Üfüqdə yazılan sözlər...

Cavanşir YUSİFLİ

1

Arzu deyilən nəsnəylə dil arasında məsafə uzundur, nəhayətsiz dərəcədə uzundur, onlar bir-birindən o dərəcədə aralıdırlar ki, biz arzumuzu ifadə etmək istəyəndə istər-istəməz olmayan şeyi, yəni yalan danışır, dildə təhriflərə varırıq, arzularımız ilahi varlığın ovucları içindədir, biz nəsə demək istəyəndə onlar yumulur, açıq gözlə heç yeri görə bilmirik...

Bu hal ən müxtəlif bədii mətnlərdə deyək ki, şeirin "sözsüz diliylə" ifadə edilir, yəni təbii dilin son hecası və son hərfinə qədər "kənarlaşdırılıb" hər yönü ilə ona qarşı duran "yad" bir dilin ləfziylə yenidən təqdim edilir.

 

Üfüqdən gözəl

kimin xətti var?

Bir söz yazmayıb,

bircə fikri yox.

Amma

hər şey aydın,

hər şey gözəl...

 

Vaqif Səmədoğlu

 

Bu hal özünü bədii mətnin ifadə kontekstində də göstərir, hər şey təqribidir, təxminlər içindədir, bunlar hansı məqamdasa sehrli dairə, çevrə əmələ gətirir, bu andan sonra bircə söz də o dairənin içinə nüfuz edə bilmir. Çünki nə varsa əslində gözlə görünməyən dairənin, masmavi genişliyin içindədir, həm də artıq yazılmış olan da üfüqlərdə yazılan sözün proyeksiyasıdır, bunu duyan, bütün varlığıyla hiss edən şair o sözə öz qəlbinin döyüntüsünü qatır və beləcə çox orijinal və fərdi nəsnə ümumi kontekst əldə edir. Üfüqlərdən düşən proyeksiyanın sayəsində hər şey daha dərinlərdə məkan bulmuş hisslərin üzə çıxarılması ilə sonuclanır. Məhz bunun sonucunda quşları qanadlarının altındakı yaradan, şaqraq səslərinin içindəki qüssədən tanıyırıq, dünya, gerçəklik haqqında belə nəhayətsiz bilgi yaddaşımızı pozur, hər şeyi unudur və doğum tariximizlə öldüyümüz günü dəyişik salırıq... Bu dəmdə Vaqif Səmədoğlunun başqa bir şeirində bir misra və əslində bütün mətni ifadə edən misra yada düşür: "Quşlar saatla yox, işıqla başlayırlar oxumağa...". İşıq işartısını hiss edən kimi oxumaq əslində qırıq qanadların altındakı yaranın sözlərini dilə gətirmək anlamını daşyır. Bir də var, hamının dərindən-dərinə hiss edib heç zaman dillə ifadə edə bilmədiyi nəsnələr. Təqribən bu şəkildə: ...büsbütün kədər içindəsən, ümidsizlik, təlaş, dərd... amma sol əlin çəçələ barmağıyla hiss edirsən ki, heç vaxt gəlməyəcək xoş bir şey var... Bir ömür anlamaq istədiyin dünya əslində budur, elə tanrı da.

 

...Gündüzlərin səması

Nədənsə indi bumbuz,

Gecələr başım üstə

Nə ay yanır, nə ulduz,

Nədənsə bu xoş baharda

Sarı yarpaqlar açır

Söykəndiyim ağaclar...

 

Vaqif Səmədoğlu

 

2

 

Vaqif Səmədoğlu şeirində qəribə bir xassə var: dünyada nə varsa hər şeydən vaz keçib, onları görməyib (necə ki kitabı tələsik vərəqləyirsən, yaxud bir mətni qaçaraq gözlə oxuyursan...) bu nəsnələrin ən dərinliyindəki ən adi şeylərdən yazmaq, ən çətin dilə yatıb sözə gəlməyənləri axtarıb tapmaq, ifadə etmək ehtirası bədii mətnin bütün strukturunda bəlirləyici funksiyaya malik olur. Bu ehtiras qırıq-qırıq siqnallar şəklində doğulur, həmin o itib-batmış nəsnələrin həsrət və göynərtisini çatdırır. Buna görə də bu poetik sistemdə intonasiya modeli əsas rol oynayır. Bunu necə anlamalı? İlk əvvəl metafora qəribə, bizə tanış olmayan xassəsiylə ekrana "oturur", söz və məvhumlar arasında semantik bağlantı  o qədər zəif və məsafəlidir ki, bütöv mətn məsələn, "itki" anlayışının "xəritəsini" təqdim edir və elə buna uyğun şəkildə də qurulur. Şairin anlayışında gördüyümüz hər şey - istisnasız olaraq bütün əşyalar itmiş, qeybə çəkilmiş anlam və sözlərin sadəcə şəklidir, bunlardan yazmaq min illər geriyə gedib sözlərin tarixini oxumaq, o ərazidə arxeoloji qazıntı aparıb itmiş mənaları axtarmaq cəhdidir. Şair hansı mətnindəsə xüsusi olaraq nəyi, hansı əşyanı görükdürürsə, əslində onun olmamasına, zamanın hansı məqamındasa itkin düşməsinə işarə edir. Onun dənizlə bağlı şeirlərində də belə bir ayrıntı var, hərdən o, vaxtilə insan üçün həyati önəm daşıyan mənaların üstünü basdığı bir nəsnə kimi təsvir edilir, hərdən də sadəcə "görünmür".

Bütün insan hisslərinin qəliblərin içində olduğu klassik şeirdən fərqli olaraq müasir, modern poetik mətnlərdə həmin qəliblər olmasa da, kənarda, həmin mətnin paralelində, yaxud ona çarpaz bucaq altında təsvir fokusunda yerləşir. Klassik qəzəl mətnini şərti olaraq modern şeir "qəlibinə" salmalı olsaq qəbul etdiyimiz yaşantı son zərrəsinə qədər dağılar, hiss edilməz və əslində çox mənasız söz yığını alınar, yaxud modern şeirin ifadə etdiyi mənaları (şərti-!) mətnini qəzəl  qəlibinə salmalı olsaq yenə eyni hadisə baş verər. Amma modern şeir mətnin paralelində, yaxud onunla hansı mövqedəsə klassik formanın virtual varlığı birincinin necə deyərlər, daim məna ilə dolub-boşalmasına səbəb olur. Füzulinin qəzəlləri də bu gün yazılan ən mükəmməl mətnlərlə bu şəkildə təmasda olur, ona enerji ötürdüyü kimi, ondan da enerji alır (Üzvi poetika fəlsəfəsinə uyğun olaraq...). Burda başqa bir fərqli məqam da var: klassik ortaçağ şeirində "divan" anlayışı... bir forma, bir qəlib olaraq əvvəldən axıra (beşikdən məzara) dünya və gerçəkliyi sətir-sətir canına çəkib ona "şərh verir", dünyanı bu şəkildə içinə hopdurandan sonra bütün dünya bir kitaba - bir ovuc içinə yerləşir. Modern şeirdə bunun əksi olan proses əsasdır. Modern poeziyada bir ovuc işinə yığılmş dünya (mənalar dünyası) yenidən sətir-sətir, misra-misra çözülür və misra və sətirlər artıq əvvəlki (orijinal) formasından fərqlənir, həm də yerdən göyə qədər. Baxın:

 

Bütün pəncərələr yumulmuş gözdür,

Bu evlər, küçələr deyilmiş sözdür.

Yaralı buluddan

yağan yağışdan

günah yumasa da

bir az bağışlar...

Bəlkə bizdən bir az

yan keçər bu gün,

həyalı söyüşlər, doğma qarğışlar.

Və quşlar,

və quşlar qəfəsə vurğun,

İlahi, çox sağ ol.

Yenə də heysizəm, yenə də yorğun...

 

Bütün pəncərələr yumulmuş gözdür... Küçələr, evlər... deyilmiş söz... Yorğunluq və bitkinlik. Hər şey deyilib, hər şey bitib, qurtarıb, gözlər yorğunluqdan qapanıb. Buludların yarasından axan yağışlar əbədi məhkumluğun işarəsidir. Şeirdə "və" bağlayıcısının iki dəfə təkrar edilməsi sözlərin intonasiyaya "çevrilməsi" prosesini əks etdirir. Mətni oxuduqda ilk gözlərimiz önündə qərarlaşan mənzərə həm konkret hadisəni, həm də yayğın nəsnəni bildirir, konkretliklə yayğınlığın təması mənaların yerləşdiyi ərazinin konturlarını seçkinləşdirir: bu ərazi hamar və  ucu-bucağı görünən deyil (...bəlkə bizdən bir az yan keçə bu gün...) cadar-cadardı, şeirdəki "heysizlik və yorğunluq" həm fərdi-intim vəziyyəti, həm də bu şeirin paralelindəki virtual mətnin qəlbindəki ağrı və fərağın, nisgil və dərdin çeşməsini nişan verir. Konkret mətnlə virtual ərazidəki "donmuş" mətn bir-birinə insan hisslərinin kosmosu vasitəsi ilə sirayət edir, eyni şeylərin son dərəcə fərqli məzmun və ifadədə meydana çıxmasını şərtləndirir.

 

3

 

Kəfəni ağ bilirdim,

üç rəngli bayraq imiş,

yurdum da, qürbətim də

elə bu torpaq imiş...

 

Bir neçə gün əvvəl sosial şəbəkədə görmüşdüm, atası düşmənlə qanlı döyüşlərə girən, dünyaya təzə göz açmış uşağı Azərbaycan bayrağına bürüyüb evə yazmışdılar. Sonra Vaqif Səmədoğlunun bu şeiri... Bayraq doğulduğun dünyanın giriş-çıxışında ilk və son dəfə görəcəyin nəsnədir, rəngi, küləkdə qürurla dalğalanma tezliyi dəyişməyən bayraq əslində hər an dəyişir, burda sevinclə göz yaşı canbir qəlbdədir, o dalğa tezliyinin içində elə bir ritm var ki, onunla bir üzü doğma, bir üzü qürbət olan torpağı qəlbində, barmaqlarının ucunda hiss edirsən... Dəyişir, göz yaşlarından aldığı kədər himnin intonasiyasına keçir, bu kədər müzəffər əsgər addımlarının altından qalxan ümidin işığına bürünüb ürəklərdə ümidi yaşatdıqca yaşadır.

Bilib-bilmədiyimiz hər şey bayraqla başlayıb bayraqla sonsuzluğa uzanır. Şeirdə hər şeyin (anlam və mənanın) çərçivəyə alınması əslində ifadə edilən mənaya sonsuzluq effekti aşılamaq üçündür. Yəni, dünya hardasa bitir, qurtarır, hansı mənayasa dirənib durur, ancaq qəlbində və ruhunda yurd və qürbət yeri olan bayraq, onun sancıldığı torpaq uzandıqca uzanır, qurtarmır, kədərin və sevincin göz yaşlarını bir-birinə qatıb sonsuz gerçəklik yaradır. Biz bu sonsuzluğun içində yaşayırıq, ona görə dünyadan köçdüyümüz gün də bu sonsuz məkana qədəm basdığımız günlə üst-üstə düşür.

 

Mən bir gün üfüq olmuşdum,

duman çökdü dənizə...

Görünmədim.

Mən bir gün cığır olmuşdum,

gedib-gələn olmadı, ot basdı üstümü...

Görünmədim.

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu bilmədim...

Görünmədim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!