaxınlaşdı.

- Gedək, qadan alım.

Rauf tam süstləşdi. Pulemyotu yerə çırpıb uşaq kimi hönkürməyə başladı. Ağlaya-ağlaya, yana-yana deyirdi.

- Allah, bu nə işdi? Niyə Şahin kimi uçmağa başladığımız anda qanadlarımızı qırırsan. Bütün bunlara necə yol verirsən? Axı sən adilsən, haqsan. Niyə belə ədalətsizlik edirsən?

Başını tutmuşdu, hərdən yerə döyürdü, hərdən saçlarını yolurdu. Bağıra-bağıra yeri-göyü lənətləyirdi. O, əzab içində qovrulduğu zaman əsgər yoldaşları pulemyot, avtomat daraqlarını düşmənin arxasınca boşaldırdılar. Lələtəpədən onları müşahidə edənlər: - Deyəsən, Şairi Cəfər müəllim nəhayət ki, sakitləşdirə bildi - düşündülər.

Deyəsən, eləydi.

Mayor bir də Raufun çiyninə toxundu.

- Dur gedək. Bizi gözləyirlər. Dön bir bayrağımıza bax.

Hə, buna baxmağa dəyərdi. Rauf bir az özünə gəlmişdi. Məgər neçə vaxtdan bəri məhz bu günü gözləmirdilərmi!? Üçrəngli Azərbaycan bayrağı qartal kimi Lələtəpənin zirvəsində qanad çalırdı. Allah! Adamın qəlbi necə sevinclə çırpınarmış. İnsan necə qürurla dikələrmiş, başını qaldırıb göylərə baxarmış. Yox, Allah bizi də görür, əməyimizin, həyəcanımızın, bəxtimizin əvəzini verir. Heç nə boş yerə yaranmır.

Polkovnik Mais Bərxudarovla polkovnik-leytenant Şükür Həmidov Lələtəpənin zirvəsində Azərbaycan bayrağının altında dayanıb ermənilərin qaçmasına tamaşa edirdilər. Şükür Həmidov narazı şəkildə döyüş meydanını süzürdü. Bərxudarov üzünü ona tutdu:

- Sözlü adama oxşayırsan...

- Deyirəm, ermənilər bir az müqavimət göstərsəydilər, daha zövqlü döyüş olardı.

- Sən də lap Şair kimi danışdın.

Hər ikisi gülümsəyib pərən-pərən düşmüş erməni ordusunun uzaqlarda görünən təkəmseyrək döyüşçülərinə baxırdılar.

Raufun pulemyotunu yoldaşları götürmüşdü. Cəfərov onun qoluna girmişdi. Asta-asta Lələtəpəyə qalxırdılar. Böyük komandir heyəti onları gözləyirdilər. Get-gedə yaxınlaşırdılar. Az qalmış birdən alqışlar ucaldı.    

Bu onların şəninə idi!

 

Davamı gələn sayımızda


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!