Müharibədən keçən insanlıq

Sevinc ELSEVƏR

     Nə qədər qəribə olsa da, müharibə mövzusunda çəkilmiş bütün filmlərin qayəsi insanı humanizmə, sülhə, ədalətli olmağa səsləməkdir. Müharibədən bəhs edən filmlər insanın ruhuna, beyninə bunları diktə edir:

Bax! Öz gözlərinlə gör ki, müharibə necə dəhşətli şeydir! Və insanlıq müharibədən ancaq zərərlər, zədələr alıb.

Ancaq çox vaxt insanlar müharibəyə nifrət edə-edə müharibədə iştirak edə, müharibənin ən qızğın meydanına düşə, bir gülə-çiçəyə, böcəyə qıymaz ikən, insan öldürə bilirlər. "Qərb cəbhəsində yenilik yoxdur!" (1930) filminin ən məşhur son səhnəsində əsgər düşmən mərmisiylə öldürülməmişdən bir saniyə qabaq bir kəpənəyə toxuna bilmək üçün əlini uzadır.

Sən müdafiə olunursansa və başqalarını da müdafiə edirsənsə, ədalətli müharibədəsən! Müharibə və ədalət sözlərinin yanaşı səslənməsi qəribə görünə bilər! Axı müharibə özü ədalətsizlikdir!

İnsana qarşı, təbiətə qarşı, sevgiyə, bütün yaxşı duyğulara qarşı ədalətsizlikdir!

Ancaq bu cür düşünən, içi sevgiylə dolu olan humanist insan birdən-birə müharibənin içinə düşür, mübarizə aparmağa məcbur qalır, öldürür!

İkinci Dünya müharibəsindən bəhs edən "Möhkəm iradə" (2014, rejissor, prodüser Ancelina Coli) filmi müharibəni bütün dəhşətləri və çılpaqlığıyla təsvir edir. Filmin qəhrəmanı 1936-cı il Olimpiya çempionudur, Amerikada yaşayan italiyalıdı. Məktəbdə onu italiyalı olduğuna görə yoldaşları həmişə sıxışdırır, ələ salır, döyürlər.

Amma o, möhkəm iradəsi sayəsində qaçış üzrə Olimpiya çempionu olur və yaşadığı ölkənin adını ucaldır. Bundan sonra o, yaponlarla müharibəyə yollanır. Olimpiya çempionluğuna gedən yolda əldə etdiyi iradə sayəsində müharibədə sağ qalır. Başına çoxlu bəlalar gəlir. Döyüşçü yoldaşlarıyla birgə təyyarədə qəzaya uğrayır. Ekipaj üzvlərindən cəmi üç nəfər sağ qalır. 45 gün açıq okeanda ac, susuz, köpək balıqlarıyla döyüşürlər. Üç yoldaşdan biri dözməyib həlak olur. Çempion digər yoldaşıyla yapon donanmasına əsir düşür, Yaponiyaya aparılır.

Onun məşhur Olimpiya çempionu olduğunu biləndən sonra yapon radiosuna çağırırlar. Və  deyirlər ki, Amerika əleyhinə danışsa, süd gölündə üzəcək, əsir kimi yaşamayacaq. Bu yolla canını əsirlikdən qurtarıb, rahat yaşayan çoxlu amerikalını ona nümunə göstərirlər. Amma o, təklifi qəbul etmir, əsir düşərgəsinə qaytarılır. Burda onu böyük əzablar gözləyir. Düşərgədə yapon komandir onun iradəsini qırmaq üçün nələr eləmir?! Bütün əzablara dözən Olimpiya çempionu müharibənin sonuna qədər şərəfini, ləyaqətini itirmədən sağ qalır və evinə qayıdır.

İnsan dəhşətlərdən keçibsə, onları niyə unutmaq istəmir? Niyə hər şeyi, yaşadıqları bütün dəhşətləri anbaan xatırlamaq arzusundadır? Maykl Ondatjenin eyniadlı əsəri əsasında çəkilmiş "İngilis pasiyenti" (1996) filminin qəhrəmanı adsızdır, üzü də tanınmaz hala düşüb. Onu səhrada yaralı halda tapırlar, sadəcə ingilis pasiyenti adlandırırlar. Ancaq o, canı ilə əlləşərkən, ölüm-qalım savaşı apararkən, keçmişini xatırlamağa çalışır. Baxmayaraq ki, dəhşətlərin içindən keçib gəlib.

Müharibədə də ölməz insan hissləri - sevgi, qısqanclıq dəyişməz olaraq qalır. İnsan harda olur-olsun, sevgi hissi onunladır. Başına nə gəlirsə gəlsin, insan keçmişindən vaz keçə bilməz!

Film müharibənin dəhşətlərini, onun insanların həyatında açdığı yaraları göstərməklə yanaşı, bu fikirləri də tamaşaçıya çatdırır.

1992-ci ildə çəkilmiş "Fəryad" filminin qəhrəmanı İsmayıl da müharibənin dəhşətləri içindən keçərək, öz humanizmliyini, insanlığını qoruyub saxlayan insandır. Ermənilərə əsir düşməsinə, min bir əziyyətə qatlaşmasına, təhqir olunmasına, döyülməsinə, incidilməsinə baxmayaraq, İsmayıl humanistdir.

Növbəti hücum zamanı o, əsir saxlanıldığı evi yandırmaq istəyir. Məlum olanda ki, evdə hamının unutduğu, sığınacağa aparmadıqları erməni uşağı var. İsmayıl bir an belə düşünmədən uşağı xilas edir. Halbuki film boyu saxlandığı evin uçulub dağılmasını, yaşadığı dəhşətlərdən qurtulmasını arzulamışdı. Ancaq o, uşağın yaşaması üçün bu arzusunu unudur, onu ölümdən qurtarır, insan ləyaqətini qoruyub saxlayır, humanizmin xilaskarı olur.

Ancaq müharibə hamıda eyni təsirləri oyada bilməz. Rejissor Alexadro Amenabarın 2001-ci ildə triller janrında çəkdiyi "Başqaları" filminin qəhrəmanı ərini müharibəyə yola salmış, iki uşağı ilə böyük bir evdə əsgər yolu gözləyən qadındır. Filmin sonuna qədər biz qadının da, uşaqların da ölü olduqlarını ağlımıza belə gətirmirik. Ancaq filmin sonunda başa düşürük ki, uşaqlar da, qadın da artıq ölülər dünyasındadırlar. Və kişi ilə də orda görüşürlər.

Ər cəbhədə həyatını itirir. Müharibənin qadında yaratdığı sarsıntılar onun psixologiyasını alt-üst edir, o, öz doğma uşaqlarını yastıqla boğur, özünü də öldürür.

Bütün ailə məhv olur. Onların evinə başqa bir ailə köçüb. Ruhlar isə evi tərk etmək istəmir. Onlar doğma evlərində cəbhəyə göndərdikləri atanın, ərin yolunu gözləyir. Nəhayət, o gəlir! Ancaq o da ölülər dünyasındadır. 

Filmdə müharibə səhnələrini görmürük. Amma müharibənin insanların şüuruna, düşüncəsinə necə dəhşətli təsir edə biləcəyinin şahidi oluruq.

1946-cı ildə ekranlara çıxan "Həyatımızın ən gözəl illəri" filmi də müharibədən sonra meydana çıxan ictimai bəlalardan bəhs edir. Müharibədən qayıdan əsgərlər - Fredrix Març, Dana Andryus, Harold Russel qəhrəmanlıqla və zəfərlə geri dönsələr də, artıq onların həyatı əvvəlki kimi olmur. Müharibə meydanının qəhrəmanları, mülki həyatda adi, sadə həyat sürən, uğur qazanmayan insanlardır. Çavuş Març arvadı tərəfindən mehribanlıqla qarşılansa da, bankdakı köhnə işinə qayıtsa da, hüzur tapa bilmir, yaşadıqları onda dərin izlər buraxıb, o, içkiyə qurşanır.

Arvadının tərk etdiyi Andryus da, sevdiyi qızın onu qəbul edib-etməyəcəyini düşünüb əndişə yaşayan iki qolunu itirmiş əsgər Harold Russel də - müharibənin əsərləridirlər.

"Mən ki gözəl deyildim" (1968) filminin qəhrəmanı Səidənin gözü ilə də müharibənin  insanların həyatını necə darmadağın etdiyini görürük. Səidə məktubları evlərə daşıyır. Qara məktubları çatdırdıqları evlərdə insanların, anaların, ataların, qadınların ahının necə göylərə ucaldığının şahidi olur. Hər qara məktub gələn ev bomba düşmüş kimi alovlanıb yanır.

İnsanların fəryadlarına şahid olmaq çətin olsa da, Səidə işini yerinə yetirir, insanlara xəbər daşımağa davam edir. Bir gün o məktublardan birini özü də alır.

Bəli, müharibə dəhşətli şeydir! Sadə, kiçik insan müharibəni özü seçmir, seçə bilməz! O, bəzən könüllü, bəzən könülsüz müharibənin içinə düşə bilir. Sadə və ləyaqətli insan bütün hallarda sona qədər öz ləyaqətini, insani hisslərini itirməməyə çalışır. O, nəinki müharibənin içində, müharibə dövründə faciələrlə başbaşadır. Müharibədən illər ötsə də, bu faciələr unudulmur, xatırlanır. Müharibənin fəsadları uzun illər insanların psixologiyasında qalır, həyatında dərin, acı izlər buraxır. Məsələ bundadır ki, necə acılardan keçsə də, insan ədalətin tərəfində vuruşubsa, ləyaqətini qoruyub saxlayıbsa, o, heç vaxt, heç nəyə görə peşman olmur. Nə qurban verdiklərinə, nə də elədiklərinə görə...

Svetlana Alekseyevnanın "Müharibənin qadın olmayan üzü" sənədli romanının bütün qəhrəmanları istəmədən müharibənin içinə düşüblər. Onların heç birinin qadın ürəyi müharibəni, qan-qadanı, insan ölümlərini görməyi arzulamır, onların hamısı bu dəhşətləri yaşamağa məhkum ediliblər. Müharibədən çıxmış, əksəriyyəti sağlamlığını, gözəlliyini itirmiş bu qadınlar nə qədər müharibəni pisləsələr də, Stalinə nifrət etsələr də, hətta öldürdükləri almanlara görə təəssüf hissi keçirsələr də, bir şeyə peşman deyillər: haqq, ədalət tərəfindən vuruşduqlarına! Onlar deyirlər: bu gün olsa, yenə də vuruşardıq. Çünki biz haqlı idik! Ədalətin tərəfindən vuruşurduq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!