Göyərçin ədəbiyyatı və ya sülh diktaturası - İlqar FƏHMİ

İlqar FƏHMİ

Gözümüzü açandan hər yanda göyərçin şəkilləri görmüşük... Sovet İttifaqının ən böyük şüarlarından biri idi - Millətlərə sülh, xalqlara azadlıq...

Bütün bayramlarda, tədbirlərdə sülhdən, əmin-amanlıqdan danışmışıq, əksinə, fikir söyləyənləri də millətçilikdə, faşizmdə günahlandırıb ittiham etmişik... Millət, xalq anlayışı şərtidi. Yaşasın beynəlmləlçilik, xalqlar dostluğu, ədəbi sülh...

 

Elə "xalqlar dostluğu" deyə-deyə 20-ci illərdə Zəngəzuru qopartdılar, 37-ci ildə ziyalılarımızın axırına çıxdılar; "sülh" deyə-deyə 50-ci illərdə on minlərlə həmvətənimizi Ermənistandan deportasiya etdilər...

Və nəhayət, 88-ci il. Yeniyetməlik dövrüm. Ən həssas, ən duyğusal bir dövr.

Heç cür anlaya bilmirdik ki, axı DQMV-nin erməni sakinləri nə istəyirlər? Axı nə fərqi var, kim hansı respublikanın tərkibində yaşayır? Axı biz hamımız böyük və bölünməz sovet xalqının nümayəndələriyik. Axı bizim respublikaların da hamısının bayrağı qırmızıdır, yalnız cüzi fərqləri var.

Ən maraqlısı bu idi ki, Bakıda yaşayan ermənilər də özlərini elə göstərirdi ki, başlayan bu proseslərin onlara heç aidiyyatı yoxdu... Onlar da riyakarlıqla çiyinlərini çəkir, eynən bizim kimi deyirdilər ki, axı Stepanakertdəkilər nə istəyir?  

Başa düşmürdük, amma bu barədə danışmağa da imkan vermirdilər... Yox, olmaz, axı biz sülhsevərik. Qoy onlar - Zori Balayanlar, Silva Kaputikyanlar ərköyün uşaq kimi qışqır-bağır salsınlar. Bizə olmaz...

Axı niyə? Niyə onlara olar, bizə olmaz? Məgər bütün sovet xalqları bərabər deyil?

13-14 yaşda bunu dərk etmək çətin idi...

88-ci ilin yayında orta məktəbdən məni "Artek" düşərgəsinə göndərdilər. Komsomol komitəsində dönə-dönə tapşırdılar - ermənilərlə konfliktə getmək qəti qadağandı, heç bir mübahisə filan olmaz. Axı biz sülhsevərik, biz heç kimlə konflikt istəmirik...

Və bizim sülhsevərliyimizi hamıya bəyan etməkçün bizim qrupa 7-8 nəfər erməni uşaqları da salmışdılar. Əsasən Bakıda yaşayan erməni ailələrinin uşaqları idi...

Hələ bu azmış kimi, komsomol komitəsindən tapşırmışdılar ki, "Artek"də bizim nümayəndə heyətinin yürüşləri zamanı Azərbaycan SSR-nin bayrağını məhz erməni uşaqlardan biri aparsın. Bu məqsədçün seçilən qızın adı indiyəcən yadımdadı - İnessa Ovanesyan...

O vızbaş, yekəpər qızın bütün tədbirlərdə Azərbaycan bayrağını apararkən, ara-sıra çönüb bizlərə qalib baxışlarla baxması da indiyəcən yadımdan çıxmır...

Ən maraqlısı isə bu idi ki, "Artek"ə gələn kimi qrupumuzdakı erməni uşaqları anındaca bizə arxa çevirib rusların dəstəsinə qoşuldu. Sanki heç Azərbaycan nümayəndə heyətinin üzvü deyildilər. Özlərini də o qədər yuxarıdan aparırdılar ki, elə bil Azərbaycanın təfəkkür elitası məhz bunlardı və o qədər yüksəliblər ki, bizimkilərlə heç cür uyuşa bilmirlər....

Amma biz buna etiraz edə bilməzdik, çünki sülhsevər olmalıydıq, yoxsa partiyanın xətrinə dəyərdi.     

(Qeyd edim ki, "Artek" bir düşərgə yox, on dörd-on beş düşərgədən ibarət bir kompleks idi və məhz bizim düşərgədə erməni nümayəndə heyəti yox. Əks halda bizim ermənilərimiz gedib özünkülərə qoşulardılar).

İllər keçdi, 20 Yanvar, Qarabağ savaşı, Xocalı faciəsi, itirilən torpaqlar, yüz minlərlə qaçqın və köçkünlərimiz... Biz sülhsevərliyimizi bütün dünyaya nümayiş etdirə-etdirə 20 faiz torpaqlarımızı əldən verdik...

Bu illər ərzində çox şey dəyişdi, yaddaşıma çox məqamlar həkk olundu, çox məqamlar yaddaşdan silindi. Ancaq 32 il əvvəl "Artek"dəki yürüşlərdə irəlidə addımlayaraq Azərbaycan bayrağını aparan İnessa Ovanesyanın sifətindəki ifadə heç cür yaddaşımdan silinmir.  O simada qətiyyən sülhsevərlik yox idi. Əksinə, sanki bizi yıxıb, zorla bayrağımızı əlimizdən almış kimi, bir qələbə təntənəsi vardı - eynən Şuşada yallı gedən Paşinyanın sifətindəki ifadəyə bənzəyirdi.

Amma biz yenə də sülhsevər idik... Atəşkəsə ciddi-cəhdlə riayət edirdik.

Ən xoşagəlməz cəhət isə bu oldu ki, ədəbiyyatımıza, mədəniyyətimizə sızmışdı bu "sülhsevərlik"...

Niyə? İndi ki Sovet hökuməti yoxdu? İndi kim idi bizi sülhsevərliyə məcbur edən?

Bu dəfə heç kim... Bu dəfə öz komplekslərimiz...

Cəhənnəm olsun öz oxucumuz, öz tamaşaçımız. Biz mütləq dünyaya (Avropaya, hətta Amerikaya) çıxmalıyıq.

Bəs bununçün necə yazmaq lazımdı?

Qisasa, döyüşə çağrış eləmək olmaz, inciyərlər, deyərlər ki, bunların ziyalıları xalqı atəşkəsi pozmağa, sülhü dağıtmağa çağırır...

Faciələrimizdən danışa bilərik, amma düşmənin adını çəkə bilmərik. Yoxsa geri qaytaracaqlar...

Müharibənin pis olduğunu göstərə bilərik, amma bunun baiskarı haqqında danışmaq olmaz. Yoxsa bəyənməzlər.

Günahsız insanların qanının tökülməyindən bəhs edə bilərik, amma qan tökəni nişan vermək məsləhət deyil. Yoxsa xətirlərinə dəyər...

Bizi sülhə, humanizmə zəncirlədilər.

Döyüş çağırışlarından, qəhrəmanlıq tərənnümündən, qisas yanğısından yazmaq, çəkmək həm də gerilik əlamətidir. Dünyanın elitar təfəkkürü artıq çoxdan bu məfhumlardan yuxarı qalxıb.

Biz sülhsevər, humanist olmalıyıq. Təki onların xoşuna gəlsin, təki azdan-çoxdan bəzi əsərlərimizi çap eləsinlər, təki bəzi filmlərimizi festivallara buraxsınlar, təki bəzi mükafatlar versinlər. Təki, təki, təki...

Yaxşı, bəs niyə eyni tələblər ermənilərin qarşısına qoyulmurdu?

Niyə son onilliklərdə Qərbdə çap olunan erməni müəlliflərinin əsərlərinə nəzər salanda, müxtəlif beynəlxalq kinofestivalların ən yuxarı mərtəbələrinə qalxan erməni filmlərinə baxanda  sülhsevərlikdən, humanizmdən əsər-əlamət görünmür?

Bəli, onlara olar. Bizə isə olmaz...

Bunu illərlə görmüşük. Ancaq, nədənsə, yenə bu təfəkkürü beynimizdən çıxara bilmirik. Axı onlar belə deyir. Onların fikrincə, müharibə, döyüş, qisas məfhumları cəhalət və feodalizm qalığıdır.  

Əsl müasir elitar təfəkkür isə yalnız və yalnız sülh və humanizmi qəbul edir. 

Bu gün Elif Şəfəqin sülh çağırışları bizim cəmiyyətdə ikitirəlik yaradıb... (narahat olmayın, biz azdan Orxan Pamukun da səsi çıxacaq). 

Heç də bütün cəmiyyət birmənalı şəkildə onu qınamadı. Əksinə, bir çox "elitar" ziyalılarımız müdafiə etdilər. Niyə? Çünki onun yoluyla getməyi, hətta yuxularında da görürlər. Çünki sənətin yeganə dəyəri, yeganə ölçü vahidi məhz onların qəbul edib-etməməsidi...

Məgər Elif Şəfəq və onun kimilər nəsə başqa bir şey yaza bilərdilərmi? Əlbəttə, yox. Axı cahil və nadan kütlədən fərqli olaraq, onlar elitar və müasir təfəkkür daşıyıcısı kimi, mütləq şəkildə sülhsevər və humanist olduqlarını hamıya nümayiş etdirməlidirlər...

Fərqi yoxdur, sənin xalqının şərəf və ləyaqətini tapdalayırlar, fərqi yoxdur, tarixini məhv edirlər, fərqi yoxdur, bacardıqca sındırırlar. Əsas budur ki, mən müasir düşüncə sahibi kimi sülhsevərəm, humanistəm... Geridəqalmış cahil nadan deyiləm, köhnəlmiş "milli-etnik komplekslər"in əsarətindən azadam...

Soljenitsın 60-cı illərdə bir poemasında yazırdı ki, Sovet hökuməti Zoya Kosmodemyanskaya, Oleq Koşevoy kimi miflər uyduraraq gəncləri müharibənin ət maşınından keçirir... Amma soruşan yox idi ki, yaxşı, bəs neyləyəydi Sovet hökuməti? Əllərini qaldırıb Hitlerə təslim olmalıydı?

Bu sualın cavabı Soljenitsın üçün maraqlı deyildi. Onunçün maraqlı olan burda qapaz yeyib, orda zirvələrə qalxmaq idi.

Onsuz da o torpaqlar qayıtmayacaq. Gələcəyi düşünmək lazımdır - açıq deyilməsə də, öz aramızda bu sözü on illər ərzində nə qədər eşitmişik? 

Əsas azad, humanist, sülhsevər cəmiyyət qurmaqdı. Torpaq filan boş şeydir. Bütün bu hay-küylər isə yalnız saxta riyakarların vətənpərvərlik şuarları altında gizlənməsindən başqa bir şey deyil...

Döyüşdən, qisasdan yazmaq istəyənləri ələ salıb lağa qoyduq, qəhrəmanlıqdan vətənpərvərlikdən yazmaq istəyənləri köhnəlmiş pafosda suçladıq...

Yazdıq, amma döyüşdən, şücaətdən yazmadıq, tamam başqa şeylər yazdıq. Kompüter arxasında guya müasir olduq, guya humanist olduq, guya azad olduq, guya sülhsevər olduq...

Bizim çoxumuz "onlar"ın zövqünə, istəyinə uyğun olaraq "Göyərçin ədəbiyyatı" yaratdıq. (Hərçənd ki, daha çox "canavar ədəbiyyatı"na ehtyac var idi).

Bəs niyə düşünmədik ki, bu sülhsevər və humanistlər niyə İraqı qana qərq etdilər, niyə Serbiyanı bombardman elədilər, niyə Suriyanı, Liviyanı dağıtdılar... Və daha nələr, nələr... Bizi sülhsevər humanist eləməyə çalışdıqları halda, niyə özləri buna riayət etmirlər? 

Bu bizimçün maraqlı deyildi. Əsas bizim özümüzün humanist və sülhsevər olmağımız idi...

Bu gün ordumuz mənfur düşməni işğal altında olan torpaqlarımızdan qovur... Və nə yaxşı ki, ön cəbhədə döyüşən əsgərlərimiz bizdə yazılan bir çox əsərləri oxumayıb, çəkilən bir çox filmləri görməyib... Nə yaxşı ki, onlar "azad", "sülhsevər",  "humanist" olmayıblar... Çünki onlar müasir "elitar təfəkkür sahibi" deyillər... Yoxsa bircəsi də sinəsini güllə, mərmi qabağına verməzdi, silahını çəkib düşmən üzərinə hücum çəkməzdi...

Onlar sadə insanlardı. Bəli, onlar moderndən, postmderndən anlayışı olmayan, Kafkanı-Kannı-Nobeli tanımayan, avanqardın adını da eşitməyən, əvəzində Heyratı, Mənsuriyyə avazıyla, nağara ritmləriylə, qara zurna sədalarıyla böyüyən sadə insanlar, sadə gənclərdi... Amma kişilərdi.

Sülhsevər yox, humanist yox, əsl kişilər - İçindəki qisas yanğısını da,  düşmənə nifrəti də, odlu qəzəbi də gizlətməyə ehtiyac görməyən, "elitar və müasir" görünməyə çalışmayan, ən əsas da ölümün gözünün içinə baxmaqdan qorxmayan əsl döyüşçülər. 

Və biz, qoltuğumuzdakı "göyərçin ədəbiyyatı" ilə bu kişilərin, bu döyüşçülərin yanında  diliqısayıq, xəcalətliyik... bəlkə bundan sonra o kişilərin qarşısındakı günahlarımızı yuya bilək...

Axı onlar haqq-ədalət mücahidləri, işıq cəngavərləridirlər.

Haqq-ədalət bütün saxta dəyərlərdən üstündü... Çünki riyakar təfəkkürlər və saxta dəyərlər yalnız haqq-ədalət olmayan yerdə mövcud olur...   

Haqq-ədalət olan yerdə fəsad və əsarət olmur.

Həqiqi sülh və həqiqi azadlıq istəyiriksə, onda ilk öncə beynimizi komplekslərin əsarətindən qurtarmalıyıq.

Çünki...

"Ən qanlı müharibə saxta sülhün içindəki müharibədir".

"Ən böyük diktatura saxta azadlığın diktaturasıdı...".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!