"Qarabağ torpağının zənguləsi Şuşadır" - Mətanət VAHİD

Rafiq Yusifoğlunun uşaq şeirlərində Vətən anlayışı günümüzün rakursundan

Mətanət VAHİD

 

Son illər yalnız ölkəmizdə deyil, bütün dünyada böyüklərin dilə gətirdiyi bir məsələ var ki, gənc nəsil kifayət qədər vətənpərvər deyil. Lakin ölkədə gedən siyasi proseslərə münasibətdə hər kəsin vətənpərvərlik duyğusu özünü daha aydın büruzə verir: torpaqlarında bir aydır ki, müharibə gedən ölkə kimi uşaq və gənclərimizin heç də vətənpərvərlik duyğusundan məhrum olmadığına, əksinə, Vətənimizə gözlənildiyindən də artıq bağlılığına şahid oluruq. Çünki xarakterlər daha çox kritik situasiyalarda üzə çıxır və Vətənin bu ağır günündə ön cəbhədə torpaqlarımızı işğaldan azad etmək uğrunda can qoyan, qan tökən, "Vətən uğrunda" deyə, qələbə əzmi ilə döyüşdən-döyüşə adlayanlar əsasən məhz gənclərimizdir.

Vətənpərvərlik insanın mənəvi təcrübə ilə çatdığı bir ruh halıdır. Bununla belə, uşaqların vətənpərvərlik tərbiyəsində ailənin, məktəbin, bütövlükdə cəmiyyətin rolunun əhəmiyyəti gözardı edilməməlidir. Vətənpərvərlik tərbiyəsinin önəmli məqsədlərindən biri də uşaq və gənclərin iradəsini millətin iradəsi ilə birləşdirməkdir. Bu xüsusda məktəbin, xüsusilə, tarix və ədəbiyyat fənlərinin tədrisi müstəsna əhəmiyyətə malikdir. Çünki vətənpərvərlik həm də öz ölkənin və millətinin tarixinə bələd olmaq, onun keçmişi ilə qürur duyaraq, gələcək nəsillərin də fəxr edəcəyi bir gələcəyi yaratmaq, qurmaq üçün zəhmət çəkməkdir. Millətin tarixən keçdiyi yolun, xalqın qəhrəmanlarının böyük zəfərlər naminə etdiyi fədakarlıqların fərqində olan, onları dərk edib sayğı duyan, özünə örnək götürən fərd, uşaq içində vətən sevgisini formalaşdırır. Vətənpərvərlik - öz yurdunun təbiətinə vurğunluq, mədəniyyətinə bağlılıq, bütün sahələrdə öz ölkənə aidlik duyğusudur. Vətənpərvərlik - Dövlət Himni səslənəndə gözlərin dolması, Bayrağımız dalğalananda köksümüzün qürurla qabarması, həmvətənlərinin hər uğuruna sevinə bilmək böyüklüyüdür. Vətəni sevmək inanmaqdır - yaxşılığa, gözəlliyə, xeyirxahlığa, dürüstlüyə, vicdana, bir sözlə, bütün mənəvi dəyərlərə. Vətən sevgisi dəyərlərin məcmusuna sevgidir.

Alman filosofu Qotlib Fixte (1762-1814) yazırdı ki, yalnız mükəmməl bir insanı yetişdirmək vəzifəsini həyata keçirə bilən millət mükəmməl bir dövlət yarada bilər. Bədii ədəbiyyat insanın yetişməsində, uşağın tərbiyəsində mütləq rola malikdir. Məsələ mətnlərdə deklamasiya xarakterli öyüd-nəsihətdən getmir. Həmçinin uşağa "vətəni sev" deməklə vətənpərvər olunmur. Bədii ədəbiyyat vətənə sevgini danışmır, onu göstərir. Yalnız belə olduğu halda oxucu (uşaq) üçün hər hansı təsir qüvvəsinə malik ola bilir. Təbii ki, eyni əsərləri oxumuş, ədəbi-bədii tərbiyəsi eyni mətnlər əsasında formalaşmış uşaqlar tamamilə müxtəlif düşüncəyə malik insanlar olaraq da böyüyə bilirlər. Burada hər şey uşağın (oxucunun) mətnə daxili münasibətindən, nə cür qavramasından xeyli dərəcədə asılıdır.

İllərdir ki, bizim ədəbiyyatımızda vətənpərvərlik təbliğatının az olduğu, bu mövzuda yazılanların kifayət qədər sirayətedici və qənaətbəxş olmadığı deyilir. Mən azların böyüyüb azman olacağına, suyun dama-dama göl olduğuna inananlardanam. İnanmaq əməlin yarısıdır. Hər şeydə, elə ədəbiyyatın içində də inkarçılıq mövqeyi tutmaq, bizim olan hər işi pisləmək əziklik kompleksidir, gözünü başqasından çəkə bilməyən acizlərin peşəsidir.

"Uşaq ədəbiyyatı - uşaqların böyük olmaq üçün keçdiyi ədəbiyyat məşqidir. Bu məşq prosesini, yəni uşaq yaşlarında ədəbiyyatla mənəvi cəhətdən zənginləşmək dərslərini normal keçmədən uşaqlıqdan gəncliyə  doğru gedən yolda baş verə biləcək büdrəmələr onları bütün ömrü boyu narahat edə bilər." (İsa Həbibbəyli) Uşaq ədəbiyyatı bu və ya digər dərəcədə öyrədicidir, çünki hələ dünyayla tanışlıq mərhələsini yaşayan uşaq oxuduğu, izlədiyi hər şeydən mütləq nə isə əxz edir.

Ölkəmizdə Abbas Səhhətin və Əhməd Cəmilin  "Vətən", Səməd Vurğunun "Azərbaycan" şeirlərindən heç olmasa, bir bəndi belə, bilməyən azərbaycanlı tapmaq, çətin ki, mümkün ola. Bu şeirlərin ruhumuza, qanımıza işlədiyini desəm, pafos olmaz, yəqin. Müasir dövrdə yazılan vətənpərvərlik şeirləri nədənsə nə bu şöhrətə malik ola bilir, nə də bu dərəcədə təsir edir. Fəqət yeni poetik nümunələr yaranmaqdadır və onlardan da bəhs etmək gərəkdir. Rafiq Yusifoğlunun uşaq şeirlərinin mövzu dairəsi rəngarəng olsa da, vətənpərvərlik mövzusu, demək olar ki, aparıcı mövqeyə malikdir.

 

Azadlığı verməyəcək sənə kimsə pay,

Ayağa dur, öz oduna, közünə güvən.

Mənim xalqım, bir kimsədən gözləmə haray,

Ağır sınaq günlərində özünə güvən.

 

R.Yusifoğlunun bu şeirləri uşaqlar üçün nəzərdə tutulmuş kitablarda toplansa da, onların bəziləri qapsadığı məna tutumuna, ötürdüyü mesajına görə yalnız yeniyetmələr və daha böyük yaş qrupları üçün uyğundur. "Mənim xalqım" (1990) şeiri sətiraltı olaraq uşaqlara əslində heç də uşaqca olmayan böyük mətləblərdən söz açır. Uşaqlar bu şeirdəki dost görünüşlü, dili "qardaş" desə də, düşmən olanın kimliyini anlaya bilirlərmi, maraqlıdır. Xalqımızın ucalığını, əzəmətini, "sıxılsa da, "uf" demədiyini" bəyan edən şeirin son bəndi tamamilə günümüzlə, bugünkü müharibə vəziyyətindəki əhvali-ruhiyyəmizlə səsləşir. Həqiqətən, bugünkü Vətən müharibəmizin də göstərdiyi kimi, işğal olunmuş torpaqlarımız uğrundakı döyüşlərdə silahların keyfiyyəti, əsgərlərimizin fiziki hazırlığı qədər vacib olan bir qüvvə var - döyüşçülərin və bütünlüklə xalqın ruh yüksəkliyi.

Rafiq Yusifoğlunun 2016-cı ildə çap olunmuş "Sabahın sorağında" kitabında 1978-ci ildə yazdığı "Vətən" adlı kiçik bir şeiri var. Mənə elə gəlir, uşaqlara vətən anlayışını məhz elə bu cür şeirlərlə anlatmaq daha çox mümkündür.

 

Fırtına quşuna bax

Qanad çalar, yorulmaz.

Dənizlərin üstüylə

Uçar, uçar, yorulmaz.

Öz gücünə inanar,

Biləndə aşağıda

Fırtınalı dəniz var.

 

Qartala bax, qartala,

Qanad açar, yorulmaz.

Zirvələrin üstüylə

Uçar, uçar, yorulmaz.

Öz gücünə inanar

Biləndə aşağıda

Neçə qarşı zirvə var!

 

Fikrimcə, bu, şairin günümüzlə ən çox səsləşən şeirlərindən biridir. Bu gün hər bir Azərbaycan vətəndaşı istər ön, istər arxa cəbhədə əsgərdir - yorulmaz, əqidəsindən dönməz əsgər. Torpaqlarında müharibə gedən, düşmənin işğalına məruz qalsa da, bu gün "qəfəsi sındırıb, tazə gülüstan tələb eylə"yən bu Vətən dalğalı, fırtınalı dənizdir. Bu Vətən bizə inanır, bizə güvənir. Vətən mənəm, sənsən, odur... Hazırda hər bir Azərbaycan vətəndaşına elə bir ruh halı hakimdir ki, hiss etdiklərimizi dilə gətirərkən pafos sayılmır; çünki vaxtilə adına pafos dediyimiz hər şeyi yaşamağın nəsib olduğu bir tarixi dönəmdəyik.

Vətən həm də xalqdır, onun dilidir. Şair 2014-cü ildə yazdığı "El və dil" şeirində uşaqlara vətəni sevmək dərsini öyrədir. Həmişə deyilir ki, vətən öz evimizdən başlanır. R.Yusifoğlu da bu bircə bəndlik şeiri ilə uşaqlara öyrədir ki, öz kandarını, evini, evin içindəki ananı sevməyi bacarmırsansa, nə ölkəni, vətənini, nə elini sevə bilməzsən. Ananı sev ki, onun dilini sevəsən. Ana dili sevgisiylə el, vətən sevgisi də ruhuna hopacaq:

 

Əvvəlcə evini sev,

Sonra yurdu, elini.

Əvvəlcə ananı sev,

Sonra ana dilni!

El yoxdusa, dil yoxdu,

Dil yoxdusa, el yoxdu...

 

Rafiq Yusifoğlu Vətən sevgisini uşaqlara təlqin etmək istərkən onu öz nümunəsində nümayiş etdirir. Onun bir çox şeirlərində vətənə vurğunluğunu izləmək mümkündür:

 

Mənə dayaq, mənə həyan olanım,

Pərvanətək qoy başına dolanım!

İşıq olub gözlərimə dolanım,

Çiçək olub ürəyimdə bitənim! -

Vətənim!

 

Bu kəlmələrdə şairin Vətəni ən doğması, ən yaxını, sevimlisi kimi əzizlədiyini, oxşadığını izləyirik.

Məşhur bir aforizmdə deyilir ki, ən böyük vətənpərvər vəzifəsini peşəkarlıqla icra edəndir. Bu gün ölkəmizdə hərbi vəziyyətdir, lakin bu, bütün əhalinin bir nəfər kimi cəbhədə döyüşməsinin vacibliyi mənasına gəlmir. Bu o deməkdir ki, biz arxa cəbhəni də ön cəbhəyə çevirməyi, hər birimiz öz sahəmizdə bacardığımızın ən yaxşısını, ən mükəmməlini etməliyik. Belədə əsgərlərimiz də bu ölkənin gələcəyinə daha böyük ümid və əminliklə döyüşər. Rafiq Yusifoğlunun şeiri uşaqlara  vətənpərvərliyin məhz peşəkarlıq yönünü təbliğ edir:

 

Sən öz sənətini bilmirsən hələ,

Ancaq danışırsan hey dürək-dürək.

Kəsməkdən savayı hər şeyi bilən

Küt balta vətənin nəyinə gərək?!

 

Dadsan da həyatın yüz nəşəsini,

Sevgi qazanmazsan fəğanla, ahla.

Vətənin düşməni öz peşəsini

Yarımçıq biləndir, yadında saxla.

 

Fikrimcə, bu, uşaqlara ölkəmizdə hərbi vəziyyətə baxmayaraq, düşmən qarşısında yalnız hərbi və fiziki olaraq deyil, həm də intellektual olaraq güclü olmağımız üçün gözəl bir ismarıcdır. Heç nəyə baxmayaraq, övladlarımız yaxşı oxumalı, gələcəyin savadlı, peşəkar və vicdanlı mütəxəssisləri olmalıdır. Odur ki, zənnimcə, bu günlərdə bu şeir digərlərindən daha çox aktualdır.

Mövzu vətəndirsə, bayraq da unudulmamalıdır. Rafiq Yusifoğlunun "Bərəkət bayrağı" şeiri erməni işğalından azad olunub Lələtəpə yüksəkliyinə sancılmış şanlı bayrağımıza həsr olunub. Şair göyqurşağına bənzəyən bayrağı fərəh, qürur mənbəyi adlandırır, sevincimizə səbəb olduğunu, üzümüzə təbəssüm qondurduğunu bildirir:

 

Yel əsdikcə arabir

Qəlbdə arzu dillənir.

Bayrağıma qoşulub

Zəmilər də yellənir...

 

Gördüyüm bu mənzərə

Kədərimi dağıdır.

Dalğalanan zəmilər

Bərəkət bayrağıdır.

 

Burada zəmiləri yel vurması nəticəsində onların bayraq kimi, bayrağın isə zəmilər kimi yellənməsini təsvir etməklə müəllif gözəl bir mənzərə canlandırır. Lələtəpə yüksəkliyində ucalan üçrəngli bayrağımız göyqurşağına, dalğalanan zəmiyə bənzədilir, təbiətlə həmahəngləşir. Və bu keçid təsadüfi olmur: illər boyu mənfur düşmənin işğalı altında olan torpaqlarımızın minalardan təmizlənib, yerinə taxıl zəmiləri əkilməsi torpağın sevinci kimi ifadə olunur. Uzun zamandır ki, işğal altında dustaq olan, minalanmış, abidələri darmadağın edilmiş, düşmənin "düşmən malı" kimi yanaşdığı doğma torpaqlarımız yalnız əsl sahibinə çatanda cənnətə dönər, əkilib-biçilər, canlanar.

Rafiq Yusifoğlunun uşaq şeirləri içərisində dağlara, çaylara, qalalara, qayalara, bir sözlə, torpağımızın ayrı-ayrı mənəvi sərvətlərinə həsr olunmuş onlarla şeiri var. Onlarda mövzu birbaşa vətən olmasa da, hamısı vətənin bir parçasıdır: "Örənqala", "Gəmiqaya", "Bərgüşad", "Suqovuşan", "Nabran", "Xocamsaxlı qalası", "Qubadlı", "Xocamsaxlı şəlaləsi", "Şuşa nəğmələri" silsiləsi və s. bu cür şeirlərdəndir.

"Vurulmuşam Şuşaya" şeirində şəhərin gözəllikləri elə topoqrafik dəqiqliklə təsvir olunur ki, sanki özün o küçələrdə gəzirsən. Prezidentimizin "Müqəddəs Şuşa" adlandırdığı şəhər, Qarabağın gözü, ürəyi, azərbaycanlıların göz-bəbəyi olan qədim yurd yeri... Rafiq Yusifoğlu Şuşaya həsr etdiyi silsilə şeirləri əbəs yerə "nəğmələr" adlandırmır. "Zəngulə" şeiri sanki Şuşanın gözəlliklərinin bir nəğmə olduğunu vurğulamaq üçün yazılıb:

 

Təki duymağı bacar

Dinir ot da, yarpaq da.

Dilə gəlib oxuyur

Burda daş da, torpaq da.

 

Təbiət yaddaşında

Neçə şux səs yaşadır.

Qarabağ torpağının

Zənguləsi Şuşadır.

 

Bu şeirlərdə pafos yoxdur, pıçıldanan vətən sevgisi var. "Vətənin gözəlliklərini sevin" deyə təbliğat yoxdur, o vətəni görməyən övladlara işğal altındakı yurd yerlərini tanıtmaq çabası var.

Xarı bülbül daha çox Şuşada bitən nadir çiçəklərdəndir və şəhərin simvoluna çevrilib. O çiçək Şuşa işğalda ikən də həmin torpaqda bitirdimi, yoxsa küsüb əl-ayağını o yerlərdən çəkib, bilmirəm. Bu sətirləri yazdığım zaman, hələ ki Şuşanın işğaldan azad olunma xəbərini ümid və inamla gözləməkdəyik. O gün isə lap yaxındadır: bu qış Şuşaya bahar gələcək. Əminəm ki, yurdumuz yağı tapdağından azad olunanda, torpaq nəfəs alanda Xarıbülbül mütləq çəmənləri bəzəyəcək. Heç vaxt Şuşada olmayan, bu çiçəyi görməyən balacalar üçünsə Rafiq Yusifoğlu onu elə dəqiq təsvir edir ki:

 

Ay çiçəyə sığınan quş,

Çıxart ləçək donu barı!

Gülə qonub bal yığmağa,

Səni görüb, donub arı.

 

Belə çiçək görməmişdim,

Ləçəyində arı, bülbül.

Üç canlının heyrətinə

Heykəl olub Xarı bülbül...

 

Rafiq Yusifoğlunun bu şeirlərində həm də yurd həsrəti ilə qüssələnən, ürəyi qubarlanan insanın ağrı-acısı əks olunur. Şairin bu mövzuda ən nisgilli şeirlərindən biri "Boşalmış kənddə tək qalan köpəyin nəğməsi"dir. Şeirdə bir didərginin dilindən verilən epiqraf ("Başımız elə qarışdı ki, tələsik köçəndə itin zəncirini açmağı da unutdum.") ürək parçalayır. Fikrimcə, müharibə əsərləri daha çox müharibənin törətdiyi faciələri, insanların yaddaşına, psixologiyasına vurduğu zərbələri əks etdirməlidir. Rafiq Yusifoğlu nəinki insanın, müharibədən elə insan qədər əziyyət çəkmiş digər canlıların da faciəsini bu şeirlə ümumiləşdirir.

 

Buludam, yağa bilmirəm,

Eyvana baxa bilmirəm.

Zəncirimi dartıb qırdım,

Həyətdən çıxa bilmirəm.

 

Ev soyuyub, ocaq sönüb,

Durmuşam bir küncə sinib.

Bu həyətə sədaqətim

Boynumda zəncirə dönüb.

 

Müharibə dəhşətli faciədir. Zərrəcə humanizmi olmayan, müharibə qanunlarını heçə sayan düşmən isə ikiqat böyük faciədir. Və bu şeirin simasında həmin faciənin ağrısını duyuruq, acısını hiss edirk. Gözümüzün önündə sakinlərin məcburən tərk etdiyi bomboş kənd, dağıdılmış evlər canlanır və bu viran qalmış yurdda kimsəsiz, zəncirinə bağlı qalan, üşüyən  köpək - ac, yalnız və kədərli...

Lakin bu gün işğalda olan torpaqlarımız rəşadətli ordumuzun hünəriylə hissə-hissə geri qaytarıldıqca "Mən daha qaçqın deyiləm!" sevinc və nidasını səsləndirənlərin sayı artır, illərlə doğma torpağına, elinə həsrət qalan insanın ürəyində kök salmış nisgili inanmağa çətinlik çəkdiyi dünya boyda sevinc əvəzləyir. Və yəqin ki, bu gün bu şeirlərin öz aktuallığını itriməsini izləmək də böyük bir xoşbəxtlikdir. Amma əlbəttə, bu şeirlər, ümumiyyətlə yurd nisgili ilə yazılmış bütün bu əsərlər tarixdə yaşamalıdır ki, biz heç nəyi unutmayaq. Qalib ölkənin vətəndaşları olaq, sevincimizi, xoşbəxtliyimizi, əsgərlərimizin qəhrəmanlıqlarını əks etdirən əsərlərimiz də yaransın - uşaqlar üçün də, böyüklər üçün də, amma biz bu yaşantıları heç zaman unutmayaq, övladlarımız da unutmasın və gələcək nəsillər də dostunu-düşmənini yaxşı tanısın.

Vətənpərvərlik boş sözə çevriləndə, arxası əməllərlə doldurulmayanda pisliyin pərdəsindən başqa heç nəyi ifadə etmir.

 

Kənarda gəzirsən hey pislikləri,

Uzaq düşmənləri hədələyirsən.

Sən öz işindəki naqislikləri

Vətən kəlməsiylə pərdələyirsən.

Müəllifin yarıtmaz boşboğazlara ünvanladığı bu sözlər uşaqlara praktik təsir edir, hər kəsi özünə baxmağa, öz fəaliyyətini sorğulamağa sövq edir. "Mən Vətənçün nə etmişəm?" sualı insanın yalnız özünə verilməli, hər kəsin özünə hesabatı olmalıdır. Başqalarına vətən üçün edilənlərin sadalanması, danışılması söz qələbəliyinə çevrilir, edilənləri hörmətdən salır. "Əli daş üstünə bir daş qoymayıb, dili vətən sözündən qabar tutanlara" öyüd-nəsihət kimi yazılan bu şeir elə uşaqlıqdan insanların beyninə qazılsa, hər bir vətəndaş vətənpərvərliyi peşəkarlığa tay tutsa, bu Vətən yenilməz.

Azərbyacan xalqı həmişə qonşularla sülh istəyib, qardaşlıq münasibətləri qurmağa çalışıb. Amma sülh istəyi insanın evinin, yurdunun ortasına yanğın salınanda bitir. Sülhpərvərlik də, bağışlayıcı olmaq da, ümumiyyətlə yaxşılıqlar da qədərində olanda gözəldir. Ölkəmiz illərlə atəşkəs şəraitində olsa da, bu atəşkəs yalnız bizim tərəf üçün mövcud olub. İmzalanan sənədləri heçə sayan mənfur qonşularla cəngdəyik. Atəşkəs dövründə belə, neçə-neçə Azərbaycan vətəndaşı düşmən gülləsinin hədəfi oldu. Qanımıza yeridilmiş dostluq, mehribanlıq hissi torpağımızda at oynadan, mənəvi, maddi dəyərlərimizə sahib çıxan mənfur ermənilərə qarşı qəzəblə əvəzləndi və bu qəzəb hissi bu gün Milli Ordumuzun əsgər və zabitlərinin ürəyində təpərə çevrilir. Biz daha bir üzünə zərbə endiriləndə o biri yanağını çevirən, "təki sülh olsun" düşüncəsi ilə yaşayanlardan olmaq da istəmirik, ola da bilmərik. Yağını torpaqlarımızdan qovub çıxarmağın vaxtı çoxdan gəlib də keçirdi. Bu düşüncələri Rafiq Yusifoğlu şeirdə belə ifadə edir:

 

Ağlımız kəsəndən ulu babalar

Öyrədib dostluğa, ülfətə bizi.

Yağı at oynadır meydanımızda,

Kökləyir qəzəbə, nifrətə bizi.

 

Bu çağırışlar bu gün üçün qanunauyğunluqdur. Bununla belə, uşaqlara vətən və millət sevgisi aşılanarkən onlara müstəsnalıq hissi təlqin edilməməli, bəşəri dəyərlər və humanizmlə paralel aşılanmalıdır. Əks halda, vətənpərvərlik, millətçilik hissi zərərli bir həddə çatıb şovizinizmə çevrilər. Uşaq və yeniyetmələrdə özünü oxuduğu mətndəki qəhrəmanların yerinə qoymaq xüsusiyyəti var. Belədə uşaq özünə ruhən yaxın gördüyü, yaxud yerində olmaq  istədiyi obrazı öz şəxsində canlandırır. Buna görə  hələ bədii zövqü formalaşmamış uşağın mütaliəsinə məktəb və valideyn nəzarəti də olmalıdır.

Rafiq Yusifoğlunun bu şeirləri vətənpərvərlik mövzusuna damğa vuran şeirlərdirmi?! Bu artıq daha çox mətnin ədəbi taleyinə bağlı məsələdir. Heç bir müəllif qarşısına mövzu tələbi qoyulmur, həmçinin uşaq şairlərinin vətənpərvərlik mövzusunda yazmaq kimi bir məcburiyyəti yoxdur. Lakin yuxarıda da qeyd etdiyim kimi, R.Yusifoğlunun uşaq şeirlərində vətənpərvərlik motivləri üstünlük təşkil edir və o bu mövzuda balalarımız üçün yazmağa davam edir. Mənsə əminəm ki, bundan sonra şairin vətən mövzulu şeirlərinə daha çox qələbə əhvali-ruhiyyəsi hakim kəsiləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!