Tarixin Fürsəti - Tehran Əlişanoğlu

Tarix Azərbaycan xalqına daha bir şans vermişdir. Torpaqlarımızı geri qaytarmaq şansı. Qələbə şansı! Ali baş komandan, Azərbaycan Prezidenti İlham Əliyev çağdaş siyasi dünyamızın əlində hər zaman hazır tapança olan erməni təxribatına qarşı bu dəfə: -Vur! - dedi; döyüş əmri verdi. Və bütün Azərbaycan cəmiyyəti ayağa durdu, "Müharibə!" libasına büründü. Gözlənilən an gəlmişdi:

 

Bilsin Ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən!

 

Şanlı Ordumuz, ən müasir döyüş texnikası ilə silahlanmış qoşunlarımız bütün Qarabağ cəbhəsi boyu əks-həmləyə keçdi; Vətən ruhu, döyüş və qələbə əzmi ilə irəli atılan əsgərlərimiz ilk zəfərlərini qazandılar! Qarabağ bizimdir, bizim olacaq! Azərbaycan torpaqları kənd-kənd, qarış-qarış işğaldan azad olmağa başlandı... Dərələrdən-təpələrdən, ağrılı, əzablı, çətin olduğu qədər də şərəfli, vazkeçilməz, mütləq, Azərbaycan xalqının böyük səbrinəcən xoş müjdəli bir missiya...

1990-cılardan, Ulu Öndər Heydər Əliyevdən sonra bir daha "Xilaskar!" missiyası, Azərbaycan torpaqlarının azad olunması, Qarabağın xilası şansı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına yazıldı. Həm də daha böyük miqyasda, daha gərgin cəbhələrdə; "oyuncaq tapança" nədir ki, Prezident sözüdür: təcavüzkara elə bir üz göstərərik ki, bir daha biz tərəfə baxmaz; söhbət beynəlxalq diplomatik cəbhələrindən, dünyanın böyük siyasi güc mərkəzlərindən gedir. Böyüklü-xırdalı dünya dövlətləri xahişli-minnətli, dərhal və danışıqsız Sülh bəyanatları ilə üzərimizə yeridikcə Ali baş komandan bizim haqq işimizi və Sözümüzü Dünyaya yeridir: Biz müharibə istəmirik, amma hərbə hazırıq! "Biz zəfər qazanacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycan torpağıdır!"

 

Biz illərlə gözlədik,

                        çıxmadıq qınımızdan,

Zəkanla, əməyinlə

                        dirçəldi Azərbaycan.

Gəldi o müqəddəs an,

                        Sən Ali Baş Komandan!

Əmrindədir bu yurdun,

                        bu torpağın ərləri,

Ver, ver bizə zəfəri!

 

2018-ci ildə, möhtərəm İlham Əliyevin Prezident seçkilərində xalqın ondan istəyi və tələbləri məhz bu misralarda ifadəsini tapmışdır. Alovlu şair Arzu Əsədin xalq adından cəsarətli çağırışını Akademiyanın dəyirmi zalı dolu ictimaiyyətin qarşısında bir daha bəyana ürək eləmişdim. Demək, vədəsi bugün çatmış; o gün bu günmüş! 2016-cı ilin Aprel döyüşlərindən sonra, həmçinin Naxçıvanda Günnüt qələbəsindən sonra intizarla gözlədiyimiz o gün bugünmüş! Müxalifət susdu. Tovuz hadisələrindən sonra dil-boğaza qoymayan 50 siyasi partiya Prezidentə müraciət imzaladı: Bugün Azərbaycana qələbə çox lazımdır! Demək, zaman - bu zamanmış...

Qeyd-şərtsiz, şəkk-şübhəsiz bütün Azərbaycan toplumu bəyanat verdi: Müsəlləh əsgərəm mən də bugündən! TV-yə canlı kürsülərə çıxan hər kəs bu mövqeyi bölüşdü. Elə ki, özümüzü büsbütün Səməd Vurğun zamanında hiss elədik. Hər kəs: Əsl Vətən savaşı budur! - söylədi. Düşməni durmadan susduran Ordumuzun yaylım atəşlərinə marşlar, döyüşkən musiqilər, nəğmələr, zərblər, ifalar səs verdi. Üzeyir Hacıbəyli zamanında duyduq özümüzü. Kliplər, süjetlər, filmlər, tarixin dərsləri... - ekranlardan hər kəsi vəcdə gətirdi. Sevin Azərbaycanı! Məndən də çox sevirsiz, yenə təkrar edirəm: Sevin Azərbaycanı! Hərçənd ki, daha da gur səslənə bilərdi: Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Qabilin, Rəsul Rzanın, Süleyman Rüstəmin... - onlarla şairin: Azərbaycan! və çağırış şeirləri yenə səslənə bilərdi; TV arxivlərində gözəl klipləri də var... Amma Cabir Novruzun həzin, kövrək, nisgilli şeiri də az demir: Sevin Azərbaycanı! Şəmistan Əlizamanlının yanıqlı səsi də:

 

Əsgər, Vətən əmanəti, yurd əmanəti

Əsgər, ocaq əmanəti, od əmanəti

İntiqamı alınmasa şəhidlərin, geri dönmə

Son qələbə çalınmasa, sən öyünmə...

 

Demə, sakit-sabit günlərimizin ucuz şoularını, komedixana və digər "...xana"larını, hər gün bir az bir az bizi məişət təfəkkürünə gömən uzun-uzadı serialları bir kənara qoyub, TV-lərimiz belə müsəlləh-müsəlləm olmağı bacarırmış! Deyirdilər, internet - çağımızda Dünyanın danışan yeganə dilidir; inet olmasa biz də lal və kar kimiyik... Bir həftə inet olmadı, olmamış kimi oldu, TV-lərimiz toplumda bu işi üzərinə götürdü; bu həftə Azərbaycanın həssas qəlbi, görən gözü, eşidən qulağı, sərrast dili məhz TV-lər oldu. Kürsülər qurdu, mövqelərə, fikir dartışmalarına meydan verdi; durmadan yapdığı reportajlarla döyüşən ordumuzu, danışan xalqımızı, ön və arxa cəbhələri yaxınlaşdırdı, vahid ritmdə saxladı, uzaq düşməyə qoymadı... İctimai rəy birdi: Qələbə bizimlədir! Sosial Araşdırmalar Mərkəzinin statistikasına görə, bu rəqəm 95 faizi göstərir. Ali baş komandanın inamlı çağırışına toplum eyni inamla çağırış etdi...

Və baxıb gördük ki, çox da bədgümanlığımıza əsas yoxmuş; otuz ilin müstəqillik cəmiyyəti, azad həyat, fəaliyyət, söz, məktəb və təhsil, özünü-ifadə imkanları, o sıradan ədəbiyyatımız - sağlam düşüncə, mövqe, əməl, sağlam da nəsillərin yetişməsinə rəvac vermiş. Bəsdir ki, tarix bu fürsəti ortaya çıxara, axıracan özünü-bəyana, göstərməyə şans verə! Doğrudur, hərdən, bilmirəm nədən (təcrübəsizlikdən, naşılıqdan, ya yaradıcılıq çatışmazlığından), TV-lər Günü unudub, səhifəni yenə dünənin ucuz məişət seriallarına da çevirir; və heyrət edirsən, serialların birində də, deyək, qəfil, Günümüzün müharibə xəbəri serial zamanına sızmır, sızıb baş verənləri kökündən silkəmir, elədir ki, bu qəbil süjetlərdə sanki belə replikalara heç yer də yoxdur... Bəs ki, dayandırmağa nə gəlib?!; məgər TV başbilənləri görmürlərmi ki, çağın müharibə ritorikası, kürsülərdən səslənən konkret ibrətamiz fikirlər, real həyat epizodları, örnək göstərilən hər hansı canlı misal bütövlükdə bu qəbil serialların aşılamağa çalışdığı saxta ibrət dərslərini yerlə-yeksan etməyə qabildir?! Serialın fəlsəfəsi məgər günün həqiqətlərinə açılmaq deyilmi? Bəlkə də buna görədir, serial qəhrəmanları-aktyorlar rollarından darıxıb, bu həftə həm də çalışdıqları tele-kanallarda "müharibə diktorları", günün aparıcıları kimi görünməyə can atdılar. Axı bugün ön və arxa cəbhə müxbirləri, jurnalistlər, TV işçiləri xalqa ən yaxın (məsafədə) olanlardır...

(Ps. Bu qeydləri etdiyim dəmdə, sanki duyuq düşüb TV seriallardan birində məhlə camaatı yığışıb, cavan uşaqlardan birini üçrəngli bayraq, böyük izdiham, xeyir-duayla cəbhəyə yola salır; həm də filmdə olmayan təzə, epizodik bir personajı. Vəssalam; guya nə dəyişir ki...)

Söz, qələm, ədəbiyyat da bilir: indi romantik ritorika, pafos, qəhrəmanlıq zamanıdır. Şeirin zamanı, kəsərli söz, publisist mövqe zamanıdır. Şəhidlik hünəri, qazilik məqamı yanında müharibənin ağrı-acıları, dağıdılan kəndlər, şəhərlər, insanın həyatı-mübarizəsi-ölümü barəsində mətləblər, analitika zamanı hələ sonra gələsidir. Tele-reportajdan canlı süjet görün nə deyir: Dağılan bu evimin mini qurban olsun əsgərimizin bir dırnağına; ta ki Şuşayacan gedək, bayrağımızı taxaq! Ta ki və təki "birinci Qarabağ müharibəsi", "ikinci Qarabağ müharibəsi" kimi mövzular ədəbiyyatımızda bilmərrə tarixə qovuşsun, tarixi məzmun kəsb etsin. Sərt müharibə həqiqətləri ədəbiyyata həmişə tarixdən sonra, proza qismində gəlir... Elə bu yaxınlarda hansısa yazıda rast gəlmişdim, müəllif anşıra bilmirdi: görəsən, ellə gələn yas, qara gün necə toy-bayram ola bilər axı?.. Bugünlərdə TV-kameralar hara tuşlandısa - toplumu bir ovqatda gördük: bütöv bir həftəlik qələbə əzmi, qələbə nəfəsi! Necə də bizə gərəkmiş bu şans! Heç kəs müharibə demirdi ki, hər kəs: Qələbə, yalnız Qələbə! - deyirdi... Ordumuz tarix yazır! - inanırdı. Hətta çaşıb bu kadrları yad-əcnəbi kanallar da dünyaya göstərdi, qələbə ovqatımızı bölüşməli oldu...

Bugünlərdə tüm dünyanın nəzərləri üzərimizə gəldi; Aralıq dənizi çatışmalarını, Belarus silkinmələrini kölgədə qoyub, Qafqaza diqqət kəsildi. Rus tele-kanallarından birisində ictimai rəy hətta burda hansısa "iz" axtarmağa girişdi. Azərbaycan Prezidenti açıq bəyan etdi: özgə iz axtarmağa nə hacət, Türkiyə, türk xalqı həmişə bizim yanımızdadır, amma öz gücümüzə nə gəlib ki?! Azərbaycan əsgərləri ilə görüşdə Prezidentimiz aşkar xatırlatdı: ermənilər kimdir ki; Qafqazda ikicə imza var - rus çarizminin vaxtilə Kürəkçay müqaviləsinə qoyduğu qol və Qarabağ xanı İbrahimxəlil xanın imzası! Tarix təkrarı sevmir; amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütünlükdə türk xalqı adından bəyan etdi: Azərbaycan Dövləti necə istərsə, Türkiyə o səviyyədə köməyimizə gəlməyə hazırdır! Eynən 1918-ci ildəki kimi... Bəlkə də burda "təkrar" axtarmaq da düz deyil; eynən həmin tarixi epoxanın davamıdır ki, üstündən yüzil ötür, çevrə cızıb da təsdiqini tapır. Bir kərə yüksələn bayraq bir daha enməz!

XX yüzil çox xalqların azadlığının üstündən xətt çəkdi, çox millətlərin müstəqilliyini əlindən alıb, "zavallı" imicində böyük siyasi güclərin, siyasət dünyasının işləklərinə hədəf seçdi. Azərbaycan xalqı heç zaman "zavallı" olmadı, müstəqillik savaşında həmişə ön sıralarda oldu; öz gücünə, otuz ildir ki, müstəqil cəmiyyətini, dövlətini qurub da ən çıxılmaz durumlarda belə qürurundan dönmədi. Müstəqillik savaşını axıracan sürdürdü; Sülh olmazsa, hərb yoluna, Şanlı Ordumuzun yenilməzliyinə, bir zamanlar başlanıb bugün artıq bizə gerçək nəticələr, xoş sabahlar vəd edən Qarabağ mücadiləsində tam qələbəyə inamımız da burdandır.

Ulu Öndər Heydər Əliyev demiş: Müstəqilliyimiz əbədidir!

Azərbaycan Prezidenti, Ali baş komandanımız İlham Əliyev yəmin edir: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Yazını iki il öncəki çıxışımda olduğu kimi, xalqın, millətin, Azərbaycan insanının əminliyini özündə qapsayan Şair misraları ilə tamamlayıram:

 

İdrakın ən dərini,

sözlərin ən sadəsi

Haqq və xalq - bir varlığın

və ruhun ifadəsi!

Önündə haqq, arxanda

bu xalqın iradəsi,

Kim durduracaq Səni,

haqq yolunda irəli!

Ver, ver bizə zəfəri!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!